Hüseyn Baykara
Azərbaycan Milli İstiqlal Mücadiləsi
Ön söz
1917-ci ilin oktyabrında bolşeviklər hakimiyyəti ələ aldılar. Həmin il noyabrın 2 (15)-də “Rusiya xalqlarının hüquq bəyannaməsi” elan olundu. Bəyannamədə qeyd olunurdu: “Çarizm dövründə Rusiyada yaşayan xalqlar sistemli şəkildə bir-birilərinə qarşı vuruşdurulurdu. Bu siyasətin nəticəsi məlumdur: “Bir tərəfdən insan qırğını və talanlar, digər tərəfdən xalqların əsarəti”.
Bu alçaq, bir-birilə vuruşdurma siyasətinə ehtiyac yoxdur və bir daha təkrar edilməməlidir. Bu siyasət Rusiya xalqlarının “azadlıq və ədalət” şəklində birləşmələri ilə əvəz olunmalıdır”.
Xalq Komissarları Soveti bəyannamədə Rusiyada millətlərarası münasibətləri belə ifadə edirdi:
1 – Rusiya xalqlarının bərabərliyi və suverenliyi.
2 – Rusiyada yaşayan xalqlara azadlıq və muxtariyyət verilir. Onlar istədikləri vaxt Rusiyanın tərkibindən çıxa bilərlər.
3 – Bütün milli və milli-dini imtiyazlar və milli məhdudiyyətlərin aradan qaldırılması.
4 – Rusiyada yaşayan, milli azlıq təşkil edən millətlərin və etnik qrupların inkişafı.
1917-ci il dekabrın 16-da Sovet hökuməti Rusiya və Şərqin müsəlman zəhmətkeşlərinə müraciət edərək qərara alır: “Öz milli həyatınızı müstəqil və maneəsiz olaraq qurun. Bu sizin hüququnuzdur. Onu da bilin ki, sizin hüququnuz Rusiyanın bütün xalqlarının hüququ kimi inqilab və onun hakimiyyəti tərəfindən qorunacaqdır”.
Bəyannamənin V.İ.Lenin başda olmaqla Sovet höküməti imzalamışdır. V.İ.Lenin 1918-1919 və 1920-ci illərdə keçirilən müxtəlif konqreslərdə bu haqda dönə-dönə çıxış etmişdir (Dekretı Sovetskoy Vlasti, 1957-ci il, səh. 40. Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopediyi, 1972-ci il, səh. 7).
İnsanları aclığa düçar edən birinci dünya müharibəsinin qızğın çağında Lenin və yoldaşlarının bu yalançı bəyannaməsi milyonlarla çarəsiz və sadəlövh insanlara bir çıxış yolu kimi göründü. Bu yalançı vədlər Rusiya tarixində hələ görünməmiş və eşidilməmişdi. Lenin, xalqının və əsarətdə yaşayan millətlərin keçirdikləri böhranlı vəziyyətlərindən çox yaxşı hali idi.
Rus ordusuna sülh vəd edildiyi halda ölkə daxilində dörd ildən artıq müharibə getmişdi. Kəndliyə torpaq vəd etdikləri halda “kolxoz” adlanan köləliyin yeni bir şəklini yaratdılar, fəhlələrə “fabrik və zavodların sahibi olacaqsınız” deyildiyi halda, onlar adi tətil hüququndan belə məhrum edilmişdilər. Bu şüarlar bolşevikləri hakimiyyətə gətirdi. İndi isə onlara hakimiyyətdə qalmaq üçün rusların əsarəti altında yaşayan millətləri ələ almaq lazım idi. Azadlıq, ədalət gözləyən əsir millətləri, bu vədlərlə bolşevik inqilabı aclığa, ölümə, sürgünə, kütlə halında qırğına aparacaq, milyonlarla insan məhv olacaqdı. Ancaq bütün bu zülm və terrorun adı, rus siyasi terminologiyasında “qurtuluş” olacaqdı...
Yaxın illərdə dünya ictimaiyyəti, rusların Şərqi Almaniyada, Macarıstanda, Çexoslovakiyada apardıqları “azadlıq mübarizəsinin”, rus tanklarının Polşanı yenidən, ikinci dəfə “azad etməsinin”, Berlin “divarı” hadisəsinin şahidi olacaqdı.
Bütün bunlar dünya ictimaiyyətinə yaxşı məlum olduğu üçün üzərində durmaq istəmirik. Amma bəzi hadisələri qısaca da olsa söyləmək lazım gəlir.
Rus yazıçılarından Tolstoy, Dostoyevski və onların müasirləri çar rejiminə üsyan bayrağı qaldırmış, istismar olunan xalqların hüquqlarını müdafiə etmişlər. İndi isə Pasternak, Soljenitsın, Sinyavski, Saxarov və başqaları bolşeviklər tərəfindən haqsızlıqlara düçar olan sovet xalqlarının həyatını öz əsərlərində əks etdirirlər. Bu nəslin köhnə çar dövrü və kapitalist burjua quruluşu ilə heç bir əlaqəsi yoxdur. Onlar Sovet dövlətinin yetişdirmələridir. Onlara əhəmiyyətsiz bir nəsil kimi baxılmamalıdır. Bu yazıçılar, tezliklə əsarət gətirən quruluşların ləğv olunacağını xəbər verən, yarım əsrdən daha az bir dövrün yetişdirdiyi və xalqın etiraz səsini əks etdirən fədailərdir. Başqa millətlərdən də öz haqqını, hüququnu müdafiə edən, bu yolda canını belə qurban verən fədailər az deyildir. Ancaq onların səsi, şovinistlərin qurduğu “dəmir pərdəni” aşıb bizə və dünyaya çatmır.
Artıq əsarətdə yaşayan millətlər başa düşmüşlər ki, istər çar rejimi, istər bolşevik, istərsə də menşevik və ya eser olsun, onların heç birindən azadlıq, qurtuluş gözləmək olmaz. Plexanov və Martovun təmsil etdiyi rus sosial-demokrat partiyasının proqramında əsarətdə olan millətlərin heç bir hüququ tanınmır (Milyukov. Rossiya na perelome. Paris, 1922, səh. 218-219).
1906-cı ilin yanvarında eserlərin konqresi keçirilir. Onlar proqramlarında göstərirlər ki, başqa millətlərə bəzi güzəştlər veriləcəkdir. Amma 1917-ci il fevral inqilabı zamanı Kerenski verdikləri vədləri tamamilə unudur (Proqramma Partiyi Sotsialistov Revolyutsionerov, 1911, səh. 7).
Qubnerin coğrafiya statistikası tablosuna görə 1925-ci ildə dünyada 68 müstəqil dövlət var idi (Prokoviç. Ob ekonomiçeskix osnovax natsionalnoqo voprosa. Praqa, 1927, səh. 10). Birləşmiş millətlər təşkilatının 25 illiyi qeyd olunduğu zaman, müstəqil dövlətlərin sayı artaraq 130-a çatmışdır. Yarım əsr ərzində dünyada müstəqil dövlətlərin sayı çoxaldığı halda Rusiyada yaşayan xalqlar, o cümlədən türklər müstəqil dövlət yarada bilməmişlər.
Son illər daha çox aydın olur ki, Sovet İttifaqında yaşayan xalqların hüquqlarına hörmət olunmur.
Nəşr etdirmək istədiyim “Azərbaycan istiqlal mübarizəsi tarixi” adını daşıyan bu kitab səkkiz illik zəhmətinin məhsuludur. “XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkatları” adlı ilk kitabım 1966-cı ildə Türk kültürünü araşdırma institutu tərəfindən nəşr olunmuşdur. Azərbaycan haqqında, Azərbaycandan kənarda bu mövzuda kitab yazmaq çox çətindir. Çünki bəzi kitabları, məlumatları əldə etmək lazımdır. Başqa maneələrdən isə danışmaq istəmirəm. Kitabımda bəzi qüsurların olduğuna da etiraz etmirəm. Ancaq onu demək istəyirəm ki, kitabı oxuyanlar Azərbaycan azadlıq mübarizəsi haqqında məlumat əldə edəcəklər. Kitabda misal gətirdiyim bəzi əsərlərin Sovet İttifaqında nəşr olunması qadağan edilmişdir. Sovet İttifaqında çalışırlar ki, başqa millətlər öz keçmişini unutsunlar.
Demək olar ki, Azərbaycanın inqilabdan əvvəl keçdiyi yol heç də sovet tarixçiləri tərəfindən düzgün işıqlandırılmır. Mənim kitabda qeyd etdiyim bir çox hadisələr, sənədlər Azərbaycan tarixində öz əksini tapmamışdır.
Bütün nöqsanları ilə birlikdə nəşr etdirdiyim “Azərbaycan mədəniyyət tarixi” ilə “Azərbaycan istiqlal mübarizəsi tarixi” adlı kitablarım Azərbaycan azadlıq mübarizəsinin əlifbasıdır. Gələcəkdə Azərbaycanda bu mövzuda daha sanballı əsərlər yazılacaqdır. Azərbaycan xalqının keçmişini, onun azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdirəcəkdir. O zaman gələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcəkdir? Beləliklə, bu kitabları mənə yazdıran səbəblər bunlardır.
Kitabı yazdığım zaman bəzi dostlarım məni qınayırdılar: “Bura bax, sən kiminlə mübarizə aparırsan? Görürsən, ABŞ-ın prezidenti Ford Vladivostoka Brejnevi ziyarətə gəlir”. Apardığım araşdırmalardan belə nəticəyə gəldim. Tarixdə gözlənilməyən hadisələr çox olur. Sabahın tarixində də belə hadisələr olacaqdır. Ikinci dünya müharibəsinin qalibləri ingilislər və amerikalılar Fələstin torpağında yəhudilər üçün İsrail dövləti yaratdılar. Bu tarixi hadisə Amerikanı və Qərb dünyasını XIX əsrin ikinci yarısında neft böhranına sürüklədi və ingilislərin eqoist və zülmkar imperiyasını alt-üst etdi.
Birinci dünya müharibəsində alman baş qərargahı Leninin İsveçrəyə getməsinə yaxından köməklik göstərdi. İsveçrədən Rusiyaya geri dönən Lenin köhnə quruluşu yıxaraq yeni dövlət – Sovet dövləti yaratdı. Almanlarla rus xalqını təhqir edən Brest-Litovsk müqaviləsini imzaladı, almanlar elə zənn etdilər ki, istədiklərinə nail olmuşlar. Lakin Leninin qurduğu Sovet dövləti Brest-Litovsk müqaviləsindən 25-26 il sonra nəhəng Almaniya dövlətini ikiyə, Berlini isə dörd hissəyə böldü.
Gördüyümüz kimi tarixin qəribə hadisələri olur.
Sovet İttifaqında, əvvəlki kitabımızda qeyd etdiyimiz kimi 130 milyon əhali yaşayırdı. Hər halda bu qədər əhalinin hamısı sovet rejimindən razı ola bilməzdi. Hətta, kommunistlərin içində də bu quruluşdan narazı olanlar vardır. Artıq xalq, əsasən gənclər kommunizmə inanmırlar. Leninin vəd etdiyi kommunist cənnəti iflasa uğramışdı. Bu gün Sovet İttifaqında yaşayan 250 milyon əhalinin hüquqları Moskvanın Kreml sarayında oturan şovinistlər tərəfindən kobudcasına pozulmaqdadır. Görəsən bu vəziyyət nə vaxta qədər davam edəcək? Bax, əsl məsələ budur...
Hər zaman söylədiyim və yazdığım kimi rus inqilabı bitməmişdir.
Rus inqilabının səhnəsində yenə bir neçə əhəmiyyətli seans oynanılacaqdır.
Kitabın bir neçə yerində qeyd etdiyim kimi Azərbaycan azadlıq mübarizəsinin panislamizm, pantürkizmlə heç bir ideoloji əlaqəsi yoxdur. Hər bir demokratik respublikada olduğu kimi vaxtı ilə Azərbaycanda da belə partiyalar olmuşdur. Indi isə bu partiyalara və proqramlara ancaq tarix səhifələrində rast gəlmək olar.
Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Azərbaycan azadlıq mübarizəsi ikinci dünya müharibəsinə qədər gizli şəraitdə davam etmişdir.
Beləliklə, Azərbaycan xalqının 20 ildən artıq apardığı mübarizəyə heç bir dövlət kömək göstərmədi.
1970-ci ildə Brejnev, Qreçko və Andropov Bakıya gələrək Azərbaycan Sovet Respublikasının (işğalının) 50 illiyində iştirak etdilər. Brejnev bolşeviklərin Azərbaycan xalqına bəxş etdiyi əbədi azadlıqdan (?) ağız dolusu söhbət açdı...
Öz müasirləri ilə birlikdə mübarizədə iştirak edən bir istiqlalçı üçün öz xalqının köləlik tarixini yazmaq olduqca çətindir. Bununla belə o, xalqının müstəqillik əldə edəcəyinə ürəkdən inanır.
Bu kitabı yazıb başa çatdırmaq məndən çox böyük cəsarət və dözüm tələb edirdi. Çünki həm yaşım, həm də səhhətim buna imkan vermirdi. Kitabda olan bəzi nöqsanlar üçün heç kimi qınamıram. Çünki, mövzu Türkiyə mətbuat aləminə o qədər yabançıdır ki...
Kitabımı bitirərkən Azərbaycan azadlıq mübarizəsinin məlum olan və olmayan əziz şəhidlərinə ulu tanrıdan daha çox rəhmətlər arzulayıram. Əziz və müqəddəs şəhidlər, mübarizəmiz bundan sonra da davam edəcəkdir.
Hüseyn Baykara
ŞİŞLİ – İSTANBUL
28.05.1975
ŞİMALİ AZƏRBAYCANIN COĞRAFİYASI VƏ İQTİSADİYYATI
Şimali Azərbaycan Qafqazın cənub-şərq hissəsini əhatə edən və SSRİ-yə daxil olan on beş respublikadan biridir. Bu ölkə şərqdən Xəzər dənizi, şimaldan Dağıstan, şimal-qərbdən Gürcüstan, cənub-qərbdən Ermənistan respublikası, cənubdan isə Cənubi Azərbaycan ilə həmsərhəddir. Keçmiş Rusiya imperiyasında Bakı və Gəncə vilayətləri, Yerevan vilayətinin Zəngəzur və Şərur qəzaları, keçmiş İlisu xanlığını təşkil edən Zaqatala rayonu Şimali Azərbaycan ərazisini təşkil edirdi. Bununla bərabər, Xəzər dənizi sahilində yerləşən Abşeron yarımadası, Nargin və Vulf adaları, Qızılağac körfəzindəki Sarı ada, Duvan və bir çox kiçik adalar da Azərbaycana aiddir. Azərbaycan Respublikasının 1919-cu ildəki statistik məlumatına görə Şimali Azərbaycanın ərazisi 94,137 km2-dir . Deməli, müstəqil Azərbaycan Respublikası SSRİ-nin tərkibinə daxil olduqdan sonra ərazisi kiçilmişdir. Çünki, ərazi üzərində bəzi dəyişikliklər edilmişdir. Qarayazı ilə Borçalı mahalı Gürcüstana, Qazaxın bir hissəsi ilə Zəngəzur qəzası Ermənistana verilmişdir. Naxçıvan isə Azərbaycanın tərkibində qalaraq muxtariyyət almışdır.
Orta əsr islam tarixçi və coğrafiyaçılarının Şirvan, Arran, Muğan, Alban adlandırdıqları ölkələr sonralar Azərbaycan ünvanı altında toplanmışdır. Bir çox təbii və bəşəri xüsusiyyətlərə malik olan Şimali Azərbaycan müxtəlif dövrlərdə gah İranın, gah Osmanlı dövlətinin, 1828-ci ildən etibarən isə tamamilə rusların idarəsi altında qalmışdır. 1917-ci il rus inqilabından sonra, yəni 1918-ci ilin mayında milli, müstəqil Azərbaycan Cümhuriyyəti elan edildi. İki ildən sonra Şimali Azərbaycan Qızıl Ordunun gücünə SSRİ-yə daxil edilmişdir.
Azərbaycan torpaq strukturu etibarilə bir-birindən fərqli müxtəlif təbii ərazilərə ayrılır. Şərq hissəsi düzənlik, qərb, cənub-qərb hissəsi isə zirvələri qarla örtülü yüksək dağlar, yaylalardan ibarətdir. Azərbaycanın şimal hissəsini Abşeron yarımadasındakı kiçik təpələrə söykənən Qafqaz dağlarının cənub-şərq ucu təşkil edir. Abşeron yarımadasında daşlı və alçaq ovalıqlarla yanaşı ara-sıra bəzi təpələr də yüksəlir. Yarımadanın müəyyən ərazisində böyük iqtisadi əhəmiyyətli neft yataqları vardır. Qaynar suları, yanar qazları ilə zəngin olan bu ərazi bir atəş yurdudur. Burada yer titrəmələri əskik olmur. Ərazidəki kiçik adaların əksəriyyəti bu titrəmələr zamanı yeraltı təzyiqlər nəticəsində yüksələrək, dəniz üzərinə qalxmışdır. Bu zonaya Bakı, Quba, Şamaxı ilə yanaşı Nuxa və Zaqatala qəzalarının şimal hissəsi də daxildir. Mərkəzi hissəsini bütün məmləkət boyunca uzanan Kür ovalığı təşkil edir. Kürün hər iki tərəfi geniş çöllərdən ibarətdir. Muğan, Qarabağ, Şirvan, Acınohur, Şirak və Borçalı çöllərini əhatə edən bu ərazidə su az olduğu üçün bitki örtüyü olduqca seyrəkdir. Ərazi Mingəçevirdə, Kür çayı üzərində tikilən bəndlər vasitəsilə suvarılır. Bu ərazinin Xəzər dənizi sahillərinə yaxın hissəsində dəniz səviyyəsindən 26 metr alçaq olan yerlərə, böyük çöküntülərə təsadüf edilir. Bu ərazi Kür və Araz çaylarının gətirdiyi münbit torpaqla örtülüdür. Buraya Qazax, Ağdam, Ağdaş, Salyan, Şamaxı, Nuxa, Zaqatalanın cənubu, Şamxor ilə Gəncə qəzalarının şimal hissəsi daxildir. Azərbaycanın cənub-qərb hissəsinin Qafqaz dağları əhatə edir. Kiçik Qafqaz dağları Qarabağdan Salyana qədər Kür çayı boyunca əzəmətli bir dağ silsiləsi halında yüksəlir. Bu zonaya Dağlıq Qarabağ, Cəbrayıl qəzası, Şamxor və Gəncə qəzalarının cənub hissəsi daxildir. Lənkəran istiqamətində Azərbaycanın cənub-qərb hissəsi Talış sıra dağlarının şərq yamacları ilə əhatə olunmuşdur. Lənkəranın arxasından yüksələn Talış dağları cənubda İranın Gilan vilayətinə qədər uzanır. Bura Azərbaycanın ən çox yağıntı düşən, yayı isti olan məhsuldar zonasıdır.
Şimali Azərbaycan kontinental iqlimə malikdir. İqlim, müxtəlif zonalarda dəniz səviyyəsindən yüksək və ya alçaqlığa, böyük və kiçik Qafqaz dağlarının təsirinə görə bir-birindən fərqlənir. Şərqdə Muğan çölləri və məşhur Aşağı Kür hövzəsi isti ölkələrə məxsus bir iqlimə malikdir. Qərbdə və cənub-qərbdə zirvələri həmişə qarla örtülü olan yüksək dağlarda və dağ gədiklərində qış şimal ölkələrindəki qədər sərt keçir. Kür və Araz çaylarının aşağı hissələrindəki geniş, alçaq ovlaqların iqlimi quru və isti olur (orta dərəcə ÷ 13:15, ən isti ayda ÷25°, ən soyuq ayda isə - 2°-dir). Yaz bu yerlərə tez gəlir. Yayı isti, qışı mülayim və az qarlı keçir. Belə iqlim şəraiti köçərilərə ilin bütün fəsillərində malqaranı otlaqlara çıxarmağa imkan verir. Bu ərazidə yağıntı ümumiyyətlə azdır. Kiçik Qafqaz dağlarının yamacları, eləcə də Qarabağ soyuq iqlimə malikdir. Buranın qışı çox sərt (-10°) və uzun olur. Xəzər dənizi sahilindəki göl və bataqlıqlara ildə 300 mm (Cavad – 270, Bakı – 228, Ələt – 189), daha yüksək olan qərbdəki çöllərə isə (yəni Mil və Qarabağ çölləri) 300-dən 450 mm-ə qədər yağıntı düşür. Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında yağıntı daha çox olur. Lənkəran isə iqlim baxımından tamamilə fərqlənir. Dağ silsiləsindən ibarət olan bu zonaya yağıntı daha çox düşür (ildə1220 mm-ə qədər). Yay ayları yağıntısız, quraq keçir. Bu yerlər subtropik iqlimə malikdir.
Araz və Kür Azərbaycanın başlıca çaylarıdır. Xəzər dənizinə axan kiçik çaylardan başqa bu iki çay da Xəzərə tökülür. Kür və Araz çayları Azərbaycanın həm təbiətində, həm də iqtisadiyyatında böyük rol oynayır. Kür çayı Gürcüstandan Azərbaycan ərazisinə daxil olduqdan sonra Şirvan və Qarabağ zonalarını bir-birindən ayırır. Uzunluğu 1330 km olan Kür çayı Bankə qəsəbəsi ərazisində Xəzər dənizinə tökülür. Şərqi Apadoluda Pasin suyu adı ilə Mingöl dağlarından axan Araz çayı Qala suyu və soldan Arpa çayı ilə birləşərək daha da gurlaşır. Arpa çayı ilə yuxarı Araz, Türkiyə - Ermənistan, aşağı isə Azərbaycan – İran sərhədlərini təşkil edir. Arazın uzunluğu təqribən 1100 km-dir. Suyu şirindir, bol cins balıqlara malikdir. Azərbaycanın başlıca gölləri, qərbdə Göyçə gölü və Kəpəz dağının ətəyində yerləşən Göy göldür. Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları ilə məşhurdur. Göy gölün eni bir km, uzunluğu 2,5 km-ə qədərdir. Bu iki göldən başqa şərqdə, Bakı ətrafında ölkənin duz ehtiyaclarını təmin edən duz gölləri vardır.
Şimali Azərbaycan təbii sərvət baxımından ehtiyaclarını özü ödəyə bilən ölkələrdəndir. Azərbaycan Respublikası iqtisadiyyat baxımından cənubi Qafqaz respublikalarının ən zənginidir. Neft Bakı şəhərinin ən başlıca məhsullarından biridir. Qədim ərəb tarixçiləri Bakını “arzun-nefata” (neftli torpaq) adlandırırdılar. Bu gün həyatda mühüm rol oynayan neft ərəblər zamanında da məlum idi. Bakı neftindən Dərbəndin (Babül-Əbvab) müdafiəsində istifadə olunması ərəb mənbələrində qeyd edilir. Marko Polo da Bakı ətrafındakı bu neft mənbələrindən məşhur səyahətnaməsində bəhs edir. Bir çox zamanlar bəsit üsulla az miqdarda neft istehsal olunurdu. İstehsal mexanikləşdirildikdən sonra neft hasilatı daha da artdı. Birinci dünya müharibəsindən əvvəl Bakı dünya neft istehsalında ikinci yerdə gedirdi. Burğu maşınları gecə-gündüz fəaliyyətdə idi. Bakıdan Sabunçu və Suraxanıya uzanan yol boyunca neft quyularının hündür qüllələri böyük meşəni xatırladırdı. Sovet hakimiyyəti dövründə Bakıda “Neft daşları” deyilən ərazidə dənizdən neft çıxarılmağa başlanmışdır.
Bakı və onun ətraf rayonları Azərbaycanın iqtisadiyyatında çox mühüm rol oynamış və oynamaqda davam edir. Neft Bakıdan dəmir borular vasitəsilə (890 km) Batumi limanına göndərilir, oradan da xarici ölkələrə ixrac edilir. Neft təkcə Abşeron yarımadası ilə Bakı ətrafında deyil, Azərbaycanın digər rayonlarında da çıxarılır.
Şimali Azərbaycanda neftdən başqa müxtəlif metallar da çıxarılır. Onlardan misi, dəmiri, kobaltı, qurğuşunu (Qarabağda), kömürü, maqneziti, natrium sulfatı, göl və qaya duzlarını, cüzi miqdarda qızıl və gümüşü (Qarabağda) göstərmək olar. Mis Qafqazda, ən çox Zəngəzur və Gəncədə istehsal olunur. Gədəbəy və Qatarda da (Zəngəzurda yerləşir) mis mədənləri vardır. Dəmir mədəni Gəncə ərazisində (Daşkəsəndə) mövcuddur. Cavad xanın zamanında Gəncə ətrafında dəmir əridən ocaqlar fəaliyyət göstərirdi. Naxçıvanda qaya duzu, Abşeron yarımadasında və Bakının şimalındakı göllərdən göl duzu istehsal edilir. Ağstafada olan çayların yatağındakı qumlardan və bir də mis mədənlərindən az miqdarda qızıl alınır. Bundan başqa Şamaxının yaxınlığında yerləşən Nail dağında, Gədəbəydə və Qərbi Araqva dərələrində də qızıl mövcuddur.
Bu metallarla yanaşı, az miqdarda kükürd (Gəncə ərazisində), maqnezit (Kəpəz dağı ətəyindəki Çaykənd ətrafında), alüminium istehsalına yarayan alunit (Gəncə daxilindəki Zəylikdə), natrium-sulfat, zəy (Şamxorda), sumbata Gəncə (Qaraqulaqda) və azbest Sarıbaba (Şuşada) vardır.
Azərbaycandakı düzənliklərin çoxu yovşan bitən şoran çöllərdən ibarətdir. Ancaq Kür və Araz çaylarının sahillərində qovaq, söyüd ağaclarından ibarət meşələr vardır. Böyük və Kiçik Qafqaz dağlarında da meşələr var və bu meşələr 2000 m yüksəkliyə uzanır. Daha yuxarı hissələrdə çəmənlik sahələri başlayır. Talış dağları demək olar ki, tamamilə meşə ilə əhatə olunmuşdur. Subtropik iqlimə malik olan Talış ərazisi müxtəlif bitkilərlə örtülüdür. Bunların arasında ipək akasiya, dəmirağacı və s. mövcuddur. Kür və Araz hövzələrinin sahil boyu aşağı bataqlıq ərazısındə qarğı və qamış bitir. Lənkəranın iqlimi isti ölkələrə məxsus bitkilərin yetişdirilməsinə imkan verir. Yüksək ərazilərdə istiliyin azalmasına görə bitkilərin həyat dövrü 6-8 həftəyə qədər məhdudlaşır. Meşələrdəki ağaclar yarpağı tökülənlər və şam cinsinə aiddir.
Şimali Azərbaycanın heyvanat aləmi də zəngindir. Burada dağ keçisindən tutmuş tülkü, dovşan və ayıya qədər hər cür vəhşi heyvanlara, müxtəlif növ quşlara rast gəlmək olar. Çöllərdə ceyran saxlanılır. Talış meşələrində pələng, kaftar və böyük kirpiyə təsadüf olunur. Qamışlıq və kolluqda vəhşi donuza, çaqqala, vəhşi pişiyə daha çox rast gəlinir. Şimaldan uçub gələn müxtəlif quşlar Xəzər dənizinin sahilindəki göllərdə və bataqlıqlarda qışlayırlar. Kür və Araz çayı boyunca yerləşən rayonlarda balıq ovlamaq üçün böyük imkanlar vardır. Bu çaylarda balıq olduqca çoxdur. Salyan şəhəri mühüm balıqçılıq mərkəzidir. Naqqa, ağbalıq, çəki kimi müxtəlif cinsli dadlı balıqlar tutulub konservləşdirilir, kürü istehsal olunur. Çox miqdarda istehsal olunan qara kürü xarici ölkələrə ixrac edilir.
Azərbaycanda ipəkçilik Zaqafqaziyanın digər rayonlarında olduğu kimi, əsrlərdən bəri məlumdur. İxrac edilən bu məhsul ölkənin iqtisadiyyatında böyük rol oynamışdır. Bu işlə məşğul olan əsas rayonlar Nuxa, Göyçay, Ağdam, Zaqatala qəzaları ilə yanaşı Dağlıq Qarabağ və Naxçıvandır. 1927-ci ildə 1400 ton barama istehsal edilmişdir. Əvvəllər Azərbaycan ipək toxumunu əsasən Bursadan alırdı. Aşağı növlü tütün əsasən Zaqatala və Nuxa qəzasında əkilir. Bunlardan başqa ölkənin ehtiyacını ödəyəcək miqdarda meyvə, tərəvəz yetişdirilir. Yerli xalq arasında isə qarpız əkininə rəğbət daha çoxdur. Ölkədə yetişdirilən qarpızlar geniş miqyasda xarici bazarlara çıxarılır. Biyan bitkisi əsasən Kür və Araz çaylarının vadilərində yabanı halda bitir. 8-16 min tona qədər tədarük edilən bu məhsulun demək olar hamısı İngiltərə və Amerikaya göndərilirdi.
Azərbaycanın iqtisadiyyatında heyvandarlıq da mühüm yer tutur. Heyvandarlıq sadəcə olaraq əkinçiliyin yardımçı bir qolu olmayıb, müstəqil bir sənət kimi böyük rol oynamaqdadır. Hələ də azərilər arasında köçəri və yarıköçəri halında heyvandarlıq mühafizə olunmaqdadır. Çünki Şimali Azərbaycanda olan çəmənliklər, isti iqlimə malik çöllər buna imkan verir. Böyük və Kiçik Qafqaz dağlarının ətəkləri başdan-başa otlaqlardan ibarətdir. Çöllər isə qışlama üçün əlverişlidir. Heyvan sürüləri yazda yüksək dağlıq zonalara çıxarılır, payızda isə arana endirilir. Xalq həyatında və hətta ədəbiyyatda özünə yer tapan bu həyat tərzi azəri türkləri mühitində “dağ köçü”, “aran köçü” təbiri ilə məşhurdur.
Şimali Azərbaycanda, əsasən Bakıda nefttəmizləmə zavodlarından başqa tütün fabrikləri, bez fabriki, sement, un, konserv zavodları mövcud olduğu kimi, Şəkidə, Gəncədə, Şamaxı və Naxçıvanda (Ordubad) da ipək fabrikləri vardı. Gəncə, Kürdəmir və başqa yerlərdə pambıqtəmizləyən, çiyid yağı istehsal edən zavodlar fəaliyyət göstərirdi. Qubada, Şirvanda, Qarabağda və digər yerlərdə gözəl və dünya şöhrəti qazanmış səccadə (ibadət xalçası), kilim və xalçalar toxunurdu. 1920-ci ildən sonra bu müəssisələr ruslar tərəfindən zəbt edildi. Şimali Azərbaycanın ixracatını neft, sənaye yağları, buğda, arpa, pambıq, yun ipək, balıq, kürü, biyan kökü, tütün, yağ, zəfəran, küncüt, üzüm, meyvə, heyvan, mis, xalça, kilim təşkil edir. Bunlardan başqa qədimdən mövcud olan yerli ormanlardan palıd, qoz ağacları ixrac edilirdi. Kür çayının sahillərində yetişən biyan kökü Gəncədə zavodda emal edildikdən sonra maye halında Avropaya göndərilirdi. Azərbaycanda iqtisadi inkişaf hələ çar hakimiyyəti dövründə meydana gəlmişdir. Bu inkişaf 1905-ci il inqilabının təsiri ilə ən yüksək dərəcəyə çatmış və bu tarixdən etibarən türklər ticarət sahəsinə atılaraq böyük tərəqqiyə nail olmuşlar. Şimali Azərbaycan vaxtı ilə dünyanın ən mühüm tranzit ölkələrindən biri idi.
Şimali Azərbaycanda nəqliyyat vasitələri böyük üstünlük təşkil edir. Dəmir yolları tamamilə dövlətə məxsusdur. Azərbaycanın daxilindəki dəmir yollarının ümumi uzunluğu 1.000* km-ə qədərdir. Azərbaycanda üç əsas dəmir yol xətti mövcuddur. Birincisi, şimal-şərqdə Bakı-Dərbənd xəttidir ki, bunun uzunluğu 200 km-dir. Bu xətt Bakıda Xəzərin qərb sahilini əhatə edir. İkincisi, Bakı-Tiflis-Batumi xəttidir. Qafqaz dəmir yollarının əsası olan bu xəttin ümumi uzunluğu 950 km-dir. Bunun 471 km-i Azərbaycanın ərazisinə düşür. Bakını Batumi ilə birləşdirən bu xətt, orta Azərbaycanı başdan-başa qət edir və geniş çöllərdən keçir. Bu xətt boyunca yerləşən qəsəbələr ölkənin iqtisadiyyatında böyük rol oynayır. Üçüncü xətt, Bakı – Culfa xəttidir. Bu xəttin Azərbaycan daxilindəki uzunluğu 408,5 km-dir. Digər xəttlərə nisbətən hələ təzə olan bu xətt Qaradonludan (indiki İmişli rayonu) başlayaraq Gümrüyə (keçmiş Leninakan) qədər Arazın sol sahilini əhatə edir. Ermənistan və Türkiyə sərhədlərinə qədər uzanan bu dəmir yolu bir neçə hissəyə ayrılır. Bunun bir hissəsi Culfadan Təbrizə qədər uzanmışdır.
M.S.Ülkütaşir. Şimali Azərbaycanın coğrafiyası. İslam – Türk Muhitülmaarifi, c. 1, № 45, səh. 707 – 712.
Prof. Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. Azərbaycan yurd bilgisi, İstanbul, 1932.
Bolşaya Sovetskaya Ensiklopediya, c. 1. Moskva, 1926.
SOVET MƏNBƏLƏRİNƏ GÖRƏ YAXIN SON İLLƏRDƏ AZƏRBAYCANIN İQTİSADİYYATI
Azərbaycanın ərazisi 86,6 km2-dir. 5,5 min km2 Naxçıvan və 4,4 min km2 olan Dağlıq Qarabağ torpaqları da bu rəqəmə daxildir. Əhalisi 5,3 milyondur (1972-ci il statistikasına görə). 60 sənaye ərazisinə bölünmüşdür. Azərbaycanda 59 şəhər tipli 120 qəsəbə vardır. Azərbaycanın paytaxtı Bakı şəhəridir, əhalisi 1.291,5 mindir. Azərbaycanda etnik tərkib belədir: azərbaycanlılar 73,8%, ruslar 10%, erməni 4% və qalan miqdarları isə başqa millətlər təşkil edir (1970-ci il statistikasına istinad edilir).
Bir milyon üç yüz on beş min nəfər fəhlə, məmur və sənətkar sənayedə və kənd təsərrüfatı sahələrində çalışır (bu miqdar 1970-ci ilə nəzərən 42 min nəfər çoxdur). Ölkədə 1971-ci ildə bir milyard 220 milyon manat gəlir əldə olunmuşdur (türk lirəsi ilə 20 milyard lirə). 1971-ci ildə kənd təsərrüfatı sahəsində 859 milyon manat gəlir əldə edilmişdir (təxminən 13 milyard lirə). 1971-ci ildə 381 min ton pambıq istehsal olunmuşdur. 1972-ci il yanvarın 1-də Azərbaycanda 429 sovxoz və 948 kolxoz vardı. Kolxozlardan yeddisi balıqçılıqla məşğul olurdu. Kənd təsərrüfatı sahəsində 1971-ci ildə 504 min ton kimyəvi kübrə istifadə edilmişdi. 1970-ci ilə görə 1971-ci ildə milli gəlir 4% artmışdı.
Xüsusilə yun, ipək, toxuculuq, xalçaçılıq, soyuducu, süd məhsulları, bitki yağları, üzümçülük və başqa sahələrdə məhsul istehsalı çox artmışdır.
1970-ci il statistikasına görə beş milyon yüz on bir min nəfərin 2.511 milyonu şəhərdə, 2.550 milyonu isə kənddə yaşayırdı. Azərbaycanda hər km2-ə 58,7 nəfər düşür. Naxçıvanda 211,1 min əhali vardır, 35.000 nəfəri şəhərdə yaşayır. Dağlıq Qarabağın 154.000 əhalisi vardır. Xankəndinin əhalisi isə 31,6 mindir.
1971-ci ildə sənaye məhsullarının istehsalı belədir:
1. Neft |
19,2 milyon ton |
2. Təbii qaz |
5800 milyon m3 |
3. Polad |
739,5 min ton |
4. Emal olunmuş qara metal |
602,9 min ton |
5. Qiymətli metal |
1383,4 min ton |
6. Elektrik enerjisi |
12,3 milyard kilovat |
7. Sement |
1455,1 min ton |
8. Kimyəvi kübrə |
488,6 min ton |
9. Pambıq emalı |
132,6 milyon metrə |
10. Yun emalı |
8,9 milyon metrə |
11. İpək emalı |
20,1 milyon metrə |
12. Trikotaj paltar |
5200 min parça |
13. Ayaqqabı |
11000 min ədəd |
14. Ət |
54,5 min ton |
15. Süd və süd məhsulları |
86,9 min ton |
16. Konserv |
175,3 milyon qutu |
Kənd təsərrüfatı məhsullarının əkildiyi torpaq sahəsinin miqdarı:
1. Pambıq |
209,5 min hektar |
2. Buğda |
345,4 min hektar |
3. Bağ məhsulları və kartof |
356,4 min hektar |
4. Heyvan yemi |
56,3 min hektar |
Cəmi: |
1128,7 min hektar |
İri buynuzlu heyvan məhsulu:
1. 614,4 min baş inək və camış |
1575 min baş |
2. Qoyun və keçi |
4477,9 min baş |
3. Donuz |
121,2 min baş |
4. Dəniz məhsullarının miqdarı nədənsə hesaba alınmamışdır. Bunlara balıq, qara, qırmızı kürü və başqa məhsullar aiddir. Quşçuluq da hesaba alınmamışdır. |
Heyvandan əldə olunan məhsul:
1. Kəsilmiş, təmizlənmiş ət |
95,3 min ton |
2. Süd |
485 min ton |
3. Yun |
7,6 min ton |
4. Yumurta |
426,3 milyon |
Yuxarıda göstərilən bütün statistik məlumatlar 1971-ci ilə aiddir (Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopedii. 1972-ci il, səh. 98, 99, 100). Metaldan istehsal olunan məhsullar göstərilməmişdir.
Çox təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsulların çoxu ölkədən aparılır, məhsulun çox az hissəsi ölkə daxilində qalırdı. Gəlin bunun əvəzində Sovet İttifaqının Azərbaycana verdiyi maddi yardıma baxaq:
- 1971-ci ildə Azərbaycan Respublikasının büdcəsi – 1.398.583 min manat olmuşdur. Yəni bir milyard 398 milyon manat. İngilislərin bir lirəsi iki manatdır, demək Azərbaycanın 1972-ci ildə illik büdcəsi ingilis lirəsi baxımından 799 milyon manat olmuşdur. Siz Azərbaycanın Sovet İttifaqına verdiyi məhsulların ümumi miqdarı ilə yaxından tanış oldunuz. Təkcə neft on doqquz milyon ton olduğuna görə bugünkü Ərəb ölkələrinin neftdən əldə etdikləri gəlir hesablanarsa təxmin etmək olar ki, rus imperiyasının müstəmləkəsi olan Azərbaycandan aldığı, Azərbaycana Sovet İttifaqı Plan Komitəsinin verdiyi büdcədən ən azı min beş yüz dəfə çoxdur. Bunun qarşılığı olaraq bu gün Azərbaycanın maliyyəsində 100.000 dollar miqdarında valyutası belə tapılmaz. Azərbaycanın maliyyə işlərində Türkiyənin bir vilayət maliyyəsi qədər səlahiyyəti yoxdur. Hər şey Moskvada həyata keçirilir. İllik məhsul istehsalı da Moskvada planlaşdırılır və həyata keçirilməsi üçün müstəmləkələrinə göndərilir. Kommunist partiyası yerli təşkilatlara nəzarət edir və planın yerinə yetirilməsi üçün müxtəlif üsullarla təbliğat aparır. Digər tərəfdən də KQB-nin terror qorxusu vardır. Bu iki ağır mənəvi qırmanc altında Kremldə oturan rus millətçiləri Sovet İttifaqı adı altında pərdələnən müstəmləkələrini idarə edir və onları istismar edirlər. Planları vaxtında yerinə yetirən işçiləri aldadaraq onlara Lenin ordeni və ya Sosialist Əməyi Qəhrəmanı adı verilir.
1972-ci il ildə Sovet İttifaqının büdcəsi: “Gəlir 173,1 milyard, məxaric 173,6 milyard manat olmuşdur” (“Gündəlik” səh. 71). Bu büdcənin çox hissəsi hərbi məqsədlərə sərf olunur.
Azərbaycanda yaradılan rus sənaye müəssisələri, iqtisadiyyat və hərbi strategiya düşünülmüş və planlı şəkildə həyata keçirilmişdir.
1970-ci ildə Azərbaycandan Rusiyaya daşınan mal və əşyanın miqdarı 50,30 milyon tondur. Azərbaycana göndərilən mal və əşyanın miqdarı isə 44,01 milyon ton olmuşdur. Başqa respublikalara Azərbaycandan göndərilən mal və əşyanın miqdarı 24,11 milyon ton olduğu halda Azərbaycana digər respublikalardan göndərilən mal və əşyanın miqdarı isə 17, 65 milyon ton həcmindədir (“Sovetskiy Soyuz”, Obşiy obzor. Moskva, 1972, səh. 756, 757, 792, 793).
1972-ci il Sovet İttifaqının statistikasına görə Azərbaycanda yaşayan əhalinin sayı 5,3 milyon olduğuna və bu əhalinin 73,8%-i azərbaycanlılar olduğuna görə yuxarıda göstərilən ingilis lirəsilə 799 milyon manat olan illik büdcədən Azərbaycan xalqının payına düşən məsrəf asanca anlaşılır.
Xatırlatmaq istəyirik ki, Azərbaycandan Rusiyaya və digər respublikalara daşınan mal və əşyalar Azərbaycanda istehsal olunan mal və əşyalardır. Rusiya Plan Komitəsinin əvvəlcədən planlaşdırdığı miqdarda da daşınmaqdadır. Azərbaycana göndərilən mal və əşyalar yuxarıda qeyd etdiyimiz kimi Sovet İttifaqı iqtisadiyyatı və hərbi strategiyasına görə Azərbaycanda qurulan sənayeyə lazım olan xammal və ya yarı hazır mallardır. Bunlar Azərbaycan xalqının ehtiyacını ödəmək üçün göndərilmirdi. Azərbaycanın torpaqları öz xalqının yeyəcəyini, geyəcəyini və yaşayışını təmin edəcək qədər bərəkətlidir.
Rusiyadan başqa Ermənistan və Gürcüstan Azərbaycanın neftindən, təbii qazından istifadə edir, amma əvəzində bu iki respublika Azərbaycana heç nə vermir.
XANLIQ, ÇARLIQ VƏ MİLLİ İSTİQLAL DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİNƏ ÜMUMİ BAXIŞ
Azərbaycanda torpaq rejimi, keçirildiyi dövrlərdən asılı olaraq dəyişmiş və müəyyən formalar almışdır. Bu səbəbdən biz də bu mövzunu dövrlərə uyğun olaraq təhlil edəcəyik. Əvvəlcə, rus istilasından əvvəlki xanlıq dövrünün torpaq rejimini nəzərdən keçirməyi lazım bilirik. İkinci dövr – rus çarlıq idarəsinin Azərbaycana gətirdiyi rus mədəniyyətinin (?) orijinal inikası olan təhkimçi-köləlik torpaq rejimidir. Yəni, kəndli əkib-becərdiyi torpağın sahibi olan bəyin və ağanın köləsidir, quludur. O, hüquq baxımından torpaq mülkiyyəti ilə heç bir əlaqəsi olmadığı kimi şəxsi hüquq baxımından da torpaq üzərində heç bir hüquqa sahib deyildir və işlədiyi torpağa bağlı bir quldur. Üçüncü dövr – 1918-1920-ci illər Azərbaycan istiqlalı dövrüdür. Bu dövrdə Azərbaycanda torpaq rejimi sahəsində əsaslı dəyişiklik edilməmişdir. İyirmi aylıq istiqlal dövründə torpaq rejimini həll etməyə imkan olmamışdır. Ancaq istiqlal dövründə hökümət bütün imkanları nəzərə alaraq Müsavat partiyasının proqramında torpağın bəylərdən, ağalardan pulsuz alınaraq xəzinə torpaqları ilə birlikdə torpaqsız kəndlilərə təmənnasız verilməsini nəzərdə tutmuşdu. Azərbaycanda torpaq rejiminin dördüncü dövrü, kommunist idarəsinin gətirdiyi kolxoz və sovxoz köləlik rejimidir. Bu rejimin çar Rusiyasının köləlik rejimindən heç bir fərqi olmamışdır. Bu quruluş nəinki Rusiyada, həmçinin Azərbaycanda və başqa rus müstəmləkələrində on milyonlarla kəndlinin qanının axmasına səbəb olmuşdur. Bu barədə bütün dünya bildiyi üçün mövzu üzərində ətraflı dayanmaq istəmirik. Kolxozun üzvü olan əkinçilər istehsal etdikləri məhsulları dövlətə təhvil verirlər. Əkinçilərin yaşamaları üçün kolxoz idarəsi nə verirsə onunla da kifayətlənirlər. Etiraz etmək haqları yoxdur, heç bir azadlığa sahib deyillər.
XANLIQ DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİ
Xanlıq dövründə şəriət torpaq rejimini Quran və onun qanunlarına uyğun olaraq təyin edirdi. Bu rejim, həzrət Məhəmmədin “Torpaq ancaq onu dirildəcək kimsələrə məxsusdur” (Mən Əhyaa ərzən meyyiten nehyü lehhədəsinə) müddəasına əsaslanırdı. Türkcə, torpaq əkənindir mənasını verir. Quran torpağın allaha məxsus olduğunu təsdiq edir. Təcrübədə, allahı yer üzündə təmsil edən padşahlar, xanlar torpağın həqiqi sahibi olmuşdular. Nəzəri olaraq cəmiyyətin üzvü olan hər bir adam şəriət və rəsmi torpaqdan istifadə etmək hüququna malik idi. Harada olursa-olsun şəriət boş torpaqlara bizim indi qüvvədə olan qanuna görə sahibkarlıq edirdi. Bu sahiblik üçün padşahdan, xandan və imamdan izin almaq lazım olurdu. Ancaq, bəzi fonda aid olmayan boş torpaqların əkilib-becərilməsi çətinlik törədirdi. Bu torpaqlara sahiblik edən şəxs üç il ərzində həmin torpağı əkib-becərməzsə sahiblik hüququndan məhrum olunurdu. Şəhərlərdə mülkiyyət əsasnaməsinə görə bir evə və kiçik bağa malik olmaq mümkün idi. Bu daşınmaz mallar irsiyyət şəklində varisə keçirdi. Alınıb satıla bilərdi. Xanlıq dövründə yerdə qalan torpaqlar üç növə ayrılırdı:
1 – Boş, əhalisiz torpaqlar.
2 – Məskun yerlər (torpaqlar).
3 – Sahibi olan “xalisə” torpaqlar.
Birinci növ torpaqlar meşələrdən və qeyri-məskun torpaqlarlardan ibarətdir. Xanların şəxsində hökümətə aid idi. Bu yerlər xüsusi adamlara kirayə verilə bilərdi. Meşələrdən isə hər kəs istədiyi kimi istifadə edə bilərdi. Bu torpaqlara sahib olan şəxs ondan istədiyi kimi istifadə etmək hüququna malik idi. Bu torpaqlara sahiblik etmək və bu torpaqlardan xanların aldıqları vergi üsulları müxtəlif idi. Zaqatalada dövlətə, yəni xana aid olan torpaqların məhsulundan alınan verginin onda bir hissəsinə “kəşkul” deyilirdi. Bundan başqa, verginin “qismət” deyilən digər bir hissəsi də vardı. Xalq yaşadığı və istifadə etdiyi torpaqların sahibi sayılırdı. Camaatdan vergiləri toplamaq və yerli xalqı idarə etmək üçün xan, bəy və məliklərdən məmur təyin edirdi. Məmur məsələsini xüsusilə qeyd etməkdən məqsədimiz budur ki, bəy və ya məliyin bu idarə haqqı irsi yolla varisinə keçə bilməzdi. Bəy türk kəndlərinə, məlik isə erməni kəndlərinə təyin olunurdu. Onlar alınan vergilərdən istifadə etmək haqqına malik idilər. Bu bəylik və məlikliyin, atadan oğula və ya qardaşdan qardaşa keçdiyi də olurdu, ancaq hər dəfə xanın bunu təsdiq etməsi lazım idi. Bəy və ya məliklərin xalqdan aldıqları vergi “avraz” adlanırdı. Bundan başqa bəyin özünə məxsus əkin üçün ayrılan torpaqları kəndlilər iki gün ərzində işləyib, əkməli idilər. Bəylərin ev işlərini qulluqçular və xidmətçilər görürdü. “Xalisə” adlandırılan və bəylərin mülkləri kimi hüquqi məna kəsb edən boş yerlər vardı. Bəylər bu torpaqlarda hərbi əsirləri və başqa yerdən köçən mühacirləri, qaçqınları yerləşdirmək səlahiyyətinə malik idilər. “Xalisə” mülklər irsiyyət yolu ilə varisə verilirdi. Ancaq xan dəyişdiyi zaman yeni gələn xan xalisə yerlərin sahiblərini təsdiq və qəbul etməli idi. Əks halda bəyin sahiblik haqqı ləğv olunmuş sayılırdı. Bu yerləri əkib-becərən kəndlilər bəylərə verginin otuzda dörd hissəsini verirdilər. Bu səbəbdən belə yerlər mülk adlandırılırdı. Mülk olan yerlərdən başqa İrəvan və Naxçıvan xanlıqlarında torpağa sahibliyin başqa bir forması “tiyul” adlandırılırdı. Xan, özünə yaxın olan, sarayında, xanlığında xidmət edən şəxslərə tiyul bəxş edərdi. Belə torpaqları əkib-becərən kəndlilər xanın təyin etdiyi şəxslərə verginin onda bir hissəsini verirdilər. Bu vergidən tiyul sahibi ölənə qədər istifadə edirdi. Öldükdən sonra tiyul varisə deyil, xəzinəyə qalırdı. Çünki, torpaq dövlətin idi, buna görə də tiyul dövlət vergisi sayılırdı. Bəzən mülkdən alınan vergi ilə tiyul bir şəxsin əlində cəmlənə bilirdi. Bəzən də tiyul irsi haqq olaraq qəbul edilirdi, nəticədə mülk şəklinə çevrilirdi. Xanlıq dövründə olan torpaq rejimi haqqında bildiklərimiz bu qədərdir. Bununla biz xanlıq və bəylik zamanı kəndlilərin vəziyyətinin, yaşayış tərzinin yaxşı olduğunu iddia etmək fikrində deyilik. Ancaq kəndli Rusiyada olduğu kimi kölə deyildi və alınıb-satıla bilməzdi. Istədiyi zaman işlədiyi torpağı tərk edib gedə bilərdi.
ÇAR RUSİYASININ İŞĞALINDAN SONRA TORPAQ REJİMİ
Çar Rusiyasının işğalından sonra Azərbaycanın torpaq rejimi bir müddət xanlıq dövründə olduğu kimi qaldı. Rus işğalına qarşı çıxmayan bəy və ağalar əllərindəki torpaqlardan istədikləri kimi istifadə etdilər. Ancaq rus istilasına qarşı çıxan bəy və ağaların torpaqları əllərindən alınıb rus idarəçiliyinə sədaqətli olan və ona xidmət edənlərə verildi. Bu vəziyyət 1841-ci il mayın 28-nə (10 iyun) qədər belə davam etdi. Həmin tarixdə çarın fərmanı ilə torpaqlar üzərindəki idarə hüququ bəy ağaların əlindən alınaraq onlara aylıq maaş təyin edildi. Bu tarixə qədər ölkənin idarəsi rus hərbi üsul-idarəsi şəklində davam edirdi. Buna “komendant” idarəsi deyilirdi. Zaqafqaziya ölkəsi iki vilayət və bir mahal üzrə üç idarəyə bölünmüşdü. Bu idarəçilik 1833-cü ildə Çar dövlət şurası tərəfindən təsdiq edilmişdi. Beləliklə, rusların Zaqafqaziya dedikləri Cənubi Qafqaz, mərkəzi Tiflis olan gürcü torpaqları on qəzaya ayrılmışdı və birinci vilayət adlanırdı. Azərbaycanın mərkəzi Bakı, Gəncə, Şəki, Şirvan, Qarabağ, Lənkəran, Quba qəzaları ikinci vilayət adlanırdı. Mahal isə rus idarə bölgüsündə vilayət idarəsindən kiçik olub, İrəvanı, Naxçıvanı, Gümrünü və Şaragölü əhatə edirdi. Həmin ərazilərdə azərilərlə yanaşı ermənilər də yaşayırdı.
Cənubi Qafqazda rus hərbi idarəsinin məqsədini aydınlaşdırmaq üçün təkcə azəri mənbələrindən deyil, başqa mənbələrdən də istifadə edəcəyik.
1820-ci ildə Qarabağda erməni tacirləri komendant idarəsindən təngə gəldiklərini şikayət ərizəsində belə bildirirdilər: “Qarabağ Mehdiqulu xanın idarəsində olarkən, biz təklif və şikayətlərimizi ona bildirərdik. O, xalq arasında olan etibar və hörmətimizə görə bizimlə yaxşı rəftar edər, xahişimizi diqqətlə dinlər və ədalətli hökm verərdi. Rus komandirləri isə cahil kəndlilər ilə bizim aramızda heç bir fərq qoymur, nəinki komendantlar, hətta onların məmurları belə bizi istədikləri kimi təhqir edir, heç bir səbəb olmadan məhkəməsiz, sorğu-sualsız, yaşımıza, xidmət və sədaqətimizə baxmayaraq bədən cəzasına məruz qalırıq, yəni döyülürük”.
Baron Qan tərəfindən I Nikolaya göndərilən raportda deyilir: “Türkiyədən Rusiyaya köçmüş ermənilər, onlara verilən yurd və torpaqlardan imtina edərək öz arzularına görə yenidən Türkiyəyə gedirlər. Qaçan ermənilərin sayı o qədər çoxdur ki, onları geri qaytarmaq üçün sərhəd hərbi hissələri artırılmışdır. Əsgərlər sərhəddə pusqu quraraq bu qaçqınların qarşısını almağa çalışırdılar”. 1829-cu ildə qraf Paskeviç çara göndərdiyi raportda yazırdı: “Ədirnə müqaviləsindən sonra 90.000 erməni Anadoludan Rusiyaya köçmək qərarına gəlmişlər. Babı Ali onları bu qərardan yayındırmaq üçün katolikos Varfolomeyi Ərzruma göndərmişdir. Katolikosun nəsihət və tövsiyələrini dinləyən ermənilər: “Əgər Həzrəti İsa göydən enib bizə getməməyi tövsiyə etsə də qulaq asmarıq”, - cavabını vermişdilər. “Xristian dövlətinin qanadı altında yaşamaq eşqi və romantizmindən...” əl çəkməmişlər. Beləliklə, bir müddətdən sonra Türkiyəyə qaçan ermənilər komendant idarəsinin zülmündən söz açırdılar. Rus tarixçisi İvanenko Azərbaycanda xanlıqlar dövründə olan mütərəqqi müsəlman vergilərindən yazır. Sonra isə kinayəli bir tərzdə komendantlarla xanlar arasındakı fərqi izah edir: “Xanlıq dövründə qadınlara bədən cəzası verilməzdi. Rus komendantları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər”.
1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlar dövründə əsasən, vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar”. Həmin senatorlar Tiflisdən o dövrə Rusiya imperiyasının ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür”.
Nefedov adlı bir rus 1837-ci ildə Naxçıvandakı rus “ədalətini” belə təsvir edir: “İstibdad idarəsi yerləşən vilayətdə rus məhkəməsi öz əməlləri ilə hər cür ədalət duyğusunu təhqir edir. Bu məhkəmələr rus üsul-idarəsinə yeni keçmiş olan yerli xalqın və İranın nəzərində sanki rus idarəsini gözdən salmaq üçün qurulmuşdur” (bütün bu məlumatlar 1829-1860-cı illər arasında rus imperializminin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətinə dair SSRİ Elmlər Akademiyasının 1937-ci ildə Moskva və Leninqradda nəşr etdiyi: “Kolonialnaya politika Rossiyskoqo çarizma v Azerbaydjane” adlı arxiv materiallarından və bir də rus tarixçisi Pottonun “Utverjdeniye Rossiyskoqo vladıçestva na Kavkaze” adlı əsərinin on ikinci cildindən götürülmüşdür).
Senator Kutaysovun, Meçnikovun raportlarından, çar idarəsinin Qafqazda olan və ərazi idarəsinə təyin olunan Qan, baron Rozen, general Paskeviç və Vorontsov kimi yüksək məmurlardan alınan raportlardan aydın olur ki, komendantlıq idarəsi ləğv edilərək əvəzində mülki idarə yaradılmış, bir müddət bəy və ağaların əraziləri üzərində hüquqları əllərindən alınmış, yuxarıda qeyd etdiyimiz kimi onlara maaş təyin edilmişdi. Yeni yaradılan mülki idarənin əsasını RUSLAŞDIRMA siyasəti təşkil edirdi. Xanlıq dövründə azad olan kəndli bəy və ağaların zülmü aradan götürüldüyü üçün yenidən nisbi azadlıq əldə edirdi.
Çox keçmədən yeni mülki idarənin məmurları müstəmləkə vəziyyətində olan Azərbaycanda rüşvətxorluq etməyə, xalqın şikayət və ərizələrini süründürməçiliyə salmağa, komendant rejimindən miras qalmış zülm və işgəncəni bərpa etməyə başladılar. Belə vəziyyət, hər bir məhkum millətin alın yazısıdır. Bunun üzərində çox dayanmaq da lazım deyil. Məsələnin canı bundan ibarətdir ki, rus ölkəsində kəndlilər təhkimçi-köləlik, quldarlıq rejiminə bağlı olduğu halda müstəmləkə olan Azərbaycanda necə ola bilərdi ki, kəndli azad olsun?..
İşğal edilən Azərbaycanda rus idarəsinin istinad edə biləcəyi, ona sədaqətlə xidmət edəcək bir sinif yaratmaq lazım idi. Bu sinif isə torpaqlar üzərindəki idarə haqları əllərindən alınmış və əvəzində maaşla təmin olunmuş bəylər və ağalar ola bilərdi.
General Paskeviç çar idarəsinin əsasını bu yolda möhkəmləndirməyə izah etdikdən sonra, Azərbaycanda bəy və ağalara mülkiyyət hüquqlarına görə torpaq ayırmaqla bir əsilzadə sinfi yaratmaq və onları rus müstəmləkəçiliyi ilə qırılmaz mənfəət telləri ilə bağlamaq lazım gəldiyini uzun bir raportla irəli sürdükdən sonra yazırdı: “Xəyanət edən əsilzadə ailəsinin, təbii olaraq, bütün hüquq və qulluqları əllərindən alınır, ancaq ailə üzvlərindən biri xəyanət hadisəsi gözləndiyini əvvəlcədən xəbər verərsə, xəyanətkar əsilzadəyə mənsub olan əmlak və ərazinin yarısına sahib olur”.
Azərbaycanda xanlıq dövründə kəndli heç bir vaxt kölə olmamışdır. Bunu sübut etmək üçün rus mənbələrindən istifadə yerinə düşərdi. Senator Qan çara göndərdiyi raportda xalqın rus üsul-idarəsindən razı olmadığını bildirərək yazırdı: “Xalqın rus idarəsindən narazı qalmasına müəyyən ictimai səbəblər vardır. Bu da bəylərin komendantlıq idarəsi və rus hakimiyyətindən istifadə edərək Gürcüstanda olduğu kimi kəndliləri təhkimçi, qul halına salmaq təşəbbüsləridir. Halbuki İslam dini belə vəziyyəti rədd edir, təhkimçilik Məhəmmədliyə ziddir” (Yuxarıda qeyd olunan arxiv materialları 1936-cı il, səh. 307).
Azərbaycan tarixi ilə məşğul olan rus alimlərindən E.A.Poxomov “Azərbaycanda torpaqla bağlı sinif məsələsi” adlı əsərində yazır: “Azərbaycanda kəndlilər müstəsna halda şəxsən azaddırlar” (Azərbaycanı tədqiq və öyrənən cəmiyyətin bildirişi. № 1. Bakı, 1925-ci il, səh. 18).
Tarixdə heç bir zaman Azərbaycan kəndlisi rus kəndlisi kimi heyvan sürüsü halında qırmancla bazara satılmaq üçün aparılmamış, səbəbsiz yerə öldürülməmiş, ailəsinə və namusuna təcavüz edilməmişdir. Ruslar Azərbaycanı işğal etdikdən sonra yaratdıqları komendant idarəsinə və rüşvət vasitəsilə komendantlarla əlbir olan bəylərin kəndlilərə etdikləri zülmə qarşı Azərbaycan kəndlisi saysız çıxışlar və üsyanlar etmişdir. Tarixin yaddaşında qalan üsyanlar bunlardır: 1830-cu ildə Car-Balakən üsyanı, 1831-ci ildə Talış-Lənkəran üsyanı, 1837-ci ildə Quba üsyanı, 1838-ci ildə Şəki, Şuşa üsyanı və başqaları.
TƏHKİMÇİLİK, QULDARLIQ, TORPAQ REJİMİNİN AZƏRBAYCANDA QURULMASI
Yuxarıda adları qeyd olunan senatorların və başqa məmurların öyüdləri və nəhayət, yaşamaqdan bezən Azərbaycan kəndlisinin, şəhər əhalisinin hissə-hissə baş qaldıraraq üsyan etmələri nəticəsində komendantlıq rejimi ləğv edildi, bəylərin, ağaların əllərindən torpaqları idarə etmək hüquqları alındı. Azərbaycan kəndlisi hüquq baxımından azadlıq əldə etdi. Deməli, adil idarə üsulu ilə kəndli əlində olan torpağı əkib-becərəcək və istehsal etdiyi məhsuldan təyin olunan miqdarda dövlətə vergi verəcəkdi. Ancaq belə bir ədalətli idarə şəkli rus çar imperializminin şərəfinə toxunurdu (?). Çünki, öz ana yurdu Rusiyada kəndlilər torpağa bağlı qul, kölə idilər.
Bu halda, quldarlıq, köləlik rejimini Azərbaycana da tətbiq etmək, bəylərə, ağalara torpaq mülkiyyəti sahibliyini qaytarmaq və bu sinfi ələ alıb ona arxalanaraq Azərbaycanda müstəmləkəçilik idarəsini möhkəmləndirmək, Azərbaycan kəndlisini Azərbaycan bəylərinə və ağalarına əzdirmək çar imperializmi üçün ən məqsədəuyğun idarə forması olduğu qərara alınmışdı. Bu qərarın layihəsindən və onun uzun-uzadı izahından bəhs etmək istəmirəm. Beləliklə, vaxtilə əllərindən alınan torpaqlar üzərində bəylərin və ağaların mülkiyyət sahibliyi üzərində bəylərin və ağaların mülkiyyət sahibliyi hüquqlarının yenidən tanınması, həmin torpaqlarla çalışan kəndlilərin rus mujiki kimi bəy və ağaların qulları halına salınması haqqında 1846-cı ilin (6) dekabrında çarın fərmanı verildi. Yuxarıda qısaca bəhs edilmiş şərtlər və düşüncələr fərmanda nəzərə alınmışdı.
Bu fərmana görə, Azərbaycan rus işğalına məruz qalmazdan əvvəl bəy və ağaların idarə etdikləri xanlıq torpaqları üzərində onların mülkiyyət hüququ bərpa edildi, kəndlilər bu torpaqların sahibi olan bəy və ağalara vergi verməyə, onların ev işlərində çalışmaq üçün qadın və qızlardan xidmətçi, kişilərdən isə işçi verməyə məcbur oldular. Kəndlilər üzərində polis funksiyasını yerinə yetirmək səlahiyyəti də torpaq sahiblərinə verilirdi. Yuxarıda az da olsa qeyd olunan general Paskeviçin planı tamamilə qəbul edilmişdi. Beləliklə, bəy və ağanın bir əlinə torpaq mülkiyyəti, o biri əlinə də polis qırmancı verildi... Tanrı onların “ədalətindən” qorusun, Azərbaycan kəndlisini...
Bütün bunların əvəzində çar əmr edirdi ki, bəy və ağalar yaşına, sağlamlığına baxılmadan ilk çağırışda çar ordusu sıralarında yerlərini tutmağa hazır olsunlar.
Kəndlilər əkib-becərdikləri torpağın müqabilində bəy və ağalara aşağıdakı vergiləri vermək məcburiyyətində idilər:
1 – “Mali cihət” vergisi vermək. Bu vergi məhsulun onda birindən ibarət idi. Əgər torpaq mülk sahibini toxum və kənd təsərrüfatı texnikası ilə əkilmişsə bu verginin miqdarı beşdə birə qalxırdı. Bağ və bostanın məhsulundan “mali cihət” vergisi üçdə bir nisbətində idi.
2 – Hər on ailə ağaya, yaxud bəyə bir kişi və hər on beş ailə bir qadın xidmətçi verməyə borclu idi.
3 – Məhsuldan verilən “mali cihət” vergisi torpaq sahibinin anbarına və ya göstərdiyi yerə məcburi olaraq əkinçilər tərəfindən daşınmalı idi.
4 – Hər əkinçi ailəsi öz heyvanı ilə ildə on səkkiz gün mülk sahibinin torpağını pulsuz əkib-becərməli, mülk sahibinin köçünü, odununu daşımalı, ev işlərinə kömək etməli və tapşırdığı başqa işləri görməli idi. Torpağa bağlı olan kəndli bu işləri görməzsə, hər bir gün üçün mülk sahibinə 20 qəpik pul ödəməli idi.
5 – “Avraz” adlandırılan və mülkədarın torpağının iki gün ərzində kənd əkinçiləri tərəfindən kollektiv surətdə əkilməsini nəzərdə tutan xanlıq dövründən qalma icbar yenə də qüvvədə idi. Kəndlilər bu məcburi işi də yerinə yetirməli idilər.
6 – “Çöpbaşı” adıyla tanınan və otlaqlara aid olan xanlıq dövründən qalma vergi kəndlilər tərəfindən yerinə yetirilir və ödənilirdi.
7 – Mülkədarın torpağında müvəqqəti olaraq yaşayan köçəri əkinçilər ailə başına dörd manat ödəməli idilər.
Mülkədar bu məcburi işlərin müqabilində on beş yaşına çatmış oğlan uşaqlarını da hesaba almaqla, əkinçi ailəsinin sayına görə beş desyatindən az olmamaq şərti ilə torpaq verməyə borclu idi.
Azərbaycan kəndlisini dilənçi vəziyyətinə salmış belə vəziyyət illərcə davam etmişdir.
II Aleksandr Rusiyada 1861-ci ildə köləlik rejimini ləğv edən fərman vermişsə də bu fərman Azərbaycana aid edilməmiş və yuxarıda qısaca da olsa təsvir olunan ağır torpaq rejimi Azərbaycanda 1870-ci ilə qədər davam etmişdir. 1870-ci il 8 (21) noyabr fərmanına əsasən Azərbaycan kəndlisi də azad sayılaraq quldarlıq torpaq rejimindən qurtulmuşdur. İstər Rusiyada istərsə də Azərbaycanda kəndlilər quldarlıq rejimindən azad edilmiş olsa da əslində yenə iqtisadi baxımdan bəy və ağalara möhtac olduqlarından, onların istismarından və zülmündən özlərini qurtara bilməmişdilər. 1870-ci il fərmanına əsasən kəndli yenə də mülkədara vergi olaraq məhsul və pul verməli idi. Torpaq münasibəti vergiləri qalırdı. Vergi məhsulun 6%-i miqdarına endirilmişdi. Torpaq mülkiyyəti yenə bəy və ağanın öhdəsinə verilmişdi, kəndli təkbaşına əkib-becərdiyi bir parça torpaq üzərində mülkiyyət haqqına malik deyildi. Halbuki, köləlik rejiminin ləğv edilməsinə aid olan fərmanda bu hüqquq rus və gürcü kəndlilərinə aid edilmiş, Azərbaycan kəndlisindən əsirgənmişdi. Çünki, torpaq mülkiyyətinə sahib olan kəndli maddi və mənəvi cəhətdən də inkişaf edə bilərdi, öz müqəddəratının sahibi olardı, mədəni və siyasi hüquqlar əldə etməyə də çalışardı. Bu vəziyyət rus çarlıq rejimini təmin etmirdi.
1870-ci il fərmanı Azərbaycan kəndlisinə heç bir yenilik gətirməmişdi. Torpağa möhtac olan kəndli “mali cihət” vergisini və başqa icbari işləri uzun illər yerinə yetirməyə məcbur olmuşdur. “Mali cihət” vergisini və başqa icbari işləri uzun illər yerinə yetirməyə məcbur olmuşdur. “Mali cihət” əkinçilərin həyatının mülkədarlardan asılılığı, əkinçilərin başqa ehtiyac və yaşayış məsələləri çar rejimi şəraitində, 1905-ci il inqilabında da həll olunmamış qaldı və beləcə ucqar rayon olduğundan Azərbaycanda kəndlilər etinasızlıq üzündən əzilən sinif vəziyyətində qaldılar. Bu ədalətsiz vergilər kəndlilər arasında XIX əsrin birinci yarısında bir çox çıxışlara və üsyanlara səbəb oldu. Bu dövrdə yuxarıda göstərilən bir çox vergilər, yəni “mali cihət”, “darğalıq” kimi vergilər pulla əvəz olundu. Məhsul “töycüsü” vergisinin bir qismi olduğu kimi qalırdı. Bunlar “sursat”, “cütbaşı”, “tağarbaşı” kimi vergilərdi. Biyar, yəni məcburi əmək kəskin xarakter almışdı (Azərbaycan tarixi, II cild, səh. 79).
Ancaq 1912-ci il 25 dekabr və 1913-cü il 2 yanvarda necə oldusa bu ərazinin əkinçiləri yada düşdü və bir fərmanla əkinçilərin bəy və ağalardan hər cür asılılığı ləğv edildi, artıq kəndlilər mülkədarlardan pulla özləri üçün mülk, torpaq satın ala bilərdilər. Bu yolla alınan torpaqlar şəxsi mülkiyyət kimi qanuniləşdirilirdi. Torpağı satın ala bilməyən kəndlilər mülk sahiblərindən icarə yolu ilə və başqa vasitələrlə torpaq əldə edərək əkib-becərirdilər. Torpağı olmayan kəndli formal cəhətdən azad olsa da iqtisadi vəziyyət, dolanışıq və məişət nöqteyi-nəzərindən yenə də bəy və ağaya möhtac idi. Demək, torpaqsız kəndli mülkədarın hüquqi deyil, iqtisadi əsirinə çevrilmişdi.
AZƏRBAYCANIN İSTİQLAL BƏYANNAMƏSİNƏ
(28 may, 1918-ci il) QƏDƏRKİ TORPAQ REJİMİ
Torpaqlara aşağıdaki şəkildə sahiblik edilir və mülkiyyət aşağıdakı kimi bölünürdü:
1 – Xanlara, bəylərə, ağalara və başqa torpaq mülkiyyətinə sahib olan şəxslərə (mülkədar) aid yerlər.
2 – Əkinçilər (camaat) tərəfindən əkilib-becərilən ümumi yerlər.
3 – Məscidlərə və ruhanilərə verilən vəqf torpaqları.
4 – Xəzinəyə aid dövlət torpaqları.
Torpağa mülk şəklində sahib olan mülkədarların çoxu Qərb ölkələrində və ya Amerikada olduğu kimi torpaqlarından bilavasitə istifadə etmirdilər. Bu torpaqları əkib-becərmək üçün torpaqsız kəndlilərdən istifadə edir, həm də bu yolla mülkədar istismarını davam etdirirdilər. Onların torpaqlarını əkməyə məcbur olan torpaqsız kəndli yenə köhnə vergiləri qismən də olsa vermək məcburiyyətində qalırdı. Mülkədarlar iqtisadi dəyəri olan torpaq vasitəsilə torpaqsız kəndlilər üzərindəki zülmlərini davam etdirə bilirdilər.
Mülkədarların artıq o dövrdə əkinçilərdən aldıqları hissələrə vergi deyilmirdi. Çünki, vergilər hüquqi cəhətdən ləğv edilmişdi.
1 - “Mali cihət” yenə də əvvəlki kimi qalırdı ancaq adına icarə deyilirdi. Miqdarı da əvvəlki kimi məhsulun onda biri idi.
2 – Yardarlıq; əgər əkinçi əkdiyi yerin toxumu ilə işçi qüvvəsinin yarısını mülkədarlardan alırdısa, məhsulun yarısı mülkədara çatırdı, yarısı da özünə qalırdı.
3 – Rəncbərlik; yeri, heyvanı, toxumu olmayan əkinçi mülkədarın toxumu, heyvanı və kənd təsərrüfatı alətlərindən istifadə edirdisə və işlədiyi günlərdə yeməyini mülkədar verirdisə, məhsul yığımı zamanı həmin ərazinin adətinə görə məhsulun üçdə və yaxud dörddə birini özünə götürür, yerdə qalanını mülkədara verirdi.
4 – Bunlardan başqa, yerli ərazilərdəki qaydalara görə məhsulun 1/3, 1/4, 1/5, 1/6, 1/7, 1/8 muzd haqqı almaq şərti ilə mülkədarın torpağını əkib-becərmək üsulu vardı.
Otlaq yerlərin biçilməsi çox zaman əkinçilərə icarəyə verilirdi. Biçilən otun üçdə biri kəndlilərə, qalanı da mülkədara çatırdı. Otlaq yerlər mülkədarlar tərəfindən heyvandarlıqla məşğul olan köçərilərə verilirdi. Bunun müqabilində onlardan pul, heyvan və ya süd alınırdı. Mülkədarın sahib olduğu meşələrdən kəndlilər pul vermək şərti ilə odun və ağac kəsmək ixtiyarına malik idilər. Bəzi kəndlərdə bütün sakinlərin malı sayılan ağaclıqlar var idi ki, belə yerləri kəndlilər özləri idarə edirdilər.
Bəzi ərazilərin şərtlərinə görə, kəndlilərin özlərinə məxsus “mülk” adlanan yerləri vardı. Yaşadıqları ev, xırman, bağ, ağaclıq və başqa bu kimi torpaq sahibliyi üçün ilk növbədə gərəkli olan yerlər, varislik yolu ilə kəndliyə çatan, onun alıb-sata və icarəyə verə biləcəyi yerlər mülk sayılırdı. Varisi ölən ailələrin yerləri xəzinəyə keçirdi.
Bunlardan başqa vəqf deyilən torpaqlar var idi ki bunlar ruhanilərə, məscidlərə, məktəblərə verilirdi. Bunun idarəsi mütəvəlilik yolu ilə aparılırdı. Xəzinəyə aid meşələr, otlaqlar, əkin yerləri, mədənlər, neft çıxan torpaqlar, göllər, nəhr və çaylar da vardı ki onlardan istifadə edənlər xəzinəyə müəyyən məbləğdə pul ödəməyə məcbur idilər (İqtisadçı Məmmədhəsən (Baharlı) Vəlili. Azərbaycan: coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahazat. Bakı, 1921).
Bütün bu incələmələr göstərir ki, tarix boyu Azərbaycan kəndlisi indiyə qədər mülk sayıla bilən nə bir parça torpağa, nə orta rifaha və nə də cüzi azadlığa qovuşmuş, xanların zülmü, mütləqiyyətin yetişdirməsi olan təhkimçilik və çarizmin Azərbaycandakı üsul-idarəsinin istinadgahı olan bəylərin istismarı altında inləmişdir. 1917-ci il rus inqilabından sonra qurulan müstəqil Azərbaycan Respublikası zamanında bir parça torpaq əldə edib xoş gün görəcəkdi ki, çox çəkmədən rus kommunist rejiminin yenidən qurduğu kolxoz və sovxoz adlanan əsarət və köləlik rejiminə məruz qaldı.
Çar rejimindən fəqrli olaraq bu hökümətin havayı əldə etdiyi torpaqlarda kəndlilərə necə zülm etməsini bir misal çəkmək istəyirəm. 1917-ci il fevral inqilabı nəticəsində çar taxtdan devrildi. Çar üsul-idarəsinin valiləri, polis xidmətçiləri və başqa bu kimi məmurlar Azərbaycandan qaçdılar. Ölkədə hökumət artıq öz nüfuzunu itirdi. Azərbaycanda kəndlilər bu anarxiyadan istifadə edərək bəylərin və ağaların təsərrüfatlarını əllərindən aldılar, mülkədarların malikanələrini evlərini yandırıb, talan etdilər, əllərinə keçən ağa və bəyləri öldürdülər. Şamxorda Allahyar bəyin təsərrüfatını və evini kəndlilər əhatəyə alıb yandırmaq istəyərkən, Allahyar bəyin arvadı Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə - bizi bu Qurana bağışlayın, - deyə yalvarmışdır. Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdür. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır (Bu hadisəni 1925-ci ildə Bakıda ÇK-da həbsdə olduğum zaman mənimlə birlikdə həbsdə olan, ölüm kamerasında yatan şamxorlu gənc, igid Diliboz oğlundan eşitmişdim. Partizan hərəkatının başçısı olan bu qəhrəman, gənc olmasına baxmayaraq ertəsi gün güllələndi).
Gəncə və Şamxorda adları yuxarıdakı hekayədən xatirimdə qalan bəy ailələrinin bir qisminin soyadları belə idi: Zülqədarovlar, Şamxorskilər, Xasməmmədovlar, Mİrzə bəy Qaziyevlər, Ziyadxanovlar (Qaramusalı kəndinin sahibləri), Cahangir bəy Əliyev, Şahverdiyevlər, Şahmalıverdiyevlər, Xanbudaqovlar, Verdiyevlər və başqaları.
MİLLİ-AZADLIQ DÖVRÜNDƏ DÖVLƏT HAKİMİYYƏTİNİN TORPAQ LAYİHƏSİ
1918-ci il 28 mayda istiqlalını elan edən Azərbaycan dövləti quruldu. Azərbaycan hökuməti rəhbərlərinin çoxu “Müsavat” partiyasının üzvləri idi. Mənə elə gəlir ki, bu səbəbə görə “Müsavat” partiyasının proqramındakı torpaq siyasətindən yazmaq daha məqsədəuyğun olardı.
Torpaq məsələsi: Millətin əksəriyyəti rəncbərdir. Rəncbərin məişəti, həyatının təmini torpaqladır. Torpaq abad olarsa, millət də xoşbəxt olar. Bunun üçün rəncbər olan millətə, zəhmətkeş xalqa torpaq vermək millət üçün faydalıdır. Əksəriyyəti rəncbər olan bir millətə xidmət üçün təsis edilmiş olan Müsavat partiyası cümhuriyyət torpaqlarının ümumi dövlət fondu təşkil etməklə bərabər, aşağıdakı kimi həll olunub rəncbərlər arasında bölüşdürülməsini tələb edir:
23 – Xəzinəyə, keçmiş Rusiya çarına, çar nəslinə və eləcə də xüsusi mülkədarlara məxsus torpaqlar pulsuz və əvəzsiz, təmənnasız olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir.
24 – Beləliklə, zəhmətkeşlərə, rəncbərlərə veriləcək torpaq, onların şəxsi mülkiyyətləri olacaq və onlar bu yerlər üzərində bütün hüquqa malik olacaqlar.
25 – Onlara veriləcək torpağın miqdarı qanunla təyin olunacaq və bundan başqa bir kimsəyə torpaq sahibliyi hüququ verilməyəcəkdir.
26 – Torpaq xüsusi sahiblərindən alındıqca, kəhrizlər və su çıxaran cihazların qiyməti dövlət tərəfindən mütərəqqi gəlir vergisindən hasil olmuş xüsusi bir fond hesabına sahiblərinə verilməlidir.
27 – Mülkiyyət hüququ yalnız torpağın üzərinə aiddir, yerin altındakı xammal dövlət xəzinəsinə məxsusdur. Ondan istifadə olunması qoyulan xüsusi qanunla həyata keçirilir.
28 – Meşələr, cəngəlliklər, göllər, düzənliklər və axar sular ümumidir. Onların idarə olunmasına yerli idarələr baxır. Xüsusi adamların onlardan istifadə etməsi yuxarıda göstərilən idarələrə aiddir.
Bu müddəalar 1919-cu il yanvarın 2-dən 11-nə qədər Bakıda davam edən partiya qurultayı tərəfindən qəbul edilmişdir (Azərbaycan Türk federalist “Müsavat” xalq partiyasının proqramı. İstanbul, “Amedi” mətbəəsi, 1927-ci il).
AZƏRBAYCAN AZADLIQ MÜBARIZƏSININ IQTISADI TƏMƏLI
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda iqtisadi vəziyyət
Neftin dövrümüzdəki iqtisadi rolu haqqında söz açmağa lüzum yoxdur. İndi, XX əsrin əvvəllərinə nisbətən neft məhsulunun dünyada birə min artmış olduğu təxmin edilə bilər. Halbuki, 1901-ci ildə dünyada istehsal olunan neftin yarısından çoxu Bakıda istehsal olunurdu (Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, 1960, səh. 358). Çar Rusiyası 1864, 1869 və 1872-ci illərdə Amerikadan satın aldığı fotogen qaz yağı üçün 35.000.000 qızıl pul vermişdi. Başda Nobel olmaqla, xarici kapitalistlər 1872-ci ildə Bakıya gələrək neft sənayesində maşınlardan istifadə etdilər. Çar Rusiyası 1897-ci ildə Qərbə 25.000.000 və 1900-cü ildə isə 46.000.000 manatlıq neft ixrac etmişdi (A.Kaspari. Pokoryonnıy Kavkaz. Sankt-Peterburq, 1904, səh. 500-588).
Azərbaycanın başqa rayonlarında istehsal edilən mis, duz, kobalt və başqa xammalları, ipək, balıq, kürü kimi məhsulları bir tərəfə qoysaq, yalnız Bakıda istehsal olunan neft Azərbaycan və Rusiyanın inkişaf etməsinə kifayət edərdi. Bakı yalnız neft mərkəzi kimi deyil, eyni zamanda Qərb ilə Şərq arasında (İran, Türküstan və Əfqanıstan) Bakı – Batumi dəmir yolu vasitəsi ilə bir tranzit mərkəzi olmaq baxımından da Azərbaycanın iqtisadi həyatında böyük rol oynamışdır. Bundan sonra verəcəyimiz statistik məlumatlar bu məsələ haqqında əsaslı fikirlər söyləməyə kömək edəcəkdir.
1881-ci ildə Bakı şəhərində 1445 ticarət müəssisəsi olduğu halda, 1890-cı ildə bu miqdar 1711-ə, 1900-cü ildə isə ticarət müəssisələrinin sayı 2669-a çatmışdır. Bu rəqəmlər on doqquz il ərzində ticarət müəssisələrinin 87,3% artdığını göstərir. Ticarət müəssisələrinin artması ilə bunların jirolarının (həvalə haqqında çek və s. Pul sənədləri üzərində qeyd - tər.) da artacağı təbiidir. 1862-ci ildə Bakı şəhərindəki ticarət müəssisələrinin bir illik jiroları 35,6 milyon qızıl pul idisə, 1897-ci ildə 109,1 milyon qızıl pula və 1900-cü ildə isə 147,7 milyon qızıl pula çatmışdı. Bu vəziyyət səkkiz il ərzində ticarət müəssisələrinin jiro miqdarının dörd dəfə artdığını göstərir.
1887-ci ildə bank və ticarət müəssisələri arasında 3703 ticarət sazişi bağlandığı halda, 1895-ci ildə 7118 ticarət sazişi bağlanmışdı və beləliklə, səkkiz il ərzində 92,2% artmışdı.
Beləliklə, topdansatış ticarəti edən müəssisələrin miqdarı 1892-1897-ci illərdə xeyli artmışdı. Bir misal verməklə bu məsələni daha da dəqiqləşdirək. 1892-ci ildə Bakıda topdan neft satışı ilə məşğul olan ticarət müəssisələrinin sayı on doqquz olduğu halda, 1897-ci ildə isə 49-a çatmışdı və ticarət jiroları 13 milyon manatdan 46,1 milyon manata yüksəlmişdi. Burada neft istehsal etmək üçün qazılan quyularda istifadə olunan inşaat avadanlığı ticarəti ilə məşğul olan ticarət müəssisələrinin, mal dövriyyəsi həcminin artdığını və dəmir, taxta, mismar kimi gərəkli inşaat malları satışının çoxaldığına da diqqət etmək lazımdır.
1897-ci ildə bir illik qazancı 500 manata qədər olan ticarət müəssisələrinin sayı, bütün ticarət müəssisələrinin 41,6%-ni təşkil etdiyi halda ümumi gəlirdən bu ticarət müəssisələrinin hamısının payına düşən qazanc 1,6% olmuşdur. İllik gəlirləri 2000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 79,6% olduğu halda, illik ümumi gəlirdən, bu müəssisələrin payına düşən qazanc 7,4% olmuşdur. İllik qazancları 5.000 manata qədər olan ticarət müəssisələrinin miqdarı, ümumi ticarət müəssisələrinin 20,5%-ni təşkil etdiyi halda, illik ümumi gəlirdən onların payına 32,6% miqdarında qazanc düşmüşdü. İllik qazancları 100.000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 1,6% olduğu halda, onların payına düşən gəlir ümumi gəlirin 60,4%-ni təşkil etmişdir. Bu statistikadan istifadə edən marksist baxışlı kommunistlər kapitalın təmərküzləşərək tək əldə toplanmasını sübut etməyə çalışsalar da, biz bu statistikadan Bakıda və bununla yanaşı Azərbaycanda meydana gəlməkdə olan, cəmiyyətin siyasi taleyində böyük rolu olan ortabab tacir və başq təbəqələrin o dövrdə Azərbaycanda necə təşəkkül etmiş olduğu nəticəsinə gəlirik. 1878-ci ildə Bakıda yaradılan “Ticarət evi” Hacı Zeynalabdin Tağıyevə məxsusdur. İkincisi, Sarkisov adlı bir erməniyə mənsubdur. Ticarət evi bütün sərvəti tək bir şəxsə aid olan kapitalist ticarət müəssisəsinə verilən addır. 1893-cü ildə ticarət evlərinin sayı 12-yə və 1899-cu ilin başlanğıcında isə 38-ə çatmışdı.
Nobel qardaşları tərəfindən 1874-cü ildə Bakıda ilk ticarət şirkəti yaradılmışdı. 1890-cı ildə Bakıda dörd böyük ticarət şirkəti olduğu halda, artıq 1899-cu ildə on iki böyük ticarət şirkəti var idi ki, kapitallarının cəmi 44.000.000 manat idi. XX əsrin əvvəllərində Bakıda 39 böyük ticarət şirkəti vardı.
Ticarət şirkətlərinin qurulması ilə əlaqədar, başda ingilis kapitalistləri olmaqla qərb ölkələrinin kapitalistləri Bakıya axışırdılar. 1898-ci illə 1903-cü il arasında Bakıda 60 milyon manat kapitalı olan 18 ingilis şirkəti qurulmuşdu. 1894-cü ildə Bakıda “Neftayırma şirkətləri” adı ilə iş verən trest yaradılmışdı. Bu trestə böyüklü-kiçikli 92 ticarət müəssisəsi daxil idi. Ağ neft, qaz yağı istehsal edən bu şirkətlər bütün neft məhsullarının 97%-ni təmsil edirdilər. Bu trest həmkarlar ittifaqı nümayəndələri arasında rəqabət olduğuna və mənfəətləri bir-birinə uyğun gəlmədiyinə görə 1897-ci ildə dağılmışdı. 1887-ci ildə Bakıda ticarət birjası qurulmuşdu. 1890-cı ildə ticarət birjasının bir illik jirosu 4,5 milyon, 1899-cu ildə isə 20,9 milyon manat olmuşdu. O dövrdə ticarət birjasında təkcə neft satılırdı. XIX əsrin axırlarında yuxarıda qeyd olunan neft məhsulunun artması ilə yanaşı olaraq kredit müəssisələri, yani banklar yaradılırdı. 1874-cü ildə Qarşılıqlı yardım şurası dövlət bankının Bakı şöbəsi, 1889-cu ildə Tiflis ticarət bankının, 1890-cı ildə də Volqa-Kama ticarət bankının Bakı şöbəsi açılmışdı. Dövlət bankının Bakı şöbəsi ilk dəfə 300.000 manat investisiya verdiyi halda, 1882-ci ildə bu rəqəm yarım milyon manata, 1884-cü ildə 800.000 və 1888-ci ildə isə bu miqdar bir milyon yarıma çatmışdı.
1874-cü ildə dövlət bankının Bakı şöbəsi Şəmsi Əsədullayevə 4.000 manat kredit açmışdı. Bu miqdar 1901-ci ildə 100.000 manata çatmışdı. Azərbaycanlı milyonerlərdən biri olan Musa Nağıyevə 1879-cu ildə 10.000 manat kredit verildiyi halda, bu rəqəm 1901-ci ildə 250.000 manata çatmışdı. 1879-cu ildə Hacı Zeynalabdın Tağıyevə verilən 50.000 manat kredit, 1901-ci ildə 300.000 manata çatmışdı. 1893-cü ildə “Qarşılıqlı yardım şurası” bankının veksel (borc sənədi) həcmi 3,3 milyon manat, Tiflis bankının şöbəsi – 2 milyon, Volqa-Kama bankı – 2,3 milyon manat olmuşdu. Bundan başqa Tiflis bankı girov əvəzi olaraq 999 min manat, Volqa-Kama bankı 196 min manat kredit vermişdi.
1897-ci ildə Bakıda 7348 tacir qeydə alınmışdı. Bunlardan 192 nəfəri komisyonçu, 957 nəfəri yeməkxana, meyxana, kazino sahibləri, 5436 nəfəri isə əsl tacir idilər. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu sənaye ilə əlaqəsi olan başqa mal satan ticarət müəssisələrinin çoxalması və ticarət müqavilələrinin də artması, əlbəttə, təbiidir. Tacirlərin jiroları da hər il artmaqda davam edirdi. XIX əsrin 90-cı ilində 51 ticarət müəssisəsinin illik jirosu 250.000 manata yaxın idi. Beləliklə, Bakıda yerli Azərbaycan tacirlərinin də jiroları artırdı.
1892-ci ildə Azərbaycan tacirlərinin illik jiroları 6,8 milyon manata çatırdı. Bu miqdar bütün Bakı ticarət jirosunun 19%-ni təşkil edirdi. 1897-ci ildə yerli türk tacirlərinin jirosu 21,5 milyona yüksəlmişdi. Və bu, Bakı ticarət aləminin ümumi jirosunun 19,6%-nə bərabər idi. Bu şəkildə Azərbaycanın milli ticarəti və sənaye kapitalı ildən-ilə artırdı. Milli Azərbaycan kapitalistlərinin başlıca nümayəndələri olan Hacı Zeynalabdın Tağıyevin illik gəliri – 16 milyon, Musa Nağıyevin – 16 milyon, Şəmsi Əsədullayev – 2,5 milyon, İ.Hacinskinin – 2 milyon, A.Rzayevin – 2 milyon, H.Dadaşovun – 2 milyon idi. 1901-ci ildə Manafov, Mürtaza Muxtarov, Cəbiyev, Mustafayev və başqalarının da milli Azərbaycan kapitalındakı yerləri əhəmiyyətli idi.
1890-cı ildə Azərbaycanda olan 5743 ticarət müəssisəsinin 1943-ü yalnız Bakı şəhərində toplanmışdı. Bu say Azərbaycanda mövcud olan ticarət müəssisələrinin ancaq 30,7%-ni təşkil edir. Buradan aydın görürük ki, Azərbaycanda ticarət həyatının inkişaf etməsi yalnız Bakıda olmamışdı. Azərbaycanın başqa vilayət və qəzalarında da ticarət həyatı inkişaf edirdi. Bu rayonlarda Azərbaycan türklərinə düşən milli kapital payının həcmi daha çox idi, yəni əsasən, milli və öz türk kapitalı idi. Ancaq neft Azərbaycan ticarət aləminin başlıca gəlirini təşkil etdiyi üçün, Bakı üstünlüyünü mühafizə edirdi. 1897-ci ildə Bakı şəhərində ticarət müəssisələrinin sayı 2366-ya çatırdı. Halbuki, bütün Azərbaycanda ticarət müəssisələrinin sayı 4421 idi. Deməli, ticarət müəssisələrinin 53,5%-i Bakı şəhərinin payına düşürdü və 114 milyon manatlıq illik gəlirdən Bakının payına 109,4 milyon manat düşürdü. 1900-cü ildə Bakıda ticarətin həcmi getdikcə artır – bütün Azərbaycanda mövcud olan 5468 ticarət müəssisəsinin 3484-ü Bakıda yerləşirdi. Bir illik 155,8 milyon manat jironun 147,7 milyon manatı, yəni 94,8%-i Bakının payına düşürdü. Bakı o dövrdə Azərbaycanın Qərbi Avropa tipli inkişaf etmiş ticarət mərkəzi olmuşdu. Bütün Azərbaycanda mövcud olan 20079 ticarət müəssisəsinin 7348-i Bakı şəhərində və onun ətrafında toplanmışdı (M.Musayev. XIX əsrin axırlarında Bakı şəhərinin daxili ticarətinin inkişafının bəzi xüsusiyyətləri. “İqtisad” jurnalı, № 1, Bakı, 1968). Qalan miqdar Azərbaycanın başqa rayonlarının payına düşürdü. Beləliklə, Azərbaycanda kiçik burjua sinifinin yaranmasını görürük.
Bakıda neft, duz sənayesi inkişaf etdikcə, Azərbaycanın başqa qəzalarında da coğrafi əraziyə və torpağın məhsuldarlığına uyğun olaraq, müxtəlif sənaye sahələri inkişaf edirdi. Nuxada ipəkçilik, Naxçıvanda duz sənayesi, Gədəbəy və Daşkəsəndə mis, kobalt, Xəzər dənizi və Kür çayı sahillərində balıqçılıq sənayesi inkişaf edərək artırdı. Beləliklə, Azərbaycan ticarət mühiti özünəməxsus qazanc axtarmaq xüsusiyyəti ilə dünya bazarlarında mal satıcısı olaraq yüksəlir və tarixdə özünə yer qazanırdı. Kənd təsərrüfatı üçün Amerika sortu olan pambıq toxumu XIX əsrin dördüncü rübündə Azərbaycana gətirilmişdi. Suvarma yolu ilə Amerika sortu olan pambıq məhsulu artmış, bunun ardınca pambıqtəmizləmə zavodları da çoxalmışdı. Qafqazda tütünçülük təsərrüfatı artdığı üçün tütün fabrikləri tikilirdi. Xəzər dənizi vasitəsilə Rusiyaya, İrana, Türküstana mal daşındığı üçün, Bakıda gəmiçilik sənayesinin yaradılmasına ehtiyac duyulurdu. Azərbaycanın dəmir yolu Rusiyanın mərkəzinə bağlanması, yük depolarının və dəmir yolu emalatxanalarının tikilməsi lazım gəlirdi. Qərb anlamında sənaye və ticarət mühitinin yaranması ilə Azərbaycanda kapitalizm dövrünə məxsus olan kapitalist, tacir, ortabab, sənətkar və nəhayət, gündəlik əməyi ilə dolanan, iqtisad elmində proletar adlanan fəhlə sinfi meydana gəldi. Cəmiyyət həyatı bir-birinə dolaşıqlı və zəncir halqaları kimi bağlı olduğuna görə sosial, iqtisadi həyat özünə lazım olan müəssisələri və insan kollektivini yaratdı.
Bakı neftində Azərbaycan türk kapitalını Tağıyev, Nağıyev, Muxtarov və başqaları, rus kapitalını Koqorov, Şibayev, Benkendorf, Cubonin, qərb kapitalını qərbin məşhur kapitalistlərindən Nobel, Rotşild, Simens, Vişau və başqaları təmsil edirdilər. Bakı şəhəri getdikcə böyüyür və əhalisi də artırdı. Belə bir sənayeləşmə dövründə şəhər əhalisinin artması təbiidir. Çar üsul-idarəsinin rus kəndlilərini Azərbaycana köçürərək yerli türk kəndlisinin əlindən münbit torpaqları alıb rus kəndlilərinə verməsi üzündən torpaqsız qalan Azərbaycan kəndlilərinin şəhərdə iş axtarmaq məcburiyyətində qalmaları başlıca səbəblərdən biri olmuşdur (Azərbaycan ədəbiyyatı tarixi, II cild, səh. 358).
1870-ci ildən əvvəl Bakıda neft yataqlarının 88%-i yerli türk xalqının əlində idi. Xarici kapitalın Rusiyaya girməsinə çar icazə verdikdən sonra, yerli türk xalqınını əlində olan bu zəngin neft yataqlarını xarici kapitalistlər o dövrə görə yüksək pul verərək satın aldılar. Beləliklə, bu yerlərin çoxu türklərin əlindən çıxdı (Azərbaycan tarixi, səh. 217-218).
1872-ci ildə Azərbaycan – Bakıya Qərb kapitalistləri gəlməyə başladılar. Azərbaycana gələn xarici kapital ölkələri bunlardır: Belçika, Danimarka, Fransa, İsveçrə, Almaniya, İngiltərə və başqaları, Azərbaycanın nefti, misi, duzu, kənd təsərrüfatı malları və başqa xammalları artıq Qərb dünyasına çıxarılırdı və bunun sayəsində azərbaycanlı vətəndaşlar Qərb aləmini gördülər, yaxından tanıdılar. Amerika kapitalistləri Bakı neftini əldə etməkdə çox gecikmişdilər. Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi böyük neft çənlərinin qurulmasına səbəb oldu və Bakıda sistern vaqonlar görünməyə başladı. Kapitalizmə qədəm qoyan Azərbaycanda ağır sənayenin inkişafı, yuxarıda qeyd etdiyimiz kimi, bu sənayenin lazımi mallarla, əşyalarla təmin olunması yüngül sənayenin, emalatxanaların və başqa obyektlərin qurulmasına səbəb oldu. Təbii ki, bu obyektlərin yaranması nəticəsində şəhər də inkişaf edəcəkdi. Eyni vəziyyət Azərbaycanın mis, kobalt, duz, kənd məhsulları və başqa xammal emal edən rayonlarında da görünürdü. Yerli Azərbaycan türk xalqından ixtisaslı işçi və ustalar yetişməyə, çoxalmağa başladı. Bu vəziyyət Qərb mədəniyyətinə qovuşmağın ilk nişanəsi idi. Azərbaycanın hər hansı bir zavodunda çalışan, iş vaxtı qurtardıqdan sonra paltarını dəyişib qalstukunu taxan, bulvarda qəhvəxanaya gedən ixtisaslı işçi və ya usta, qol gücünə kotanla çalışan kəndlidən daha mədəni olmuşdu. Bu vəziyyət Azərbaycan xalqı üçün Qərb mədəniyyətinin ilk pilləsi idi. Bununla kifayətlənməyərək Peterburqda, Moskvada yüksək texniki institutlarda təhsil alıb Azərbaycana dönən azəri mühəndis və texniklər yeni yaranan kapitalist sənayesinin müxtəlif sahələrində, müxtəlif vəzifələrdə çalışırdılar.
Bakıda 86 ağ neft və qaz yağı emal edən, 5 benzin emal edən, 5 yağ emal edən, 3 asfalt düzəldən zavod var idi. 1890-cı ildə bunların ümumi sayı 101-ə çatmışdı. Bunlar nefttəmizləyici zavodlar idi. Qaz yağı, benzin, yağ və asfaltdan başqa, neft məhsulları da emal olunurdu. 1907-ci ildə Bakı-Batumi neft borusu xətti çəkildi. Neftdən, Qərbə satılan başqa məhsullardan əldə edilən gəlir nəticəsində azərbaycanlılar Qərb ticarət aləminə qədəm qoydular.
Bakı mazutu Almaniya və Avstriyada həvəslə alınır və oradakı zavodlarda işlənirdi. Şərq ölkələrində - Hindistanda, Çində, Hind-Çində, Avstraliyada və Yaponiyada Bakı nefti Amerika nefti ilə rəqabət aparırdı.
Naxçıvan, Cavad, Şoran və Bakı ərazilərində istehsal olunan duzun miqdarı tükənən deyildi. 1895-ci ildə təkcə bir ərazidən əldə edilən duzun miqdarı 887,5 min pud idi. 1865 – 1882-ci illərdə Gədəbəy mis mədənlərində 15,5 milyon pud mis külçəsi əldə edilmişdi. 1886-cı ildə bütün Qafqazda əldə edilərək əridilən misin üçdə ikisi Gədəbəy zavodunun payına düşürdü.
Indi, milli Azərbaycan burjuaziyasının Azərbaycandakı varlığının nədən ibarət olduğunu incələmək istəyirik.
XX əsrin əvvəllərində 167 neft sənaye müəssisəsindən 49-u, yəni 29,3%-i milli Azərbaycan kapitalistlərinin himayəsində idi. Sayca çox görünsə də, ümumi istehsal həcmində vəziyyət dəyişirdi. 100.000 puda qədər neft istehsal edən qrupda milli Azərbaycan kapitalı 31,3%, 500.000 puda qədər neft istehsal edən müəssisə qrupunda 48,7%, 1.000.000 puda qədər məhsul istehsal edən qrupda 25%, bir milyon puddan on milyon puda qədər neft istehsal edən müəssisələr qrupunda Azərbaycan türk kapitalı 12,5% idi. On milyon puddan qırx milyon puda qədər və bundan daha çox neft istehsalına Azərbaycan milli türk kapitalı demək olar ki, heç yoxdur. Biz burada yenə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda milli kapitalın təşəkkülündə ortabab sinfin əsas və qüvvətli olduğunu qeyd etmək istəyirik. Çünki bu sinfin bütün ölkələrdə xalqa rəhbərlikdə oynadığı qüdrətli və siyasi rolu çox əhəmiyyətli olmuşdur.
Azərbaycanın sənaye və ticarət həyatında rus kapitalının payını qeyd etmək lazımdır. 167 ticarət şirkəti içərisində 21 şirkət (11,3%) onlara məxsus idi. Yerdə qalan şirkət və kapital ermənilər, gürcülər və yahudilər arasında bölüşdürülmüşdü.
1900-cü ildə Bakı vilayətində zavod müfəttişliyinin apardığı məhəlli statistikaya görə, 204 neft sənayesi müəssisəsinin 115 kapitalisti arasında Azərbaycan kapitalistləri ümumi kapitalın 18%-nə sahib idilər (Bu statistikada qəzalarda mövcud olan müəssisələrin milli mənsubiyyəti təyin edilməmiş və qəzalar əsasən bu statistikaya daxil edilməmişdir).
Un və çəltik təmizləmə sənayesində Azərbaycan kapitalı ümumi kapitalın 36%-ni, qaz yağı, kerosin, maşın yağı zavodlarında, neft doldurma stansiyası və körpü salma işində azəri türk kapitalı 21%, neft-kimya sənayesində isə 10%-i təşkil edirdi.
İpəkçilik sənayesində Azərbaycan kapitalı çox əhəmiyyətli idi. Milli Azərbaycan kapitalı ən çox ticarət burjuaziyası baxımından qüvvətli idi.
1900-cü ildə 3484 ticarət müəssisəsi vardı. Bu miqdar 1913-cü ildə 5226-ya yüksəlmişdi. Bunların çoxu kiçik ticarət müəssisələri idi. 1902-ci ildə 5508 ticarət müəssisəsindən 3035-i üçüncü dərəcəli, 318-i isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. 1913-cü ildə 4706 ticarət müəssisəsindən 2038-i üçüncü dərəcəli, bəziləri ikinci, 139-u isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. Birinci dərəcəli ticarət müəssisələrinin ümumi illik jiro miqdarı bütün kiçik ticarət müəssisələrinin jirosunun cəmindən çox idi. Halbuki kiçik ticarət müəssisələri 43,9%, birinci dərəcəli müəssisələr isə 2,9% təşkil edirdi. Topdansatış ticarətində əsas yeri neft tuturdu. Bu firmaların satdıqları neft pula çevrilən zaman 1.459 milyon manat olurdu. Topdansatış ticarətdə neftdən sonra satılan mallar bunlardır: metal, metaldan düzəldilən hissələr, taxta, qənd, düyü, spirtli içkilər, toxuculuq malları, qurudulmuş meyvə, balıq, kürü məhsulları, heyvan, ət, kənd təsərrüfatı məhsulları və s. Beləliklə, ticarət inkişaf etdikcə onunla yanaşı pərakəndə ticarət də artırdı. 1913-cü ildə 4470 pərakəndə ticarət müəssisəsi vardı (“İqtisadiyyat” jurnalı M.Musayev, 1969-cu il, № 1, səh. 66-67; “İqtisadiyyat” jurnalı M.Musayev, 1968-ci il, № 1).
Yuxarıda göstərilən statistikada yerli Azərbaycan türk kapitalının xüsusi payı vardır. Yerli kapital pərakəndə ticarətdə daha qüvvətli idi. “Həftə bazarı” deyilən və yarmarka şəklini alan bazarlarda fabrikdə istehsal olunan məhsullar satılır və ya xammal mübadiləsi edilirdi. Bu bazarlardan mal toplanıb Rusiya və Qərb ölkələrinin zavodlarına göndərilirdi. Azərbaycanda pərakəndəçi tacir yalnız rus zavodlarında deyil, həmçinin Qərbdə istehsal olunan malları da alıb-satırdı. Texnologiya yönündən Qərbə möhtac olan rus sənayesi quraşdırma hissələrinin onlardan almağa məcbur idi. V.İ.Lenin Rusiyanın bu dövrünü “hərbi-feodal imperializmi” adlandırırdı (V.İ.Lenin. Əsərləri. 4-cü nəşri, Bakı, 1951, 21-ci cild, səh. 433). Belə bir dövrdə Rusiya sənayesi Qərb anlamında geridə qalmış bir sənaye idi.
Balıqçılıq
Azərbaycanda balıqçılıq istehsalı özünəməxsus zəngin və əhəmiyyətli bir yer tutmaqdadır. Bu istehsal təkcə balıqla məhdudlaşmayıb, dünyanın ən dadlı, ən qiymətli və bol qara kürüsü ilə tanınmaqdadır. Bu səbəbdən balıq sənayesi az zamanda neft sənayesi kimi inkişaf etdi və ilk istehsal vasitələri yaradıldı, bunun nəticəsində daha çox məhsul istehsal olundu. Azərbaycandakı kapitalistlər gəlirli olan balıq sahəsilə də məşğul oldular. Tağıyev, Mantaşev, Mayılov, Lianozov və başqaları balıq sənayesinin böyük qismini əllərinə aldılar. 1898-1900-cü illər arasında 2.4187 milyon pud balıq istehsal edildi. Balıqçılıq çəllək istehsalının, konserv sənayesinin, dəniz nəqliyyatının, gəmi təmiri tərsanələrinin yaranmasına yol açdı. 1900-cü ildə Bakıda doqquz gəmi təmiri tərsanəsi vardı. 1886-cı ildə Bakıda 20 metal emal edən zavod mövcud idi. Bunların səkkizi dəmir, dördü mis emalatxanası idi. Bunlarla yanaşı, kənd təsərrüfatında suvarma işlərində istifadə olunan nasoslar üçün qazan istehsal edən emalatxanalar meydana gəldi.
Ipəkçilik
Azərbaycanda ipək istehsalında Nuxa (Şəki) birinci yeri tuturdu. 1861-ci ildə, bir il müddətində 1200 pud əla növlü ipək emal edilmişdi. 1862-ci ildə London yarmarkasında Azərbaycanın xam ipəyinə və ipək baramasına medal verilmişdi (Azərbaycan tarixi. Bakı, 1964, səh. 238). Bir müddət ipək sənayesi, ipək qurdunda törənən xəstəlik nəticəsində gerilədi. 1886-cı ildə yenidən sürətlə inkişaf edərək yeni ipəkçilik fabriki tikildi və köhnə ipəkçilik fabrikləri təmir edilərək işə başladılar. Bu fabriklərdə 346 ipək dəzgahı vardı. Ipəkçilik sahəsində Qarabağ ikinci yerdə gedirdi. Ipək baramasının mexaniki şəkildə 3 ilk dəfə Şuşada tətbiq edilmişdir.
Ipəkçilikdə üçüncü yeri Ordubad tuturdu. Ilk dəfə olaraq Ordubadda buxarla işləyən maşınla ipək toxunurdu. 1886-cı ildə fabrikdə dörd ipək toxuyan maşında 300 pud ipək istehsal edilmişdi. 1886-cı ildə Zaqatalada olan dörd maşınlı ipəkçilik fabrikində 86 dəzgah və 142 sapeşmə maşını vardı. Cənubi Qafqazdan xarici ölkələrə ixrac edilən ipəyin 90%-ni Azərbaycan verirdi.
Pambıqçılıq
Yuxarıda qeyd etdiyimiz kimi, Amerika sortlu pambıq toxumu Azərbaycana XIX əsrin ikinci yarısında gətirilmişdi. 1900-cü ildə Gəncədə 35-ə yaxın pambıqtəmizləmə zavodu vardı. Pambıqtəmizləmə zavodları nəqliyyat işləri asan olsun deyə, stansiyalara yaxın yerlərdə yaradılırdı. Çox zaman bunlardan kiçik olanlarının yerini dəyişdirirdilər.
Üzümçülük və şərabçılıq
Şamaxı, Göyçay, Kürdəmir, Şuşa, Gəncə, Naxçıvan, Ordubad və Azərbaycanın başqa qəzaları dadlı üzümləri ilə şərabçılığın mərkəzi sayılırdı. 1872-1879-cu illər arasında Gəncədə 380,3 min vedrə şərab istehsal edilmişdi. Bu illərdən sonra Gəncədə və başqa qəzalarda bu göstərici iki dəfədən çox artmışdı. 1897-ci ildə Cənubi Qafqazda istehsal olunan şərabın 25,3%-i Azərbaycanın payına düşürdü. Şərab ixracatında birinci yeri Gəncə, ikinci yeri Tiflis, üçüncü yeri Kürdəmir tuturdu. 1885-ci ildə Gəncədən 173,7 min vedrə, 1894-cü ildə isə 483 min vedrə şərab ixrac edilmişdi.
1872-ci ildə Gəncədə araq istehsal edən 3624 emalatxana vardı. Bunların illik istehsalı 75.000 vedrə idi. Bu, 91,6 min manat pul demək idi. Tut arağının istehsalına görə Gəncə birinci yerdə gedirdi. 1893-cü ildə Cənubi Qafqazdan ixrac edilən spirtli içkilərin miqdarı, idxal edilən spirtli içkilərin miqdarından 2023,1 min vedrə çox idi. Gəncədə Yelenendorf* alman koloniyasında Forer qardaşlarının istehsal etdikləri konyak XIX London yarmarkasında qızıl medal qazanmışdı. Bu firmanın şərabları da daxili və xarici bazarlarda çox yaxşı qiymətə satılırdı. Bu firma Azərbaycanda ilk dəfə olaraq pivə istehsal edən müəssisə yaratmışdı.
YEYİNTİ SƏNAYESİ
1886-cı ildə Bakıda bir ildə 372 min manatlıq un üyüdən buxar maşınlı dəyirman vardı. 1899-cu ildə isə ildə bir milyon yarım manatlıq un üyüdən 28 buxar maşınlı dəyirman fəaliyyət göstərirdi. Bundan əlavə, 1,9 milyon manatlıq çəltik təmizləyən altı düyü fabriki mövcud idi. 1897-ci ildə Gəncədə üç buxar maşını ilə işləyən un dəyirmanı vardı.
Tütün fabrikləri
1891-ci ildə Bakıda illik istehsalı 660,1 min manata çatan dörd tütün fabriki fəaliyyət göstərirdi. Bundan başqa Gəncədə üç tütün fabriki işləyirdi. 1899-cu ildə tütün fabriklərinin istehsalı 1,2 milyon manata çatmışdı. Tənbəki fabriklərinin ikisi Şamaxıda, üçü isə Nuxada yerləşirdi. 1898-ci ildə illik istehsalları 12,325 pud idi. Cənubi Qafqazın tənbəki fabrikləri ancaq Azərbaycanda yerləşirdi.
Sənayedə inşaatda istifadə olunan keramika, daş karxanaları, daşyonan emalatxanalar inkişaf edərək bir ölkənin ehtiyacını ödəyəcək qədər artmışdı. Sement zavodunun inşası üçün Lənkəranda anonim şirkət yaradılmışdı. Kapital qoyuluşu bir milyon yarım manat idi. Bu şirkət tikintidə istifadə olunacaq hazır beton materialı da hazırlayırdı. Bundan əlavə, qənd sənayesini yaratmaq üçün Lənkəranda şəkər çuğunduru yetişdirilməsi təcrübəsi aparılırdı.
Nəqliyyat
Rus çarizminin öz hərbi strategiyası üçün Cənubi Qafqazda çəkdirdiyi daxili şosse və dəmir yolları vasitəsilə 1890-cı ildə Bakı stansıyasından Rusiyaya ümumi çəkisi 55 milyon pud olan müxtəlif mallar daşınmışdı. Beləliklə, Azərbaycan kimi Rusiyanın başqa müstəmləkələrinin vilayət və qəzalarına yaxın olan stansiyalarından Rusiyaya daşınan malların miqdarı 25 milyon puddan çox idi (Azərbaycan tarixi, səh. 247). Bu illərdə Azərbaycandan Rusiyaya göndərilən malların miqdarı bütün Cənubi Qafqazdan göndərilən malların beşdə dördünü təşkil edirdi. Neft Rusiyaya sistern vaqonlarla, dənizdə gəmilərlə Həştərxan yolu ilə daşınırdı. Bakı-Batumi dəmir yolu Qərb ilə Şərq ölkələri arasında bir tranzit yolu rolunu oynadığından, nəqliyyatın, ticarətin həcminin artması Bakı limanının yaradılmasına səbəb olmuş və bunun nəticəsində nəqliyyat daha da inkişaf etmişdi. Buna bir misal çəkmək faydalı olardı. Qərbi Avropaya, Amerikaya, İrana, Əfqanıstana və Türküstana tranzit yüklərin daşınması üçün Bakıda mövcud olan ticarət müəssisələri bürosu bunlardır: “Batumi, Novorossiysk, Odessa, Poti, Feodosiya, Vladivistok, Arxangelsk, Rostov, London, Liverpul, Nyu-York, Helsinki, İstanbul, Şanxay, Kopenhagen, Keniya və başqaları” (Azərbaycan tarixi, səh. 250).
1899-cu ildə Xəzər dənizində 345 yelkənli gəmi çalışırdı. Bunlardan 133-ü buxarla hərəkət edən gəmilərdi. Buxarla işləyən gəmilərin ümumi tonnajı yelkənli gəmilərə nisbətən 55,8% idi.
1898-ci ildə Rusiya imperiyasının Azov dənizində, Qara dənizdə, Aralıq dənizində və Baltik dənizində olan yük gəmilərinin 40%-i Xəzər dənizində yerləşirdi. Beləliklə, açıq-aydın görürük ki, XIX əsrin dördüncü rübündə və XX əsrin ilk illərində Azərbaycan sənayesi Qərb üsulunda sənayeləşir, ticarəti inkişaf edir və türk xalqı tarixin bu keşməkeşinə sinə gərərək irəliləyirdi. Bu dövrün sosial, mədəni və siyasi xarakterini irəlidə ayrı bir bölmədə verəcəyik.
Bu dövrdə xanlıq zamanından qalma əl sənəti və toxuma işləri inkişaf edən yeni mühitdə asanlıqla müştəri tapdığı üçün daha da inkişaf edirdi. Xalçalar, xurcunlar, ipəkdən toxunma baş örtükləri və başqa əl işləri, kəndlərdən şəhərlərə, şəhərlərdən də böyük ticarət mərkəzlərinə göndərilir və fabrikdə istehsal olunan mallarla bir sırada satılırdı. Bu satış Azərbaycanda əl sənətini incəsənət yönündən təkmilləşdirirdi. Quba, Şuşa, Cəbrayıl, Gəncə və Bakı xalçaları xarici bazarlarda ad qazanmışdı. Qubada xalça toxuyan qadınların sayı otuz minə yaxın idi. Təkcə Xaçmaz stansiyasından ildə 300.000 manatlıq xalça ixrac edilirdi (Azərbaycan tarixi, səh. 254). Şuşa, Cavanşir, Zəngəzur qəzalarında xalça toxumaqla 100.000 nəfər məşğul olurdu (həmin əsər, səh. 256). “Qarabağ” adlanan, müxtəlif növü olan, öz solmaz rəngləri və gözəlliyi ilə dünyaya səs salan xalçaların ticarət mərkəzi Şuşa şəhəri idi.
Daxili ticarət
Kənd və şəhər əhalisinin əl əməyi ilə meydana gələn xalça və başqa toxunmaların böyük bazarlara aparılmasında “həftə bazarı” adlanan və ən əhəmiyyətliləri Lahıc, Basqal, Altıağac, Bərgüşad, Salyan, Vartaşen, Padar, Qutqaşen, Ağdaş, Ərəş, Masallı, Astara, Ağdam, Bərdə, Tərtər və başqa yerlərdə qurulan bazarlar böyük rol oynamışdır. Bu bazarların bəziləri hər həftə məhəlli yarmarkalara çevrilmiş və yerləşdiyi rayonun daxili bazarında topdansatış, pərakəndəsatış və ixracatla məşğul olan tacirlərin ixrac edəcəkləri malların toplanmasında faydalı və əhəmiyyətli rol oynamışdır. 1870-ci ildə Tiflisdə çıxan “Qafqaz” qəzeti yazırdı: “Ağdam bazarından Marsel və İtaliyaya yüksək keyfiyyətli ipək və barama göndərilmişdir (Azərbaycan tarixi, II cild, səh. 258). Bu həftə bazarlarının sosial xidməti də olurdu. Kəndlini şəhərlilərlə yaxınlaşdırır və bu iki ayrı sosial təbəqəyə mənsub eyni millətdən olan cəmiyyəti birləşdirirdi. Çar Rusiyasının əsarəti altında olan Azərbaycanın ixracat faizi o zamanlar daim idxalından çox olurdu. Xalqın güzəranı da xanlıq dövrünə nisbətən müqayisə olunmayacaq dərəcədə yaxşılaşırdı. 1880-ci ildən sonra yun, pambıq, tütün, ipək çox artmışdı.
Şəhərlər
Azərbaycan azadlıq mübarizəsinin əziz şəhidlərindən biri olan iqtisadçı Məmmədhəsən Vəlili (Baharlı) 1921-ci ildə Bakıda nəşr etdirdiyi “Azərbaycanın coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizəsi” adlı kitabında Azərbaycanda şəhər əhalisinin artması, şəhərlərin təşəkkülü və Bakı əhalisi haqqında bunları qeyd edir: “Azərbaycanın tarixi hərəkat və həyat mərkəzlərinə - Şamaxı, Bakı, Quba, Gəncə, İrəvan, Nuxa, Şuşa və bu kimi mahallara çoxdan kənd əhalisi axışmışdır və bunun nəticəsində bu yerlərin əhalisinin sayı xeyli artmışdır”.
Əhalinin sıxlığına sənayenin tərəqqi etməsi, kənd təsərrüfatının, balıqçılığın və dəmir yolunun artması böyük təsir etdi.
Bütün bunlar Bakının əhalisinin həddindən çox artmasına səbəb olmuşdu. Onun ətrafında neft sənayesi, onunla əlaqədar olaraq zavod və emalatxana işləri artdıqca buraya təkcə azərbaycanlılar deyil, çoxlu miqdarda rus, isveç, yəhudi, alman kimi xaricilər də gəlmişdilər. Aşağıdakı rəqəmlər Bakı əhalisinin bir əsrdə nə qədər artmış olduğunu göstərir (Bu rəqəmlər Baharlıdan götürülmüşdür):
Bakının əhalisi: |
1820-ci ildə 2.500 nəfər, |
|
1825 ---“--- 13.500 ---“--- 1886 ---“--- 45.000 ---“--- 1890 ---“--- 105.000 ---“--- 1897 ---“--- 111.900 ---“--- 1903 ---“--- 155.900 ---“--- 1905 ---“--- 206.000 ---“--- 1913 ---“--- 214.700 ---“--- 1917 ---“--- 231.100 ---“--- |
1860-cı ildə Azərbaycan əhalisinin 12,2%-i şəhərlərdə yaşayırdı. 1897-ci ildə Bakı quberniyası əhalisinin 20%-i şəhərdə yaşayırdı. Bakıda azəri türkləri 45.000, ruslar* 19.000, erməni və başqa millətlərdən olanlar 111.000 idi. 1886-1897-ci illər arasında Gəncədə əhalinin sayı 63%, Lənkəranda 107%, Zaqatalada 147% artmışdı. 1897-ci ildə Gəncənin 33.090, Şuşanın 25.881, Nuxanın 24.734, Şamaxının 20.007, Qubanın 15.363, Salyanın isə 11.787 nəfər əhalisi var idi. 1897-ci ildə olan siyahıyaalmaya görə Azərbaycanın əhalisi (Zaqatala daxil olmaqla) 1.805.788 nəfər imiş, 1897-ci il hesablamasının Azərbaycan xalqı haqqında verdiyi statistik məlumata şübhə ilə yanaşmaq lazımdır. Bu barədə Məmmədhəsən Baharlı belə deyir: “1897-ci ildə olan siyahıyaalma, ümumiyyətlə, ətraflı və düzgün deyildir. Çünki, islam əhalisi əsgərliyə çağırılmaqdan, torpaq mükəlləfiyyətindən və verginin artırılmasından ehtiyat etdikləri üçün siyahı tutulan zaman yazılmaqdan imtina edirdilər. Köçəri xalq çox zaman yaylaqda olurdu. Çar çinovnikləri və polisləri bunu bilərəkdən edirdilər ki, müsəlman xalqının sayı az görünsün” (həmən əsər: səh. 22). Bu səbəbdən M.Baharlı 1897-ci ildə Azərbaycan əhalisinin sayını 2.150.000 nəfər göstərir və qeyd edir ki, Azərbaycanın heyvandarlıqla məşğul olan, yaşayış yerlərindən uzaqda – yaylaqlarda olan köçəriləri də hesaba alınmalı idi.
Bakıda olan 204 sənaye müəssisəsinin 115 kapitalistindən 18%-i Azərbaycan türk kapitalistləri idi. Rus kapitalistləri 27% təşkil edirdi (Adlarından da açıqca görünür ki, rus kapitalistləri – Benkendorf, Qubonin, Şibayev – H.B.). Rusiya təbəəsi olan xaricilərdir. Un və çəltik təmizləyən zavodlar Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov və başqa türklərə məxsus idi. Yerli azəri türklərinin bu sənayeyə qoyduqları kapital ümumi kapitalın 36%-ni təşkil edirdi. Neft sənayesində Azərbaycanın milli kapitalı 21% idi. Səlimxanov neft-kimya sənayesində ən böyük kapitalist idi. Onun, sənayenin bu sahəsinə qoyduğu kapital ölkədə bu sahəyə qoyulan ümumi kapitalın 10%-nə çatırdı. Bakıda ilk dəfə toxuculuq sənayesinə başlayan kapitalist H.Z.Tağıyev idi və həmin kombinat bu günə kimi fəaliyyət göstərir. 1880-ci ildə azərbaycanlılar Xəzər dənizindəki yelkənli gəmilərin 80%-nə sahib idilər. Xəzər dənizində mövcud olan gəmilərin 58%-i yerli türk kapitalistlərin payına düşürdü (Azərbaycan tarixi, II cild). Dəniz və çay nəqliyyatı işində təşəbbüs göstərən kapitalistlər – Dadaşovlar, Hüseynovlar, Aşurov, Manafov, Zeynalov və başqaları idi. İpəkçilik sahəsində olan kapitalistlərdən Nuxada Hacı Kərim Hacı Vahab oğlunu, İbrahim Əkbər oğlunu, Hacı Abdul Rəhimovu, Hacı Məmməd Rəhim oğlunu və başqalarını göstərmək olar. Qarabağda da ipəkçilik sahəsində Muradov və b. fəaliyyət göstərirdi. Balıq sənayesini milli Azərbaycan kapitalistləri Tağıyev, Sultanov, Əhməd Mustafa oğlu, Ağa Mustafa oğlu və başqaları təmsil edirdilər. Azərbaycan milli kapitalını daha çox, qüvvətli və sayca üstün olan, yerli türk ticarət burjuaziyası əlində saxlayırdı. Bu zümrə Azərbaycanın ortabab və daha çox yüksək dərəcəli topdansatışla məşğul olan tacir sinfi idi. Onlar Bakının, Gəncənin, Şamaxının, Şuşanın, Nuxanın, Naxçıvanın, Ordubadın və başqa şəhərlərin bütün ticarətini əllərində saxlayırdılar. Bu orta təbəqəyə kənd təsərrüfatını öz əlində cəmləşdirən əkinçilər də daxil idi. Bu orta təbəqənin Azərbaycanda üzərinə düşən sosial, iqtisadi, mədəni və siyasi rolu tarix baxımından, Qərbi Avropa cəmiyyətlərində olduğu kimi yerində və vaxtında çox gözəl icra etdiyini irəlidə görəcəyik.
AZƏRBAYCANDA PROLETARİAT SİNFİNİN
MEYDANA GƏLMƏSİ
“Proletar” sözü XIX əsr iqtisadçıları tərəfindən olduqca çox işlədilmiş bir termindir. Sonradan Karl Marks bu terminə öz nəzəri baxımından xüsusi mənalar vermişdir. Əslində proletar sözünün mənası “gündəlik əməyilə dolanan fəhlə” deməkdir. Yazımızın əvvəlində Azərbaycanda sənayenin, ticarətin Qərbə məxsus inkişaf etməsini uzun-uzadı anlatdıqdan sonra bu həyatın ayrılmaz parçası olan fəhlə sinfindən söz açmamaq olmaz.
1901-ci ildə Azərbaycanda neft sənayesində işləyən fəhlələrin sayı 26.637 nəfər idi. Neft quyularının qazılmasında 5409, nefttəmizləmə zavodlarında çalışan fəhlələrin sayı isə 3865 nəfərə çatırdı. 1897-ci ildə Bakıda maşınqayırma işlərində və buna bənzər mexaniki işlərdə çalışan fəhlələr bu hesaba daxil deyildi. Gəmi təmiri tərsanlərində, elektrik enerjisi istehsal edən müəssisələrdə Nobelə, “Qafqaz-Merkuri”, “Xəzər” şirkətlərinə, Şibayevə, elektrik qüvvələrinə, Listə, Mışaka, Bardorfa, Eyzenşmitə və başqalarına aid olan zavod və fabriklərdə, Nadejda, Kaspi, Dadaşov müəssisələrində, Bakı şəhərində və onun ətrafında kimyəvi maddələr istehsalında (kükürd, potaş), mis emalında, balıq sənayesində, Gəncədəki kobalt, dəmir, Naxçıvandakı duz mədənlərində minlərlə fəhlə çalışırdı.
1900-cü ildə yalnız balıqçılıq sənayesində 6359 fəhlə çalışırdı. Artıq kapitalizm sənayedə, ticarətdə özünə yer tutmuşdu. Bütün sənaye sahələrində - artellərdə, emalatxanalarda çalışan işçilərin ümumi sayı (Bakıda) təxminən 50.000-dən çox idi. Yarıdan çoxu azərlər olan bu işçilərin çox hissəsi Cənubi Azərbaycandan gəlmişdi. 1917-ci il 22 oktyabrda Bakı Sovetinə keçirilən seçkilərdə Bakıda çalışan və İran təbəəliyində olan 15.000 iranlı işçinin seçki hüququna malik olmadıqlarına baxmayaraq “Müsavat” partiyası daha çox səs qazanmışdı (Mirzə Bala Məmmədzadə. “Rusiya inqilabında türklər” jurnalı, Münhen, 1957, № 9. səh. 12). 1891-ci ildə Şimali Azərbaycanda 15615, 1901-ci ildə isə 22776 adama pasport verilmişdi. Bunların bir qismi Cənubi Azərbaycandan Qafqaza gələn fəhlələr idi.
Beləliklə, Cənubi Azərbaycandan gələn fəhlələr başda Bakı olmaq üzrə, sənayeləşən Azərbaycanın əsas işçi qüvvəsini təşkil edirdilər. 1883, 1893, 1897, 1898-ci illərdə Azərbaycanda baş verən quraqlıq nəticəsində azəri kəndliləri şəhərə axışırdılar. Azərbaycanda türklərdən başqa dağıstanlılar, ermənilər, gürcülər, ruslar da işləyirdilər. Sahibi erməni olan iş yerlərində işçilərin 90%-ni ermənilər təşkil edirdi. Ter-Qriqoryanın tütün fabriki buna misal ola bilər. 1900-cü ildə balıq sənayesində çalışan işçilərin hamısı azəri idi.
XIX ƏSRİN İKİNCİ YARISI VƏ XX ƏSRİN ƏVVƏLƏRİNDƏ AZƏRBAYCANDA MƏDƏNİ VƏZİYYƏT
Maarifçilərdən Həbib bəy Mahmudbəyli və Sultanməcid Qənizadənin yorulmadan çalışmaları sayəsində Azərbaycanda 1880-ci ildən sonra “rus-tatar məktəbi” adlanan bir çox məktəblər açıldı. Bu məktəblərin Azərbaycanın elmi həyatında oynadığı rolu inkar etmək olmaz. Ancaq zaman geçdikcə xalq məktəblərdə çar idarəsinin ruslaşdırma siyasəti yürütdüyünü görüncə bu məktəblərdən soyudu. Azəri xalqı uşaqlarına milli tərbiyə verə biləcək məktəblər istəyirdi. Milli ruhda bir çox mədəni, siyasi cəmiyyətlər yaradıldı. Bu cəmiyyətlərə azəri burjuaziyası maddi yardım göstərirdi. 1901-ci ildə Hacı Zeynalabdın Tağıyev Bakıda 1-ci Aleksandrevski türk qız gimnaziyası açdırmışdı. Türk kapitalistlərinin yardımı ilə “Səadət” məktəbi də yaradıldı. Tağıyev böyük bir türk dram teatrı tikdirdi. Azəri kapitalistləri türk qəzet və jurnallarına maddi yardım edir, Qərb ölkələrinə təqaüdlə tələbə göndərirdilər. Çar rejimi Azərbaycanda kişi məktəbi, texnikum, universitet kimi elmi mərkəzlər açmağı türklərə qadağan etmişdi.
XIX əsrin axırlarında türk pedaqoqları xalqın və varlıların yardımı sayəsində öz milli məktəblərini açmağa başladılar. Həmin məktəblərdə ruslaşdırma yox idi. Rus dili bir fənn kimi tədris edilirdi. Bu məktəbərə “üsuli-cədid” məktəbləri deyirdilər. Şamaxıda şair və pedaqoq Hacı Seyid Əzimin vaxtı ilə açmış olduğu üsuli-cədid məktəbini Mirzə Rza davam etdirirdi. Qubada Molla İbrahim Xəlil, Salyanda Molla Əbülhəsən, Bakıda Mirzə İsmayıl Qüdsi yeni üsullu məktəblərin qurucuları idi.
Şuşada Mir Möhsün Nəvvab və yoldaşları (1833-1904) üsuli-cədid ənənəsini davam etdirir, xalqın həyata yeni baxımını tərbiyə edirdilər. Bakıda rusca çıxan “Kaspi” qəzeti köhnə dini üsullu məktəbləri tənqid edir, “bu məktəblər fanatik və cahil molaların ağalığı altındadır”, - deyə yazırdı. Üsuli-cədid məktəbləri Azərbaycanın başqa vilayət və qəzalarında da açılırdı. Bu məktəblərdə dərslər fonetik metodla verilirdi. Dərslər türkcə ana dili, hesab, coğrafiya, rus dili və təbiət dərslərindən ibarət idi. Lənkəranda üsuli-cədid məktəbini ilk açan Mirzə İsmayıl Qasir olmuşdu. Ancaq bu yeni açılan məktəblər Azərbaycan xalqının ehtiyacını ödəyəcək qədər deyildi. Cəmiyyət artıq oxuyub-yazmağın əhəmiyyətini dərk edirdi.
1890-cı ildə Azərbaycanda on iki gimnaziya və realnı məktəb vardı. Bu məktəblərdə oxuyan 5700 tələbədən 91 nəfəri türk idi. Çar idarəsi azəri xalqının mədəniyyətininin inkişaf etməsinə hər vasitə ilə maneçilik törədirdi.
1890-cı ildə Şuşada və Naxçıvanda qızlar üçün məktəblər açılmışdı. Qızlar üçün məktəblərin açılmasında “Şuşa” xeyriyyə cəmiyyəti böyük rol oynamışdı. Bakıda qızlar məktəbinə Həsən bəy Zərdabinin arvadı Hənifə xanım müdirlik edirdi.
Türklərin oxumaq arzularına çar rejiminin mane olmasını göstərən tutarlı sənədlər vardır. Qafqazda 300 rusa, 4.800 gürcüyə, 5.400 erməniyə, 17.300 azəri türkünə bir məktəb düşürdü. 1891-ci ildə Gəncədə xüsusi türk məktəb və mədrəsələrində oxuyanları nəzərə almasaq, rus dövlət məktəblərində 884 türk şagirdi oxuyurdu.
O dövrdə aktual mövzu, məktəblərdə dərs metodu, dil və əlifba məsələləri idi. əlifba məsələsi - ərəb hərflərinin türk dilinə uyğun gəlmədiyi və latın əlifbasına keçmək lazım olduğu M.F.Axundovdan miras qalan proses idi. Müəllim M.T.Sidqi və F.Köçərli bu prosesin tərəfdarları idilər. 1898-ci ildə F.Köçərli Tiflisdə rus dilində nəşr olunan “Qafqaz” qəzetində “Ərəb əlifbası və onun nöqsanları” başlığı altında bir seriya məqalələr dərc etdirmişdir. M.T.Sidqi də yazdığı məqalələrdə F.Köçərli ilə həmfikir olduğunu bildirirdi. Dil məsələsində əsasən Türk (Ana) dilinin, yəni canlı xalq dilinin ədəbi dilə tətbiq edilməsi fikri müdafiə olunurdu. 1899-cu ildə Nəriman Nərimanov “Türk-Azərbaycan dilinin müxtəsər sərf və nəhfi” adlı əsərini nəşr etdirmiş və bu əsərdə əsasən fonetika, morfologiya və sintaksis incəmələrinə xüsusi yer vermişdi. XIX əsrin axırlarında F.Köçərli rus pedaqoqu A.O.Çernyayevskinin “Vətən dili” kitabını yenidən işləyərək, bəzi əlavələrlə təkrar nəşr etdirdi. Belə dərsliklər Türk dilinin məktəbdə asan öyrənilməsinə, uşaqlar tərəfindən mənimsənilməsinə yol açırdı. Bunun sayəsində yeni üsullu məktəblər çoxalır, köhnə mədrəsələr əhəmiyyətini itirirdi.
İLK KİTABXANALAR VƏ QİRAƏTXANALAR
Azərbaycanda ilk qiraətxananı Bakıda əməkdar müəllimlər Həbib bəy Mahmudbəyli və Sultan Məcid Qənizadə açmışdılar. Qiraətxanalar açmaq üçün Bakının qubernatorundan 1894-cü ildə doktor Nəriman Nərimanov izn almışdı. Bu hadisə o dövrün ziyalıları və oxucuları arasında sevinclə qarşılandı. Bakıdakı qiraətxanalara Kəlküttə, Qahirə, Bombey, İstanbul və başqa xarici ölkələrdən çar höküməti tərəfindən qadağan edilən kitablar dolayı yollarla gətirilirdi. Yeni açılan qiraətxanalar xalq tərəfindən çox rəğbətlə qarşılanırdı. O vaxtlar ermənilər tərəfindən nəşr olunan “Murç” adlı jurnal qiraətxanalar barəsində belə yazırdı: “Erməni kitabxanalarından heç birisi bu kitabxanalar qədər oxucuya malik deyildi. Mürtəcelərdən ehtiyat edib kitabxanaya girməkdən çəkinərək qəzet və jurnalları evlərinə gizlincə aparıb oxuyan mollalar da vardı. Onlar mürtəce və mütəəsib qrupun tənqidindən çəkindikləri üçün qiraətxanalara getmir, kitabxanaya gələn müxtəlif mətbuatı evlərində oxuyurdular. Beləliklə, əldən-ələ gəzən qəzet və jurnallar köhnəlib sıradan çıxırdı”.
Azərbaycan tarixində ziyalı din xadimlərinin, molla və seyidlərin mütərəqqi cəmiyyətlərin yaradılmasında xidmətləri çox olmuşdu. 1887-ci ildə Şamaxıda, Qubada, Lənkəranda bir neçə kitabxana var idi. M.T.Sidqi, C.Məmmədquluzadə, Q.A.Şərifov, A.M.Ələkbərovun təşəbbüsü ilə Nəxçıvanda kitabxanalar və qiraətxanalar açılmışdı. XIX əsrin ikinci yarısında Azərbaycanın vilayət və rayonlarında kitab ticarəti ilə məşğul olan mağaza və dükanlar açılmağa başladı.
Bəlkə də bu qazdıqlarımı oxucular indiki dövr ilə müqayisədə çox əhəmiyyətsiz hesab edəcəklər... Fəqət unudulmamalıdır ki, bu hadisələr çar rejiminin istibdadı altında o dövrdə mütərəqqi istiqamətə yönələn əsir xalqın həyatında çox əhəmiyyətli hadisə olmuşdur.
Azəri ziyalılarının bir qismi Əli bəy Hüseynzadənin nəşr etdirdiyi “Həyat”, “Yeni həyat”, “Füyüzat”, “Yeni füyüzat”, Əhməd Ağayevin “Tərəqqi”, “İrşad” qəzet və jurnalları ətrafında toplanmışdılar. Bəzi ziyalılar “Nicat”, “Səfa”, “Ədəb yurdu”, “Nəşri-maarif”, “Cəmiyyəti-xeyriyyə” və başqa mədəni, siyasi cəmiyyət və dərnəklər ətrafında Azəri xalqının o dövrə aid məsələləri üzərində çalışırdılar.
Çar rejiminin maneələrinə baxmayaraq bütün bu işlər fədakarlıqla həyata keçirilirdi.
1905-ci ilin əvvəllərində milli hərəkatın tərəfdarlarından olan vətənpərvər M.E.Bağırzadə adlı bir tacirin köməkliyi ilə Tiflisdə C.Məmmədquluzadə və Ömər Faiq “Qeyrət” adlı nəşriyyat yaratdılar. Rus polisi tərəfindən tez-tez axtarış aparılan bu nəşriyyatda başqa əsərləri, Ə.Haqverdiyevin “Millət dostları” pyesi, Əhməd bəy Cavanşirin şerləri, A.O.Çernyayevskinin (əslən polşalıdır) “Vətən dili” adlı dərs kitabı nəşr edilmişdi. Bundan başqa bu mətbəədə bir çox kitab və jurnallar gizli olaraq nəşr edilirdi. Burada azərilərə xitabən yazılan milli-inqilabi anlamda broşüra və çağırışlar hazırlanırdı.
“Qeyrət” nəşriyyatının Azərbaycanın mədəniyyəti və azadlığı yolunda böyük xidmətləri olmuşdur.
O dövrdə Azərbaycanın ziyalı nəslinə rəhbərlik edən tanınmış şəxslərin adlarını qeyd etmək olduqca vacibdir. Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağayev, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Əliskəndər Cəfərzadə, Ələkbər Sabir Tahirzadə, Məhəmməd Hadi Əbdülsəlimzadə, Abbas Səhhət, Üzeyir Hacıbəyli, Həbib bəy Mahmudbəyli, Firudin bəy Köçərli, Süleyman Sani Axundzadə, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Rəşid bəy Əfəndiyev, Əsgərağa Adıgözəlov Gorani, Məmmədağa Şahtaxtlı, Ünsizadə qardaşları və başqalarını göstərmək olar...
Bu ziyalıların çoxu Azərbaycan mədəniyyətinin və maarifinin inkişaf etməsində yaxından iştirak etməklə yanaşı, siyasətlə də məşğul olurdular. Amma maarifçi olaraq qalan və siyasətlə maraqlanmayan bəzi ziyalılar da vardı. Elə zənn edirəm ki, oxuculara Azərbaycanda XIX əsrin əvvəllərində baş verən mədəni, siyasi vəziyyət haqqında az da olsa məlumat verə bildik. Bundan sonra 1905-ci il rus inqilabı gələcək və Azərbaycan xalqı bu inqilabda mədəniyyəti, azadlığı uğrunda öhdəsinə düşən vəzifəni yerinə yetirəcəkdir. Bunları yeri gəldikcə görəcəyik...
AZƏRBAYCANDA TARİX ELMİ SAHƏSİNDƏ
YAZILAN İLK ƏSƏRLƏR
Millətlərin həyatında hər dövr, hər çağ bir neçə yüz ili əhatə edir. Bu çağların dönüm illəri də olduqca uzun müddətdə inkişaf edir və yetkinləşir. Azərbaycan tarixində yeniləşmə hərəkatının əvvəlcə ziyalıların fikir dünyasında doğması və fikirlərin həqiqi xalq həyatına keçirilməsi, yəni Qərb anlamında renessans reformasiya çağları və ondan sonra bu çağların üstündə qurulan hürriyyət, azadlıq mübarizəsi dövrü əsrdən çox bir müddəti əhatə etmişdir. Millətlərin oyanış, renessans çağında o millətin içində yetişən ziyalı rəhbər şəxslərə görə, əvvəlcə mənsub olduğu millətin kimliyi və keçmiş zamanlardakı vəziyyəti araşdırılır incələnir, sonra geri qalmış və bu geriliyin səbəbi ilə yabançı imperialist millətin əsarəti altına düşmüş olan xalqa onun kimliyi tanıdılır. Beləliklə, müstəmləkədə olan xalq öz mənliyini öyrənir, keçmiş zamanlarda atalarının əsarət altında yaşamadıqlarını və sözün əsl mənasında müstəqil, azad yaşadıqlarını, müstəqil dövlət qurduqlarını anlayır. Nəticədə millətin şüuru oyanır, azadlıq mübarizəsinə başlayır.
Azərbaycanın ləyaqətli oğullarından biri olan professor Mirzə Kazım bəy XX əsrdə ilk dəfə olaraq “Dərbəndnamə” adlı əsəri ilə Azərbaycan və Qafqaz tarixini incələməyə nail olmuşdur. Mirzə Kazım bəy bundan başqa “Əssəbus-seyyar” adlı əsərində Krım və Kazan tarixini incələmiş, uyğur türklərinin tarixi ilə də məşğul olmuşdu. Onun kitabları əlimizdə olmadığı üçün bu əsərin elmi dəyəri barədə fikir söyləməyə çətinlik çəkirik. Mirzə Kazım bəyin bu incələmələri, türk-tatar qrammatikasını yazması və o dövrdə rus çar hökumətinə verdiyi raportda rus idarəsi altında olan bütün türklərin başa düşə biləcəkləri türk dili yaradılması fikrini təklif etməsi ilə onu ilk Azərbaycan türk vətənsevəri saysaq, elə bilirəm ki, yanılmarıq.
Ikinci tarixi əsəri Abbasqulu Ağa Bakıxanov yazmışdır. Bu qiymətli tarixi əsərin adı “Gülüstani-İrəm”dir. Kitabın bölümləri belədir:
1 – Ərəblərin gəlişinədək Şirvan və Dağıstan.
2 – Monqol istilasına qədər Azərbaycan.
3 – Monqol istilasından səfəvilərə qədər Şirvanşahlar sülaləsi.
4 – Səfəvilərdən Nadir şaha qədər.
5 – Nadir şahdan Rusiya ilə İran arasında bağlanan “Gülüstan” müqaviləsinə qədər.
Abbasqulu Ağa bu əsəri rus çarına təqdim etmişdi. Çar bu əsərin tədqiqini Elmlər Akademiyasına həvalə etmişdi. Elmlər Akademiyası bu əsəri incələmək üçün akademik Brossa və Dorna göndərmişdi. Bu iki akademik əsərin elmi dəyəri haqqında eyni fikrə gəlmişdilər: “Abbasqulu Ağanın əsərində bu günə qədər Avropa alimlərinə məlum olmayan və Şərq mənbələrindən alınma zəngin bilgilər vardır. Bu bilgilər əlimizdə olan məlumatı xeyli tamamlamaqdadır. Əsərdə müxtəlif coğrafi ərazilər haqqında məlumat verməklə bərabər Şirvan və Dağıstan ən qədim dövrlərdən başlayaraq ən yeni dövrlərə qədər sürən tarixinin ibrətverici xülasəsi verilmişdir. Buna görə biz, bu əsəri Qafqaz ölkələrinin tarix və coğrafiyasına ən faydalı və mühüm əlavə olaraq qiymətləndiririk, müəllifin əmək və iltifatına qarşı hörmətimizi bəyan edirik”. Yüksək qiymətə layiq görülməsinə baxmayaraq bu əsər rus çar akademiyası tərəfindən nəşr edilməmişdi. Çünki, Mirzə Kazım bəy də söylədiyimiz kimi tarix elmi millətə nə etdiyini, kim olduğunu öyrədir. Çarlıq hər kültürəl, mədəni təşəbbüsdə olduğu kimi bu əsərin nəşr olunmasında da Qafqaz xalqlarının bəzən hüznlü və bəzən də öyündürücü şanlı keçmişlərini öyrənmələrini istəməmişdir.
Abbasqulu Ağa əsəri rus çarına təqdim etdiyi zaman aşağıda yazdığı bu bir neçə sətir onun vətənpərvərliyini sübut edir. O yazırdı: “Ölkəmin indiyə kimi yazılmamış olan tarixinin qələmə alınması zərurətini düşünürdüm. Bir tərəfdən Vətənimin tarixini yazmaq üçün mümkün və müyəssər olmayan bəzi qiymətli sənədlərdən istifadə etmək imkanına malik olduğumdan bütün bu hallar məni mənsub olduğum ölkənin keçmiş həyatını yazmağa və boş vaxtlarımı bu işə həsr etməyə məcbur etdi” (Hüseyn Baykara. XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkətləri. Ankara, 1966, səh. 75).
Abbasqulu Ağa yaşadığı çağda xidmət etdiyi çarlıq rejiminə heç bir vaxt əyilməmişdir. Əsli-nəcabəti olan bu adam zülmkar rus çarına “ölkəmin”, “vətənimin” tarixini yazmaq zərurətini hiss etdim deməkdən çəkinməmişdir. Hər bir azərtürkü, qafqazlı bu böyük vətən övladı ilə öyünməlidir, onu rəhmətlə anmalıdır.
XIX əsrin ikinci yarısında Azərbaycanda tarix elmi sahəsində Mirzə Yusif Nersesov Qarabaği, Rzaqulu Mirzə Cəmal oğlu, Mirmehdi Haşım oğlu Xəzani, Həsənalı xan Qarabaği, Əhməd bəy Cavanşir və Mirzə Əhməd Mirzə Xudaverdi oğlu ilə təmsil edilmişdir.
M.F.Axundzadə tarix elmi metodu baxımından da Azərbaycan ziyalılarına yol göstərmişdir. O dövrə qədər tarixlə məşğul olanlar xalqın sosial məişətini və iqtisadi fikrinin inkişaf etməsini bir tərəfə ataraq M.F.Axundzadənin dediyi kimi, “təmtəraqlı ibarəpərdazlıqla” məşğul olmuşdular. Axundzadə onları olduqca kəskin bir şəkildə tənqid etmişdir.
Sonradan S.M.Qənizadə, N.Nərimanov, H.Mahmudbəyli, F.Köçərli və başqaları Tiflisdə rus dilində nəşr olunan “Qafqaz qəbilələrinin yerlərini yazan material” məcmuəsində Azərbaycan tarixinin bəzi problemlərinə dair tənqidi məqalələr yazmışdılar. 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz tarixi və arxeologiyası cəmiyyəti bildirişi” məcmuəsində H.S.A.Şirvaninin xalq adətləri, rəvayətləri və otuz üç tarixi abidə haqqında məlumat verən uzun məqaləsi çap edilmişdi. Şirvaninin bu məqaləsində Azərbaycan tarixi ilə bağlı çox qiymətli material vardır.
Azərbaycan tarixi haqqında bu dəyərli məlumatlar Azərbaycan xalqının keçmişi haqqında çox əhəmiyyətli və qaranlıq cəhətləri aydınlaşdırmışdır. Xüsusilə, üzərində yaşadıqları müqəddəs torpaqların ulu babalarından onlara miras qaldığını və bu torpaqlar üzərində yaradılan sənət əsərlərinin babalarının dühaları ilə meydana gəldiyini göstərirdi. Kənardan gələn, istər rus, istərsə də Qərb tarixçi və arxeoloqları öz ölkələrinin imperialist əməllərinə uyğun şəkildə Azərbaycan xalqının ulu nəslindən qalan əsərləri başqa millətlərin mədəniyyətinin təsiri altında yaradıldığını iddia edir və Azərbaycan xalqının varlığını inkar etməyə çalışırdılar. Məşhur türkoloq Bartoldun “Rus olmayan xalqları necə ruslaşdırmalı” adlı bir əsəri vardır (Türkiyyat institutu kitabxanası, № 716, İstanbul). Bütün bunlar azmış kimi Bakıda olan rus pravoslav kilsəsi Azərbaycanın ən dəyərli abidələrindən olan Şirvanşahlar sarayını və Divanxananı sökərək yerində kilsə tikilməsini israr edirdi. Rus çar məmurları bu saraydan anbar kimi istifadə etdikləri üçün kilsənin bu tələbini yerinə yetirməmişdilər (Azərbaycan tarixi, II cild, səh. 379).
Irəlidəki incələmələrimizdən görünəcəkdir ki, tarixin özünəməxsus inkişafı bütün maneələrə baxmayaraq durmadan irəliyə hərəkət etmiş və rus imperializminin bütün zülmləri boşa çıxmışdır. Azərbaycan xalqı qurtuluş və azadlığı uğrunda əhəmiyyətli addımlar atmış, böyük fədakarlıqlar göstərmiş, qurbanlar vermiş və qan axıdaraq qısa bir müddət olsa da azadlığa qovuşmuşdur.
ƏDƏBİ TƏNQİD VƏ ƏDƏBİYYAT TARİXÇİLİYİ
Azərbaycanda ədəbi tənqid sahəsində M.F.Axundzadənin böyük əməyi olmuşdur. 1840-cı ildə o, Vaqifin və Zakirin şerlərindən ibarət bir antologiya tərtib etmiş və əsərə ön söz yazmışdır.
M.F.Axundzadə ön sözdə “sənət sənət üçündür” fəlsəfəsini rədd edərək “sənət həyat üçündür” fikrini müdafiə etmiş və forma üçün mövzunu fəda edən yazıçıları amansız tənqid etmişdi. Ədəbi janr məsələsinə tənqidində yer verən Axundzadə tənqid və satiranı ictimai həyatın ədalətsizliyinə, köhnəliyinə qarşı mübarizədə ən yaxşı ədəbi vasitə hesab edirdi. O deyirdi ki, insanın təbiətindəki pis cəhətləri, çirkinliyi yalnız tənqid, kinayə və acı istehza vasitəsilə silib atmaq mümkün olur. Azərbaycan ədəbiyyatı tarixində bu tərzdə yazan şairlərdən S.Ə.Şirvanini və M.Ə.Sabiri xüsusilə qeyd etmək lazımdır.
Mirzə Yusif Qarabaği tərəfindən tərtib olunan “Məcmuəyi-əşari Vaqif və şair müasirin” antologiyası şair Mirzəcan Mədətovun xahişi və köməkliyi sayəsində 1850-ci ildə Teymurxanşurada nəşr edilmişdi. Bu əsərdə Azərbaycan şairləri haqqında bioqrafik və tarixi məlumatlar vardır. Beləliklə, H.Zərdabi, S.M.Qənizadə, N.Nərimanov, F.Köçərli, M.T.Sidqi və digərləri ədəbiyyat tarixi, ədəbi tənqid haqqında nəzəri fikirlər irəli sürmüş və ədəbiyyatın sosial vəzifəsinin xalqın gündəlik həyatına daxil olmaqda, növbəsi çatmış məsələləri həll etməkdə, cəmiyyətin və müasir dövrün ehtiyaclarına cavab verə biləcək şəkildə hazırlamaqda görmüşlər. M.M.Nəvvab tərəfindən XIX əsr Azərbaycan şairlərindən bəhs edən “Təzkirəyi-Nəvvab” adlı antologiya nəşr edilmişdir. Əsərdə olduqca maraqlı mənbələr vardır (Bu əsər Bəyazit kitabxanasında var. – H.B.).
Azərtürk şivəsinin fonetikası, morfologiya, sintaksis və Azərtürk dialektologiyası haqqında meydana çıxan ilk əsərlər arasında Ağa Mirzəli Mustafa oğlu Bakuvinin yazdığı “Təcrüd-ül-lüğət” adlı əsəri dövrünə görə qiymətli lüğət sayılır.
AZƏRBAYCANA QƏRB ANLAMINDA FƏLSƏFİ,
SOSİAL VƏ SİYASİ DÖVLƏT FİKRİNİN GƏLİŞİ
Hər xalqın özünəməxsus adlı-sanlı qəhrəmanları vardır və onları mənsub olduqları millətin, ölkənin çətin məsələlərində hər zaman və hər yerdə ön cəbhədə çarpışan, vuruşan görürük. Azərbaycanın fikir və mədəniyyət tarixində M.F.Axundzadə, H.Zərdabi belə öndə gedənlərdəndir. 1875-1907-ci illər arasında Zərdabinin yaradıcılığında Zaqafqaziyanın geridə qalması, idarəçilik üsulu, kəndin xilas olunması və bu kimi digər yazılar əsas yerlərdən birini tuturdu. Bu mövzulardan aydın olur ki, H.Zərdabi Qafqaz türklərinin həyatından hansı məsələləri araşdırmışdır. Bunlar rus idarəsində çalışan məmurların Qafqaz xalqına etdiyi zülmü, Qafqaz xalqı üzərinə kabus kimi çökən dini fanatizmi, millətin yaşayışındakı tənqid ediləcək tərəfləri araşdıran, tənqid edən və qurtuluş yollarını göstərən yazılardır.
M.F.Axundzadə “Qafqaz arxeoqrafiya komissiyası”, “Rus imperatorluğu coğrafiya cəmiyyətinin Qafqaz şöbəsi”, “Qafqaz ölkəsi məskun yerlərinin öyrənilməsi komissiyası”nın nümayəndəsi idi. Onun təşəbbüsü ilə yuxarıda qeyd etdiyimiz komissiyalar mətbuatlarında Qafqaz xalqları və o cümlədən azəri türklərinin həyatına dair bir çox məlumatlar dərc etdirmişdir. Bu nəşrlər arasında 1866-1906-cı illəri əhatə edən, Qafqaz general-qubernator idarəsi arxivində saxlanılan və arxeoqrafiya komissiyasının topladığı Zaqafqaziya kəndlilərinin iqtisadi məişətinin öyrənilməsinə dair materialların dərc edilməsi çox əhəmiyyətli olmuşdur. Bu materiallarda Azərbaycan xalqının həyat və tarixinə yarıyacaq çox məlumatlar vardır. Bundan başqa M.F.Axundzadə, H.Zərdabi Qərbi Avropa, Türkiyə, İran, Hindistanın tanınmış, azadlıq tərəfdarı olan qabaqcıl adamları ilə yaxından əlaqə saxlamışdılar. Bu əlaqələrin hər iki qabaqcıl, mütəfəkkir fikirli şəxslərə böyük təsiri olmuşdur. Hər iki Azərbaycan mütəfəkkiri qələmə aldıqları əsərlərində mürtəce qüvvələri tənqid etməkdən çəkinmirdilər. Qabaqcıl fikirli olan bu adamlar xalqının gücünə inanır və Azərbaycan xalqının əsl varlığına, milli qüvvəsinə bağlı qalmışdılar.
M.F.Axundzadə yazırdı: “Bizim məqsədimiz xalqın azadlıq bayrağını yüksəklərə qaldırmaq və xalqa əmin-amanlıq şəraitində öz həyatını qurmağa, firavan və varlı həyata doğru getməyə imkan yaratmaqdan ibarətdir” (Azərbaycan tarixi, səh. 385). Beləliklə, bir sıra tarixi və fəlsəfi əsərlərin müəllifi olan Mirzə Fətəlinin “Kəmalüddövlə, Cəmalüddövlə məktubları”, “Mollayi-Rumi (Mövlana Cəlaləddin Rumi) və onun əsəri haqqında”, “Filosof Yuma cavab” və başqa bu kimi dərin fəlsəfi və siyasi yazıları hal-hazırda islam şərqində öz aktuallığını itirməmişdir.
M.F.Axundzadə “Kəmalüddövlə məktubları”nda bir daşla iki quş vurmuşdur. İran istibdadının zalim və cahilliyini acınacaqlı şəkildə tənqid edərkən “qızım sənə deyirəm, gəlinim sən eşit” metodu ilə bir siyasət işlədərək rus çar rejimini tənqid atəşinə tutmuş və çürüməkdə olan rus monarxiyasına hücum etmişdir. Bu şəkildə Azərbaycan xalqına və siyasi həyatına ilk olaraq o zaman çar idarəsi tərəfindən işlədilməsi qadağan olunan Qərb sözlərini gətirmişdi: “konstitusiya, demokratiya, revolyusiya, despotizm, sivilizasiya, fanatizm, proqres, üsyan, politika, parlament, patriot və başqaları”.
Sonra Mirzə “Kəmalüddövlə məktubları”nda ərəblərin İranı bəzi yerdə qılınc gücüylə, bəzi yerdə aldadaraq işğal etdiklərini Firdovsinin “Şahnaməsi”ndən götürərək onun dili ilə anladır və bu vasitə ilə də İran və rus taxt-tacına lənətlər yağdırır. Firdovsidən nəql edərək deyir ki: “Bu ərəblər mal-dövlət üçün qan töküb iyrənc bir gələcək (istiqbal) xəritəsini hazırlayırlar. Yeni bir din gətirdiklərini bəhanə edərək öz faydaları üçün xalqa zərər verirlər. Ağ ipək üzərində çox qorxu verən və çox az ümid göstərən bir məktub yazdılar...” (Kəmalüddövlə məktubları. Bakı, 1924, səh. 13-14).
Insan bu sətirləri oxuduqda 1920-ci ildə Qızıl Ordunun Azərbaycanı işğal etdikləri günü xatırlayır. Sanki Mirzə Fətəli ölməmiş, o günləri görürmüş kimi bir ruhla yaşayır. Bundan da öyrənirik ki, ideologiyanı bəhanə edərək imperialist əməllərlə ölkələr istila etmək, xalqı talan etmək, milyonlarca insanları sürgünə göndərmək və öldürmək hadisələri tarixdə olan oxşar hərəkətlərin bir-birinə bənzəyən ortaq tərəfləri daha çoxdur. M.Fətəlinin 1870-ci illərdə yazdığı “Babilik əqidələri”, “Molla Əli Əkbərlə mübahisə”, “Jon Stüart milli azadlıq haqqında”, “Yek kəlimə haqqında” başlıqlı məqalələri siyasi və sosial görüşlərini əks etmək baxımından çox əhəmiyyətlidir. M.Fətəlinin yazılarında “azadlıq” sözünün məqsədi Azərbaycanın azadlığı və hürriyyətidir. Mirzə Fətəli və H.Zərdabinin o dövrdəki yazılarında, mübarizələrində Azərbaycan üçün istədikləri bunlardır: “Azad siyasi bir həyat, xalq demokratiyası, məhsul vasitələrinin inkişaf etdirilməsi, təbii sərvətlərdən xalqın rifahı üçün geniş surətdə fayda təmin edilməsi, susuz və yarıçöl olan torpaqların suvarılma halına gətirilərək torpaqsız kəndlilərə verilməsi, elm və texnikanın inkişaf etdirilməsi, yüksəldilməsi. Bütün bu nemətlərin xalq üçün əldə edilməsi tezisinin başında, onların ən öndəgələn ideoloji arzuları “feodal monarxiya” rejimini zorla devirmək istəyi vardır. Bu iş yerinə yetirilmədən o biri işlərin həyata keçməyəcəyini daha çox Mirzə Fətəli başa düşmüş və anlamışdır.
XIX əsrin ikinci yarısında Azərbaycanda sosial-siyasi fikirlərin inkişaf etməsində S.Ə.Şirvani, Həbib bəy Mahmudbəyli, R.Əfəndizadə, S.M.Qənizadənin və başqalarının əhəmiyyətli rolları olmuşdur. Bu maarifpərvər adamların bütün səyləri Azərbaycanın sosial-mədəni yüksəlişinə və azadlığına yönəlmişdi.
ƏDƏBİYYAT VƏ NƏŞRİYYAT
XIX əsrin ikinci yarısı Azərbaycan milləti üçün qurtuluş və azadlıq yolunu hazırlayan bir dövrdür. Bu dövrdə feodalizm münasibətləri artıq öz əhəmiyyətini itirir və onu kapitalizm münasibətləri əvəz edirdi. Beləliklə, cəmiyyətdə forma, estetik anlayış normaları da dəyişirdi. Ancaq Şərq poeziyasının klassik estetik normaları aradan silinib getməmişdi. Yeni ədəbiyyatın məktəbi realizm olduğu üçün demokratik və maarifçilik ideyaları ilə silahlanırdı. Bu dövrdə Azərbaycan ədəbiyyatının əsas məqsədi cəhalətlə mübarizə etmək, xalqı irəliyə doğru aparmaqdan ibarət idi. Ədəbiyyatın, ədəbiyyatçıların əsas qayələrindən biri də çar mütləqiyyət və istibdad idarəsinin zülm və haqsızlıqlarını xalqa başa salmaq, ona qarşı mümkün olan vasitələrlə mübarizə aparmağın yollarını göstərmək idi. Bu dövr Azərbaycan ədəbiyyatının xarakterik yönlərindən biri də xalq həyatından alınan mövzularla xalqın arasında yaşayan canlı dili başa düşüləcək şəkildə işləyərək ədəbiyyatı demokratikləşdirmək və bu yolla xalqın qəlbinə, ruhuna yol tapmaq, cəmiyyətə, vətəndaşlara mənliklərini tanıtmaq, onlara şəxsiyyət hissi aşılamaq olmuşdur.
Beləliklə, Azərbaycanda o dövrdə başlayan ədəbi hərəkatın pioneri M.F.Axundzadə olmuş, S.Ə.Şirvani, C.Məmmədquluzadə, N.Nərimanov, N.B.Vəzirli və başqaları onu izləmişlər. Bir tərəfdən köhnə, sxolastik anlayışla, geriliklə mübarizə aparmaq, digər tərəfdən xalqa mənliyini oxşayaraq vüqarlı bir insan ruhunu vermək o dövr ədəbiyyatının siyasi və sosial vəzifəsi olmuşdur. Bu gün bu mövzuları tədqiq etdikdə görürük ki, o dövrün ədəbiyyatçıları öz üzərlərinə düşən tarixi vəzifəni layiqincə yerinə yetirmişlər. O dövrdə Azərbaycan ədəbiyyat tarixində realist nəsr, satira, dramaturgiya, komediya, hekayə və başqa ədəbi tərzlər, janrlar çox güclü və şüurlu şəkildə inkişaf etmişdir. Azərbaycan xalqı XX əsrin əvvəllərində, 1905-ci il inqilabı illərində öz milli mənafelərini, azadlıqlarını şüurlu şəkildə müdafiə etmələri üçün o dövrün ədəbiyyatına, ədiblərinə şübhəsiz ki, borcludurlar. Ədəbiyyatçılar bu işdə öz vəzifələrini yerinə yetirə bilmişdilər.
Həmin dövrün realist ədəbiyyatçıları Azərbaycan xalqına yaxın olmaq, onun siyasi, sosial və iqtisadi məsələlərini onlara öz ana dillərində başa salmaq, onları cəmiyyət işlərində fəal olmağa, ədəbi dilin canlı xalq arasında danışılan dil olmasına böyük əhəmiyyət verirdilər. Onlar dil məsələsinə “Ana dili” adını vermişdilər və xalqın başa düşə biləcəyi terminləri işləyib hazırlayırdılar. Əsarətdə olan bir xalq üçün “milli dil” yaratmaq nə qədər çətin olsa da, ziyalılar bunun öhdəsindən gəlmiş, əsərlərini xalqın başa düşəcəyi tərzdə yazmağa nail olmuşlar. Ədəbi dil ilə xalq danışıq dili bir araya gətirilərək, məhəlli şivələrin estetik xüsusiyyətlərini pozmadan, çar rejiminin idarə sistemindən gələn terminlər, texniki terminlər, kapitalist və bank terminlərini, sözlərini öz əsərlərində işləyərək Azər xalqının başa düşəcəyi, anlaya biləcəyi dil yaratmışlar.
XIX əsrin 30-40-cı illərində Azərbaycanda yazılan əsərlərin çoxu fars dilində olduğu halda, XIX əsrin ikinci yarısında vətənpərvərlik duyğularının və millətçiliyin qüvvətlənməsi nəticəsində elmi, ədəbi əsərlərin çoxu azərtürk dilində yazılmışdır (Azərbaycan tarixi, səh. 396).
ESTETİK NƏSR
Bu dövrdə Azərbaycan nəsrini – roman və hekayəçiliyi S.Ə.Şirvani, H.Zərdabi, S.M.Qənizadə, C.Məmmədquluzadə, N.Nərimanov və başqaları təmsil edirdi. Şirvaninin hekayələri özünün kiçik həcmi, dilinin sadəliyi, həyatı real cizgilərlə təsvir etməsi və satirik ruhu ilə fərqlənir. “Məkr və Münkər” adlı hekayəsinin qəhrəmanı mərd, cəsur və ağıllı bir çobandır. Bu kiçik hekayədə yazar dinin fanatik təsirindən özünü qurtaran insanın canlı, qüvvətli və cəsarətli olmasını göstərir. Şirvani “Talıb xan” adlı hekayəsində igid, hazırcavab kəndlini yelbeyin xanlara qarşı qoyur. 1883-cü ildə ədib kiçik yaşlı uşaqlar üçün sadə dildə yazılan kiçik hekayələr və təmsillərdən ibarət bir kitab çap etdirir. “Şair və Tavanqer” hekayəsində bəzi şairləri, yüksək dövlət məmurlarını, zülmkar şahları və hökmdarlara yaltaqlıq edən ruhaniləri tənqid atəşinə tuturdu.
Əhəmiyyətlisi budur ki: “Azərbaycan maarifçilərinin Azərbaycan xalqını maarif və mədəniyyət yoluna gətirmək üçün sərf etdikləri cəhdlər, başqa millətlərdən təqlid yoluyla alınan və həyata keçirilən bir cəhd deyildi”. Bu hərəkat başqa tarixi şərtlər altında, doğma xalqın azadlıq hərəkatı ilə bağlı olaraq, öz milli və sosial kökündə yetişmiş, inkişaf etmiş hərtərəfli milli inkişaf və azadlıq hərəkatı idi. Azərbaycanın milli-azadlıq hərəkatında yuxarıda adlarını çəkdiyimiz şəxslər və XX əsrin əvvəllərində yazıb yaradanlar böyük əmək sərf etmişdilər.
Polşa inqilabçısı Simon Konarskinin gizli təşkilatının nümayəndələri Azərbaycanda sürgündə idi. Polşalı inqilabçılar Simon Konarskinin asıldığı dar ağacının kiçik parçalarını boyunlarından asaraq müqəddəs bir xatirə kimi saxlayırdılar. Polşalı azadlıqsevərlərin bir neçəsinin adını söyləmək istəyirik. Polşa ordusunun zabitlərindən qraf N.S.Vorstel (polkovnik), qraf St.Qarvitski, N.N.Kvartano, Polşanın ədib və şairlərindən Vladislav Strejelnitski, Lada Zablotski, ədəbiyyat tarixçisi Yulian Bartuşeviçiy, “Qafqazda ədəbiyyat” kitabında adları çəkilən şairlərdən Stanislav Vinitski, Yan Virbitski, Vikendi David və başqalarını göstərmək olar.
Abbasqulu Ağa Azərbaycanda yuxarıda adları qeyd olunan polşalı azadlıqsevərlərlə yanaşı çarın əmri ilə Petropavlovsk qalasında asılan, bir qismi Sibirə, bir qismi də Qafqaza sürgün olunan dekabristlərlə yaxından tanış idi. Dekabristlərdən V.K.Kuxelbeker Qafqaz general-qubernator idarəsində xarici işlər şöbəsində çalışırdı. Abbasqulu Ağa Kuxelbekerin köməkçisi vəzifəsində işləməklə yanaşı uzun illər Polşa inqilabçıları ilə dekabristlərlə yoldaşlıq etmişdir. Onlar arasında bu dostluq ildən-ilə möhkəmlənirdi. Və bunun sayəsində Abbasqulu Ağanın əsərləri polyak, rus dillərinə tərcümə olunaraq çap edildi. Onlar əsl mütərəqqi fikirli adamlar idi. Polyaklar istiqlaliyyətçi, dekabristlər isə liberal demokratlar idi. Abbasqulu Ağa da onların ideologiyaları, düşüncələri ilə maraqlanırdı. Ancaq Abbasqulu Ağa Azərbaycan xalqını onların tutduqları bu yolla apara bilməzdi. Çünki milləti bu yolla aparmaq üçün onu hazırlamaq lazım idi.
Abbasqulu Ağanın özü köhnə Bakı xanlarının sülaləsindəndir. Ikinci Mirzə Məhəmməd xanın böyük oğlu idi. Buna baxmayaraq o, azəri xalqı üçün böyük işlər görmüş, elmi əsərlər yazmış və Rus idarəsinə xalqının inkişafı üçün verdiyi cəsarətli təkliflər dərin və böyük məna kəsb edir.
1832-ci ildə Abbasqulu Ağa rus hökümətinə verdiyi layihədə belə yazırdı: “Maarifə doğru ilk addım məktəb açmaqdır. Mən həmvətənlərimin faydası üçün var gücümü bu işə sərf edirəm və öz nəzarətim altında məktəb açmaq haqqında fikir irəli sürməyə cəsarət edirəm!..” O, sözünə davam edərək deyir: “Asiyadan çox Avropaya üstünlük verən, indiyə kimi şüurlarda kök salmış cahil təsəvvürlərin təsiriylə bəzi asiyalıların düşündükləri kimi tale və təsadüf deyil – maarifdir. Artıq Avropa təhsili ilə tanış olmuş asiyalılar öz elmlərinin əskikliyini görür, məsləyi birgə yaşayış qaydaları haqqında lazımi qədər məlumata sahib olmadığı üçün, düşdükləri vəziyyətdən çıxış yolu tapa bilmir və öz həmvətənlərinin miskin vəziyyətinə böyük bir qüssə ilə baxırlar” (Dövlət tarix muzeyi, fond, baron Rozin, q. 41, ll, 221-e 6. Müsəlman məktəblərinin layihəsi Abbasqulu Ağa Bakıxanov tərəfindən tərtib olunmuşdur, 20 fevral 1832-ci il).
Layihədən görünür ki, Abbasqulu Ağa Qərb mədəniyyəti ilə tanışdır. Yeni dövrün renessans və islahat tarixini yazan professor Y.L.Qureviç “Orta əsrin axırlarında oyanış və antik mədəniyyətin forumu” adlı əsərində göstərir ki: “Maarifin müvəffəqiyyətli inkişafı Qərbi Avropa cəmiyyətlərinin həyatında “Dövlət ünsürü inkişafına çox gözəl təsir etmişdir. Dövlət, hüquq ünsürü inkişaf etmədən tez tərəqqi edə bilməz” (Xrestomatiya po novoy istorii. St.Peterburq, 1914-cü il, səh. 11, I cild).
Azərbaycanın ilk qabaqcıl renessansı öz xalqının vəziyyətini çox yaxşı müəyyən etmişdir. Hər şeydən əvvəl Azərbaycan xalqına maariflənmək lazım idi. Maarif, mədəniyyət və kültür cəbhəsində Azərbaycan xalqını Polşa xalqının səviyyəsinə yüksəltmək. Ancaq bundan sonra xalq problemlərini irəli sürəcək və o istəklər üçün polşalılar kimi canlarından keçəcəkdilər.
Rus işğalından sonra Azərbaycanda kiçik feodal xanlı üsulu ləğv edilmiş, əvəzində hərbi idarə yaradılmışdı. Dünən xanın rəiyyəti olan xalq, bu gün rus çarının təəbəsi olmuşdu. Abbasqulu Ağa da bu dövrün yazarıdır. Onun əsərinin qəhrəmanları əsasən xalq içindən çıxan tiplərdir. “Kitabi-Əsgəriyyə” əsərində Əsgərin sevgilisi sadə Azərtürk ləhcəsində ona xitab edir. Əsərin əsas mövzsusu bir-birini sevən iki gəncin azad olmaları və haqlarının tanınmalarından ibarətdir.
“Mişkatul-ənvar” adlı fars dilində yazılan əsəri poemadan ibarətdir. Bu poemanın farsca yazılmasının, tiplərin İran və Hindistan həyatından alınmasının səbəbi, çar rus rejiminin doğrudan-doğruya tənqid edilməsidir. Abbasqulu Ağanın bu əsərləri başdan-başa simvoldur. Yazar əsərindəki mövzuları həyatdan alır. Onun mövzusunu haqq, ədalət, hüquq, dövlət, zalım padşah və məzlum xalq təşkil edir. Abbasqulu Ağa xalq içindən çıxan tipləri şahlara qarşı-qarşıya qoyur. Şahın verdiyi ədalətsiz hökmü satirik şəkildə tənqid edir. “Xudpəsənd əmir və tənqidçi”, “Kəndlinin şaha şikayəti”, “Şahın taxtından əl çəkməsi” kimi poemalarında biz bunun bir daha şahidi oluruq. Bütün bu yazıların altında “demokratik” fikirlərin yatdığı gözdən qaçmır. Bir qadının dilindən söylənən bu sözlər çox əhəmiyyətlidir:
Şah qafil yaşasa xalqdan, dövlətdən
Zövq alsa ancaq o, eyş-işrətdən
Dövlətin əsası verilər yelə.
Abbasqulu Ağa “Hind nağılı” hekayəsində Hindistan padşahının vəzifələrini belə qeyd edir:
1 – Dövləti xalqın rəyinə uyğun olaraq idarə etməlidir.
2 – Dövlət başçısı ağıllı, ədalətli, vətənpərvər olmalıdır.
3 – Öz ölkəsini və xalqını sevməlidir. Cəmiyyətin səadəti üçün çalışmalıdır.
4 – Zülmə və haqsızlığa yol verməməlidir.
Bütün bunlardan anlaşılır ki, Abbasqulu Ağa Azərbaycana “dövlət, haqq, hüquq, ədalət” fikrini gətirənlərin birincisi olmuşdur. Yenə bütün bunlar, Azəri xalqının öz kökündə azadlıq, haqq, ədalət və istiqlal anlamlarının daha əvvəlcədən işlənmiş olduğunu göstərməkdədir (Azərbaycan ədəbiyyatı tarixi, II cild, Bakı, 1960 və H.Baykara. Azərbaycanda yeniləşmə hərəkətləri. Ankara, 1966).
MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN
SİYASİ VƏ DEMOKRATİK GÖRÜŞLƏRİ
Mirzə Fətəli Axundzadə əsərlərində dövlət mövzusunu, özünün yaşadığı dövründə, XIX əsrin ikinci yarısının gerçəkliklərinə uyğun, xüsusilə 1872-ci il martın 3-də yazdığı “Məktublarda”, xalqın ehtiyac və istəklərinə siyasi, iqtisadi, maliyyə, maarif, hüquq və başqa yönlərinə cavab verəcək şəkildə bir ideoloq kimi araşdırmışdır. XIX əsrin ortalarına təsadüf edən “Aldanmış kəvakib” adlı əsərində M.F.Axundzadə cəmiyyətdəki ədalətsizliklərin barışıq yolu ilə ortadan qalxmasına inanır. Azərbaycanın tarixi inkişafında 1850-1860-cı illər əhəmiyyətli rol oynamışdır. M.F.Axundzadənin doğma yurdunda feodalizm təsviyyə edilməkdədir 1863-cü ildə Zaqatala üsyanı, azadlıq hərəkatının genişlənməsi və güclənməsi, azəri cəmiyyətində yeni qabaqcıl ziyalıların yetişməsi Axundzadəyə çox təsir edir və bir reformator olaraq onun cəmiyyət haqqında görüşü tam bir inqilabi şəkil alır.
“Məktublar”da Axundzadə əvvəlcə “siyasi və iqtisadi” bərabərlik üzərində durur və yazır ki: “Tam anlamıyla azadlıq iki cürdür. Birincisi, dini azadlıqdır, ikincisi cismani azadlıqdır. Bizim dini azadlığımızı islam dininin rəhbərləri əlimizdən almış və bizi bütün dini işlərdə alçaq bir qul etmişlər... Cismani azadlığımızı isə, despot hökmdarlar əlimizdən almış, bizi... müxtəlif ağır yüklərin və təkliflərin hambalı etmişlər. Biz bu maddədə hələ də zalımların hüquqsuz qulu və zavallı bəndələri olub azadlıq nemətindən məhrumuq” (M.F.Axundzadə. Əsərləri. Bakı, 1951, II cild, səh. 3).
M.F.Axundzadə “Məktublar”da azəri xalqının imperialist bir xalq tərəfindən istismar edilməsini çox böyük cəsarətlə qəti şəkildə irəli sürür və deyir ki: “...Onlar nə üçün belə qorxusuz hərəkət edirlər? Onlar bizim canımızı, malımızı qoruyurlarmı? Yox. Onlar bizim sərhədimizi... düşməndən qoruyurlarmı? Yox. Onlar bizim üçün xəstəxanalar, məktəblər açmışlarmı? Yox. Onlar bizim ticarətimizə, qazancımıza bir xeyir vermişlərmi? Yox. Çox yaxşı. Onların vücudu nəyə lazımdır?” (Əsərləri, səh. 31). Buradan aydın olur ki, müqəssir rus çarı deyil, İran hökmdarıdır. İstər A.Ağa, istərsə də M.F.Axundzadə dahiyanə metod işlədərək İran və ya Hindistan hökmdarlarına xitab edərək senzuradan və rus çar istibdadının təqibindən özlərini qorumuş, beləliklə, əsərlərini çap etdirə bilmişlər. Yoxsa o dövrdə Rusiyada haqq, ədalət, hürriyyət varmı idi?..
“Ey İran xalqı, əgər sən azadlığın nəşəsini bilsən və insanlığın hüququndan xəbərdar olsaydın, belə zülmə və rəzalətə dözməzdin... Sən sayca və inanışda “despotdan” üstünsən. Sənə ancaq ürək birliyi və istiqamət birliyi lazımdır ki, inqilab edib itaətdən qurtulasan”) (Əsərləri. Səh. 32-33).
M.F.Axundzadənin bu inqilabçı çıxış və çağırışı ümumiləşdirildikdə görürük ki, eynilə Azərbaycan və imperialist Rusiya münasibətlərinə uyğundur. Ədib əsərlərinin bir çox yerində doğma yurdu olan Azərbaycanın, azəri xalqının öz haqqı və hüququ uğrunda mübarizə aparacaq, baş qaldıracaq səviyyədə olmadığına kədərlənir. Amma bununla belə bu çətin yolda addımlamaqdan və xalqını irəliyə doğru səsləməkdən çəkinmir.
O bu üzüntüsünü “Aldanmış kəvakib” adlı əsərində belə təhlil edir: “Xalq despot zülmünün təsirindən və məzhəbin çürük, boş inanışından qurtara bilmir, nəticədə başqa mədəni insanlardan elm və fəzilət yönündən geri qalmasını dərk edə bilmir”. Axundzadə bu üzüntülər içərisində yalnız öz Azəri xalqı üçün deyil, bir Şərq filosofu, ədibi kimi əzab çəkir: “Nə vaxta qədər Şərqdə istibdad üsulu, müstəmləkə təzyiqi hökm sürəcək...” (Əsərləri, səh. 38-39).
Çar II Aleksandr 1861-ci ildə rus kəndlilərini azad edəcək bir fərman verdi və kəndlilər üzərindən köləlik – təhkimçilik hüquqi baxımdan ləğv edildi. Ancaq rus mədəniyyətinin (?) Azərbaycana gətirdiyi bu köləlik hüququ hədiyyəsini (?) Azərbaycan kəndlilərinin üzərindən qaldırmadı. Axundzadəyə bu hadisə çox təsir etdi, o, qəzalara gedərək kəndlilərlə sıx əlaqə yaradır, onları istismarçılara qarşı mübarizəyə qaldırır və bu işdə onlara köməklik edirdi. O, Mirzə Yusif xana yazdığı məktubda (“Məktublar”) “70-ci illər fikirlərdə siyasi coşğunluğun ortaya çıxdığı bir zamandır” deyir və əlavə edərək yazırdı: “Zahiri itaətə baxmayaraq zülmə uğrayanların “zalimlərə” qarşı bəslədikləri kin və ədavət böyükdür”.
M.F.Axundzadə, A.A.Bakıxanov Azəri xalqı, Şərq ölkəsi üçün bir fikir rəhbəri, ideya xəzinəsidir. Bu fikirlərin yerini marksizm-leninizmin yalançı cənnət vədləri tutmuş və rus əsiri xalqlara istismarçılıq, köləlik, zülm və ölüm gətirmişdir.
Axundzadə yazırdı: “Padşah millətlə ittifaq etməlidir, millətlə ürək birliyi və fikir birliyi etməli, dövlət mülkünü ancaq öz malı kimi saymamalıdır. Özünü millətin vəkili hesab edərək xalqın iştirakı ilə qanun qoysun, “parlament” qursun və ölkəni qanuna görə idarə etsin, proqressiv olsun, sivilizasiya gətirsin...” (M.F.Axundzadə. Əsərləri. Bakı, 1924, səh. 30).
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA
SİYASİ HƏRƏKATLAR
XX əsrin əvvəllərində Azərbaycanda güclü və çoxsaylı ziyalı kadrı yetişmişdi. Amma Azərbaycanda müəyyən və proqramlı bir siyasi təşkilat yox idi. Azərbaycan ziyalıları ən çox maarif sahəsində çalışır və xalqın oxuyub, yaza bilməsinə xüsusi əhəmiyyət verirdilər. Bu ziyalılara müasir Azərbaycan tarixçiləri “maarifçilər” adını vermişlər. O dövrdə maarifçilər Azərbaycan xalqının maddi və mənəvi inkişaf yolunda mədəniyyətin oynayacağı böyük rolu aydın gördükləri üçün bu yolda yorulmadan çalışırdılar. Qeyd etmək lazımdır ki, onların əməkləri hədər getmirdi. Maarifçilər bütün bu işlərini çar rejiminin maneələri ilə mübarizə apararaq həyata keçirirdilər. Çox vaxt siyasi səbəblər üzündən maarifçilərin səyləri boşa çıxırdı. Bu vəziyyət Azərbaycan xalqının gələcəyi, azadlığı üçün çox təhlükəli və qorxulu idi. Bunu başa düşən ziyalılar xalqın maariflənməsinə daha çox çalışır, xalqın öz azadlığı uğrunda mübarizə aparacağı günü səbirsizliklə gözləyirdilər.
1901-ci ildə Bakıda ilk rus “sosial-demokrat” dərnəyi yaradılır. Bakı o dövrdə Qərb anlamında bir sənaye şəhəri idi. Burada neft emalı, balıqçılıq, ipəkçilik və başqa sahələrdə çoxlu fəhlə qüvvəsi çalışırdı. Sənayedə çalışan fəhlələrin bir qismi ruslardan ibarət idi. O dövrdə Peterburqdan Bakıya göndərilən rus sosial-demokratları və inqilabi hərəkatda iştirak etdikləri üçün Bakıya sürgün edilən ruslar, Tiflisin qeyri-leqal sosial-demokrat təşkilatından olan gürcülər Bakıda sosial-demokrat təşkilatını yaratdılar. Beləliklə, Bakıda 1901-ci ildə rus sosial-demokrat partiyasının Bakı komitəsi yaradılmış oldu.
Kapitalistlər tərəfindən istismar olunan fəhlələrin azadlığı uğrunda mübarizə aparan sosial-demokratlar onların böyük rəğbətini qazandılar. Bakı sənayesində çalışan fəhlələrin yarıdan çoxunu Cənubi Azərbaycandan gələn fəhlələr təşkil edirdi. Sosial-demokrat partiyası bu fəhlələri öz mübarizələrinə cəlb etməyə başladı və bu partiyanın nəzdində bir türk təşkilatı yaratmağı qərara aldı. O dövrdə azəri türklərindən bəziləri rus sosial-demokratları ilə birlikdə inqilabi hərəkatda yaxından iştirak edirdilər. Beləliklə, türklərin 1904-cü ildə “Hümmət” adlı sosialist partiyası yaradıldı. Bir müddət rus sosial-demokrat partiyasının nəzdində fəaliyyət göstərən bu partiya 1905-ci il inqilabından sonra yarımüstəqil partiya kimi fəaliyyət göstərməli oldu. 1917-ci il inqilabından sonra isə bu partiya müstəqil “Azərbaycan kommunist partiyası” adlandı.
Azərbaycan tarixində ikinci siyasi partiya 1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhalisinə qarşı törətdikləri qırğın zamanı Əhməd Ağayev tərəfindən yaradılan “Difai” partiyasıdır. Bu partiya yarandığı gündən Azəri xalqı üçün çox böyük işlər görmüşdür. Azərbaycanın siyasi tarixində bu partiyanın adı “Müdafiə təşkilatı” adını almışdı və məncə bu ad daha doğrudur. Türk və müsəlman xalqına ermənilər tərəfindən törədilən hücumlara qarşı özlərini müdafiə etməsi deməkdir.
Azərbaycanın siyasi tarixində yer alan üçüncü partiya 1906-cı il avqustun 16-dan 21-nə kimi Tatarıstanda, Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının üçüncü qurultayının qərarı ilə proqramı hazırlanan “Rusiya müsəlmanları ittifaqı” partiyasıdır.
Dördüncü siyasi partiya Azərbaycan tarixində 1911-ci ildə yaradılan “Türk adəmi mərkəziyyət (federalistlər) müsavat partiyası” olmuşdur. “Türk adəmi mərkəziyyət partiyası” Azəri xalqının azadlığı uğrunda mübarizə aparan yeganə partiya idi. Bütün partiyalardan və Azərbaycan tarixində oynadıqları rollardan yeri gəldikcə söz açmağa çalışacayıq. İndi isə 1904-cü ilin payızında Bakıda yaradılan “Hümmət” qrupundan söz açmaq istəyirik.
Osmanlı dövlətinin tarixində böyük rol oynayan “İttihad və Tərəqqi” partiyasının ilk özəyini təşkil edən “İttihadi Osmani cəmiyyəti” (1892) adı ilə yaradılan təşkilatın beş qurucusundan ikisi azərdir. Ohrili İbrahim Tema, harputlu Abdulla Cevdət, qafqazlı Rəşid, diyarbakırlı İshak Sükuti və bakılı Çəmənzadə Əli (sonradan məşhur olan Əli bəy Hüseynzadə) (Təhsin Dəmiray. Türkiyədə son 50 ildə daxili siyasət. İstanbul, 1955, səh. 4).
Bakıda “Hümmət” qrupun yaradılması haqqında Azərbaycanın siyasi tarixində verilən məlumatlar bir-birinə ziddir. Əvvəlcə Azərbaycan azadlıq mübarizəsində böyük əmək sərf edən və həyatının sonuna qədər bu mübarizədən əl çəkməyən Məmməd Əmin Rəsulzadəni dinləyək. 1954-cü ildə “Dünya” qəzetində “Stalinlə ihtilal” başlığı ilə xatirələrini dərc etdirən M.Ə.Rəsulzadə Bakıda (1903) rus sosial-demokrat partiyası daxilindəki bolşevik və menşevik axımından söz açaraq yazır: “...Müxtəlif millətlərin oxuduğu rus letseylərində və digər orta məktəblərdə azərtürk şagirdlərindən ibarət gizli bir dərnək vardı...” (“Dünya” qəzeti, 1954-cü il 23 may). Dərnəyin “Hümmət” adlı bir jurnalı vardı. Bolşeviklər və menşeviklər bizim dərnəyi ələ almaq istəyirdilər. Bolşevik fraksiyası Tiflisə nisbətən Bakıda daha qüvvətli idi. Bolşevik fraksiyasına Koba adlı birisinin rəhbərlik etdiyini eşitmişdim”. M.Ə.Rəsulzadə sonra yazır ki, “mən Koba ilə Balaxanıda bir fəhlənin evində tanış oldum”.
Əmin bəy o dövrdə bolşeviklərlə birgə çalışdığını gizli saxlayır və sözlərinə belə davam edir: “İnqilabi mühitdə, yəni bolşevik və menşevik mühitində “Təkamül” qəzetini mən təmsil edirdim. Bir toplantıda “Milli müxalifət” cərəyanının taktikasını bolşevik mövqeyindən üstün tutan bir ifadə işlətdim. Rus dilini zəif bilir, - deyə menşevik Vışinski məni tənqid etdi. Stalin isə məni müdafiə edərək dedi: “Yoldaş Vışinski, əgər sən türkcə danışsan, Rəsulzadədən yaxşımı danışacaqsan? Toplantıya Stalin rəhbərlik edirdi” (“Dünya” qəzeti, 1954-cü il 24 may). M.Ə.Rəsulzadə bu yazısında o dövrdə özünü Azərbaycanda olan milli müxalifətin, Bakıdakı bolşevik və menşeviklərə isə “Təkamül” qəzetinin nümayəndəsi kimi göstərir.
Əmin bəy “Hümmət” təşkilatını yaradır və bu təşkilatın eyni adlı qəzeti də nəşr olunur. Beləliklə, “Hümmət” təşkilatı bolşeviklərin azərtürk bölməsini təşkil edirdi. Əmin bəyin yazdığına görə, bu təşkilatı özü yaratmışdı.
Qeyd etdiyimiz kimi, bolşevik və menşeviklərə “Təkamül” qəzetinin nümayəndəsi olduğunu söyləyirdi, çünki bu qəzet tam mənasilə sosialist qəzeti idi. Sonradan Əmin bəy “Dünya” qəzetində dərc etdirdiyi “Stalinlə ihtilal” adlı xatirəsində bütün bu hadisələri qələmə alır.
Buradan aydın görünür ki, Əmin bəy heç bir zaman milli müxalifətin nümayəndəsi olmamışdır.
Biz belə bir iddia irəli sürərkən bu kitabı oxuyanlar M.Ə.Rəsulzadənin Azərbaycan azadlıq mübarizəsindəki səyləri, xidmətləri, oynadığı rolu inkar etmək istədiyimizi zənn etməsinlər. Ancaq elmi əsər hər şeydən əvvəl tərəfsiz və obyektiv olmalıdır. Bundan başqa, Azərbaycan azadlıq mübarizəsi tarixini gələcək nəsillərə olduğu kimi çatdırmaq və onları bu istiqamətdə başa salmaq lazımdır.
“Hümmət” təşkilatının yaradılması “Azərbaycan ədəbiyyatı tarixi” kitabında belə qeyd edilir: “1904-cü ilin payızında Bakı komitəsinin nəzdində sonradan təşkilat şəkli alan Azərbaycan sosial-demokrat “Hümmət” təşkilatı yarandı. “Hümmət” təşkilatında Stalin, N.Nərimanov, S.M.Əfəndiyev, M.Əzizbəyov, A.Caparidze və başqa bolşeviklər fəaliyyət göstərirdilər” (Azərbaycan ədəbiyyatı tarixi. II cild, səh. 359).
“Azərbaycan tarixi”ndə isə belə deyilir: “Qeyd etmək lazımdır ki, Bakı mədən fəhlələrinin böyük faizini türklər və iranlılar (Cənubi Azərbaycandan gələnlər) təşkil edirdilər. Müsəlmanlar arasında iş aparmaq məqsədilə Bakı komitəsi tərəfindən 1904-cü ildə “Hümmət” adlanan təşkilat yaradıldı”. “Azərbaycan tarixi” bundan sonra “Hümmət” təşkilatının yaradıcıları arasında Azərbaycanın siyasi tarixində məşhur olmayan adlar qeyd edir. N.Nərimanov ilə M.Əzizbəyovun sonralar, 1905-ci ildə bu təşkilata daxil olduqlarını yazır. Yuxarıda qeyd olunan “Azərbaycan ədəbiyyatı tarixi” 1960-cı ildə, “Azərbaycan tarixi” isə 1964-cü ildə nəşr edilmişdir. Bu kitabların heç biri M.Ə.Rəsulzadənin “Hümmət” təşkilatının yaradılmasında oynadığı başlıca roldan söz açmır.
Bütün dünya bilir ki, Sovet İttifaqında görkəmli şəxslərin xidmətləri saxtalaşdırılır. Həqiqət belədir ki, “Hümmət” təşkilatının yaradılmasında M.Ə.Rəsulzadə və Stalin əsas rol oynamışlar. M.Ə.Rəsulzadə 1905-ci il inqilabından sonra, 1909-cu ildə başlayan İran inqilabında da “Hümmət” təşkilatının fəal nümayəndəsi kimi iştirak edir. Bütün bu hadisələr M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki oynadığı rolu kölgədə qoya bilməz. Hələ “Hümmət” təşkilatı yaranmazdan əvvəl Əmin bəyin təşkilatın pullarını sərf edərək Stalini Bayıl həbsxanasından qaçırtmağa çalışması, milli müxalifət cəbhəsinə qarşı (Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağayev və başqaları ilə birlikdə) mübarizə aparması M.Ə.Rəsulzadənin 1911-ci ildə İstanbula gəlişindən sonra Azərbaycanın milli mübarizəsinə etdiyi xidmətləri heç cür inkar etmək olmaz.
Qeyd etmək lazımdır ki, “Hümmət” Azərbaycanda yaranan ilk türk siyasi təşkilatı olmuşdur.
MİLLƏT OLMA GERÇƏYİ
Orta və kiçik burjuaziya olan, sayı minə çatan toptançı və pərakəndəçi tacirlər Azərbaycanın bütün vilayət və qəzalarını əhatə etmişdi. Onlar Azərbaycanın idxalat və ixracatında mal toplamaq və satmaq yolunda çox əhəmiyyətli rol oynayırdılar. Bu tacirlər təkcə Azərbaycanda deyil, Tiflis və İrəvan ticarətində də önəmli yer tuturdular. Kənd təsərrüfatında çalışan varlı əkinçilər yetişmişdi və ölkəni kənd təsərrüfatında istehsalçı və yetişdirici kimi hörmətli yerləri vardı. Beləliklə, bu dövrdə Azərbaycanda sənaye və ticarət həyatı Qərb anlamında kapitalizm çığırına girmiş və olduqca irəliləmişdi. Azərbaycanda xanlıq dövründən qalma təkbaşına toplum münasibəti yerinə, xalqı və toplumun müxtəlif siniflərini bir-birinə bağlayan, birləşdirən ticarət və şəhər həyatı meydana gəlmiş, feodal rejimi əhvali-ruhiyyəsi ilə birlikdə ortadan yox olmuşdu.
Bakı-Batumi dəmir yolu, neft borusu xətti, dəmir yollarının keçdiyi ərazilərdə yerləşən ixracat və idxalat işlərində çox yer tutan vağzallardakı fabrik və emalatxanalar və Rusiyanın dərinliklərinə uzanan dəmir yolu Azərləri ticarət üçün Rusiyanın sənayeləşən mərkəzlərinə doğru apardığı kimi Qərbi Avropaya da çəkib aparırdı. Bu münasibətlər Azəri xalqının dünya görüşündə çox böyük rol oynayırdı. Azərbaycan burjuaziyası yüksəlməkdə və irəliləməkdə olan kapitalizm çağında ticarətdə rəqabətin öhdəsindən gəlməyi, yeni texnikaya yiyələnmək, yaradıcı potensiala malik olmaqla mümkün olacağını qismən şüurlu şəkildə, qismən də tarixin seyrinə ayaqlaşaraq dərk etməyə və anlamağa başlamışdı. Fəqət, Azərbaycan Rusiyanın müstəmləkəsi olduğu üçün çarlıq rejimi Azərbaycanın sənayesinin və ticarətinin inkişafına mane olmağa çalışmasına baxmayaraq azərbaycanlı kapitalistlər bir tərəfdən çarlıq rejiminin maneələrini aradan qaldırmağa, digər tərəfdən də kapitalist rəqabəti meydanında neft də daxil olmaqla sənayenin bütün sahələrində vətənində özünəlayiq yer tutmağa çalışırdı. Bir tərəfdən də Azərbaycan milli burjuaziyası yalnız xalqın ancaq sərvətilə var olmayacağını, milli mədəniyyətsiz sərvətini və ticarətini inkişaf etdirə bilməyəcəyini tarixin gedişindən mütəfəkkir və uzaqgörənlərin təsirilə anlamışdı. Millət və toplum həyatının milli mədəniyyətə və milli məktəbə, milli teatra və səhnəyə, mətbuata, xülasə, daha çox mənəvi və əxlaqi quruluşlara ehtiyacı olduğunu hiss etmiş və öyrənmişdi.
Bundan başqa, öz vətənindən, öz torpağından çıxan neft, metal, kənd təsərrüfatı məhsulları və başqa sərvətlərin özlərinə və xalqına aid olduğunu və bunları yabançı imperialist dövlətlərin, kapitalistlərin qarət etdiklərini görür və başa düşürdü. 1888-1890-cı illərdə çarlığın göstərdiyi təzyiqə baxmayaraq dərc olunan “Kəşkül” qəzetində belə bir yazı oxuyuruq: “İndi bizdə daha böyük sərmayə sahibi zadlar vardır, təcrübəli və hüşyar olanlarımız da az deyildir. Etiqad və etibar lillahül-hamd (Allaha şükür) meyanında bərqərardır ki, bu hal ilə belə məmləkətimizdən və məmləkətimizə qarışan hissələrdən bu gün hər millət kompaniyaları fayda təmin eyləməyə girişməkdə ikən, bizim sərmayədar olan tacirlərimizin kənardan tamaşa eyləyib bir-birindən ayrı-ayrı durmalarına təəssüf eyləməmək olmur. Diqqət buyurulsun...” (Azərbaycan tarixi. II cild, səh. 275).
Bu yazıda açıq deyilir ki, ruslar, ermənilər, qərbi avropalılar Azərbaycanın sərvətini soyub-talayır və istədikləri kimi xalqımızı, ölkəmizi qarət edirlər, biz də tamaşa edirik. Həmin yazıda Azərbaycanda ilk milliyyətçilik ruhunun doğduğunu görürük. Qərbi Avropada kapitalizm dövrü, milliyyətçilik siyasi cərəyanının doğulduğu dövrü sayılır. Avropada millətlərin siyasi və iqtisadi rəqabəti gömrük hududları milliyyətçilik siyasi fikir cərəyanı hərəkəti olaraq meydana gəlmişdir. Beləliklə, milli sərmayələrinə kənardan gələn sərmayə ilə rəqabətetmə imkanını təmin etmişdilər. Azərbaycanda isə çarlığın minbir badalaq vurmasına və maneələr yaratmasına baxmayaraq, tarixin seyri ilə çətin mübarizələrdə meydan gələn Azərbaycanın milli kapitalistləri də bu ticarət rəqabətində özlərinin və xalqının qarət olunduğunu və müstəmləkə şəklində idarə edildiklərini dərk edirdilər. Bax, bu idrak və şüur içərisində Azərbaycan yerli kapitalistinin himayəsində Azərbaycan mədəniyyəti, kültürü, mətbuatı, səhnəsi, ədəbiyyatı, texniki və başqa müasir cəmiyyətləri meydana gələcəkdi. Deməli, tarix özü buna şərait yaradırdı, yoxsa Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlış və əsassızdır. Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikir gətirib toplum həyatına yerləşdirə bilməz.
Köhnə Praqa universitetinin professorlarından olan S.Prokopoviç deyir ki: “kapitalizmin meydana çıxması və daxili gömrük maneələrinin ortadan çıxmasının ətrafında tranzit yollarının inkişaf etməsi, poçt, tək bir idarə rejimi, ticarət və sənaye hüququnun birləşdirilməsi, tək bir dil ehtiyacını gərəkli edir”... Bax, milliyyətçilik fikrinin doğuşu buradan gəlir.
Yeni doğan və bir-birinə dolaşdırılmış olan qarışıq kapitalist sənaye, ticarət və sosial həyat bütün anlamlarını və ehtiyaclarını ifadə edə biləcək tək bir dilin gərəkliyini hiss etdirmişdir. Çünki, şəhər və burjua həyatının başlaması ilə milli həyat da başlamışdır. Bu səbəbdən alman sosializminin atalarından Otto Bauer deyir ki: “Millətin inkişaf səviyyəsi, istehsal və mülkiyyətin tarixi tərzini göstərməkdədir” (Otto Bauer. Die Nationalituten frage und die Sozial demokratie. 1924-cü il, səh. 24, 125, 138). Oxucular bu müqayisəni çox səthi, marksizcə hesab edəcəklər. Marksizm ilə heç bir əlaqəsi olmayan və bu ittihamdan kənar olan Yohannet milliyyət məsələsində iqtisadiyyatın heç bir rolu olmadığını iddia edən Renana qarşı belə deyir: “Siyasi iqtisadiyyatı yaxşı oxuyub öyrənməyən və izah etməyən, xarici ticarət işlərində şəxsən iştirak etməyən şəxslərə milliyyət məsələsində söz söyləməyi qadağan etməlidir” (R.Yohannet. Le principe des nationalite. 1918-ci il, səh. 293; Prokopoviç, səh. 21-22).
Mövzunun əhəmiyyətini nəzərə alaraq milliyyətçilik və vətənpərvərlik haqqında bəzi filosof və siyasi xadimlərin fikirlərini bildirməyi lazım bilirəm. Bauer milliyyət məsələsinə belə bir sxem verir. Xalqların tarixi gələcək nəsillərə iki yol ilə təsir edər: 1. Yaşamaq qayğısı üçün aparılan mübadilənin içində inkişaf edən formalaşma nəticəsi müəyyən vücud xüsusiyyətlərini irsiyyət yolu ilə gələcək nəslə aşılamaqla. 2. Təşəkkül edən müəyyən mədəni ideal tərbiyə etmək, adət və hüquq yolu ilə cəmiyyət halında yaşayan gələcək nəslə verməklə. Beləliklə, bu hərəkətetdirici qüvvə bizdə tarixdir, bizdəki milliyyəti təyin edir, bizi bir millət olaraq bir-birimizə bağlayan doğmalığı təşkil edir. Millət, milli xarakterdə, fərdin milliyyətində özünü göstərir. Fərdin milliyyəti, cəmiyyətin tarixi keçmişi ilə bağlı bir cəhətdən başqa bir şey deyildir (Bauer, yuxarıda qeyd olunan əsər).
Renan milliyyəti belə tərif edir: “Zəngin tarixi xatirələrin irsiyyət yolu ilə əldə edilməsi birinci ünsürdür, digəri birlikdə yaşamaq arzusu ilə atalardan ümumi şəkildə alınanları birlikdə idarə edərək birlikdə yaşamaq iradəsidir. Millətdə atalara sitayiş arzusu bütün ibadətlərdən üstün mövzudur. Atalar bizləri, bizlər hal-hazırda necə variqsa elə yaratdılar. Qəhrəmanlıqlarla dolu keçmiş, böyük adamlar və yaratdıqları şan və şərəf, beləliklə milliyyət idealının əsasını təşkil edən sosial kapital. Keçmişin şanlı hərəkətlərini duyarlıqda birlik olmaq, bu hərəkətlərdə gələcəkdə də birlikdə iştirak arzusu və hal-hazırda yaşamaq üçün ümumi iradə, beləliklə xalqın yaşamasına uyğun şərait. Açlıqca görünür ki, bir topluluq olaraq yaşamağa davam etmək arzusu öz ifadəsini millətin varlığını davam etdirməkdə özündən davamlı bir plebisit mənzərəsi göstərməkdədir” (E.Renan. Qu est ce guanne nation? 1882, səh. 26-27).
Lenin millətçi vətənpərvərliyi belə anladır: “Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir” (V.İ.Lenin. Əsərləri. 4-cü nəşri. 28-ci cild, səh. 186). Təkamülçü marksist Bauer, idealist Renan, bitərəf, elm adamı, filosof Yoanne və nəhayət, ifrat solçu marksist Lenin, bunlar hamısı millət gerçəkliyi üzərində diqqəti heyrət ediləcək dərəcədə ittifaq edir və vətənpərvərlik gerçəyini ard-arda, başqa sözlərlə fəqət, eyni anlam daşıyacaq şəkildə ifadə edirlər. Demək, etnik toplumun atalardan qalma maddi və mənəvi mirası, vətənpərvərlik duyğusunu meydana gətirir. Millətin varlığında etnik xüsusiyyətin başda gəldiyini söyləyən bu iki filosof (Renan və Yoanne) və iki – həm filosof, həm də siyasi xadim (Bauer, Lenin) millət gerçəyini bir həqiqət olaraq qəbul etdikdən sonra öz fəlsəfələrinə görə, nəticəyə varmada bir-birlərindən ayrılırlar. Xüsusilə sosialist Bauer ilə kommunist Lenin bu millət gerçəkliyinin yerinə marksist nəzəriyyəsinə görə proletar qardaşlığı fikri fəlsəfəsini yerləşdirməyə çaşılırlar. Onlar deyirlər ki, sinfi mübarizədə siniflərin toplum içində bir-birlərinə olan mənfəət bağlılığı milliyyət bağlılığından üstün sosial bir əlaqə yaradır. Leninin rus inqilabı təcrübəsi, Maonun Çin inqilabı və nəhayət, Yuqoslaviya, Çexoslovakiya, Albaniya, Rumıniya hadisələri marksizmin proletar qardaşlığı nəzəriyyəsinin tamamilə iflas etdiyini və rus kommunist inqilabının rus millətini tarixdə misli görünməmiş rus şovinizminə, rus imperializminə apardığını və Çin kommunist inqilabının da Çini öz geopolitik vəziyyəti istiqamətində imperializmə apardığı artıq izah və açıqlamağa lüzum olmadığı qədər aşkardır. İstər rus, istərsə də rusların əsarəti altında yaşayan millətlərin kommunist ideologiyasına olan inamları sarsılmış və iflasa uğramışdır. Dünya cəmiyyətinin fikri qarşısında da vəziyyət belədir. Dünyada kommunist cənnəti yaradacağını vəd edən Leninin məfkurəsi necə ki, rusların imperialist əməllərinə xidmət edən və millətləri qarət edən vasitə olmuşdusa, vaxtilə o biri dünyada (axirətdə) insanlara cənnət vəd edən həzrəti Məhəmmədin İslam dini də Əməvilər və Abbasilər zamanında eyni şəkildə ərəblərin imperialist əməllərinə və millətləri qarət etməsinə yaramışdı.
Gördüyümüz kimi, millət anlamı hər şeydən öncə etnik xalq toplumunun varlığını ifadə etməkdədir. Azərbaycanda bu etnik xalq toplumu varlığı türk olaraq mövcuddur və keçmişi də tarixin ən qədim dövrlərinə, bir neçə min illərə qədər uzanmaqdadır.
Vəziyyət belə olduğu halda dövlətlər hüququ yönündən bir dövlətin necə meydana gəlməsi məsələsini araşdıraq. Bu məsələdə dövlətlər hüququnun dünya avtoritetləri başqa-başqa kəlmələrlə həmin eyni şeyi söyləyir. Köhnə Berlin universiteti professoru fransız Fon List yeni bir dövlətin meydana gəlməsi üçün üç ünsürün varlığı lazımdır deyir. 1 – xalq; 2 – torpaq parçası, ərazi; 3 – dövlət hakimiyyəti. Dövlətin meydana gəlməsi (haqqında söhbət açılan) torpaq parçası üzərində yaşayan vətəndaşların iradəsinə bağlıdır. Əsla və qətiyyən kənar iradəyə yox (Dövlətlər hüququ. Riqa, 1932-ci il, səh. 64).
Çar Rusiyasının dünyada tanınmış hüquqşünası F.Martens bütün dünya dillərinə çevrilmiş ikicildlik “Dövlətlər hüququ” əsərində deyir ki: “Müəyyən ərazi üzərində öz hüquqları və mənfəətləri bərabər olan və bir hakimiyyət altında birləşən insanlar ittifaqı, dövlətlər hüququ anlamında dövlətdir” (F.Martens. Mədəni xalqların çağdaş Dövlətlər hüququ. Sankt-Peterburq, 1887-ci il, 1 cild, səh. 233).
Martens sabiq Roma hüquqşünası və natiq Siseronun dövlət fikrini eynilə təsvir edir. Siseron deyir ki: Respublica est coctus sultitudinis juris consensu et utilitatis communion sociatus” (Dierepullica lid. 1, səh. 25) – “Dövlət, xalq topluluğunun qarşılıqlı iradə və faydalarla bir-birinə olan bağlılığından və birliyindən doğan yüksək cəmiyyətdir” (D.D.Qrim. Doqma Rimskoqo prava. Peterburq, 1898-ci il).
Yuxarıda millət anlamı haqqında daha çox sosialist mütəfəkkirin fikirlərinə yer verdik. Dövlətin məlum olmayan cəhətlərini ən səlahiyyətli və böyük hüquqşünaslardan öyrəndik. Yenə də bu müqayisələrlə Azəri xalqını araşdırmağa başlayaq. Bütün bu araşdırmalardan da anlaşılır ki, millətin öz varlığını dərk edə bilməsi üçün iqtisadi varlığın müəyyən səviyyəsinə çatması lazımdır. Millətin etnik birliyə və kökə əsaslanması lazımdır. Bu surətlə millət fərdləri arasında tarix birliyi, dil birliyi, ideya birliyi, mədəni və mənfəət birliyi kimi ünsürlər mövcud olmalıdır. Beləliklə, milləti təşkil edən xalqın vətəndaşları arasında bir-birlərinə bağlılıq və keçmiş, yüz illərdən əvvəl yaşamış ulularından və atalarından onlara qalan iftixaredici və kədərləndirici xatirələr ümumi anlayış yaratmaqdadır.
AZƏR XALQININ BİR MİLLƏT OLARAQ
MEYDANA ÇIXMASI
Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən öncə etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni bir toplum olaraq sosial həyat sürməsi lazımdır. Əsrlər boyu Azərtürk xalqı cənubda Qızıl Özən çayı, şimalda Qafqaz sıra dağları, şərqdə Xəzər dənizi sahilləri, qərbdən də Gürcüstan, Ermənistan sərhədlərinə qədər uzanan və səhasi təxminən 250.000 km2 olan Azər xalqı bəzən müstəqil dövlət halında, bəzən də əsarət altında yaşamışdır. Tarixin böyük bir amansızlığına düçar olan Azər xalqı imperialist və istismarçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, Şimali Azərbaycan rus imperiyasına, Cənubi Azərbaycan isə İran dövlətinin tərkibinə daxil olmuşdur. Iki əsrdən bəri parçalanmış xalqa qarşı aparılan ruslaşdırma, farslaşdırma siyasətinə baxmayaraq Azər xalqının etnik quruluşunda əsaslı dəyişiklik olmamışdır. Əgər vəziyyət uzun müddət belə davam edərsə yox olmaq təhlükəsi meydana çıxa bilər. İkiyə bölünmüş Azər xalqı məcburiyyət qarşısında qalaraq bir-birinə bənzənəyən inkişaf yolları keçməyə məcbur olmuşdur. Bu dövlətlər tərəfindən istismar olunan Azər xalqı nə dilini, nə dinini, nə adətini, nə də mədəniyyətini itirmişdir. Qafqazdakı Azər xalqının XIX əsrdə müasir bir millət kimi formalaşmasında Qərb üsulu ilə inkişaf edən sənayenin və ticarətin böyük rolu olmuşdur.
Xanlıqlar dövründə iqtisadi quruluş çox zəif idi. XIX əsrin ikinci yarısında Azərbaycanda ticarətin, kapitalizmin inkişafı köhnə feodal sosial və iqtisadi münasibətləri kökündən dəyişmişdir. Beləliklə, şəhərlərdə, vilayətlərdə ticarət və mal mübadiləsi etmək imkanına malik olan Azərlər bir-birinə daha da yaxınlaşdı. Onlar böyük şair Füzulinin, Molla Pənah Vaqifin ədəbi azəri ləhcəsində anlaşılan dili ilə bir-birlərini qarşılıqlı olaraq anladılar; yeni meydana gələn sənayenin və ticarətin ehtiyaclarını ifadə edəcək ədəbi dilin yaradılmasını təmin edəcək müəssisələr qurdular, şəxsiyyətlər yetişdirdilər. Bu cəmiyyətlər, şəxsiyyətlər ticarət və sənaye həyatının ehtiyaclarını ifadə edəcək şəkildə azərtürk ədəbi dilini formalaşdırır və yeni həyatın milliyyətcə bir xalq halında öz kökünə qayıtmasına kömək edirdi. Azərtürk ədəbi dili Azər xalqının bir-birini yaxşı başa düşəcəyi şəkildə inkişaf edirdi. Az miqdarda da olsa nəşr olunan kitab, jurnal və qəzetlərdə ədəbi dilin əsasını xalq dili təmsil etdiyi üçün yeni doğan maarif, mədəniyyət axımının təməlində demokratik ünsür, mahiyyət vardır və xalq üçün, xalq ilə birlikdə prinsipi öz-özündən irəliləyirdi.
Bakı başda olmaqla, Azərbaycanda şəhərlərin böyüməsi, şəhərlərdə Azərlərin toplu halda ticarət və sənaye həyatında iştirak etməsi, xalqın bir-birilə çox sıx sosial və mədəni münasibətlərdə olması, azəri ədəbi dilinin təşəkkülündə əhəmiyyətli bir rol oynamışdır. Yeni ehtiyacları qarşılayan azərtürk ədəbi ləhcəsində Azərbaycanın vilayət və qəzalarında yaşayan xalqın ləhcələri arasında olan, ən gözəl anlamları, incə xüsusiyyətləri ifadə edən sözlər, cümlələr xalqın danışdığı dilə qarışır, azəri ədəbi dili zənginləşir, tamamlanır, Azərlərin malı olur və xalq arasında olan dil birliyi bu xarakterdə vücuda gəlir.
“Millət” anlamını M.F.Axundzadə işləmiş, H.Zərdabi isə bu axımı 1875-ci ildə davam etdirmişdir. 1880-ci ildə nəşr olunmağa başlayan “Kəşkül” qəzeti bu ənənəyə sadiq qalaraq “türk milləti” sözlərini işlətmişdir. Ünsüzadə qardaşları tərəfindən nəşr olunan “Ziya” adlı qəzetdə “millət”, “istibdad”, “haqq” sözlərinə tez-tez rast gəlmək olurdu. Bu dövrdə Azərbaycanda bu qəzetlərdən başqa mətbuat orqanı yox idi, çünki rus çar idarəsi qəzet və jurnalların çap olunmasına icazə vermirdi. Azərtürk ləhcəsini yalnız xalq özü qoruyub saxlaya bilərdi. Kapitalist sənayesinin, ticarətin, kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq yeni terminlər meydana çıxırdı. Bu terminlər Avropadan alınma sözlərlə, bəzən də azəri sözləri ilə əvəz olunurdu. Azərbaycanın digər vilayətlərində də xalq arasında danışılan canlı danışıq dilində bəzi ehtiyacları ödəyən sözlər, terminlər yaradılırdı.
Əslində Azər xalqı bu doğma torpaqlarında var olduqları gündən ana dili olaraq azərtürk ləhcəsində danışırdı və yeni çağda da azəri xalqının bir millət kimi formalaşmasında azəri ləhcəsi çox önəmli rol oynayırdı. Hər millətdə kapitalizm sənayesi, maliyyə, ticarət və kənd təsərrüfatının mexanikləşdirilməsi zamanı yeni terminlərin işlədilməsi bir problem olmuşdur. Azərbaycanda olan çar rejimi buna mane olsa da xalqın yüksək zəkası bu işin öhdəsindən bacarıqla gəlmişdir. O dövrdə Azərbaycan maarifçiləri mətbuatdan, nəşriyyatdan məhrum idilər. Səməd bəy Mehmandarovun 1890-cı ildə qəzet çıxartmaq istəyi rədd edildiyi kimi, M.Şəhtaxtının “Tiflis”, N.Nərimanovun “Təzə xəbərlər”, “Məktəb” adlı qəzet və jurnalın dərc olunmasında da izn verilməmişdi. XIX əsrin sonlarında M.T.Sidqi və S.M.Qənizadənin qəzet çıxartmaq təşəbbüsləri də bir nəticə verməmişdi.
Belə bir ağır zamanda, azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdır. Çünki, miladdan öncə min illərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası – “Vətən” vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinə düşən “millət” rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım idi. Etnik birliyə malik azərtürk xalqı vardı, neçə əsrlərdən bəri coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi vardı, xalqda müstəqilliyə, azadlığa qovuşmaq şüuru vardı, yalnız siyasi hakimiyyət, azadlıq yoxdu. Lakin nəyin bahasına olursa-olsun, bütün bunları əldə etmək lazımdı...
AZƏRBAYCAN TARİXİNDƏ QAÇAQ HƏRƏKATI
İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir.
Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. Azər xalqı öz gördükləri işlərlə igidlik və yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, tərifləmiş və qorumuşdur. Çünki qaçaqlar Azərbaycanın zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Qaçaqların bəziləri dağlarda, bəziləri kəndlərdə, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar.
XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan Gəncədə Dəli Alı, Qəmbər, Qarabağda Süleyman, Murtuza, Şuşada Məmməd bəy Kavaler, Zaqatalada Yusif, Zəngəzurda Nəbi, Nuxada Qutqaşenli Kərim Əfəndi oğlunu və başqalarını misal göstərə bilərik.
Biz bu əsərimizdə zəngəzurlu Qaçaq Nəbidən, gəncəli Dəli Alıdan və şuşalı Məmməd bəy Kavalerdən danışmaq istəyirik. Çünki, onlar Azərbaycanda çar zamanında rusların istibdadına qarşı aparılan qaçaqçılıq hərəkatının rəhbərlərindən olmuşlar.
Qaçaqçılıq hərəkatı XIX əsrin ikinci yarısında çar idarəsini qorxuya salacaq dərəcədə artmışdı. 1882, 1885 və 1890-cı illərdən sonra da bu hərəkat davam etmişdi. O illərdə Qubaya gələn Qafqaz hərbi qüvvələrinin komandanı və mülki idarənin xüsusi müfəttişi general Dondulov-Korsakov qaçaqlara qarşı mübarizə aparmaq üçün yerli idarə rəislərinə geniş səlahiyyət verməklə yanaşı, hərbi qüvvələrin də onlara yardım etməsini əmr etmişdi.
Peterburqda nəşr olunan “Narodnaya Volya” qəzeti 1885-ci ildə dövlət məmurlarını, mülk sahibi bəyləri qorxuya salan qaçaqlardan söz açaraq, Qafqazda “Qaçaq Kərəmin məmurları və bəyləri pərişan etdiyindən...” uzun-uzadı şikayət edirdi. 1888-ci ildə aralarında olan bir qaçağı qaçırtmaq üçün üsyan edən Quba həbsxanasının dustaqları qapıları sındırıb gözətçilər ilə vuruşaraq istədiklərinə nail oldular. Bu savaşda rus əsgərlərindən ikisi ölmüş, üçü də ağır yaralanmışdı.
Xülasə, rus çar idarəsinin heç bir tədbiri Azərbaycandakı qaçaqçılıq hərəkatının qarşısını ala bilmirdi (Azərbaycan tarixi, II cild, səh. 9; Qasımov. Qafqazda qaçaqlara qarşı mübarizə).
XIX əsrin axırlarındakı Azərbaycan qaçaqlarından üçünü əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi Gəncə vilayəti, Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı) anadan olmuşdu. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı. Günlərin birində 16 yaşlı Nəbinin atasını bəy döyür. Bunu görən Nəbi bəyin üzərinə atılaraq onunla savaşır. Bəyin şikayətinə əsasən Nəbi həbs olunur. O, həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak edir.
Nəbi həbsxanadan qaçdıqdan sonra çar idarəsinin Azərbaycandakı əlaltıları olan mülkiyyət sahibi xan və bəylərin zülmündən cana gələn kəndlilərdən əli silah tutan bir hissəsi onun ətrafına toplanır. Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. Nəbinin müasirləri də Azərbaycanın başqa vilayətlərində qaçaqlıq hərəkatını davam etdirirdilər. Istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. 1894-cü il iyulun 20-də Nəbinin qardaşı Mehdi Gürcivan kəndində çar cəsusları tərəfindən öldürülür. Bu hadisədən sonra Nəbi Gürcivan kəndinə gələrək kazaklarla döyüşə girir, rus çar idarəsində xidmət edən ağaları öldürür və Arazı adlayaraq İrana keçir. Arvadı Həcər xanım Çiçəkli kəndində qalır. Rus idarəsinin cəsusları Həcərin Çiçəkli kəndində olduğunu xəbər tuturlar və Həcər bacısı Mehri ilə birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir. Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur (Həcərin dilindən söylənmişdir).
Qazamat istidi yata bilmirəm
Ayaqda qandallar qaça bilmirəm,
Açar urusdadır aça bilmirəm
Mənim bu günümdə gələsən Nəbi,
Qazamat dalını dələsən Nəbi.
Beləliklə Nəbi xalq qəhrəmanı oldu və xalq aşıqları onun haqqında dastanlar yaratdılar. Aşağıda bu dastanın bir neçə parçasını misal olaraq veririk:
Qazamat dalında gizləndim yatdım
Qoburnat gələndə sıçradım qalxdım
Aynalı tüfəngi doldurdum, atdım
Qoy mənə desinlər ay qacaq Nəbi,
Arvadı özündən ay Qoçaq Nəbi...
* * *
Nəbinin atlısı əllidir, beşdi,
Qırx gözəl içində Həcəri seçdi,
Güllələr urusun böyrünü deşdi,
Qoy mənə desinlər ay qacaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi...
Nəbi günlərin birində dəstəsilə mühasirəyə düşür. Buna baxmayaraq o, yoldaşlarını döyüşə cəsarətləndirir, mühasirəni yararaq qurtulurlar. Nəbi mindiyi məşhur boz atına belə deyir:
Boz at səni sər tövlədə bağlaram
Əgər məni bu davadan qurtarsan
Ayağına qızıl, gümüş nallaram
Qoy mənə desinlər ay qacaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi...
Bu dastanın əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən ibarətdir. Dastanda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir.
1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir.
Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı.
Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır.
Tarixçilər yazırlar ki, XIX əsrdə partizan müharibəsinin əsasını qoyan Qafqaz müsəlmanları olmuşlar. Buna misal olaraq İmam Şamilin partizan hərəkatını göstərmək olar. Müəyyən bir kənd və qəsəbədə rus əsgərləri ilə döyüşə girən qaçaqlar bir müddət vuruşduqdan sonra yenə həmin ərazidə gizlənirdilər. Bu partizan hərəkatında ən çox işlədilən taktika idi. Azərbaycan qaçaqçılıq tarixində çox maraqlı bir hadisəyə rast gəlirik ki, o üsul, bizim dövrdə çox mənimsənilən üsullardandır. 1870-ci ilin axırlarında Qazax qəzasında Quşçu kəndinin ağaları İsgəndərbəyovların zülmünə qarşı kəndlilər öz etirazlarını bildirdilər. Bəylərə yardıma gələn rus kazakları üsyanı qanlı bir şəkildə yatırtdılar. Kəndlilər Tiflisdə yaşayan çar naibinə şikayət etmək üçün nümayəndə göndərmək istədilər. Rus məmurları və bəylər onların Tiflisə getmələrinə mane oldular. Onların arasından Mürsəlqulu adlı bir kəndli gecə qaçaraq Tiflisə və oradan da çar naibinin yaşadığı Qaçoridəki villasına gəlib çıxa bildi. Amma o, çar naibini heç yerdə tapa bilmədi. Hətta o, çar vəkilinin sarayına belə buraxılmadı. Buna görə Mürsəlqulu bir çarə düşündü. Paltarını neftlə islatdı. Çar vəkilinin sarayına yaxın bir yerdə gözlədi. Çar vəkili sarayından çıxıb arabasına mindiyi zaman Mürsəlqulu əynindəki paltara od vurdu. Bu vəziyyəti görən camaat köməyə gələrək Mürsəlqulunun yanan paltarını söndürdülər. Bunu görən çar vəkili onu yanına çağırır və nə üçün özünü yandırdığını soruşur. Mürsəlqulu Qazax qəzasının Quşçu kəndindəki çar məmurlarının zülmündən kəndlilərin təngə gəldiklərini, ölümə razı olduqlarını söyləyir. Beləliklə, Quşçu kəndinin camaatı ağaların zülmündən qurtulmuş olur. Bu hadisə Azərbaycanın bir çox yerlərinə yayıldıqdan sonra kəndlilər ağa və bəylərə qarşı üsyana qalxırlar (Azərbaycan tarixi. II cild, səh. 206-207; Qasımov. Qafqazda qaçaqlara qarşı mübarizə, səh. 18; Əhməd Cəfər oğlu. Azəri ədəbiyyatında azadlıq mübarizəsi. İstanbul, 1932-ci il, səh. 19-33).
Çar Rusiyasının təhkimçi-köləlik rejimi 1841-ci ildə senator Tanın layihəsinə əsasən Azərbaycanda tətbiq olunur. 1846-cı ildə xan, bəy və ağalara kəndliləri mühakimə etmək, onlara qarşı polis idarəsindən istifadə etmək kimi hüquqlar verilir. Bu səbəbdən Azərbaycanda kəndli üsyanları, qaçaqçılıq hərəkatı daha da geniş vüsət alır (Qasımovun eyni adlı əsəri, səh. 16-17).
Buradan aydın görünür ki, başqa xalqların tarixində olduğu kimi, Azər xalqının tarixində də haqq-ədalət, müstəqillik, azadlıq, əsarətdən qurtulma mübarizəsi ağır şəraitdə olsa da davam etmiş və edəcəkdir...
Bizim dövrümüzdə Vyetnamda imperialist təcavüzünə qarşı protest olaraq mistik buddist rahibləri özlərini yandırmışlar. Bundan başqa Çexoslovakiyada da gənc, cəsur Yan Palahın özünü yandırmasına səbəb, rus kommunistlərinin ölkədə çexlərə qarşı törətdikləri qanlı qırğın olmuşdur. Bu, Azər xalqı üçün yeni şey deyildir.
QAÇAQ DƏLİ ALI
Onu görənlərdən və tanıyanlardan eşitdiyimə görə Dəli Alı 1898-ci ildə, 22 yaşında əlinə silah alaraq dağlara çəkilmişdir. Ancaq onun qaçaqçılıq etməsinin əsl səbəbi bizə məlum deyildir. Gəzdiyi və gizləndiyi ərazilərdə kəndlilərin himayəsinə sığınmış, özünü onlara sevdirmiş və bunun üçün də dağlarda, ormanlarda sığınacaq aramamışdır. Rus əsgərləri ilə vuruşduğu zaman dağlar, ormanlar Dəli Alının məskəni olmuşdur. Dəli Alı qaçaqçılığa başladığı 1898-ci ildən 1913-cü ilə qədər rus strajnikləri və kazakları ilə dəfələrlə qanlı döyüşlərə girmişdir.
Gəncənin Qarasuçu kəndindən olan Dəli Alı ucaboylu, enlikürəkli, kəskin baxışlı, cəld, yaraşıqlı və hazırcavab bir gənc imiş. Başqa qaçaqlar kimi onun da davası kənd camaatını rus çar rejimindən və çarizmin Azərbaycandakı nökərləri olan xanların, bəylərin, ağaların zülmündən və köləliyindən qurtarmaq olmuşdur. Dəli Alı rus-yapon müharibəsində rusların məğlub olmasından böyük ümidlər gözləsə də buna siyasi yöndən qiymət verə bilməmişdir. O, hətta 1905-ci il rus inqilabı illərində də dağlardan enməmişdir, başına topladığı cəsur və döyüşkən yoldaşlarını nizamlı şəkildə kəndlərdə gizlədə bilmişdir. Beləliklə, Dəli Alının bu tədbirli hərəkəti Gəncədə azərtürklərə qarşı ermənilərin törətdikləri qırğın vaxtı çox yararlı olmuş və Gəncə əhalisini erməni qırğınından qurtarmışdır.
Qafqazda olan çarın yüksək rütbəli məmurları erməniləri sılahlandıraraq azərtürklərə qarşı hücuma təhrik etdilər. Ermənilərin törətdikləri vəhşilikləri görən Dəli Alı başına topladığı dəstəsi ilə Gəncənin böyük erməni kəndləri olan Bayan, Çardaqlı və başqa bir neçə kəndi işğal etdi. Qadınlara, uşaqlara və qocalara toxunmadan, əli silah tutan ermənilərə törətdikləri vəhşiliklərin cavabını verdi. Ermənilərlə, azərtürklərin tanınmış adamları çar tərəfindən törədilən bu qırğının qarşısını almaq üçün danışıqlar apardılar və razılıq əldə edildi. Dəli Alı da dəstəsi ilə dağlara, ormanlara çəkilərək öz ərazisində hökmranlığına başladı. Bu arada Dəli Alının rus jandarm və kazakları ilə dəfələrcə döyüşə girdiyini və bu döyüşlərdən igidliklə, yüzə yaxın rus əsgər və jandarmının öldürdüyünü təfsilatı ilə anlatmağa ehtiyac yoxdur.
Romanov sülaləsinin üç yüz illiyi münasibətilə çar höküməti amnistiya haqda fərman hazırlayırdı. Bu zaman Peterburqdan knyaz Qalitsin Gəncəyə gəldi. Gəncə qubernatorunun vasitəçiliyilə Gəncəyə yaxın bir yerdə Qalitsin ilə Dəli Alı arasında başlayan danışıqlar qarşılıqlı anlaşma ilə nəticələndi. Ümumi amnistiyada Dəli Alının bağışlandığı elan olundu. Bundan sonra Dəli Alı Peterburqa, çar ailəsinin üç yüz illiyi münasibətilə keçirilən məclisə dəvət edildi (“Azərbaycan yurd bilgisi”, № 23, İstanbul, 1933-cü il; “Azərbaycan” jurnalı, № 7, 8, 9, 1961-ci il).
Dəli Alı dastanından parçalar:
Dəli Alı bir sədd açıb – Şah Abbas dövranı kimi
Yanında yoldaşları var – Azərbaycan xanı kimi
Zeynalabdin bəy bəzənib – Misrin sultanı kimi
Hər yana kağız dağılıb – Süleyman fərmanı kimi.
Aslan da şimşək kimi – girəndə meydan içinə
Səyrişir badronları – batır al qan içinə
Zərrəcə qorxusu olmaz – düşsə yüz düşmən içinə
Isgəndər tək səs salıbdı – yeddi Dağıstan içinə
Tüp dağıdır, ordu pozur – qüdrətin aslanı kimi...
QAÇAQ MƏMMƏD BƏY KAVALER
Onun anadan olduğu və öldüyü illər haqqında əlimizdə heç bir məlumat yoxdur. Ancaq Qaçaq Nəbinin müasiri və yaxın yoldaşı olduğu məlumdur. Onun haqqında Mir Möhsün Nəvvabın “Təzkirəyi-Nəvvab” adlı kitabında çox qısa, yanlış qiymətləndirilmiş tərcümeyi-halına və bir də Qaçaq Məmmədin dərin mistik qəzəlinə rast gəlirik.
Yarım əsr bundan əvvəl, Şuşanın tanınmış din xadimi, ədib və şairi Mirzə Cəlal əfəndidən eşitdiyimə görə Qaçaq Məmməd bəy Kavaler Qaçaq Nəbi ilə birlikdə Azərbaycanın tanınmış musiqi ustadlarından biri olan Sadıq Əsəd oğlunun (Sadıqcan 1846-1902) toy məclisinə gəlir. Toy camaatı Qaçaq Nəbi ilə Qaçaq Məmməd Kavaleri görüncə təşvişə düşür, sazəndələr susur. Vəziyyəti belə görən Qaçaq Məmməd bəy Kavaler sazəndələrdən çalmağı xahiş edir. Bundan ruhlanan sazəndələr çalmağa başlayır, toy əhli yenidən şənlənir. Onlar iki saata yaxın toyda iştirak etdikdən sonra sazəndələrə və xidmətçilərə çoxlu hədiyyələr verərək yoldaşlarının yanına gedirlər.
Yenə də rəhmətlik Mirzə Cəlal əfəndidən eşitdiyimə görə, Məmməd bəy Kavaler Şuşa həbsxanasında dustaq olarkən fars dilində bir poema yazır. O, poemada işğalçıların Azər xalqına etdiyi zülmləri təsvir edir. Poemanın sonunda çar rejimi haqqında belə yazır:
Dər həbsxaneyi rus
Əz höküməti “dəyyüs”.
Qaçaq Məmməd bəy Kavaler Qarabağ vilayətinin mərkəzi Şuşa şəhərinin Çuxur məhəlləsindəndir. Çuxur məhəlləsində xan sarayından başqa, bir neçə böyük daş bina vardır. O, üzü Çuxur məhəlləsindəki meydana baxan, qapısı üzərində:
Küşadi babı dövlət həmişə in dərgah,
Və haqqı əşhədü-ən-la Laillahə illallah...
- sözləri yazılan bir binada anadan olmuşdur.
Qaçaq Məmməd bəy Kavalerin evi bu gün də durur. Hal-hazırda həmin binada erməni ailələri yaşayırlar. O, Şuşa şəhərinin tanınmış şəxslərindən biri olan Şirin bəyin oğludur. Şirin bəyin anasının adı Mehri xanımdır. Şirin bəyin arvadı Tükəzban xanımdan beş oğlu və bir qızı olmuşdur. Onlardan biri də Qaçaq Məmməd bəy Kavalerdir. Şirin bəyin Həsən adlı bir oğlu ruslara qarşı Qarabağda aparılan mübarizədə tutulmuş, ömrünü Bakıda, Şamaxinka adlanan rus həbsxanasında başa vurmuşdur. Taki bəy adlı digər bir oğlu isə 1905-ci ildə Vladiqafqazdan Şuşaya gələrkən Bakıda ermənilər tərəfindən müsəlmanlara qarşı törədilən qırğında öldürülmüşdür.
Üçüncü oğlu Qaçaq Məmməd bəy Kavaler Mir Möhsün Nəvvabın verdiyi çox qısa məlumata görə 45 yaşında öldürülmüşdür. Təxmini olaraq deyə bilərəm ki, o, Qaçaq Nəbi kimi III Aleksandrın dövründə öldürülmüşdür. Çünki III Aleksandrın hakimiyyəti illərində qaçaqlara, siyasət adamlarına, təşkilatlara qarşı qanlı və şiddətli mübarizə aparılırdı.
Qaçaq Məmməd bəy Kavalerin qaçaqlıq etməsinə əsas səbəb çarın xəzinə gəlirinə mane olmaq idi. Hadisə belə olmuşdur.
Yenicə sənayeləşməyə başlayan Rusiya o dövrün Avropa texnikası baxımından geridə qalan ölkə sayılırdı. Rusiya, istehsal etdiyi parçaları, şəkəri və başqa məhsulları Azərbaycan, Türkistan, Dağıstan bazarlarına çıxaran zəif bir sənaye ölkəsi idi. Digər tərəfdən Cənubi Azərbaycana Fransada, İngiltərədə istehsal olunan yüksək keyfiyyətli, ucuz parça, şəkər, çay və başqa məhsullar gətirilirdi. Rusiyanın istehsal etdiyi məhsullar keyfiyyət baxımından yararsız olsa da, qiymətləri baha idi. Bu səbəbdən İran Azərbaycanından qaçaq mal gətirilərək bazarlarda ucuz qiymətə satılırdı. Qaçaq Məmməd Kavaler qaçaqçılıq işini elə bir şəkildə təşkil edir ki, çarın xazinəsi bundan böyük zərər çəkir.
Qaçaq Məmməd bəy Kavaler Araz çayı sahillərindən qaçaqçıların mallarını bu taya, Qarabağa rus kazak və strajniklərinin müdaxiləsindən çəkinmədən keçirə bilmək üçün keçidlər hazırlayır, qaçaqçılar isə bu keçidlərdən rahatca keçdikləri üçün ona mallarının bir hissəsini verirdilər. O, payına düşən gəliri silahdaşlarına sərf edirdi.
Bu, açıqdan-açığa Rusiyanın xəzinə gəlirinə Qarabağ ərazisində gömrük baxımından sabotaj etmək idi. Mirzə Fətəli Axundzadə “Hacı Qara” adlı pyesində bu hadisəni komik bir şəkildə çox gözəl xarakterizə etmişdir. Bir tacirin parça mağazasına qumaş almaq üçün gələn müştəri “mənə firəng qumaşı ver”, - deyə israr edir. Tacir isə çalışır ki, müştəriyə rus malını satsın. Tacirlə müştəri arasındakı dialoq çox komik və maraqlıdır. Müştəri heç cür rus malına yaxın durmaq istəmir.
Təbii ki, bu hadisələr Qaçaq Məmməd bəy Kavalerin qaçaq malı ilə məşğul olanları himayə edərək onlardan faiz alması anlatdığımız kimi asan olmamışdır. Sərhədçilərlə Qaçaq Məmmədin dəstəsi arasında gedən şiddətli atışmalar nəticəsində hər iki tərəfdən insan tələfatı olmuşdur. Bu çətinliklərə baxmayaraq qaçaqçılıq hərəkatı daha da artırdı. Döyüşlərdə əsasən Qaçaq Məmmədin dəstəsi iştirak edirdi. Onun yaxın dostları olduğu kimi, düşmənləri də vardı. Qaçaq Məmmədin əsas düşmənləri ruslara xidmət edən adamlar idi. O, məcburiyyət qarşısında qalaraq iki cəbhədə vuruşmalı olur.
Mənə elə gəlir ki, bu hadisələr III Aleksandrın dövrünə təsadüf edir. Çünki, Qaçaq Məmməd çar tərəfindən bağışlanılır, ona kavaler-kapitan rütbəsi verilir, maaş təyin olunur. Bunun necə olması, kimlərin vasitəsilə edilməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. Qarabağ camaatı bundan sonra Qaçaq Məmmədin ailəsini Kavalerlər adlandırır. Bu ləqəb onun bütün kişi qohumlarına aid edilirdi. Camaat bu böyük nəslə “Kavalerlər” deyirdi.
O vaxt Qaçaq Məmməd Kavalerin üzə çıxması, çar tərəfindən əfv edilməsi, ona rütbə verilərək maaş təyin olunması yalnız Qarabağda deyil, bütün Azərbaycan və İranda böyük əks-sədaya səbəb olmuşdu. Əvvəllər xalq arasında hörməti olan Qaçaq Məmmədin ailəsi, bundan sonra əvvəlkindən daha çox hörmət və məhəbbətlə qarşılanırdı. “Bu adam kavalerlilərdəndir” – deyən kimi ona xüsusi hörmət göstərirdilər. Qaçaq Məmməd bəy Kavalerin üzə çıxmasının neçə il davam etməsi haqqında əlimizdə tarixi sənəd yoxdur. Elə zənn edirəm ki, onun üzə çıxması uzun müddət davam etməmişdir. Çünki, Qaçaq Məmməd bəy Kavalerin düşmənləri onun dəstəsinin fəaliyyəti haqqında çar idarəsinə məlumat verirdilər. Məcburiyyət qarşısında qalan Qaçaq Məmməd yenidən silahlanaraq yoldaşlarının yanına, dağlara çəkilir. Bundan sonra ölənə qədər Qaçaq Məmməd rus hökümətinə qarşı partizan döyüşünə başlayır, hətta şəxsi düşmənləri ilə də hesablaşmaq qərarına gəlir.
Yeri gəlmişkən, buna bir misal çəkək. Qaçaq Məmməd bəy Kavalerin Hacı Şükür adlı bir düşməni vardı. Bu adamın işi, gücü Qaçaq Məmmədin qaçaqçılıq hərəkatını adamları vasitəsilə izləyib rus jandarm idarəsinin gizli işlər şöbəsinə xəbər verməkdi.
Həmin vaxt “Həcc” ziyarəti zamanı Hacı Şükür də başqa ziyarətçilərlə birlikdə Məkkəyə getmişdi. Artıq hacılar ziyarətdən geri dönürdülər. Həcc karvanı İrandan keçərək Araz çayının sahillərinə doğru irəliləyirdi. Bunu eşidən Qaçaq Məmməd atına minərək Araz çayını keçib, Cənubi Azərbaycanın bir yerində Həcc karvanını qarşılayır. Hacılar onun gəldiyini görüncə çox qorxurlar. Qaçaq Məmməd vəziyyəti başa düşür. Ziyarətçilər səssiz, qorxu içində hadisənin nə ilə nəticələnəcəyini gözləyirlər. Hər şeydən əvvəl Qaçaq Məmməd bəy Kavalerin hacılara müraciət edərək Həcc ziyarətlərini təbrik edir və ziyarətlərinin Allah tərəfindən qəbul edilməsini diləyir. O dövrün dini adətinə görə at üstündə əlini ulu Tanrıya qaldıraraq dua oxuyur. Bütün bunlardan sonra hacılara müraciət edərək soruşur: - Ziyarətçilər, Hacı Şükür aranızdadırmı? Hacılar: Bəli, - deyə cavab verirlər. Bu dəfə Qaçaq Məmməd bəy Kavaler Hacı Şükürə müraciətlə onun karvandan ayrılaraq bir kənara çəkilməsini tələb edir. Hacı Şükürdən bir səs çıxmır. O da başqa hacılar kimi silahlı idi (O vaxtlar ərəb quldurları Həcc karvanını soyardılar. Bu səbəbdən hacılar karvan halında, silahlanaraq Həcc ziyarətinə gedərdilər – H.B.) Qaçaq Məmməd bir neçə dəfə Hacı Şükürə müraciət edir, amma ondan cavab almır. Sonra o, hacılardan kənara çəkilmələrini xahiş edir. Hacılar kənara çəkildikləri üçün Hacı Şükür ortada tək qalır. Qaçaq Məmməd Hacı Şükürün ona etdiyi pislikləri bir-bir üzünə deyir və onu öldürmək qərarına gəldiyini, silahını götürərək özünü müdafiə etməsini söyləyir. Hacı Şükür qol-qanadı sınmış halda səssiz və hərəkətsiz atın üstündə donub qalır. Bu hadisə və dialoqdan sonra Qaçaq Məmməd tüfənginin çaxmağını çəkərək hacıların gözləri önündə Hacı Şükürü vurub öldürür.
Gətirdiyimiz misaldan aydın olur ki, Qaçaq Məmməd rus kazak və strajnikləri ilə mübarizə apardığı kimi, öz şəxsi düşmənlərindən də qisas almışdır. Mir Möhsün Nəvvabın kitabında Qaçaq Məmməd Kavalerə layiqincə qiymət verilmədiyindən biz bu misalı vermək qərarına gəldik. Bütün bunları çar rejiminin yerli xalqlara nə kimi bədbəxtliklər gətirdiyini, rus idarəsinin zülm və haqsızlıqlarını bildirmək üçün yazıram.
Qaçaq Məmməd döyüşlərin birində tutularaq Sibirə sürgün edilir. Sibirdən qaçaraq Qarabağa gəlir və yenidən qaçaqçılıq edir. Təbii ki, igid sərkərdə haqqında xalq arasında şeirlər qoşulmuş, mahnılar bəstələnmişdir. Bu şeirlərdə çar rejiminə olan nifrət öz əksini tapmışdır. Qarabağlı bir şəxsin mənə söylədiyi mahnının bir bəndi yadımda qalmışdır:
Kazak gəldi Selliyə[1],
Biz qaçaq Telliyə[2].
Urusa tamojna vermə,
Apar Gəverelliyə...
Qaçaq Məmmədin Şuşa şəhərindəki evinə tez-tez rus strajnikləri tərəfindən basqın edilirdi. Hər dəfə Qaçaq Məmməd Kavalerin atasının anası Məhpəri xanımla, anası Tükəzban xanım bu basqınlara məruz qalırdılar. Evdə axtarış aparılır, bütün əşyalar qaçaqmalı adı ilə müsadirə olunurdu. Qarabağlı, iki azəri qadını strajniklərə qarşı öz etirazlarını bildirirdilər. Belə mübahisələrin birində Məhpəri xanımın rus strajniklərinə söylədiyi sözlər camaatın dilində əzbər olur. Onun işğalçı imperialistlər haqqında söylədiyi sözlər sadə, əsl xalq dilindədir: “Bu yerlər Məmmədin öz torpağıdır, ürəyi istədiyini edə bilər. Axı siz urussunuz, bizim urus İvannan, Nikolaynan ki, qohumluğumuz yoxdur. Siz burada nə gəzirsiniz. Niyə öz yerinizə, torpağınıza getmirsiniz?”
Beləliklə, namuslu azərtürk anasının dilindən söylənilən, işğalçılığı anladan, açıq mənalı sözlər...
Qaçaq Məmməd tutularaq Şuşa həbsxanasına salınır. Bir gün fürsətdən istifadə edərək həbsxanadan qaçır. Qaçan zaman həbsxana gözətçiləri onu güllə ilə vururlar. Məmməd bəy yaralanaraq yerə yıxılır. Anası Tükəzban xanıma bu hadisəni xəbər verirlər. Hadisə yerinə gələn Tükəzban xanım oğlu Məmmədin üzüqoylu yıxıldığını və inildədiyini görür. Ətrafdakı gözətçi və strajniklər isə prokurorun gəlməsini gözləyirdilər. Bu mənzərəni görən Tükəzban xanım Şuşa camaatı qarşısında oğlu Məmmədi məzəmmət edir: “Məmməd, niyə inildəyirsən? İnildəyib düşməni sevindirmə. Bu urus yarasından ölsən südümü sənə halal etmərəm!..” Qaçaq Məmməd bu yaradan ölməyərək sağalır. Sibirdə 20 il dustaqlığa məhkum olunur. Qarabağ camaatı onun Sibirə sürgün olunmasından xəbər tutur. Hər tərəfdən camaat, “Qaçaq Məmməd Sibirə sürgün ediləcək”, - deyə Şuşaya axın edir. Sibirə sürgün olunanlar arasında Qaçaq Məmmədlə yanaşı başqa məhkumlar da vardı. Məmməd və digər sürgün olunanları əlləri, ayaqları qandallı halda həbsxanadan çıxardılar. Minlərlə adam həbsxananın qarşısına toplaşmışdı. Dustaqlar yola düşməzdən əvvəl Tükəzban xanım Qarabağ camaatına xitab edərək deyir: “Camaat, görürsünüz ki, sizin gözünüzün qabağında urus höküməti mənim oğlumu nahaq yerə Sibirə dustaq göndərir. Bura bizim öz torpağımızdır, axı urusun burda nə işi var? Sizin qarşınızda Məmmədə deyirəm ki, Məmməd, sən Sibirdən salamat gələcəksən, orada ölsən südümü sənə halal etmərəm! Oğlum, səni yoldaşlarınla birlikdə Allaha tapşırıram!..” Tükəzban xanımın bu sözləri minlərcə qarabağlının gözlərini yaşardır. Məmməd iki ildən sonra Sibirdən qaçaraq Qarabağa gəlir, yenidən qaçaqçılıq edir. Bu hadisələri yazarkən hansı hadisənin əvvəl və ya sonra olduğunu təsbiq edə bilmədiyim üçün tarixi göstərə bilmədim.
Mir Möhsün Nəvvab Qaçaq Məmməd Kavaler haqqında nə deyir? (Təzkireyi-Nəvvab. Bakı, 1310, Orucov qardaşlarının mətbəəsi, səh. 217-218).
Əhvali və İmrari həyat Kərbəlayi Məhəmməd Kavaler.
Yazı fars dilindədir. Biz tərcüməsini veririk:
“Kərbəlayi Məmməd Sofi təxəllüslü Şirinbəyov Qarabağlı Şuşa şəhərində anadan olmuş, 45 yaşında, iri bədənli, uca boylu bir şəxs idi. Şəhərdə başqalarının təhrikilə nahaq qanlar tökmüş, sonralar dağlarda, biyabanlıqda dolaşaraq bir müddət yol kəsməklə məşğul olmuş və İran təbəəsindən bir qadınla evlənmişdir. Bir müddət sonra öz arvadını və qaynanasını nahaqdan qətlə yetirmişdir. Sonradan qaynı öz yoldaşları ilə onu taparaq iki qolunu və başını kəsmişdilər. Bir nəfər də onun cəsədini dəfn etmişdir. Onun müxtəlif şeirləri vardır. Aşağıda türk dilində verilən qəzəl onun qəzəllərindən biridir:
“Mənim dostum üz örtüyünü hər zaman bir cür örtdüyü üçün
aşıqlər arasında ayrılıq olur.
Bəzən onun gözəllik işığı Musanın gözlərini qamaşdırır,
Bundan ötrü görmürsənmi, səsi dağları bürüyür.
Bəzən harda “haqq” deyə mələklərə fərman verdiyində
Kəlim-Allah[3] olan Musa çaşır.
Bəzən bir zahidi Kəbeyi əzəmətə doğru çəkir
Bəzən rahibləri yolda çaşqınlığa salaraq pərişan edir.
Dostumun sevgisi hansı ürəkdən azacıq əksilərsə dərd və
üzüntüyə düşür.
Rəqs edən mütrüb belə oynadığı zaman dostum xatirinə
gəldiyində özünü atəşə atmağa qalxır,
Ölüm şərbətini əcəl saqisinin əlindən içərkən Sofi özündən
gedir, səssiz bir hala düşür”.
Yuxarıdakı sətirlərdən göründüyü kimi mistik və dərin bir inama malik qəzəlin müəllifi necə ola bilər ki, yol kəssin, quldurluq etsin? Varlı ailədə anadan olan Qaçaq Məmməd Kavalerin yol kəsməsinə, adam soymasına heç bir ehtiyacı yox idi. O, Şuşa şəhərində böyüyüb boya-başa çatmış, ərəbcə, farsca mükəmməl öyrənmiş, şiə məzhəbindən olan dindar bir şəxs idi. Bunu Sofi təxəllüsü ilə yazdığı qəzəllərində aydın görmək olar.
Azərbaycanda pedaqoq, rəssam, xəttat, ədib və şair kimi tanınan M.Nəvvabın Qaçaq Məmmədi belə yanlış tanıması və tanıtmağa çalışması, məncə onun dindar olması, sakit həyat tərzi yaşaması, dar görüşlü bir şəxs olmasından irəli gəlmişdir. Vaxtilə olan M.Nəvvab rus xəzinəsindən maaş aldığına görə qüvvədə olan qanunlara itaət etməli olmuşdur. Bu qanunlar işğalçı rus imperializminin qanunları olsa da... fikri hakimdir. Təbiidir ki, bu qanunların qüvvədə olduğu bir zamanda M.Nəvvabdan istismar olunan, əzilən, torpaqları işğala məruz qalan, hüquqları tapdalanan bir xalqın haqqını tələb etməsi və bu baxımdan mübarizə aparan insanlara qiymət verməsini gözləmək olmazdı. Bu baxımdan M.Nəvvabın rus agenti Hacı Şükürün hacıların gözü qarşısında Qaçaq Məmməd tərəfindən öldürülməsini yol kəsmək, nahaq qan tökmək kimi qələmə alması təbiidir.
Qaçaq Məmməd Kavalerin arvadını, qaynanasını öldürməsi hadisəsinə gəlincə, Qaçaq Məmməd üzə çıxdıqdan, III Aleksandr tərəfindən əfv edildikdən və ona kapitan-kavaler rütbəsi verildikdən sonra bir neçə ay yenə çar höküməti ilə münasibətləri yaxşılaşır. Bununla yanaşı o, qaçaq mal gətirənlərdən malının müəyyən hissəsini almaqda davam edir. Qaçaq Məmməd bununla belə, şəhərdə sərbəst olaraq gəzir. Sonradan polis tərəfindən təqib olunduğu üçün o, İrana qaçmaq məcburiyyətində qaldığını başa düşür. Evinə gələrək atını yəhərləyir, silahını hazırlayır.
Qaçaq Məmmədin arvadı Cənubi Azərbaycandan olan bir xanın qızıdır. O, İrana, qaynatasının yanına getmək istədiyi halda, arvadı və qayınanası buna etiraz edirlər. Belə bir vəziyyətdə ərinin məsləhətinə əməl edib atasının yanına getməsi məqsədəuyğun olardı. Təəssüf ki, belə olmur. Kazak və strajniklərin təqibindən qurtarmaq üçün Şuşanı tezliklə tərk etmək məcburiyyətində qalan Qaçaq Məmmədin israr və təkidlərinə baxmayaraq, arvadı ilə qayınanası onunla getmək istəmirlər.
Belə vəziyyətdə Qaçaq Nəbinin arvadı Həcərin əlinə, ayağına qandal vurularaq baldızı Mehri ilə birlikdə həbsxanaya salındığını, bir çox qaçaqların arvadlarının, bacılarının əsgərlərin ixtiyarına verilməsini görən, şair Zakirin arvadı rus komandiri tərəfindən zorla əlindən alınaraq bir rus kəndlisinə ərə verilməsini eşidən Qaçaq Məmməd öz arvadını və qayınanasını Şuşada tək qoymaq istəmir. Beləliklə, ruhi sarsıntı keçirən Qaçaq Məmməd arvadı ilə qayınanasını razılığa gətirə bilmədiyi üçün tapançasının çaxmağını çəkərək: “Mən arvadımı rusların əlinə verə bilmərəm”, - deyə hər ikisini öldürür və atını minərək yola düşür.
Qaçaq Məmməd Araz çayını keçərək İrana gəlir. Yorğun olduğu üçün atını buxovlayıb meşəyə otlamağa buraxır. Atın yəhərini başının altına qoyaraq bir ağacın altında yuxuya gedir. Arvadının, qızının yeznəsi tərəfindən öldürülməsini eşidən xan oğlunu Qaçaq Məmmədi tapıb öldürməyə göndərir. Onlar Qaçaq Məmmədin İran tayındakı gizli yollarını bilirdilər. Xanın oğlu və yoldaşları meşədə onun atını görüb tanıyır və Qaçaq Məmmədi yatdığı yerdə öldürürlər.
Beləliklə, rus məmurlarına qarşı amansız mübarizə aparan qarabağlı-şuşalı Qaçaq Məmmədin hekayəsi belə bir dramatik şəkildə sona yetmişdir.
Bu mövzunu bitirməzdən əvvəl, Qaçaq Məmməd Kavalerə aid bir epizodu anlatmaq istəyirəm. Qaçaq Nəbi ilə Qaçaq Alı kənddə böyüyüb, boya-başa çatmış, savadsız, ancaq çox ağıllı və cəsur igidlərdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Qaçaq Məmməd şəhərdə yaşamış, öz dövrünə görə mükəmməl mədrəsə təhsili almış bir dindar-sofi, şair, azəri övladı idi. Yaxın zamanlara qədər Azərbaycan elmində adı tez-tez çəkilən pedaqoq Hüseyn Camal Yanar (Hüseyn Mirzəcamalov) adlı bir dostumuz vardı. Rəhmətlik Hüseyn Camal Yanar əslən şuşalıdır. Bütün azərlər ona “dayı” – deyə müraciət edərdilər. İndi masamın üstündə olan, Qaçaq Məmməd Kavaler haqqında mənə yazdığı bir məktub belə başlayır:
“Əziz adaşım.
2 (7) 958 tarixli məktubunu aldım. Dayıya heç də zəhmət olmadan, həm də iftixarla çox möhtərəm, bilikli və eyni zamanda qəhrəmanlığı, açıq sözlülüyü ilə tanınmış həmyerlim mərhum Kərbəlayi Məmməd Kavalerli haqqında Şuşanın mötəbər adamlarından şəxsən eşitdiyim bir hadisəni nəql etmək istəyirəm. Belə ki, bir gün Təbrizin hacıları və tanınmış adamları tərəfindən vəliəhdin şərəfinə keçirilən ziyafətə mərhum Kərbəlayi Məmməd də dəvət olunur. Ziyafət hazır olduğu vaxt vəliəhd heç nədən, səbəbsiz olaraq qışqırıb-bağırmağa başlayır. Məclis əhli donub qalır. Bu vaxt mərhum, dizləri üstə çökərək yüksək səslə Loğman surəsinin 19-cu ayətini söyləyir: “Vəksid fi məşyike. Veczüz min sövtikə. İnnə enkerel esvati lə sövtül-hümir”.
Türkcə belə tərcümə olunur: “hərəkətində mülayim ol. Səsini çox yüksəltmə. Ən layiqli səs eşşəyin səsidir”.
Bu ayəti bitirdikdən sonra hamı kimi bardaş qurub oturur. Nə vəliəhdən, nə də başqalarından bir səs çıxmır. Mərhumu oralarda hamı tanıyırdı.
4 (7) 958. İstanbul”.
1 – M.Nəvvabın öz məhdud görüşü ilə yanlış qiymətləndirdiyi qarabağlı bir azərtürk qaçağının əsl şəxsiyyətini aydınlaşdırmaq.
2 – Kərbəlayi Məmməd Kavaler kimi bir neçə azərtürk qəhrəmanlarının adları Azərbaycan tarixinin səhifələrinə düşməyib unudulduqlarını bildiyim üçün bu mövzu üzərində durmalı oldum.
1905-ci İL BİRİNCİ RUS İNQİLABI
1901-1902-ci illərdə dünya inqilabi hərəkatının mərkəzi Rusiyaya keçirdi.
XIX əsrin axırı XX əsrin əvvəllərində aqrar ölkə olan Rusiyada quraqlıqlar başlamış, şəhərlərdə ərzaq məhsulları, istehlak malları tükənmiş, qıtlıq başlamış, nəticədə xalqın vəziyyəti görünməz dərəcədə pisləşmişdi. Əvvəlcədən də həyat şəraiti yaxşı olmayan kəndlilərin vəziyyəti pisləşmiş və səfalət daha da artmışdı. Böhran nəticəsində 300-dən artıq zavod və fabriklər bağlanmış, 100 minə qədər adam işsiz qalmışdı. Bu hadisələr 1905-ci il inqilabının ortaya çıxmasına əsas amil olmuşdur (Böyük Sovet ensiklopediyası. 1905-ci il inqilabının maddələri).
Bundan başqa XIX əsrin ikinci yarısında Qərb kapitalistlərinin Rusiyaya kapital qoyuluşunun ümumi məbləği üç milyard qızıl pul olmuşdur. Qərb kapitalistləri 1895-1904-cü illərdə öz ökələrinə 830 milyon manatlıq qızıl pulla gəlir göndərmişdilər. Rusiyanın xarici kapitala ödədiyi faizin miqdarı ildə 130 milyon manatlıq qızıl pul olmuşdur. Başlıca xarici kapital fransız kapitalı idi (Akdəs Nimə Kura. Rusiya tarixi, səh. 374).
Fəhlələr istismar olunduqları üçün 1900-cü ildən başlayaraq fabrik və zavodlarda üsyanlara qalxmışdılar. Kəndlərdə isə mülkədarların zülmünə dözməyən kəndlilər onların malikanələrini yandırmışdılar. Rus çarı və saray əyanları Rusiyanın acınacaqlı vəziyyətini həll etmək əvəzinə, xarici siyasət və imperialist məqsədlər dalınca qaçırdılar. Bu imperialist məqsədlərin başında o vaxta görə Çin məsələsi dururdu. XIX əsrdə Qərb imperialist dövlətləri ilə Rusiya Çin ölkəsini həyasızcasına talan etmək və bölüşdürmək istəyirdilər. Həmin illərdə Yaponiyanın sənayesi Qərb ölkələrinin sənayesindən çox geridə qaldığı üçün talan olunan Çin torpaqlarından bir pay ala bilməmişdi. Buna görə, Qərb imperialist dövlətləri ilə rus imperializmi arasında yaxınlığı hiss edən Yaponiya özünə müttəfiqlər axtarmağa başlamışdı. Çindən umduğunu qopartmaq üçün bir çox siyasi oyunlardan sonra o dövrün acgöz imperialist dövləti olan İngiltərə ilə müttəfiq olmuşdu. Koreyanın bölüşdürülməsi əsasında 1904-cü il yanvarın 26-da rus-yapon müharibəsi başlanmışdır.
Imperator II Nikolay, saray əyanları, nazirlər, generallar və uğursuz arvadı imperatriçə Aleksandra Feodorovna elə fikirləşirdilər ki, yaponlarla aparılan mübarizədə qələbə qazanılarsa xalqın vəziyyəti yaxşılaşar, beləliklə inqilabçıları susdura bilərlər. Yaponlardan söz düşəndə imperator II Nikolay onları təhqir edərək “makaka”[4] adlandırırdı (Qraf S.Y.Vitte. Xatirələr. I cild, Berlin, 1922-ci il).
Beləliklə, Rusiya yaponlarla müharibəyə hazırlaşırdı. Onları müharibəyə təhrik etmək üçün bütün vasitələrə əl atırdılar. Yaponiyanın verdiyi notanın cavabı qəsdən gecikdirilir, onun Peterqburqdakı səfiri Kurinonun müharibənin qarşısını almaq üçün göstərdiyi səylər zəiflik əlaməti kimi qiymətləndirilirdi. Qısa bir müddətdə Qərb sənayesi istiqamətində inkişaf edən Yaponiya gözləmə mövqeyi tutmasının yanlış olduğunu anladı. 1904-cü il yanvarın 26-da Port-Arturda yerləşən rus donanmasına hücum edərək bir neçə gəmini batırır. Beləliklə, yanvarın 27-də müharıbə başlayır. Ruslar Liyaodun Şahe və Mukdenddə olan döyüşlərdə məğlubiyyətə uğrayaraq, Uzaq Şərqdən geri çəkilmək məcburiyyətində qalırlar. Vəziyyəti belə görən II Nikolay xalqı ölkədə islahat keçiriləcəyinə inandırır. Məğlubiyyəti aradan qaldırmaq üçün imperator Baltik donanmasını yaponlara qarşı döyüşə göndərir. Donanma yapon admiralı Toqo tərəfindən Susimada darmadağın edilir. 1905-ci il yanvarın 3-də 30.000 nəfərlik rus ordusu Port-Arturda yaponlara təslim olur.
Çar II Nikolay xalq qarşısında öz nüfuzunu itirir. Rus dövlətinin iqtisadi quruluşu pozulur, bahalıq artır, vergilər yüksəlir, onsuz da fəhlələrin az olan əmək haqqı daha da azalır. Beləliklə, rus höküməti nüfuzdan düşür, inqilabçıların isə çoxdan gözlədikləri şərait öz-özündən yetişir.
1905-ci il yanvarın 6-da II Nikolay dini mərasimdə iştirak etmək üçün kilsə baxçasında öz yerini tutduqdan sonra onun şərəfinə ənənəvi olaraq Petropavlovsk qalasında toplardan atəş açılır. Bu zaman Neva çayının ətrafında yerləşən Petropavlovskdən atılan top mərmilərindən biri çarın, baş naziri və onun müşayiət edən şəxslərin yaxınlığına düşərək partlayır, ölüm və xəsarətə səbəb olur. Ertəsi gün təhqiqat başlanır. Işi böyütmək istəməyən çar və saray əyanları bunun bir təsadüf olduğunu bildirib ört-basdır edirlər. Bu hadisənin ertəsi günü Petreburqda yerləşən Putilov silah zavodundan dörd fəhlə işdən çıxarılır. Buna görə zavodun bütün fəhlələri üsyan edirlər. Üsyanda başqa fabrik və zavodların da fəhlələri iştirak edirdi. 1905-ci il yanvarın 8-də Peterburqda 150.000 işçi üsyana qoşulmuşdu. Üsyan Rusiyanın başqa şəhərlərinə də yayılır. Bu zaman ortaya keşiş Qapon adlı müəmmalı bir şəxs çıxır. Bu keşiş Qaponun çar polisinin “adamı” olduğunu söyləyənlər də vardı. Keşiş Qapon fəhlələri coşdurmaq üçün çara ərizə vermələrini onların nümayəndələrinə təklif edirdi. O günlərdə çar, Tsarskoye seloda yerləşən malikanəsinə çəkilmiş, oradan hadisələri seyr edirdi. Çar ilk tədbir olaraq Moskvada zalımlığı ilə məşhur olan polis müdiri, general Trepovu Peterburqa vali təyin edir.
Keşiş Qaponun təklif etdiyi ərizə hazır idi. Ərizə belə başlayırdı: “Ey padşahımız, biz işçilər balalarımız, arvadlarımız və qoca ata, analarımızla birlikdə sənə pənah gətiririk. Biz dilənçi kökündəyik, bizimlə pis rəftar edirlər, əlimizdən gəlməyən, gücümüz çatmayan işlər gördürürlər. Bununla kifayətlənməyərək hər gün bizi söyür və təhqir edirlər. Bizi insan yerinə qoymayaraq əsir və qul kimi rəftar edirlər. Artıq səbrimiz tükənmişdir. Çünki hər gün və hər saat vəziyyətimiz daha da pisləşir, bizi əsl mənada dilənçiliyə, hüquqsuzluğa və qaranlıq cəhalətə doğru sürükləyirlər. Ey padşahımız, artıq güc və taqətimiz tükəndi, səbrimiz bitdi, boğuluruq. Artıq elə bir vəziyyətə gəldik ki, bizim üçün ölüm, dözülməsi mümkün olmayan əzablardan yüngüldür” (Ərizə Krım türkcəsindən dəyişdirilmədən götürülmüşdür. “Oku işləri”, iyun 1925, № 2, Hüseyn Bamı. 1905-ci il inqilabı və ucalar, Akmescit).
Bir bazar günü yüz minlərlə adam yazdıqları ərizəni çara vermək üçün Peterqburqdakı Qış sarayına doğru irəliləyirdi. Əllərində II Nikolayın və bir çox keşişlərin portretləri vardı. Yuxarıda qeyd etdiyimiz ərizədə: “amnistiya, söz, mətbuat, yığıncaq azadlığı, kilsənin dövlətdən ayrılması, iş müddətinin 8 saata endirilməsi, əmək haqqının müntəzəm olaraq ödənilməsi, tədriclə torpaqların kəndlilərə paylanması və bərabər rəylə seçilən bir Müəssislər məclisinin toplanması” və başqa siyasi tələblər öz əksini tapmışdı.
QANLI BAZAR
Bazar günü yüz minlərlə adam keşiş Qapon tərəfindən hazırlanan ərizəni çara təqdim etmək üçün jandarm, polis və əsgər kardonunu yararaq Qış sarayına doğru irəliləyirdi. Xalqın iztirabından əzab və əziyyətindən söz açan bu ərizə belə bitirdi: “Artıq bizim müraciət edəcək başqa yerimiz yoxdur, bizə ya azad olmaq, bəxtiyar olmaq və ya ölmək qalır. Ey padşahımız, sən bizə bu iki yoldan birini göstər. Biz heç söz qaytarmadan böyük bir itaətlə, sənin göstərəcəyin yol ilə getməyə razıyıq. Qoy bizim yaşayışımız Rusiyada çəkişməkdə olanlara qurban olsun. Biz böyük bir istəklə, çəkinmədən qurban olmağa hazırıq” (Hüseyn Baliç).
Günahsız, məsum, yoxsul rus xalqının ağır və dözülməz vəziyyətini anladan ərizə çar II Nikolay, saray adamları və generallar tərəfindən böyük bir anlaşılmazlıqla qarşılandı. Bu zaman çar sarayın balkonuna çıxaraq xalqı qarşılasaydı, onlara vəd versəydi, haqlarını tələb edən neçə min adam “Allahım, çarı qoru” marşını oxuyaraq evlərinə dağılaşacaqdırlar. Fəqət belə olmadı. Peterburqun valisi general Trepovun əmriylə tarixdə tayı-bərabəri olmayan böyük bir bəsirətsizlik əsəri olaraq, bu məsum və günahsız insanlar güllə yağışı, qılınc zərbələri və süngü ilə qarşılandılar. Bir anda Qış sarayının qarşısındakı ağ qar təbəqələri günahsız adamların axan qanları ilə qırmızı rəngə boyandı. Bu qırğında yüzlərcə adam öldü və yaralandı.
Bu gündən sonra rus xalqı ilə zalım çar arasındakı bütün maddi və mənəvi əlaqələr kəsildi. Iki qüvvə arasında barışmaz düşmənçilik başlandı. Artıq ox yayından çıxmışdı. Çar ilə təbəələri arasında gərgin mübarizə olacaqdı. Keşiş Qapon əməllərindən peşman olaraq aradan çıxmışdı. Yoxsul fəhlələrin çoxusu dindar olduqları üçün ona inanır və sevirdilər. Bu vəziyyətdən istifadə edən rus sosial demokratik partiyasının liderlərindən olan Rutenberq keşiş Qaponun adından fəhlələrə, xalqa bəyannamələr elan edərək onları inqilaba səsləyirdi (V.Voytınski. Qələbə və məğlubiyyət illəri. Berlin, 1923-cü il, səh. 29).
Yanvarın 9-da günahsız insanların axan qanı, rus cəmiyyətinin bütün mütərəqqi ziyalılarının çara və zalım istibdad rejiminə qarşı nifrətini daha da artırır. Bağlanan universitetlərdə, üsyan edən zavodlarda, küçələrdə çarın portretləri cırılır və ayaqlar altına atılaraq “qəhr olsun istibdad” deyə qışqırırdılar. Üsyanlar bütün Rusiyanı bürümüşdü.
1905-ci il sentyabrın 19-da (2 oktyabr) Moskvada mətbuatda və nəşriyyatda işləyən fəhlələr üsyan etdilər. Onlara çörək bişirənlər və tütünçülər də qoşuldular. Çara sadiq olan kazaklar nümayişi yatırtmağa çalışırdılar. Lakin işçilər küçələrdə barrikadalar quraraq kazakları atəşlə qarşılayırdılar. Döyüşlər zamanı çoxlu tələfat olsa da nümayişləri yatıra bilmədilər. Oktyabrın 7-də (20) Moskva-Kazan dəmir yolunun fəhlələri tətil etdilər. Oktyabrın 8-də (21) isə Rusiyanın bütün dəmiryolçuları, fabrikləri, zavodları poçt, teleqraf və məktəbləri də tətilə qoşuldular. Rusiyada iqtisadiyyat, maliyyə və idarə orqanlarının fəaliyyəti iflicə uğramışdı. Ukraynanın Xarkov şəhərində tələbələrin və fəhlələrin nümayişi əsgərlər tərəfindən dağıdıldı. Bu döyüşdə 147 nəfər öldürüldü. Məcburiyyət qarşısında qalaraq mitinqləri universitetlərin salonlarında keçirirdilər. Beləliklə, çar üsul-idarəsinə qarşı mitinqlərin ardı-arası kəsilmirdi. Hökümət qüvvələri arasında barrikada döyüşü başladı. Nahaq yerə qan axıdıldı...
Çar II Nikolay və saray əyanları vəziyyətin ciddi olduğunu artıq başa düşürdülər. Fəhlələrin və tələbələrin nümayişini rus sosial demokratik partiyasının rəhbərləri təşkil edirdi. Həmin partiyaya Bronşteyn adlı (millətcə yəhudi) inqilabçı başçılıq edirdi. Bu adam, 1917-ci il oktyabr inqilabında fəal iştirak edən Lev Davidoviç Trotski idi. 1905-ci il inqilabı zamanı fəaliyyət göstərən ikinci partiya rus sosialist inqilabçıları (eserlər) partiyasıdır. Partiyaya rəhbərliyi Nosar (Xrustalyev) edirdi. 1917-ci il inqilabında isə bu partiyaya Kerenski adlı bir vəkil rəhbərlik edəcək və sonradan bolşevik olan Lenin hakimiyyəti ələ alacaqdı. Bunu irəlidə görəcəyik.
Rusiyada tətil edən bütün işçilərin sayı 1.700.000 idi. Tətillərdə ziyalılar, həkimlər, mühəndislər və başqa sənət sahibləri də iştirak edirdi. Kəndlilər 2000-dən çox mülkədar malikanəsini talan etmişdilər. 1905-ci il oktyabrın 13-də Peterburqda, noyabrın 21-əd isə Moskvada ilk “Fəhlə soveti” yaradılır. İnqilaba yol açmaq üçün sovet yığıncaqlar keçirir. Fəhlə sovetləri başqa sənaye şəhərlərində də fəhlələr tərəfindən yaradılır. Inqilabın əsas qüvvəsi fəhlələr və tələbələr idi. Ehtiyat qüvvəsi isə kəndlilərdi.
Vəziyyətin gündən-günə pisləşdiyini görən çar II Nikolay nazirlərindən qraf Vittenin tövsiyəsilə “Azadlıq manifesti” elan etmək məcburiyyətində qalır. Sonradan çarın manifestə sadiq qalmadığını görəcəyik.
O illərdə Leninin inqilabi fəaliyyəti görünmür. Əsas inqilabçılar Lev Bronşteyn (Trotski), V.M.Çernov, Burakov, Avksentyev və başqaları idi.
ÇAR II NİKOLAYIN 17 OKTYABR MANİFESTİ
“Dönməz iradəmizlə hökumətin vəzifələrini icra etməsi üçün biz bunları əlavə edirik:
- Şəxsiyyət toxunulmazlığı, fikir, söz, toplantı və cəmiyyətlər yaratmaq azadlığı kimi həqiqi prinsiplərə əsaslanaraq vətəndaşlıq azadlığının ayrılmaz hissələrini xalqa bağışlamağı;
- İndiyə qədər seçki hüququ olmayan xalqa, qanunun təyin etdiyi çərçivədə, ümumi seçki hüququ verilərək təyin edilən müddət ərzində, ən qısa zamanda “1905-ci il 6 avqust qanunu” ilə Dövlət Duması və Dövlət Şurası seçkilərinin aparılmasını;
- Heç bir qanunun Dövlət Dumasının razılığı olmadan qüvvəyə minməməsi üsulunun pozulmaz bir əsas olaraq qəbul edilməsi və bizim tərəfimizdən təyin olunan hökümətlərin nəzarət edilməsinə seçki yolu ilə xalqın da iştirak etməsinin mümkün olması...
Bütün sədaqətli rus oğullarını, Vətən qarşısında öz vəzifələrini yada salaraq eşidilməmiş iğtişaşların qarşısını almağa və bizimlə birlikdə ana torpaq üzərində sükunətin, sülhün və sakitliyin yaranmasına kömək etməyə çağırıram” (Qraf Vitte. Xatirələr. II cild, Berlin, 1922-ci il, səh. 1-2). Göründüyü kimi, manifest qısa və aydın deyildir. Zalım bir çar tərəfindən sözlərin seçilərək yazıldığı bəllidir. Çünki manifest şovinist baxımından yazılmışdır: “Rus torpaqlarının rus oğullarına” deyə müraciət edirdi.
Manifest məhkum xalqlara (130 milyonluq əhaliyə) o cümlədən, türklərə, ukraynalılara, beloruslara, gürcülərə, yəhudilərə və başqa xalqlara heç bir yenilik vəd etmirdi.
Əsasən sosialist inqilabçılar və radikal demokratlar bu manifestin səmimi olduğuna inanmırdılar. Liberalların bəzisi isə inanırdı. Mitinqlər yenə davam edir, çarın portretləri və manifesti cırılaraq ayaqlar altında tapdalanırdı.
1905-ci il 17 oktyabr manifesti istismar olunan millətlərə xoşbəxlik gətirmədi. Manifestin 2-ci maddəsində dırnaq içərisində yazılan “1905-ci il 6 avqust qanunu ilə Duma və Dövlət şurası” seçkilərinin aparılması çox qısa bir izahdan sonra məlum olacaqdır.
1881-ci ildə mərasimdən saraya dönərkən nihilistlər[5] tərəfindən atılan bombadan ölən II Aleksandr 1861-ci ildə təhkimçilik rejimini ləğv edərək kəndlilərə azadlıq verdiyi gündən etibarən rus kəndlilərinin sosial həyat şəraitlərini yaxşılaşdıran heç bir qanun verməmişdi. 45 il fasiləsiz davam edən kəndli üsyanlarından, iğtişaşlardan, tətillərdən heç bir nəticə hasil olmamışdı. Ancaq Yaponiya ilə müharibədə məğlub olduğuna və 1905-ci il inqilabı hərəkatına görə məcburiyyət qarşısında qalaraq, kəndli məsələsini həll etmək üçün 1905-ci il 6 avqustda “Kəndli konstitusiyası” adlı bir qanun verilmişdi. Bu qanunla II Aleksandrın köləlik rejimini ləğv edən 1861-ci il tarixli qanunundan fərqli olaraq hüquqi cəhətdən haqları məhdudlaşdırılmış vergi məcburiyyətində qalan və dövlət idarələrində çalışması qadağan edilən kəndlilərə artıq bəzi güzəştlər olunurdu.
Beləliklə, bəzi kəndlilər dövlət idarələrində imtiyazlı şəxslərlə yanaşı çalışa bilərdilər. Ancaq 1899-cu il qanununa əsasən türklərin dövlət idarələrində çalışmasının qadağan edilməsi, manifestdə yenə də olduğu kimi qalırdı. 1899-cu il qanununa əsasən başqa millətlərin dövlət idarələrində çalışması qadağan olunduğu kimi əsgərliyə də aparılmırdılar. O cümlədən:
- – Sibirdə yaşayan bir neçə xalq; 2. – Arxangelsk vilayətindəki eskimoslar; 3. – Stavropol vilayətindəki köçərilər; 4. – Kalmıklar; 5. – Qırğızlar; 6. – Kazan və Türkistan xalqı; 7. – Azərtürklər və Qafqazda yaşayan müsəlmanlar; 8. – Yəhudilər də əsgərliyə aparılmırdılar.
Beləliklə, rus çarının məhkum türk xalqına qarşı apardığı siyasət belə idi (M.İ.Mış. Hüquq xəbərləri. 1906-cı il, səh. 132).
Bir tərəfdən də 1905-ci il 6 avqust qanunu “Dövlət Duması” və “Dövlət Şurası”nı Rusiyaya gətirirdi. Bu qanun yuxarıda qeyd etdiyimiz kimi “başqa soydan” olduğu üçün türk xalqına ancaq Dumaya öz nümayəndələrini göndərmək hüququ verirdi. Qanunun Duma quruluşuna dair hökmləri belə idi:
- – Duma, parlament kimi daimi fəaliyyət göstərən bir şuradır.
- – Bütün qanunlar, büdcə, kadrlar məcburi olaraq onun müzakirəsinə verilməlidir.
- – O müşavirə şurası olub, müzakirə etdiyi qanun haqqında öz fikrini tam sərbəstliklə bəyan edə bilər.
- – Seçki qanunu ilk növbədə kəndliləri nəzərdə tutmalıdır (Qanunu tərtib edənlərin fikrinə görə kəndli sinfi çoxluq təşkil edir və monarxiya rejiminə bağlı mühafizəkardırlar). Seçki qanunu Dumanın razılığı olduqda dayişdirilə bilər.
- – Seçkilərdə iştirak etmək üçün heç bir milli və dini məhdudiyyət qoyulmamışdır.
Beləliklə, Rusiyada qəti qərar vermə səlahiyyətinə malik olmayan parlament yaradılır. Xalqı aldadaraq, Rusiyanın hüquqi dövlət olduğunu söylədilər. Biz bütün bunları irəlidə görəcəyik (Vitte. I cild, səh. 437).
Çarın və əyanların arzu etdikləri kimi birinci Dumada kəndlilər çoxluq təşkil edirdilər. Dumada 43% millət vəkili vardı. Kəndlilərin tərəfini saxlayan Rus sosialist inqilabçılar partiyası istənilən qədər Dumaya kəndli deputatları seçmişdilər. Kəndlilər çar hökümətindən torpaqları onların ixtiyarına verilməsini tələb edəcəkdilər. Belə də olmalı idi. Çünki kəndlilər bu yolda olduqca çox qan axıtmışdılar. Amma kəndlilərin düşündükləri kimi olmadı, çar tərəfindən təyin edilən baş vəkil Dumada çıxış edərək dedi ki, “Torpaq heç bir vaxt paylanmayacaqdır, xüsusi mülkiyyət toxunulmazdır”. Kəndlilər çardan üz döndərərək “biz sizə torpaq, bir də azadlıq verəcəyik” deyən eserlərin arxasınca getdilər. Dumada çar hökümətinin nümayəndələri ilə millət vəkilləri arasında mübarizə başladı. Torpaqla yanaşı başqa məsələlərdə millət vəkilləri hökümət adamları ilə razılığa gələ bilmədilər. Beləliklə, 1905-ci il aprelin 27-də işinə başlayan Duma iyulun 7-də çar tərəfindən buraxıldı (Vitte. II cild, səh. 313). Duma buraxıldıqdan sonra baş nazir Qoremıkin vəzifəsindən qovulmuş, yerinə Stolıpin gəlmişdi.
Ikinci Duma heç də birincidən fərqlənmirdi. Ancaq bu Duma da demokratik və sol meyilli partiyalardan, bir çox tanınmış fəal üzvlərindən məhrum olmuşdu. Stolıpin seçkiqabağı onları Vıborq[6] bəyannaməsini imzaladıqları üçün günahlandıraraq məhkəməyə cəlb etmiş və elə bir şərait yaratmışdı ki, seçkilərdə iştirak edə bilməmişdilər. Buna baxmayaraq 2-ci Dumada millət vəkilləri ilə Stolıpinin başçılıq etdiyi heyət heç cür barışığa gələ bilməmiş və müzakirə didişmə ilə nəticələnmişdi.
Stolıpin 2-ci Dumanı dağıtmaq üçün bəhanə axtarırdı. Nəhayət, bir çarə tapa bildi. Guya, deputat sosial-demokrat Ozolun evində aparılan axtarış zamanı 55 nəfər sosial-demokrat deputatın çar rejimini devirmək üçün hazırladıqları sui-qəsd planları ələ keçmişdi. Bundan istifadə edilərək 1907-ci il iyulun 3-də Duma buraxılmışdı. Beləliklə 55 nəfər sosial-demokrat və başqa hərəkatlarda iştirak edən millət vəkilləri Sibirə sürgün olunmuşdular. Bununla yanaşı yeni seçki qanununa əsasən 1907-ci il noyabrın 1-də 3-cü Dumaya seçkilər keçirilməsi elan olunmuşdu.
Yeni seçki qanunu, seçkilərdə iştirak etmək hüququnu xalqın əlindən almış və bu hüququ zadəganlara, torpaq ağalarına, yüksək məmurlara, böyük tacirlərə və sənayeçilərə vermişdi. Bu hadisəni siyasi tarixçilər 1905-ci il inqilabının sonu kimi qəbul etmiş və elə zənn etmişlər ki, çar və baş nazir Stolıpin artıq bu hərəkatın qarşısını ala bilmişdir (Vitte. II cild, səh. 387-397).
1905-ci ilin noyabrında V.Lenin Avropadan Rusiyaya qayıdır. O illərdə Peterburq “Fəhlə Soveti” menşeviklərin, Moskva “Fəhlə Soveti” isə bolşeviklərin əlində idi. 1906-cı ilin yazında və payızında yenidən fəhlələr və kəndlilər tətillərə başlayırlar. Sənaye mərkəzlərində bir milyondan çox işçi tətil edir. 1907-ci ildə isə tətilçilərin sayı 740 minə çatır. Sveaborqda dəniz piyadalarının, Reveldə “Potuan Azeva” zirehli gəmisinin dənizçilərinin üsyanı silah gücünə yatırılır.
Rusiyada, 1907-ci il iyulun 3-də Stolıpin irticası adlanan dövr başlanır. Stolıpin inqilabçılara divan tutmaq, məhkum millətləri əzmək üçün müxtəlif tədbirlərə əl atır. Uzaq Şərq cəbhəsində yaponlara məğlub olan rus əsgərləri artıq vətənə qayıdırdılar. Vittenin Fransadan borc aldığı 843 milyon qızıl pul çarın taxt-tacını müvəqqəti də olsa qoruya bilir. Amma Rusiya inqilablardan yaxa qurtara bilmir.
Qafqaz müsəlmanları birinci və ikinci Dumaya 39 millət vəkili göndərdikləri halda üçüncü Dumaya on millət vəkili göndərə bildilər. Polyaklar isə 37 millət vəkilindən 14 millət vəkili göndərməyə nail olmuşdular. Daha çox rus şovinist millət vəkilləri Dumada iştirak etdiyi üçün öz istəklərini həyata keçirə bilirdilər. Başqa millətlərin nümayəndələrinə olduqca sərt davranırdılar. Bir türk millət vəkili kürsüyə çıxıb öz hüquqlarını tələb etdiyi zaman onu yerdən təhqir edir, “rədd olun, gedin Türkiyəyə” deyə qışqırırdılar. Çox vaxt da müsəlman millət vəkillərinə danışmaq üçün söz verilmirdi. Göründüyü kimi rus şovinistləri başqa millətlərə yuxarıdan-aşağıya baxır, hətta onları bir millət kimi tanımaq belə istəmirdilər.
1905-ci il inqilabı zamanı finlərə, polyaklara, ukraynalılara və müsəlmanlara verilən mədəni haqlar geri alınırdı. Türk millət vəkilləri məhsuldar torpaqların ruslar tərəfindən kəndlilərin əllərindən alınaraq başqa yerlərə köçürülməsi siyasətinə qarşı çıxır, onların bu əməllərini pisləyirdilər. Amma türk millət vəkillərinin bu istəkləri rus şovinist millət vəkilləri tərəfindən rədd edilirdi (Milyukov, səh. 215).
4-cü Dumada zadəganların nümayəndələri 34%-dən 51%-ə qədər çoxalmışdı. Kəndlilərin nümayəndələri 43%-dən 24,4%-ə, fəhlələrinki isə 3,4%-dən 2,3%-ə qədər azalmışdı. Rus cəmiyyətinin başqa siniflərilə birlikdə məhkum millətlərin millət vəkillərinin sayı 24,2%-ə enmişdi. Birinci Dumada türklərin 46 nümayəndəsi olduğu halda, 4-cü Dumada 7 deputat qalmışdı.
Dumada millət vəkillərinin ümumi cəmi 440 nəfər idi. Yeni Dumada 315 millət vəkili birləşərək öz aralarında “Proqressiv qrup” adlanan bir qrup yaradırlar. Bu “Proqressiv qrup”un millət vəkilləri yeri gəldikdə çarın nazirlərini tənqid edir və sorğu-suala çəkirdilər.
Rus Dumasının Qərb parlamentindən fərqli cəhətləri vardı. Dumada tənqid olunan hər hansı bir nazir istefaya getmirdi. Əksinə, çarın və saray adamlarının yanında daha da hörməti artırdı. Bütün bu çətin siyasi vəziyyətə baxmayaraq rus xalqı, məhkum millətlər Dumaya ümidverici nəzərlərlə baxırdılar. Çünki cəzaya düçar olmadan öz istək və arzularını Dumanın kürsüsündən söyləyə bilirdilər. Yalnız burada xalq çar rejiminin düzgün siyasət yeritmədiyini, haqsız işlər gördüyünü senzuradan keçmədən deyə bilirdi.
Beləliklə, 1905-ci il inqilabı 1907-ci ildə susdurulduqdan sonra və Rusiya birinci dünya müharibəsinə başlamazdan əvvəl imperatorluğun siyasi vəziyyəti qısaca bundan ibarət idi.
1905-ci İL BİRİNCİ RUS İNQİLABININ AZƏRBAYCANA TƏSİRİ
Azərbaycan XX əsrə yetişmiş bir xalq olaraq, özünün qüvvətli və savadlı ziyalı dəstəsi ilə qədəm qoyurdu. Siyasət meydanında özünü göstərə biləcək, Qərbin və Rusiyanın müxtəlif universitetlərində təhsil almış təcrübəli şəxslər olduğu kimi, ədib, şair, jurnalist, yazıçı, musiqiçi, müəllim və mədəni, sosial işlərin öhdəsindən, bank sahəsində çalışan burjua kapitalistləri də vardı. Bu mütəxəssislər Azərbaycan qarşısında milli, demokratik istiqamətdə borcunu yerinə yetirmək üçün əlverişli şərait gözləyirdilər. Azər xalqının görkəmli ziyalı dəstəsi belə bir dövrün gələcəyinə inanırdı.
Yaponlarla müharibədə rus imperiyasının məğlub olmasını azərlər sevinclə qarşıladılar. Ziyalılar vaxtı qabaqlamaqla bir şey əldə edə bilməyəcəklərini çox yaxşı başa düşür və yaşadıqları dövrü çox dəqiq qiymətləndirirdilər. 1905-ci ildə rus senzurası tərəfindən Məmmədağa Şahtaxtlının Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus” qəzeti qadağan olunduqdan sonra qəzetin mətbəəsini Bağırzadə adlı bir tacirin köməkliyilə C.Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadə almış və “Qeyrət” nəşriyyatı adlandırmışdılar.
“Qeyrət” nəşriyyatında ilk dəfə gizli surətdə Ömər Faiq Nemanzadənin “Dəvət” adlı 36 səhifəlik bəyannaməsi nəşr olunur. İkinci nəşr olunan kitab isə C.Məmmədquluzadənin “Poçt qutusu” adlı kitabıdır. Ö.F.Nemanzadə “Dəvət” adlı kitabında azəri xalqına belə xitab edir: “Mərifətlilərin ayaqları altında heyvanlar kimi əzilməmək üçün qeyrət və hərəkətə gəlməyimiz lazımdır, labüddür. Bizim üçün istifadə və tərəqqi qapısı indi təbii ki, top, tüfəng, dinamitlə açılmaz. Onlar “bu halda” bizim heç bir işimizə yarıya bilməzlər. Biz bu gün hər xahişin, hər arzunun, hər fikrin anası və kökü olan maarifin, mətbuatın yeganə bir qüvvə olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir – mətbuatdır” (“Ədəbiyyat və incəsənət” qəzeti, № 28, 12 iul 1969-cu il, səh. 12. Sahib Rzayev. Bakı).
Ö.F.Nemanzadə bu bəyannaməni nəşr etdirdiyi zaman 1905-ci il inqilabından heç bir əsər-əlamət yox idi. Bəyannaməyə “Dəvət” adının qoyulması Azər xalqının və ziyalılarının o zamanki ictimai vəziyyətini açıqcasına göstərir. Bəyannamə olduqca cəsarətli, mübariz və inqilabi ruhda yazılmışdı. 1905-ci il inqilabı bu yolu açdı və şimşək kimi Azərbaycanı bürüdü.
Yeri gəlmişkən bir məsələni də aydınlaşdırmaq istəyirəm. Azərbaycanın sosial, mədəni, siyasi inkişafını araşdıran sovet yazıçıları iddia edirlər ki, o zaman “Sosial-demokrat partiyası”nın Azərbaycana böyük təsiri olmuş və bu hərəkatda bolşeviklər əsas rol oynamışlar.
Elə zənn edirəm ki, bu məsələ barəsində mübahisə etmək bizi mövzumuzdan yayındıra bilər. Ona görə də qısaca olaraq bildirmək istəyirəm ki, 1920-ci ildə Qızıl Ordu Azərbaycana gəlməzdən əvvəl bolşeviklərin heç bir təsiri və rolu olmamışdır. Tədqiqat əsasında bu məsələ asanlıqla aydınlaşdırılacaqdır.
1905-ci il fevralın 18-də çar Dövlət duması layihəsinin hazırlanmasına dair bəyanat verir. Azərbaycanın “Millət xadimləri” də (o zaman belə adlanırdı – H.B.) layihədə xalqının siyasi, sosial, mədəni, iqtisadi və başqa ehtiyaclarının nəzərə alınmasına çalışırdılar.
1905-ci il martın 5-də Bakı şəhər duması daxili işlər naziri Bulıginin qəbuluna nümayəndə heyəti göndərmək qərarına gəlir. Bakı şəhəri daxil olmaqla, Qafqazın bütün şəhərlərindən seçilmiş nümayəndələr Peterburqa getməli və Bulıginin rəhbərliyi altında “xalq nümayəndəliyi” məsələsini həll etməli idilər. 1905-ci il martın 15-də ziyalılar Azərbaycanın tanınmış milyonçularından olan Hacı Zeynalabdin Tağıyevin evində yığıncaq keçirirlər. Bu yığıncaqda qərara alınır ki, Qafqazda vaxtı çoxdan çatmış islahat aparılması üçün Rusiyanın hökümətinə ərizə göndərsinlər. Ərizəni Peterburqa aparmaq üçün bütün Qafqaz xalqlarından nümayəndə heyəti seçilməsinin zəruri olduğu müdafiə olundu. Bu məqsədlə nümayəndələrin seçilməsi üçün Tiflis, Yerevan, Naxçıvan, Lənkəran, Quba, Şamaxı, Gəncə, Şuşa, Göyçay, Salyan, Nuxa, Qazax, Dərbənd, Teymurxan-Şura və başqa şəhərlərə teleqramlar göndərildi. Bakı şəhərini Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Şəmsi Əsədullayev, Atakişi Əliyev, Nəcəfqulu Sadıqov və başqaları təmsil edirdilər.
Bu ərizə sadəcə tələblərdən ibarət olmayıb “Ümumi milli haqq istəyi” şəklində əsaslandırılmış uzun və memorandum mahiyyətində yazılmışdır. Layihənin hazırlanmasında Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin çox böyük rolu olmuşdur. Layihədə göstərilirdi ki, müsəlmanların həyatı cəmiyyətdə olduğu kimi iqtisadiyyatda da sıxışdırılmışdır. Şəhər məclisinə nümayəndələr seçkisinə məhdudiyyətlər qoyulmuşdur. Mülki və hərbi idarələrdə yüksək vəzifələrdə çaşılmalarına, orta və ya ali təhsilli müsəlmanların arzu etdikləri sənəti seçmələrinə, pedaqoji sahədə çalışmalarına, müsəlman olan tələbələrin dövlət təqaüdündən istifadə edə bilmələrinə icazə verilmir. Rus tacirlərinə verilən hüquqlar türk tacirlərinə verilməmişdir. Uşaqların ana dilində təhsil almalarına izn verilmir. Ana dilində qəzet, jurnal, kitab nəşr etdirmək hüququndan məhrum olmaq və başqa bu kimi istəklər öz əksini tapmışdır.
Ərizədə 1864-cü ildə Qafqaz üçün hazırlanan məhkəmə quruluşu nizamnaməsinin artıq zamanın tələblərinə cavab vermədiyi göstərilirdi. Qeyd olunurdu ki, müsəlmanların adət və ənənələrini yaxşı bilən hakimlər, o cümlədən mülki işlər üzrə hakimlər yerli adamlardan seçki yolu ilə seçilsin.
Ərizədə Qafqazda yerli idarələrin yaradılması və bu idarələrin tam mənasında inzibati idarənin müdaxiləsi olmadan müstəqil olması, müsəlman xalqı üçün yerli idarədə heç bir məhdudiyyət qoyulmaması, Qafqaz müsəlmanlarına şəxsiyyət və ərazi toxunulmazlığı, fikir, söz, mətbuat azadlığı verilməsi və bunlara qarşı duran bütün qanunların ləğv edilməsi tələb olunurdu.
Layihədə kəndli məsələsinə də toxunulurdu. Torpaqsız və az torpaqları kəndlilərə torpaq verilməsi və vergilərin yerli şəraitə görə ədalətli olaraq təyin edilməsini istəyən azəri ziyalılar hansı torpaqların paylanması və nə miqdarda verilməsini də göstərirdilər. Kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi məsələsi üzərində israrla dururdular.
Peterburqa Kazan, Ural, Krım türklərindən də belə ərizələr göndərilmişdi. Onlar da milli mədəniyyətə, dilə, adət və ənənələrə, xüsusilə dinə qarşı olan təzyiqlərin tezliklə aradan götürülməsini tələb edirdilər.
1905-ci ilin bahar və yay aylarında Bakıda başlanan milli hərəkat, Azərbaycanın digər şəhərlərinə də yayıldı. Çar idarəsinin qoyduğu məhdudiyyətlərə baxmayaraq Gəncə bələdiyyəsinə seçkilər zamanı 55 nümayəndə seçilmişdi. Bu seçkilər çar idarəsi tərəfindən təsdiq olunmasa da milliyyətcə türk olan 55 nümayəndənin iştirakı ilə bələdiyyənin iclası davam etdirilirdi.
Gəncə yaxınlığındakı Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanları ilə azərtürklərin siyasi, sosial, iqtisadi ehtiyaclarını anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətlərinin yaradılması zərurətini izah etdi. İclasda qərara alındı ki, Gəncə qəzasında və vilayət mərkəzində yaradılması nəzərdə tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat vermək üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması Adilxan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Ələkbər bəy Xasməmmədov və Cahangirxan Xoyskiyə həvalə olundu. Bundan başqa Ə.Topçubaşov, A.Ziyadxanov və Ə.Xasməmmədovdan ibarət üç nəfərlik heyət seçildi. Onlara Gəncə bələdiyyəsinə aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətləri haqqında qanun dəyişdirilincəyə qədər yeni seçkilərin dayandırılması üçün rus idarələrində çalışan vəzifəli şəxslər qarşısında təşəbbüs qaldırılması tapşırılır.
1905-ci il aprelin 2-də Bakı şəhərindən göndərilən nümayəndələri (Topçubaşov daxil olmaqla) daxili işlər naziri Bulıgin Peterburqda qəbul edir. Nazir nümayəndə heyətinə söz verir ki, Qafqaz xalqının yerli seçkilər hüququna qoyulan məhdudiyyət məsələsinə tezliklə baxılacaqdır. Nümayəndə heyəti nazirdən rus xalqı üçün aparılacaq islahatda Qafqaz xalqlarının da arzu və istəklərinin nəzərə alınmasını və bu yığıncaqda onların da nümayəndəsinin iştirak etməsini xahiş edir.
Bu zaman Azərbaycan mətbuatında xalqı oyanışa, birləşməyə çağıran yazılar dərc olunur, bu inqilabdan haqq və hüquq mübarizəsində mümkün qədər çox şey əldə etmək lazım olduğu fikri irəli sürülürdü. Əlibəy Hüseynzadənin nəşr etdiyi “Həyat” qəzeti yazırdı: “Əgər biz irəliləmək və həyati varlığa sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə bilər” (“Həyat” qəzeti, № 1, 7 iyun 1905-ci il).
“Kaspi” qəzetində isə Əhməd bəy Ağayev yazırdı: “Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar” (“Kaspi” qəzeti, № 57, 30 mart 1905-ci il).
Dünənə kimi uşaqları üçün ana dilində məktəb açmaq imkanı olmayan, qəzet nəşr etdirə bilməyən, seçki hüququ məhdudlaşdırılan və daha bir sıra haqları əlindən alınan bir xalqın birdən-birə nailiyyətlər əldə etməsi çar höküməti üçün gözlənilməz bir sürpriz oldu.
İnqilaba qədər bütün hüquqlardan məhrum olan türklər artıq nümayəndələrini imperatorluğun daxili işlər nazirliyinin qəbuluna göndərir, öz haqlarının, hüquqlarının tanınmasını israrla tələb edirdilər. Bu nə deməkdir?..
Buna II Nikolay, saray əyanları, nazirlər, generallar, necə dözürdülər? Necə səbr edirdilər?..
Bu hadisələr Qafqaz müsəlmanlarının apardıqları açıq bir milli azadlıq mübarizəsi idi... Rus imperiyasının zəiflədiyi bir vaxtda Qafqaz xalqlarını inqilabdan uzaqlaşdırmaq üçün tezliklə tədbir düşünmək lazım idi.
Beləliklə, onlar belə bir tədbirə nail oldular. Çar Qafqazda olan yüksək məmurlarına gizli şəkildə göstəriş verir. 1905-ci ildə ermənilərin müsəlmanlara qarşı qırğına sövq etdirir.
Ə.Topçubaşov çalışırdı ki, Azər xalqının istəklərini həyata keçirə bilsin. O, Azər xalqının siyasi azadlıq əldə etməsi üçün çalışdığı kimi, Rusiyada yaşayan başqa müsəlmanlarla da yaxından əlaqə saxlayırdı. Bununla, Ə.Topçubaşov “panislamist” siyasətini həyata keçirmək fikrində deyildi, bu bir taktiki ehtiyac idi. Ə.Topçubaşov Kazan, Krım, Türküstan, Dağıstan və Şimali Qafqaz vilayətlərində yaşayan müsəlmanların azadlığını, az da olsa siyasi hüquqlara nail olmasını, müsəlmanların birləşərək öz azadlıqları uğrunda mübarizə aparmalarını istəyirdi və bunun üçün də yorulmadan çalışırdı. Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teoretik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azər xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi. Bu məqsədlə yazılan və Bakıda tanınmış ziyalıların, tacirlərin, kənddən gələn (torpağı olmayanlar da gəlirdi) nümayəndələrin məclisində yekdilliklə qəbul edilən rus hökümətinə veriləcək “Haqq istəyi” layihəsini göstərə bilərik.
QAFQAZ MÜSƏLMANLARININ TƏLƏBLƏRİ
1 – Müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, müsəlmanlar üçün qanunla və fərmanlarla təsdiq olunan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır.
II – Rusiyada seçkilər əsasında təsis olunacaq qanunverici məclislərin, idarə müəssisələrinin hamısında azad şəkildə seçilmiş müsəlman nümayəndələri ruslarla eyni hüquqa malik olmalıdırlar; müsəlmanlara öz problemlərini həll etmək ixtiyarı verilməlidir; dövlət və ya ictimai idarələrdə öz istəklərinə uyğun olaraq çalışmaq və ölkənin müxtəlif yerlərində istədikləri sənətlərə yiyələnmək hüququ əldə etməlidirlər.
III – Onlara ölkənin hər yerində azad yaşamaq hüququ verilməli; mülkə hər yerdə malik ola bilmək; hər yerdə ticarətin bütün növü ilə məşğul olmaq; nigah və miras kimi ailə kimi ailə məsələlərində İslam şəriətinin qanunlarına hər zaman əməl etmək hüququ müsəlmanların ixtiyarına verilməlidir.
IV – 1) Azad din hüququ ilə bərabər, hər yerdə, hər zaman bütün dini vergiləri azad ala bilmək hüququ; 2) Bütün ruhanilərin, müftilərin, şeyxülislamların, məhəllə ruhanilərinin xalq tərəfindən təyin edilməsi, seçilməsi hüququ müsəlmanlara verilməlidir; ruhani idarələrinə daxili işlər nazirliyi deyil, xalq özü nəzarət etməlidir; 3) Xarici ölkələrdə ilahiyyat təhsili almış şəxslərə də ruhani idarələrində işləmək hüququ verilməlidir; ruhaniçilik üçün rus dilini bilmək məcburiyyəti aradan qaldırılmamalıdır; Qafqazın bütün vilayətlərində, nahiyələrində dini məclislər təşkil edilməli və bu məclislər Tiflis ruhani idarəsinə tabe olmalıdır.
V – Məscidlərin və müqəddəs yerlərin qəsb edilmiş vəqfləri (keçmişdə məscidlərə və dini idarələrə bağışlanan, verilən yer və ya əmlak. – tər.) geri qaytarılmalı, onların idarəsi, bütün təsərrüfatı müsəlmanlardan seçilmiş müdirlərin ixtiyarına verilməlidir.
VI – İbtidai tərbiyə ümumi, məcburi, pulsuz olmalıdır. Qafqaz müsəlmanlarına bütün məktəblərdə, mədrəsələrdə xalqın təlim-tərbiyəsinə nəzarət etmək hüququ verilməlidir; məktəblərdə, mədrəsələrdə ilahiyyat, ana dili, milli ədəbiyyat, milli tarix dərsinin tədris edilməsinə icazə verilməlidir; bütün dərsləri milli dildə olmaq şərti ilə hər növ məktəbi təsis etmək işində müsəlmanlar tam azadlığa yanaşı böyük hüquqlar əldə etməlidirlər; mədrəsələr, dini və ya ali məktəblər təsis edib öz istəklərinə əsasən müəllimlərini dəvət edə bilmə hüququ, mətbuat azadlığı əsasında bütün dillərdə kitab, kitabça, qəzet, jurnal nəşr etmək, bu mətbuatların hər biri ilə ticarət etmək hüququ, kitabxanalar açmaq, xalq auditoriyaları təsis etmək hüququ, ümumiyyətlə, həm xeyriyyəçilik, həm maarif müəssisələri təsis etmək hüququ hər yerdə, hər zaman müsəlmanlara həvalə olunmalıdır.
VII – Təhkimçilik rejiminin bugünkü qalıqlarını ləğv edib, torpaqların kəndlilərə satılması hökümətin qərarları ilə həyata keçirilməlidir, kənd təsərrüfatı bankları təsis edilməli, istifadəsiz qalan dövlət torpaqları torpaqsız və ya az torpaqlı əkinçilərə verilməli, Qafqaza rus kəndlilərinin köçürülməsinin qarşısı tamamilə alınmalı, Qafqaz müsəlmanlarının qışlaq, yaylaq yerləri, meşə və su kimi ehtiyacları təmin edilməlidir. Dağıstan və Şimali Qafqaz dağlı xalqları üçün 1900-cü il iyulun 12-də çıxarılan və bu xalqların bütün torpaqlarının xəzinə malı sayılmasına dair qanun ləğv olunmalıdır.
VIII – Bugünkü ağır vergiləri mümkün qədər yüngülləşdirmək; hər növ vergiləri yerin xüsusiyyətlərinə, xalqın imkanına görə almaq; vergilərin miqdarını, məsrəflərini təyin edərkən müsəlman vəkilləri də hər zaman dəvət olunmalıdır.
IX – Fabriklərdə, zavodlarda, emalatxanalarda işləyən işçilərin güzəranlarını, həyat şəraitlərini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər və bütün qanunlar müsəlman işçilərinə də şamil edilməlidir. Bütün işçilərin hüquqlarını himayə edə biləcək qanunları yerinə yetirmək, həyatlarını qorumaq üçün dövlət sığortası təşkilatı yaradılmalıdır.
X – Qafqazda andlı hakimlər məhkəməsi, seçilmiş sülh hakimləri təsis edilib, sülh məhkəmələrinin prosesini xalqın dili ilə (türkcə) icra etmək ixtiyarı verilməlidir.
XI – Dövlətin daxili vilayətlərində “zemstva” (məhəlli idarə) ədarələri hansı üsulda təsis ediləcəksə, Qafqaz müsəlmanlarına da o üsulda tam səlahiyyətli “zemstva” idarələri təsis edilməlidir.
XII – Şəhər idarələrində islahat aparılaraq bu idarələr dövlət inzibati idarəsinin müdaxiləsindən azad edilməlidir.
XIII – F[vqəladə olaraq çıxarılan bütün qanunlar ləğv olunmalıdır. Din, söz, mətbuat, yığıncaq, şirkət azadlığı, ərazi, şəxsiyyət toxunulmazlığını himayə məqsədilə həyata keçirilmiş və ya keçiriləcək bütün tədbirlər və qanunlar müsəlmanlara da şamil edilməlidir.
XIV – Qafqaz müsəlmanlarının ərazi ehtiyaclarına dair həyata keçiriləcək bütün qanunlar və bütün tədbirlər Tiflisdə müsəlman vəkillərinin iştirakı ilə müzakirə edilib, həll olunmalıdır.
XV – Bu il 18 fevral fərmanı ilə keçiriləcək müzakirə məclisinə Qafqaz müsəlmanlarından da vəkillər dəvət edilməlidir.
Qeyd etmək istəyirəm ki, bu məlumatlar Musa Carullah Biqinin[7] “İslahat əsasları” (Petroqrad, 1915, səh. 159-162) kitabından götürülmüşdür.
Əsarətdə yaşayan türklər o dövrdəki geopolitik vəziyyətlərini dilə gətirən ərizə ilə öz nümayəndələrini Peterburqa göndərdilər. Bu türk heyətlərinin Peterburqa gəlişlərini M.C.Biqi belə anladır: “O gün Rəşid əfəndi, Binyamin əfəndi Petroqrada səfər etdi. Bir həftə sonra Kazandan da vəkillər gəldilər. O əsnada hər vilayətin müsəlman vəkilləri gəlib, bir-bir qraf Vitte cənablarını ziyarət etdilər. Vəkillərin Peterburq qəzetlərində adları da yazıldı. Çarın baş vəkili qraf Vitte müsəlman vəkillərinin heç birini rədd etmədi. Hər birini iltifatla qəbul etdi, xoş gəldin söylədi. Bir neçə gün sonra Peterburqa Qafqazdan Əlimərdan bəy Topçubaşov, Əhməd Ağayev, Əli bəy Hüseynzadə cənabları kimi bir neçə nümayəndə gəldi.
Həmin dövrdə qraf Vorontsov Qafqaza canişin təyin edildi. Əlimərdan bəy Topçubaşov qrafın hüzuruna gedib “Həyat” qəzetinin nəşri üçün icazə aldı. Beləliklə, qəzetlə əlaqədar olaraq Əlimərdan bəy Rəşid əfəndi cənablarını ziyarət etdi. Rəşid əfəndi məmnuniyyətlə “Həyat” qəzeti ilə əməkdaşlıq etməyə razılıq verdi.
Bir müddət sonra Krım vəkilləri də gəldilər. Vəkillər iki-iki, üç-üç toplaşaraq onları maraqlandıran mövzular ətrafında müzakirələr edirdilər. Beləliklə, ümumi bir konqres çağırmaq fikri o zaman qəbul edildi. Bütün bu hadisələr 1905-ci il mart-aprel aylarında cərəyan edirdi.
Çistaydan gəlmiş vəkillər arasında Zakir Həzrət oğlu İbrahim əfəndi Şövkət də var idi. İbrahim əfəndi Şövkət bacısı Aliyə xanımın mayın 20-də olacaq nigah məclisinə Peterburqa gəlmiş vəkillərin hamısını dəvət edir. Onun əsas məqsədi məclisdə Ümumrusiya müsəlmanlarının vəziyyətinə dair məsələləri müzakirə etmək idi.
Əlimərdan bəy “Həyat” qəzetinin nəşrinə başlamaq və qafqazlıları bu məclisə dəvət etmək üçün Peterburqdan geri dönür. Bu səbəbdən məclisin mərkəzi yarmarkada keçirilməsi qərara alınır. Əlimərdan bəy geri dönərkən bu məclisə gələcəyinə söz verir” (M.C.Biqi. İslahat əsasları, səh. 8-11).
“Həyat” qəzeti nəşrə 1905-ci ilin iyulundan başlamışdır. 1905-ci il inqilabının azərtürklərə gətirdiyi mətbuat “Həyat”la başlamış, bunu 1906-cı ilin aprelində “Molla Nəsrəddin” jurnalı davam etdirmişdir. İnqilabdan istifadə edən türklər hər şeydən öncə ruslaşdırma siyasətinə, türk torpaqlarına rus kəndlilərinin köçürülməsinə qarşı öz etirazlarını bildirirdilər. Həmçinin tələb edirdilər ki, məktəblərdə dərslər ana dilində - türkcə aparılsın.
1870-1884-cü illərdə çar fərmanı ilə türklər üçün tərtib olunan dərsliklərdə açıq-aşkar ruslaşdırma siyasəti öz əksini tapırdı. M.C.Biqi bu barədə belə deyirdi: “Sular axdı, vaxt keçdi, əsrlər ötdü, nəhayət tarixin hökmü ilə Rusiya 1905-ci il oktyabr günlərinə yetişdi. Oktyabrın 17-də azadlıq fərmanı elan edildi. Heç bir millətin dininə, məktəbinə, mədrəsəsinə, məscidinə, ərazisinə toxunmamaq prinsipi çarın fərmanında öz əksini tapdı. Dövlət qaydaları yeni və sağlam əsaslar üzərində yaradıldı... Nəhayət, 1906-cı il yanvarın 14-də maarif naziri qraf İvan Tolstoyun raportu ilə “yabançı” millətlərin ibtidai məktəbləri haqqında 37 maddədən ibarət nizamnamə imperator həzrətlərinin fərmanı ilə təsdiq olundu. 1906-cı il martın 31-də isə çarın fərmanı maarif nazirliyi tərəfindən elan edildi. Nizamnamədə olan maddələrdən bəzilərini aşağıda qeyd edirik:
Maddə 2 – Yabançı millətlərin ibtidai məktəbləri, fikir, əxlaq, məişət cəhətindən o xalqın tərəqqisinə, həm dil, həm də adət baxımından ruslarla yaxınlaşmalarına xidmət etmək məqsədilə təsir olunmalıdır.
Maddə 13 – Yabançı millətlərin dərs kitabları həmin xalqın dilində rus hərfləri ilə nəşr olunmalıdır. Hər hansı bir xalqın milli əlifbası varsa, dərs kitabları həm milli, həm də rus əlifbası ilə nəşr olunmalıdır.
Maddə 21 – Xristianlığı təbliğ edən kilsə mahnılarının digər millətlərin qəlbinə yol tapması üçün bütün məktəblərdə kilsə mahnıları oxunmalıdır. Kilsə mahnıları həm rus dilində, həm də milli dildə oxuna bilər. Başqa mahnılar isə rus dilində oxunmalıdır.
Maddə 27 – Yabançı millətlərin məktəblərində, mədrəsələrində kilsə mahnıları lazım olmasa da, digər millətlərin uşaqlarına əxlaq tərbiyəsi vermək məqsədilə mahnılar həm rus, həm də ana dilində öyrədilməlidir.
Əgər yabançı millətlər övladlarına öz dini mahnılarını öyrətmək arzusunda olsalar, məktəb müdiri müavinindən icazə almalıdırlar” (M.C.Biqi. Eyni adlı kitabı, səh. 244-245).
Beləliklə, Birinci Rus inqilabının əsarətdə yaşayan türklərə bəxş etdiyi təhsil azadlığı (?) bunlardan ibarət idi.
İkinci Dumada Azərbaycan millət vəkili seçilən müəllim Mustafa Mahmudov Duma kürsüsündən yuxarıda qeyd etdiyimiz bəzi maddələrin türklərin təhsil azadlığını məhdudlaşdırdığını, ana dilində təhsilə izn verilmədiyini göstərdikdən sonra maarif büdcəsini tənqid edərək belə demişdi: “Biz, müsəlman müəllimlər maarif sahəsində hər hansı bir yeri almaqdan məhrum edilmişik. Bu vəziyyətdən maarif naziri heç utanırmı?.. Rus olmayan millətlər, xüsusilə türklər üçün maarif nazirliyi tərəfindən açılan məktəblər bomboşdur. Çünki maarif nazirliyi bu məktəblərdə müqəddəs olan bir şey qoymamışdır. İnsanlıq adına nə varsa hamısı silinmiş, sökülüb atılmışdır”. Mustafa Mahmudov sözünə davam edərək demişdir ki, “Rus dövləti Zaqafqaziyada yerləşən polis idarəsi üçün ildə 2.361.460 məbləğində pul ayırdığı halda, rus olmayan millətlərin təhsilinə cəmi-cümlətanı 114.000 manat pul ayırmışdır” (Duma protokolundan yazılanlar. 1907-ci il, səh. 165-166).
Ufa vilayətinin millət vəkili Həsənoğlu “Başqırd uşaqlarının və ümumiyyətlə 25 milyon türk xalqının məktəblərində tətbiq olunan yalançı dərs sisteminin aradan qaldırılması” təklifini irəli sürdükdə, Dumada olan rus millət vəkilləri hamısı bir ağızdan: “Rədd ol, get Türkiyəyə” – deyə qışqırırlar. Beləliklə, rus çarının fərmanından, Dumadan gələn səslərdən belə qənaətə gəldim: RUS ƏSARƏTİ VƏ RUS MÜSTƏMLƏKƏÇİLİYİ...
Dumada başqa türdilli millət vəkillərinin də istəkləri bir nəticə vermir, buna görə də bu barədə uzun-uzadı yazmaq istəmirəm.
Azəri və başqa türk xalqlarının Dumada irəli sürdükləri, üzərində durduqları, uğrunda mübarizə apardıqları türk məktəbləri və ana dilində təhsil məsələləri bu əsir xalqların gündəlik həyatlarında da aktual bir məsələ olmuşdu. 1906-cı ilin avqustunda Həsən bəy Zərdabinin, Nəriman Nərimanovun və başqa tanınmış türk pedaqoqlarının təşəbbüsü ilə Bakıda azərtürk müəllimlərinin ilk qurultayı toplanmışdı. Bu qurultayda ibtidai və orta rus-tatar məktəblərində azəri dilinin başqa fənn dərsləri kimi məcburi keçirilməsi, rus proqramının buna görə hazırlanması, kənd müəllimlərinin həyat şəraitinin yaxşılaşdırılması, Azərbaycanda xüsusi müəllim seminariyası təşkil edilməsi, qadınların təhsilinə əhəmiyyət verilməsi müzakirə edilmiş və bu istiqamətdə bəzi qərarlar həyata keçirilmişdi.
Gördüyümüz kimi azərtürklər öz mədəni, sosial problemlərini həll etməyə çalışmış və siyasi hüquqları üçün mübarizəyə başlamışdı. Bu yolun azəri xalqını azadlığa apardığını tarix sübut etdi... Əsarətdə yaşayan türklərin Birinci Dumada 46 millət vəkili vardı, İkinci Dumada bu sayı mühafizə etmişdilər. Üçüncü Dumada seçki qanununun türklər və sol partiyalar əleyhinə azaldılması üzündən türklərin millət vəkilinin sayı 10, Dördüncü Dumada isə 7 nəfər olmuşdu.
Birinci Dumada Azərbaycan millət vəkilləri Ə.Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov və başqaları idi. İkinci Dumada Fətəli xan Xoyski, Xəlil Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov, Zeynal Zeynalov idi. Onlar Bakı və Gəncə vilayətlərindən seçilmişdilər.
Azəri xalqını bu dövrdə yazı dili, ədəbi dil məsələsi də çox düşündürürdü. Əli bəy Hüseynzadə “Tərəqqi” qəzetində dərc etdirdiyi “Yazımız, dilimiz və ikinci elimiz” başlıqlı yazısında Osmanlı ədəbi dilini qəbul edilməsini təklif edir və bu fikri müdafiə edirdi. Başda Cəlil Məmmədquluzadə və Sabir olmaqla onların ətrafına toplanan Abbas Səhhət, Firudin bəy Köçərli, Əbdürrəhman bəy Haqverdiyev azərtürk ləhcəsinin ədəbi və yazı dilinə tətbiq edilməsi fikrini irəli sürür, bu istiqamətdə yazılar dərc etdirirdilər. Ziyalıların çoxu bu fikirlə razılaşırdılar. “Molla Nəsrəddin” jurnalı bu sahədə daha çox işlər və nailiyyətlər əldə edirdi. Osmanlı ədəbi dili nəinki təkcə azər türkcəsinə, hətta Anadolu türk dialektinə belə yabançı idi.
Bu zaman ideologiya baxımından “avropalılaşmaq, islamlaşmaq və türkləşmək” fikirləri ətrafında mübahisələr gedirdi. Bütün bu mübahisələrin ətrafında azəri xalqının milli azadlıq hərəkatı dururdu. Azərbaycan azadlıq hərəkatını azərtürklərin tərəqqipərvər və vətənsevər ruhundan gələn demokratik adət-ənənələrə bağlamaq istəyən ziyalılar çoxluq təşkil edirdilər. Zamanın yazıçıları, pedaqoqları, jurnalistləri və başqa sənət sahibləri bu yolu davam etdirirdilər. Əsasən bu sahədə Abdulla Şaiq, Süleyman Sani, N.Nərimanov və başqaları daha fəal çalışırdılar.
AZƏRTÜRKLƏRƏ QARŞI ERMƏNİ HÜCUMU
Osmanlı imperiyasını “xəstə adam” adlandıran çarizm və Qərb imperializmi XIX əsrin ikinci yarısında ermənilərdən bir kozır kimi istifadə etməyə başladılar. Türklərin bu çətin vəziyyətindən cəsarətlənən və əsasən siyasi məsələlərdə çox kütbeyin olduqlarını isbat edən ermənilər “Böyük Ermənistan” yaratmaq üçün layihələr hazırladılar. Həyata keçirilməsi mümkün olmayan layihələr üzündən ermənilər dəfələrlə məğlub olsalar da yenə heç cür realist ola bilmədilər. 1890-cı ildə ermənilərin “Daşnaksutyun” partiyasını yaratdılar. Yarandığı gündən Türkiyə torpaqlarında Ermənistan dövləti yaratmaq proqramını hazırlayan “Daşnaksutyun” partiyası 1904-cü ildə Qafqaz Ermənistanını da öz planlarına daxil etdi. Ermənilərin türklərdən istədikləri vilayətlər bunlar idi: Qars, Van, Ərzurum, Xarput, Diyarbakır, Bitlis, Sivas, Adana və bir də Kilikiyanın cənubu. Erməni “Qnçak” partiyası da eyni xəyallarla yaşayırdı. Bu xəyallarla yaşayan ermənilər Anadolunun cənubuna silahlı basqınlar etdilər. 1896-cı ildə Sultan Əbdülhəmid ermənilərin Türkiyə torpaqlarında törətdikləri vəhşiliklərin qarşısını almaq üçün hücuma keçdi və erməniləri geri oturtdu. Təqib nəticəsində bir çox ermənilər qaçaraq Qafqaza sığındılar. Qaçanların ən çoxu Türkiyədə erməni hərəkatının başçıları və erməni xalqını müsəlmanların əleyhinə təhrik edən daşnak və qaçaqlar idi. 1905-ci il inqilabı zamanı rus hakim dairələri Qafqaz türklərini inqilabın bəxş etdiyi azadlıq nemətlərindən məhrum etmək üçün belə bir vəziyyətdən istifadə etməyi qərara aldılar. Halbuki, əsrlərlə Qafqazda türklərə ermənilər bir yerdə dostcasına yaşamış, aralarında mehriban qonşuluq münasibətləri olmuşdu. Hətta qədim zamanlarda ermənilər xarici düşmənlərin basqınlarına qarşı türklərlə birgə mübarizə aparmışdılar. O ki qaldı Qafqaza, buradakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər. Ermənistanın mərkəzi sayılan Yerevanda da çoxlu türklər yaşayırdı. Bütün bunlara baxmayaraq Türkiyədəki məğlubiyyətlərindən dərs almayan, Qafqazda olan yüksək vəzifəli rus məmurları tərəfindən silahlandırılan və gizli tapşırıqlar alan ermənilər Yerevan, Naxçıvan, Ordubad, Qarabağ, Şuşa, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız türklərə, dinc əhaliyə qarşı hücum edib onları öldürməyə, qılıncdan keçirməyə başladılar. Beləliklə, onlar türkləri öldürərək bu ərazilərdə çoxluq əldə etmək istəyirdilər. Öldürə bilmədikləri türkləri isə nəyin bahasına olursa-olsun öz torpaqlarından qovurdular. Ermənilərin azəri xalqının başına gətirdikləri vəhşilikləri qələmə almağa çətinlik çəkirəm. Ancaq bitərəf gürcü yazıçısından bir misal gətirmək istəyirəm. Gürcü sosialistlərindən olan Qaribi “Qızıl kitab”ında belə yazır: “Erməni inqilabçılarının, xüsusilə “Daşnaksutyun” partiyasının yaradılmasına qədər Zaqafqaziyada sülh və dostluq hökm sürürdü. Bu ölkədə türklərlə ermənilər arasında olan qanlı qırğınların kölgəsini belə xatırlayan yoxdu. Ermənilər, türklər və gürcülər əsrlərlə bir yerdə yaşadılar, hətta bu müddət ərzində heç kim millətlərarası ədavət görmədi... Daşnaklar gəldilər və sıfır ermənilərdən ibarət müstəqil Ermənistan dövləti yaratmaq istədilər. Patriarxal Qafqaz kəndlərinə milli ədavət və qarşılıqlı nifrət hissləri doldu. Ermənilərin silah oynatmaqlarına türklər də qarşılıqlı cavab verdilər” (Qaribi. Qızıl kitab, Tiflis, 1921, səh. 49).
DİFAİ PARTİYASININ YARADILMASI
Difai partiyası 1905-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Əhməd Ağayev tərəfindən yaradılmışdı. Bu partiyanın yaradılması haqqında Əhməd Ağayev öz yazılarında heç bir məlumat vermir. Əhməd Ağayevdən başqa partiyanın yaradılmasında kimlərin iştirak etməsi və proqramı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Amma onu deyə bilərik ki, partiya fəaliyyət göstərdiyi illərdə Azərbaycan xalqına çox köməklik etmişdir. Partiyanın yaranmasının əsas səbəbi azərlərin ermənilər tərəfindən qırğına məruz qalması olmuşdur. Partiyanın adından da bunu görə bilərik. Difai ərəbcə müdafiəçi deməkdir. Ağayevin ermənilərin hücumunu dəf etmək, ona qarşı mübarizə aparmaq, azəri xalqını bu qırğından qorumaq üçün yaradılmışdı... Yusif Akçuraoğlu 1928-ci ildə nəşr etdirdiyi “Türk ili” kitabında (“Türk ocaqları” nəşriyyatı) Əhməd Ağayevin tərcümeyi-halını yazaraq qeyd edir: “Türklərin ermənilərə qarşı mübarizə aparması üçün təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd Ağaoğlu 1905-ci ildə Bakıda “Fədai” adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu.
“Fədai” cəmiyyətinin fəaliyyəti sayəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə müxtəlif vasitələrlə alınmışdı. Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin “Fədai” təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq...” (“Türk dili”, səh. 441).
Yusif bəy Akçuraoğlu yanlış olaraq Difai partiyasını “Fədai” yazmışdır. İndi biz yarandığı ərəfədə Difai partiyasının nəşr etdirdiyi bəyannaməni incələdiyimiz zaman partiyanın ideyası və taktikası haqqında doğru fikir əldə edəcəyik. 1912-ci il 16 mart (A/59 nömrəli) bu bəyannamə Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdədir. Bəyannamədə deyilir:
“Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda yeni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücü ilə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz qanlı səhnə halına düşər.
Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik”.
Difai partiyasının bəyannaməsi Qafqaz müsəlmanlarının “olum, ya ölüm” mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu. İndi isə iş təşkilatdan asılı idi. Buna görə də Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə getdi. Gəncədə tanınmış vətənsevərlərlə görüşərək orada “Difai” təşkilatını yaratdı. Ələkbər və Ələsgər Xasməmmədovlar, dr. Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam molla Məmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan “Difai”[8] təşklatı komitəsinin üzvləri idilər.
Qarabağda (Şuşada) “Difai” komitəsinin üzvlərindən Nəcəfqulu ağa, Mircabbar ağa, Seyid Miriş, Əfrasiyab, Əli kişi, kürd İbrahim, İsfəndiyar Alpouti, zərgər Məmiş və başqalarını göstərmək olar.
Beləliklə, Azərbaycanın ermənilər hücum edən vilayətlərində yaradılan “Difai” təşkilatı erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı.
GƏNCƏDƏ ERMƏNİLƏRƏ QARŞI HÜCUM
Gəncə şəhəri Gəncə çayı ilə ikiyə bölünmüşdür. Şəhərin dağlıq hissəsində ermənilər, düzənlik hissəsində isə türklər yaşayırdı. Türk məhəllələri arasında Noraşen adlı bir erməni məhəlləsi də vardı. Digər türk məhəllələri bunlardı: Ozan, Zərabi, Əttarlar, İmanlı, Dördyol, Sofulu, Səfərabad, Toyuqçu, Böyük Bağban və Bala Bağban.
Ermənilər yaşayan hissədə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı, Hacıməlikli. Ermənilər ən çox bu türk məhəllələrinə hücumlar edirdilər. Hücum zamanı qadınlar, qocalar və uşaqlar Gəncə çayını keçərək türklər yaşayan məhəllələrə gəlir, kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər (əsasən qadınlar) boş qalan türk evlərini talan etdikdən sonra yandırırdılar. O zaman xalq arasında cəsarət və igidliyi ilə tanınan Tatoğlu Qara silahdaşları ilə ermənilərə qarşı vuruşaraq, onların irəliləməsinə mane olurdu. Ermənilərin təhriki ilə yaxınlıqdakı kazarmalarda yerləşən rus əsgərlərinin açdığı atəş ilə Tatoğlu Qara öldürülür, yoldaşları onun cənazəsini götürərək türklər yaşayan əraziyə keçirlər. Qara Tatoğlunun ölümü yerli camaatı çox sarsıdır. Rus əsgərləri, polislər və jandarmlar türklərin qırılmasını kənardan seyr edirdilər. Elə ki, ermənilər türklər tərəfindən sıxışdırılırdı, başlayırdılar onlara kömək etməyə.
“Difai” partiyası bu vuruşmanın qarşısını almaqda böyük rol oynayırdı. Gəncədə yerləşən “Cəmiyyəti-xeyriyyə” və “Nəşri-maarif” cəmiyyətlərinin binası qərargaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri olan Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi.
Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. Ermənilər törətdikləri vəhşiliklərin əvəzini gördülər. Hücum türklərin üstünlüyü ilə davam edirdi. Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü türklərin tərəfinə keçir, əks-hücumlar təşkil edilirdi. Rus hökümətinin Qafqazda olan yüksək vəzifəli məmurları artıq silahın geriyə təpdiyini anlamışdılar. Ermənilər təlaşa və çaxnaşmaya düşmüşdülər. Bu zaman baş qubernator Bauer hərbi komandirlərlə, tanınmış gürcü əsilzadələrilə və başqa hörmətli şəxslərlə birlikdə Ələkbər bəyin yanına gələrək hücumun dayandırılmasını xahiş etdilər. Uzun sürən müzakirədən sonra Ələkbər bəy bəzi şərtlərlə döyüşü dayandırmağa söz verdi və verdiyi sözə əməl etdi. Bir neçə gün sonra dağdan enərək vətən qarşısında borcunu yerinə yetirən və türk xalqını erməni qırğınından qurtaran qaçaqlar Dəli Alının rəhbərliyi altında Gəncədən ayrılaraq dağlara çəkildilər. Erməni zülmündən azad olan camaat onlara öz minnətdarlığını bildirdi.
Bundan sonra Tiflisdə, Bakıda, Şuşada, Şamaxıda, Gəncədə Rusiyanın yüksək vəzifəli məmurlarının, mötəbər, tanınmış gürcülərin vasitəçiliyi ilə türklər və ermənilər arasında barışıq yaratmaq üçün toplantılar keçirildi. Hər iki tərəfdə bir az sakitlik yarandı. Ancaq 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Yeri gəldikcə bu barədə də söhbət ediləcək. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, amma erməniləri türklərin əleyhinə təhrik edən çar idarəsinin fitnəsinə qarşı nə kimi tədbirlər görüləcəkdi? “Difai” partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər. Erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları “aradan” götürüləcəkdi... Bu, Difai partiyasının qərarı idi...
Şuşada ermənilərin törətdikləri qırğın zamanı onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda çarın əmisi Qrandyuk Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu fürsətdən istifadə edən “Difai” partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovu öldürmək tapşırılır. Bir həftə keçməmiş bu qərar Tiflisdə yerinə yetirilir. “Difai” təşkilatı Hüsünün təhlükəsizliyini qorumaq məqsədilə İrana qaçmasına köməkik edir. Gəncə qubernatorunun müşaviri Kreşçinski də Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün “Difai” partiyasının Gəncə təşkilatının üzvləri öz aralarında püşk atmışlar və püşk Gəncənin Topal Həsən kəndinin sakini Səmədə düşür. Kreşçinski Gəncədə evinin önündə Səməd tərəfindən öldürülür. Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək “Difai” partiyasının bir neçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülür. Şuşada xalq arasında “dəli sudya” adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün “Difai”nin Şuşa komitəsinin qərarı ilə “aradan” götürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski eyni səbəblə partiyanın qərarı ilə öldürülürlər. Bu siyahını uzatmaq olar. Bütün bunları Azərbaycanda azadlıq uğrunda mübarizənin başlanğıcı kimi qiymətləndirə bilərik.
“Difai” partiyasının üzvlərinin bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).
Ələkbər bəy Rəfibəylinin qısaca tərcümeyi-halı:
Ələkbər bəy Rəfibəyli Gəncənin tanınmış ailələrindən biri olan Həsən bəyin oğludur. Uzaqgörən və açıqfikirli Həsən bəy o dövrdə xalqın çox fanatik dindar vəziyyətinə baxmayaraq oğlunu Gəncədə rusların açmış olduğu “Progimnaziya” adlı məktəbdə oxutmuşdu. Ələkbər bəy məktəbi bitirdikdən sonra müxtəlif dövlət idarələrində çalışmış, Ağdaş qəzasının rəisi vəzifəsindən təqaüdə çıxmışdı. Bundan sonra Ələkbər bəy bütün ömrünü və gücünü, yurdunun, xalqının mədəni, iqtisadi, sosial və siyasi inkişafına sərf etmişdi. Istər məmur, istərsə də təqaüddə olduğu zaman mərd danışıqları ilə xalq arasında böyük hörmət qazanmış və hər zaman xalqın sevimlisi olmuşdur. Ələkbər bəy 1920-ci ildə, bolşeviklər tərəfindən Azərbaycan işğal edildikdən iki-üç ay öncə, səksən yaşında Gəncədə vəfat etmişdir. Gəncə ruslar tərəfindən işğal edildiyi zaman Gəncə quberniyasının general-qubernatoru olan oğludur. Xudadat bəy Rəfibəyli vəhşicəsinə güllələnir. Yaşıdlarımdan eşitdiyimə görə Ələkbər bəyin yaxşı cəhətlərini saymaqla bitməz. Ucaboylu, enlikürəkli, sərt baxışlı, ciddi görkəmli, gözütox, məntiqlə danışan, mərd, mədəni, vətənsevər bir xalq rəhbəri imiş. Milli mübahisələrin həll olunmasını öz üzərinə götürmüş və Gəncə camaatına olduğu kimi Azərbaycan xalqına da çox xeyri dəymişdir. Gəncədə “Difai” partiyası yarandığı zaman partiyanın rəhbərliyini üzərinə götürmüş və yuxarıda qeyd etdiyimiz kimi Gəncədə ermənilərə qarşı müvəffəqiyyətlə aparılan döyüşü ustalıqla və cəsarətlə idarə etmişdir.
Sovet tarixçiləri azərtürklərin qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələni edirdilər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidlərin adları “adsız” şəhidlər siyahısına qarışmış və yox olmuşdur. Mən əlimdən gəldiyi qədər sənəd tapa biləcəyim şəxslərin xatirələrini bu kitabda toplamağa çalışacağam (H.B.)
GƏNCƏ MİLLƏT VƏKİLİ
İSMAYIL XAN ZİYADXAN OĞLUNUN SÖYLƏDİYİ NİTQ
Hörmətli millət vəkilləri!
İcazənizlə Zaqafqaziyanın İrəvan, Gəncə və Bakı vilayətlərində törədilən rəzalətlərin, özbaşınalıq edən dövlət idarəsinin həyata keçirdiyi fitnəkarlıqların kiçik bir tablosunu hüzurunuzda təsvir edim. Beləliklə, sizə təklif edəcəyim tədbirlər qəbul edilərsə, etimadım artmış olar. Buraya, yəni Peterburqa gələr-gəlməz əlimə keçən “Novoye Vremya” qəzetinin səhifələrində beş il qaçaq həyatı sürmüş gəncəli bir tatarın (türkün) rəsmini gördüm. Bu rəsmin altında da belə bir yazı vardı: “Quldurluğu haqqında dastanlar söylənən Qafqaz şeytanı Dəli Alı”. Bu işarədən sonra müəllif yazısına böyük bir həyəcanla davam edərək deyir: “Zaqafqaziyada böyük həyəcanlar başlamışdır. Asiyalılar üsyan edirlər, bu hərəkatın qarşısı alınmalıdır. Çünki, Zaqafqaziya təkcə Dumanı deyil, bütün Rusiyanı öz təsiri altına ala biləcək miqdarda millət vəkili ilə Dumada təmsil edilməkdədir”.
Hörmətli millət vəkilləri!
Bu yazıdakı böhtanlar bu qədər yüksək dərəcəyə çatmasaydı, sanıram ki, mən burada hüzurunuzda bunun üzərində durmayacaqdım.
Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız. Ölkəmiz istila edilən kimi dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət müəllimlərimizin seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman məmurlar göndərildi.
Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət və xalqın nəzərində heç bir qədir-qiyməti yoxdur, buna baxmayaraq onlar bir əsrdir bizə din rəhbərliyi etmişlər. Vəqfə aid olan əmlakımız da hökumət tərəfindən zəbt edilmişdir. Bu səbəbdən müxtəlif yerlərdə xarabazarlığa çevrilən məscidlərimizin təmiri üçün illər boyu camaatdan pul toplamağa məcbur olmuşuq.
Hörmətli millət vəkilləri, çalışacağam ki, qısa danışam. Lakin bunları söyləməkdə məqsədim fitnəkarların hər cür vəsaitə malik olduqlarına sizi inandırmaqdır. Bizdə məhəlli idarələr mövcud deyildir. Bələdiyyəyə gəlincə, biz müsəlmanlara mövcud nümayəndə miqdarının ancaq beşdə birini seçmək hüququ verilmişdir. Son zamanlarda isə şəhər əhalisinin çoxu müsəlmanlar olduğu halda mövcud bələdiyyə nümayəndə siyahısının yarısına qədər bir nümayəndə seçmək hüququ verilmişdir. Xalq təhsilindən, ümumiyyətlə maarif sahəsindən danışmağa belə dəyməz. Çünki bizim kəndlərin heç birində məktəb yoxdur. Yüz kilometrlərlə gedilsə belə, hər hansı bir yaşayış məntəqəsində məktəbə rast gəlməzsiniz, halbuki bizdən maarif işləri üçün vergi toplanır. Görəsən bu pullar hara sərf edilir? Yəqin ki, heç bir işə yaramayan drednout (böyük zirehli hərbi gəmi – tər.) inşasına, yaxud da rus millətinin bu gün, bizim isə yüz ildən bəri heç birinə inanmadığımız cənab nazirlərə sərf edilir (Burada İsmayıl Ziyadxanov kinayəli bir şəkildə yaponlar tərəfindən batırılan çar donanmasını və çarın yaltaq nazirlərini nəzərdə tutur – H.B.). Bir müddət bizdə də müasir təhsil sistemi tətbiq etmək həvəsi meydana gəlmişdi. Dəlilsiz qalmamaq üçün bir hadisəyə müraciət edəcəyəm. Bir neçə il bundan əvvəl Gəncə mədrəsəsinin yanındakı bir neçə sinifli məktəbdə təhsil köhnə qayda ilə aparılırdı. Uşaqların yerdə bardaş qurub oturmamaları üçün bir neçə adam məktəbə skamya, stul və qara lövhə hədiyyə etdi. Bilirsiniz nələr baş verdi? Bunun üstündə bir çox ziyalılarımız iki ilə yaxın həbsdə oldular, amma onların mövcud quruluşu yıxmaq cəhdi barədə heç bir dəlil tapılmadığı üçün iki ildən sonra həbsdən buraxıldılar. Nəzakət xatirinə, “kiçik bir yanlışlıq olmuşdur” deyərək bununla da kifayətləndilər.
Hörmətli millət vəkilləri, biz müsəlmanlara bəzi ali məktəblərə isə sırf bir diplom əldə etmək məqsədilə girilməkdədir. Çünki ali məktəblərdən birini, məsələn, filologiya fakültəsini bitirən türk gənci diplomunu alıb vətəninə döndüyü zaman, ancaq “vodkanın sərtlik dərəcəsini təyin etmək məcburiyyətindədir”. Bu ali təhsilli gənc müsəlman olduğu üçün yalnız Qafqazda deyil, Rusiyanın bütün ərazisində orta dərəcəli məktəblərdə müəllimlik etmək hüququndan belə, məhrumdur. Bu hüquq bizdən alınmışdır. Məmur məsələsinə gəlincə, bu gün Qafqazda, üzr istəyirəm, ali təhsilli mülki işlər hakimdən başqa öz vətəninə xidmət edən heç bir müsəlman məmuruna rast gəlmək olmaz. Əgər müsəlmanlar məmurluğa qəbul edilirsə, onlar ya şimal rayonlarına, ya da Rusiyanın mərkəzi vilayətlərinə göndərilirlər.
Cənablar. Bizə deyirlər ki, müsəlmanlar çox geri qalmışdır. Bu, əsla doğru deyildir, əksinə geri qalmaq üçün hökümət özü badalaq vurur. Bunu yeri gəldikcə sübut edəcəyəm. Belə ki, senzuranın hökm sürdüyü bir vaxtda bizə ancaq bir qəzet çıxartmaq hüququ verilmişdi. Indi isə senzura zəiflədikdən sonra bizim otuza yaxın islam jurnalımız və qəzetimiz çıxır.
Hörmətli millət vəkilləri, bizdəki idarə sistemi tənqiddən kənardır. Belə ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzumu olmayan nə qədər boş və səfil adam varsa, hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir idarənin məmur kadrlarını təşkil edirlər. Bizim ölkəmizdə dövlət idarəsinin idealı rüşvət və xalqa əziyyət verməkdir, kim doxsan yaşlı bir qocanın əlindən axırıncı tikəsini alarsa, o, bizdə ən yaxşı məmur hesab olunur. “Gözü çıxarılmalı müsəlmanlar” üçün bundan daha yaxşısı olarmı? Əgər günlərin birində hər hansı bir idarə məmuru öz vəzifəsində əyintiyə yol verirsə, məhkəməyə cəlb olunur, amma kassasiya məhkəməsi tərəfindən məhkəmənin hökmü ləğv edilir. Cinayət məhkəməsi tərəfindən verilən sürgün, hərbi məhkəmələrin verdiyi edam qərarları əslində tərcüməçilər tərəfindən təyin olunur. Çünki, bizdə müsəlmanlar rus dilini, tərcüməçilər isə türk dilini bilmirlər. Bu səbəbdən beş, on manat maaş alan (hətta mən elə məmurlar tanıyıram ki, onlar səkkiz manat maaş alır) tərcüməçilər cəza verməkdə heç də tərəddüd etmirlər.
Bizdə torpaq, ərazi məsələsi sizdə olduğu kimidir və çox ağır bir problemə çevrilmişdir. Eynilə ruslarda olduğu kimi bizim də torpağa ehtiyacımız vardır. ərazi azlığından və çatışmazlığından əziyyət çəkirik. Buna baxmayaraq hökümət bizim torpaq məsələmizi başqa cür həll etməyə çalışır. Belə ki, məsələnin öyrənilməsi üçün nə kiçik, nə də böyük komissiyalara ehtiyac və lüzum görülməmiş, işlərinə yarayan idarə sisteminə müraciət edilmiş və məsələ guya kökündən həll edilmişdir. Yəni gözəl Gürcüstan tamamilə ordunu ərzaqla təmin etməklə məşğul olur. Müsəlmanlarla, ermənilər isə bir-birlərinə qarşı o qədər mahiranə surətdə təhrik edilirlər ki, yaxın vaxtda bu iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz və Qurko Stişinskilər məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura biləcəksiniz.
Azadlıq hərəkatına birinci olaraq gürcülər başladılar. Lakin qısa bir vaxt ərzində Gürcüstanda ortaya yeni bir ərazi məsələsi çıxdı, yəni kəndlilər mülkədarlara hücum etdilər, hökümət bu işləri həll etməyi orduya həvalə etdi. Azərbaycanda və Ermənistanda da belə hadisələrin baş verməsindən qorxuya düşən hökümət başa düşdü ki, bu adi məsələ deyildir. Ona görə də gizli surətdə tədbirlər görməyə başladı. Bu da “parçala hökm sür” idarə tərzidir. Bu işin icrası səriştəli polislərə həvalə edildi. Səlahiyyətli polislər bundan istifadə edərək təhrikçiliyə başladılar. Bir tərəfdən müsəlmanlara, “görürsünüz, sizi iqtisadi cəhətdən istismar edən ermənilər silahlanırlar, bir gün gələcək müstəqil dövlət quraraq hər şeyinizi əlinizdən alıb sizi məhv edəcəkdir”, digər tərəfdən ermənilərə “ehtiyatlı olun, panislamizm hər tərəfi bürümüşdür, islam camaatı arasında elə bir güclü birlik yaradılmışdır ki, günlərin birində siz ermənilərin kökünü kəsəcəkdir” – deyərək bu iki xalqı bir-birlərinə qarşı təhrik etməyə başladılar. Beləliklə, bu iki millət arasında Bakıda ilk qanlı çarpışma oldu. Hökümətə müraciət edildi, kömək istənildi. Bu hadisəni öncədən duymadığımız üçün bu işə ayrılacaq qüvvəmiz yoxdur, - deyə cavab verildi. Sonra da əlavə edərək dedilər ki, bu qırğına iki millət özü cavabdehdir, hökümət buna qarışına bilməz.
Indi mən bu kürsüdən hüzurunuzda qısaca olaraq söyləyə bilərəm ki, ermənilərə bizim aramızda tarix boyunca ixtilaf doğura biləcək heç bir iqtisadi ixtilafımız yoxdur, çünki biz hər zaman bir-birimizlə dost və qardaş kimi yaşamışıq.
Indi bilmək istəyirəm, görəsən hökümət hal-hazırda İrəvan, Gəncə və Tiflis vilayətlərində talanlara və soyğunçuluğa qarşı nə kimi tədbirlər görmüşdür? Şübhəsiz ki, sual cavabsız qalacaqdır. Hal-hazırda İrəvan, Gəncə yanğın yerinə dönmüşdür. Hadisələr oradan Şuşaya keçmişdir. Üç aydır ki, orada iki silahlı cəbhə yaradılmışdır. Bundan əvvəl söylədiyim kimi bu qanlı qardaş qırğını hökumət tərəfindən törədilmiş, sonra isə qarşısı alınmamışdır. Bizim generallarımız öz “fərasətlərini” rus-yapon müharibəsində yaxşı göstərdilər... Onlar fərasətsizliklərini düşmənin qüvvətli olması ilə ört-basdır etməyə çalışdılar, indi də öz əməllərilə vətənlərini idarə edə bilmədiklərini bir daha sübut edirlər. Iki ay ərzində Gəncə vilayətini general rütbəli üç qubernator idarə etmişdir. Onlardan biri bir qəzanı, ikincisi üç qəzanı, sonuncusu isə dörd qəzanı idarə edirdi. Halbuki, bütün qəzanın əhalisi 800.000 nəfərdən ibarətdir. Gördüyümüz kimi bu üç general rəhbərlik etdikləri yerləri idarə etmək qabiliyyətinə malik deyildilər. Deməli, bizim generallar istər müharibədə, istərsə də adi işlərdə heç bir müvəffəqiyyət qazana bilmirlər.
Hörmətli millət vəkilləri, hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar, iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkinsinlər, dəlik-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadının, iniltisindən həzz alanlar rədd olsunlar (Bu nitq 1906-cı ildə Duma protokollarından götürülmüşdür. Mübariz, aprel 1960).
RUSİYA MÜSƏLMANLARININ NİJNİ NOVQORODDA
KEÇİRİLƏN QURULTAYI
Rusiya müsəlmanlarının üçüncü qurultayı 1906-cı il avqustun 16-dan 21-nə qədər davam edən iclaslarında aşağıdakı qərarları qəbul etdi:
Nijni Nivqorodda toplanması qərara alınan Rusiya müsəlmanları qurultayı gündəliyin birinci bəndini müzakirə edərək göstərdi ki, real praktikada tətbiq edilən qanun və əmrlər bir qayda olaraq müsəlmanların ümumi vətəndaşlıq və dini hüquqlarına, mədəniyyət və dinlərinə təzyiq və məhdudiyyət qoyduğundan, xristian missionerləri (xristianlığı yaymaq üçün xristian olmayan xalqlar arasına göndərilən təbliğatçılar – tər.) müsəlmanlar arasında daim qarışıqlıq, narazılıq və nifaq salırlar. Və bu bir həqiqətdir ki, dövlət missionerlərə öz fikirlərini həyata keçirmək üçün maddi yardım göstərir.
İndiyə kimi vicdan azadlığı, mətbuat azadlığı olmadığı üçün müsəlmanlar onların əleyhinə aparılan təbliğat barədə missionerlərin əməlləri haqqında nə dünyəvi və nə də dini mətbuatda çıxış edə bilmirdilər. Bu azadlıq 17 oktyabr Manifestində elan olunsa da həqiqətdə həyata keçirilməmişdi.
Az vaxt ərzində dövlətə, şübhəsiz böyük xidmət göstərən Dövlət Dumasının buraxılması ilə bağlı olaraq yuxarıda qeyd olunan vəziyyət, hakim qüvvələr tərəfindən məhkum olmuş köhnə üsul-idarənin təztyiqi ilə idarənin vəziyyəti və məhdudiyyət qoyulmuş hüquqlardan daha çox ziyan çəkən müsəlmanlar yenidən təhlükəsizliyə düçar oldular.
Yuxarıda qeyd olunan vəziyyətə əsasən ölkəni çox ağır və çətin günlərdən qurtarmaq üçün qurultayın əldə etdiyi yeganə çarə Dumanın tezliklə çağırılması, 17 oktyabr Manifestindəki əsasların bilavasitə həyata keçirilməsidir.
Bu qərarnamə 20 avqust məclisində oxunduqdan sonra qurultay tərəfindən qəbul edildi və bir nüsxəsi rəyasət heyəti tərəfindən teleqramla nazirlər kabinetinin sədrinə göndərildi.
QURULTAYIN RƏYASƏT HEYƏTİ
Sədr – Əlimərdan bəy Topçubaşov.
Sədrin müavinləri – İsmayıl əfəndi Qasprinski, Rəşid əfəndi İbrahimov, Alimcan Həzrəti Barudi, Şahheydər əfəndi Sırtlanov, Abdulla Həzrəti Apanay, Seyid Girey əfəndi Algin, Şah Mərdan əfəndi Kuşequlov, Əmincan İlhamcanov, Əli İsgəndər Aşurov.
Qurultayın katibləri – Yusif bəy Akçuraoğlu, Səlim Girey əfəndi Canturin, Musa əfəndi Bikeyev, Mustafa əfəndi İsmayılov Şirvanski, Abdula əfəndi İsməti.
Məktəb və mədrəsə komissiyasının üzvləri aşağıdakı şəxslər idi: Abdulla Həzrət Apanay (sədr), Hadi əfəndi Maksudi (məruzəçi), Allahyar əfəndi Axundov, Məmmədəliqali əfəndi Cəfərov, Fatih əfəndi Sadıqov, Əzizulla əfəndi Albekov, Əbdürrəhman əfəndi Səidov, Abdulla əfəndi Səidov, Abdulla əfəndi Bubi, Əhmədcan əfəndi Mustafin, Kərim əfəndi Hənəfiyev, Arif əfəndi Xeyrulin, İshaq əfəndi Kazakov, Niyaz Məmməd əfəndi Süleymanov.
Müsəlman məktəb və mədrəsələrinin islahat və bu məktəblər üzərində nəzarətin ruhanilərin əlindən alınıb cəmiyyətin ixtiyarına verilməsi haqqında proqramın ikinci bəndinin müzakirəsində qurultay tərəfindən seçilmiş komissiyanın məruzəsi dinlənildi. 1906-cı il avqustun 16-da Rusiya müsəlmanlarının Nijni Novqorod şəhərində toplanan üçüncü məclisində məktəb və mədrəsə işləri haqqında layihə tərtib etmək üçün seçilmiş komissiyanın raportu: “Məktəblər komissiyası bütün Rusiya müsəlmanlarının Nijni Novqorod şəhərində keçirilən üçüncü məclisinin göstərişinə əsasən xalqlarımızın dini, iqtisadi, ictimai mənafelərini nəzərə alaraq ümumi dərsliklərin hər millətin öz ana dilində olmasını münasib görür və maarifin bu istiqamətdə inkişaf etməsinə heç bir maneə törədilməməlidir”.
“Rus dilinin tədrisi hər millətin öz istəyindən və ixtiyarından asılıdır. Zor gücünə bu iş həyata keçirilə bilməz”, “Bu iki əsası nəzərdə tutaraq məktəb və mədrəsələr komissiyası ümumi maarif xüsusunda burada yazılmış maddələri bütün Ümumrusiya Müsəlmanları Qurultayına ərz və təqdim edir”.
Məktəblər haqqında
1 – Bütün kəndlərdə müsəlman uşaqları üçün ibtidai məktəblər açılsın;
2 – Hər bir lazım və münasib görülən yerlərdə rüşdiyyə məktəbləri açılsın;
3 – Bütün məktəblərdə dərslər ana dilində, ərəb əlifbası ilə tədris edilsin. İbtidai məktəblərdə rus dilini öyrənmək məcburi olmasın. Ancaq rüşdiyyə məktəblərində rus dili bir fənn kimi tədris edilsin;
4 – İbtidai məktəblərə səkkiz yaşından yuxarı uşaqlar qəbul edilsin;
5 – İbtidai və rüşdiyyə məktəblərində təhsil dörd il davam etsin, kənd məktəblərində təhsil oktyabrın 1-dən aprelin 15-nə qədər, şəhər məktəblərində isə sentyabrın 1-dən mayın 15-nə kimi davam etsin;
6 – Rüşdiyyə məktəblərinə yalnız ibtidai təhsili olan uşaqlar qəbul edilsin;
7 – Rusiya müsəlmanlarının məktəblərində təhsil imkan daxilində bir proqram əsasında olsun;
8 – Rusiyanın bütün müsəlman məktəbləri üçün vahid proqram tərtib etmək məqsədilə 1907-ci ilin mayında Kazan, Petropavlovsk, Daşkənd, Tiflis və Bağçasaray kimi şəhərlərdə müəllimlər qurultayı keçirilsin;
9 – Hər qurultaydan bir neçə vəkil seçilib 1907-ci il avqustun əvvəlində Kazanda keçiriləcək müəllimlər məclisinin hazırlığı ilə məşğul olsunlar. Bu məclisdə müxtəlif qurultaylarda qəbul edilən proqramların bir-birinə uyğunluğu saxlanılsın, Rusiyadakı müsəlman müəllimlər bu qurultaylar vasitəsilə bir “İttifaq” qura bilsinlər;
10 – Məktəblərin təşkili və daxili nizam-intizam gigiyenik qaydalara müvafiq surətdə həyata keçirilsin;
11 – Rusiyada olan müsəlman məktəblərinə, uşaqların tərbiyəsinə dövlət, məhəlli idarələr (zemstvolar) və şəhər dumaları yardım etsin;
12 – İbtidai təhsil bütün müsəlman oğlan və qızları üçün icbari olmalıdır;
13 – Məktəblərin idarəsi və nəzarəti müsəlmanların öz əlində olsun, müfəttiş nəzarətçilər müsəlmanlardan seçilsin;
14 – Məktəblərin nəzarəti hər məktəbin öz dairəsində olan müsəlmanlar tərəfindən seçilmiş bir neçə şəxsdən ibarət heyətə tapşırılsın;
15 – Müəllimlər, məktəbə nəzarət edən heyət dairəsindəki əhali tərəfindən əsasən gənclərdən seçilib təsdiq edilsin;
16 – Müsəlman məktəblərinə müəllimlər hazırlamaq üçün müsəlmanlara məxsus müəllim məktəbləri təsis edilsin. Müəllim hazırlamaq üçün lazım qədər təlim üsulu və başqa gərəkli fənnlər artırılsın və bəzi rüşdiyyə məktəblər müəllim məktəbləri halına gətirilərək təhsil müddəti altı illik edilsin;
17 – Qadın müəllimlər hazırlamaq məqsədilə Kazan, Bakı, Baxçasaray və digər yerlərdə müəllimlər seminariyaları təsis edilsin;
18 - Müsəlman məktəblərinin müəllim və şagirdlərinin hərbi mükəlləfiyyətləri yerinə yetirmək üzrə hüquqları ruslarla bərabərləşdirilsin;
19 – Gimnaziya kimi orta məktəblərdə oxuyan və oxuyacaq uşaqlar üçün münasib bilinən şəhərlərdə gimnaziyalar nəzdində pansionlar açılsın. Bu pansionlarda dini məlumat ilə bərabər ana dili dərsləri təlim edilsin ki, gimnaziyanı bitirdikdən sonra şagirdlər asanlıqla türkcə danışmaq və yazmaq iqtidarında olsunlar;
20 – Məktəblərdə dərs kitabları tövsiyyə etmək və ən yaxşı kitabların müəlliflərini mükafatlandırmaq üçün Kazanda 1907-ci ilin avqustunda toplanacaq müəllimlər qurultayında müvəqqəti komissiya seçilsin.
Qeyd: Bu komissiyanın iki-üç il fəaliyyət göstərəcəyi nəzərə alınaraq müəllimlər məclisinin əsas orqanı səlahiyyətinə malik olsun;
21 – Müsəlman uşaqlarına rus dili müəllimi hazırlamaq üçün açılmış olan müəllim məktəblərində din və türk dili dərsləri artırılsın;
22 - Müsəlmanların təhsil aldıqları tədris müəssisələrinin pedaqoji və nəzarət şuralarının tərkibinə müsəlmanlar da seçilməlidirlər.
Mədrəsələr haqqında
23 – Mədrəsələrin məişət və tədrisində islahatlar edib hər birində dini elmlərdən başqa üləma üçün müasir dövrdə lazım olan fənn dərsləri artırılsın;
24 – Mədrəsələr ancaq dini cəhətdən etibarlı olan ruhani məclisinə tapşırılsın;
25 – Ruhani məclisi idarəsində olacaq “Şurayi üləma məclisi”ndə mədrəsələr üçün zamana müvafiq qanunlar və proqramlar tərtib edilsin;
26 – Mədrəsə şagirdləri orta məktəblərdə oxuyan şagirdlərlə həyat işlərində eyni hüquqda olsunlar;
27 – İmamət və xitabət (mədrəsə müəllimi) müdərrislikdən ayrı hesab edilsin və imamlığa rüsxət alan şəxsə müdərrislik hüququ verilməsin;
28 – Yalnız əhalinin razılığı ilə mədrəsə imamın nəzarətinə verilə bilər;
29 – Seçilmiş, imtahan vermiş və ruhani məclisi tərəfindən təsdiq olunmuş şəxsə müdərrislik hüququ verilir;
30 – Müdərrislərin məsarif və xərcləri vəqf tərəfindən, xüsusi ianələr və şagirdlərin özlərindən alınan pullar tərəfindən ödənməlidir;
31 – Mollalar zəhmətkeş uşaqları üçün məktəblər təsis etsinlər;
32 – İmkan daxilində ibtidai məktəblərdən, imkan olmadığı təqdirdə isə rüşdiyyə məktəblərindən başlayaraq mütləq bütün Rusiya müsəlmanları arasında anlaşılan türk ədəbi dilinin tədrisinə diqqət yetirilsin;
33 – Məktəb və mədrəsələrdə mümkün qədər kitabxanalar yaradılsın.
Yuxarıda göstərilən maddələrdən başqa məktəb və mədrəsələr komissiyası aşağıdakı qərarı da qurultaya fəxr ilə ərz edir:
“Ruhani məclis indidən bütün imamlara sərəncam verərək hər bir imamın bu il ibtidai tədrisdən başlayaraq məhəlləsində olan səkkiz yaşından on beş yaşına qədər müsəlman uşaqlarına oxuyub-yazmağı təlim etməsini və may ayında təftiş ediləcəyini, məclisin bu əmrinə əməl etməyən imamların tənbeh olunacaqlarını və imamın istər özü, istərsə də müəllimlərlə birgə dərs verməkdə sərbəst olduqlarını bildirsin”.
Qurultay, avqustun 18-19-da olan məclislərində məruzəni təfsilatı ilə tədqiq və təhlil edərək komissiyanın təklif etdiyi tədbirin Rusiya müsəlmanlarının təlim və tərbiyəsində çox vacib olduğunu gördüyündən yuxarıdakı məruzəni qəbul etdi.
Bundan başqa məktəb və mədrəsələr komissiyası sabiq maarif naziri qraf İvan Tolstoy tərəfindən təsdiq olunaraq nəşr edilmiş “Rusiyanın şərq və cənubunda yaşayan qeyri-rus xalqların ibtidai məktəblərinə aid nizamnamə”ni də müzakirə etdi. Bu nizamnamənin 4, 6, 8, 11, 14, 17, 26, 32, 35, 36-cı və digər maddələrində ibtidai təhsilin ana dilində olması qeyd edilirdi. Komissiya rus dilinin öyrədilməsini lazım və faydalı hesab etsə də maarif naziri öz əhəmiyyətini itirdiyini və qeyri-rus xalqların həyatında heç bir önəmli rol oynamayacağını, xalqların narazılığına səbəb olacağını bildirdi. Buna görə komissiya yuxarıda göstərilən 1906-cı il on üç mart tarixli nizamnamənin dəyişdirilməsi lüzumu qurultay iştirakçıları tərəfindən qəbul edildi[9].
Müsəlman ruhani idarələrinin yenidən tənziminə aid proqramın üçüncü bəndini tədqiq etmək üçün qurultay üləma Alimcan Əlbarudinin rəhbərliyi altında on beş nümayəndədən ibarət bir komissiya təşkil etdi[10]. Bu komissiya on üç maddədən ibarət məruzəsini qurultaya təqdim etdi və avqustun 19-da olan məclisdə bu məruzə təfsilatı ilə öyrənildi və müzakirə edildi.
MƏRUZƏ:
Rusiya müsəlmanlarının 1906-cı il avqustun 16-da Nijni Novqorodda keçirilmiş məclisi proqramın üçüncü maddəsinə əsasən ruhaniyə islahatını hazırlamaq üçün seçilmiş komissiyanın qərarı:
1 – Ruhaniyyə islahatı mütləq ruhani məclis və idarələrinin yenidən qurulması ilə başlanmalıdır. Yalnız dini idarəçiliyin islahı ilə müsəlman ruhanilərinin vəziyyəti yaxşılaşdırıla bilər, həm də müsəlmanların dini-mənəvi səviyyəsi artırılar.
2 – Ruhani idarələri aşağıdakı surətdə yenidən qurulmaldır: Rusiyadakı bütün müfti vəzifələri (Krım, iki Qafqaz, Türküstan, Qırğız müftiləri) seçkili olmalı və müsəlmanların özləri tərəfindən gözəl dini təlimə malik, yüksək mənəviyyatlı və müasir həyatın tələbləri ilə tanış olan şəxslərdən seçilməlidir. Müftilər şeyxülislam adlandırılır və beş il müddətinə seçilirlər.
Rusiya müsəlmanlarının 1906-cı il avqustun 16-da Nijni Novqorodda qurulmuş məclisi proqramının üçüncü maddəsinə əsasən dini islahatlar həyata keçirmək üçün yaradılmış komissiyanın qərarı:
Məhkəmələr islam məhkəməsi adını daşısın, səlahiyyətli olsun və hakimlər daim beş il müddətinə seçilsinlər.
3 – Aşağıda göstərilən müsəlman dini işləri Məhkəmeyi-islamiyyələrin səlahiyyətindədir və bu məsələlərə dövlət idarələrinin qarışmasına yol verilmir. “Lazım gələrsə məscid və mədrəsə binalarının tikilməsi; məscid və mədrəsələrin açılması və saxlanması üçün lazım olan vəsaitin toplanması; vəqf mülkiyyətinin saxlanması və daha da artırılması; lazımi miqdarda imam, müdərris, müəllim və müəzzin rütbələrinin təsis edilməsi və ləğvi; məscid və mədrəsə binalarının abadlıq işlərinə nəzarət; nigah, talaq, miras və digər dini məsələlər barəsində mübahisələrin həlli”[11].
4 – Hər bir Məhkəmeyi-islamiyyədə qayda-qanuna nəzarət etmək üçün ali təhsilli bir müsəlman hüquqşünas və lüzum olarsa üçdən altıya qədər uzaqgörən, müdrik üləmalardan seçilən qazılar saxlanılır. Bunların hər ikisini dairə müsəlmanları özləri seçirlər.
5 - Məhkəmeyi-islamiyyə məscid və mədrəsələr üçün xalqın istədiyi qədər xidmətçi, imam, müəzzin, müdərris, müəllim təyin edir, onların elmi biliyini və əxlaqını yoxlayır və əgər xidmət zamanı qüsura yol verərlərsə, müxtəlif cəzalar verir, lazım gələrsə tutduğu vəzifədən azad edir.
6 - Məhkəmeyi-islamiyyələr bütün dini məktəb və mədrəsələrə rəhbərlik edir, dini və elmi tələblərə müvafiq olaraq onlar üçün proqramar hazırlayır, tədrisin inkişafına yardım göstərirlər.
7 - Məhkəmeyi-islamiyyə ləyaqətli imam və axundlardan ruhani idarəsinin yerli orqanlarını – quberniya və qəza məclislərini təşkil edir ki, bunlar da öz fəaliyyətlərində Məhkəmeyi-islamiyyənin göstərişlərini rəhbər tuturlar.
8 – Hər bir müsəlman ruhanisi (şeyxülislam, qazı, naib, imam, müdərris, müəllim, müəzzin) maddi cəhətdən kifayət qədər təmin olunmalıdır. Xristian ruhanilərinə və elm adamlarına dövlət tərəfindən nə qədər hüquq verilirsə, müsəlman ruhanilərinə və elm adamlarına da o qədər hüquq verilsin.
9 – Hər bir şeyxülislam öz idarəsində hər il xalqın ehtiyacları ilə yaxşı tanış olan ruhani və dünyəvi şəxslərdən seçilmiş şuraların toplanmasını təmin etsin ki, bu şuraların da tərkibi 15 nəfərdən 50 nəfərə kimi ola bilər.
10 – Hal-hazırda mövcud olan Orenburq, Krım və iki Qafqaz dairələrinə əlavə olaraq Semireçinsk və Türküstan vilayətləri üçün münasib görülən şəhərdə ayrı bir şeyxülislam təyin edilsin və Məhkəmeyi-islamiyyə açılsın.
Qeyd: Kiçik kənd və fabrik olan yerdə imamlar və müəzzinlər yaxşı yaşayırlarsa, məscid yaxşı idarə olunursa, əhalinin sayına baxmadan məscid tikilsin və lakin yeni bir məhəllə ayrılıb ikinci bir məscid tikmək istədikdə məscid və imamların ehtiyacları nəzərə alınsın. Beş dəfə namaz qılmaq üçün məscid imkan olmadıqda cümə və bayram namazlarını bir camidə qılmaq ictihad edilsin.
11 – Bütün beş şeyxülislam üzərində Rusiya müsəlmanları üçün ali ruhani şəxs olan – Rəisül-üləma vəzifəsi təsis edilir. Rusiya müsəlmanlarının ali nümayəndəsi və onların dini mənafeyinin əsas müdafiəçisi olan rəisül-üləmaya müsəlmanların ehtiyacları haqqında imperatora şəxsən məlumat vermək hüququ verilməlidir. Bütün Rusiya müsəlman ruhanilərinin dini başçısı olan rəisül-üləma ölkənin bütün müsəlmanları tərəfindən seçilir və mənəvi cəhətdən pak, şəriəti dərindən bilən və hərtərəfli təhsilə malik bir şəxs olmalıdır.
12 – Müsəlmanlar üçün mühüm dini məsələləri müzakirə etmək mübahisəli və müşkül məsələlərə fitvalar vermək üçün rəisül-üləma hər il bir dəfədən az olmayaraq, bütün şeyxülislamları toplayır. Rəisül-üləma idarəsi seyxülislamların nəzarəti altında olan Məhkəmeyi-islamiyyələrin fəaliyyətlərini əlaqələndirir, həmçinin şeyxülislamların naiblərini (müavinlərini) və qazıları təsdiq edir.
13 – Ali ruhani idarələri olan – Ruhani Məclisi və İdarə heyəti, imam, müdərris, müəzzin və bu kimi digər rütbələrə namizəd olan şəxsləri sınaqdan keçirmək üçün xüsusi proqram hazırlamalıdır. Bu proqram çap olunmalı və bütün müdərrislərə göndərilməlidir. Mərkəzi Komitə bu tələbin həyata keçirilməsinə nəzarət edir.
Qurultay bu məsələləri maddə-maddə qərarlaşdırdıqdan sonra, qurultayın sədri Əlimərdan bəy Topçubaşovun ümumiləşdirərək qeyd etdiyi: “Müxtəlif məzhəblər arasındakı fərqlərin heç bir əhəmiyyəti yoxdur və bu fərqlər Rusiya müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini nöqteyi-nəzərdən bir maneə təşkil edə bilməz” əsasını qurultay qəbul etdi və bu qərar komissiya tərəfindən təsdiq edildi (Sünni və şiəlik ayrılığı da beləliklə, qardaşcasına həll olundu – B.H.).
Hal-hazırda Rusiyada cərəyan edən hadisələr və 1905-ci il 17 oktyabr manifesti əsasında həyata keçirilən islahatlarla əlaqədar qurultay proqramın birinci bəndinin müzakirəsi zamanı bir müsəlman siyasi partiyasının təşkili məsələsi üzərində dayandı. Qurultay avqustun 17-də olan iclasında müsəlman siyasi partiyasının təşkilini zəruri hesab edib bu partiyanın 15 nəfərdən ibarət bir mərkəzi komitəsinin olmasını və 15 nəfər müəyyən miqdarda maaş ilə təmin edilərək daim Peterburqda yaşamaqla yanaşı üç nəfərlik daimi heyət seçilməsini vacib bildi.
Həmin iclasda qeyd etdiyimiz müsəlman partiyasının yaradılması haqqında qərar verildi. 15 nəfərdən ibarət bir komissiya yaradaraq bu ilin yanvar ayında Peterburqda toplanmış olan Rusiya müsəlmanlarının ikinci qurultayında baxılmasını, “Rusiya müsəlmanları ittifaqı” partiyasının (müsəlman konstitusiyalı xalq partiyası) proqramının tədqiqini bu komissiyaya həvalə etmişdi. Mustafa əfəndi David oğlunun başçılıq etdiyi bu komissiya avqustun 20-də məclisdə məruzə edərək bildirdi: “Rusiya müsəlmanları qurultayı vəziyyəti nəzərə alaraq müsəlman siyasi partiyasını yaratdı və bu partiya üçün müəyyən bir proqramın qəbul edilməsini müsəlmanlar üçün lazım olması haqqında rəyasət heyətinin qurultaya ərz etdiyi təklifi avqustun 17-dəki məclis də qəbul etdi”.
Bu partiyanın tənzimi üçün 15 nəfərdən ibarət Peterburqda yerləşəcək bir mərkəzin təşkilini və bu 15 nəfərdən üçünün daimi heyət adı ilə, müəyyən bir maaş alaraq daim Peterburqda yaşamalarını qurultay lazım bilmişdi.
Qurultay, qeyd etdiyimiz məclisdə 15 nəfərdən ibarət bir komissiya seçərək, Rusiya müsəlmanlarının bu ilin yanvarında Peterburqda keçirilmiş ikinci qurultayında siyasi müsəlman partiyası proqramının tədqiqini yuxarıda göstərilən komissiyaya həvalə etmişdi. Komissiya proqramı tamamilə tədqiq edərək müsəlman partiyası üçün müvafiq gördü. Proqram 75 maddədən ibarət idi və bu maddələrin əksəriyyəti ölkənin dini, siyasi, iqtisadi həyatı ilə bağlı, olduqca əhəmiyyətli məsələlərdən bəhs etdiyi üçün onun çox nümayəndəli bir qurultayda müzakirəsi və mühakiməsi mümkün deyildi, çünki qurultay bir neçə gün uzana bilərdi. Bu səbəbdən komissiya proqramı mərkəzi idarə ilə daimi heyətə hələlik həvalə etdi.
Mərkəzi komitə, həyat və təcrübədən əldə olunan məlumata görə, partiyanın mənafeyi üçün labüd olan bütün dəyişiklikləri gələcək qurultayın keçirilməsinə qədər yoxlayıb hazırlasın. Ümumiyyətlə, hər cür partiyaların təşəkülündə bu üsul mövcuddur. Ona görə necə tənzim edilmiş olursa-olsun, hər proqram partiyanın mənafeyi zəminində təcrübə və həyatın göstərdiyi dəyişikliklərə daim məruzdur.
Mərkəzi komitə indidən üzv qeydinə başlayaraq partiyanın qanuniləşdirilməsinə səy edəcək və seçki ərəfəsindəki vəziyyətə görə hərəkət edildiyi kimi, müsəlmanların faydası üçün lazım olan hər cür tədbirə müraciət edəcəkdir.
BU MƏRUZƏ MÜZAKİRƏ OLUNARAQ, KOMİSSİYANIN TƏKLİFİ QƏBUL EDİLDİ. BUNUNLA YANAŞI 15 NƏFƏRDƏN İBARƏT MƏRKƏZİ İDARƏ SEÇİLDİ, ÖZ ARASINDAN MAAŞLI DAİMİ HEYƏT SEÇMƏK, DƏRHAL ÜZV QEYD ETMƏYƏ BAŞLAMAQ, PARTİYANI QANUNİLƏŞDİRMƏYƏ ÇALIŞMAQ VƏ NƏHAYƏT, GƏLƏCƏK SEÇKİDƏ HƏRƏKƏT ÜSULU TƏYİN ETMƏK VƏZİFƏLƏRİ MƏRKƏZİ İDARƏYƏ HƏVALƏ OLUNDU[12].
20-21 avqustda olan məclisdə gizli səsvermə yolu ilə mərkəzi idarəyə aşağıdakı nümayəndələr seçildi. Onları sırası ilə qeyd edirik:
- Rəşid əfəndi İbrahimov – “Ülfət” və “Tilmiz” qəzetlərinin naşiri və mühərriri.
- Yusif Akçuraoğlu – “Kazan müxbiri” qəzetinin mühərrirlərindən H.E. partiyası mərkəzi idarəsinin üzvü.
- Seyid Giray əfəndi Alkin – “Kazan müxbiri” qəzetinin naşiri və mühərriri, vəkil, sabiq Duma millət vəkili.
- İsmayıl əfəndi Qaspirinski – “Tərcüman” qəzetinin naşiri və mühərriri.
- Əlimərdan əfəndi Topçubaşov – “Kaspi” qəzetinin mühərriri, “Həyat” qəzetinin naşiri, vəkil, sabiq Duma millət vəkili.
- Abdullah həzrət Apanay – üləma.
- Tanınmış müdərris Qalimcan Qaliyev.
- Sədrəddin əfəndi Maksudi – Paris universitetinin hüquq fakültəsinin məzunu.
- Şah Heydər əfəndi Sırtlanov – bələdiyyə nümayəndəsi, sabiq Duma millət vəkili.
- Musa əfəndi Beqiyev - “Ülfət” və “Tilmiz” qəzetlərinin mühərriri, Peterburq universitetinin tələbəsi.
- Abdullah əfəndi Bubi – müəllim.
- Hadi əfəndi Maksudi – “Yıldız” jurnalının mühərriri və naşiri.
- Mustafa əfəndi David oğlu – Bağçasaray bələdiyyə rəisi.
- Şah Mərdan əfəndi Kuşçuğulov - sabiq Duma millət vəkili, Qırğızıstan.
- Səlim Giray əfəndi Qanturin - sabiq Duma millət vəkili və bələdiyyə nümayəndəsi.
Mərkəzi idarənin bu 15 üzvündən başqa nümayəndəsi olmayan ərazidən 5 nəfər qəbul olundu. Onlardan üçü: Bakı, Gəncə və İrəvan vilayətlərindən, biri Türküstan, biri də Orenburqdan idi.
Qurultay proqramın tədris işləri və ruhaniyyə islahatına gərəkli gəlirə aid olan dördüncü maddəsi haqqında bu qərar verildi.
Ümumiyyətlə, gəlir və xüsusilə müsəlmanların mənafeyi üçün icra ediləcək islahata lüzumlu mənfəətin mənbəyini tapmaq məsələlərinin təfsil ilə müzakirəsi seçilmiş mərkəzi idarəyə həvalə olunmuşdur.
Rusiya müsəlmanlarının gələcək – dördüncü qurultayının 1907-ci il avqustun 10-da yenə Nijni Novqorodda keçirilməsi qərara alındı.
Nijni Novqorodda keçirilmiş III Ümumrusiya müsəlmanlar qurultayının qətnamələri.
Zaqafqaziyada müsəlman və ermənilər arasında hələ davam edən konflikt haqqında Rusiya müsəlmanları üçüncü qurultayı aşağıdakı qərarnamə qəbul etdi.
Rusiya müsəlmanları qurultayı Zaqafqaziyada müsəlman və ermənilər arasında davam etməkdə olan konflikt haqqındakı məruzəni ümumi bir təəssüf ilə dinlədi. Bu ilin yanvar ayında keçirilmiş Rusiya müsəlmanlarının ikinci qurultayı da hər iki tərəf üçün eyni dərəcədə təhlükəli olan bu konfliktlərin bitirilməsi arzusunu bildirmişdi. Böyük təəssüflə gördük ki, son zamanlar Zaqafqaziyanın bəzi nöqtəsində, məsələn, Şuşa şəhəri və qəzasında, Zəngəzur qəzasında erməni və müsəlmanlar arasındakı vuruşma daha da şiddətləndi. Yaşa və cinsə əhəmiyyət verilməyərək müsəlmanlarla vəhşicəsinə davranılması, yurdlarının əllərindən alınması, heyvanlarının oğurlanması, məscidlərinin təhqir olunması xəbərlərini qəzetlərdən heyrət və dəhşətlə oxuduq. Şuşa şəhərinin müsəlmanlar yaşayan hissəsinin və Şuşa qəzası ilə yanaşı digər qəzaların kəndlərinin də top atəşlərilə büsbütün xarabazarlığa çevrilməsini qəlb ağrısı ilə eşitdik.
Əvvəlcə general Qoloşapovun Şuşada müsəlmanların əleyhinə olan hərəkəti və bitərəf mövqeyi barəsindəki deyilənlərə və yazılanlara inanmaq istəmədik, lakin Şuşa şəhərinin əhalisilə, Şimali Qafqaz və Dağıstan xalqının yuxarıda adı qeyd olunan generalın hərəkətləri barəsində Qafqaz canişininə göndərdikləri israrlı şikayət və tələblərindən həqiqətən gördük ki, Şuşa qəzasındakı müsəlman qardaşlarımız general Qoloşapovun ədalətsiz və tərəfkeş əmrlərinin və hərəkətlərinin qurbanı olmuşlar. Qurultay generalın bu hərəkətini protest edir və ümid edir ki, imperator həzrətlərinin Qafqazda olan canişini qraf Vorontsov-Daşkov Şuşa qəzası müsəlmanlarının haqlı şikayətlərini nəzərə alıb, yalnız general Qoloşapov deyil, ümumiyyətlə tərəfkeş hərəkətləri ilə əsrlərdən bəri sülh içində yaşamış iki millət arasında düşmənçilik toxumu səpən və bunu inkişaf etdirən bütün məmurları tutduqları vəzifədən azad edəcək. Bununla bərabər hər iki millətin və ələlxüsus ermənilərin dini və ziyalı nümayəndələrinə müraciət edərək insanlıq naminə, bütün Rusiya əhalisinin hürriyyəti naminə Zaqafqaziya müsəlman və ermənilərin aralarının düzəldilməsi işini əllərinə alıb bu konflikti bitirməyə və beləcə birləşmiş qüvvə ilə Rusiyada siyasi hürriyyət və mədəniyyət vücuda gətirməyə çalışmalarını tövsiyə etməyi qurultay özünə vəzifə sayır.
- İran dövlətinin məşrutə idarə yolu ilə getməsi İran xalqı üçün fövqəladə mühüm bir hadisədir. Müsəlmanların qurultayı bu xəbəri belə qarşıladı:
İmperatorluğun hər tərəfindən gəlib Nijni Novqorodda Rusiya müsəlmanları qurultayında toplanmış, Rusiyada yaşayan 20 milyonluq müsəlman xalqının nümayəndələri İran şahı şah Müzəffərəddin həzrətlərinin ölkəni idarə üçün seçilmiş yüksək “Şura” təsisinə aid fərmanı xəbərini böyük sevinc və fərəhlə dinlədik.
Bu hərəkəti ilə şah həzrətləri İran dövlətində məşrutə idarəsinin əsasını qoyaraq öz millətinin xeyrini ciddi surətdə düşünən bir hökmdar olduğunu sübut etdi. Çünki, bütün millətlərin təcrübəsi və tarixi göstərir ki, toplumda səadət, ancaq millətin vəkilləri ilə birlikdə qanun qoymaq və xalqın faktiki olaraq iştirakı ilə mümkündür.
Biz, Rusiya müsəlmanları ümidvarıq ki, şah həzrətləri tərəfindən millətinin tərəqqisi üçün atılan bu cəsarətli addım İrana daha çox fayda verər, həmçinin həkim və şairlər yetişdirən istedadlı adamlarla məskun bu gözəl ölkə yenidən şan və şərəfə qovuşar, iqtisadiyyat daha da inkişaf edər. Dindaşımız olan İran xalqını bu münasibətlə təbrik etdiyimiz kimi şah həzrətləri ilə mütərəqqi fikirli müşavirələrini buna görə alqışlayırıq.
Dövlət Dumasının sabiq nümayəndəsi M.Y.Hertsenşteynin xaincəsinə qətli hadisəsi bütün namuslu və əxlaqlı rus vətəndaşlarını hiddət və iztiraba düşürmüşdür. Qurultay da aşağıda göstərildiyi kimi bu hadisədən kədərləndiyini bildirdi.
Nijni Novqorodda toplanan bütün Rusiya müsəlmanları qurultayı dövlət Dumasının sabiq nümayəndəsi, kənd təsərrüfatının, iqtisadiyyatın gözəl bilicisi, həqiqət və hürriyyət yolunda yorulmadan çalışan Mixail Yaquboviç Hertsenşteynin qəddarcasına qətlini dərin nifrətlə pisləyir və bu hadisədən kədərləndiyini bildirir.
Bu qətnamənin surətləri teleqraf ilə Peterburqdakı “Reç”, “Oka”, “Tovariş”, “Strana”, “Novıy Put”, Moskvadakı “Russkoye slovo” və “Russkiye vedomosti” qəzetlərinə göndərildi.
Rusiya müsəlmanları üçüncü qurultayına göndərilən təbrik və teleqraflara verilən cavablar:
1 – Tiflisdə, Zaqafqaziya müftisi Hüseyin əfəndi Qaibov cənablarına: Müsəlman qurultayı səmimi sözlərinizə görə sizə təşəkkür edir.
2 – Troitskdə Zeynullah həzrət Rəsulov cənablarına: Bütün Rusiya müsəlmanları qurultayı təbrikinizi məmnuniyyətlə dinlədi. Sizə təşəkkürümüzü bildiririk.
3 – Bakıda Ümumqafqaz müsəlman müəllimləri qurultayının rəisi Həsən bəy Məlikov cənablarına: Rusiya müsəlmanları qurultayı hörmətli Ümumqafqaziya müsəlman müəllimlərinin təbrikini həyəcanla dinlədi. Ümid edirik ki, hər iki qurultayın məktəblər məsələsindəki səyləri bütün Rusiya müsəlmanları üçün tək bir proqram olacaq və dərslərin ana dilində keçiriləcəyi nümunəvi məktəb meydana gələcəkdir.
4 – Bakıda “Nicat” cəmiyyətinin rəisi doktor Səlimbəyov cənablarına: Bütün Rusiya müsəlanları qurultayı “Nicat” cəmiyyətinin təbrikini, müsəlmanların tərəqqi və maarifinə xidmət edən yuxarıda qeyd etdiyimiz cəmiyyətin təkamül və inkişaf etməsinə dua edərək gürultulu alqışlar altında dinlədi.
Rusiya müsəlmanları üçüncü qurultayının məsarifinə müqabil pul toplamaq üçün qurultay öz işinə başlamazdan əvvəl Nijni Novqorod şəhərinə gəlmiş müsəlmanlar tərəfindən bir komissiya yaradılmışdı. Bu komissiya yalnız tacirlərdən ibarət olub xəzinədarı Kazan tacirlərindən Məmmədcan əfəndi Kərimov idi. Qurultay üçün hasil olan hər cür varidat (xüsusi ianələr, qurultay biletləri, qiymət və başqa gəlirlər...) Məmmədcan əfəndidə toplandı. Qurultay davam etdiyi müddət ərzində pul işinə Məmmədcan əfəndi Kərimov ilə tacirlərdən ibarət xüsusi komissiya baxdı, idarə heyəti isə qurultayın maliyyə işlərinə əsla qarışmadı. Qurultayın sonunda xəzinədar Məmmədcan əfəndi Kərimov gəlir və məsrəfin müfəssəl hesabnaməsini tənzim ilə mərkəzi idarəyə təqdim etdi.
Qurultayda rus əsiri müsəlman-türklər 16 əraziyə ayrılmışdılar: 1. Qafqaz rayonu – mərkəzi Bakı; 2. Krım – Simferopol; 3. Peterburq – Moskva; 4. Litva – Minsk; 5. Aşağı Volqa – Həştərxan; 6. Yuxarı Volqa – Kazan; 7. Ufa – Ufa; 8. Orenburq – Orenburq; 9. Türküstan – Daşkənd; 10. Sibir – İrkutsk; 11. Dala – Ural; 12. Omsk – Omsk; 13. Semipalatinsk – Semipalatinsk; 14. Semireçinsk – Alma-Ata; 15. Akmola – Petropavlovsk; 16. Zakaspi – Aşqabad.
“İttifaq” partiyasının mərkəzi Bakı şəhəri seçilmiş, partiyanın rəhbəri isə Əlimərdan bəy Topçubaşov olmuşdu. Qurultaya partiyanın 79 maddədən ibarət proqramı təqdim olunmuş, amma qurultay 72 maddəni qəbul etmişdir. Partiyanın nizamnaməsini ayrıca olaraq yazmaq istəmirik. Nizamnamə 23 maddədən ibarət olmuşdur.
RUSİYA MÜSƏLMANLARI İTTİFAQI
PARTİYASININ QURULUŞU
Çar Rusiyası yaponlarla müharibədə məğlub olduqdan sonra ölkənin hər yehində ruslarla bərabər, azlıq təşkil edən əsir millətlər də üsyan edirdilər. Çar xalqı sakitləşdirmək üçün hüquq və azadlıq vəd edən fərmanlar verirdi. Bu fərmanların heç biri çar və başda Pobedonostsev olmaqla onun saray əyanları, nazirləri tərəfindən həyata keçirilirmirdi. Verilən fərmanların ikisini aydınlaşdırmaq istəyirik.
1905-ci il 6 avqust tarixli Dövlət Duması qurulmasına dair manifestin əvvəlində bir çox şablon sözlər təkrarlandıqdan sonra, “1906-cı il yanvar ayının ortalarından gec olmayaraq Dumanın çağırılacağı bildirildi” (M.C.Biqi. İslahat əsasları, səh. 188-189).
Həqiqətdə xalq çar rejiminin aciz vəziyyətə düşmüş olduğunu anlayır və başa düşürdü. Doğrudan da bu belə idi... İnqilab geniş vüsət almışdı. Şəhərdə 120-dən çox qırğın baş vermiş və qarşısı alınmayan maneələr ortaya çıxmışdı. Varlıların mülkləri talan edilmiş, ən gözəl tarixi abidələr dağıdılmış, hüquqdan əsər-əlamət qalmamış, xalqın da əsəbləri pozulmuşdu.
Belə bir vəziyyətdə 1905-ci il oktyabrın 17-də azadlıq haqda manifest verildi. Bu manifestdə də eyni sözlər təkrarlanırdı. Ancaq manifestin ana xətləri aşağıdakı kimi idi:
1 – Dövlət Dumasının qanun tərtib etmək və hökümətə nəzarət etmək hüququ qəbul edilir. 17 oktyabr manifestinə uyğun gəlməyən qanunları qəbul etməmək səlahiyyəti də Dumaya verilir.
2 – Xalqa tam mənası ilə bütün hüquqlar verilir. Xalqın bütün hüquqları müqəddəs sayılacaq və bu hüquqlar heç bir vəchlə, heç bir vəzifəli şəxs tərəfindən pozulmayacaq.
3 – Seçmək və seçilmək hüququ verilir. Şəxsiyyət və cinsiyyət fərqi qoyulmadan hər kəs seçmək və seçilmək hüququna malik olacaq.
4 – Kabinet üzvləri olan nazirlərin hər hansının qanunsuz davranışına bütün kabinet cavabdeh olacaq.
Bu vəziyyətə görə mütləq və qəddar çar rejimi məşrutəli demokratik bir şəkil alırdı. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi nə çar, nə də onun sadiq nazir və generalları, nə də idarə başında duran yüksək vəzifəli məmurlar manifestin əsaslarına riayət etmir və yerinə yetirmirdilər.
“Belə bir şəraitdə 1905-ci il səkkiz aprel tarixində Peterburqda Rəşid əfəndinin evində Əlimərdan bəy Topşubaşov, Əhməd Ağayev, Əli bəy Hüseynzadə, Alim əfəndi Maksud və Binyəmin əfəndi Ədhəm toplandılar. Toplantının mövzusu bütün Rusiya müsəlmanları üçün müştərək siyasi bir heyət qurmaq məsələsi idi” (M.C.Biqi, səh. 162). Bir neçə gün sonra Krımdan gələn İsmayıl Qaspralı yuxarıda qeyd etdiyimiz şəxslərlə görüşərək onlarla həmfikir olduğunu bidirdi.
“Rusiya müsəlmanları ittifaqı”nın birinci qurultayı 1905-ci il mayın 20-də Peterburqda Zakir həzrətin qızı Aliyə xanımın nigah mərasimində toplanmışdı. Yuxarıda qısa da olsa anlatdığımız çar tərəfindən verilən azadlıq (?) manifestinə baxmayaraq rus idarəsində çalışan məsul şəxslər, əsarətdə yaşayan türklərin konqres halında toplanmasına izn verməmişdilər. Hər dəfə qurultay təşkilatçıları müxtəlif yerlərə müraciət etmək məcburiyyətində qalmışdılar. Onun üçün də qurultay ancaq nigah mərasimində həyata keçirilmişdi. Bütün bu toplantıların ağırlığı kazan türklərindən Rəşid əfəndi İbrahimov ilə azərtürklərdən Əlimərdan bəy Topçubaşovun üzərinə düşmüşdü. Aliyə xanımın toy mərasiminə Rəşid əfəndi bütün türklərin nümayəndələrini dəvət etmişdi. Nümayəndələr Peterburqa gələrkən elə zənn edirdilər ki, şəhərin valisi toplantı keçirməyə icazə verəcək, lakin göstərilən səylər bir nəticə verməmişdi. Peterburq müftisi və knyaz Çingiz adlı bir avantürist toplantını sabotaj edərək qırğız nümayəndələrini geri göndərməyə çalışdılar. Ona görə də nümayəndələr toy marəsimində toplanmağa məcbur olmuşdular. Rəşid əfəndi məclisi açmış və çox gözəl, mənalı nitq söyləmiş, hətta bu zaman özlərini saxlaya bilməyib ağlayanlar da olmuşdu.
Uzun və mübahisəli keçən müzakirələrdən sonra gələcək qurultayın toplanmasına və o vaxta qədər “Rusiya müsəlmanları ittifaqı” partiyasının proqram layihəsinin hazırlanmasına qərar verildi. İkinci qurultay Murtuza əfəndi Vahabın evində verilən böyük bir ziyafətdə toplanmışdı. Bu arada Bakıda “Həyat” qəzeti nəşr olunmağa başlamış və Peterburqda toplanan qurultay haqqında oxuculara ətraflı məlumatlar vermiş və Rəşid əfəndi də qəzeti üçün təsirli məqalələr yazmışdı. Qurultayda Əlimərdan bəy Topçubaşovun söylədiyi nitq çox böyük tarixi əhəmiyyət daşıyır.
“Rusiya müsəlmanları ittifaqı” partiyasının ikinci qurultayı Peterburqda Həsən əfəndi Həbibullahın evində qurban bayramı münasibətilə 200 nəfərə yaxın adamın iştirakı ilə davam etdi (22 yanvar 1906-cı il). Mübahisəli şəraitdə keçən bu qurultayda İsmayıl Qasparlı sədr seçilsə də öz namizədliyini geri götürmüş, onun yerinə Əlimərdan bəy Topçubaşov sədr seçilmişdi. Nümayəndələr Əlimərdan bəyin “İttifaq” üçün hazırladığı layihəni sevinclə qəbul edib, bəzi çatışmazlıqların gələcək qurultayda aradan qaldırılmasını qərara aldılar. Bu toplantının keçirilməsinə çox böyük səylərdən sonra daxili işlər naziri Bulıgin də izn verdi (M.C.Biqi, səh. 212-213).
Hər il Nijni Novqorod şəhərində ticarət yarmarkası keçirilirdi. Rusiyanın hər yerində ticarət edən türklər də bu yarmarkada iştirak edirdilər. Onlar burada əsarətdə yaşayan xalqlarla daha yaxından tanış olur, ağır həyatlarından bir-birilərinə söhbət açırdılar. Bilirik ki, xalqların bir-birini yaxından tanımalarında ticarət münasibətlərinin böyük rolu vardır. Bu səbəbdən türklər üçüncü qurultayı avqustun ortalarında Nijni Novqorod şəhərində yarmarka dövründə keçirməyi qərara aldılar. Çar tərəfindən bir yığın hürriyyət manifesti verildiyinə baxmayaraq əsarətdə yaşayan türklərə toplantı hüququ verməyən və tanımayan çarın valilərindən qurultayı pərdələmək mümkün olacaqdı. Bu belə də oldu. Avqustun ortalarında yarmarkaya başqa millətlərlə yanaşı türk xalqlarının da nümayəndələri gəlmişdi.
Avqustun 14-də Əbül Suud əfəndi Əhmədov Nijni Novqorod şəhər valisinin yanına gedir və toplantı üçün icazə istəyir, vali isə bu təklifi rədd edir. Beləliklə, toplantı üçün icazə ala bilməyəcəklərini başa düşən təşkilatçılardan Rəşid əfəndi ilə molla Carulla Akçurin qərara gəlirlər ki, on iki saat müddətinə bir gəmi kirayə etsinlər və çayda gəzinti adı altında öz qurultaylarını keçirsinlər. Onlar gəmi kampaniyasına gedərək avqustun 15-i üçün gəmi sifariş edirlər.
Rəşid əfəndi səhər tezdən yüzlərcə adamın yeməyini gəmiyə yüklətdirir. Nümayəndələr saat səkkizdən sonra gəmiyə minməyə başlayırlar. Saat 9 radələrində çarın gizli xəfiyyələri gəmini yoxlasalar da bir şey başa düşmürlər. Gəmi saat 10-da limandn ayrılmalı idi, amma vəziyyəti belə görən Rəşid əfəndi vaxtından 10 dəqiqə tez gəmini yola düşməsi üçün kapitana əmr verir və nümayəndələrin bir qismi kiçik gəmilərlə arxadan gəlirlər. Konqresdə olan 200 nümayəndə ilə yanaşı gənc sosialistlərdən də dinləyici sifəti ilə iştirak edənlər olmuşdu.
Saat 10-da başlayan qurultay fasiləsiz on üç saat davam etdi. Qurultaya Əlimərdan bəy Topçubaşov rəhbərlik edirdi. Əlimərdan bəy hüququ gözəl bilən, özünəməxsus siyasi biliyə və təmkinə malik bir ziyalı idi. Rusların əsiri olan türklərin siyasi tarixində çox böyük əhəmiyyəti olan bu iki sənədin qiymətləndirilməsinə bundan sonrakı yazılarımızda yer verəcəyik (M.C.Biqi, səh. 166-172).
“RUSİYA MÜSƏLMANLARI İTTİFAQI”
XALQ PARTİYASININ PROQRAMI
I
Siyasi məqsədlər
1 – “İttifaqın” məqsədi zamanın, vəziyyətin vacibliyinə, həm də bu proqramın maddələrinə müvafiq surətdə siyasi, iqtisadi, ictimai, dini işləri islah etmək üçün həmfikir Rusiya müsəlmanlarını əməli işdə birləşdirməkdir.
2 – Siyasi, mədəni həyatların nizamlarını hürriyyət, haqq və insaniyyət əsaslarına görə həyata keçirmək üçün xalqların hamısına, müsəlmanlara da mədənilik, insanlıq hüquqlarını vermək, həm də dövlətin idarə üsullarını qanun əsasında təşkil etmək, yəni dekret, idarə, hökm vəzifələri, məhkəmə xalq vəkillərinin əlində olması lazımdır.
II
Əhalinin hüququ
3 – Bütün əhali, cinsindən, dinindən, qəbiləsindən, millətindən asılı olmayaraq qanun qarşısında bərabərdir.
4 – Sinfi imtiyazlara, dinlərə, millətlərə aid qanun məhdudiyyətləri, istisnaları tamamilə ləğv olunur.
5 – Qanun çərçivəsində hər bir adamın şəxsiyyəti toxunulmazdır, azaddır. Hakimin dövlət qanunlarına müvafiq hökmü olmadıqda heç kim həbs edilə, məhkum oluna, cəzalandırıla bilməz. Əgər həbs olunarsa, şəhər məhkəməsi tərəfindən 24 saat ərzində, amma başqa yerlərdə iki gün ərzində azad olunur, yaxud məhkəmənin ixtiyarına verilir. Nizamnamədə göstərilən müddətdən çox, yaxud əsassız yerə həbs olunan şəxs onu həbs edənləri məhkəməyə vermək və ona dəyən zərəri dövlət xəzinəsindən tələb etmək hüququna malikdir.
6 – Hər bir adamın mənzili toxunulmazdır. Xüsusi mənzillərə iznsiz girmək, əşyaları yoxlamaq, məktubları açmaq yalnış qanunda göstərildiyi kimi, məhkəmənin qərarı olduqda icazə verilir.
7 – Hər bir adamın mülkü müqəddəsdir. Həmin mülkün dəyəri ödənilməsə heç bir adamın şəxsi mülkü əlindən alına bilinməz.
8 – Ölkənin daxilində istədiyi yerdə yaşamaq, xarici ölkələrə səfər etmək xüsusunda hər bir şəxs azaddır. Pasport rejimi, təbəəlik məcburiyyəti ləğv olunur.
9 – Qanun çərçivəsində hər cür sənət və ticarətlə məşğul olmaq azaddır.
10 – Bütün adamlara qanun qarşısında səlahiyyətlərinə görə mülki, hərbi məmuriyyətlərdə, dövlət və ya digər idarələrdə çalışmaq üçün heç bir fərq qoyulmur.
11 – Hər bir insanın vicdanı, dini ibadətləri azaddır, möhtərəmdir, qanun himayəsilə təmin olunur.
12 – Din, vicdan azadlığı kimi, hər bir adamın fikri də, sözü də, danışığı da, yazı da, nəşriyyat da azaddır. Mətbuatda olan bütün nəzarətlər aradan qaldırılır. Sözdə, yazıda, nəşrdə qanun hüdudundan çıxmış adamlar yalnız məhkəmə qarşısında məsul ola bilər.
13 – Hər yerdə, açıq meydanlarda, evlərdə toplanmaq, toplantıya dəvət olunmaq ixtiyarına hər bir adam malikdir.
14 – Hər bir adam icazə olmadam ittifaq, şirkət yarada bilər.
15 – Hər bir adam, hər bir şirkət istədiyi xüsusda sorğu vermək, ərizə təqdim etmək hüququna malikdir.
16 – Bu fəsildə göstərilən mülki hüquqlar dövlətin “Əsas qanunları”nda təsbit edilib məhkəmə himayəsilə təmin olunur.
III
Dövlət quruluşu
17 – Rusiya üçün bu gün ən münasib dövlət quruluşu “İttifaqın” rəyinə görə həm qanun, həm də parlament əsasları ilə təmin olunacaq monarxiyadır. Belə monarxiyada monarxın həm hüququ, həm hakimiyyəti “Qanun əsası” ilə təhdid olunur: Dövlət Dumasının qoyduğu qanun əsası ətrafında cərəyan edər və həmin qanuna əməl olunar. Vəkillər monarxa nəzarət edərlər.
18 – Xalq vəkilləri – Rusiyada yaşayan bütün xalqlara aid olmaq şərti ilə - Dövlət Duması, yaxud Rusiya parlamenti ismində olacaq, yalnız bir məclis olaraq təşkil ediləcək, vəkillər ümumi, gizli, bərabərlik prinsipi ilə seçiləcəkdir, müsəlmanların vəkilləri əhalinin ümumi sayı ilə mütənasib olacaq.
Qeyd: Qadınların da iştirak etməsini nəzərə alaraq seçki qanunları bu xüsusda hazırlanacaqdır.
19 – Vəkillər qanun tərtib edə bilər, dövlətin gəlirini və məxaricini tərtib edə bilər, böyük və kiçik idarələrin xidmətlərinə nəzarət edərlər.
20 – Vəkillər qanun tərtib etmək hüququna malikdirlər.
21 – Qərar, sahiblik, əmr, fərman kimi işlərin heç biri vəkillər heyəti tərəfindən qəbul edilmədiyi təqdirdə, qanun qüvvəyə minə bilməz.
22 – Vergilər, gömrüklər, dövlət ehtiyacları üçün alınacaq istiqrazlar nazirlər heyətinin razılığı olmadan alına bilməz.
23 – Dövlət büdcəsi bir ildən ziyadə olmamaq şərti ilə nazirlər heyətinin razılığı ilə təyin olunur. Gəlir və məxaric istisnasız olaraq mühasibatda qeyd olunur.
24 – Vəkillər heyəti arasından seçilərək monarx tərəfindən qəbul və təsdiq ediləcək nazirlərin hər biri öhdələrinə düşən işlər üçün vəkillər heyəti qarşısında məsuldur. Vəkillər lazım gələrsə nazirlərindən izahat və açıqlama tələb edə bilərlər.
IV
Dini qaydalar
25 – Bütün dinlər, bütün məzhəblər hürr, qanun qarşısında bərabər, hökümət nəzarətindən azad olur. Hər din möhtərəmdir. Dinlər, etiqadlar içində dinləri, məzhəbləri təbdil və ya tərk etdikdə heç bir surətdə təqib ola bilməz. Əgər cəza qanunlarına zidd deyilsə ibadətləri yerinə yetirmək olar. Həmçinin məzhəb təlimlərini nəşr etdirməkdə hər bir insan azaddır.
26 – Hər bir xalqın dini, dinlərinə münasib daxili qaydaları özlərinin ixtiyarında olub hökümət müdaxilə edə bilməz.
27 – Rusiya müsəlmanlarının ixtiyarında olan haqq və hüquqları:
1) Bir nəfərdən və ya bir heyətdən ibarət ruhaniyyə idarəsi inşa etmək;
2) Bütün ruhaniləri xalqın arzusu ilə müvəqqəti və ya ömürlük seçə bilmək;
3) Ruhanilərin, dini müəssisələrin bütün işlərinə nəzarət hüququnun xalqın əlində olması;
4) Məscidlər, məktəb və mədrəsələr, xeyriyyə müəssisələri müsəlmanların ixtiyarına verilir və bunların bütün sahibliyi müsəlmanların əlində qalır.
V
Məhəlli muxtariyyət
28 – Ölkənin hər yerində cinsi, dini fərqi qoyulmadan ümumi, bərabər, gizli seçkilə kiçik muxtariyyətlər təsis olunur.
29 – Bir neçə kiçik muxtariyyətlər toplanıb əhalinin sayına, ərazinin böyüklüyünə görə orta muxtariyyətlər yarada bilərlər. Orta muxtariyyət nümayəndələrindən vilayət məclisi qurulur. Vilayət məclisləri müvəqqəti və ya daimi ittifaq yarada bilərlər.
30 – Məhəlli muxtariyyətin bütün işləri, hətta təhlükəsizlik, asayiş polisi də muxtariyyət idarələrinin əlindədir. Amma bu günkü vəziyyəti nəzərə alaraq dövlətin əlində toplanan bəzi işlər istisna edilir. Dövlətin ümumi gəlirlərindən bir qismi məhəlli muxtariyyət idarələrinin faydası üçün istifadə olunur.
31 – Kasıblara, kimsəsiz uşaqlara, acizlərə, sağalmaz xəstələrə, zəif qocalara yardım etmək məhəlli muxtariyyətə həvalə olunur.
32 – Mərkəzi hökümət tərəfindən təyin olunan məhəlli məmurların vəzifəsi məhəlli muxtariyyətin xidmətlərinə, dövlət qanunlarına nəzarət etməkdən ibarətdir. Bu xüsusda iki tərəf arasında çıxa biləcək ixtilaflar hüquq məhkəmələri tərəfindən həll ediləcək.
33 – Vilayət məclisinin üzvləri vilayətin məhəlli işlərinə aid məsələlərdə qanun tərtib etmək hüququna malikdirlər.
34 – Vilayətə aid məsələlərin hamısı, maliyyə işi də daxil olmaqla məhəlli muxtariyyət idarələrinin səlahiyyətlərinə görə vilayət məclislərində müzakirə edildikdən sonra dövlətin icraiyyə orqanları tərəfindən həyata keçirilir.
35 – Vilayətdə hər hansı bir millət çoxluq təşkil edərsə bu vilayətin idarələrində həmin millətin dili ümumi dil olmalıdır. Rus dili ümumi dövlət dili olmaq şərtilə mərkəzi idarələrdə, dəniz və quru qoşunlarında işlədilməlidir.
36 – Bütün xalqlar mədəni, siyasi hüquq baxımından bərabər olmaqla yanaşı, dövlətin əsas qanunları xalqların hamısını mədəni hüquqlarla təmin etməlidir, yəni hər dildə və hər məhəlli dialektdə danışmaq, məktəb, mədrəsələr inşa etmək, uşaqları tərbiyə etmək, dil və ədəbiyyat cəmiyyətləri, müəssisələri yaratmaq xüsuslarında millətlərin hər birinə tam azadlıq verilir.
VI
Məhkəmə
37 – İndiyə qədər mövcud olan və xalqı siniflərə ayıraraq, imtiyazlı şəxslərə xidmət edən bütün ümumi və fövqəladə məhkəmələr ləğv edilir. Ölkənin hər yerində 1864-cü il 20 noyabr tarixli qanunlara görə barışıq və ədliyyə məhkəmələri qurulur.
38 – Məhkəmələrin hər birində bu əsaslara riayət olunması lazımdır: 1) Hökm icra edilməklə tamamlanmış olur; 2) Qanun qarşısında hamı bərabərdir; 3) Səlahiyyətli hakimin məhkəmə qanunlarına uyğun hökmü olmasa heç bir adam cəzalana bilməz; 4) Hakim işindən kənar edilə bilinməz, o, müstəqildir, hər bir müdaxilədən azaddır nəzarəti də onun işinə müdaxilə edə bilməz. Kiminsə xatirinə iş görmək, hədiyyə almaq hakimlərə qadağandır. Hakimlər xalq tərəfindən səsvermə yolu ilə seçilmədikdə heç kim hakim vəzifəsinə təyin edilə bilinməz; 5) Məhkəmələrdə hökm açıq olur; 6) Cəza təyin etmək səlahiyyəti yalnız hakimlərə aiddir. İnzibati (idarələr tərəfindən maddi cəza vermək, həbs və sürgün etmək kimi səlahiyyətlər ləğv olunur; 7) Məhkəmədə çalışanların hamısı ümumi əsaslara uyğun olaraq gördükləri işlərdə bir-birlərinə zamindirlər.
39 – Seçilmiş barışdırıcı hakimlər, seçilmiş ədliyyə komissiyaları ölkənin bütün vilayətlərində qurulmalıdır. Məhkəmədə hakimlik və ədliyyə komissiyasına üzvlük üçün maddi vəziyyət şərt deyil.
40 – Ədliyyə komissiyasının imkanı və işçilərinin sayı artırılır, cinayətlərin növü ilə deyil, əsasən cəzaların miqdarı etibarı ilə hər iş ədliyyə komissiyası məhkəməsinə təhvil verilir. Dövlət, yaxud mətbuatla əlaqədar cinayətlər ədliyyə məhkəmələrinin səlahiyyətinə aiddir.
41 – Məhkəmələrə məxsus polis təşkilatı qurulur.
42 – Şübhəsiz icra ediləcək qaydalar: 1) Birinci dərəcədə təftiş hüququ; 2) Məhkəmə tərəfindən ittihamla müdafiə hüququ; 3) Xəbərdarlıq üçün çıxarılmış hökmlər; 4) Cəza müddəti bitmədən yaxşı davranışına görə azad olunma;
5) Cəzalarını çəkib qurtarmış şəxslərə azad olduqdan sonra şərəfli və azad yaşaya bilmələri üçün işləmək imkanı yaratmaq; 6) həbsxanalarda islahatlar apararaq tərbiyə və əxlaq qaydalarında dəyişikliklər etmək; 7) Azad və müstəqil vəkillər kollegiyasını təşkil etmək; 8) kasassiya məhkəməsinin birlik qaydası.
43 – Mədəni və siyasi azadlıqları təmin etmək üçün bütün hüquqi qanunlara, o cümlədən cəza qanunlarına təcili olaraq baxmaq və yenidən tənzim etmək lazımdır.
44 – Müsəlmanların ailə hüququ – nigah, boşanma, miras, aliment kimi məsələlərin hamısı şəriət məhkəmələrində şəriətin hökmü ilə həll olunur.
45 – Xalqa ən yaxın olan məhkəmələr, yəni barışdırıcı məhkəmələr çoxluq təşkil edən xalqın dilində aparılmalıdır. Buna görə də birinci instansiya məhkəmələrinin hakimləri bu dili bilən şəxslərdən seçilir.
VII
Maarif
46 – Ölkənin hər yerində ana dilində ibtidai məktəblərdə təhsil təxirə salınmadan başlamalı, məcburi və pulsuz olmalıdır.
47 – İbtidai məktəblərdə tədris təcili olaraq məhəlli muxtariyyət idarəsinə təhvil verilir. İbtidai məktəblərin hamısında tədris ana dilində və milli hərflərlə aparılır.
48 – Sinifdən sinfə keçmə işlərini asanlaşdırmaq üçün bütün məktəblərin sinifləri arasında əlaqələr yaradılmalıdır.
49 – Məktəblər, mədrəsələr təsis etmək, təlim ilə məşğul olmaq azaddır.
50 – Sənaye məktəblərini mümkün qədər artırmaq məsələsinə xüsusilə diqqət yetirmək lazımdır. Şübhəsiz, sənaye məktəblərində də təlim pulsuz olmalıdır. Orta məktəblərin sayını lazımi qədər artırmaq, mümkün qədər az haqq ilə təhsil vermək lazımdır. Təlim-tərbiyə işlərinin tərtibinə və üsullarına məhəlli idarələr hər yöndən müdaxilə edə bilər.
51 – Kolleclər, ali məktəblər daxili qaydalar və tədris işlərində tamamilə azaddır. Sayları lazımi qədər artırılaraq dərs haqqı mümkün qədər azaldılmalıdır. Xalqın çoxunun ali məktəblərdən faydalanması üçün bu məktəblərin binaları geniş olmalıdır. Tələbələrin cəmiyyətləri azaddır.
52 – Yaşlılar üçün məktəblər, ibtidai məktəblər, vilayət qiraətxanaları, kitabxanaları kimi elmi müəssisələr yaratmaq, binalar inşa etmək kimi işlərdə məhəlli muxtariyyət idarəsi mütləq azad olmalıdır.
53 - Yaşlılar üçün sənaye məktəbləri və dini məktəblərin bütün dərəcələrində, həm də yuxarıdakı maddədə göstərildiyi kimi elmi müəssisələr yaratmaq, istər ana dilində, istər Şərq dillərində təlim və tədris işləri aparmaq, başqa dövlətlərdən müəllim və müdərrislərin dəvəti, milli hərflərlə qəzet və jurnalların buraxılması, tərcümə və ya tərtib edilən kitab və kitabçaların nəşri, həmçinin onların satışı işlərində Rusiya müsəlmanları tamamilə azaddırlar.
VIII
Maliyyə işləri
54 – Dövlətin iqtisadi və maliyyə siyasəti təməlindən dəyişdiriləcək. Lüzumsuz israfçılıq aradan qaldırılaraq xalqın ehtiyacına, xüsusilə elm və maarif sahəsinə dövlət xəzinəsindən müəyyən miqdarda pul ayrılacaq, dövlət büdcəsində əsaslı dəyişiklik aparılacaq.
55 – Ümumi xəzinə əmlakında hakimlik hüququ təkcə mərkəzə aid olmayıb, məhəlli muxtariyyət idarələri arasında bölüşdürüləcək.
56 – Ümumiyyətlə, vergiləri, o cümlədən xalqın daha çox ehtiyacı olan mallardan verginin məbləğini azaltmaq, ticarətdə bəzi qaydaları aradan qaldırmaq və ləğv etmək lazımdır.
57 – Vergilərdə bəzi dəyişikliklər həyata keçirilir. Belə ki, gəlir artdıqca vergi də artırılır, əldə olan yüksək qazanclar miras vergisinə əlavə olunur.
IX
Torpaq məsələləri
58 – İş qabiliyyəti olan kəndlilərə yerlərdən, saray və dövlətə aid yerlərdən ehtiyacı olduğu qədər torpaq vermək, həm də müvafiq qiymətə dövlət xəzinəsindən ödənmək şərtilə xüsusi mülk olan torpaqların alınaraq ehtiyacı olan kəndlilərə paylaşdırılması lazımdır. Əgər xüsusi mülklər idarə rəislərinə, məmurlara hədiyyə yolu ilə və ya qanunsuz olaraq verilmişsə, həmin mülklər pulsuz alınaraq ehtiyacı olanlara veriləcək.
59 – Torpaqla məşğul olan əkinçiləri hər cür alətlərlə təmin etmək vilayətin torpaqlarını ehtiyacı olan əkinçilər arasında paylaşdırmaq lazımdır. Torpaqda çalışan əkinçilərin daha çox məhsul əldə etməsi və bütün işləri intizamla görməsi üçün məhəlli muxtar idarələr hər cür tədbirlər görməlidir. Bütün bu işləri həyata keçirmək üçün köçürmə işləri dayandırılmalı və köhnə sahiblərindən qəsb edilərək alınan torpaqlar əvvəlki sahiblərinə qaytarılmalıdır.
60 – Dövlət və məhəlli muxtar idarələr bütün imkanları ilə torpaq məsələsini, heyvandarlığı təşviq və himayə edər. Kənd təsərrüfatı məktəbləri açılması, kənd təsərrüfatı kredit bankları qurulması, əkinçilərə kredit verilməsi, kənd təsərrüfatı şirkətlərinə, birliklərə icazə verilməsi üçün nizamnamələr qəbul etmək, bütün tədbirləri görmək və kənd təsərrüfatı işlərinə nəzarət etmək üçün komissiyalar yaratmaq lazımdır.
61 – Beləliklə, əkinçiliklə məşğul olan şəxslər ağaların zülmündən azad olur. Torpaq işlərini təftiş etmək üçün qüvvədə olan qaydalar dəyişdirilir. Fəhlələrə aid qanunlar, sənaye işçilərinə verilən hüquqlar kənd təsərrüfatı işçilərinə də şamil olunur.
62 – Əkinçilərə paylanan torpaqlara sərhəd təyin edilir və miqdarı müəyyənləşdirilir. Daşınmaz malların girov qoyularaq kredit alınması işi nizama salınır. Torpağın icarə qiyməti müəyyənləşdirilərək təyin edilir. Borcun əvəzində kəndlilərə iş gördürmək üsulu tamamilə ləğv edilir.
63 – Suvarma işləri islah olunur və təftişə məruz qalır.
X
Fəhlə məsələsi
64 – Fəhlə ittifaqlarının, cəmiyyətlərinin yaranmasına, tətil etmələrinə icazə vermək.
65 – Adi iş günü müddətini təyin etmək.
66- İş müddətindən artıq çalışmağı, zərurət olmadıqda gecə işlərini qadağan etmək.
67 – Qadınların və uşaqların əməyini qorumaq vəzifəsinə diqqət etmək, sağlamlığa zərərli işlərdə kişilərin də əməyini himayə etmək üçün tədbirlər görmək.
68 – Fəhlə xəstələnərsə, iş zamanı xəsarət alarsa, peşə xəstəliyinə tutularsa həmin müəssisənin müdiriyyəti haqqını ödəməlidir.
69 – Kimsəsiz qocalara dövlət hesabına müavinət verilir.
70 – Əmək intizamını qüvvətləndirmək üçün müəyyən cəza təyin edilir.
71 – Fəhlələrin hüquqları pozulduğu zaman fəhlələrlə müdiriyyət arasında ixtilafları ədalətlə həll etmək üçün yarısı fəhlələrdən, yarısı sahibkarlardan ibarət barışdırıcı hakimlər yaradılır.
72 – Fəhlə qanunlarının tətbiqi və fəhlələrin əməyinin himayəsi üçün müstəqil müfəttişliklər yaradılmalıdır. Fəhlələrin müdafiə etməli olan müfəttişlər heyətinə fəhlə nümayəndələri də daxil olmalıdır.
1905-ci ilin yayında hazırlanıb 1906-cı il yanvarın 13-23-də və afqustun 16-20-də olan qurultaylarda müzakirə edilərək qəbul olunan proqramlar bundan ibarətdir.
1906-cı ildə olan qurultayın proqram müzakirəsi yanvarın 19-da başladı. Kazan nümayəndəliyi özünün altı maddədən ibarət proqramını oxudu. Bütün Rusiya müsəlmanlarına mümkün ola biləcək, bütün Rusiya müsəlmanlarını öz ətrafında toplaya biləcək əsaslı və əməlli-başlı bir proqramın gərəkliliyi düşünüldü. Uzun müzakirələrdən sonra müfəssəl proqram qəbul olundu.
Əlimərdan bəy Topçubaşov tərəfindən rusca ustalıqla tərtib olunmuş proqram əvvəldən axıra qədər oxundu. 79 maddədən ibarət olan bu proqramın bütün maddələri ayrı-ayrılıqda oxunaraq qurultay tərəfindən qəbul olundu. Qurultayda yenicə yaranan partiyaya ad qoymaq üçün də mübahisə başladı və “İttifaq” adı daha məqsədəuyğun sayıldı. Daha sonra qadınların seçki hüququ ətrafında müzakirələr uzun çəkdi. Qurultayda bu təklifi verən Əlimərdan bəy Topçubaşov yerlərdən hücumlara məruz qaldı. Əhmədcan Babay Seydəş bu məsələdə və məhəlli idarələrin səlahiyyətlərinə dair olan 34-cü, muxtar vilayətlərdə yaşayan, çoxluq təşkil edən millətin dili, vilayətin ümumi idarələrində dövlət dili olaraq qəbul edilməsi məsələsində və mədəni muxtariyyət mövzusunda təsbit edilən 35-36-cı maddələr ətrafında gedən mübahisələrdə Əlimərdan bəy Topçubaşovu müdafiə etdi. Bu maddələrə möhtərəm İsmayıl bəy Qasparlı həzrətləri ilə möhtərəm Yusif əfəndi Akçura cənablarına da öz münasibətlərini bildirdilər: “Belə maddələr Rusiyada heç bir vaxt mümkün ola bilməz. Hətta ən azad İngiltərədə də belə muxtariyyət yoxdur”. Əlimərdan bəy Əhmədcan Babayın sözlərini təsdiq etdi. Nəticədə 36-cı maddə bir az dəyişdirildi. 34, 35 və 36-cı maddələr isə proqramdan çıxarıldı.
Uzun mübahisədən sonra qadınların seçki hüququ islam qanunlarına uyğun olaraq proqrama daxil edildi.
1906-cı ildə Nijni Novqorodda başlayıb Kazan şəhərində davam etdirilən Ümumrusiya müsəlmanları qurultayında təsis olunan “Rusiya Müsəlmanları İttifaqı” partiyasının proqramı Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış və qurultay tərəfindən qəbul edilmişdi. Bu proqramdan başqa qurultaya yeddi proqram layihəsi təqdim olunmuşdu:
1 – Yusif əfəndi Akçura tərəfindən hazırlanan layihə;
2 – Rza Əfəndi tərəfindən hazırlanan layihə;
3 – Yenə başqa bir layihə;
4 – Həsən Ata Qazı tərəfindən hazırlanan layihə;
5 – Ufa layihəsi;
6 – Başqırd vəkillərinin layihəsi;
7 – Ufa layihəsinin müfti Məhmədyar əfəndi Sultanovun etdiyi dəyişikliklər (Bu açıqlamalar M.Carullah Biqidən olduğu kimi götürülmüşdür).
Göründüyü kimi, qurultay bütün layihələri nəzərdən keçirmiş, müzakirə etmiş və Əlimərdan bəy Topçubaşov layihəsini gündəliyə qoyaraq qəbul etmişdir.
Proqram bu gün də öz əhəmiyyətini itirməmişdir. Buna misal olaraq 61-ci və 69-cu maddəni göstərə bilərik.
Qurultayın uzun müzakirədən sonra qəbul etdiyi qadınların seçki hüququnun təsdiq edilməsi və bir çox başqa mütərəqqi məsələlər daha çox diqqəti cəlb edir.
Yuxarıda qeyd etdiyimiz kimi proqramda panislamizm və ya pantürkizm haqqında heç nə deyilmir. 1905-ci il birinci rus inqilabı zamanı əsarətdə yaşayan türklərin “İttifaq”da birləşməsi çox böyük hadisədir. “İttifaq” partiyasının mərkəzi müvəqqəti olaraq Bakı şəhərinin seçilməsi, azəri türklərinin siyasi rəhbərlərindən olan Əlimərdan bəy Topçubaşovun proqramın hazırlanmasında və bir hüquqşünas kimi oynadığı önəmli roldan irəli gəlmişdir.
Rus müstəmləkəsi olan hər bir türk xalqının öz geopolitik vəziyyəti var və onlar öz siyasətlərində bu geopolitik vəziyyətdən çıxış edirlər. Afrika qəbilələrinin ayrı-ayrı müstəqil dövlətlər qurduqları düşünülürsə, rusların əsiri türklərə də ən az bu hüququn verilməsini bəşəriyyət və mədəni dünya və ən nəhayət, hər dövlət, hər kəs zənn edirəm ki, qəbul edər. Bu istək və ideal isə pantürkizm demək deyildir.
Türkiyə tarixində böyük Atatürk bir “Misaki milli” (milli pakt) sərhədi çəkərək bu məsələni bütün dünyanın gözü qarşısında həll etmiş və bütün maneələri aradan qaldırmışdır.
“İttifaq” proqramının sosial məsələlərinə gəlincə torpaq və fəhlə bölümünü oxuduğumuz zaman proqramın nə qədər radikal olduğunu açıq-aydın görürük. Yuxarıda yazılanları oxuduqca görürük ki, fəhlələrin problemlərini, torpaq məsələsini kommunistlərin iddia etdiyi kimi rus sosializmi gətirməmişdir. Əsarətdə yaşayan türklərin həyatında “İttifaq” hərəkatı bir liberal-demokratik burjua hərəkatıdır. Burjuaziyanın bütün xalqların həyatında proqressiv, önəmli rolları olmuşdur. Biz burjua tərəfdarı olduğumuz üçün deyil, azərtürk burjuaziyasının Azərbaycan tarixində və ümumiyyətlə əsarətdə yaşayan türklərin həyatında oynadığı mütərəqqi rolu elmi bir mövzu olaraq araşdırdığımız üçün açıqlama apardıq. Millətlərin tarixində burjuaziyanın mütərəqqi rol oynadığına biz də ən azı Marks və marksçılar qədər inanırıq.
RUSİYA MÜSƏLMANLARININ
ÜÇÜNCÜ QURULTAYI HAQQINDA MƏLUMAT
Nijni Novqorodda, Oka çayındakı “Qustav Struve” gəmisində ölkənin hər tərəfindən müxtəlif zümrədən gəlib toplanan müsəlman nümayəndələri dövlətin bugünkü vəziyyətində ortaya çıxan məsələləri öz ehtiyaclarına və fikirlərinə dair bütün mövzuları müzakirə edib aşağıdakı ümumi fikrə gəlmişlər:
1 – Rusiyada yaranmış bugünkü şəraitdə ölkənin ərazisində yaşayan müsəlmanların sosial-mədəni və siyasi problemlərini həll edə bilmək üçün birləşmək lazımdır.
2 – Bu məqsədlərini həyata keçirmək üçün Rusiya müsəlmanlarının mütərəqqi qismi, rus cəmiyyətinin qabaqcıl adamlarının ideyalarına arxalanaraq dövlət idarəsində, xalq tərəfindən seçilən nümayəndələrin iştirakı ilə qanunların tərtib olunması, hüquq qaydalarının yaradılmasında iştirak edəcəyinə inanır.
3 – Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün müsəlmanlara rus xalqı ilə bərabər hüquqların verilməsi lazımdır. Müsəlmanların mütərəqqi qismi bütün qanuni prinsiplərdən hərəkət edərək müsəlmanlar üçün qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa səy edəcəkdir. İndiyə kimi müsəlmanlar üçün qoyulmuş qadağanlar aradan qaldırılmalı və onlara da rus xalqı kimi siyasi, mədəni və dini azadlıqlar verilməlidir.
4 – Müsəlmanlar öz səylərini dövlət daxilində mümkün ola biləcək işlərin həllinə yönəldəcəklər. Bunlara hər cür məktəblərin açılması, oxucuların tələblərinə cavab verən kitabların, jurnalların, qəzetlərin nəşri, kursların, kitabxanaların, qiraətxanaların və başqa təhsil müəssisələrin yaradılması daxildir.
5 – Yuxarıda göstərilən məqsədlərə tez çatmaq üçün yerli xalq məclisləri təşkil ediləcək və bu məclislər vaxtaşırı qurultaylar vasitəsilə müsəlmanlar tərəfindən idarə ediləcəkdir. Müstəmləkə şəraitində yaşayan müsəlmanların 1905-1906-cı illərdə olan üç siyasi qurultayını dəyərləndirmədən öncə bunu qeyd etməyi özümə borc bilirəm: Oka çayı üzərində 1906-cı ilin 15 avqustundan başlayaraq avqustun 21-nə qədər Nijni Novqorodda böyük ziyafətlər şəklində ev və restoranlarda davam edən üçüncü qurultayın qərarları və “Rusiya müsəlmanları ittifaqı” partiyasının proqramı oxunduğu təqdirdə türklərin rus çar rejimi tərəfindən hansı hüquqlardan məhrum edilmiş olduqları meydana çıxır.
Qurultaya siyasi qiymət verən D.B.Seyidzadə adlı bir azərbaycanlı bir alim “Tarix, fəlsəfə, hüquq” xəbərlər jurnalında (1972-ci il № 1) “Azərbaycan burjuaziyası və 1905-ci il milli azadlıq hərəkatı” başlıqlı məqaləsində maraqlı məsələlərə toxunur. Müəllif yazır: “Ümumrusiya müsəlmanlarının qurultayı lazımınca öyrənilməmiş və layiqli qiymətini almamışdır. Azərbaycan burjuaziyasının bu hərəkatdakı iştirakı və rəhbər rolu elmi yöndən çox az tədqiq edilmişdir”. Etiraf etmək lazımdır ki, Seyidzadə bu hadisəni düzgün qiymətləndirmişdir.
Seyidzadənin on səhifəlik elmi araşdırmalarının bütün məsələlərində onunla həmfikir olmadığımız irəlidə ortaya çıxacaqdır.
Çayda keçirilən konqres Rusiya türklərinin həyatında “panislamist” və ya “pantürkist” bir hadisə kimi qəbul edilə bilməz. Sovet alimləri bu mövzuya müraciət edərkən həmin hadisəni bu yola sürükləməyə çalışırlar. Bu cür hərəkətlərlə onlar millətçi rus kommunistlərinin yanında etimad qazanmaq istəyirlər. Bu tarixi hadisənin obyektiv bir yöndən araşdırmaq lazımdır.
Qurultayın qəlbi Rəşid əfəndi İbrahimov ilə Əlimərdan bəy Topçubaşov olmuşlar. İsmayıl Qasparlı və Yusif Akçura oğlu konqresə rəhbərlik edə bilmədilər. İsmayıl Qasparlı hər üç qurultayda bəzən çox radikal istəklər irəli sürmüş, hətta qorxaqlıq göstərmiş, yersiz olaraq təcavüzkar hərəkətlərdə iştirak etmiş və buna görə də qurultay nümayəndələri ona laqeydlik göstərmişdilər (M.C.Biqi, İslahat əsasları).
O dövrdə və sonralar İ.Qasparlı ilə Y.Akçura oğlu pantürkizm hərəkatının rəhbərləri olmuşlar. Panislamizm hərəkatı isə əslində həyata keçirilməsi mümkün olmayan romantizmdən başqa bir şey deyildir. Birinci Dünya müharibəsi illərində pantürkizm haqqında çox yazılmış və söylənilmişdir. Ancaq bu hərəkatın kök salmasını sübut edən bir nümunə belə olmamışdır. Əlimərdan bəy bu iki utopik axınların heç birində iştirak etməmişdir. Dərin bilikli hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır. “Rusiya Müsəlmanları İttifaqı” türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürmüşdür.
Qeyd etmək lazımdır ki, Lenin bu “Müsəlman ittifaqı” hərəkatını nə panislamist və nə də pantürkist hərəkat saymamışdır. Lenin bu barədə belə yazır: “Misal üçün on milyonları təşkil edən Rusiya müsəlmanları heyrət ediləcək bir tezliklə o zamanlar müsəlmanlar ittifaqını təşkil etdilər. Baxmayaraq bu dövr, ümumiyyətlə bir çox təşkilatların çox qurulduğu bir çağdır”.
V.İ.Lenin bütün əsarətdə yaşayan xalqlar haqqında bir zaman belə deyirdi: “Rusiyada əhalinin yarısından çoxu demək olar ki, beşdə üçü (yəni 57%-i) milli əsarət altındadır, onlar hətta ana dilindən də azad istifadə edə bilmirlər, onları zorla ruslaşdırırlar” (V.İ.Lenin. Əsərləri, 4-cü nəşri, 23-cü cild, səh. 268).
M.Ə.Rəsulzadənin rəhbərliyi altında Bakıda nəşr olunan “Təkamül” qəzeti yazırdı: “Müsəlmanlar, ancaq ittifaq və birləşmədə, Rusiyanın başqa xalqları ilə həmfikirdirlər. İrticanı və cəhaləti yox etmək istəyirlər... Müsəlmanların öz qüvvələri ilə başarıya və qalibiyyətə çatacaqları əsassız bir ümiddir” (“Təkamül” qəzeti, № 12, 12 mart 12907-ci il).
D.S.Seyidzadə Oka çayı üzərində 1906-cı il avqustun 15-də olan qurultayda 200 nəfərin iştirak etdiyini və qurultayın sonrakı günlərində iştirakçıların 800 nəfərə qədər artdığını yazır. Sonra o qeyd edir ki, bu müsəlmanların birinci qurultayıdır. Bu fikir tamamilə yanlışdır. Oka çayında olan toplantı Rusiya müsəlmanlarının 1905-1907-ci illərdə birinci rus inqilabı zamanı keçirdikləri üçüncü qurultaydır.
Yusif Akçura oğlu ittifaqın üçüncü qurultayına belə qiymət verir: “İçtirakçıların hamısı eyni siyasi görüşlü deyil, bir-birinə tamamilə əks siyasi və iqtisadi fikir sahibləri idilər, ancaq onları bir-birlərinə bağlayan iki tel mövcuddur, eyni dindən və türk olmaları. Üzvlərin hamısı səlahiyyətli vəkillər deyildilər. Ancaq bütün nümayəndələr bir yerin, yaxud bir sinfin ideyasını və istəklərini irəli sürən nümayəndələr idi. Xülasə, bu toplantı nə mitinq, nə qurultay, bəlkə Rusiyadakı müsəlmanların dini, milli müşavirə məclisləri “şurayi ümmətləri”, fransız anlamı ilə qarşılıqlığını söyləsək milli “parlament”ləri idi.
Üçüncü yığıncaqda iştirak edən nümayəndələri siyasi, ictimai baxışlarına görə dörd yerə bölmək mümkündür. Bu bölgü Dumadakı sabiq bölgüyə bənzəyir. Mərkəzdə qüvvətli bir çoxluq təşkil edən ittifaqçılar, onların solunda miqdarca az, ancaq gənc, fəal və siyasətdən xeyli xəbərdar, çox çalışqan gənclər idi. Onlara “sollar” və “tançılar”[13] da deyirdilər. Miqdarlarını təyin etmək çətin olan, varlıqlarını göstərə bilməyən, siyasətləri məlum olan “mühafizəkarlar” ən nəhayət, mədəniyyəti, səviyyəsi, hətta siyasi görüşü olmayan, heç bir qrupa qarışmayan kimsələr... (Əbdürrəhman Sədi. Tatar ədəbiyyatı tarixi, Kazan , 1926-cı il, səh. 146, “Kazan müxbiri” qəzeti, № 155, 1906-cı il).
Türkçülüyün rəhbəri sayılan, böyük şəxsiyyətlərdən biri kimi qəbul edilən Yusif Akçura oğlunun yetmiş il bundan əvvəl söylədiyi bu obyektiv fikrinə əlavə etməyə elə zənn edirəm ki, heç bir ehtiyac yoxdur. Bütün Rusiya, Qərb mətbuatı, Kazanda nəşr olunan “Ülfət”, “Yildız”, “Kazan müxbiri”, “Əxbar”, Krımda çıxan “Tərcüman” və başqa qəzet və jurnallarda, Bakıda çıxan “Həyat”, “Kaspi” qəzetlərində “Rusiya müsəlmanları ittifaqı” partiyası adı ilə qurulan siyasi partiyaya “İttifaqçılar” adı verilmişdi. Əbdürrəhman Sədi də 1926-cı ildə nəşr etdirdiyi “Tatar ədəbiyyatı tarixi” adlı kitabında bu adı qeyd edir (səh. 147).
1964-cü ildə Bakıda nəşr olunan “Azərbaycan tarixi”nin ikinci cildində “İttifaq” partiyası haqqında dörd-beş sətirlə obyektiv olmayan, tamamilə yanlış məlumat verilmişdir (səh. 612). Bundan belə nəticə çıxartmaq olar ki, “Azərbaycan tarixi”nin ikinci cildini yazan müəlliflərin bu mövzu haqqında materialları çox az olmuşdur.
1905-ci il birinci rus inqilabı zamanı Rusiya türklərinin siyasi və ictimai hərəkatları istər rus, istərsə də başqa mətbuat səhifələrində, kitablarda geniş təsir buraxmışdır.
Əsarətdə ömür sürən türklərin öz təşkilatlarını yaratdıqlarını görən çar rejimi bu hərəkatı boğmağa, hərəkatda əsas rol oynayan azəri türklərinin rəhbərlərinə qarşı fitnəkarlıqlar təşkil etməyə, bir sözlə, “İttifaq” partiyasının fəaliyyət göstərməsinə hər cür maneələr törətməyə başladı.
Stolıpinin irtica və istibdad rejimi hakimiyyətə gəldikdən sonra “İttifaq”ın fəaliyyəti tamamilə qadağan edildi. Lakin “İttifaq” Rusiyada yaşayan türk və müsəlman xalqlarının həyatına öz hüquqları uğrunda mübarizə toxumunu artıq səpmişdi.
“İttifaq”ın üçüncü qurultayında Əlimərdan bəy Topçubaşov demişdi: “Ey mömünlər, ey qardaşlar, mən bu gün o qədər, o qədər məmnun oldum ki, bu məmnuniyyətimi sizə heç bir dillə tərif edə bilmirəm. Mən bu günü heç vaxt xatirimdən çıxartmayacam. Bu günün, bundan sonra Ümumrusiya müsəlmanları üçün milli bayram günü olacağı şübhəsizdir.
Biz türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Günbatandan gündoğana qədər bizim babalarımızın mülkü idi. Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında, Krım bağlarında, Kazanın çöllərində - ata və babalarımızın mülkü olan öz vətənimizdə, öz torpağımızda, öz ehtiyaclarımız barədə danışmağa ixtiyarımız qalmadı, şükürlər olsun Allaha... Bu qədər çətinliklərə, zəhmətlərə baxmayaraq bu gün sular üzərində ürəklərimizin açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb, hal-əhval tutmağa müvəffəq olduq”. M.C.Biqi deyir ki, “Əlimərdan bəyin bu tarixi xütbəsi çox təsirli oldu. Camaatın əksəriyyəti ağladı. Əlimərdan bəy Topçubaşovdan sonra Əbu-Suud Ədhəm, İsmayıl bəy və başqaları nitq söylədilər”.
Tarixdə ilk dəfə 15 avqust gününün bütün Rusiya müsəlmanları arasında bayram edilməsi qurultay tərəfindən qərarlaşdırıldı. Rusiya müsəlmanları arasında “dini bir rabitə və siyasi bir qüvvə” təsis edilmiş oldu. Bakı bütün Rusiya müsəlmanlarının siyasi qüvvələrinin müvəqqəti mərkəzi elan edildi. “İttifaq”ın yaradılması müsəlman şəhərlərinin hamısına məlum oldu. Hər tərəfdən təbrik teleqramları gəldi (M.C.Biqi, İslahat əsasları, səh. 170-172).
AZƏRBAYCANI İSTİQLAL MÜBARİZƏSİNƏ
APARAN ROMANTİZM
Bakı çağdaş anlamda kapitalist, ticarət, fəhlə, kəndli, ziyalı və başqa təbəqələrdən ibarət bir Qərb şəhəri idi. Fəhlələrin çoxu Cənubi Azərbaycandan gələnlərlə, çar idarəsi tərəfindən məhsuldar torpaqları əllərindən zorla alınaraq məcburiyyət qarşısında qalıb şəhərə iş dalınca gələn yerli kəndlilərdi. XX əsrə belə bir vəziyyətdə qədəm qoyan toplumun özünəməxsus problemləri olacaqdı. Bu problemlər hansılardı: milli azadlığa qovuşmaq, bunun üçün də hər şeydən öncə çar rejiminin zülmü və əsarətilə birlikdə devrilməsi, müstəmləkə boyunduruğundan qurtulmaq. Azərbaycan toplumunun maarif və sosial problemlərinin milli təməl üzərində qurulması və xalqın ehtiyacına uyğun olaraq həll edilməsi. Elm, məktəb, mətbuat, ədəbiyyat, incəsənət, dil, əlifba, tərbiyə sistemi. Bütün bu problemlərlə yanaşı yeni yaranmış kapitalizmin proletariatın və istismar olunan siniflərin özünəməxsus problemləri vardır.
Belə bir vəziyyətdə Azərbaycanda romantizm ədəbi cərəyanı meydana gəlmişdi. Bu ədəbi cərəyanın başında Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əhməd Cavad və başqaları dururdu. Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində bu romantik ədib və şairlər xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirmək, həyata keçirmək üçün səy edən, hətta həyatlarını qurban verən millət qəhrəmanlarını bədii əsərlərində dilə gətirib, xalqı ruhlandıraraq onlara milli azadlıq mübarizələrini həyata keçirtmək üçün rəhbərlik etmişdilər.
Azərbaycanda romantizm cərəyanı ilə yanaşı çox qüvvəli, realist və Azərbaycan xalqının coğrafi çevrəsindən xarici aləmə köçmək həvəsi göstərmədən, öz kökü üzərində tarixi keçmişi və ənənələrilə qaynaşaraq öz milli azadlıq və mütərəqqi mədəniyyət məsələlərini həll etməkdə böyük səy göstərən, düha dərəcəsində enerji və qabiliyyətə sahib ədib, şair və yazarların təmsil etdikləri realist ədəbi məktəbi vardı.
Bunlar Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Ələkbər Sabir, Əbdürrəhim Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli və başqaları idi. Azərbaycan xalqının istiqlal mübarizəsinə başlamasında onların da böyük rolu olmuşdur.
XX əsrin başlanğıcı ilə 1905-ci il birinci rus inqilabı və 1917-ci il ikinci rus inqilabı arasındakı illər. Azərbaycan türklərini istiqlal mücadiləsinə həvəsləndirən və Azərbaycan xalqını azadlığa aparan və ən nəhayət, böyük səylər, ölümlər, qırğınlar, döyüşlər, qəhrəmanlıqlar və fədakarlıqlarla istiqlaliyyətə qovuşduran illərdir.
Azərbaycan xalqını, o cümlədən ziyalını, taciri, fəhləni, kapitalisti, kəndlini bir yerə toplayan və mücadiləyə aparan bu böyük mübarizədə Azərbaycanın romantik və realist yazarlarından başqa millətin balalarını oxudan, ona tərbiyə verən müəllimlərin də xidməti əvəzsizdir.
Bu dövrdə Əli bəy Hüseynzadə belə yazır: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvərləridir... Bu məmləkətdə heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir” (“Həyat” qəzeti, 1906-cı il, 2 iyul, № 143).
Azərbaycan istiqlal mübarizəsi tarixində ilk istiqlal şairi Məhəmməd Hadidir. Azərbaycan romantikləri hər zaman mütərəqqi fikirli olmuş, xalqı elm və sənətləri öyrənməyə, təbiətə hakim olmağa çağırmışdılar. Məhəmməd Hadi deyirdi ki:
Bu adəm oğlu çoxdandır mübarizdir təbiətlə,
... Bütün dünyayı parlatmaq dilər ənvari-hikmətlə.
... Bəşər ey canlı bir xilqət, böyük qüvvətlərin vardır,
Böyük ağlın, böyük fikrin, böyük qüdrətlərin vardır.
Azərbaycan romantikləri irticaçı-mühafizəkar yazarların metafizik görüşlərini rədd edirlər, onların “əşyanın mahiyyətinə, məğzinə vaqif olmaq əmrinə uyğundur” tezislərinə qarşı (“Həqiqət” qəzeti, 1909-cu il, № 242) Məhəmməd Hadi, “insan əsrarı, hikmət və təbiətin köküdür, tilsimli dünyanın açarıdır” tezisini irəli sürürdü (“Həyat” qəzeti, 1906-cı il 18 aprel, № 83):
Təkamülyabi-fikir olduqca səyyari-cürətkar,
Təbiət sinəsində imdilik məstur olan əsrar,
Birər arzı cəmal eylər, çıxarlar sehni-dünyaya,
Olursun hakimi mütləq tamamən ruhu-əşyaya.
Məhəmməd Hadi “ulduzlara doğru” şerində də deyirdi ki;
Yol budur, bir gün uçar ulduzları tezhir edər,
Ən qaranlıq sirri anlar, aləmə teşhir edər,
İndi odlar yağdıran təyyareyi-hakinejad,
Parlayar bir gün gəlib çox göyləri tənvir edər.
Beləliklə, irticaçı, mühəfizəkar yazarlara və onları müdafiə edən irtica zümrəsinə qarşı Azərbaycan romantiklərinin etirazı və mübarizəsi o zaman azərlər arasında böyük başarı qazanmışdır. Eyni inadı və mütərəqqi fikri Abbas Səhhətdə, Hüseyn Caviddə və Abdulla Şaiqdə görürük. Onların əsərlərindən örnək vermək yerinə düşərdi. Məhəmməd Hadinin irticaçılara qarşı qələm münaqişəsi edərək radiumun kəşfindən, bir gün Mars ulduzunun əsrarının kəşf ediləcəyindən və elmin irəliyə doğru hərəkət edəcəyini müdafiə edən yazıları vardır. Abbas Səhhət belə yazırdı:
Bir müəyyən qanun üzrədir həyat,
Bir doğuş, bir təkamül, bir inhitat.
Böylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Bəxt, qismət kimi əlfazı unut,
Səy eylə bazuyu-ikbalini tut.
Hüseyn Cavid də mənsub olduğu ədəbi məktəbin fikrini belə anladır:
Yox təbiətdə öylə bir qüvvət,
Ədib, həm də payidar olsun.
Həp dəyişməkdir bütün hilqət,
Həp dəyişməkdir həyat funun.
Olmayan varmı inqilaba zəbun?
Varmı sarsılmaz öylə bir qanun?
Abdulla Şaiq isə yazır:
İrəliyə doğru yürü, yürü, arxana baxma.
Gələcəyi düşün daim, onu gözdən buraxma
İrəlidə inanın ki, bir cənnət qədər cahan var.
Sabah günəş orda doğar, səadət orda parlar.
(Azərbaycan ədəbiyyatı tarixi, II cild).
Bu ölməz və unudulmaz Azərbaycan romantikləri azərləri mütərəqqi elmi yiyələnmək və mənimsəmək üçün təşviq etməklə kifayətlənməmişdilər. Azərlərin hüquqlarına, hürriyyət və istiqlaliyyətlərinə qovuşması üçün mücadiləyə də səsləmişlər. Onların fikrincə mütərəqqi cəmiyyət elmsiz, irfansız olmaz. Elmi-irfanı olan toplum isə irəliləyər, ucalar və başqa toplumlar arasında özünəlayiq yeri əldə etmək üçün öncə haqqını, hürriyyətini, istiqlalını almağa çalışır, ölür, öldürür, ən nəhayət də qurtuluşa çatır.
M.Hadi 1906-cı ildə “Təkamül” qəzetində dərc olunmuş “El fəryadı və hürriyyət” adlı şerində mübariz səsini ucaldaraq belə yazırdı:
Sevk etmək üçün milləti şehrah-i
Minlərcə əhali olub ağışte-i hunə,
Diqqət eylə, bu işləri ha etmə cünunə
Boş laf vuran kəslərə olsun bu nümunə:
Bunlar şühəday-i rəh-i cananı vətəndir...
M.Hadi burada maarif uğrunda irtica və bilgisizliklə çarpışaraq canını verənlərin “Vətən uğrunda şəhid olmuş” qurbanlar olduğunu anladır.
Çünki:
Zəncir-i əsarətdə yaşar əhl-i cəhalət,
Məhkumların gül kimi bəsbəlli zəvali...
(Mirzə Bala: İstiqlalın ilk şairi. “Azərbaycan” dərgisi, 1953-cü il, № 3).
O, “Qarışıq xəyallar” adlı şerində yazırdı:
İmzasını qoymuş miləl evrakı həyata,
Yox millətimin xətti bu imzalar içində.
İç, iç nə qədər istərisən qanımı, zalim,
Bir gün görərim kanını[14] sehpalar içində...
M.Hadi bu şerdə hüquq bərabərliyi sənədinə bir çox millətlər imza qoymuşsalar da, öz millətinin “xətti” bu imzaların arasında olmadığını göstərir. Burada M.Hadi açıq-açığına azərtürklərin istiqlal haqqını fikrində tutur və bu haqqı almağın gərəkli olmasını bildirir. O, qabaqcadan hiss edir ki, zalımın yeri bir gün sehpalar arasında olacaq... (“Azərbaycan” dərgisi, 1952-ci il, № 9).
M.Hadi vətəni, xalqı öz mənfəəti üçün yadelli işğalçılara satmağa hazır olan vətən xainlərini, alçaqları belə anladır:
Bir nişan almaklık üçün satmayın bu milləti,
Millətin, milliyyətin heç yokmu sizdə qeyrəti?
M.Hadi şerlərindən örnək verdiyimiz misralar bugünkü əsir və bədbəxt Azərbaycanın vəziyyəti üçün belə aktualdır. O, görün nə yazır:
Milləti-məzlumədə və var qabiliyyət cevhəri.
Heyf onu parlandıran bizlərdən istimdad yox...
M.Hadi Azərbaycan xalqını 1905-1907-ci illərə istiqlal mücadiləsinə səsləyən romantik şairlərin başında durur. O, yalnız dörd divar içində oturub ağlına gələni yazan xəyalpərəst – abstrakt şair olmayıb, öz xalqının acısı, hüznü, əsirliyi, hüquqsuzluğu, aclığı və başqa bütün sosial problemlərin həllinə həyatını həsr edərək yaşamaqda və mücadilə etməkdədir. Ölümü də bu mücadilə içində yox olmuşdur.
Biz bu dövrdə M.Hadinin fransız inqilabını həyata keçirtməyə çalışan ensiklopedistlərin təsiri altına düşdüyünü görürük. M.Hadi kimi, xalqının sosial hüquqları və siyasi hürriyyəti uğrunda çarpışan bir şair üçün çox düzgün hərəkət idi. O, istibdad çar rejimi ilə mücadilə edərkən, tarixdə olmuş müstəbid rejimləri araşdırmış və bununla yanaşı fransız inqilabını da öyrənmişdir. Vermək istədiyimiz bu örnək eynilə Russonun fikridir: “Bu cəmiyyətdə başdan-başa, “zülm hakimlik, hökmranlıq edir”. Azadlıq deyilən şeydən burada əsər yoxdur. İnsanlar doğulanda əsir deyil, hürr doğulduqları halda, biz onları bütün hüquq və azadlıqdan məhrum görürük” (Azərbaycan ədəbiyyatı tarixi, II cild, səh. 811).
M.Hadi çar rejiminin Azərbaycan xalqı üzərindəki zülmü və istibdadı ilə mücadiləni bütün yaradıcılığında özünə bir mövzu və ilham qaynağı olaraq seçmişdir. O, “Vətən” bəhsində çox həyəcanlıdır, hər şeydə onun fəlakətini görür və bundan çox kədərlənir, dərin, səmimi, axıcı ilhamı ilə bunları anlatmağa çalışır:
Vətən seylabi-istibdaddan viran olub yeksər,
... Vətən ihrar üçün bir kuşeyi-zindan olub yeksər...
Ey Vətən, ey beşik həyatım için
Yenə sən aç qucaq mematım için...
... Qürbət ellər əgərçi oldu yerim,
Sana aid bütün düşüncələrim.
... Ey xəzanı gözümdə fəsli-bahar
Ey gözəl toprak, ey sevimli diyar.
(Azərbaycan ədəbiyyatı tarixi, VII cild, səh. 823).
M.Hadi 1905-ci il inqilabını görmüş, o da başqaları kimi böyük ümidlərlə yaşasa da, çox çəkmədən Stolıpin irtica rejimi başlamış və M.Hadi yenə də istibdad idarəsinə hücuma keçmiş, onlara lənətlər yağdırmışdır.
M.Hadi 1917-ci il ikinci rus inqilabı zamanı böyük ümidlərlə yaşamış, milli Azərbaycan istiqlalı dövrünü görmüşdür. Azərbaycan milli müstəqil dövləti bolşevik istilasına uğrayaraq yıxıldıqdan və Azər xalqı kütləvi surətdə sürgünə, qırğına düçar olduqdan sonra M.Hadi ümidsizliyə qapılmış və dərviş kimi ortalarda dolaşmağa başlamışdır. Həmin illərdə ona rast gələnlər, onu çox pərişan halda əlində şer kitablarını satmaqla məşğul olduğunu görmüşdülər. Günlərin birində bu dərvişlə maraqlanırlar və kitablarının mövzusunu anladıqdan sonra M.Hadini ÇEKA-nın zindanına salmışdılar. Həbs olunduqdan sonra on minlərlə azərtürk ziyalıları kimi, M.Hadidən də bir xəbər alınmamışdır... Beləliklə, Azərbaycanın bədbəxt şairi M.Hadi haqqında söhbətimizi burada bitiririk.
Abbas Səhhət bu dövrdə azərtürk ziyalılara belə şikayət edirdi:
Hər kimin qəlbi, ya vicdanı deyildir satılıq,
Hər kimin daş kimi yoxdur ürəyində qatılıq,
Millətin halını gördükcə gərəkdir yansın,
Dərdinə qalmağı daim özünə borc sansın.
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Böylə mövsümdə yatan kimsələrə ar olsun.
... Ya ər ol ortaya çıx, gəl kömək et qardaşına
Ya gedib evdə otur, həm də ləçək sal başına.
Abbas Səhhət bu yalvarışla işini bitirmir. O, azadlıq istəyən istiqlalçı şair kimi səsini ucaldır:
Şişə çəkməzdə diriykən ətimi,
Atmaram mən Vətəni, millətimi...
1908-ci ildə Abdulla Şaiq xalqa təsəlli verir, bir gün bu istibdadın sonu gələcəyinə inanır və xalqı inandırmağa çalışır:
İnanın, arkadaşlarım inanın;
Bir zaman məhv olur bu istibdad,
Qalır ancaq bu zülmdən bir ad.
Böyük pedaqoq və şair Abdulla Şaiq “işıq, eşq və məhəbbətin” insanların həyatını şənləndirəcəyini, fəqət “haqsız qüvvəni insanlığı inlətəcəyini...” açıq-açığına söyləyir:
Nərdə işıq, bir ölkə var orasını şənlətən
Həp eşqdir, məhəbbətdir həp şerlə
Haqsızlığa alət olan qüvvə ki, həp amirdir.
İnsanlığı odur həp an öksüz kimi inlədən...
(Talıbzadə Abdulla Şaiq. Əsərləri. Bakı, 1923-cü il, dekabr, səh. 3).
Azərbaycan romantizm ədəbi məktəbinin əsas nümayəndələri həp bir ağızdan istibdadla, cəhalətlə, sosial ədalətsizliklə mücadilə edirlər. Hüseyn Cavid bir şerində fəryad edir:
Daha məhv etdi artıq istibdad
Yaktı zülm atəşinə canımızı
Oldu hər bir hökmümüz bərbad
Dinləməz kimsə el amanımızı...
Romantiklərin bu fəryadları hədər getmir, azərlər, xüsusilə ziyalı təbəqələr üzərində dərin bir təsir buraxırdı. Azadlıq mücadiləsi, haqq və hürriyyət mübarizəsi üçün kadrlar yetişirdi. Bir böyük inqilabın lazım olduğuna və bu inqilabın bir gün baş verəcəyinə onları inandırırdılar. H.Cavidin “Şeyda” adlı pyesində, həbsxana səhnəsində iki nəfər arasında olan dialoq çox maraqlıdır:
“ – Rauf, söylənən sözlər doğru çıxarsa yalnız biz deyil, bütün millət, bütün məmləkət qurtulmuş olur.
- Məsud, o nə imiş əcaba?..
- Böyük və dəhşətli bir inqilab...”
(Hüseyn Cavid. Seçilmiş əsərləri. Bakı, 1958-ci il).
Balaxanı neft mədənlərinə gedərkən Məsud ilə Şəfiqə arasında olan dialoq sosial anlam baxımından diqqəti cəlb edir. Şəfiqə uzaqdan görünən neft buruqlarını sərv meşəsinə bənzədir. O, buralara ilk dəfə gəlir. Məsud da o sərv meşəsində yaşayanların kim bilir nə qədər “bəxtiyar” olduqlarını söyləyir. Məsudun cavabı isə acı və qorxuncdur:
O sərvlikdə çayırdan, çiçəkdən iz yoxdur,
Görürkən anlayacaqsın ki, həp bataqlıqdır.
Yığın-yığın bəşəriyyət o müzlim ormanda,
Yaşar, koşar, çalışır zift içində, hər yanda.
Həyatı güldürəcək bir ümidə bağlanaraq,
İş arxasınca koşuşmaqda həpsi çırpınaraq,
Bir az da yaklaşalım gör zavallı insanlar,
Nələr çəkər yaşamaqçın, nasıl yaşar onlar.
(Hüseyn Cavid. Keçmiş günlər. 1912-ci il).
Məsud ilə Şəfiqə arasında olan bu dialoq çox uzundur. Bu iki parça mövzunu aydınlaşdırmağa kifayət edər. Sonra, o dövrün neft quyularında sadə üsullarla çalışmanın və sərf etdikləri əməyin qarşılığını ala bilməmənin, sığortasızlığın, xəstəliyin nə demək olduğunu dilə gətirir.
Hüseyn Cavidin şerləri ilə Məsud və Şəfiqə arasında olan ədəbi yaradıcı dialoq göstərir ki, artıq XX əsrin əvvəllərində azərbaycanlı ziyalı təbəqəsi, H.Cavid və onun kimilərin şəxsində istismar olunanla, istismar edənlər mövzusuna müraciət etmişdir, anlamışdır, başa düşmüşdür... Bu hərəkatda H.Caviddən başqa digər yazarlar da bu düşüncə ilə haqsız hadisələri dilə gətirmiş, istismarçı kapitalistlərlə mübarizəyə başlamışdılar. Yoxsa, fəhlə sinfi şüurunun bolşeviklər tərəfindən Azərbaycana gətirilməsi hekayəsi başdan-başa uydurmadır. Bu gün güclənmiş kommunizm rejimi terror sayəsində yaşayır. Qələm də əlindədir, istədiyini yazır və yazdırır. Sonrakı yazılardan da məlum olacaq ki, azərtürklər üçün böhranlı günlərdə siyasi və mübarizə məsələlərində istismar olunan türk işçi sinfi istismar edən azərbaycanlı kapitalistlərlə bir səngərdə çiyin-çiyinə verərək qarşısındakı rus və erməni düşmənlərlə çarpışmışdır. İki ayrı və bir-birinə zidd olan siniflər, işçilərlə, kapitalistlər arasında həmrəylıik olmuşdur. Hələ Azərbaycan romantizmindən əvvəl XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi sosial məsələ olaraq işçi problemilə, torpaqsız kəndlilərin ehtiyacları ilə məşğul olmuşdular. Məhsuldar torpaqlar kəndlilərdən alınaraq Rusiyadan Azərbaycana köçürülən kəndlilərə verildiyi zaman o zavallılar azmı əziyyət çəkmişdilər?..
İşğalçı, millətçi kommunist rejimi azərbaycanlı işçiləri tətil hüququndan məhrum etmiş və yarım əsrdən çoxdur ki, onları bir qarın çörək pulu qazanmaq üçün işlədir. Kommunistlər guya çar təhkimçilik rejimini ləğv etmişlər. Əvəzində isə sovet təhkimçilik-köləlik rejimini yaradaraq, “kolxoz” adı altında kəndliləri istismar edirlər.
AZƏRBAYCANDA REALİST ƏDƏBİ MƏKTƏB
Azər xalqının maariflənməsində böyük xidmətləri olan realist ədəbi məktəbinin səyləri Azərbaycanın sərhədlərini aşaraq Orta Asiya ölkələrinə yayılmışdı desəm elə bilirəm ki, səhv etmərəm. Mən bu məktəbin Azərbaycan mədəniyyətində oynadığı rolu, ensiklopedistlərin Fransada inqilabdan əvvəl oynadıqları rola bənzətmək istəyirəm. Həqiqətən, Azərbaycan realist məktəbinə mənsub olanlar ensiklopedistlərdən Didro və Dalamberin (1751-1752-ci illərdə) çap etdirdikləri kimi bir ensiklopediya nəşr etdirmişlər. Təkcə “Molla Nəsrəddin”in ətrafında toplaşan Azərbaycan yazarları xalq üçün ondan daha çox işlər görmüşdülər.
1906-cı ildən sonra nəşr olunmağa başlayan “Molla Nəsrəddin” jurnalı realist yol tutmuş və onları müdafiə etmişdir. Jurnalın yaradıcısı, baş redaktoru olan Cəlil Məmmədquluzadə və məsləkdaşları “xalqa daha yaxın, onun şüuruna daha çox təsir edən bir ədib olmuşlar”. Bu səbəbdən “ədəbiyyat xalq həyatı ilə bağlı olmalıdır” tezisindən çıxış edərək, ədəbiyyatın mövzusunda bir məqsəd, bir ideya olmalıdır fikrini irəli sürmüşdülər. Bundan ötrü Cəlil Məmmədquluzadə nəşrin ideallığı məsələsini ön plana çəkərək yazır ki, “hər kəsin bir inancı var, hər qəzetin və jurnalın bir məsləyi var, hər yazıçının bir istəyi var; yoxsa bu işlər boşuna deyildir. Heç bir şairə, belə yazma, belə yaz demək olmaz. Heç bir nəşriyyat sahibinə demək olmaz məsləyindən dön, bir fikir sahibinə demək olmaz ki, inanışını at, mənim inanışımın yolunu tut” (“Molla Nəsrəddin”, 1911-ci il, dekabr, № 44-11; Azərbaycan ədəbiyyatı tarixi, II cild, səh. 449).
XIX əsrin ikinci yarısından sonra Mirzə Fətəli Axundzadə Azərbaycanda əsasını qoyduğu realist məktəbinin XX əsrdə davamı olan Molla Nəsrəddinçilərin ideoloji yönündən fikirləri bu qədər açıq və bu qədər qətidir.
Realist ədəbiyyatın tənqidçisi Əbdürrəhim bəy Haqverdiyev 1904-cü ildə “Ədəbiyyatımıza dair məktub” adlı məqaləsində səmimi qəlbdən və həqiqi duyğulardan doğan ata və babalarımızın həyatı, adət və əxlaqını, arzu və istəklərini, fikir və xəyallarını təsvir edən şairləri müasirlərində nümunə olaraq göstərir və formalizmidən çəkinmələrini tövsiyə edirdi. R.Əfəndizadə isə “Ədəbiyyat ictimai təsir vasitəsi olmalıdır” fikrinə əsaslanırdı.
M.F.Axundzadənin dövründə olan realizm ilə onlar arasında böyük bir fərq var idi. XX əsrin əvvəllərində Molla Nəsrəddin məktəbinin realistləri Azəri xalqı ilə əl-ələ vermiş və cəhalət, istibdad, istismarçı kimi düşmənlərlə sözün əsl mənasında üz-üzə gəlmişdilər.
Azərbaycanda Molla Nəsrəddinçilərin mətbuat vasitəsilə xalqı şüurlandırmasında etdikləri xidmətlərin mövzusu bir neçə cildlik kitablara ancaq sığa bilər. Mənim yazdığım bu kitabın səhifələrində qeyd etdiyimiz böyük mütəfəkkirlərdən geniş söhbət açmaq imkansızdır.
Bir neçə misalla kifayətlənmək istəyirəm, Üzeyir bəy Hacıbəyli Azərbaycan musuqisini yaradan dahi bir sənətkar olduğu kimi yazıçı kimi də böyük sənətkar idi. Xüsusilə satirik yazıları çox kəskindi. 1906-1907-ci illərdə çar rejimini açıq-açığına tənqid etmişdi. Xalqın azadlıq və istiqlal istəyini belə dilə gətirirdi: “Bizim arzumuz, zəncirli əsarətdən xilas olub, insan kimi yaşamaqdır” (“İrşad” qəzeti, 1906-cı il, 12 dekabr, № 283).
Üzeyir Hacıbəylinin satirik yazısından misal gətirmək yerinə düşərdi. Bu yazı lətifə şəklində “İrşad” qəzetində “Ordan-burdan” adı ilə nəşr olunmuşdur:
Sual: - Dünyada hamıdan çox... azadlığı sevən adam kimdir?
Cavab: - Rusiyanın baş vəziri Stolıpin...
Sual: - Dünyada hamıdan az dərd çəkən adamlar kimdir?
Cavab: - Zəngəzur acları...
Dialoq bu şəkildə axıra kimi davam edir.
Azərbaycanın maarif həyatında “Molla Nəsrəddin” ədəbiyyatı adlanan bir dövr vardır. Bu dövrün tacı heç şübhə yoxdur ki, Mirzə Ələkbər Sabirdir. Bu iki ad bir-birinə o qədər yaxın və qırılmaz tellərlə bağlıdır ki, bir vaxt ədəbiyyatçılar arasında Sabirmi, yoxsa “Molla Nəsrəddinmi?” – deyə bir məsələ ortaya atılmışdı. Bu mövzuda elə bilirəm ki, ədəbiyyatçılar arasında bir çox münaqişələr olmuş və bir çox yazılar yazılmışdır. Hal-hazırda masamın üzərində 1924-cü ildə Bakıda Sabir adına kitabxananın beş illiyi münasibətilə nəşr olunan “Sabir” adlı kitab vardır. Bir zamanlar Bakıda ziyalılar arasında yaxşı tanınan Surxay Hüseynzadənin (Azərbaycan istiqlal mücadələsi uğrunda şəhid olmuşdur – H.B.) “Sabirmi, Molla Nəsrəddinmi?” adlı məqaləsi vardır. Bu məqalədə Surxay Hüseynzadə üstünlüyü Sabirə verir və Sabirsiz “Molla Nəsrəddin” jurnalını təsəvvür edə bilmir. Biz əvvəlki yazımızda Molla Nəsrəddinçiləri Fransadakı ensiklopedistlərə bənzətmişdik. Deyə bilərik ki, Sabir də bu ensiklopedistlərin ən böyüyüdür.
Romantiklərlə realist yazarları bir-birilə müqayisə etsək belə deyə bilərik ki: “Romantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə cəmiyyətin yarasına doğrudan-doğruya nəştəri batırır və axan irini təmizləyərək cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar”.
Azərbaycan xalqını istiqlal mübarizəsinə səsləyənlərin sırasında realist yazarların rolu və xidmətləri çox böyük olmuşdur. Onların xidmətləri cild-cild kitablara sığmaz.
MƏTBUAT
1900-1907-ci illər arasında çıxan qəzet və jurnallar: “Hümmət”, “Təkamül”, “Dəvət” sol sosialist qrupunun mətbuatı idi.
“Həyat”, “Füyüzat”, “İrşad”, “Təzə həyat” (1907-1908), “Kaspi” Əlibəy Hüseynzadə, Əhməd Ağayev və Əlimərdan bəy Topçubaşov tərəfindən nəşr olunan millətçi qəzet və jurnallar idi. Həmin dövrdə “Molla Nəsrəddin”, “Dəbistan”, “Bəhlul” jurnalları da nəşr olunurdu.
“Tərəqqi” (1908), “İttifaq” (1909) və “Məktəb” (1911-1917) Qafur Rəşad tərəfindən nəşr olunurdu. 1911-1912-ci illərdə nəşr olunan “İşıq” adlı qəzet qadınların hüquqlarını, uşaq tərbiyəsini, ədəbiyyat, ev işlərini və sağlamlıq mövzusunu işıqlandırırdı. Baş redaktor Xədicə xanım Əlibəyli idi.
“Yeni füyüzat” (1910-1911), “Şəlalə” (1913-1914), “Açıq söz” (1915-1918), “Dirilik” (1914-1916) qəzetləri türkçü və millətçi qəzetlər kimi fəaliyyət göstərir, dövrünün Azərbaycan toplumu içində Azərbaycan azadlıq mübarizəsini davam etdirəcək ziyalı kadrları yetişdirirdi.
Bunlardan başqa arada bir və ya bir neçə nömrəsi çıxan “Qardaş köməyi”, “Qurtuluş”, “Burhəni-həqiqət” kimi qəzetləri və nəşr təşəbbüsü yarıda qalan “Hilal”, “Şihəbi Sahib”, “Məlumat”, “Azarı həqiqət”, “Mirat” və başqa qəzet və jurnalları göstərmək olar.
Bütün bu çoxsaylı qəzet və jurnalların nəşrindən anlaşılır ki, həmin dövr Azərbaycan mətbuat həyatının ən aktiv dövrü olmuşdur. M.Hadi, Cənnəti və başqaları “Təkamül” qəzetinə, N.Nərimanov isə “Həyat” və “İrşad” qəzetlərinə məqalələr yazmışlar.
AZƏRBAYCAN ŞAİRİ ƏHMƏD CAVAD
AZADLIQ MÜBARİZƏSİNDƏ
Soranlara, bən bu yurdun
Anlatayım nəsiyim:
“Bən çiynənən bir ülkənin
Haqq bağıran səsiyim”.
Əhməd Cavad bu misraları “rus imperializminə qarşı kəskin şerlər yazma”, - deyənlərə cavab olaraq qələmə almışdı. Ömrünün sonuna qədər bu sözlərinə sadiq qaldı və yazdı. Ölüm ayağında belə, sözlərindən dönmədi, yenə yazdı. Ancaq bu dəfə “Simvolizm” ədəbi məktəbini özünə yazı tərzi seçərək yazdı. Onun “Moskva” şerində də saysız kinayə və iynəli sözlər vardır. Bir dəfə AKP rəhbərliyi Əhməd Cavada 1 May münasibətilə şer yazmağı təkif edir. Əhməd Cavad onlar üçün aşağıdakı misraları qələmə alır:
Bən hər gələn bir mayısa[15],
Pək çox ümitlər bağlarım.
Hər gələcək mayıs için
Nisan[16] ağlar, bən ağlarım...
Bu şer nəşr olunduqdan bir neçə həftə sonra sovet ədəbiyyatının məddahları Əhməd Cavada qarşı hücuma keçdilər: “Sənin hər il gəlməsinə ümid bağladığın may, Beynəlxalq həmrəylik günü olan 1 May deyil, Azərbaycan istiqlalının elan edildiyi 28 Maydır. Aprel ayında rus Qızıl Ordusu bu istiqlalı darmadağın etdiyi üçün aprel yağışları ilə birlikdə sən də may üçün ağlayırsan”. Belliklə, Əhməd Cavadın simvolizmindən incə, dərin mənalı bir misal. ... Əhməd Cavad türk dünyasında çox az tanınan klassik Azərtürk şairidir. O, türk xalqının dərdlərilə dərdlənmiş, sevinclərilə də sevinmişdir.
1912-ci il Balkan müharibələri başlamış, Osmanlı dövləti daxilində balkanlı, türkiyəli türk qardaşları kədərli, böhranlı, faciəli günlər yaşamaqda idilər. Azərbaycandan İstanbula könüllülər gəlməkdə idi. İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarında Əhməd Cavad, Azərbaycan klassik ədib və şair pedaqoqu Abdulla Şaiqlə birlikdə, Trakiya cəbhəsində soydaşları olan Türkiyə “Məhməd”lərilə səngərlərdə çiyin-çiyinə döyüşə girmiş və düşmənlə mübarizə aparırdı. Balkan müharibəsi qurtardıqdan sonra Yusif Akçura oğlu, hər iki Azərbaycan şairinə, Azərbaycanda onlara daha çox ehtiyac duyulduğunu və öz doğma yurdlarına dönərək xalqına xidmət etmələrini tövsiyə edir. Bu tövsiyədən sonra hər iki ədib Azərbaycana dönür.
1914-cü il, birinci dünya müharibəsi başlamış və Türkiyənin şərq cəbhəsindəki döyüşləri “Sarıqamış” uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şerində dilə gətirir:
Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Sordum qərib minarədən:
“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”
Vicdan mənə əmr edər ki:
“Belə gündə bayram etmə”.
Qur`an mənə yol göstərir:
“Yoxsulları məyus etmə”.
Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şer 1915-ci il martın 22-də yazılmışdır. Martın 22-si azərlərin “Novruz” bayramıdır. Beləliklə, Əhməd Cavad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazarlığa çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad illərdən bəri adı-sanı anılmadan Türkiyə radiolarında mahnı kimi oxunan “Qara dəniz” şerini yazmışdı və böyük ümidlərlə yaşamışdı. “Qara dəniz” şerinin son bəndi belə bitir:
Dost elindən əsən yellər
Mənə şer... salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına.
(914-cü il 15 noyabr, Gəncə: “Dalğa”, səh. 26, Bakı, 1919).
Birinci dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə “Müqəddəs Məhmədcik” və azəri əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Beləliklə, bu döyüş meydanında Əhməd Cavadın yazdığı “Bismillah” şeri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.
Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan dəniz gəl Türkə ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gəlir, Bismillah.
Bakı döyüşü zəfərlə nəticələnir, Azər xalqı istiqlala qovuşur, milli, müstəqil Azərbaycan dövləti yaradılır. Bir neçə ay sürür bu sevincli və xoşbəxt günlər. Amansız müharibə “qara yazılı” günlər gətirir Türkiyəyə. “Mudros” müqaviləsinə əsasən Türkiyə müharibədən çəkilir, silahı yerə qoyur. Əhməd Cavad bu hadisədən yasa batan bütün türk və azəri xalqı ilə birlikdə kədərlənir və İstanbulun işğal olunmasını belə qələmə alır:
O, sevdiyim mərmər sinəli yarın
Diyorlar qoynunda yabançı əl var,
Baxıb üfüqlara, uzaq yollara,
Ağlıyormuş mavi gözlü axşamlar...
Ah, ey solğun üzlü dalğın İstanbul
Mavi gözlərin pək bayqın İstanbul.
Uzun olan bu mərsiyə, lirik və martirolojik tərzdə davam edir. Mustafa Kamal paşanın dahiyanə rəhbərliyi altında Anadolu milli azadlıq mübarizəsi davam edir və bu mübarizə Türkiyə tarixinin qurtuluş, demokratiya səhifəsidir... Bakı, Antanta dövlətlərinin mənhus “Sevr” sazişinə əsasən ingilislərin işğalı altındadır. Azəri mətbuatı, toplantıları ingilislərə qarşı çıxır, mitinqlər keçirilirdi. Əhməd Cavad da “İngilis” başlıqlı şer yazır:
Bakıya gəlmişik salam verməyə,
Ey xan sarayını tutan ingilis.
Gedərkən Kəbəyə hacı karvanı,
Hacılar yoluna çıxan ingilis.
Dimağında[17] “Çanaqqala” ağısı,
Sənmisin türk ellərinin yağısı?
İslam dünyasının, ölüm çalğısı
Ölüm niyyətilə yakan[18] ingilis.
Bu şerin son misrası Əhməd Cavadın qabaqcadan hiss etməsilə bitir.
Düşəcək taxtına talan, ingilis –
deyir, Əhməd Cavad son sözündə ingilislərə.
Azərbaycan höküməti Bakıda döyüş zamanı şəhid olan “məhmədciklərə” şəhidlər abidəsi qoydurur. Bu abidə ingilislərə qarşı protestdir. Abidənin təməl qoyma mərasimində Əhməd Cavad “Qalx” adlı şerini oxuyur:
Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.
(İstiqlal uğrunda şerlər. İstanbul, 1928, səh. 89).
Bura qədər yazılanları oxuyanlar elə zənn edirəm ki, Əhməd Cavadı “panislamist” və ya “pantürkist” Azər şairi sanacaqlar. Əslində belə deyil, Əhməd Cavad bu fikirlərin təsiri altına düşməmişdi. Ancaq o, hər etnik türk xalqının öz torpaqlarında azad və müstəqil olmasını istəyirdi. O, Azərbaycanın hələ də müstəmləkə halında qalmasından çox həyəcanlanırdı. Bəzən uzun-uzadı düşünər və xəyala dalardı: “Bu dəfə ruslarla mübarizə çox çətin, qanlı olacaq və itki ilə nəticələnəcək” – deyirdi. Hadisələr Əhməd Cavadın qabaqcadan hiss etdiklərini təsdiqləyirdi. Azərbaycan azadlıq mübarizəsində Əhməd Cavadın özü də qurbanlar, şəhidlər karvanına qatılaraq 1937-ci ildə macar şairi Petöfi kimi izi bəlli olmadan yox olmuşdur.
Əhməd Cavad 1892-ci ildə Gəncə vilayətinin Seyfəli kəndində anadan olmuşdu. Soyadı Axundzadədir. Şerlərini Əhməd Cavad imzası ilə yazmışdır. 1902-ci ildə Gəncədə açılan “Məktəbi Ruhaniyyə” adlanan məktəbə getmiş, 1909-cu ildə isə həmin məktəbi bitirmişdir. 1912-ci ilə qədər Gəncədə müəllimlik etmişdi. İstər müəllim, istər şair, istərsə də bir ictimai xadim kimi Əhməd Cavadın Azərbaycanda böyük rolu olmuşdur.
Əhməd Cavad şerdə istifadə etdiyi vəzn, üslub və dil yönündən Azərbaycanda “Cavad ədəbi məktəbi”ni yaratmışdır. O, ömrünün sonuna qədər Azərbaycan azadlıq mübarizəsinə sadiq qalmışdır. 1920-ci il aprel ayının axırlarında Azərbaycanın azadlığına son qoyan rus ordusu tanınmış azəri ziyalılarını, xalqın görkəmli şəxsiyyətlərini güllələdiyi zaman Əhməd Cavad qırğından qorxmamış və bu şerilə üç rəngli milli bayrağa həsrət qaldığını kədərlə qələmə almışdır:
Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan
Ay dostlar, mən yoruldum
Bu gizli ağlamaqdan...
O, yalnız gizli ağlamaqla kifayətlənmədi. Azəri xalqının qara, bəxtsiz günlərini bölüşdü. Onlarla birlikdə həbs olundu, işgəncəyə məruz qaldı, sürgün olundu və nəhayət, 1937-ci ildə Stalin, Beriya, Bağırov tərəfindən yüz minlərlə azərtürk ziyalı, zəhmətkeş Sibirə sürgün edilib, öldürüldü. Əsasən o, sovetlərin “kommunist” yalanlarına və onların vəd etdikləri haqq və azadlığa inanmamışdı. Yazdığı “Sus” başlıqlı şerində bunu belə açıqlayır:
Çoxdan dəyişdirib, şəkki yakinə[19],
Bən üsyan etmişim məzhəbə, dinə...
Bilməm sənin böylə “haqq” dediyin nə?
Hökm etmə fikrimə vicdanıma... sus!
Əhməd Cavad zülmü, istismarı, ölümü “hürriyyət” deyə təbliğ edən Sovet istilasına belə haykırmışdı. O, bununla da kifayətlənməmiş, ömrünün sonuna qədər azərlərin düçar olduğu əziyyəti və ağır fəlakəti dilə gətirmişdi. Simvolik xarakter daşıyan “Səsli qız” poemasında şair görün nə deyir:
Cənnət kimi bir ölkə
Məzarlığa dönmüşdü.
Bir çox evlər yıxılıb,
Xanimanlar sönmüşdü.
İşlənməmiş qalmadı
Bir cinayət, bir günah.
Əzmişdi insanlığı
Ordusilə padşah.
Yüz minlərlə atılan
Can yaxıcı oxları
Dişlərilə çeynəyib
Sərilmişdi çoxları.
Doğranmış əllərində
Qırıq qılınc qəbzəsi.
Boğulmuşdu köksündə
Igidlərin son səsi.
Yurdunu verməyənlər...
Doğranmışdı xıncaxınc.
Əsgərsiz komandanlar
Qırıb atdı yayını.
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.
Gülmək zatən yox idi,
Ağlamaq oldu yasaq.
Zavallı məğlub ölkə
Sana hüquq, nə haqq...
Poemada görünən bu acı və qanlı simvolik tablolar Azərbaycanın azadlıq mübarizəsində şairin simvolik pərdələrə bürüyərək anlatdığı faciəli hadisələrdir. Bu romantik parçalarda Azərbaycanın müstəmləkə altında yaşamasını çox acı bir şəkildə təsvir etmişdir. Şair Əhməd Cavad rus işğalından sonra xalqının yaşadığı bəxtsiz yaşayışa sözün əsl mənasında ürəkdən acımışdır.
Şerlərini oxuduğum və sevdiyim bu şairi ÇK tərəfindən 1923-cü ilin axırlarında həbs olunduğum zaman Bakının “Staro-Politseyski” prospektindəki həbsxanada tanıdım. O da həbs olunanlar arasında idi. Onunla bir neçə ay eyni kamerada qaldıq. Kamerada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa mənim əlimə bir qələm keçdi. Bu qələmlə Əhməd Cavadın “ÇK” şerlərini divara yazır və əzbərləyirdim. Bir gün gözətçi Nikolay mənim divara yazılan yazıları taxta parçası ilə sildi. Cavadın dörd-beş şeri beləliklə unuduldu, yox oldu. Bu hadisədən sonra yazdığı iki şerini əzbərlədim, taleyin köməkliyi ilə bura qədər gətirdim. Bu şerlər “Ay ellər” və “Neylim” başlıqlı idi.
Ay ellər
Hanı yaz mövsümü gülüm, çiçəyim,
Tez düşdü yurduma xəzan, ay ellər.
Mən yaza bilmədim əllərim bağlı,
Yoxmu bir dərdimi yazan, ay ellər.
(yanvar 1924-cü il, ÇK – Bakı)
“Neylim” şeri gözətçi Nikolayın divara yazılan şerləri sildikdən sonra yazılan şerdir. Bu şerin bir bəndində həmin hadisəni kinayəli surətdə təsvir edir:
Barı sən gəl dedim, dinləyib bir az
Ey vəfalı qələm, dərdimi gəl yaz...
Gəldi bir çirkin əl söylədi: olmaz.
Dinləyənlər məni gəc duyar, neylim.
(fevral 1924-cü il, ÇK – Bakı)
Bu həbsdən Əhməd Cavad Azərbaycan kommunistlərinin bir qisminin müdaxiləsi ilə, mən isə bir təsadüf nəticəsində qurtulmuşuq (Əhməd Cavadın həbsdən azad olmasına köməklik edən kommunistlər Stalin tərəfindən güllələnmişdilər). Hərdən bir onun evinə gedərdim. Bir gün Əhməd Cavadla qeyri-leqal milli azadlıq komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və liderlərdən biri olan Rahim bəy Vəkilli ilə rastlaşdıq. Uzun danışıqlardan sonra mən qeyri-leqal komitənin görkəmli nümayəndələrinin bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getmələrini təklif etdim. Azərbaycan azadlıq mübarizəsinin hər üç lideri mənim bu təklifimə qarşı çıxdılar və dedilər: “Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?” Çox yaxşı xatırlayıram, Əhməd Cavad və Rahim bəy Vəkilli mənim sözlərimə çox hirsləndilər və bir daha belə sözlər danışmamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. Azadlıq uğrunda mübarizə aparan bu üç azadlıq aşıqı sözlərinə sadiq qalmış, Azər xalqının bədbəxt günlərini xalqla birgə yaşamışlar. Dr. Dadaş Həsənzadə güllələnmiş, Rahim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş və ondan bir daha heç bir xəbər gəlməmişdir.
Göründüyü kimi, Azərbaycan azadlıq mübarizəsi çox qanlı, itkili olmuş və olacaqdır da... Stalin – Beriya kollegiyasının Azərbaycandakı cəlladı Bağırov, Stalin öldükdən və Beriya güllələndikdən sonra Xruşşov dövründə Bakıda mühakimə edilərkən yanındakı erməni köməkçilərini göstərərək, “bunlara inanaraq 29.000 Azərbaycan ziyalısını məhv etdim”, - deyə etiraf etmişdir. Kütləvi qırğın Sovetlərdə dövrlərə ayrılmışdır. Bu vəziyyət nəzərdən keçirilərsə, Azərbaycan azadlıq mübarizəsinin verdiyi qurbanlar haqqında bir fikir yaranmış olur.
Azərbaycan ədəbiyyatı tarixində Əhməd Cavad özünəməxsus bir yer tutur. Ancaq Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr olunan “Azərbaycan ədəbiyyatı tarixində” Əhməd Cavad haqqında heç bir məlumat verilməmişdir. Sanki, Əhməd Cavad Azərbaycanda yaşamamış, bir ədəbi məktəb yaratmamış, Avropa, rus, gürcü klassiklərindən ədəbi dəyəri qiymətli olan tərcümələr etməmiş, gələcək nəslə zəngin ədəbi irs qoymamışdır.
Əhməd Cavad Azərbaycan azadlığına son nəfəsinə qədər sadiq qalmış və bu yolda şəhid kimi canını qurban vermişdir.
Əhməd Cavadı, əvvəlcədən bilərək girdiyi və canını qurban verdiyi azadlıq mübarizəsinin heç bir səhifəsində bədbin və ümidsiz görmürük. 1912-ci ildə İstanbulda başladığı ədəbi fəaliyyəti 1937-ci ildə sürgün edilməsi və öldürülməsi ilə sönmüşdür. Həyatının 25 ili müəllimlikdə, döyüş cəbhəsində, həbsdə, ən çətin siyasi mübarizədə keçmişdir. Əhməd Cavad Azərbaycanda həyata keçirilən terror illərində yazdığı şerdə belə deyir:
Hüsranlar[20], ələmlər, böhranlar içində
Qısıq bir səs kimi öləcəyim bən...
Böylə göz yaşıyla keçən ömrümün
Sonunda bir acı güləcəyim bən...
Yaxında didarın nəsib olmazsa,
Ümidsizlik bəni düşürməz yasa,
Alaraq əlimə dəmirdən əsa,
Bir gün hüzuruna gələcəyim bən.
Biz, Əhməd Cavadı istiqlalçı və inqilabçı yönündən qısaca da olsa incələmək istəyirik. Bir gün Əhməd Cavadı ədəbi yöndən incələyəcək qələmlərin yetişəcəyinə inanıram. Kifayətdir ki, onun əsərləri nəşr edilsin və tanıdılsın...
Onun böyük ədəbi şəxsiyyətini incələmək bizim biliyimiz xaricindədir. Ancaq onun lirik qüdrətinə bir misal olsun, deyə qızının ölümü zamanı yazdığı şerlərindən bir bənd veririk:
Bunu kim deyərdi bir səhər çağı,
Tarımar olacaq ömrümün bağı?
İpək tellərinin gəlsə sorağı,
Qəlbimdə nə güllər bitərdi, qızım.
Əhməd Cavad Azərbaycanın böyük vətənpərvər şairi olaraq Azərbaycanda yaşamaqdadır və yaşayacaqdır. O, bunu bilirdi. O bilirdi ki, qırmızı rus terrorunun qurbanı olacaq. Ancaq o, ölümün maddi anlamda olacağını və Azərbaycan tarixində heç bir zaman ölməyəcəyini də bilirdi. Görün bu misralarda nələr söyləyir ölməz şair Əhməd Cavad:
Bən bir aşıqım ki, bu çaldığım saz
Dumanlı dağlara səs salacaqdır.
Ağlatdığım teldə inləyən avaz
Elin xatırında çox qalacaqdır...
Əhməd Cavadın Azərbaycan azadlıq mübarizəsindəki rolu Ukrayna şairi Şevçenko və macar şairi Petöfi ilə müqayisə oluna bilər.
MÜSAVAT PARTİYASININ QURULUŞU
Qəddarlığı ilə məşhur olan baş nazir Stolıpin 1905-ci ildə çar tərəfindən elan olunan azadlıq bəyannaməsini 1907-ci ildə ləğv etdi. İnqilabçıların bir hissəsi güllələndi, bir hissəsi həbs olundu, çox hissəsi isə Sibirə sürgün edildi. Ölkədə zahiri sakitlik hökm sürürdü. Elə zənn etmək olardı ki, ölüm, həbs, sürgün inqilabın qarşısını almışdı, amma bu belə olmadı, qeyri-leqal inqilabçı təşkilatlar yaradılır və getdikcə onların sayı artırdı.
1905-ci il inqilabının Azərbaycana gətirdiyi müvəqqəti, iki illik hürriyyət havası ilə unudulmamışdı. Həmin illərdə açılan məktəblərin bir hissəsi fəaliyyətini davam etdirir, Azərbaycan ziyalıları mətbuat vasitəsilə xalqa xitab edərək onları “oyanmağa” səsləyirdi. Çox vaxt bu səbəbdən qəzetlər, jurnallar rus senzurası tərəfindən bağlanılır, amma bir həftə keçmirdi ki, başqa bir adla eyni ideyanı təbliğ edən qəzet və jurnalların nəşr olunmasına icazə alınırdı.
Başda Bakı şəhəri olmaqla, Azərbaycanın şəhərləri böyüyür, əhalisi artır, ticarət, sənaye və məhsul istehsalı inkişaf edirdi. Bu vəziyyət azəri xalqını bir çox siyasi, sosial və mədəni məsələlərini həll etmək üçün irəliyə doğru addım atmağa səsləyirdi. Çünki bunun üçün əlverişli şərait yaranmışdı. Xalq içindən çıxan, düha sahibi olmasalar belə, millət üçün çalışan şəxslər xalq tərəfindən rəğbətlə qarşılanırdı.
1911-ci ildə, belə bir vəziyyətdə vaxtı ilə Məmməd Əmin Rəsulzadə ilə sosial-demokrat partiyasının “Hümmət” təşkilatında çalışan üç nəfər fəhlə - A.Rəsulzadə, Abbasqulu Qasımzadə və Vəli Mikayıl oğlu birlikdə qeyri-leqal təşkilat yaratmağı planlaşdırırlar. “Hümmət” təşkilatının üzvləri olan bu üç nəfər partiya yaratmaq fikrində olduqları zaman, onların biri dəftərxana dükanı açaraq ticarətlə məşğul olurdu, o biriləri isə sərbəst çalışırdılar. Ancaq onların heç biri bir partiya proqramını hazırlayacaq siyasi savada malik olmadıqları kimi, siyasi, taktiki təcrübəyə də malik deyildilər. Onlar yaratdıqları partiyaya “Müsavat” adını qoymaqla çox anlamlı ad seçmişdilər. Bu partiyanın qəbul etdiyi səkkiz maddədən ibarət proqramda islam dini ön plana çəkilirdi.
Bu hadisə siyasi partiyalar tarixində birinci dəfə deyildi ki, baş verirdi. 1877-ci ildə Peterburqda, Rusiyada ilk fəhlə təşkilatı sayılan “Şimali rus fəhlə ittifaqı” xarrat Xalturin və çilingər Obnorski tərəfindən yaradılmış, sonra da bu ittifaqa Plexanov rəhbərlik etmişdi (Q.Zinovyev. İstoriya RKP (Bolşevikov). Moskva, 1924).
Mirzə Bala etiraf edirdi ki, Müsavat partiyasında çalışanların çoxu “Hümmət” təşkilatından gəlmişdi (Mirzə Bala. Milli Azərbaycan hərəkatı. Berlin, 1938, səh. 44-61).
Müsavat partiyasının proqramı:
- Millət və məzhəb fərqi qoyulmadan bütün müsəlmanların birləşməsi;
- Müsəlman ölkələrinin itirilmiş müstəqilliyinin bərpa edilməsi;
- Müstəqilliklərini müdafiə və bərpa etmək üçün mübarizə aparan bütün müsəlman ölkələrinə maddi və mənəvi kömək etmək;
- Müsəlman ölkələrinin və millətlərinin müdafiə və hücum qüvvələrini artırmaq üçün kömək etmək;
- Bu ideyaların yayılmasına əngəl olan bütün maneələri aradan qaldırmaq;
- Müsəlmanların birliyinə və tərəqqisinə çalışan digər partiyalarla əlaqə yaratmaq;
- Bəşəriyyətin səadət və tərəqqisinə çalışan xarici cəmiyyətlərlə ehtiyac olan zaman əlaqə və fikir mübadiləsi yaratmaq;
- Müsəlmanların yaşamaq uğrundakı mübarizəsini gücləndirmək, onların ticarət, sənaye və ümumiyyətlə, iqtisadiyyatını inkişaf etdirmək.
Proqramın islam xalqları yönündən bu qədər geniş tutulmasında Müsavat partiyasının yaradılması vaxtının Qərbi Trablis (Liviya) və Balkan müharibələri zamanına təsadüf etməsinin böyük rolu olmuşdur. Bu müharibələr haqda partiya nəşr etdirdiyi bir bəyannaməsində belə yazırdı: “Bu vaxta qədər özlərini mədəni sayan avropalılar islam aləminin cəmi üzvlərini əzir və müxtəlif yollarla təhqir edirdi. Ümid edirdilər ki, islam aləminin qəlbi kimi tanınan Osmanlı Xilafəti[21] “xəstə adam” kimi bu qədər zərbədən sonra çarəsiz qalacaq və davam gətirməyib yıxılacaqdır. Ancaq məşrutiyyətin elanından sonra onlar özlərinin yanılmış olduqlarını, Osmanlı Xilafətinin yenidən qüvvətləndiyini görərək qorxuya düşdülər. Və aləmi islamın getdikcə tərəqqi edəcəyinə inandılar”.
Bəyannamədə müsəlmanlara belə xitab olunurdu: “Dindaşlar, bilin və inanı ki, yeganə ümidimiz və qurtuluş yolumuz Türkiyənin istiqlal və tərəqqisindədir” (Mirzə Bala. Milli Azərbaycan hərəkatı. Berlin, 1938, səh. 66-67). Bu bəyannamə o dövrdə İstanbulda nəşr olunan “Səbilülrəşad” jurnalında dərc olunmuşdur.
1905-1907-ci illərdə panislamist və pantürkist fikirlər Azərbaycanda Əli bəy Hüseynzadə və Əhməd Ağayev tərəfindən “Həyat”, “Füyüzat”, “İrşad” qəzetləri vasitəsilə yayılırdı. Əli bəy Hüseynzadə Osmanlı şivəsinin Azərbaycan üçün ədəbi dil olaraq qəbul edilməsini təklif etmişdi. Cəlil Məmmədquluzadə və başqa realist yazıçlılarla bu dil məsələsi uzun zaman qələm münaqişəsi olmuş və realistlər haqlı olaraq azəri ləhcəsinin ədəbi dil olaraq tətbiq olunmasını irəli sürürdülər və nəticədə öz fikirlərini qəbul etdirdilər.
“Müsavat” partiyası az vaxt ərzində görünməmiş bir inkişaf yoluna qədəm qoydu. Çünki, Azərbaycan xalq toplumunun öz kökündə lazım olan iqtisadi sosial vəziyyət tarixin axarında təkmilləşmiş və siyasi platformasını tapmışdı. Belə vəziyyətdə Müsavat partiyasının qurulması bu təkmilləşməyə cavab vermiş və belə bir vəziyyətə hazır olan azəri ziyalılarını öz ətrafında toplamışdı.
Stolıpin irticası zamanı, 1905-ci il inqilabı yatırdıldıqdan sonra Türkiyəyə sığınmaq məcburiyyətində qalan Əhməd Ağayevin təsis etdiyi Difai partiyasının başsız qalan üzvləri də Müsavat partiyasına daxil olmuşdular.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə çar tərəfindən elan edilən amnistiya siyasi məhbuslara da aid edilirdi. Bundan istifadə edən M.Ə.Rəsulzadə Bakıya döndü və “Müsavat” partiyasına daxil olaraq liderliyi tezliklə əlinə aldı. 1915-ci ildə “Açıq söz” adlı qəzet çıxarmağa başlayan M.Ə.Rəsulzadə bu qəzet vasitəsilə İstanbuldan gətirdiyi Ziya Gökalpın “türkçülük” fikirlərini yaymağa başladı. Qırx milyona yaxın türkü əsarət altında saxlayan rus imperiyası ilə Osmanlı dövləti arasında müharibə başladığı zaman məhkum millətlər rusların məğlub olmasını arzulayır və qurtuluş yolunu bunda görürdülər. Bu hadisə hər yöndən normal və təbii idi. Müsavat partiyasının lideri M.Ə.Rəsulzadə bu vəziyyətdən istifadə edərək azəri ziyalıları arasında təbliğat aparır, özünə tərəfdarlar toplamağa çalışır və bu fəaliyyətində yaxşı nəticələr əldə edirdi.
Ancaq bunu da qeyd etmək lazımdır ki, bu, dözülməz rus istibdadına qarşı son dərəcə güclü pozucu siyasi mövqe idi. ...Xüsusilə rus çarının Balkanda yürütdüyü panislamist təhrikçi siyasətin reaksiyası idi. Belə bir şəraitdə Müsavat partiyasının 1917-ci ildə toplanan birinci konqresində “türkçülük-millətçilik” ideyası belə qeyd olunurdu:
“Yalnız din birliyi müasir mənada bir milləti təşkil edə bilməz. Milləti müəyyən edən müştərək əlamətlərdən başlıcası dil, adət və ədəbiyyatdır. Bu baxımdan bütün türklər bir millətdir”.
“Təbii, dövlətin milli olduğu, millətin də yalnız dinlə deyil, başlıca dilə istinad etməsi qənaətinə gələrək bugünkü gün dağınıq olan türk dünyasının bir gün birləşəcəyinə və müttəfiq bir türk aləmi təşkil edəcəyinə inanırıq”. Çox geniş məna daşıyan bu maksimum ideya Müsavat partiyasının proqramının əsasını təşkil edirdi.
1917-ci il ikinci rus inqilabının başladığı dövrdə Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən Türk Adəmi mərkəziyyət partiyası yaradılmışdı. Nəsib bəy Yusifbəyli bir zaman Krımda İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetində çalışmış və onun “türkçülük” məfkurəsinin təsiri altında qalmışdı. Sonralar bir müddət İstanbulda yaşamışdı. Gəncədə yaratdığı Türk Adəmi mərkəziyyət partiyası da proqram yönündən, millət məsələsində Müsavat partiyasına çox yaxın idi. Eyni zamanda Nəsib bəy Yusifbəyli “Açıq söz” qəzetində M.Ə.Rəsulzadə ilə həmfikir olduğunu bildirir və millətçiliyi təbliğ edən yazılar yazırdı. Beləliklə, Müsavat partiyası ilə Türk Adəmi mərkəziyyət partiyası birləşərək Türk Adəmi mərkəziyyət müsavat partiyası adını aldı.
Ikinci rus inqilabı başladığı ərəfədə, 1917-ci il aprel ayının əvvəllərində Bakıda, Qafqaz müsəlmanlarının böyük qurultayı çağrılmışdı. Qurultaya Azərbaycan, Şimali Qafqaz müsəlmanlarl ilə yanaşı Ermənistan və Gürcüstan yaşayan müsəlmanların da nümayəndələri gəlmişdi. Qurultayın gündəliyində Qafqaz müsəlmanlarının inqilabdan nə istədikləri müzakirə olunmalı və öz taktikaları təyin edilməli idi. Bitərəf qrup adı ilə qurultayda iştirak edən Əlimərdan bəy Topçubaşov qurultaya rəhbərlik edirdi. “Rusiya müsəlmanları ittifaqı” partiyasının lideri olan Ə.M.Topçubaşov bu qurultayda mənsub olduğu xalqın siyasi şüur yönündən inkişaf etdiyini görüncə çox sevinirdi.
Qurultay aşağıda qeyd olunan çox əhəmiyyətli siyasi tələbləri qərarlaşdıraraq öz işini bitirdi:
- Qafqaz müsəlmanları qurultayı, milli, siyasi məqsədlər haqqında məsələni müzakirə edərək müsəlman millətlərinin mənafeyini ən çox təmin edən, Rusiya şəkli idarəsinin məhəlli federasiya qurulan xalq cümhuriyyəti olunduğunu qərara alır.
- İslam dinindən olan bütün millətlərin dini də mədəni əlaqələrini nəzərə alaraq Qafqaz müsəlman qurultayı bütün Rusiya müsəlmanlarından ötrü qanunverici səlahiyyətə malik ümumi bir idarə qurulmasını lazım bilir.
Qurultayda bu iki maddəlik qərarın böyük çoxluqda səs toplamasında Müsavat, Türk Adəmi mərkəziyyət partiyalarının, bitərəf qrupların birgə səylərinin böyük rolu olmuşdur (Mirzə Bala. Milli Azərbaycan hərəkatı. Berlin, 1938).
Müsavat partiyası 1917-ci il oktyabrda Bakıda çağırılan birinci konqresində proqramını minimum əsaslar üzərində qurmuşdu. Bu səbəbdən ərazi muxtariyyəti, regional muxtariyyət prinsipini irəli sürmüşdü. Qurultay muxtariyyət prinsipini bu şəkildə qəbul etmişdi:
- Rusiya dövlətinin şəkli idarəsi milli, məhəlli muxtariyyətlər əsası üzərində qurulan federativ xalq cümhuriyyətindən ibarət olacaqdır.
- Yazı, mətbuat, vicdan, mitinq, təşkilat və tətil kimi siyasi azadlıqlarla birlikdə muxtariyyətlərdəki hökümətin federativ xalq cümhuriyyətlərindən ibarət olması, işçi qanununun bütün muxtariyyətlərdə eyni cür olaraq tətbiqi və torpaq məsələsinin əsaslı islahatı kimi demokratik prinsip Rusiya federativ xalq cümhuriyyətinin konstitusiyasına daxil edilərək dövlət tərəfindən təminat altına alınmalıdır.
- Müəyyən əraziyə malik olan, yəni Rusiya dövlətinin hər hansı bir hissəsində çoxluq təşkil edən hər bir millətə muxtariyyət hüququ verilməlidir. Azərbaycan, Türkistan, Qırğızıstan, Başqırdıstan kimi türk ölkələri ərazi muxtariyyəti almalıdırlar. Krım tatarlarına, Rusiyada yaşayan başqa türk millətlərinə ərazi, mümkün olmazsa milli muxtariyyət verilməlidir.
(Əlavə: türk olmayan başqa dindaşlara da partiya muxtariyyət tələb edib, onlara hər vəchlə yardım etməyi özünə borc bilir).
- Müəyyən əraziyə malik olmayan millətlərə milli, mədəni muxtariyyət hüququ verilməlidir.
- Muxtariyyətlərin hüdudunun təyini, ölkədə daxili konstitusiyaların tərtibi, istər ərazi, istərsə də milli muxtariyyətlər Müəssisələr məclisi tərəfindən həll olunmalıdır.
- Cümhuriyyət heyətinə daxil olan muxtariyyətlər öz aralarında müştərək məqsəd və tələblər ətrafında birləşə bilməlidirlər.
- Muxtariyyətə malik olan bütün əyalətlər, mərkəzi hökümətə ancaq vətəni müdafiə etməyi, pul kəsilməsi, gömrük, xarici siyasət, dəmir yolu, poçt teleqraf və başqa bu kimi ümumi işləri həvalə edirlər.
- Muxtariyyətləri əyalətlər idarəetmə, maliyyə, qanunvericilik, mədəni işlər kimi daxili məsələlərdə müstəqil olmalıdır.
- Rusiya cümhuriyyətinin ümumi işlərini idarə etmək üçün bütün muxtariyyətlərin nümayəndələrindən ibarət bir konqres təşkil olunmalıdır.
- Hər bir muxtariyyətin mərkəzində qanunverici vəzifəsi olan mükəlləfiyyətli bir deputatlar palatası və verilən qanunları icra edən mükəlləfiyyətli nazirlər kabineti təşkil olunmalıdır.
- Hər bir muxtariyyətli əyalət ərazi işlərində geniş imtiyazlara malik vilayət, qəza və nahiyələrə bölünməlidir.
(“İstiqlal” məcmuəsi, Bakı, 1919, səh. 15; Mirzə Bala. Milli Azərbaycan hərəkatı, səh. 84-87).
Cənubi Azərbaycan azadlıq hərəkatının liderlərindən biri olan Mircəfər Pişəvəri Müsavat partiyası haqqında bu fikirləri irəli sürürdü: “Müsavat partiyasının mərkəzi komitəsi və bütün təşkilatlarında üç fraksiya hakim olmuşdur:
- Xırda burjua ünsürləri ilə birlikdə mərkəzdə mövqe tutan M.Ə.Rəsulzadə qrupu.
- İnqilabi hərəkatın təsiri altında qalan və sol təmayül göstərən Mirzə Bala Məmmədzadənin qrupu.
- Sol cinaha mənsub olan Nəsib bəy Yusifbəylinin mülkədar və kapitalist qrupu”.
(Mircəfər Pişəvəri. Seçilmiş əsərləri. 1965-ci il, səh. 402).
MƏMMƏD ƏMIN RƏSULZADƏ
Azərbaycan istiqlal mübarizəsi tarixini yazarkən bu istiqlal uğrunda mübarizə aparanlardan danışmamaq olmaz. Çox təəssüfki, Fətəlixan, Topçubaşov, Nəsib bəy, dr. Həsən bəy Ağayev, general Səlimov və başqalarının tərcümeyi-hallarını tapa bilmədik.
M.Ə.Rəsulzadə Azərbaycan azadlıq mübarizəsinin önündə gedənlərdən olmuşdur. O, 1884-cü il yanvarın 31-də Bakıda (Novxanıda) ruhani ailəsində doğulmuşdur. Atası Axund Hacı Molla Ələkbər Rəsulzadə, anası Zalı qızı Zinyətdir. Ilk təhsil və tərbiyəsini atasının açmış olduğu dini mədrəsədə almışdır. Həyata Bakıda yerləşən mətbəələrin birində mürəttiblik etməklə başlamışdır. Çalışdığı “Kaspi” mətbəəsi Əmin bəy üçün bir həyat məktəbi olmuşdur. Əmin bəyin yazıçılığa həvəsi təxminən buradan başlamış və yazıçıların əsərlərini qurğuşun hərflərlə düzərkən onların təsiri altından çıxa bilməmiş və beləliklə, ümumi bilgisi inkişaf etmişdir. İlk yazısını 1903-cü ildə Tiflisdə Məmməd Ağa Şahtaxtinskinin çıxardığı “Şərqi-rus” adlı gündəlik qəzetə, yazmışdır. Beləliklə, Əmin bəy öz üzərində çalışan, həyatda mübarizə aparan bir adam olmuşdur. Sistemli olaraq məktəbə getməmiş və heç bir məktəbi də bitirməmişdir. Onun bioqrafiyasını yazanlar məktəbə getdiyini yazsalar da bu doğru deyildir.
1905-ci ildən sonra Bakıda Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin çıxartdığı “Həyat”, “Füyüzat”, “İrşad” və “Tərəqqi” jurnal və qəzetlərində çıxış etməklə yazıçılıq fəaliyyətinə başlamış və sonra 1905-1907-ci illərdə radikal sol cərəyanı təmsil edən “Hümmət”, “Təkamül”, “Yoldaş” jurnallarının tanınmış jurnalistləri ilə birlikdə çalışmış və bir müddət “Təkamül” jurnalının baş redaktoru olmuşdur. Həmin illərdə Əmin bəy radikal sol sosialist Stalin, Orconikidze kimi gürcü, Kalinin, Vışinski kimi rus sosial-demokrat (bolşevik) hərəkatının nümayəndələrilə birlikdə çalışmışdır. 1904-cü ilin axırlarında “Rus sosial-demokrat partiyası”nın nəzdində azəri fəhlələri arasında çalışmaq və təbliğat aparmaq üçün “Hümmət” adlı təşkilat yaradılır. Əmin bəy “Dünya” qəzetində “Stalinlə ihtilal” başlığı altında nəşr etdirdiyi xatirəsində yazır ki, həmin partiyanı özü yaratmış və bu partiyanın adı ilə bir jurnal da çap etdirmişdir. Həqiqət belədir: “Müsəlman “Hümmət” partiyası Stalin daxil olmaqla yuxarıda adları qeyd olunan gürcü inqilabçılarının yardımı və Əmin bəy yaxından fəal iştirakı ilə yaradılmış, “Hümmət” jurnalı da Əmin bəy tərəfindən çıxarılmış və idarə edilmişdir” (“Dünya” qəzeti).
Əmin bəyin 1908-1910-cu illər arasında hümmətçi olaraq İran inqilab hərəkatında iştirak etdiyini görürük. Bu inqilabi hərəkatda Stalin uzaqdan, dr. Ponikidze isə yaxından iştirak etmişdi. Əmin bəy Tehranda 1908-ci ildə, İran tarixində ilk dəfə nəşr olunan “İrani nov” (“Yeni İran”) adlı gündəlik qəzet buraxmışdır. Qəzetin baş redaktorluğunu da bir müddət üzərinə götürmüşdür.
Əmin bəyin “Dünya” qəzetində “Stalinlə ihtilal” başlığı altında çap olunan xatirəsi çox maraqlıdır: “Bakıda bir neçə cəmiyyətlərlə birlikdə “Nicat” cəmiyyəti və “Hümmət” təşkilatının iştirakı ilə qubernator parkının kazinosunda bir konsert tərtib etdik. Konsertdən əldə edilən gəlir “Hümmət” təşkilatı, “Nicat” və digər cəmiyyətlər arasında bölünəcəkdi. O zamana görə konsertdən olduqca çox gəlir toplandı. Bir gün gizli sosial-demokrat partiyasından bir yoldaş gəldi, Stalin yoldaşın Bayıl həbsxanasında olduğunu və onun oradan qaçırılması üçün 200 manat pul lazım olduğunu söylədi. “Hümmət” təşkilatının payına düşən puldan həmin yoldaşa verdim. Günlərin birində, yoldaşlarımla birlikdə pulları hesablayıb bölüşdürmək üçün faytonla gedərkən, bir küçənin tinində tapancalı bir neçə şəxs yolumuzu kəsərək pulları alıb qaçdılar. Sonradan öyrəndim ki, bunu “Hümmət” ilə Sosial-demokrat partiyası təşkil etmişdir”.
Həmin hadisəni Sultan Məcid Əfəndiyev xatirələrində belə aydınlaşdırır: “Nicat” cəmiyyətində çalışan yoldaşlarımız, guya (?) həmin cəmiyyətin xeyrinə izdihamlı xalq gəzintisi təşkil etmişdilər. Burada toplanan 4-5 min manat pulu naməlum qarətçilər tutub almışdılar. Həmin naməlum şəxslər bizim yoldaşlarımız idi. Bütün bu işlərin hamısını biz təşkil etmişdik” (S.M.Əfəndiyev. Azərbaycan proletariatının inqilabi hərəkatı tarixi. Bakı, 1957, səh. 27).
O zaman “Hümmət” təşkilatının önündə gedən Məmməd Əmin Rəsulzadə “Nicat” cəmiyyətinin də fəallarından biri idi. S.M.Əfəndiyevin anlatdığı soyğunçuluq hadisəsindən Əmin bəyin əvvəlcədən xəbərdar olmadığına inanmaq çətindir. 1920-ci ildə Azərbaycan istiqlalı rus bolşeviklərinin hücumuna məruz qalaraq yıxıldıqdan sonra Stalin Bakıya gələrək həbsdə olan M.Ə.Rəsulzadəni Çekanın əlindən qurtarması və Moskvaya aparması böyük bir məna kəsb edir. Bu iki köhnə sosialisti bir-birinə bağlayan bağların qüvvətli olduğunu etiraf etmək lazımdır.
1911-ci ildə rus səfirliyinin tələbi ilə Məmməd Əmin Rəsulzadə İran sərhədləri kənarına çıxarılmış və buna görə də İstanbula gəlmək məcburiyyətində qalmışdı. O zaman İstanbulda Şeyx Cəmaləddin Əfqaninin yazılarının təsiri altında qalan və türkçülük hərəkatına qoşulan M.Ə.Rəsulzadə 1911-ci ilin 18 avqustundan nəşr olunmağa başlayan “Türk yurdu” jurnalına yazılar yazmışdır. Həmin illərdə Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Yusif Akçuraoğlu da İstanbulda idilər.
1913-cü ildə rus çarları – Romanovlar sülaləsinin 300 illiyi münasibətilə elan edilən siyasi amnistiyadan istifadə edən M.Ə.Rəsulzadə Bakıya gəlir. Məsləkdaşlarının yaratdıqları Müsavat patriyasına daxil olur və partiyanın rəhbərliyini əlinə almağa çalışır. İstanbuldan gətirdiyi türkçülük fikrini patriyanın ideologiyası olaraq qəbul etdirən Əmin bəy, bu ideologiyanı 1915-ci ildə nəşr etdirdiyi “Açıq söz” qəzetində irəli sürür.
“Açıq söz” qəzetini nəşr etməyə başlayanda artıq M.Ə.Rəsulzadə Azərbaycanda tanınmış siyasi xadim idi. Qəzet 1917-ci ilə qədər nəşr olunur. 1917-ci il nqilabı zamanı Bakıda toplanan Müsavat partiyasının qurultayında Əmin bəy partiyanın lideri seçilir. Həmin ildə partiyanın proqramında Azərbaycanın muxtariyyəti nəzərdə tutulur. Yenə həmin ildə Bakıda toplanan Qafqaz İslam konfransında və Moskvada toplanan Rusiya müsəlmanları konfransında rus əsiri türklər üçün milli ərazi, muxtariyyət tezisi müdafiə olunur. Peterburq və Moskvada bolşeviklər rəhbərliyi ələ aldıqdan sonra Rusiyadan ayrılan müvəqqəti Cənubi Qafqaz millətləri hökümətinin (Gürcüstan, Ermənistan, Azərbaycan) Seym məclisində müsəlman fraksiyasının rəhbəri olan M.Ə.Rəsulzadənin göstərdiyi cəhd və oynadığı rol olduqca təqdirəlayiqdir. Onun bu fəaliyyəti xarici ölkələrin siyasətçilərinin gözündən qaçmır.
Məmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir. O, Azərbaycan istiqlaliyyətini elan etmiş Milli şuranın sədri olmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycan Qızıl Ordu tərəfindən işğal edilir, ölkədə təqiblər və həbslər başlanır. Əmin bəy bir çox azəri siyasi xadimlərlə birlikdə həbs olunur. Bu zaman Stalin Bakıya gəlir, Əmin bəyi həbsdən azad etdirir və Moskvaya aparır.
M.Ə.Rəsulzadə iki il Moskvada nəzarət altında qaldıqdan sonra 1922-ci ildə Moskvadan Finlandiyaya qaçır və oradan da İstanbula gəlir. Azərbaycanın azadlığı uğrunda mübarizəsini xarici ölkələrdə belə, davam etdirən və inandığı amal uğrunda hər cür əziyyətlərə və məşəqqətə qatlaşan M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat etmişdir (“Azərbaycan” jurnalı, № 12, mart 1955-ci il, İstanbul).
1914-1917-ci İLLƏRDƏ MÜHARİBƏ VƏ İNQİLAB
1914-cü il iyun ayında Fransanın prezidenti Puankare Peterburqda II Nikolayla görüşdüyü zaman rus fəhlələri (hələ 1905-ci ildə olan inqilabın təsiri altında) müharibənin əleyhinə olduqlarını bildirir, barrikadalar qurur, çıxışlar, tətil və protest yürüşləri təşkil edirdilər.
Dumada mütərəqqi qrup, Demokrat partiyasının sağ qanadında olan menşeviklər və sol qanadında olan bolşevik millət vəkilləri də vardı. Onlar bu müharibəyə etirazlarını və höküməti müdafiə etməyəcəklərini açıq-açığına bildirirdilər. Bütün bunlar bir yana, Rusiyanın Qərbin mərkəz dövlətlərilə müharibə aparmaq iqtidarında olmadığı da görünürdü. Rus-yapon müharibəsindən hələ on il belə keçməmişdi. Ağır məğlubiyyətə düçar olan rus ordusu Almaniya və Avstriyanın müasir silahlarla silahlanmış, nizamlı ordusunun qarşısında nə edə bilərdi?
Çar, saray əyanları rus və digər millətlərdən olan inqilabçılar 1907-ci ildə baş nazir Stolıpin tərəfindən öldürülüb və Sibirə sürgün olunduqdan sonra artıq inqilabın kökünün kəsildiyini zənn edirdilər. Halbuki, inqilabın əsas iştirakçıları olan torpaqsız ac kəndli, hər gün zavod və fabriklərdə 10-12 saat çalışan fəhlələr əhalinin çox hissəsini təşkil edir və acınacaqlı həyat tərzi keçirirdilər. Rusiyada və digər yerlərdə inqilabçı partiyalar qeyri-leqal şəraitdə fəaliyyət göstərdilər.
Rusiyanın müharibəyə girməsi üçün əsas üç səbəb vardı:
- Balkan slavyanlarını qorumaq, onları Osmanlı imperiyasına qarşı təhrik etmək və sonra panslavyan imperiyası yaratmaq.
- Çar Nikolayın “xəstə adam” adlandırdığı Osmanlı imperiyasının süqutundan sonra İstanbul daxil olmaqla Anadolunun torpaqlarını işğal etmək.
- Rus inqilabçılarının fəaliyyətinin qarşısını almaq və onları xalqın gözündən salmaq üçün müharibə edərək zəfər qazanmaq.
Müharibənin ikinci ilində (1916-cı ilin sonunda) rus ordusu təxminən 6-8 milyon nəfər itki vermişdi. Rusiya çox ağır məğlubiyyətə uğramışdı. Xalqın və ordunun əhvalı çox pozulmuşdu. Ordu ilə əlaqədar polis işçisi belə bir raport verirdi: “Əsgərlər sülh istəyirlər. Zabitlər hücum əmri verməkdən çəkinirlər, verdikləri əmrə qulaq asılmayacağını və özlərinin də öldürüləcəklərini düşünürlər”. 1917-ci ilin yanvarında çar Nikolay son dəfə olaraq İngiltərə səfirini qəbul edərkən səfir diplomatik etiketi pozaraq çara belə bir tövsiyə etmişdi: “Bir neçə tədbirlər həyata keçirin və xalqın etimadını qazanın”. Çar isə belə cavab vermişdi: “Siz məsələni yanlış anlayırsınız, söhbət mənim yenidən xalqımın etimadını qazanmağından getmir, əsas məsələ bütün Rusiyanın çarı kimi mənim təbəələrimə hələ güvənib güvənməyəcəyimdir” (Milyukov, səh. 25).
Digər tərəfdən Qərb sosial-demokratları öz hökümətlərinin müharibədə iştirak etməsini müdafiə edirdilər. Lenin isə onların bu hərəkətinə qarşı çıxırdı. Qeyd etmək lazımdır ki, Lenin həmin illərdə İsveçrədə mühacirətdə idi.
İkinci internasional dağılmışdı. Lenin deyirdi: “Bu gündən mən sosial-demokrat deyiləm, artıq kommunistəm”. Müharibənin əvvəllərində Avstriya höküməti Lenini həbs etmişdi.
Avstriya sosialistləri öz hökümətlərinə Lenin haqqında bəzi məlumatlar verdilər. Məlumatda deyilirdi: “Bəli, Lenin rusdur, amma çara, onun xarici düşmənlərindən daha çox düşmənçilik bəsləyir. Leninin bundan sonrakı səyləri Rusiyanı gücləndirməyəcək, əksinə onu daha da zəiflədəcək”. Bu tövsiyədən sonra Avstriya höküməti 1914-cü il 19 avqustda Lenini həbsdən azad etdi. Lenin İsveçrəyə gələrək Berndə yerləşdi. Bu arada heç kimin fərqinə varmadığı çox əhəmiyyətli hadisə baş verdi.
Avstriya və Almaniyanın baş qərargahları Lenini yaxından tanıdı və onun bolşevik metodundan xəbərdar oldu. Sonrakı yazılarımızdan da görəcəyik ki, bu tanışlıq hər iki tərəf üçün əhəmiyyətli olmuşdur.
SİMMERVALDİZM
Simmervald İsveçrədə Bern şəhərinin on kilometrlik məsafəsində yerləşən kiçik kənddir. Birinci dünya müharibəsi zamanı İsveçrəyə qaçan və siyasi mühacir olan fransız, alman, ingilis və rus sosialistlər 1915-ci il 5-12 sentyabrda Simmervald kəndində yığıncaq keçirdərək müharibə və barışıq problemləri haqqında bəzi qərarlar çıxartmışdılar. Bu konqresdə Rusiyanın nümayəndəsi Lenin də öz yoldaşları ilə iştirak etmişdi.
Simmervald kəndində ifrat sol sosialistlərin qəbul etdikləri ortaq prinsiplər aşağıdakılardan ibarətdir:
- Müharibənin başlanmasına təkcə almanlar deyil, bütün kapitalist hökümətləri və burjua partiyaları cavabdehdirlər.
- Müharibənin məqsədi milli qalibiyyət olmamalıdır.
- Bütün millətlərin muxtariyyəti əsas götürülərək, təzminatsız barış və sosializm üçün mücadilə edilməlidir.
Həmin partiyalar Simmervalddan sonra “Xalqlararası Bern komissiyası” iclasını keçirtmiş və 1916-cı il 5-9 fevralda Kintalda konqres təşkil etmişdilər. Bu yığıncaqlarda qərara alınır ki, cəbhələrdə bir-birinə düşmən olaraq vuruşan əsgərlər silahlarını kapitalistlərə qarşı çevirsinlər. Əsl simmervaldizm beləliklə, bu prinsipə verilən addır. Bu prinsip millətlər arasında aparılan imperialist müharibənin siniflərarası daxili müharibəyə çevrilməsi anlamını daşımaqdadır. Rusiyada inqilab başlayan zaman İsveçrə, Avstriya və Almaniya sosialistləri Leninin Almaniyadan keçərək İsveçrə, oradan da Rusiyaya getməsi üçün alman baş qərargahına müraciət etmiş və Leninin Almaniyadan qapalı qatarda getməsinə izn almışdılar. Lenin 1917-ci il fevral inqilabında “simmervaldizm” nəzəriyyəsinin öz adına çıxmış və “imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək lazımdır” şəklində təbliğat aparmışdır.
Birinci dünya müharibəsi ərəfəsində, hələ Rusiyada inqilab başlamazdan əvvəl Qərbdə təmkinli sosialistlər ilə ehtiyatlı rus sosialistləri də “simmervaldizm” prinsipini mənimsəmiş və qəbul etmişdilər. Anjelika Balabanova, o zaman Parisdə olan Martovun dediyi sözləri belə qələmə alır: “ya inqilab müharibəni öldürəcək, ya da müharibə inqilabı”. Bu “simmervaldizm” prinsipi Lenini İsveçrədən İsveçə keçmək üçün Baltik dənizi sahillərinə gətirən alman qatarının da əsasını təşkil edir.
Oktyabr inqilabından sonra “simmervaldizm”in müvəffəqiyyəti barədə bir bolşevik belə deyirdi: “Biz inqilab etdik. Biz çox yaxşı bilirdik ki, ordunu yıxmasaq, ordu inqilabı boğacaqdır. Bundan ötrü öncə ordunu yıxdıq. Etiraf edirəm ki, biz dahiyanə bir iş gördük və bacardıq”. “İndi qəbul etmək lazımdır ki, Lenin “simmervaldizm”i rus inqilabında böyük bir məharətlə istifadə etmişdir” (Mulyukov. Rossiya na perelome. I cild, Paris, 1927-ci il, səh. 53-58).
“Simmervaldizm” prinsipindən 1917-ci il fevral inqilabında istifadə olunaraq rus ordusunun məğlubiyyətindən o zaman alman orduları baş qərargahı da xeyrini görmüşdür. Nəhayət, “Simmervald” ideyası ətrafında toplanan Qərb sosialistləri və rus bolşeviklərinin təxminləri doğru olduğu kimi, alman baş qərargahının da təxmini doğru çıxmışdır. Rus ordusu dağılmış, Lenin inqilabının rəhbəri olmuş, almanların Brest-Litovskda diqtə etdiyi barışı qəbul etmiş Rusiya təkbaşına almanlarla müqavilə bağlayaraq müharibədən çıxmış və almanlar Qərb cəbhəsində Antanta dövlətlərilə müharibədə baş-başa qalmışdılar.
Zavallı alman baş qərargahı hardan biləydi ki, 25 il sonra İkinci Dünya müharibəsində həmin Simmervaldizmin yaratdığı sovet rus dövləti Almaniyanı ikiyə böləcək, Şərqi Almaniyanın və Berlinin daşı-daş üstündə qalmayacaqdır. Alman qadınlarının, qızlarının namusu ləkələnəcəkdir.
Bu girişdən sonra rus inqilabının xronikasına dönək.
Müharibə Rusiyanın xeyrinə deyildi, Nikolay ordunun baş komandanı olduğu üçün bütün günlərini cəbhədə keçirirdi. Çar kütbeyinliyi, çariça axmağlığı və əxlaqsızlığı, Rasputin alçaqlığı ilə Rusiyaya əllərindən gələn qədər pislik edirdilər. Cəbhədə əsgərlər silahsız, təchizatsız və həm də acdı, - xalq isə səfil və pərişandı. Dumada “Proqressiv qrup” bu vəziyyəti tənqid edirdi.
Baş nazir şahzadə Qalitsin fevralın 26-da Dumanın buraxılması əmrini verdi. Dumanın sədri liberal Rodziyenko cəbhədə olan çara iki teleqram göndərdi, amma heç bir nəticəsi olmadı. Çar Rodziyenkonun teleqramlarını alanda demişdi: “Bu yekəqarın Rodziyenko da hər şeyi şişirdir. Heç bir cavab verməyəcəyik”. Amma baş nazir çarın adından Dumanın buraxılması əmrini versə də onun əmri yerinə yetirilməmişdi.
Peterburqda Putilov zavodlarının birində fevralın 22-də (martın 7-si) fəhlələrlə sahibkar arasında narazılıq əmələ gəldi. Bu iğtişaşa səbəb bir neçə fəhlənin işdən qovulması olmuşdu. Buna görə də zavodun sahibi lokauta qərar verdi. Lokaut qərarından qəzəblənən fəhlələr küçələrə çıxdılar. Hələ 1905-ci il inqilabında bu fəhlələr böyük təcrübə əldə etmişdilər. Bu hadisə bir çox zavod və fabriklərdə çalışan fəhlələrin tətilə çıxmasına səbəb oldu. Toxuculuq fabriklərində çalışan qadınların çoxunun ərləri cəbhədə idi və onlar da bu tətilə qoşuldular. “Özümüz, uşaqlarımız acından ölürük” deyə küçələrdə qışqıraraq baqqal dükanlarını və mağazaları qarət etməyə başladılar. Ertəsi gün tətilçilərin sayı 197.000-ə çatmışdı. Hökumətin bu zaman 3500 polisi və bir neçə min də jandarmı vardı. Bundan başqa cəbhəyə göndərilmək üçün orduya çağırılmış gənclər və orta yaşlı ailə başçısı olan atalar da vardı. Onlar əsgər paltarlarında küçələrdə gəzişir və cəbhəyə gedəcəkləri günü gözləyirdilər. Onların sayı 160.000-ə çatırdı. Heç biri də cəbhəyə getmək həvəsində deyildi. Tələbələr və tramvayçılar da tətilə qoşulmuşdular, qəzetlər də çıxmırdı. Paytaxtda qarışıqlıq sel daşqını halı almışdı. Çar Moxilevdəki baş qərargahından general Kabalova teleqram göndərərək əmr edirdi ki, bu iğtişaş sabaha qədər yatırılsın. Polis və əsgərlərə əmr verilmişdi ki, tətilçilərə atəş açsınlar. Pavlovski alayının əsgərləri Yekaterina kanalı boyunca, polislər isə qarşı tərəfdə keşik çəkirdilər. Bir müddət sonra polislər atəş açmağa başladılar. Güllə yarası alan tətilçilər yerə yıxılır, bəziləri də qaçıb canlarını qurtarmağa çalışırdılar. Əsgərlər xalqın tərəfinə keçirdilər. Bu mənzərəyə dözməyən əsgərlər polisləri atəşə tutdular. Təbii ki, hər iki tərəfdən ölən və yaralananlar oldu. Axşama doğru əsgərlər kazarmalarına döndülər. Bu hadisə fevralın 26-da baş verdi. Əsgərlər kazarmaya döndükdən sonra bir-birilə münaqişəyə başladılar və hər iki yerə bölündülər. Beləliklə, üç yüz il hakimiyyətdə olan Romanovlar sülaləsinin alın yazısını təyin edən gün, bu gün oldu. Əsgərlərin çoxu əmrə itaət etmirdi. Duma buraxılmaqdan imtina edirdi. Rodziyenkonun sədrliyi altında müvəqqəti Duma komitəsi yaradıldı. Bu komitədə ifrat sağlar və bolşeviklərdən başqa bütün partiyaların nümayəndələri vardı. Çarın baş naziri şahzadə Qalitsin istefa vermişdi. Nümayişə çıxan fəhlələr, sənətkarlar və əsgərlər hökümətə qarşı mübarizə aparırdılar. Aşağı təbəqənin iştirakı ilə başlayan inqilabın lideri yox idi. Əsgərləri zabitlər, fəhlələri isə ustalar idarə edirdilər. 1905-ci il inqilabından sonra inqilabçıların kimisi öldürülmüş, kimisi Sibirə sürgün olunmuş, bir qismi də Qərb ölkələrinə qaçaraq canlarını qurtarmışdılar. Birdən-birə partlayan bu inqilaba istiqamət verəcək liderlərə ehtiyac vardı.
Xalq həbsxanalara hücum edərək məhkum və həbsdə olanları azad etdi. Onların arasında sosial-demokratların, bolşevik və eserlərin də liderləri vardı. Bu partiyaların nümayəndələri zavodlara, fabriklərə gedərək iğtişaşın artmasına və qüvvətlənməsinə çalışdılar. Duma yerləşən Tavriya sarayına yollandılar. Sovetin toplanması üçün başlanan hazırlıq işlərində iştirak etdilər. Bu səylərin nəticəsində tezliklə müvəqqəti İcra Komitəsi yaradıldı. Həmin axşam Peterburq Sovetinin toplanmasına qərar verildi. Menşevik liderlərindən Çxeidzenin sədrliyi altında o axşam Peterburq Soveti toplandı və inqilabın zəfər çaldığını elan etdi. Toplantıda 250-yə qədər fəhlə nümayəndə vardı. Üsyanda iştirak edən hərbi alayların nümayəndələrilə danışıqlar aparıldı. Həyəcan artıq son həddinə çatmışdı. Bu həyəcanla həmin o axşam qərara alındı ki, fəhlə soveti bundan sonra “Fəhlə və əsgər millət vəkilləri komitəsi” adlandırılsın. “İcra komitəsi” və başqa komissiyalar bu komitəyə daxil oldular.
Beləliklə, rus hökumətinin və xalqının taleyində yeni bir hakimiyyət meydana gəldi.
Liberalistlər isə burjua “Duma müvəqqəti komitəsi”nin şəxsində hakimiyyəti ələ aldıqlarını elan edirdilər. Bütün bu hadisələrə 27 fevral (12 mart) günü damğasını vururdu.
Fevralın 28-də (13 mart) çara sadiq qalan hərbi hissələr də təslim bayrağı qaldırdılar. Fevralın 22-dən bu yana dünya tarixinə yeni istiqamət verən İkinci rus inqilabı günlərində 1.315 nəfərin öldüyü və yaralandığı sonradan müəyyən edilmişdir. Ertəsi gün eyni inqilab yolunu Moskva heç bir itki vermədən gerçəkləşdirmişdi.
Artıq vəziyyətin ciddiləşdiyini başa düşən çar və əsgərləri martın 1 (14)-də qatarla Tsarskoye-Seloya getdilər. Nə əsgərlər, nə qərargahda olan generallar onu dinləmədilər. Paytaxtla əlaqə saxlayan generallar çara hakimiyyətdən getməsini tövsiyə etdilər. Çar martın 2-də, saat 15-də taxtdan əl çəkməsinə dair sənədi imzaladı.
Çar rejiminin artıq iqtidarda qalmaq halı yox idi. Çarlıq köhnə, çürümüş, fəqət yalançı bir idarə idi. Aşağıların üsyanına bir həftə müqavimət göstərə bilmədi. Artıq çar və onun qanlı taxtı devrilmişdi. Ancaq inqilaba rəhbərlik edəcək nə sinif, nə də bir qəhrəman ortaya çıxmışdı. Ortada həll olunması lazım olan müharibə məsələsi, yüzlərcə daxili, xarici iqtisadiyyat və kəndli-torpaq məsələsi, aclıq, yoxsulluq problemləri də vardı. Çarın devrilməsilə bu məsələlər həmin dəqiqə həll oluna bilməzdi.
Dumada Müvəqqəti hökumət meydana gəlmişdi. 1905-ci il inqilabından miras qalan fəhlə və əsgər Soveti də qurulmuşdu. Ölkədə ikihakimiyyətlilik əmələ gəlmişdi. Müvəqqəti hökumətin üzvlərindən birisi səfərə çıxdığı zaman mütləq icra komitəsinin nümayəndəsi də onunla getməli idi. Təcrübədə fəhlə və əsgər Sovetinin nüfuzu üstün gəlirdi. Həqiqi real vəziyyət belə olduğu halda, siyasi partiyalara hakim olan fikir bambaşqa idi.
Inqilabın ortaya çıxmasında burjuaziyanın heç bir rolu olmamışdı. Zəif və aciz olan bu sinfin siyasət səhnəsindəki təmsilçiləri də başda Milyukov olmaqla çaşqınlıq və qərarsızlıq içərisində tərəddüd edirdilər. Çar rejiminin dayağı olan torpaq ağaları – zadəgan sinfi özlərini sakit aparırdılar. Rusiya ərazisindəki kəndlilər birləşməmişdilər. Bu inqilaba kim başçılıq edəcəkdi? Kim bu inqilab gəmisini xalqın xeyri üçün fırtınalı okeanın dalğalarından alıb gözəl və xoşbəxt sahilə çatdıracaqdı.
Burjuaziyanın nümayəndələri olan Milyukovun başçılıq etdiyi kadet partiyasının nümayəndələri konstitusiyalı monarxiya rejimi yaratmağı planlaşdırırdılar.
Sovet icra komitəsi ilə aparılan danışıqlarda bu fikri həyata keçirməyə çalışırdılar. Onların fikrinə görə proletariat hakimiyyətə gəldikdən sonra ölkəni idarə etmək iqtidarına malik deyildir. Bir də ki, tarixdə harda görünüb ki, proletariat ölkəni idarə etsin? İnqilabı aşağı təbəqələr etsə də hakimiyyət burjuaziya ziyalılarına verilməmişdimi?
Beləliklə, burjuaziya öz ümidini itirmirdi. Onlar nə qədər çətin məsələlərlə qarşılaşdıqları, hətta fəhlə və əsgərlər tərəfindən ağır hərəkətə məruz qaldıqları zaman belə, bu düşüncənin təsiri altında rahat nəfəs alırdılar.
Sosial-demokrat partiyasının liderləri də ustadları Karl Marksın fikirlərinə əsaslanaraq Rusiyada proletariatın hakimiyyətə gəlməsi üçün hələ şəraitin olmadığı qənaətinə gəlirdilər. K.Marks proletariatın hakimiyyətə gəlməsi üçün kapitalist sənayesinin zirvəyə çatmasını, proletariatın çoxluq təşkil etməsini söyləməmişdimi? O halda burjuaziyanın nümayəndələrilə anlaşmaq, heç olmasa bu böhranlı dövrdə onlarla əlaqəni saxlamaq lazım idi.
Eserlər rus kəndlisinə güvənirdilər. İnqilabda əsgərlərin çox hissəsini kəndlilər təşkil etdiyini hesaba alsaq, o zaman inqilabda onların da önəmli payları vardı. Ancaq rus kəndlisi birləşməkdən çox uzaqdı. Vəziyyət belə olduğu halda, konstitusiyalı demokratik rejimi rədd etməklə yanaşı, Duma Müvəqqəti hökumət ilə danışıqlarda “suyu yoxuşa tökməyin” hələlik bir faydası olmayacağını düşünürdü.
Fevral inqilabından 1917-ci il oktyabr inqilabına qədər keçən dövr ərzində ölkəni idarə etmək iddiasında olan partiyalar və qruplar arasında münaqişə bu şəkildə davam etmişdir. Əsas nəticələri də bunlardan ibarətdir. Tavriya sarayının sağ tərəfini Duma üzvləri və Müvəqqəti hökumət, sol tərəfini isə fəhlə və əsgər millət vəkilləri Soveti tuturdu. İşçi təmsilçiləri Tavriya sarayının sağ tərəfinə iş üçün keçdikləri zaman Dumanın bir küncündə yerləşən bufetdə salyami, vetçina və müxtəlif içkilərlə, ağ çörək, kürüyə qədər zəngin bir yemək vitrini ilə qarşılaşırdılar. Həmin vaxtda Peterburqda çörək kartoşka sistemilə adama 250 qram verilirdi. Hətta çox zaman onu da tapmaq olmurdu. Bəzi hallarda həmin çörəyi yemək belə mümkün deyildi. Belə bir vəziyyətdə Dumanın zəngin bufetində işçi və əsgərlərin nümayəndələri hansı hissləri keçirdiklərini təsəvvür etmək çətin deyil.
Sovet icra komitəsi bütün xidmətlərin hər növünü əlinə alaraq idarə edirdi. Duma Müvəqqəti komitəsi sonradan şahzadə Lvovun rəhbərliyi altında yenidən yaradılaraq Müvəqqəti hökumət adını aldı. Fəqət ölkə daxilində bu hökumətin heç bir etibarı və nüfuzu olmadı... Dumanın sədri Rodziyenko çarla görüşmək üçün Pskova yola düşməzdən qabaq “Sovet icra komitəsinə” gələrək izn istəyir. Baş nazir vəzifəsini icra edən şahzadə Lvov hadisələrə təsir edə bilmədiyini etiraf edir, hərbi nazir Quşkov isə cəbhə komandanı general Alekseyevə göndərdiyi məktubda yazırdı: “Müvəqqəti hökumət heç bir səlahiyyətə sahib deyildir. Verdiyi əmrlər ancaq işçi və əsgər millət vəkilləri Sovetinin əmrlərinə uyğun olduğu təqdirdə etibarlı olur. Həqiqi hökumətin ən önəmli ünsürləri olan hərbi hissələr, dəmir yolları, poçt-teleqraf və rabitə Sovetin əlində cəmləşmişdir”.
Bu vaxt çar ailəsinin İngiltərəyə getməsi üçün Müvəqqəti hökumətin xarici işlər naziri Milyukovun Sovet icra komitəsilə apardığı danışıqlar Sovet tərəfindən rədd edilmiş və çar ilə ailəsinin nəzarət altında olmasına qərar verilmişdi. Bununla yanaşı işçi sinfinin nümayəndələri hakimiyyəti Duma Müvəqqəti komitəsinə vermək niyyətində idilər. Bunun üçün də aşağıdakı şərtləri irəli sürürdülər:
- Siyasi dustaqların buraxılmasına aid amnistiya elan edilməsi.
- Bütün partiyalara tətil etmək və təbliğat aparmaq hüququ verilməsi.
- Müəssisələr məclisinin söz sahibi olması əsasının qəbulu.
Fəhlə nümayəndələrinin bu gözlənilməz tələbləri başda Milyukov olmaqla, liberalistlərin hakim olduqları Duma Müvəqqəti hökumətinin üzvlərini heyrətləndirmişdi. Bir müşahidəçi yazır ki, Milyukovun üzündəki gizli sevinc mimikalarını görmüşdü. Belə ki, Milyukovun bu vaxt fəhlə təmsilçilərinə çarlıq haqqında məlumat verməsini bir çox liberalistlər yersiz saymışdı.
Burada Duma Müvəqqəti Komitəsi fəhlə nümayəndələrinin təkliflərini qəbul etməklə yanaşı, milli və dini fərqlərin ortadan qaldırılacağını, polisin əvəzində milis təşkilatı qurulacağını, polisin əvəzində milis təşkilatı qurulacağını, məhəlli idarələrin müstəqil seçkilə iş başına gələcək nazirlər tərəfindən idarə ediləcəyini, Sovetin güvəndiyi hərbi hissələrin paytaxtdan uzaqlaşdırılmayacağını elan edirdi.
Müvəqqəti hökumətin ədliyyə naziri Kerenski idi. Çar zamanında siyasi günahkarları məhkəmələrdə müdafiə etməklə ad qazanan Kerenski xoş rəftarı və danışıq qabiliyyətinə görə ictimaiyyətin diqqətini özünə cəlb etmişdi. Olduqca məğrur adam idi, həmçinin Sovetin üzvü idi. Bu arada Kerenski “Sosialist inqilabçı” partiyasına daxil olmuşdu. Partiyaın liderləri elə güman edirdilər ki, Kerenskinin sayəsində güclənəcəkdir.
Müvəqqəti hökumət bir az dirçəldi. Sovet mühafizəkar qəzetlərin çıxmasına izn verdi. Bu qəzetlər nəşrə başlayan kimi, Sovetlərə hücum etdilər, onun müvəkkillik qabiliyyətinin olmadığını irəli sürdülər. Əsgərlərin də intizamsız olduğunu tənqid etdilər. İşçiləri məsuliyyətsizlikdə günahlandırdılar. Batan müvəqqəti və mühafizəkar qüvvələr Müvəqqəti hökumətin ətrafında toplaşaraq xalqı Müvəqqəti hökuməti müdafiə etməyə və Rusiyada tək bir hakimiyyət yaratmağa dəvət etdilər.
Sovetlər 30-a qarşı 1170 səslə fəhlələrin işə başlamalarını qərara aldı. Fəhlələr səkkiz saatlıq iş günü müəyyən edilməsini tələb etdilər. Uzun mübahisələrdən sonra Müvəqqəti hökumət, Sovet heyəti məcburiyyət qarşısında qalaraq səkkiz saatlıq iş günü müəyyən etdi. İnqilab başlayandan bəri hələ cəmiyyətin ehtiyacı olan heç bir problem həll olunmamışdı. Bir-bir məsələlər ortaya çıxır, onların həlli üçün mübahisələr aparılır və bu işlər beləcə də davam edib gedirdi. 1917-ci il Oktyabr inqilabına qədər də beləcə davam edəcəkdir.
Xalq tələb edirdi ki, sülh məsələsi həll olunsun. Milyukov xarici işlər naziri olduğu üçün hesab edirdi ki, inqilabın xarici siyasətə təsiri olmamalıdır.
Çarın müttəfiqləri olan ingilis və fransızlarla gizli anlaşmaları vardı. Bu anlaşmalara görə Rusiya zəfərdən sonra Polşa torpaqlarını Almaniya-Avstriyanın əleyhinə olaraq öz xeyri üçün genişləndirəcəkdi. Bundan başqa Rusiyanın boğazları (Bosfor boğazı nəzərdə tutulur – tər.), İstanbul və Asiyadakı türk torpaqlarını alması haqqında müttəfiqləri ilə gizli anlaşması vardı.
Milyukov gizli anlaşmalar haqqında yoldaşlarına məlumat verərək bu anlaşmaları müdafiə etdiyini bildirdi, amma nazirlər kabinetinin bəzi üzvləri buna razı olmadılar. Onlardan müqəddəs Sinodun vəkili gizli anlaşmaların bankir və fırıdaqçılara yaraşan hal olduğunu söylədi. Sovetin üzvlərinin çoxu da bu müharibəni müdafiə edirdilər.
Sovetin sol qanadı Müvəqqəti hökumətlə əlaqə saxlayan rabitə komitəsinə “birləşməsiz və təzminatsız barış” prinsipinin Müvəqqəti hökumətə bildirilərək bu yolda qərar verilməsinin təminini istədi. Məsələdən xəbərdar olan Milyukov rədd cavabı verdi. Bu təklifə Müvəqqəti hökumətin iclasında baxıldı. Milyukov kabinetindəki nazirlərin onu müdafiə etmədiyini görüncə, müharibənin başqa millətlər üzərində hakimlik etmək məqsədini güdmədiyini ictimaiyyətə bildirməklə yanaşı məlumat hazırladı. Bəyannamənin sonunda “Rusiyanın müttəfiqlərilə bağladığı təəhhüdə tamamilə hörmət bəsləyəcəyini” də qeyd edirdi.
Sovet, nala-mıxa vuran bəyannamədən xoşlanmadı.
Bu zaman yeni bir tragikomik hadisə baş verdi ki, bu da Sovetlərlə Müvəqqəti hökuməti qarşı-qarşıya qoydu. Sovet İcra Komitəsi bir az pul əldə etmək üçün Müvəqqəti hökumətə müraciət etdi. Müvəqqəti hökumət belə cavab verdi: “Siz tamamilə xüsusi cəmiyyətsiniz, sizə pul verə bilmərik”. Bir çox qərarlarda Sovetlə razılaşmaq məcburiyyətində qalan Müvəqqəti hökumətin bir formul tapıb Sovetə pul verməməsi bu hökumətin inqilabi hökumət olmayacağını və Rusiya gəmisini dözümsüzlüyü üzündən qəyalara çırpacağını göstərirdi. Bu gündən sonra silahların atəş açdığı yeni çarpışmaların olacağı görünürdü. Hələ bu dövrdə Lenin Rusiyaya gəlməmişdi.
LENİNİN RUSİYAYA QAYITMASI
Qələbənin hər hansı cəbhədə ani bir hücumla qazanılması ehtimalı və dövrü artıq keçmiş, müharibə xroniki, üzücü şəkil almışdı. Almaniyanın gücü getdikcə tükənirdi. Rus cəbhəsində savaş inqilabın başlaması ilə əlaqədar olaraq zəifləməsi də, Müvəqqəti hökumətin təkbaşına almanlarla sülh bağlaması ehtimalı hələ görünmürdü. Rusiyanın Antanta dövlətlərindən (Fransa, İngiltərə, İtaliya) ayıraraq sülh bağlamağa məcbur etmək və müharibədən uzaqlaşdırmaq üçün tədbirlər görmək lazım idi.
Lenin İsveçrədən Rusiyaya gəlmək üçün çox çalışırdı. Hansı yoldan, nə şəkildə Rusiyaya dönə bilməsi üçün hər gün müxtəlif planlar qururdu. Hətta, qiyafəsini dəyişmək fikrinə belə gəlmişdi. Bu zaman, vaxtilə onu Avstriya həbsxanasından azad edən avstriyalı sosialistlər köməyinə gəldilər. Onlar Leninin Simmervaldda qoyulan qərarları mənimsədiyini bilirdilər. Leninin Rusiyaya dönmək arzusunda olduğunu öyrənən Avstriya və İsveçrə sosialistləri Avstriya baş qərargahı ilə danışıqlar apararaq onun Rusiyaya dönməsini təmin etməyə çalışırdılar.
Avstriya baş qərargahı bu barədə alman baş qərargahı ilə razılığa gəldi. Lenin və yoldaşları qapalı qatarda heç bir vağzalda bir kimsə ilə görüşməmək şərtilə Almaniyadan keçərək Baltik sahilinə, oradan da İsveçə gedə biləcəkdilər (Bu qapalı qatar dünya mətbuatında “Qara yük vaqonu” şəklində yayılmışdı). Leninin bu şəkildə 32 nəfərlik bir qrupla aprelin 9-da İsveçrədən ayrılaraq, aprelin 13-də Stokholma gəldi. Bu 32 nəfərin arasında bolşeviklərdən başqa inqilabçılar da vardı. Onlar İsveçdən Finlandiya sərhədlərinə qədər xizəklə getməli oldular. Lenin aprelin 6 (19)-da gecə vaxtı Peterburqa çatdı. O, vağzalda yoldaşlarından soruşdu: “Görəsən Peterburqa getsəm Müvəqqəti hökumət məni həbs edərmi?” Yoldaşları isə “belə bir şey ola bilməz” cavabını vermişdilər.
Leninin ilk işi, bolşevik yoldaşlarının Sovetdə digər sosialistlər kimi mülayim siyasət apardıqlarına qarşı çıxmaq oldu. Bunun üçün də, partiyasını təkrar ələ keçirtmək və onu öz taktikası istiqamətində inkişaf etdirmək üçün planlar qurdu.
Bolşeviklər aprelin 25-də (7 may) fəhlələrin ümumi tətilə çıxacaqlarını eşidən kimi məlumatlarını dərc etdilər. Halbuki bir gün əvvəl işdən imtina edən işçilərin sayı 200.000-nə çatmışdı. Bolşeviklər məlumat dərc etməkdə gecikmişdilər. Ancaq güclü taktikaları olduğu üçün özlərini elə göstərdilər ki, hadisələri sanki onlar sürükləyib aparırlar və ictimaiyyəti də buna inandıra bildilər. Peterqburqdakı bolşevklərin lideri Şlyapnikovdan tətil edən fəhlələr silah istədilər, amma o, fəhlələrin bu təklifini rədd etmişdi. Bununla da bolşeviklərin hadisələri ağırlaşdırmaq istəmədikləri anlaşılırdı.
Martın 3-də Müvəqqəti hökumət bəyannaməsini dərc etdiyi zaman, bolşeviklər bildirmişdilər ki, geniş xalq demokratiyasının mənfəətlərini qoruduğu müddətdə hökuməti müdafiə edəcəklər. Peterburqa gələn ilk bolşevik liderləri Kamenev ilə Stalin idi. Hər iki lider partiyalarının indiyə qədər tutduğu mülayim yolu daha da qüvvətləndirdilər. Kamenev “Pravda” qəzetində dərc etdirdiyi məqaləsində yazırdı ki, cəbhədəki mövqe dəyişmədən tutulmalıdır. Topa-topla, gülləyə-güllə ilə cavab verilməlidir. O, həmçinin fevral inqilabının hədəfinə vardığını, əsl məsələ despotik çar rejiminin devrilməsi olduğunu, əks təqdirdə kapitalizmin dağılmasından danışmağa belə dəymədiyini qeyd edirdi.
Stalin də bir bölgə toplantısında demişdi ki, Müvəqqəti hökumət inqilabçı xalqın əldə etdiklərini möhkəmlətmək rolunu üzərində götürmüşdür. Bizim indidən burjua təbəqəsinin ortadan təmizlənməsini tezləşdirməkdən başqa çarəmiz yoxdur. Hətta, bu zaman bolşeviklərin yenidən menşeviklərlə birləşməsi fikrini müdafiə etmişdi. Stalinin bu fikrinə qarşı çıxanlar da vardı. Fəqət bu fikir konfransda yenə də səs çoxluğu ilə təsdiq olunmuşdu. Beləliklə, Lenin inqilabın mərkəzi olan Peterburqda partiyasının bu görüşlərilə qarşılaşmışdı. Bu görüşlər klassik marksizm nəzəriyyəsinə uyğundu.
Lenin yoldaşları ilə ilk qarşılaşmasında bu hərəkətin “Sosializmin yox olması demək olduğunu”... söyləmişdi. Sonra Lenin demişdi: “Çar devrilmişdir, amma müharibə imperialist müharibəsi olaraq qalmaqdadır. İnqilab, millətlərarası müharibənin siniflərarası daxili müharibəyə çevrilməsinin başlanğıcıdır”. Buna görə kəndliləri təşkil etmək və tez bir vaxt ərzində milis təşkilatı qurmaq lazımdır. Müvəqqəti hökumət müdafiə olunmamalıdır. Lenin qəzetdə dərc olunmaq üçün “Aprel tezisləri” adlı bir sıra yazı vermişdi. Bu yazıların birincisində “Burjua inqilabı tamamlanmışdır, indi sosializm inqilabına keçmək lazımdır fikrini müdafiə edirdi. Qəzetin baş redaktoru Kamenev yazaraq bildirirdi ki, qəzet Leninlə həmfikir deyildir. Bolşevik Rıkov Leninin bu görüşlərinə etirazını bildirirdi: “Sosialist inqilabında təşəbbüsü ələ ala bilmərik. Bunun üçün hələ bizdə lazımi şərait yaranmamışdır. Bu işdə müəyyən obyektiv şərtlərə və gücə malik Qərb birinci addım atmalıdır”. Lenin isə onun bu fikrinə belə cavab verirdi: “Yoldaş Rıkov sosializmin çox inkişaf etmiş sənayeyə malik başqa ölkələrdən gəlməsini istəyir. Fəqət bu doğru deyildir. Kimin birinci başlayacağı, kimin birinci qurtaracağı məlum deyil. Buna marksizm deməzlər, marksizmin karikaturası deyərlər”. Əslində Rıkov marksizm nəzəriyyəsi baxımından haqlı idi. Ancaq Leninin də əlində oynayacağı bir çox kozırları vardı. O, rus burjuaziyasının siyasi yöndən çox zəif olduğunu bilirdi. Rus burjuaziyası çarın despot siyasətinin qarşısını heç bir vəchlə ala bilməmişdi. Həmin burjuaziya 1917-ci il fevral inqilabının önündə çaşbaş qalmışdı. Lenin bütün bunları yaxşı görürdü. Bundan başqa rus xalqı artıq müharibədən də təngə gəlmişdi. Bir tərəfdən də aclıq, səfalət hökm sürürdü. Xalq nəyin bahasına olursa-olsun sülh istəyirdi və əsgərlər də evlərinə dönməyi arzulayırdı. Cəbhədəki əsgərlərin 90%-i kəndlilərdən ibarət idi (bura zabitlər daxil deyil).
Fevral inqilabının burjua-liberal höküməti Lvov-Milyukov-Kerenskilər isə müharibənin davam etməsini və zəfərdən Rusiyanın payına düşəcək torpaq və təzminat payını almaq istəyirdilər. Bundan ötrü Qərb cəbhəsində hücuma hazırlıq görülür və boğazlara Qara dənizdən desant çıxarmaq üçün plan hazırlanırdı. Cəbhədəki əsgərlər evlərindən aldıqları məktubda atlarının, inəklərinin ordu üçün zəbt edildiyini, yeməyə çörəkləri və əkməyə toxumları olmadığını oxuyurdular. Fəhlə-əsgərlərin evlərindən aldıqları məktublar isə, bundan daha pis xəbərlər gətirdi.
Lenin müharibənin davam etdirilməsinə imperialist məqsədlər güdmək kimi baxırdı. Cəbhədə olan bolşeviklər vasitəsilə əsgərlər arasında təbliğat aparır və onları silahları yerə qoymağa təşviq edirdi. Lenin Rusiyada əsarətdə yaşayan millətlərin etimadını qazanmaq üçün “bu barışıq millətlərin öz müqəddəratını özlərinin həll etməsinə əsaslanmalıdır” prinsipini ortaya atdı. Özü isə Rusiyaya dönməzdən əvvəl fəhlə, kəndli və əsgər Sovetin “qeydsiz və şərtsiz sülh” prinsipindən istifadı etdi və ondan yapışdı.
3-4 aprel gecəsi hələ paytaxta ayaq basar-basmaz, Tavriya sarayına gələr-gəlməz 40-50-yə yaxın tanınmış bolşeviklərə müraciət etdi və söylədikləri “Pravda”nın yazdıqlarının tam əksi, kəskin, qəti və çox radikal simmervaldizmin inqilab nəzəriyyəsi idi. Bu danışıq bolşeviklərə də, menşeviklərə də bomba partlayışı təsiri bağışladı. Ən inadcıl və barışmaz bolşeviklər belə, liderlərinin bu fikirlərinə şərik olmurdular. Lenin İsveçrədən ayrılmazdan əvvəl İsveçrə sosialistlərinə göndərdiyi məktubda rus proletariatının yaxşı təşkil edilmədiyini və şüurlu olmadığını etiraf etmişdi. Lenin özünü inqilabın tam ortasında gördükdən sonra, barışmaz və ən sol sosialist üçün belə, çox radikal sayılan tezisləri irəli sürdü. Menşevikləri burjuaziyanın siyasətində oyuncaq olduqları üçün günahlandırdı. O qədər irəli getdi ki, hətta yoldaşları belə, deyinməyə başladılar. İlk gəlişində Tavriya sarayında çıxış etdiyi zaman onu şübhəylə, fəqət hörmətlə dinləyən yoldaşları, bu dəfə sözünü kəsməyə, hətta söyməyə başladılar. Ön cərgədə oturan baş katib Boqdanov hirslənərək Leninin üzünə “sərsəm danışıqları alqışlamaq olmaz” deyə qışqırdı. Menşevik Qoldenberq Leninə verdiyi cavabda Leninin tezislərinin əməlli-başlı anarxist baxışlar olduğunu söylədi və abrını aldı: “Sən, Avropada otuz ildir boş qalan bir taxta, Bakuninin taxtına namizədliyini verirsən”.
Plexanov nəşr etdirdiyi kiçik bir qəzetdə bu “sərsəm çıxışı” xeyli müddət araşdırdı. Bu tezislərin bolşevik partiyasına necə təsir etdiyini bilmək üçün aşağıda göstərilən fakt çox mənalıdır. Bolşevik partiyasının Peterburq komitəsində keçirilən toplantıda Leninin tezisləri iki lehinə, bir bitərəf qalan səsə qarşı 12 səslə rədd edilmişdi. Digər tərəfdən fevral inqilabı isə aylardan bəri rus toplumunun həllini gözlədiyi məsələlərin heç birinə cavab verməmişdi.
1917-ci İL FEVRAL İNQİLABI GÜNLƏRİNDƏ RUS XALQININ İNQİLABDAN UMDUĞU VƏ HƏLLİNİ GÖZLƏDİYİ MƏSƏLƏLƏR
1 – Rusiyanın ittifaq halında müharibəyə girdiyi Antanta dövlətlərilə olan münasibətləri, gizli müqavilələrin ləğvi və təkbaşına barış.
2 – Müəssislər məclisinin tezliklə toplanması.
3 – Torpaq islahatı problemi.
4 – İşçilərin fabriklər üzərində nəzarət məsələləri.
5 – Ölkənin hər yerində bərbad və dağınıq olan istehsalın yenidən təşkil edilməsi.
6 – Rus əsarətində olan millətlərin hüquqları, hürriyyətləri və əhalinin bir sıra başqa məsələləri...
Müvəqqəti hökumət və Sovetlər bu məsələlərin heç birini həll edə bilmədilər. Partiyalar bir-birlərilə çəkişir və tərəddüd edirdilər. Lenin “sülh, çörək və torpaq” şüarları ilə meydana atıldı. O, rus xalqının ehtiyac və psixologiyasını yaxşı qavramışdı.
Fevral inqilabının başladığı gündən qərarsızlıq hər tərəfdə baş alıb gedirdi. Müvəqqəti hökumətin görkəmli nümayəndələrindən tutmuş küçədəki polis məmuruna, vətəndaşa qədər bütün siniflərdən olan insanlar inqilabın gedişində müəyyən bir aydınlıq görmürdülər. İnqilab hara gedirdi? Bütün bu insanları hara aparırdı?.. Hər gün iki milyonluq paytaxtın küçələri üsyançılarla dolub boşalırdı. Bəzən bu üsyançıların sayı yarım milyona çatırdı. Bu üsyançılar arasında işçi və əsgərlərin çoxluq təşkil etdiyi diqqəti cəlb edirdi. Hərdənbir burjuaziyanın nümayəndələri də müharibənin davam etdirilməsi üçün nümayişə çıxırdılar.
İnqilabın iqtidarını ən azından yarı-yarıya əlində tutan kadet partiyasının orqanı “Reç” qəzeti may ayında “Rusiyanın bir yığın psixiatriya halına” gəldiyini yazırdı. Bütün bunlar burjuaziyanın acizliyini, Sovetlərin isə çəkingən olduğunu və tərəddüd etdiyini göstərirdi. Çörək norması adambaşına 250 qram miqdarında təyin edilmişdi. Bununla belə tapılmırdı. İnflyasiya baş alıb gedirdi. 1917-ci ilin yanvar ayında tədavüldə olan pul doqquz milyard manat olduğu halda oktyabr ayının əvvəllərində on doqquz milyarda yüksəlmişdi. Yenə də 1917-ci ilin ilk üç ayında orta əmək haqqı 19,3 olduğu halda, ikinci altı ay ərzində 13,8-ə düşmüşdü. Fabrik və zavodların qapılarını bağlayırdılar, İşsizlik artırdı. May ayında işsizlərin sayı 900-ə, iyunda 38.000-ə, bir aydan sonra isə 48.000-ə yüksəlmişdi. Bu hadisə kapitalistlərin belə bir böhranlı vəziyyətdə işçilərə qarşı lokaut yolunu tutması deməkdir. Bu zaman kapitalistlərlə işçilər arasındakı münasibət çox gərginləşdi. Sovetlər işçiləri müdafiə etdilər. İşçilər zavodları müsadirə etməyə və kapitalistləri həbsə almağa başladılar. Fabrik sahibləri deyirdilər ki, müharibədən və bizim əməyimizdən faydalanıb ciblərinizi doldurursunuz. Əmək naziri menşevik Skobelev də işçilərə haqq qazandırırdı.
Əsrlərdən bəri davam edən torpaq problemi də kəndli üçün bir aydınlığa qovuşmamışdı. Bu barədə də çoxlu söhbətlər olur və ən nəhayət, məsələnin həlli hələ ortada olmayan Müəssislər məclisinin üzərinə atılırdı. Əsrlər boyu rus kəndlisi verilən vədlərdən artıq bezmişdi. Fəhlələr zavodlara sahib olurlarsa, nə üçün kəndlilər torpağa sahib olmasınlar?.. Bu səbəbdən rus kəndlərində anarxist hərəkətlər yayılmağa başladı. Mart ayının axırlarında 34 torpaq zonasında üsyanlar başlamışdı. Apreldə üsyanların sayı 174, mayda 236, iyunda isə 280- çatmışdı. Bu, bir başlanğıcdı. Rəsmi dairələr bu dövrdə kəndlilərin 930 yerdə mülklərə sahib olduqlarını bildirirdilər. Fevral inqilabı ilə Oktyabr inqilabı arasındakı zaman ərzində kəndlilərin 350 malikanəni talan etdikləri anlaşılırdı. Cəbhədən qaçan əsgərlər kəndlilərə qoşulduqdan sonra anarxist hadisələr daha da qorxunc olurdu. Çünki bu əsgərlər Rusiyanın xarici düşmənlərindən çox daxildə olan düşmənlərilə hesablaşmağa daha həvəsli görünürdülər. Ancaq bu kənd anarxiyası torpaq məsələsini həll edə bilməzdi. Əksinə, kəndliləri daha intizamsız bir vəziyyətə sürükləyirdi. Çünki, kəndlilər zadəganların malikanələrini yandırarkən onun istehsal alətlərini də sındırırdılar. Beləliklə də torpaq əkilmədən boş qalırdı. Bununla belə, zadəganlarla kəndlilər arasında münaqişə davam edirdi.
İYUL YÜRÜŞÜ
Aylardan bəri yığılmış problemlər artıq xalqın dolmuş səbr kasasını daha da daşdırdı. Anarxistlər iyulun 3-də yaranmış vəziyyətdən istifadə edərək çalışırdılar ki, on minlərlə əsgəri ayağa qaldırsınlar. Bolşeviklər isə vəziyyəti idarə etməyə çalışırdılar. Hazır planları və qərarları yox idi. Əslində vəziyyət üsyan etmək və hakimiyyəti devirmək üçün tam bolşeviklərin istədikləri şərait halını almışdı. Fəqət bolşeviklərin də hadisələrin gözlənilməz bir şəkildə baş verəcəyini bilmədikləri üçün hazırlanmış hər hansı bir taktiki planları yox idi. Artıq ox öz yayından çıxmışdı... Xalq kütlələri Müvəqqəti hökumətlə Sovetlərdə çoxluq təşkil etdiyi mülayim sosialistlərin xalqın heç bir problemini həll edə bilməyəcəyindən çox narahat olmuşdular. Kronştadın 20.000 əsgəri paytaxtın mərkəzinə doğru irəliləməyə başladı. İşçilər də silahlanaraq onlara qoşuldular. Şəhər yüz mindən çox üsyançı ilə dolmuşdu. Bolşeviklərin Kçezinska qərargahı və Sovetlərin olduğu Tavriya sarayı əsgər və işçilər tərəfindən mühasirəyə alınmışdı. Sovetdə menşevik Çxeidzenin rəhbərliyi altında gecə və gündüz toplantı davam edirdi. Bu toplantı heç bir qərara varmayan boş-boğazlıqdan başqa bir şey deyildi. Xalq kütləsi onlardan sülh, torpaq, çörək haqqında qərar gözləyirdi. Xalq, “rədd olsun müharibə”, “rədd olsun Müvəqqəti hökumət”, “rədd olsun kapitalist nazirlər”, “Müəssislər məclisini gözləyə bilmərik” sözləri yazılmış şüarlarla küçələrdə gəzişirdi. Sovetlərdən bir nümayəndə çıxıb desəydi ki, sülhə qərar verildi və torpaq paylanacaq o zaman kütlə dağılıb gedəcəkdi. Nəhəng Sovetlərin içindən uzaqgörən bir lider yetişməmişdi. Gələcəkdə bu lider Lenin olacaqdı...
İyulun 3-4-də gecə paytaxt başsız xalq kütləsinin əlində idi. Kütləni öz arxasınca apara biləcək heç olmasa vədlər verən hər hansı bir partiya o günlərdə hakimiyyəti ələ keçirə bilərdi. Hadisələr bolşeviklərin taktikasından daha da irəli getmişdi. Bununla belə istər-istəməz kütləni müdafiə etməyə başladılar. Xalq kütləsi artıq yorulmuşdu, bir tərəfdən də şiddətli yağan yağış üzündən dağılışmağa başladı.
Birdən menşeviklərin lideri Dan kürsüyə çıxaraq dedi: “Yoldaşlar, heç həyəcanlanmayın, bizə sadiq olan alaylar Mərkəzi İcra Komitəsini qorumağa gəldilər”. Bu anda mülayim sosialistlər yumruqlarını sıxaraq ifrat sollar tərəfdə oturanlara baxdılar. Bolşevik liderlərinin hökumət birlikləri tərəfindən həbs olunduqları və “Pravda” redaksiyasının, yazı işlərinin yerləşdiyi yerin talan olunduğu və dağıldığı söylənildi. Gecə yarısına qədər Leninin almanların cəsusu olduğu və iç üzü bilindiyi ağızdan-ağıza dolaşdı. Qarnizonlara çatdırılan bu xəbər o dəqiqə hadisənin tərsinə dönməsini təmin etdi. Bu dəfə də sağ qanad hücuma keçmişdi. Lenin ilə bolşevik rəhbərlərinin tutulmasına qərar verilmişdi. Bolşeviklər üçün tam böhranlı bir zamanda Trotski dörd min tərəfdarı ilə birlikdə bolşevik partiyasına daxil olmuşdu. Lenin bir müddət gedib polisə təslim olmağı düşündü. Trotskiyə dedi ki, hamımızı güllələmək üçün tam bu zamanı seçdilər. Yoldaşları onu polisə təslim olmaq fikrindən yayındırdılar. Bir neçə gün Peterburqun ətrafında, fəhlələrin yanında gizləndikdən sonra lokomotiv ocaqçısı qiyafəsində Finlandiyaya qaçdı. Bolşevik partiyası ağır zərbə almışdı, ancaq dağılmamışdı. Sağ qanad şiddətli hücumlarını davam etdirir, fəhlələr və əsgərlər arasında onların ən yaralı yerləri olan Leninin “alman cəsusu” olduğu barədə məlumat yayırdılar. Bu təbliğat daha çox iyulun 3-4-də olan nümayişdə bolşevikləri müdafiə edən fəhlə qruplarında və hərbi birliklərdə təsirli olurdu.
Bu zaman menşevik partiyasının da mərkəzi talan edilir və dağıdılırdı. Kerenski getdikcə sərtləşir və sağlara meyl edirdi. Teatrda çarın lojasında oturur, çarın sarayında yaşayır və yatağında yatırdı. İnqilabın əvvəlindəki mülayimliyindən əl çəkmişdi. Getdikcə zahiri görünüşündə dəyişiklik əmələ gəlmişdi. Sağlar Kerenskini bu hərəkətinə görə alqışlayır, “Allah onu hifz etsin” deyirdilər. İngilis səfirilə danışıq zamanı demişdi ki, “görəcəksiniz Sovetlər öz əcəllərilə öləcəklər”. Çar II Nikolay gündəliyində: “Bu adam əsl yerini tapdı... hakimiyyəti nə qədər çox artarsa, bir o qədər yaxşı olacaq” – deyə qeyd etmişdi.
Bu zaman kabinet istefa vermiş, Lvov baş nazirlikdən getmişdi. Kerenski baş nazir olmuşdu. Ancaq müdafiə nazirliyini də öz əlində saxlamışdı. Sovet hökumətin dəyişməsini iyulun 25-də 42 bitərəf, 46 müxalifətə qarşı 147 səslə təsdiq etmişdi.
Kerenski paytaxtda olan 90.000 əsgəri cəbhəyə göndərmişdi. Bir çox zavodların paytaxtdan əyalətlərə daşınmasını həyata keçirmək üçün uzaqgörən qərar hazırlamaq niyyətində idi. Çoxdan bəri mübahisəli mövzu olan və cəbhədə əsgərlərə qarşı ölüm cəzası hökmü tətbiq edilməsi üçün qərar çıxarılmışdı. Köhnə Duma yenidən dirçəlmiş, toplantılar təşkil edilir və nümayəndələrindən bəziləri Sovet İcra Komitəsini inqilabı əlinə keçirərək normal yolundan döndərməsinə görə günahlandırırdı. Bu vəziyyətdən cəsarətlənən Dumanın sədri Rodziyenko Moskvada dövlət konfransında söylədiyi nitqdə Rusiya xalqının tək və tam təmsilçisinin Duma olduğunu iddia etmişdi. Tarix və zaman sağların nə qədər böyük bir yanlış qiymət verdiklərini göstərəcəkdi.
3-4 iyul məğlubiyyətindən sonra Lenin Finlandiyaya qaçaraq qeyri-leqal şəraitdə fəaliyyət göstərən partiyasını oradan idarə edərkən partiyanın liderlərinə yazırdı ki, bu inqilabın sonu ya hərbi diktarorluğa və ya daxili müharibəyə aparacaq. Bunun üçün təşkil olunmağa keçmək lazımdır direktivini verirdi.
Həftələr keçir, hələ də inqilabın qoyduğu məsələlər öz həllini tapmırdı. Moskva Dövlət konfransı boşboğazlıqdan irəli gedə bilməmiş, aslan ürəkli, quşbeyin general Kornilovun dövlət çevrilişi müvəffəqiyyət qazanmamışdı. Payız yaxınlaşırdı. Moskvada çörək normasının qramı 100-ə endirilmişdi. Bəzən bir həftə çörək verilməyəcəyi də elan edilirdi. Qış bu ac və bədbəxt xalqın üzərinə qılınc kimi yaxınlaşırdı. Xalq paytaxtda Soveti ləğv etmiş, onun yerinə inqilabçılardan ibarət yeni bir “Müvəqqəti İnqilab Komitəsi” yaratmışdı. Zaman Leninin qeyri-leqal bolşevik təşkilatından daha yaxşı bir şəkildə bolşeviklərin xeyrinə çalışırdı. Bolşevik cəsusları da mümkün olan yerdə şayiələr yayırdılar.
Mülayim sosialistlərin quru sözləri artıq heç bir təsir yaratmırdı. Ərzaq vaqonları qarət edilir, malikanələr yandırılırdı. Sentyabrın 22-də Xarkovda “aclıq yürüşü” olmuş, üsyançılar həbsxanalara hücum edərək bütün dustaqları azad etmişdilər. Kabinetdə olan inqilabçı nazirlər xalqın problemlərini həll etmək əvəzinə cəza üsulları və tədbirləri düşünürdülər. Xalq artıq başa düşmüşdü ki, bu rejim heç də çar rejimindən fərqli olmayacaq. Kabinetin naziri Kerenskinin partiyasının orqanı olan qəzet yazırdı ki: “Kəndlərdə hələ də hökm sürən köləlik rejimini aradan qaldırmaq üçün heç bir plan düşünülməmişdi”. Leninin alman cəsusu olması təbliğatı artıq unudulmuşdu.
Kənd mitinqlərində bolşeviklərin ifratçılığından danışan natiqə xalq “bəsdi daha, bizi aldatma, hanı torpaq? Düş aşağı, bolşevik gəlsin artıq...” deyə söyləyib onu susdururdu. 624 idari ərazidə kəndlilər qarətçiliklə məşğul olurdular. Qarətçilik daha çox Sibirdə baş verirdi. Cəbhənin vəziyyəti də bərbad halda idi. Təchizat, ərzaq, geyəcək kifayət qədər deyildi. Hərbi nazir, biz artıq vuruşa bilmirik, müttəfiqlərlə razılıq əldə edib təkbaşına sülh imzalamaqdan başqa bir çarəmiz yoxdur, dediyi üçün nazirdən istefa verməsini tələb etmişdilər. Cəbhədəkilərin vuruşmağa gücləri olmadığı kimi, həvəsləri də yox idi...
Inqilabın çox əhəmiyyətli problemlərindən biri də rus imperiyası daxilində yaşayan haqsız, hüquqsuz əsir millətlər problemi idi. Digər əhəmiyyətli məsələlərdə olduğu kimi, bu məsələyə də inqilab heç bir ümidli işıq tutmamışdı. Əsarət altında, istibdad rejimində yaşayan başda Ukrayna olmaqla, Belorusiya, Qafqaz çərkəzləri, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkistan, Tatarıstan, Başqırdıstan və bir çox millətlərin sayı o zaman 90.000.000 çatırdı. Hamısı da inqilabdan azadlıqlarının, müstəqilliklərinin həllini gözləyirdilər. Bunun müqabilində böyük rus xalqının sayı 70.000.000 idi. Kerenski yüksək dühasilə (?) çoxluq təşkil edən millətlərin ərazisində rus ordusunun əhəmiyyətli hissəsini yerləşdirmişdi ki, onlar öz azadlıqları və müstəqillikləri uğrunda mübarizə apara bilməsinlər. Onları cəbhəyə və ya ifrat solların hərəkatını yatırtmaq üçün mərkəzi Rusiyaya aparmırdı. Bolşevik inqilabının yatırılmamasında bu hadisənin də səbəblər arasında olduğunu yazırlar (Prof. S.Prokopoviç. Ob ekonomiçeskix osnovax natsionalnoqo voprosa. Praqa, 1927-ci il).
Sentyabr ayından başlayaraq bolşeviklər bir neçə şəhərdə xüsusilə Peterburq və Moskva Sovetində çoxluq əldə etmişdilər. Bu tarixdən etibarən Sovet və Müvəqqəti hökumət arasında münaqişə daha da çoxaldı. İnqilabın başlanğıcında “Fəhlə, Kəndli və Əsgərlər Soveti” yarananda ona xalqın və inqilabın problemlərini həll edəcək deyə çox böyük ümid bağlanmışdı. Buna baxmayaraq Sovet, mülayim sosialistlərin sayəsində bacarıqsızlığı üzündən getdikcə sağlara doğru meyl etmişdi. Buna görə xalq Sovetlərdən ümidini üzmüş və əks tədbir Böyük İyul üsyanını həyata keçirmişdi. Bu tarixdən sonra mülayim sosialistlər Sovetin gərəksiz bir şura olduğunu söyləməyə başlamışdılar. Bütün bunlar, inqilabi gedişin mülayim sosialistlərin əlindən çıxdığını və hadisələrə bolşeviklərin hakim olduğunu göstərirdi. Sovetlərin nüfuzunu və funksiyasını itirməsi Rusiya üçün yeni və çətin problemlər meydana gətirəcəkdi. Fəqət bunu heç kim görmürdü...
Mülayim sosialistlər bu vəziyyətin qarşısında aciz qalmışdılar. Bununla birlikdə bolşeviklərə əhəmiyyət vermirdilər. İki gün sonra inqilab baş verir və sovet rejimi meydana gəlirdi.
BOLŞEVİKLƏRİN HAKİMİYYƏTƏ GƏLMƏSİ VƏ ÇEVRİLİŞ
Böyük iyul üsyanından sonra bolşeviklər sanki meydandan yox olmuşdular. Müvəqqəti hökumət Sovetin sağ sosialistlərinin tarixi axmaqlıqları üzündən üç ay ərzində, öncə böyük xalq kütlələrini sonra hakimiyyəti əllərinə keçirməyə çalışırdılar. Peterburqdakı zavodların, fəhlələrin 90%-i bolşeviklərin əlində idi. Ordu və kəndlilərin arasında da onların təsirləri böyük idi. Xalq kütləsi boşboğazlardan üz çevirmiş, hər cür problemlərinin həllində və sosial ehtiyaclarının həyata keçirilməsində daima onlarla bərabər olan bolşeviklərin ardınca keçirdilər. Avqust ayında Peterburq bələdiyyəsinə keçirilən seçkilərdə bolşeviklər 200.000 səs almışdılar. Bu, bütün səsin üçdə biri deməkdi.
Menşeviklər bu seçkilərdə 5% səs qazanaraq pərişan olmuşdular. Kadetlər ayaqda dura bilmişdilər. Eserlər əvvəlki seçkiyə nisbətən az miqdarda səs itirsələr də yenə 37% səs qazana bilmişdilər. Bir ay sonra Moskva bələdiyyəsinə keçirilən seçkilərdə 51% səs almış və böyük qələbə qazanmışdılar. Əyalətlərdə də vəziyyət eynilə belə idi. Bu zaman bolşeviklərin özlərinin də gözləmədikləri inkişaf baş verdi. Müvəqqəti hökumətə sadiq olan beşinci ordu çoxusu bolşeviklərdən ibarət olan hərbi komitə qurdu. Topçu qüvvələri də ordunun ardınca getdi.
Baltik dənizçiləri arasında da vəziyyət belə idi. Dənizçilər toplantı keçirərək Müvəqqəti hökumətin baş nazirinə teleqram göndərmişdilər. Teleqramda deyilirdi: “İnqilaba xəyanət etdiyinə görə, Napaleon Kerenski sənə lənətlərimizi bildiririk”.
Avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Sovetdə hakimiyyətin fəhlələrə verilməsi gündəliyə salındı, uzun çəkən mübahisələrdən sonra səsvermə başlandı. Bolşeviklər çoxluq əldə etdilər. Mülayim sosialistlər çaşbaş qalmışdılar. Böyük iyul üsyanı zamanı həbs olunan bolşeviklər hələ azadlığa buraxılmamışdılar. Ancaq Trotski bir neçə gün əvvəl zəmanətlə azad olunmuşdu. Trotski Sovetin toplantısına gələn kimi “Kerenski hələ də Sovetin üzvüdürmü?” – deyə soruşdu. “Bəli” – dedilər. Mübahisə zamanı Kerenskinin üzvü olduğu Sovet icra komitəsinə etimad məsələsi ortaya atıldı. Səsvermə başlandı. 67 bitərəf, 417 lehinə, 519 əleyhinə səslə bolşeviklər qazandılar.
Artıq meydanda Sovet icra komitəsi deyilən bir şey qalmamışdı. Bu münasibətlə menşevik Sereteli kürsüyə çıxdı və dedi ki: “Altı aydan bəri inqilabın bayrağını şərəflə yüksəklərə qaldırdıq. Bu bayrağı sizin bu zamanın yarısı qədər əlinizdə tutmanızı arzu edirik”. Sentyabrın 5-də Müvəqqəti hökumətə 254-ə qarşı 335 səslə inamsızlıq səsi verilincə Moskva Soveti bolşeviklərin əlinə keçdi. Böyük sənaye şəhərləri də bu yolu tutmuşdular.
Tarix Müvəqqəti hökumətə və Sovetin çoxusunu əlində tutan mülayim sosialistlərə rus inqilabı içində bolşevizmi boğmaq üçün Böyük iyul üsyanından sonra yaxşı və ələdüşməz fürsət vermişdi. Onlar “torpaq kəndlinin”, “zavod fəhlənin”, “cəbhədə sülh” şüarları ilə ortaya çıxsaydılar və cəsarətlə, səmimiyyətlə söyləsəydilər, bolşeviklərin işi bitmişdi. Onlar barışıq üçün imperialist müttəfiqlərindən izn istədilər, amma ala bilmədilər. Torpaq və işçi məsələləri həll olunmamış qaldı, bu səhlənkarlıqlarının və fərasətsizliklərinin cəzasını çəkəcəkdilər və çəkdilər də...
Bu zaman mülayim sosialistlər böyük və tarixi xəta etdilər. İnqilabi İcra Komitəsinin yaradılmasını istədilər. Bolşeviklər bu fürsətdən bacarıqla istifadə etdilər, təklif səsə qoyuldu və bolşeviklər qazandılar. Peterburq Soveti inqilab hərbi komitəsi beləliklə, bolşeviklərin əlinə keçərək yaradılmış oldu və inqilabın həyata keçirilməsində başlıca rol oynadı.
Trotski komitəyə, eyni zamanda da Sovetə rəhbərlik edirdi. Köməkçiləri, sədrin müavini Podvoyski, katib Antonov-Ovseyenko, Laşeviç, eserlərdən Lazimir, Sedovski, Mexonoşin idi. Beləliklə, Lenin inqilabın nəzəriyyəsini Simmervalddan gətirərək, çox çətin inandırıcı yazılardan və danışıqlardan sonra, işçi, əsgər, kəndli liderlərindən ibarət qüvvətli kadrlar hazırlamışdı. Hal-hazırda inqilabın qurucusu, başda Trotski, sonra da “İnqilab hərbi komitəsi” olacaqdı.
Hər şey qan tökmədən və daxildən hazırlanmış, hərbi birliklər əldə edilmiş, vağzallar, elektrik stansiyaları, poçt, bir çox cəmiyyətlər, quruluşlar 24-25 oktyabr gününün gecəsi bolşeviklərin nəzarəti altına keçmişdi. Lenin Smolnı sarayında qrimlənmiş halda çox hirsli vəziyyətdə gözləyirdi. Lenin, hərdən bir mərkəzə gələnlərdən və İnqilab hərbi komitəsinin ikinci sədrindən soruşurdu: “Nə oldu, Qış sarayı təslim alındımı?” Podvoyskidən “xeyr” cavabını alınca qışqırır və “səni güllələmək lazımdır” deyə hirslənirdi. Ən nəhayət, Qış sarayı alınmış, zalım, despot və qanlı çarın əlindən çıxmış Qış sarayı milyonlarla məzlum, günahsız insanların qanına əllərini bulaşdıracaq rus Bolşevik Kommunist Partiyasının idarəsinə keçmişdi. Qış sarayının alınmasında beş nəfər qırmızı əsgər itki verilmişdi.
Bu böyük tarixi hadisə çarı devirən fevral inqilabındakı gurultu və axan qan qədər qurban vermədən, hətta Böyük iyul üsyanı kimi heç bir nümayiş olmadan əldə edilmişdi. Bolşeviklər bütün partiyalara və hamıya söz vermişdilər. Heç bir inqilab edilməyəcək, inqilabı qoruyacaqdılar, çünki... (?)
Qış sarayı alındıqdan sonra Müvəqqəti hökumətin üzvləri həbs olunaraq Petropavlovsk qalasına salınmışdılar. Kerenski qaçaraq cəbhəyə getmişdi. Guya cəbhədən paytaxta hərbi birlikləri gətirəcək və bolşevikləri əzəcəkdi. Bunların heç biri baş tutmadı.
Oktyabrın 26-sı axşam fəhlə və kəndli hökuməti quruldu. Lenin və yoldaşları Sovetlər qurultayı qarşısına etimad səsi almaqçün çıxdıqları zaman göy gurultusunu andıran alqışlar altında salona girdilər. Leninin parikini çıxarmasından və qrimini silməsindən hələ 24 saat keçməmişdi. O: “İndi də sosialist rejimi qurmaq işinə keçirik”[22] – deyə sözə başladı və inqilabdan, beynəlxalq vəziyyətdən danışdı. Lenin baş nazir, Trotski xarici işlər komissarı, Menjinski maliyyə, Stalin azlıqda olan millətlərin xalq komissarları olmuşdular. Digər başqa komissarlıqlar da belə bölüşdürülmüşdü.
Oktyabrın 26-dan 27-nə keçən gecə keçirilən toplantıda torpağın sahiblərindən əvəzsiz alınaraq kəndlilər arasında bölüşdürülməsinə və sülhə qərar verilirdi.
Əsgərlər arasında “müharibə bitdi” – deyə hıçqıra-hıçqıra ağlayaraq bir-birlərinə sarıldıqlarını, kəndlilərin qucaqlaşaraq “torpaq sahibi olduq” deyənlərin çox olduğunu görənlər olmuşdu. Tarix nə rus əsgərlərinin sülhə, nə də rus kəndlisinin torpağa əsla qovuşmayacağını göstərəcəkdir. Bu tarixdən sonra Lenini sülh üçün hakimiyyətə gətirən rus əsgərlərini daxili müharibəyə hələ üç il yenə ac və pərişan, ayaqyalın, lüləsi qırılmış tüfənglərlə öz qardaşları olan kazakları, menşevikləri və eserləri müdafiə edən rus xalqı ilə üz-üzə, qarşı-qarşıya müharibə aparacağı görünəcəkdir. Rus kəndlisinin taleyi torpağa qovuşmaq olmayıb çar-təhkimçi rejiminin aradan qalxaraq bolşevik, kommunist köləlik rejiminin qurulması və yenə gözlədikləri torpağa qovuşa bilməmələri olacaqdır.
Avstriya və almanlara qarşı vuruşan Qərb cəbhəsindəki rus ordusu zəifləmişdi. Alman orduları durmadan irəliləyirdi. Xalq xarici işlər komissarı Trotski Leninin sülh tələbini yerinə yetirmək üçün Brest-Litovskdə Almaniya, Avstriya və Türkiyə nümayəndələrilə görüşdü. Fevralda başlayan bu görüşdə Trotski almanların irəli sürdükləri şərtlərin ağır olduğunu görərək, sülh danışıqlarını yarımçıq kəsdi və Peterburqa döndü. Buna görə də alman orduları daha sürətlə irəiləməyə başladılar.
Bolşevik partiyasının Mərkəzi Komitəsi və eserlər belə ağır şərtlərlə sülh müqaviləsi istəmirdilər. İnqilabçı hakimiyyət kimi almanlarla vuruşmaq lazım gələcək deyirdilər. Lenin deyirdi ki, barışıq imzalanmasa almanlar sovet rejimini devirməyə çalışacaqlar və nəyin bahasına olursa-olsun sülhün imzalanması fikrini müdafiə edirdi.
Ancaq Mərkəzi Komitədə aparılan bütün səsvermənin nəticəsinə görə azlıqda qalırdı. Ən nəhayət, yoldaşlarını istefa qorxusu ilə və Trotskini inandıraraq Mərkəzi Komitədə bir bitərəfə qarşı yeddi səslə barışıq qərarını aldı və qərar Sovetlər Pan-rus Konqresində 84-ə qarşı 116 səslə təsdiq olundu. Fevralın 19-da ruslar barışıq imzalamağa hazır olduqlarını almanlara bildirdilər.
Bu dəfə almanlar ilk sülh görüşlərinin kəsilməsini bəhanə edərək sülh şərtlərini daha çətinləşdirdilər. Rusiya Baltik ölkələrini, Ağ Rusiyanın bir hissəsini, Latviyadakı Kurzəmə zonasını, Ukraynanı itirir, Qarsı, Ərdahanı və Batumini Türkiyəyə vermək məcburiyyətində qalır. Bu itkilər o zamankı Rusiya əhalisinin 34%-ni və torpağın 32%-ni təşkil edirdi. Lenin buna “vaxt qazanmaq üçün ərazinin bir qismini itirirəm” deyirdi. Bu sülh müqaviləsi Sovetlər qurultayında 261-ə qarşı 784 səslə təsdiq olundu. Lenin vaxt qazandığı üçün məmnundu. Vaxtilə alman baş qərargahının Leninə şəxsi qatar hazırlayaraq məşhur daxili savaş nəzəriyyəsini tətbiq etmək üçün İsveçrədən İsveçə, oradan da Rusiyaya getməsinə izn verməsi hədər getməmişdi.
Hal-hazırda Müəssislər məclisi məsələsi günün vacib problemi olmuşdu. Bolşeviklər Müvəqqəti hökuməti Müəssislər məclisinə keçirilən seçkiləri gecikdirdikləri üçün günahlandırırdılar. Hakimiyyətə gəldikdən sonra Sovetləri daha səlahiyyətli vəziyyətə gətirmək üçün “ipə un sərir” və heç cür Müəssislər məclisi seçkisinə getmək istəmirdilər. Müəssislər məclisinə keçirilən seçkilərin nəticəsindən çox şübhələnirdilər. Nəticədə bolşeviklər haqlı olacaqdı, amma onlar bu işin də içindən bolşevik kimi çıxmalarına nail olacaqdılar. Nəhayət, Müəssislər məclisinə seçkilər keçirildi. Nəticə bolşeviklər üçün qorxunc idi.
1. |
Eser partiyası |
20.900.000 səs 58% |
2. |
Bolşeviklər |
9.000.000 --,,-- 25% |
3. |
Burjua partiyaları (kadetlər) və başqa partiyalar |
4.600.000 --,,-- 13% |
4. |
Menşeviklər |
1.700.000 --,,-- 4% |
Yuxarıdakı tablo bolşevik inqilabı nəticəsində paytaxtdan qaçan Kerenskinin eser partiyasının böyük çoxluq əldə etməsini göstərir. Ancaq işin içində diqqəti cəlb edən bir hadisə vardı... Hal-hazırda Peterburq və Moskvada bolşeviklər 837.000, kadetlər 515.000, eserlər 218.000 səs almışdılar. Yuxarıdakı tabloya görə Ümumrusiya ərazisində Müəssislər məclisinə seçilən 707 millət vəkilindən eserlər 410, bolşeviklər 175, kadetlər 17, menşeviklər 16, azlıqda olan millətlər (türklər, ukraynalılar, gürcülər, azərbaycanlılar və başqaları) 86 yer əldə etmişdilər.
Müəssislər məclisi millət vəkillərindən 400-ü paytaxta gələn kimi Sovet hökuməti Müəssislər məclisinin açılacağını elan etdi. Bu zaman eserlər Müəssislər məclisində çoxluq təşkil etdikləri üçün cəsarətlənərək: “Rus xalqı ölkəsinin taleyini bolşeviklərə etibar etməyəcəkdir” şəklində nikbinliyə qapıldılar. Həmin partiyanın hərbi komandasının rəhbəri məşhur terrorist Savinkov Lenin və Trotskini qaçırtmaq qçqn planlar hazırlamağa başladı. Lenini öldürmək kimi başarıqsız təşəbbüs göstərildi. Bütün bunlar heç bir nəticə vermədi. Peterburqda və Moskvada bütün strateji zonalar və mövqelər bolşeviklərin qüvvətli milis təşkilatının əlində cəmləşmişdi. Sülh müqaviləsinin imzalanmasına görə paytaxtda və cəbhədə olan hərbi birliklərin çoxu bolşeviklərin əlində idi.
Eserlərə səslərin çoxunu onların tərəfini saxlayan kəndlilər verirdi. Cəbhədə olan əsgərlər də eserlərə səs verirdilər. Bu əsgərlər artıq silahlarından eserləri hakimiyyətə gətirmək üçün istifadə etməyəcəkdi...
Yanvarın 18-də Peterburqda Müəssislər məclisi toplandı. Sədrliyə iki nümayəndə vardı. Biri eser Çernov, o biri bolşeviklərin müdafiə etdikləri sol qanad eserlərdən Mariya Spiridonova idi. Çernov 153-ə qarşı 244 səslə sədr seçildi. Bütün günü gedən uzun müzakirələrdən sonra Müəssislər məclisinin bolşeviklərə qarşı olduğu anlaşıldı. Bu zaman bir dənizçi sədrə yaxınlaşaraq: “Qvardiyaçılar çox yorğundurlar, iclası qurtarsanız yaxşı olardı”, - dedi. Iclas bir neçə saatdan sonra yenidən başlamalı idi. Yanvarın 19-da səhər Sovet (Ümumrusiya – Red.) Mərkəzi İcraiyyə Komitəsi Müəssislər məclisinin iclasını başqa günə keçirmək və varlığına son verən qərarnamə dərc etdi. Beləliklə, Rusiya tarixində parlament idarə sistemi meydana gəlmədən tarixə qarışaraq yox oldu...
AZƏRBAYCAN İSTİQLAL MÜBARİZƏSİNİN SİLAHLI DÖYÜŞƏ ÇEVRİLMƏSİ
Bolşeviklər hakimiyyətə gəldikdən sonra Azərbaycanda istiqlal mübarizəsi başlayır. Bakıda Azərbaycan milli mübarizəsinə rəhbərlik edən bir neçə cəmiyyət fəaliyyət göstərirdi və bu cəmiyyətlər Milli Komitədə birləşdilər. Seçkilərdə bütün Azərbaycan seçki dairələrindən və Bakı fəhlə dairəsindən 75% səs alan “Müsavat” partiyası ilə Ə.M.Topçubaşovun, Fətəli xan Xoyskinin “Bitərəf qrupu” Milli Komitədə çoxluq təşkil etməklə yanaşı Qafqaz miqyasında Azərbaycan xalqını və siyasətini layiqincə təmsil edirdi.
Moskvadan xüsusi tapşırıq alan Şaumyanın və yoldaşlarının əsas məqsədləri Milli Komitəyə bel bağlayan Azərbaycan xalqının ümidlərini qırmaq idi. Onlar iyrənc məqsədlərini həyata keçirmək üçün 1918-ci il martın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində Bakıda türk xalqına qarşı qırğın törətdilər ki, bu da on minlərlə insanın ölümü ilə nəticələndi. Şaumyanın partizan dəstəsi erməni Lalayevin rəhbərliyi altında Şamaxıda, Göyçayda, Ağdaşda, Qubada və başqa yerlərdə də vəhşicəsinə qırğınlar törədirdi. Məqsədləri Gəncəni almaq, azəri xalqını tamamilə qırmaq və beləliklə də Azərbaycan istiqlal mübarizəsini darmadağın etmək idi. Lalayevin ermənilərdən ibarət partizan dəstəsi bolşevik qüvvələri ilə birləşərək Gəncəyə doğru irəliləyirdi.
Artıq Bakıda Azərbaycan istiqlalı uğrunda mübarizə başlamışdı. Lakin Milli Komitə Bakıda erməni və bolşevik qüvvələri ilə gedən döyüşlərdə çoxlu itkilər vermişdi. Azərbaycanın ikinci paytaxtı sayılan Gəncədə də Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında bir Milli Komitə vardı. Bu Milli Komitə bütün maneələri dəf edərək istiqlal mübarizəsini davam etdirirdi.
Dağılan çar ordusunun Azərbaycanda yerləşən “Dikaya diviziya”sından yalnız Azərbaycan süvari alayı qalmışdı. Jandarm vəzifəsini yerinə yetirən bu süvari alayı təəssüf ki, qabilliyyətli və intizamlı deyildi. Ordu yaratmaq üçün zabit, serjant və başqa mütəxəssislər çatışmırdı. Qafqazda olan fransız, ingilis missiyası (ikinci dərəcəli diplomatik nümayəndəlik – tər.) rus ordusundan tərxis olunmuş əsgərləri, erməni və gürcülərdən ibarət silahlı dəstələri qüvvətləndirərək Osmanlı ordusuna qarşı döyüşə hazırlayırdı. Bu məqsədlə xüsusi Azəri korpusu yaratmaq Zaqafqaziya Seyminə təklif olunur. Seym bu təklifi rədd etmir, amma korpusun yaradılması üçün heç bir səy göstərmir, hətta ona yardım belə etmir. İngilis və fransız missiyası türk ordusu Qafqaza gəldiyi zaman belə, Azər xalqına silah verməyir, çünki açıq-açığa Azər xalqına inanmırdı. Fransız rabitə xidməti zabiti, polkovnik Şardinyi Tiflisdə yaşayır və erməni, gürcü korpusunun təşkili ilə məşğul olurdu.
Şərq cəbhəsindən tərxis olunan rus əsgərləri İrəvan, Tiflis, Gəncə və Bakıdan keçərək dəmir yolu ilə Rusiyaya qayıdırdılar. Bu qatarlar Şimali Qafqazdan keçərkən inquş və çərkəzlər qatarların qarşısını kəsir, rus əsgərlərini tərksilah edirdilər. Gəncədə yerləşən Azərbaycan Milli Komitəsi də bu üsuldan istifadə etmək qərarına gəldi, çünki başqa cür silah əldə etmək mümkün deyildi. Ancaq bu tədbiri həyata keçirmək üçün əlverişli yollar axtarmaq lazım idi.
Bu işi Gəncə yaxınlığındakı Şəmkir stansiyasında həyata keçirmək planlaşdırıldı. Qatarda olan əsgərlərin silahları alındıqdan sonra, onların ərzaq və başqa ehtiyacları təmin edilərək yola salınması qərara alındı. Bunun üçün Milli Komitəyə tabe olan milli qüvvələr Şəmkir stansiyasında döyüş mövqeyi tutdular. Əsgərlərlə danışıqlar aparmaq üçün Milli Komitənin bir neçə nümayəndəsi orada idi.
Ukraynalı əsgərləri aparan iki qatar şəmkir stansiyasında dayandırıldı və onların başçıları ilə danışıqlar aparıldı. Başqa çıxış yolu tapmayan ukraynalı əsgərlər silahları təhvil vermək məcburiyyətində qaldılar. Əsgərlər Gəncə stansiyasında lazım olan bütün ərzaq və ləvazimatlarla təchiz edilərək yola salındılar. Bu tədbirlər nəticəsində bir topçu batareyası, atlar və başqa silahlar da əldə edilmişdi.
RUS KAZAKLARI İLƏ ŞƏMKİR DÖYÜŞÜ
Ukrayna qatarları silahlarını təslim edərkən arxadan gələn qatarlar Dəllər stansiyasında dayandırılırdı. Uzun sürən danışıqlardan sonra məlum oldu ki, arxadan gələn kazaklar silahlarını təhvil vermək istəmirlər. Kazaklar qatarlarda döyüşə hazır vəziyyət almışdılar. Qatarı çəkən lokomotivin önündəki açıq vaqonda yerləşən top atəşə hazır vəziyyətə gətirilmiş və başqa vaqonlara qum torbaları yerləşdirilərək döyüş hazırlamışdılar. Eşelonun qarşısını kəsən Azərbaycan zirehli qatarı onların hərəkət etməsinə imkan vermirdi. Gözlənilmədən kazaklar toplardan atəş açmağa başladılar. Zirehli qatardan da cavab atəşi açıldı, nəticədə universitet və gimnaziya tələbələrindən ibarət olan könüllü milis dəstəsindən bir neçə adam həlak oldu. Hətta, hadisəni seyr edənləri belə, kazak pulemyotçuları atəşə tutdular. İlk anda aralığa çaxnaşma düşsə də Azərbaycan milislərinin tədbirli hərəkətləri nəticəsində vəziyyət bir qədər sakitləşdi. Milislərin cavab atəşi açdıqlarını görən kazaklar təşvişə düşdülər. Qatarın Şəmkir stansiyasından hərəkət edə bilməməsi üçün bütün relslər sökülmüşdü. Könüllü milis dəstələri ilə kazaklar arasında bir neçə saata qədər döyüş davam etdi və nəhayət, kazak qatarlarında ağ bayraqlar görünməyə başladı. Çarəsiz qalan kazaklar bütün silahlarını təhvil verdilər. Milli komitə kazak yaralılarını xəstəxanaya göndərdi, sağ qalan kazaklar isə ərzaqla təmin edildilər. Dağıdılan relslər yenidən təmir olunduqdan sonra qatar Rusiyaya yola düşdü.
Dəllər stansiyasında gözləyən rus əsgərləri kazak qatarının başına gələnləri eşitdikləri üçün könüllü surətdə silahlarını təslim edib yollarına davam etdilər. Bundan sonrakı qatarlar artıq Gəncə-Bakı deyil, Tiflis-Batumi istiqamətilə hərəkət edir, oradan da gəmi ilə Rusiyaya gedirdilər. Beləliklə, Azərbaycan istiqlal mübarizəsi gün-gündən öz fəaliyyətini artırırdı. Bakıda gedən döyüşlər məğlubiyyətə uğrasa da Gəncədə müvəffəqiyyətlər əldə edilirdi. Gəncədə yaradılan Milli Komitə ölkənin idarə edilməsində, rus əsgərlərindən silahların alınmasında, əmin-amanlığın, asayişin qorunmasında böyük rol oynayırdı. Gəncədə yerli xalqdan yaradılan milis təşkilatının və milis təşkilatına rəhbərlik edən cəsur adamların da böyük xidmətləri olmuşdur. Onlardan Ələkbər bəy Sarıimanqulu, Qaçaq Qəmbər və Qaçaq İbrahim kimi igidlər öz partizan dəstələri ilə çox böyük işlər görmüşdülər.
İstefada olan podpolkovnik Hüsaməddin Tuğaç yazırdı: “Bu döyüşdə türk ordusundan ruslara əsir düşən və Gəncəyə gələn zabit və serjantlardan da istifadə olunmuşdur” (“Bir nəslin dramı”. Ankara, 1966, səh. 147-152). Vaxtilə çar ordusunda yetişmiş mayor şahzadə Qacar topçu alayının komandiri təyin edilmişdi.
Gəncə Milli Komitəsi Gəncədə erməni məhəlləsində yerləşən 219-cu rus xidmət alayının əsgərlərinin də silahlarını alaraq onları Rusiyaya yola salmışdı. Bu alay rus ordusunu canlı qüvvə ilə təmin edirdi. Döyüşdə yaralanan rus əsgərləri bu alayda müalicə olunur və cəbhəyə göndərilirdilər. Alay on minə qədər əsgərdən ibarət idi.
1917-ci İL İNQİLABINDAN SONRA
ZAQAFQAZİYANIN İDARƏ EDİLMƏSİ
1917-ci ildə Şərqi Anadolu rus ordularının işğalı altında idi. Hərbi baza olan Zaqafqaziya rus ordusunun arxa cəbhəsini təşkil edirdi. Müstəmləkə olan Qafqaz müxtəlif idarələrə bölünərək rus canişinləri tərəfindən idarə olunurdu. İnqilabdan əvvəl çar II Nikolayın əmisi böyük knyaz Nikolay Nikolayeviç Qafqazın canişini idi.
Inqilabdan sonra çar canişinliyinin yerini Müvəqqəti hökumətin təyin etdiyi Xüsusi İdarə Komitəsi tutdu. Bu komitənin rəhbərliyinə milliyyətcə rus Xarlamov gətirilmişdi, üzvləri Azərbaycandan Məmməd Yusif Cəfərzadə, Ermənistandan Papacanov, Gürcüstandan Çxenkeli və Abaşidze idilər. Zaqafqaziya ayrı bir idarə və seçki ərazisinə ayrılmışdı.
Ölkəni canişinlərin, qəza rəislərinin əvəzinə, xalq tərəfindən seçilən komissiyalar idarə edirdi. Şəhərlərdə bələdiyyə idarələri bütün şöbələri ilə xalqın əlinə keçmişdi. Zaqafqaziyanı idarə edən Xüsusi Komitə ölkəni müstəqil bir seçki ərazisi qəbul etmiş və tam mənasında gizli və azad bir seçki keçirilmişdi. Müəssislər məclisinə keçirilən seçkilərdə Azərbaycanda Türk Adəmi mərkəziyyət Müsavat partiyası, Gürcüstanda Sosial-demokrat (menşevik) partiyası, Ermənistanda isə İnqilabçı-sosialist daşnaksutyun partiyası daha çox səs toplamışdı.
Bolşeviklər hakimiyyətə gəldikdən sonra Petroqrad və Moskvada keçirilən seçkilərdə Müəssislər məclisinə bu şəhərlərdən heç bircə kommunist belə seçilməmişdi. Bakı fəhlə və sənaye şəhəri olmasına baxmayaraq burada da eyni vəziyyət idi.
Müəssislər məclisinə seçilən Azərbaycan millət vəkilləri Petroqrada getməyə hazırlaşırdılar. Nümayəndələr məclisdə Azərbaycanın ölkə miqyasında milli muxtariyyət hüququnu müdafiə edəcəkdilər.
1917-ci il oktyabrın 25-də (7 noyabr) hakimiyyəti silahlı üsyan yolu ilə ələ keçirən bolşeviklər 1918-ci ilin yanvarında Müəssislər məclisini dağıtdılar. Belə olduqda, Müvəqqəti hökumətin qurduğu Zaqafqaziya Xüsusi Komitəsinin də fəaliyyəti sona çatdı. Idarə və siyasi yöndən Zaqafqaziyanın Rusiya ilə əlaqəsi kəsilirdi. Fəaliyyəti sona çatan Xüsusi Komitənin təşəbbüsü ilə 1917-ci il noyabrın 10-da Tiflisdə müşavirə keçirilirdi. Bu müşavirədə Zaqafqaziyada olan idarə komissiyaları, milli və məhəlli quruluşlar, bələdiyyələr, fəhlə və həmkarlar ittifaqları, kəndli birlikləri, siyasi partiyalar, cəbhədə olan ordu nümayəndələri, baş komandan və xüsusi komitə üzvləri iştirak edirdilər. Dörd gün davam edən müzakirədən sonra Zaqafqaziya Müvəqqəti hökumətinin[23] qurulmasına qərar verildi.
Zaqafqaziya Müvəqqəti hökumətinə azərtürklərdən Fətəli xan Xoyski maarif naziri, Məmməd Yusif Cəfərzadə ticarət və sənaye naziri, Xudadat bəy Məlikaslanlı nəqliyyat naziri, Xəlil bəy Xasməmmədov müfəttiş naziri, gürcülərdən Gekeçkori baş nazir, Çxenkeli daxili işlər naziri, Meşişvili ədliyyə naziri, ermənilərdən Karçikyan maliyyə naziri, Ter-Qazaryan iaşə naziri, Ağacanyan səhiyyə naziri, Rusiyadan Donskoy piyada və hərbi dəniz naziri, Neruçev kənd təsərrüfatı naziri seçildilər. Diqqət etsəniz görərsiniz ki, hökumətin quruluşunda xarici işlər nazirliyi yox idi. Buradan belə bir nəticəyə gəlmək olar ki, Zaqafqaziya Müvəqqəti hökuməti ancaq Zaqafqaziyanın daxili işləri ilə məşğul olan bir hökumət idi. Kabinetin üzvləri olan nazirlərə “komissar” deyilirdi. Komissarlar heyətinin nəşr etdiyi bəyannamədə deyilirdi: “Bütün sosialist və demokratik partiyalar və cəmiyyətlər öz aralarında anlaşaraq bir hökumət qurmuşlar. Bu hökumət, Ümumrusiya Müəssislər məclisi toplanan qədər hakimiyytədə qalacaqdır. Əgər Rusiya hadisələri... Müəssislər məclisinin toplanmasına imkan verməzsə, hökumətimiz Zaqafqaziyadan və Qafqaz cəbhəsindən Rusiya Müəssislər məclisinə seçilən nümayəndələr toplanıncaya qədər iş başında qalacaqdır. Rus inqilabı bəyannaməsi ilə elan olunan və millətlərin öz talelərini özlərinin təyin etməsi səlahiyyətinə sahib olacaqları prinsipinə sadiq qalaraq Zaqafqaziyada milli məsələnin tez və ədalətli bir surətdə həll edilməsi yolunda çalışacaqdır. Zaqafqaziya hökuməti vaxt itirmədən sülh müqaviləsinin həyata keçirilməsi üçün mühüm tədbirlər görəcəkdir”.
Bu arada Qafqaz cəbhəsinin vəziyyətini bilmək yaxşı olardı. Osmanlı imperiyası ilə müharibə aparan rus cəbhəsi almanlara qarşı vuruşan Qərb cəbhəsi kimi “çökmüşdü”... Rus əsgərləri artıq vuruşmaq istəmir, cəbhəni tərk edib evlərinə dönürdülər. 1917-ci ildə cəbhəni tərk edən rus əsgərlərinin sayı 128 minə çatmışdı. Cəbhədə qalanlar da özbaşına türklərlə dostlaşmışdılar. Türkiyə onlara sülh təklif edirdi. Cəbhənin vəziyyətini nəzərə alan Zaqafqaziya hökuməti bu təkliflə razılaşaraq görüşmək istəyirdi.
BARIŞIQ ÜÇÜN GÖSTƏRİLƏN SƏYLƏR
Zaqafqaziya Müvəqqəti hökumətinin qərar ilə rus ordusunun baş komandanı general Prejevalski Türkiyənin 3-cü ordusunun komandanı general-leytenant Vəhib paşaya göndərdiyi məktubda barışıq təklifini qəbul etdiyini və bu iş üçün hər iki tərəfdən müzakirəyə başlamaq üçün komissiyanın seçilməsini təklif etdi. Beləliklə, 1917-ci il dekabrın 5 (18)-də Ərzincanda Türkiyə və Rusiya arasında barışıq imzalandı. Barışıq imzalandıqdan sonra Vəhib paşanın rus ordusunun komandanı general Odişelidzeyə göndərdiyi məktubdan anlaşıldığına görə barışıq şərtlərinin müzakirəsi zamanı general Vışinski Vəhib paşaya özünün müstəqil Qafqaz hökuməti adından danışığa gəldiyini söyləmişdir. Vəhib paşa Ənvər paşaya göndərdiyi raportda bu cəhəti də ayrıca açıqlamışdır. Ənvər paşa Vəhib paşaya göndərdiyi bir təlimatda “müstəqil Qafqaz hökuməti ilə bir siyasi əlaqə qurmanın necə və hansı şəkildə mümkün ola biləcəyinin...” öyrənilməsini istəmişdir.
1918-ci il yanvarın 4 (17)-də bolşevik təsirindən kənarda qalan Zaqafqaziya “Fəhlə, kəndli və əsgər müvəkilləri soveti ölkə komitəsi” Ənvər paşanın təklifinə aşağıdakı cavabı bildirməklə yanaşı Müvəqqəti Zaqafqaziya Hökumətinə məsləhət vermişdi: “Rusiya cümhuriyyətinin bir hissəsini təşkil etdiyimizi nəzərə alaraq, yalnız hal-hazırda toplanmış olan Müəssislər məclisindən səlahiyyət aldıqdan sonra sülh danışıqlarına başlamaq olar. Müəssislər məclisidə olan deputatlarımıza göstəriş verilmişdir ki, sülh haqqındakı təkliflərinizin gündəlik məsələdə ilk növbədə müzakirə edilməsi üçün səy göstərsinlər. Alınacaq cavab sizə vaxtında bildiriləcəkdir”.
Lakin 1918-ci il yanvarın 18-də Müəssislər məclisinin Petroqradda bolşeviklər tərəfindən dağıdıldığını öyrənən Zaqafqaziya Müvəqqəti hökuməti yuxarıda qeyd olunan cavabı Vəhib paşaya verməmişdi. Bununla belə Zaqafqaziya Sovetinin sülh müzakirələri üçün Zaqafqaziya komissarlığına bolşeviklər də daxil olmaqla Rusiyada qurulan bütün hökumətlərlə müzakirələrə başlamağı təklif edir.
Bu zaman bolşeviklər Brest-Litovskda Rusiyanın müharibədə iştirak etməməsi üçün Qərb dövlətləri və Osmanlı hökuməti ilə danışıqlara başlamışdılar. Zaqafqaziya Müvəqqəti hökuməti tərəddüd etdiyi üçün türkiyə hökumətindən üç gün möhlət istədi. Bu arada Vəhib paşa ikinci dəfə məktub yazaraq 1918-ci il yanvarın 3 (16)-da Zaqafqaziya Müvəqqəti hökumətini Brest-Litovskda keçirilən sülh konfransına dəvət edir və onları inandırırdı ki, orada Qafqazın istiqlaliyyəti tanınacaqdır. Zaqafqaziya Müvəqqəti hökuməti Brest-Litovskda bolşeviklərlə yanaşı oturmamaq üçün bu dəvəti qəbul etmədi və Türkiyə ilə birbaşa barışıq danışıqlarına başlamağı qərara aldı. Ancaq sülh danışıqlarına daha səlahiyyətli bir hökümətin başlaması üçün Zaqafqaziyadan bütün Rusiya Müəssislər məclisinə seçilən deputatları toplantıya çağırır və Zaqafqaziya Seym məclisinin təyin edəcəyi bir hökumətə barışıq müzakirələrinə başlamaq üçün imkan yaradırdı.
Aprelin 26 (13)-də toplantıda Gekeçkori hökuməti istefa verir. Seymin, parlamentin təyin etdiyi Şxenkeli hökuməti yaradılır. Ancaq Türkiyə, beynəlmiləl dövlətlər yönündən müstəqil dövlət olmayan Qafqaz hökuməti ilə barışıq müzakirələrinə başlayacağını bildirdiyi üçün aprelin 22-dəki iclasında Seym Qafqazın Rusiyadan ayrı, müstəqil bir konfederasiya olduğuna qərar vermişdi. Hadisələr ildırım sürətilə inkişaf etdiyindən Qafqaz hökuməti Türkiyə ilə barışıq müzakirələrinə başlaya bilmədi. Çünki Brest-Litovsk müqaviləsində Qars, Ərdahan və Batum Türkiyəyə verilmişdi. Türkiyə bu sancaqları[24] ordu gücü ilə işğala başlamışdı. Digər tərəfdən Bakıda Stepan Şaumyanın rəhbərliyilə bolşevik komitəsi cəbhədən dönən silahlı erməni və rus əsgərləri ilə birləşərək türk və müsəlman xalqına qarşı qanlı qırğına başlamış və on mindən çox günahsız adamı vəhşicəsinə öldürmüşdü. Bu hadisələr zamanı müstəqil Qafqaz konfederasiyası dağılmışdı...
BAKIDA TÜRK VƏ MÜSƏLMANLARA QARŞI TÖRƏDİLƏN QANLI QIRĞINDAN SONRA YARADILAN SOVET HÖKÜMƏTİ
V.İ.Lenin və İ.V.Stalinin imzaladıqları 13 nömrəli bir dekretlə Stepan Şaumyana, Kuznetsova və başqa bolşeviklərə Qafqazda sovetləşdirmə əməliyyatını həyata keçirmək tapşırılmış, həmçinin Türkiyədə rus ordularının işğalı altında olan torpaqlarda Ermənistan yaratmaq səlahiyyəti vermişdilər. Bu məqsədlə Şaumyan Tiflisə gələrək, 1918-ci il yanvarın 22-də çıxış edir və bütün Qafqazı sovetləşməyə çağırır. Zaqafqaziya komissarlığı bu çıxış üçün Şaumyanı 24 saat ərzində ölkəni tərk etməyə məcbur etdi. Şaumyan və yoldaşları Tiflisdən Bakıya qaçdılar.
Türkiyə və İran cəbhəsindən dönən rus və erməni silahlı əsgərlərinin bir çox dəstələri Bakıda yerləşirdi. Şaumyan öncə bolşevik fikirli rus əsgərlərindən, sonra da daşnak partiyasının köməyilə ermənilərin türk-müsəlmanlara olan düşmənçiliyindən bacarıqla istifadə etməyə başladı. Şaumyan rus əsgərlərinə, ermənilərə arxalanaraq menşevik, eser və müsavatçıların çoxluq təşkil etdikləri Bakı Soveti və bələdiyyə məclisini zorla yeniləşdirdi və bolşeviklərin çoxluğunu təmin etdi. Sonra Bakı şəhərinin idarələrində çalışan azərtürklərin tutduqları vəzifələrdən uzaqlaşdırdı. Beləliklə, Bakını və civarını bolşevikləşdirdiyini zənn edən Şaumyan erməniləri və rus əsgərlərinin, xüsusilə Xəzər hərbi dəniz donanmasının matroslarının azərtürklərə qarşı təhrik etməyə başladı. Bakıda özünün rəhbərliyi altında Sovet hökuməti quran Şaumyan azərtürklərə “sizə Azərbaycan istiqlaliyyəti yerinə bir məzarlıq bəxşiş edəcəyəm” deyə açıqcasına söyləyirdi. Bakıda az miqdarda silahlı könüllü azəri əsgərləri vardı. Şaumyan hücuma keçmək üçün bəhanə axtarırdı. Azəri könüllü alayı Lənkəranda olan könüllülərə silah göndərmək istəyirdi, ancaq Şaumyanın rəhbərlik etdiyi Sovet hökuməti bu silahların göndərilməməsi üçün əmr verdi. Bakıda olan könüllü ordunun zabitləri bu əmrə itaət etmədilər və silahları gəmiyə yüklədilər. Gəmi hərəkət edərkən matroslarla erməni dəstələri gəminin qarşısını kəsib silahları əllərindən aldılar. Bu zaman baş verən atışma nəticəsində hər iki tərəfdən bir neçə nəfər ölən və yaralanan oldu. Bunu bəhanə edən Şaumyan ermənilərlə rusları müsəlmanlara qarşı hücuma təşviq etdi.
Martın 30-da aprelin 1-nə qədər çəkən qırğında on mindən çox günahsız azəri öldürüldü, türklərin mağazaları talan edildi, evlər yandırıldı. Bu barədə yazmaq mənim üçün inanın ki, olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq, çılpaq gəzdirildikdən sonra müxtəlif şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər... Təcavüzlər bununla bitmədi. Erməni, rus və könüllü dəstələri Şamaxı, Salyan, Kürdəmir, Quba, Lənkərana da hücum etdilər, bu yerlərdə də Bakıda olduğu kimi qırğınlar, talanlar və tarixdə görünməyən cinayətlər törədildi. Şaumyan verdiyi sözə əməl edirdi, azərlərə “azadlıq istiqlaliyyəti yerinə məzarlıq” bağışlayırdı.
Şaumyan və onun kimi bolşevik yoldaşlarının təhrik və təşviqilə 1918-ci il mart ayının axırlarında Bakıda, azərtürklərə qarşı rus əsgərlərinin və ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görmüş İran kommunistlərindən olan Mircəfər Pişəvəri öz xatirələrində yazır: “Mən 1918-ci il mart ayında daşnakların vəhşiliklərini, saysız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb, karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çox faciəli və nifrətəlayiq bir hərəkət idi” (Mircəfər Pişəvəri. Seçilmiş əsərləri, 1965-ci il, səh. 398).
Bolşeviklərin təsiri altında olan Xəzər hərbi dəniz donanması Bakının məscidlərini bombaladı, bu zaman Təzə pir məscidinin minarələri ağır yaralar aldı. Bakıda türk memarlığının şah əsəri olan İsmailliyyə binası ermənilər tərəfindən yandırıldı. Kulna adlı bir xarici turist Bakıda gördüklərini belə anladır: “Ancaq müsəlmanlar yaşayan məhəllələrə hücum edən ermənilər adamları öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evləri yandırır, uşaqları yanan evlərə atır, diri-diri yandırırdılar. Üç-dörd günlük südəmər uşaqları süngülərinə taxırdılar.
Çuxurların birində bir neçə gün sonra çıxarılan 87 müsəlman cəsədinin qarınları yırtılmış, qulaqları, burunları və üzvləri... kəsilmişdi. Onlar nə uşaqlara, nə də qocalara rəhm edirlər (“Azəri türk”, 1925-ci i l, səh. 6).
Bu zülmləri azərtürklərə çəkdirən Lenin və Stalin tərəfindən əlinə 13 №-li dekret verilən, Qafqaz və Türkiyədə bir Ermənistan yaratmaq tapşırığını alan Şaumyan və yoldaşları idi.
Rus əsgərlərinə barışıq vəd etdikdən sonra onu üç illik vətəndaş müharibəsinə sövq edən, kəndlisinə torpaq vəd edib ona sovet təhkimçi-kolxozunu gətirən, fəhləsinə fabrik və zavod vəd edərək onu ən adi tətil hüququndan belə məhrum edib kölə vəziyyətinə salan Lenin, türk və müsəlmanlara yuxarıda göstərilən vaizlikdən sonra, özünün yaxın adamı olan Şaumyan vasitəsilə türk qadınlarını, uşaqlarını və qocalarını məscidlərə yığıb, məscid ilə birlikdə hamısını yandırtdırırdı. Ermənilərlə bolşevik qüvvələri birləşərək Gəncəyə doğru irəliləmək və azərtürklərin istiqlal hərəkatını boğmaq istəyirdilər.
QAFQAZ KONFEDERASİYASININ QURULMADAN DAĞILMASI
Qafqaz konfederasiyası Zaqafqaziya xalqlarının həyatındakı tarixi, coğrafi, siyasi və daha bir çox zərurət və ehtiyacdan doğmuşdur. Çünki Qafqaz xalqları öz aralarında bəzi məsələləri həll etmək üçün bir tarixi fürsət tapmamışdılar. Əsrlərcə müstəqil həyat tərzi keçirən bu xalqlar çox heyf ki, tale yüklü məsələlərini birlikdə həll edə bilmədilər... Qafqazda olan siyasi hadisələr yerli xalqlara düşünməyə imkan vermədən tez keçmişdir. Ancaq mən buna inanıram ki, bir gün gələcək tarixin axarında konfederasiya məsələsinə yenidən baxılacaq və onu yenidən quracaqlar...
Azərbaycan üçün çox böhranlı və faciəli keçən belə bir zamanda Almaniya, Avstriya-Macarıstan, Türkiyə dövlətləri 1918-ci il martın 3-də Brest-Litovskda Lenin hökuməti ilə barışıq müqaviləsini imzalamış və istədikləri şərtləri qəbul etdirmişdilər. İndi Osmanlı dövləti Qafqazda qurulan konfederasiya dövləti ilə müqavilə bağlamaq üçün konfederasiyanın öz istiqlaliyyətini elan etməsini və başqa dövlətlər tərəfindən müstəqil dövlət kimi tanınmasını istəyirdi. Ancaq bundan sonra qarşı-qarşıya oturaraq barışıq müqaviləsi haqqında danışıqlara başlayacağını bildirirdi. Buna görə 1918-ci il aprelin 22 (9)-də Qafqaz Seymi Qafqazın Rusiyadan ayrı, müstəqil bir konfederasiya olduğuna qərar verdi.
Hər hansı bir parlament özünü müstəqil dövlət elan etsə belə, həmin dövlət müstəqil ola bilməz, mütləq dövlətlər toplumuna daxil olması üçün beynəlxalq hüquq normalarına tam cavab verməlidir. Qafqaz federasiya hökuməti Türkiyə hökuməti ilə barış danışıqlarına başlamışdı. Ancaq əldə etdiyimiz bəzi tarixi dəlillərə görə bu danışıqlar çox da səmimi deyildi. Bu arada 1918-ci il mayın 11-də Şimali Qafqaz öz müstəqilliyini elan etdiyi üçün Qafqaz konfederasiyası dağılmış və Azərbaycan, Gürcüstan, Ermənistan parlamentləri öz istiqlaliyyətlərini elan etmişdilər.
Beləliklə, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan istiqlaliyyəti elan edildi. Şaumyanın tapşırığına əsasən rus və erməni qüvvələri Gəncəyə doğru irəliləyirdi. Azərtürklərə qarşı törədilən bu hücum 1918-ci il iyulun 25-nə qədər davam etmişdi. Bu tarixdən sonra Bakıya doğru irəliləyən Osmanlı ordusu yürüşünü dayandırdığı üçün ingilis qoşunu və İranda general Biçeraxovun komandanlığı altında olan bir kazak diviziyası Bakını işğal etdilər. Bu qüvvələrin Bakını işğal etməsilə Bakıda idarə əldən-ələ keçdi. İngilislərə və kazak diviziyasına arxalanan eser partiyası daşnaklarla, menşeviklərlə birləşərək Sentrokaspi (Mərkəzi Xəzər) hökumətini qurdular. Gəmiyə minərək Həştərxana qaçmaq və oradakı bolşeviklərlə birləşmək istəyən Şaumyan və 26 yoldaşı Xəzər dənizində Bakını işğal edən ingilis qüvvələri tərəfindən yaxalanıb Təzə şəhərə (Krasnovodska) aparıldılar. Bir müddət həbsxanada saxlandıqdan sonra Qızıl Arvatda 26-ları güllələdilər.
Qəribə burasıdır ki, hakimiyyəti bolşeviklərin əlindən alan Sentrokaspi hökuməti Bakı və Azərbaycanın bolşeviklər tərəfindən işğal edilən şəhərlərində Şaumyanın, bolşeviklərin, erməni dəstələrinin azərtürklərə qarşı yürütdükləri terrorçu əməlləri davam etdirir və Gəncəyə doğru irəliləyirdilər. Ermənilər bu dəfə bolşeviklərlə əlaqəni kəsib Sentrokaspi quldurları ilə birləşmişdilər. Bu günlər Azərbaycanın yaşadığı ən böhranlı günlər idi... Böhran vəziyyətində olduğunu görən Azərbaycan hökuməti 1918-ci il iyunun 4-də Türkiyə ilə müqavilə imzaladı və bu müqaviləyə əsasən Türkiyə ordusunu Azərbaycana göndərdi (Mirzə Bala. Milli Azərbaycan hərəkatı. Berlin, 1938). Çünki, bolşevik zülmündən sonra ingilis və general Biçeraxovun qüvvələrinə arxalanaraq Bakıda Sentrokaspi hökuməti quran sağlar Azərbaycan xalqına qarşı eyni zülmü edirdilər. Beləliklə, Xəzər, Kür, Araz hövzəsində milli həyat tamamilə dayanmış və sönmüşdü. Bakı nefti, sənayesi, ticarəti, Bakı limanındakı ticarət donanması, mədəniyyət ocaqları, Xəzər, Kür, Araz boyundakı münbit torpaqlar başda olmaqla bütün varlıqlarını itirmək təhlükəsi qarşısında qalmışdı.
Bu ağır şəraitdə Azərbaycan siyasi həyatını öz arxasınca aparan Müsavat partiyası, Bitərəf qrup, tanınmış, təcrübəli siyasi xadimlər və başqa partiyalar 1918-ci il mayın 28-də bir yerə toplaşaraq Azərbaycanın istiqlaliyyətini bütün dünyaya elan etdilər.
Gürcü və ermənilər Osmanlı hökuməti ilə sülh müqaviləsinə hazırlıq apararkən 1914-cü ildəki Rusiya ilə Türkiyə arasındakı sərhədləri əsas tutaraq barışıq müzakirələrinə başlaycaqlarını zənn edirdilər. Halbuki, bu zaman Brest-Litovsk sülh müqaviləsi imzalanmış və Qars, Ərdahan, Batumi Türkiyəyə verilmişdi. Bu səbəbdən türk komandanlığı həmin vilayətlərin boşaldılmasını tələb etmiş, ancaq Qafqaz Seymi, ermənilər və gürcülər bu tələbə əməl etmədikləri üçün Osmanlı Ordusu məcburiyyət qarşısında qalaraq bu yerləri işğal etmişdi. Bu vəziyyət qarşısında Türkiyə ilə sülh danışıqlarına başlamaqdan ötrü Qafqaz konfederasiyası bir ay öncə Seym məclisində istiqlaliyyətlərini elan edən gürcülər və ermənilər baş-başa verərək artıq Seym məclisinin fəaliyyətində öz siyasətlərini həyata keçirə bilməyəcəklərini anladılar. Azərbaycan millət vəkilləri Seym məclisinin dağılmaması üçün əllərindən gələni etsələr də bir fayda olmadı.
1918-ci il mayın 26-da Seym axırıncı dəfə öz toplantısını keçirərək aşağıdakı qərarla istefa verdi:
“Zaqafqaziyada müstəqil respublikalar yaradan millətlər arasında hərb və sülh məsələsində əsaslı ayrılıq oldu və nüfuzlu dövlət təşkil edərək bütün Zaqafqaziya adından danışmağa imkan qalmadığından Seym Zaqafqaziya ölkələrinin bölünməsini baş vermiş fakt sayır və bütün səlahiyyəti onların özlərinə verir”.
Beləliklə, Seym qurulduğu tarixdən iki, istiqlaliyyətini elan etdiyi vaxtdan isə bir ay sonra dağıldı.
AZƏRBAYCANIN İSTİQLALİYYƏTİNİN ELANI
Bakıda azərtürklərə qarşı erməni, rus bolşevikləri tərəfindən başlayan qırğın 10.000-dən çox müsəlman və türkün vəhşicəsinə öldürülməsilə nəticələnmiş və qırğın Şamaxı, Kürdəmir, Salyan, Quba, Lənkəran qəzalarına qədər yayılmışdı. İndi isə təcavüzün növbəti hədəfi Gəncə idi. Təcavüzkarlar bu dəfə Qarabağ erməniləri ilə qüvvələrini birləşdirərək Gəncəyə hücum edəcəkdilər. Gəncə Azərbaycanın ikinci paytaxtı idi. Bu şəhərin işğal olunması Azərbaycan istiqlaliyyətinin sonu və azərlərin yenidən əsarət altına düşməsi demək idi. Tiflisdə yaradılan qafqaz Seym məclisinin nümayəndələrinin üçdə bir hissəsi ermənilər olduğu üçün Seym məclisi bu hücumun qarşısını ala bilmədi, həmçinin məclisin ixtiyarında müntəzəm bir hərbi qüvvə yox idi. Azərbaycanlılar üçün tək çıxış yolu Osmanlı ordusundan yardım istəməkdi və onlar belə də etdilər.
Bu səbəbdən Müsavat partiyasının liderlərindən biri olan Nəsib bəy Yusifbəyli Azərbaycan Milli Şurasına yazdığı raportda deyirdi: “Yalnız Azərbaycanı deyil, bütün Zaqafqaziyanı istila edən böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə qaydaya sala bilmərik. Şərq tərəfdən bolşeviklərin bizim düşmənimizlə birləşərək hücum etməsi vəziyyəti daha da ağırlaşdırır və türk millətinə olduqca böyük müsibət və fəlakət gətirir. Vəziyyət belə olduğu halda bizə xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çarə qalmır. Istiqlaliyyətimizin qızğın tərəfdarı olmaqla bərabər mən, bu məsələ haqqında birinci olaraq danışmaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cəsarətlə baxmaq lazımdır. Çox fərəhli haldır ki, bizim işlərə müdaxilə edəcək xarici qüvvə bizimlə dost və qardaş olan Türkiyədir. Bəlkə bu bizim qonşularımızın xoşuna gəlməyəcəkdir, lakin başqa çarəmiz yoxdur.
Müdhiş anarxiya qarşısında onlar da bizim kimi gücsüzdürlər... Nəyinsə xatirinə xəstə yatağında yata bilmərik. Bizim heyət Batumi şəhərinə gedərək Şərqi Zaqafqaziya türkləri adından Osmanlı dövlətindən kömək istəməlidir.
...Bununla bərabər Azərbaycanın istiqlaliyyətini də heç bir vaxt unutmamalıyıq...” (Mirzə Bala. Azərbaycan milli hərəkatı, səh. 132-133).
Azərbaycanın fəciəli vəziyyəti Türkiyədə də məlum olmuş və ölkənin bütün vilayətlərinə yayılmışdır. Türkiyənin Batumi konfransında Sülh heyətinin rəisi Xəlil bəy 1918-ci il mayın 26-da Zaqafqaziya sülh heyəti rəisinə göndərdiyi memorandumda deyirdi: “... Zati-alilərinə məlum olduğu kimi Qafqazın vəziyyəti çox böhranlı və qarışıqdır, təhlilə möhtacdır. Bakı və civarında yüz minlərlə türk, müsəlman özlərini inqilabçı adlandıran vicdansız quldurların qanlı pəncəsində inildəyir. Bu zavallıları hədələyən fəlakət gündən günə artmaqdadır. Mütəşəkkil quldur dəstələrinin saysız hücumlarına məruz qalan Qafqazın başqa ərazilərində yaşayan türk və müsəlmanların da vəziyyəti olduqca acınacaqlıdır.
Rəis həzrətləri, mənimlə razılaşarsınız ki, bu adı daşımağa layiq olan heç bir hökumət həmsərhəd olduğu bir ərazidə belə cinayətlərin cəzasız olaraq qalmasına dözə bilməz, yenə də razı olarsınız ki, Qafqazı məhv edən anarxiyaya Osmanlı dövlətinin münasibəti olduqca mülayimdir. Çünki, bu anarxiya Osmanlı xalqı ilə eyni irqə, dinə mənsub olan xalqın təhlükəsizliyinə də xələl gətirir. Digər tərəfdən Osmanlı dövləti öz ordusunu cəbhələrə Qafqaz yolu ilə göndərmək məcburiyyəti qarşısındadır. Bu da indiki məlum olmayan vəziyyətə gecikmədən son verilməsini tələb edir”.
Bu memorandum mayın 11-də verilən, amma cavab alınmayan təkliflərə də üç gün ərzində cavab verilməsini istəyirdi. Memorandum verildiyi gün Zaqafqaziya Seymi istefa vermiş və dağılmışdı.
Bununla belə yuxarıda qeyd etdiyimiz Müsavat partiyasının liderlərindən olan Nəsib bəy Yusifbəylinin nitqi və Xəlil bəyin memorandumu tarixi sənəd kimi öz dəyərini mühafizə etməkdədir.
Azərbaycan Milli Şurasında fəaliyyət göstərən partiyalar bunlardı: çoxluq təşkil edən Müsavat partiyası, Bitərəf demokratik qrup, Əhrar, İttihad, Eser və Sosial-demokrat partiyası. Eser və Sosial-demokrat partiyaları zənn edirdilər ki, Azərbaycan Rusiyasız müstəqil yaşaya bilməz, amma tarixi hadisələr onların haqlı olmadığını sübut etdi. Əhrar və İttihad partiyaları hər zaman Türkiyə ilə birləşmək siyasətini güdmüşlər, tarix onlara haqq qazandırsa da, amma bu baş tutmamışdır. Müsavat partiyası ilə Bitərəf demokratik qrup öncə milli ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, rus inqilabının Qafqaz hadisələri onları özlərinin öncədən “uzaq məqsəd” olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna tez sürükləmişdi. Azərbaycan istiqlal mübarizəsi tarixində “Azərbaycan istiqlalına” nə rast gəlinmiş, nə də baş verən siyasi hadisə olmamışdır. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmış və Azərbaycan siyasi tarixinin taleyini əllərində tutanlar, tam zamanında siyasət adamı olduqlarını sübut edərək istiqlal hərəkatına yerində və vaxtında lazımi qiymət vermişlər. Sosialist Əkbər ağa Şeyxülislamzadə “biz, Azərbaycanın tək olması əleyhinəydik...” deyir və qonşularımız gürcü və ermənilər istiqlal elan edincə: “sosialistlər, Azərbaycan istiqlalı əleyhdarlığını buraxıb, birinci planda istiqlaliyyətçi oldular...” şəklində yazır (“Mücahid” may-aprel, 1962).
Bir müşahiddəçi və Azərbaycan Milli Şurasının nümayəndəsi Azərbaycan istiqliyyətinin elan olunması mərasimini belə anladır: “Axşam, sabiq Qafqaz canişini Qrandükün sarayında “Seym”in müsəlman qrupuna ayrılan mavi salonda Azərbaycan Milli Şurasının nümayəndələri doktor Həsən bəy Ağaoğlunun rəhbərliyi altında toplandıq. Həsən bəy məclisi açdı və sözə başlayaraq dedi ki, indi deputatlar bizim fikrimizlə razıdırlar. Səs vermək hər deputatın vəzifəsidir, bitərəf qalanlar xahiş edirəm məclisi tərk etsinlər. Amma heç kim yerindən qalxmadı. Həsən bəy Azərbaycanın azad və müstəqil bir dövlət olmasını səsə qoyur. Katib Mustafa Mahmudi adları oxuyur, hər bir deputat “razıyam” cavabını verir. Hamının üzündə sevinc və nəşə vardı.
Rəis Həsən bəy ayağa qalxaraq bütün deputatlara xitab edir: “Bu saatda, yəni doqquza on dəqiqə işləmiş Azərbaycanın istiqliyyəti Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmişdir. Yeni hökumətimizi təbrik edirəm”. Gözləri yaşaran deputatlar bir-birlərini təbrik edir, əllərini sıxırdılar. Canişin sarayının önündə toplaşan türklər, ermənilər və gürcülər “yaşasın müstəqil Azərbaycan” deyə qışqırır, saraydan çıxan Azərbaycan deputatlarını alqışlayırdılar.
Həmin müşahidəçi qeyd edir ki, iki gün öncə bütün partiyalardan olan Azərbaycan millət vəkilləri fasiləsiz, uzun sürən görüşlər və mübahisələr apardılar. Bu fikir mübadiləsi iki gün davam etdi.
Azərbaycan Milli Şurası tərəfindən 1918-ci il mayın 28-də Tiflisdə bütün dünyaya elan edilən Azərbaycanın istiqlalı haqqındakı bəyznnamədə deyilirdi: “Ümumi seçki ilə seçilən Azərbaycan Milli Şurası bütün insanlara elan edir:
1 – Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi Cənubi və Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan da bütün hüquqlara malik müstəqil bir dövlətdir.
2 – Müstəqil Azərbaycan dövlətinin idarə forması xalq respublikası kimi müəyyənləşdirilir.
3 - Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu millət və dövlətlərlə yaxın münasibətlər saxlamaq əzmindədir.
4 - Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi qoymadan hüdudları daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaşlıq hüquqlarını təmin edir.
5 - Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf etmələri üçün geniş meydan açır.
6 – Müəssislər məclisi toplanana qədər Azərbaycanı ümumi səsvermə yolu ilə seçilmiş Milli Şura qarşısında cavabdeh olan Müvəqqəti hökumət idarə edir”.
Bu mərasimdən sonra ilk Azərbaycan hökuməti yaradıldı.
Fətəli xan Xoyskinin qurduğu ilk Azərbaycan Milli Müstəqil hökuməti koalisiyalı kabinet olmuşdur. Bu kabinetdəki səkkiz nazirdən altısı “Müsavat” və “Bitərəf qrupa”, biri “Hümmət”, biri də “Blok”a mənsub olmuşdur. Deməli, Azərbaycan istiqlalı elan edildikdən sonra qurulan ilk koalisiyalı kabinetdə dörd partiya iştirak etmişdir. Bunlar “Müsavat”, “Bitərəf demokrat qrupu”, “Blok”, yəni sosialistlər və bir də “Hümmət” kommunist partiyası olmuşdur... Qiymətli və tarixi siyasi hadisə “Hümmət” partiyasının Azərbaycan istiqlaliyyətinin elanında və ilk yaradılan hökumətində iştirak etməsidir. “Blok” da sosialist idi. Sosialist Əkbər ağa Şeyxülislamzadə deyirdi: “İstiqlal elan edilmədən öncə iki gün ərzində davam edən müşavirə və müzakirələrin istiqlal elanı xüsusunda tam bir razılıq ilə nəticələnməsi Azərbaycan siyasəti yönündən çox, olduqca mənalıdır. Bu o deməkdir ki, Azərbaycan istiqlaliyyətinin elan olunmasında “Əhrar”, “İttihad” və “Hümmət” partiyaları arasında tam bir anlaşma olmuşdur. Yəni Azərbaycan kommunist partiyası da Azərbaycanın kommunist müstəmləkəsi yox, müstəqil dövlətlərlə bir sırada olmasını istəmişdir. Sonralar Stalin Azərbaycan kommunist partiyasının ilk qurucularını millətçi müsavatçı adlandıraraq hamısını güllələtdirdi. Onlar Qızıl Ordunun Azərbaycanı işğal etməsinə kömək edərkən Azərbaycanın azad və müstəqil bir dövlət olacağını zənn etmişdilər. Çünki, Lenin nəşr etdirdiyi deklarasiyalarında bütün millətlərə istiqlaliyyət vəd edirdi.
Müsavat partiyasının Azərbaycan istiqlaliyyətinin elanında roluna gəlincə, bu göstərdiyi xidmətlər inkar edilə bilməz. Partiyanın liderləri və nümayəndələri Azərbaycanın istiqlaliyyətinin elan olunmasında daha çox zəhmət çəkdiklərini söylədikləri üçün azərbaycanlı ziyalıları özlərindən incik salmışlar. Bu mövzu üzərində çox dayanmağımız tədqiqatımızı elmdən yayındırır və bunun üçün də bu mövzu üzərində çox dayanmırıq. Ancaq onu qeyd etmək istəyirəm ki, istiqlal bütün Azər xalqının arzusu olmuşdur.
Azərbaycan istiqlaliyyətinin elan olunması hadisəsini baş nazir Fətəli xan Xoyski Paris, Roma, Berlin, Vyana, Vaşinqton, Buxarest, Madrid, Stokholm, Haaqa, Xristianiya, Kiyev, Kopenhagen, Tehran və İstanbul hökumətlərinə bir memorandumla bildirdi. Memorandum qısaca belədir: “Bu ayın 28-də toplanan Azərbaycan Milli Şurası Zaqafqaziyanın cənub-şərqində yerləşən Azərbaycanın istiqlaliyyətini elan və Azərbaycan cümhuriyyətini təşkil etmişdir. Vəziyyətdən öz hökumətinizi xəbərdar etməyinizi rica edirəm və mənim hörmətimi onlara yetirməklə məni şərəfdar edərsiniz. Hələlik hökumət müvəqqəti olaraq Gəncədə yerləşir. 1918-ci il 30 may.
Azərbaycan cümhuriyyəti nazirlər məclisinin rəisi:
Fətəli xan Xoyski[25]”.
(Azərbaycanın təşəkkülü, yazan E.M. – Əhmədiyyə mətbəəçilik şirkəti, 1918. Türkiyyat İnstitutu kitablığı 5307).
TÜRKİYƏNİN AZƏRBAYCANA HƏRBİ YARDIMI
1918-ci il iyunun 4-də Batumidə, istiqlaliyyətini yenicə elan edən Azərbaycan hökumətinin nümayəndələri M.Ə.Rəsulzadə, xarici işlər naziri Məmmədhəsən Hacınski və Osmanlı hökuməti tərəfindən ədliyyə naziri Xəlil bəy, 3-cü ordunun komandiri Vəhib paşa arasında imzalanan yardım müqaviləsinə görə 5-ci Qafqaz diviziyası Gümrü və Qazax istiqamətində Azərbaycana yardım etmək üçün hərəkət etmişdir. Bu qüvvələr iki qrup halında Qazaxa gəlmişdir.
1-ci qrup:
Diviziya qərərgahı;
Onuncu Qafqaz alayı;
Doqquzuncu Qafqaz alayına mənsub 26-cı batalyon;
Dağ topçu batalyonu;
İstehkam bölüyü;
Teleqraf vzvodu;
Orkestr bölüyü;
Cəmi: 147 zabit, 2812 əsgər, 698 heyvan.
2-ci qrup:
13-cü Qafqaz alayı;
Güclü dağ topçu batalyonu;
Səhiyyə bölüyü;
24-cü səyyar xəstəxana;
Səyyar mətbəx vzvodu;
Cəmi: 110 zabit, 2763 əsgər, 668 heyvan.
Osmanlı ordusu Cəlaloğlu, Sadaxlı, Kəmərli, Aslanbəyli, Qazax istiqamətində hərəkət edərək 11/6/1918-də birinci qrup, 12/6/1918-də isə ikinci qrup Qazaxa gəldi. Qazaxda azərlər Türk ordusunu tarixdə görünməmiş bir sevinc və səmimiyyətlə qarşıladı (İstefada olan podpolkovnik Rüştü. Bakı yollarında. Hərbi məcmuə, № 93, səh. 24-25).
30/6/1918-ci ildə rus qüvvələrilə birlikdə ermənilər Göyçaya qəfil basqın etdikləri üçün, Azərbaycandakı Osmanlı ordusunu gücləndirmək məqsədilə 38-ci alay aşağıdakı qüvvələrlə Azərbaycana göndərilmişdir:
65 zabit;
2475 əsgər;
701 heyvan;
2092 tüfəng;
16 dəzgahlı pulemyot;
4 güclü dağ topu;
1 güclü dağ batareyası.
Bu qüvvələrdən başqa 3-cü ordunun ehtiyatda olan 350 əsgərinin 9/7/1918-ci ildə Qazaxa gəldiyi və bu ehtiyat hissəsinin Bərgüşad vağzalından diviziyanın əmrinə göndərildiyi ordu komandanlığı tərəfindən bildirilirdi. Osmanlı ordusu tərəfindən kömək məqsədilə Azərbaycana göndərilən 5-ci qrup Bakıda döyüşlər gedən zaman gəlmişdir. Bundan başqa bir Azərbaycan korpusu da vardı (Rüştü. Bakı yollarında. Hərbi məcmuə, № 93, səh. 78). Bu ordunun təşkili, kiçik zabitlər və zabitlərin İslam ordusu komandanlığı tərəfindən Gəncədə açılan qısa müddətli hərbi kurslarda təhsil aldıqları məlumdur. Azərbaycan korpusuna bir neçə azərlərdən ibarət nizami alayı, Dağıstan süvari alayı və bunlardan başqa Azərbaycanın hər tərəfindən gələn arası kəsilməyən könüllülər də daxil olurdu. Hərbi təlim-tərbiyənin vaxtı az olduğu üçün vuruşma zamanı çoxlu tələfat olurdu. Buna baxmayaraq döyüş meydanından əsla geri çəkilməyərək “Biz bura ölməyə gəldik, dönməyə yox” deyərək vuruşur və getdikcə döyüş havasına alışırdılar. Azərbaycan korpusunun təşkilatı tamamlandıqdan sonra ona podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi.
Cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək zabitləri tərəfindən layiqincə qiymətləndirilən podpolkovnik Həbib bəy rus ordusunda yetişmiş azəri zabitlərdəndir. Bu döyüşlərdə cəbhə iki yerə, cənub və şimal qruplarına ayrılır, cənub qrupuna podpolkovnik Həbib bəy komandir təyin edilir (Rüştü. Bakı yollarında, səh. 101). Şimal qrupuna isə ştab podpolkovniki Osman bəy təyin edilmişdir.
“İlk yaradılışında cənub qrupunun qüvvələri belə idi: 4-cü piyada alayı (azəri alay), 1-ci və 2-ci batalyon, iki süvari bölüyü, azəri süvarilərindən ibarət daha bir bölük, iki qrup dağ və rus səhra topundan ibarət olmuşdur. Bundan başqa ordu alaylarına verilən Rüştü. Bakı yollarında. Hərbi məcmuə, № 93, səh. Səhra topçu vzvodu öküzlə daşındığı üçün şosse yolundan kənara çıxa bilmirdi. Ancaq bu heyvanlar düşmənin zirehli avtomobillərini, zirehli qatarlarını qaçırmaqda və toplarını susdurmaqda çox yararlı olurdular (Yuxarıda göstərilən əsər, səh. 92). Əsasən toplar, Türkiyə cəbhəsini tərk edərək Rusiyaya dönən əsgərlərdən Azərbaycan partizanları tərəfindən zorla alınmışdı. Bu topların mərmiləri rus alaylarından qənimət olaraq ələ keçirilmiş və olduqca çox idi. Azərbaycan korpusunda olan silahlar Rusiyada istehsal olunmuşdu. Buna görə də mərmi sarıdan çətinlik çəkilmirdi. Amma Osmanlı ordusunda istifadə olunan silahlar üçün mərmi çatışmırdı” (Yuxarıda göstərilən əsər). Döyüş zamanı Osmanlı ordusunu, Azərbaycan korpusunu Azərbaycan hökuməti və xalqı ərzaqla təmin edirdi.
Islam ordusu komandanlığından 5-ci Qafqaz diviziyası komandanlığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı qeydlər çox əhəmiyyətlidir: “Bakıya yaxın olan müsəlman kəndlərinin silahlı yardımla bərabər sizə ət, su, çörək və digər ərzaqla yardım edəcəkləri də şübhəsizdir. Baxmayaraq ki, indiki vaxtda siz həmin kəndlərdən 70 km aralıdasınız” (Yuxarıda göstərilən əsər, səh. 113).
Bakıda gedən döyüşlər çox çətin keçdiyindən, Osmanlı ordusundan 15-ci diviziya qərərgahı, 56-cı və 106-cı piyada alayları 1200 əsgər ilə Qarakösədən Bakıya göndərilmişdir. Hacıqabul ilə Ələt vağzallarından Bakı istiqamətində hərəkət edən ordu susuzluqdan əziyyət çəkirdi. Buralar məhsul verməyən, şoranlıq bir ərazidir. Tiflisdən Bakıya gedən dəmir yolu buradan keçir. Ələt vağzalı Xəzər dənizinin sahilinə yaxındır. Düşmən bu cəbhədə həm dənizdən, həm də təyyarə ilə havadan ordumuza saysız-hesabsız hücumlar edirdi. Türk ordusu özünə məxsus dözümlülük göstərərək, susuzluğa və itkiyə baxmayaraq, düşmənin hücumlarını dəf edərək Bakıya yaxınlaşmış və Qobu kəndində qərargah qurmuşdu.
Böyük hərbi nüfuza malik İsmət İnönü vaxtilə bəzi xatirələrini yazdığı “Akis” jurnalında, Fəxrəddin Altay isə “Həyat” jurnalında 1918-ci il Birinci dünya müharibəsinin axırında Osmanlı ordusunun Azərbaycana səfərini “macəra” kimi qiymətləndirmişdilər. İstefada olan podpolkovnik Rüştünün “Bakı yollarında” adlı müfəssəl əsərində təfsilatı ilə verdiyi faktlardan görürük ki, Azərbaycana beş qrup halında göndərilən hərbi qüvvələr cəmi 10000 nəfərdən ibarət olmuşdur. Özünü yabançı bir ölkədə hiss etməyən bu ordu Azərbaycan nizami və könüllü dəstələri ilə yan-yana, çiyin-çiyinə vuruşmuşdur. Azərbaycanı azad etməyə gələn və “İslam ordusu” adı altında toplanan Osmanlı ordusunun itkisi podpolkovnik Rüştünün verdiyi məlumata görə 800-dən 1000 nəfərə qədərdir. Azərbaycan hissələrinin hərbi təlim səviyyəsi zəif olduğundan onların itkisi türklərdən üç-beş dəfə çox olmuşdur. İndi bu əziz şəhidlərimiz Azərbaycan torpağında yan-yana yatırlar. Onlara min rəhmət olsun!
Görəsən Birinci dünya müharibəsinin son aylarında Azərbaycana göndərilən Osmanlı qüvvələrinin üzündən hansı cəbhədə, hansı döyüş məğlubiyyətə uğramışdır? Belə qüvvələrə misal olaraq rus inqilabı zamanı Şərq cəbhəsini tərk edərək geri dönən rus ordusuna qarşı vuruşan Osmanlı qüvvələrini göstərmək olar.
ÇAYIN ORTASINDA DÖVLƏT VƏ DEMOKRATİYA UYUŞMAZLIĞI
1918-ci il sentyabrın 15-də Osmanlı dövlətinin orduları Azərbaycanın mövcud əsgəri və könüllü dəstələri ilə birlikdə Bakını erməni və rus əsgərlərindən azad etdi. Bu hərbi səfər nəticəsində Osmanlı dövləti azərləri tamamilə məhv olmaqdan qurtardı. Tarixi əhəmiyyətə malik olan bu hadisə Azərbaycan xalqının xatirəsindən heç bir zaman çıxmayacaq və silinməyəcəkdir. Sevindirici olan hadisələri qeyd etdikdən sonra Azərbaycan xalqının və hökumətinin bu xeyirli nəticəyə çatmasının asan olmadığını da bildirmək məcburiyyətindəyəm.
Bakının azad olmasından 39 gün öncə diviziyanın və yardımçı qüvvələrin Bakını düşmənlərdən azad etmək üçün başladıqları hücum məğlubiyyətlə nəticələnmişdi. Türkiyədən əlavə yardım istəyən və Azərbaycan könüllülərini hərbi cəhətdən hazırlayan ordu ikinci qəti hücuma hazırlaşırdı.
Bu zaman Azərbaycanda olan və Azərbaycan tarixinin hər dövründə mürtəce qüvvə kimi tanınan bir zümrə - “gerici-mürtəce” ortaya “İlhaqçılıq” məsələsi atmışdı. Yəni Azərbaycan Osmanlı dövlətinə birləşdirilərək bu dövlətin bir vilayəti kimi idarə olunmalıdır. Azərbaycanda islam ordusunun komandiri olan Nuru Paşa (Ənvər Paşanın qardaşıdır) ağıllı bir general olsa da siyasi görüşü o qədər də yetkin deyildi. Mürtəce ilhaqçılar Nuru paşanın bu vəziyyətindən istifadə etmək istəyirdilər.
Məsələni aydınlaşdırmaq üçün Azərbaycan hökuməti adından bir heyət - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və Məmməd Hacınski Nuru paşa ilə danışığa getmişdilər. Görüş zamanı Nuru paşa onlara demişdi: “Mən əsgərəm, siyasəti anlamıram, ordunun siyasi müşaviri Əhməd Ağaoğludur. Onunla görüşün”. Onlar başqa işlər barəsində də müzakirələr etmək istəmişlər, lakin o qəbul etməmişdir. Əhməd Ağaoğlu isə görüş zamanı Azərbaycan heyətinə belə cavab vermişdir: “Siz Milli Şuranı bağlayın, hökumətdən əl çəkin. Nuru paşa istədiyi adamlardan bir Azərbaycan hökuməti qurar”.
Bakı hələ azad olunmamışdı, döyüş davam edirdi. Ordu Nuru paşanın tabeliyində, Nuru paşa isə ilhaqçıların təsiri altında idi. Azərbaycan hökumətinin nümayəndələri Ə.Ağaoğlunun bu təklifini qəbul etməmişdilər. Ə.Ağaoğlu ilə nümayəndələr münaqişəli və uzun sürən danışıqlardan sonra belə bir nəticəyə gəlmişdilər ki, Azərbaycan Milli Şurası öz fəaliyyətini dayandıracaq. Azərbaycan nümayəndələri danışıqların nəticəsi olan bu məsələni Milli Şurada aydınlaşdırdıqdan sonra fraksiya nümayəndələri “Sosial-demokratlar” və “Hümmət” qrupu Milli Şuradan istefa vermişdilər.
Bitərəf demokrat qrupundan olan Məmməd Yusif, kürsüyə çıxaraq göz yaşları içində belə demişdi: “Vay! Kömək gözlədiyimiz Osmanlı qardaşlarımız ürəyimizi oxlayırlar, həyatımızı zəhərləyirlər...”
Milli Şuranın Qazaxdan olan millət vəkili və onun ən gənc nümayəndəsi Rəhim bəy Vəkilov deyirdi: “Nümayəndələrimizin bizə gətirdikləri təklif, ehtimal ki, Müsavat partiyasının çəkildiyi son sərgərdir və zəruridir. Bu iki cür nəticələnə bilər; ya yeni qələbə, yaxud qaranlıq zirzəmilər. Mən isə şəxsən bədbin bir hissiyata qapılaraq, hər halda ikinci nəticəni gözləyirəm... Bu vaxta qədər türklərə məhəbbət bəsləyən münəvvər gənclərlə Osmanlı türk qardaşlarımız arasında olan əlaqələrə rus çinovniklərinin qapısında baş əyən qara qəlbli, xəbis adamlar daima mane olmuşlar. Bu xainlər, dünən bizə karvansarada yer göstərdilər. Fəqət iş onların mərhəmətinə qalarsa karvansara azdır, qaranlıq zindanlar gözləyirik. Çünki, məmləkətin ağ və pak qüvvələri hər zaman rəsmi kəcavələrdə uzaq siyah çöllərdən parlamışdır. Çünki qaranlıq zindanda millətin iradəsi, əzmi və cihadı tərbiyə olunur”.
Yuxarıda Rəhim bəy Vəkilovun dediyi kimi “dünənə kimi rus çinovniklərinə baş əyən xainlər” dini siyasi alət edərək, bu gün siyasi təcrübəsi az olan Nuru paşanın ətrafına toplaşaraq onu ələ almaq üçün hər cür alçaqlıq edirdilər. Bu xain insanlar o qədər alçaq və hər dövrdə mənfəətləri üçün intriqa salan yaltaq adamlardır ki, onların adlarını yazmağı belə lazım bilmirəm. Müsavat partiyasının liderlərindən Nəsib bəyin və M.Ə.Rəsulzadənin Milli Şuradakı təsirli danışıqlarından sonra, Ə.Ağaoğlu ilə aparılan danışıqlar nəticəsində, yeni bir hökumətin yaradılmasını Azərbaycan Milli Şurası qəbul etmişdir. Bunu nəticəsində ikinci Fətəli xan Xoyski hökuməti yaradılmışdı. Bu hökumətdə on iki nazir var idi. Belə bir çətin və mücadiləli şərtlər altında, Azərbaycan xalqının və istiqlaliyyətinin taleyini hadisələrin axını içində hadisələrin axını içində bu hökumət qoruycaq və qurtarmağa çalışacaqdır. Ancaq Azərbaycan milli hərəkatını dövlət halında əks etdirən, Azərbaycan istiqlal fikrini realizə edən və Azər türkünün yeni tarixini yaradan Milli Şura öz fəaliyyətini dayandırmışdı (Mirzə Bala. Milli Azərbaycan hərəkatı).
Mürtəce mollalar və hacıların islam ordusu ətrafında fırlanaraq xaincəsinə nəsihət vermələri də orduya öz təsirini göstərmişdi. İslam ordusu daxilində müstəqil komanda və quruluşa malik olan Azərbaycan birlikləri 5-ci və 15-ci diviziya arasında bölüşdürülmüşdü.
Bundan başqa, Cənub qrupu komandiri azəri polkovnik Həbib bəy Səlimov öz vəzifəsindən azad edilmiş, onun yerinə polkovnik Cəlil Cahid bəy (sonradan Cəlil Cahid Toydəmir ordu generalı olmuşdur) təyin edilmişdi. Azərbaycan birliklərindən süvari alayları və dikaya diviziya ilə milis batalyonları birinci diviziyaya verilmişdi. Azərbaycan süvari bölüyü, dördüncü piyada alayının birinci və ikinci batalyonları, Azərbaycan korpusu rus səhra topları isə Cənub qrupu komandiri polkovnik Cəlil Cahidin əmrinə tabe idi (polkovnik Rüşdü, səh. 192).
1918-ci il iyunun 17-də yaranan ikinci Fətəli xan hökuməti, İslam ordusunun səltənətçi və şəriətçilərin təhrikilə başladıqları siyasi intriqanın qarşısını zahirən də olsa almışdı.
- – İslam ordusu Azərbaycana 1918-ci il mayın 28-də istiqlaliyyət elan edən Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında iyunun 4-də Batumidə imzalanan müqavilə əsasında yardıma göndərilmişdir, Vəhib paşa 2.IV.1918-ci ild Gəncədə olan Nuru paşaya “Azərbaycan hökuməti müstəqil müsəlmanların tələbinə görə müsəlmanları bolşevik təcavüzündən qurtarmaq üçün müxtəlif qüvvəli dəstəni Qazaxdan Gəncə istiqamətinə yönəldəcəyini” yazır və iyunun 7-də 5-ci Qafqaz diviziyasının bütün hissələrinə Qazax yolu ilə Gəncəyə hərəkət etməsi əmri verdiyini bildirirdi.
- – Qeyd etmək lazımdır ki, Azərbaycan bu dövrdə siyasi vəziyyətini təyin edən Osmanlı xarici işlər nazirliyi, müttəfiqi Almaniya ilə 1918-ci ilin sentyabrın 23-də Berlində Tələt paşa vasitəsilə (Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınması şərtilə) Türkiyə ordusunun Azərbaycanı tərk edəcəyini təəhhüd edən bir müqavilə imzalayırdı.
Bütün bunlar göstərir ki, istər Azərbaycanda olan İslam ordusu komandiri, istərsə də onun siyasi müşaviri Əhməd Ağaoğlu Azərbaycan istiqlal hərəkatının obyektiv vəziyyətini heç də düzgün başa düşməmişlər.
İstefada olan qərargah podpolkovniki Hüsaməddin Tuğac “Bir nəslin dramı” adlı əsərində Azərbaycanda, Gəncədə bir müddət qaldıqdan sonra ana vətənə dönmək ərəfəsində Nəsib bəy Yusifbəyli ilə son söhbətini xatırladır. Tarixi bir sənəd olan bu söhbəti sizə çatdırıram: “Azərbaycana türk ordusunun gəlməsi ola bilsin ki, lazımdır, ancaq qorxduğumuz bir şey var, türklər bizi İstanbuldan idarə etməyə başlamasınlar? Bizim federalizm əsasında qurulmuş proqramımız vardır, ona uyğunlaşmaq lazımdır. Nəsib bəyin bu sözü mənə bir az qəribə gəldi, soruşdum: “Siz bu federalizm prinsipini rus idarəsinə qarşı irəli sürmüş olursunuz. Türklər gəlincə onların ruslardan bir fərqi olmayacaqmı? Bu halda federalizmə nə lüzum var?”
Nəsib bəy gülər üzlə mənə cavab verdi: “Azərbaycanın sosial quruluşu bambaşqadır. Bakı sənaye və fəhlə mərkəzidir. Sultan rejimi buradakı əhvala uyğun gəlməz. Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyi üzərində dayanan bir hökumət qurmaq fikrindəyik. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son qoyacayıq. Milli və demokratik bir idarə istəyirik. Halbuki Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç də fərqlənmir. Əlbəttə, bu mövzu irq məfhumundan ayrılır. Əlbəttə ki, Osmanlı türkləri, azərtürklərin böyük qardaşıdır. Ancaq Bakı İstanbuldan idarə oluna bilməz, bunun üçün Müsavat partiyasının federalizm prinsipi daima Osmanlı idarəsinə qarşı qoyulmalıdır”.
Nəsib bəy gülərək bu xalq sözünü də əlavə etdi: “Mənim gözüm səndən su içmir”.
Nəsib bəyi dinlədikdən sonra ona haqq qazandırdım” (Bir nəslin dramı. Ankara, 1966-cı il, səh. 155). Azərbaycan ölkəsi və xalqı üçün siyasi və hərbi baxımdan ən böhranlı bir dövr yaşanırkən bir Azərbaycan liderinin bu şübhəsi çox maraqlıdır... Bu tarixdə Osmanlı ordusu Zaqafqaziyaya hələ gəlməmişdi.
MIRZƏ BALA MƏMMƏDZADƏ (1898-1959)
Mirzə Bala Məmmədzadə Bakıda, Abşeron kəndlərinin birində 1898-ci ildə kasıb balıqçı ailəsində anadan olmuşdur. Uşaq ikən atası vəfat etmiş, onu və iki qardaşını anası böyütmüşdür. Bakı şəhərinə köçdükdən sonra ailələrinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün Mirzə Bala anasının evdə hazırladığı qoğalları bazarda satır, eyni zamanda ibtidai məktəbə gedirdi. İbtidai və orta məktəbi bitirdikdən sonra Bakıda politexnik (sənaye) məktəbinə qəbul olunur. M.Balanın tələbə yoldaşları öz aralarında pul toplayaraq onun üçün kitab və dəftər alırdılar. Çalışqanlığı, natiqliyi, yazma qabiliyyəti tələbə yoldaşları ilə bərabər müəllimlərinin də diqqətini özünə cəlb edirdi.
Texnikumda oxuduğu zaman qeyri-leqal “Məhəmmədiyyə” komitəsinə daxil olur. Sonradan Stalinin yaxın adamı olan Lavrenti Beriya ilə yoldaşlıq edir. Azərbaycanın məşhur ədib və dramaturqu Cəfər Cabbarlı da M.Balanın məktəb yoldaşlarından biridir.
Çarizm istibdadı hər bir Azərbaycan ziyalısının nifrətinə səbəb olduğu kimi, hər bir tələbə də ona düşmən münasibət bəsləyirdi. Bu ruhda böyüyən Mirzə Bala gənclərin toplanışlarına başçılıq edir, alovlu nitqlər söyləyir, özünü gələcək inqilaba hazırlayırdı.
1915-ci ildə M.Ə.Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə ara-sıra məqalələr yazan Mirzə Bala, sonradan həmin qəzetin içində fəal iştirak edənlərdən biri olur. Eyni zamanda həftəlik “Bəsirət” jurnalının da baş redaktoru olmuşdur.
1917-ci il fevral inqilabından sonra Mirzə Balanı Bakıda, Azərbaycan gəncliyinin liderləri arasında görürük. O, “İttifaqı Mütəallimin” və “Gənclər sədası” jurnallarının fəal yazarlarından biri idi.
Müstəqil Azərbaycan hökuməti qurulduqdan sonra Mirzə Bala hökumətin orqanı “Azərbaycan” qəzetinin müxbiri və uzun müddət baş redaktoru olmuşdur. Bakıda yaradılmış mədəni-siyasi cəmiyyətlərdə çalışmaqla yanaşı Müsavat patiyasına daxil olur və partiyanın nüfuzlu, tanınmış üzvlərindən birinə çevrilir. Azərbaycan ikinci dəfə ruslar tərəfindən işğal olunduğu zaman Mirzə Bala məsləkdaşları ilə birlikdə həbs edilir, sonralar təsadüf nəticəsində həbsdən azad olunur və yoldaşlarının köməkliyi ilə qeyri-leqal fəaliyyət göstərən Müsavat partiyasına başçılıq edir. Qeyri-leqal Müsavat partiyasının Azərbaycanın bütün vilayət və rayonlarında gizli fəaliyyət göstərməsini başa düşən kommunistlər şübhələnməyə başlayırlar. Uzun təqiblərdən sonra 1923-cü ilin axırlarında qeyri-leqal Müsavat partiyasının “İstiqlal” qəzeti nəşr olunduğu mətbəənin bütün işçiləri həbs olunur.
Bu basqından sonra ÇEKA Azərbaycan ziyalıları arasında geniş miqyasda həbs və edamlara başlayır. Mirzə Bala İrana sığınmaq məcburiyyətində qalır. Bir müddət İranın sahil şəhəri olan Ənzəlidə yaşayır. Lakin burada da onu sakit buraxmırlar. ÇEKA agentləri tərəfindən təqib edildiyi üçün o Tehrana, oradan da Təbrizə gedir. Həmin illərdə M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdirdiyi “Yeni Qafqaz” jurnalına məqalələr yazır və şəxsi evlərdə müəllimlik edir. Texnikum məzunu olduğu üçün Cənubi Azərbaycanın Sulduz mahalında şosse yolu inşasında elmi-texniki nəzarət məsləhətçisi vəzifəsində çalışır.
1927-ci ildə İstanbula gələn Mirzə Bala bütün ömrünü Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr edir. “Yeni Qafqaz”, “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş”, “Azadlıq” (almanca) mətbu orqanlarında “Müsavat” adlı bülletenində, “Azərbaycan” jurnalında bir sıra məqalələr çap etdirir. O, 1932-ci ildə Polşanın paytaxtı Varşavaya gəldikdən sonra da mübarizəsindən əl çəkmir. 1939-cu ildə Polşa Almaniya ilə Sovet İttifaqı arasında gizli bölündüyü zaman Mirzə Bala yenidən İstanbula dönərək “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində Rusiyada əsir olan türklər haqqında məqalələr yazmağa başlayır.
1955-ci ildə Mirzə Bala Münhendə yaradılan Sovet İttifaqını öyrənən instituta dəvət edilərək institutun elmi şurasının rəhbəri seçilmiş və institutda nəşr olunan jurnalın baş redaktoru olmuşdur. 1959-cu ildə İstanbulda ürək xəstəliyindən vəfat etmişdir.
Mirzə Bala ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Savadsız bir ailədə anadan olmasına baxmayaraq, Mirzə Bala bəzi ziyalılar kimi bolşeviklərə qoşulsaydı onun yeri ÇEKA zindanları deyil, böyük vəzifələr olardı. Əlbəttə ki, buna imkanı var idi, çünki Stalinin sağ əli olan L.Beriya Mirzə Balanın ən yaxın yoldaşlarından biri idi. O, İranda siyasi mücahir olduğu zaman Beriya öz adamları vasitəsilə ona xəbər göndərərək mübarizədən əl çəkib Azərbaycana dönməsini təklif edir, lakin Mirzə Bala bu təklifi qəbul etmir.
Mirzə Balanın siyasi məqalə və kitablarından başqa “İslam Ensiklopediyasında” çap olunmuş elmi yazıları, “Azərbaycan misaki millisi” (1927), “Milli Azərbaycan hərəkatı – “Müsavat” partiyasının tarixi” (Berlin, 1938) adlı elmi-siyasi əsərləri də vardır. Müsavat partiyasının üzvü olduğu üçün o öz yazılarında partiyanın fikirlərini təbliğ edirdi.
Xarakter etibarilə sərt olan Mirzə Bala haqsız hücumlara məruz qalmışdır. Mühacirətdə belə, yoxsulluqdan qurtara bilməmişdir. Amma bu maddi çətinlik onu mübarizə aparmaq amalından çəkindirməmişdir. Mirzə Bala Azərbaycan azadlıq mübarizəsinin böyük və unudulmaz qəhrəmanlarından biri olmuşdur.
Mirzə Bala Vətəndə olarkən qeyri-leqal Müsavat partiyasının lideri olduğu kimi, M.Ə.Rəsulzadənin vəfatından sonra da xaricdə Müsavat partiyasının lideri seçilmişdir (“Azərbaycan” jurnalı, №12, 1959-cu il mart; Azərbaycan” jurnalı, 1962-ci il, aprel, may, iyun).
AZƏRBAYCAN PARLAMENTİ
Osmanlı dövlətinin məğlubiyyətindən sonra, 1918-ci il oktyabrın 30-da Mudros müqaviləsi imzalandı və bu müqaviləyə əsasən Osmanlı ordusu tərk-silah olundu. Mudros müqaviləsinin 11-ci maddəsində göstərilirdi ki, türk ordusu Qafqazda və Cənubi Azərbaycanda olan ordularını geri çağırmalıdır. Mudros müqaviləsini Türkiyə tərəfdən Rauf bəy və Rəşid Hikmət bəy, müttəfiqlər adından isə Artur Qalthorpe imzalamışdılar. Meydana gələn yeni vəziyyətlə əlaqədar olaraq Azərbaycan hökumətinin nümayəndələri İranda olan və müttəfiqləri təmsil edən ingilis generalı Tomson ilə vəziyyəti aydınlaşdırmaq üçün Ənzəlidə görüşsələr də o, Azərbaycan adında bir hökumət tanımadığını söylədi və danışıq aparmağa razılıq vermədi. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni bir dövrün başlanğıcı oldu.
Bax, belə bir siyasi şəraitdə yenidən ingilis orduları çıxarıldı. İngilis ordusu İranın Ənzəli limanından Bakıya gəlirdi... İngilis ordusu ilə birlikdə rus və erməni silahlı dəstələri də geri dönürdülər. Bakıya gələn silahlı qüvvələri siyasi baxımdan daşnaklar, eserlər, sosial demokratlar, kadetlər təmsil edirdilər. Bakı Türkiyə orduları tərəfindən işğal edildiyi zaman onlar gəmilərlə qaçaraq İrana sığınmışdılar.
Yuxarıda adları çəkilən və Rusiyada hakimiyyətə gələn bolşeviklər, dünyanın hər yerinə yayılmış siyasi qüvvələr Yəhudi sionist partiyasının nümayəndələrilə birləşərək Bakıda “Demokratik müşavirə” məclisi qurdular və bu məclisə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrini də dəvət etdilər. Onlar Azərbaycan hökumətinin ləğv edilməsini və Ufada yaradılan admiral Kolçak hökumətinin ali hakimiyyətini tanımasını tələb edir, bunun əvəzində isə Azərbaycanın siyasi xadimlərinə vəzifələr vəd edirdilər. Siyasi vəziyyət çox gərgin idi. Inamı zəif olan adamlar şayiələrə uymuşdular. Osmanlı dövləti ilə birləşməni təbliğ edən bu zavallılar, bu gün də: “Azərbaycan təkbaşına tək yaşaya bilməz, Rusiya ilə birləşməsi zəruridir”, tezisini müdafiə edirdilər (Rus inqilabi arxivi, cild XIX, səh. 150). Artıq Azərbaycanda baş verən çox çətin böhranlı günlərdə, Əhməd Ağaoğlunun, Azərbaycanın Rusiyaya birləşdirilməsi haqqında Bakıda rusca qəzetə bəyanat verməsi inqilabçı Azərbaycan ziyalıları arasında çox böyük fikir ümidsizliyinə səbəb olmuşdu (“Problem” jurnalı, Paris, 1935).
Belə bir vəziyyətdə Bakı alınmazdan əvvəl İslam ordusunun komandiri Nuru paşa tərəfindən fəaliyyəti dayandırılan Azərbaycan Milli Şurası heç bir şayiələrə uymadan 1918-ci il noyabrın axırlarında Bakıda toplaşdı və Azərbaycan parlamentinin yaradılması haqqında qərar çıxardı. 1918-ci il dekabrın 7-də parlamentin açılışında Milli Şuranın rəhbəri M.Ə.Rəsulzadə giriş nitqi söylədi. M.Ə.Rəsulzadənin çıxışı əsasən “ilhaqçılara” qarşı yönəldilmişdi. O, öz nitqini “Bir dəfə yüksələn bayraq, bir daha enməz...” sözlərilə bitirmiş və alqışlarla qarşılanmışdı. Bu toplantıda Azərbaycanın tanınmış siyasi xadimi Əlimərdan bəy Topçubaşov parlamentin sədri seçildi. Azərbaycanın belə bir böhranlı çağında – Bakıda ingilis, rus və erməni silahlı qüvvələrinin ağalıq etdikləri bir vaxtda qorxusuz və inamlı davranışları ilə Azərbaycanın istiqlaliyyətini qoruyub saxlamış Milli Şuranın bütün üzvlərini tarix rəhmətlər və sayqılarla anacaqdır.
Bu tarixdən sonra baş nazir Fətəli xan azadlıq uğrunda apardığı mübarizədə özünə olan inamı, diplomatik qabiliyyəti, dövlətlərarası hüquq qaydalarını gözəl bildiyi üçün bu mübarizədə müvəffəqiyyət qazandı və ən axırda həqiqəti ingilislərə anlatmağa müvəffəq oldu.
Mudros müqaviləsinin 15-ci maddəsi: Bütün dəmir yolları nəqliyyat zabitlərinin ixtiyarına veriləcəkdir. Bununla yanaşı hal-hazırda Osmanlı hökumətinin nəzarəti altında olan Zaqafqaziya dəmir yolları da bura daxildir. İndiki Qafqaz sərhəddi sərbəst və tamamilə İttifaq məmurlarının tabeliyinə veriləcəkdir. Əhalinin ehtiyacı nəzərə alınacaqdır.
Osmanlı hökuməti Bakının işğal olunmasına etiraz etməyəcəkdir. Bura Batuminin işğalı da daxildir.
“Hal-hazırda Rusiya anarxiya içərisindədir. Zaqafqaziyanın rayonlarında, o cümlədən Azərbaycanda xalq yeni yaradılan milli hökumətlərə sakitlik və asayiş içində itaət edib yaşamaqdadır. Əgər müttəfiqlər, ingilis komandanlığı bu milli hökumətlərin həqiqi varlığını tanımazsa Qafqazın bütün şəhərlərində və Azərbaycanda sakitlik və asayiş pozulacaqdır”. Olduqca doğru olan bu siyasi diaqnoz və çıxışdan sonra ingilis generalı Tomson öz hökuməti ilə məsləhətləşərək Azərbaycan Milli Şurasının təşkil etdiyi Fətəli xan hökumətini, Azərbaycanda yeganə qanuni hökumət olaraq tanıyacağını bir bəyannamə ilə Fətəli xan hökumətinə və xalqa elan etmişdir (Milyukov, səh, 225, 28 dekabr 1918-ci il).
Bundan sonra Azərbaycan istiqlal mübarizəsini Qərbdə və dünya dövlətləri arasında tanıtmaq üçün Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında bir nümayəndə heyəti Paris sülh konfransına göndərildi (İslam-Türk ensiklopediyası № 44).
Azərbaycanın əhalisi, fəhlə təşkilatları, həmkarlar ittifaqları, digər sərbəst ixtisasa malik olanlar, ticarət və sənaye palataları, vilayət, qəza, kənd hesablandıqdan sonra parlamentdə 120 millət vəkilinin iştirak etməsi lazım gəldi. Siyasi şəraitin ağır olması, vaxtın azlığı Azərbaycan parlamentində 93-95-dən çox millət vəkili iştirak edə bilməmişdi. Onların parlamentdə yerləri belə idi: Müsavat – 32, Bitərəf demokrat qrupu – 7, İttihad – 11, Sosialist fraksiyası – 11, Əhrar – 10, Müstəqil – 4, erməni fraksiyası – 10, rus fraksiyası – 5, başqa millətlər – 5.
Bitərəf demokrat qrupuna – başda Əlimərdan bəy Topçubaşov olmaqla, Fətəli xan Xoyski, qardaşı Rüstəm xan Xoyski və başqaları daxil idi. Bitərəf demokratik qrupu daim Müsavat partiyası ilə ittifaqda idi. Bolşeviklər Petroqrad və Moskvada silahlı üsyan nəticəsində hakimiyyətə gəldikdən sonra Müəssislər məclisinə seçkilər keçirildi. Müsavat partiyası 634.000 seçicidən 405.000 səs toplamağa nail olmuşdu.
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Cənubi Azərbaycandan olan 1500 nəfər fəhlənin səsvermədə iştirak etməsini qadağan olunmasına baxmayaraq “Müsavat” – 8.147 səs, bolşeviklər – 3.883 səs, menşeviklər – 687 səs almışlar (İşxanyan. Zaqafqaziyada inqilab və əksinqilab. Bakı, 1918).
Bütün bunlar Azər xalqının, Bakı əhalisinin və fəhlə sinfinin hansı partiyanın arxasınca getdiyini açıqca göstərir. Bolşevik və menşeviklərə isə əsasən ermənilərlə ruslar səs vermişdilər (W.Woytinski: “Demokratie Georgienne”, Paris 1921-p, 113).
Bütün bunlara baxmayaraq kənardan və daxildən Azərbaycan istiqlaliyyətini baltalamaq, azəri türkünün müstəqil dövlət qurmaq təşəbbüsünü boşa çıxarmaq üçün rus partiyaları əllərindən gələni əsirgəmirdilər. Fətəli xan Xoyskinin üçüncü nazirlər kabinetinin inadı nəticəsində ingilis ordusunun komandanı Tomson, rus və erməni silahlı qüvvələrini Azərbaycan sərhədlərindən kənara çıxartdıqdan sonra, rus partiyaları təşvişə düşdülər. Onlar Azərbaycanın iqtisadi vəziyyətini sarsıtmaq üçün dövlət idarələrində sabotaj edir və azərlərin dövləti idarə edə bilməyəcəklərini sübut etmək istəyirdilər. Demək olar ki, Bakıda yerləşən sənayenin bütün sahələrində çalışan fəhlələrin əksəriyyəti türklər idi. Ona görə də onlar rusların təbliğatına uymadılar. Beləliklə, üsyan baş tutmadı. Bakıda olan xarici müşahidəçilər və ingilis ordusunun komandiri general Tomson gördülər ki, Müstəqil Azərbaycan hökuməti xalqın dərin hörmətini qazanmışdır. 1920-ci ilin əvvəllərində Azərbaycanda fəhlə hərəkatına rəhbərlik etmək üçün gizli surətdə Moskvadan Bakıya göndərilən Zaqafqaziya Kommunist təşkilatının baş katibi Lominadze sonradan nəşr etdirdiyi xatirələrində Bakı fəhləsinin ancaq Müsavat partiyasının arxasınca getdiyini yazırdı (“Şərq qadını” jurnalı, № 17, Bakı, 1925).
Azərbaycan xalqı və yenicə təşkil olunan müstəqil Azərbaycan hökuməti həm daxildə, həm də xaricdə olan düşmənlərlə mübarizə aparır, bir tərəfdən də dövlət üçün lazım olan milli heyətləri yaradırdı. Çarın tərəfdarı general Denikin Şimali Qafqazın, Dağıstanın torpaqlarını hərb gücü ilə və çox qanlı döyüşlər nəticəsində istila etmiş, bir tərəfdən Gürcüstan, o biri tərəfdən də Azərbaycan sərhədlərinə yaxınlaşmışdı. General Denikin qüvvələri Şimal cəbhəsində bolşeviklər tərəfindən sıxışdırılırdı. Azərbaycan hökuməti bir tərəfdən Şimali Qafqaz və Dağıstan qüvvələrinə Denikinə qarşı vuruşmaqda yardım edir, digər tərəfdən də vaxtilə çar tərəfindən köçürülüb Azərbaycanda yerləşdirilən, “malakan” adı ilə tanınan rus partizanları tərəfindən işğal edilən Lənkəran və Muğan rayonlarını bu daxili düşmənlərdən azad etmək məcburiyyətində qalmışdı. Azərbaycanın daxilində olan rus partizanları bir tərəfdən Denikindən dəniz vasitəsilə yardım alır, digər tərəfdən də bolşeviklər onlara köməklik edirdilər. Azərbaycan ordusu briqada generalı Həbib bəy Səlimovun komandanlığı altında Muğan və Lənkərandakı malakan partizanlarını əzdi, silahlarını əllərindən aldı. Lənkəran və Muğanda Azərbaycan bayrağı qaldırıldı. Bundan sonra növbə Yerevan tərəfdən Azərbaycan hökumətinə qarşı hücuma sövq edilən ermənilərə gəldi.
Milli Müstəqil Azərbaycan dövlətinin ən əhəmiyyətli cəhətlərindən biri, onun tam mənasında hüquqi dövlət olması idi. Milli Şura toplantılarına başladığı zaman Azərbaycan vətəndaşları olan ermənilərdən, ruslardan və yəhudilərdən parlamentə nümayəndələr istəmişdir. Beləliklə, ermənilərdən 10, rus, yəhudi və başqa millətlərdən olanlardan 5 nəfər parlamentə seçilmişdilər (Mirzə Bala, səh. 155). Onlar da az bir vaxt ərzində yola gətirdilər. Bu hadisədən sonra istər hökumətin, istərsə də xalqın öz yeni yaranan milli ordusuna inamı daha da artdı, ölkədə sakitlik və asayiş yarandı. Hərbi nazir, ordu generalı Səməd bəy Mehmandarov Azərbaycan milli ordusuna müraciətində demişdir: “Qəhrəman əsgərlər, mən şəxsən alman cəbhəsində bir çox döyüşlərdə olmuşam, fəqət sizin qədər qəhrəman əsgərlərə az rast gəldim. Siz mənim ümidlərimi doğrultdunuz...” (Polkovnik İsrafil. Azərbaycan ordusu haqqında, “Yeni Qafqaz” № 17).
Azərbaycan Milli Müstəqil hökumətinin yaşadığı 23 ay ərzində yeni dövlət qurmaq yolunda apardığı işlər sözün əsl mənasında böyük işlər idi.
Azərbaycan hökuməti yeni kurslar, məktəblər açaraq məmur yetişdirdiyi kimi, sənətkar olan azərtürklərdən də istifadə edir və Qərb ölkələrinə sənət öyrənmək üçün daha çox tələbə göndərirdi. Ölkə daxilində ixtisas institutları açılır, Azərbaycanda ədliyyə, idarə və polis böyük zəhmət sayəsində yerli kadrlarla təmin edilirdi. Verginin əsası gəlirin artımına görə tənzim edilmiş, iqtisadi islahata başlanmış və bir də dövlət bankı yaradılmışdı. Kəndlərdə istehsalçı xalqın kreditə olan ehtiyacını ödəmək üçün kredit və əmanət kassaları qurulmuş, ticarətin inkişafına xidmət edəcək banklar və kredit müəssisələri yaradılmışdı.
Milli təhsil baxımından məktəblərdə tədris dili – türk dili qəbul edilmişdi. Dərs kitablarının nəşri üçün maarif nazirliyinin nəzarəti altında tərtib və tərcümə kollegiyası yaradılmış, ölkənin çox yerində müəllim hazırlayan məktəblər açılmışdı. Bunlardan başqa Qərb üslubunda Azərbaycan universiteti yaradılmışdı.
Müstəqil Azərbaycan hökuməti sosial məsələlərin həllini radikal bir şəkildə ortaya qoydu. Hazırlanmış torpaq islahatı layihəsinə görə bütün torpaqlar sahiblərindən pulsuz alınaraq onu əkib-becərən kəndlilərə təmənnasız verilməli idi. Torpaq mülkiyyətinin maksimum miqdarı təyin edildi, yəni torpaq mülkiyyəti məhdudlaşdırıldı. Toqpaq sahibi olan kəndlilərin kredit və başqa ehtiyacları üçün lazım olan tədbirlər görüldü. Beləliklə, çar rejiminin Azərbaycana gətirdiyi rus mədəniyyətinin ölçüsünü, səviyyəsini göstərən təhkimçilik dövründən qalma qanunlar, nizamlar və adətlər kökündən dəyişdirildi.
Azərbaycanda istiqlaliyyət elan edildikdən sonra din dövlətdən ayrılmışdı. Bundan başqa şiəlik, sünnülük din ayrılığı hələ 1905-ci il inqilabından bütün Rusiya müsəlmanlarının Nijni Novqorodda keçirdikləri böyük konfransda Əlimərdan bəy Topçubaşovun təklifi və konqresin qərarı ilə din nümayəndəsinin müfti və imamların konqres qarşısında bir-birilərilə qucaqlaşıb öpüşmələri və hər gün bir yerdə olmaları, yeyib-içmələri ilə aradan qaldırılmışdı. Müstəqil Əlimərdan bəy Topçubaşov dövləti qurulduqdan sonra da bu ənənəyə sadiq qalınmış, hər məzhəbin nümayəndələrindən ibarət “Məşhədu İslamiyyə” yaradılmış, sünni müfti ilə şiə şeyxülislam kənd-kənd dolaşaraq artıq məzhəb ixtilafının mövcud olmadığını xalqa anlatmış, onlara elmi surətdə İslam tarixindən misallar söyləmişdir. Xalq mömin din xadimlərinin nəsihətlərinə inanaraq onları hörmətlə qarşılamışdı.
Azərbaycan milli hökumətində əmək nazirliyi var idi. Fəhlələrin əmək haqqı ən incə mətləblərə qədər onların xeyrinə həll olunur və bu yolda çox radikal qanunlar çıxarılmışdı.
Azərbaycan Müstəqil Respublikasının konstitusiyasını hazırlamaq üçün komissiyalar yaradılır və Müəssislər məclisinin çağırılmasına hazırlıq görülürdü.
MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN
BEYNƏLXALQ VƏZİYYƏTİ
Bu günün tələblərinə uyğun beynəlxalq münasibətlər bir-birinə qarşı olan cəbhələrə ayrıldığı üçün, görürsən ki, dünən qəbilə halında yaşayan bir Afrika xalq cəmiyyəti müstəqilliyini elan edər-etməz həmin Afrika qəbiləsinin qonşuluğunda olan dövlətlər dəstəsi, müstəqilliyini elan edən Afrika cəmiyyətini bir dövlət kimi tanıyırlar. Çox keçmədən yeni yaranan Afrika dövləti mənsub olduğu “dəstənin” köməkliyilə Birləşmiş Millətlər Təşkilatına nümayəndələr göndərir.
XX əsrin ikinci yarısında yeni meydana gələn bir dövlət özünün müstəqilliyini təsdiq etdirmək üçün beynəlxalq hüquq qaydalarına tam cavab verməlidir. Qafqazda yeni yaranan Azərbaycan və Gürcüstan dövlətləri, Birinci dünya müharibəsinin qalibləri Antanta adı altında birləşən Qərbin hegemon dövlətlərinə özlərini zorla qəbul etdirmiş və felən tanınmışdılar.
Bu tanınmadan əvvəl Azərbaycan qonşuluğunda olan bir çox ölkələrlə dövlətlərarası əlaqələr qurmuş, müqavilələr imzalamış, nümayəndələr göndərmiş və qəbul etmişdir.
Doktor Mir Yaqub (Azərbaycanın Parisdə olan nümayəndə heyətinin üzvü) Azərbaycan və Gürcüstan istiqlaliyyətini Qərb dövlətləri tərəfindən tanınması mərasimini belə nəql edir: “Versal konfransda müstəqilliklərini elan etmiş Qafqaz dövlətlərinin təsdiq olunması üçün əlverişli şərait yaranmışdı. Bu işin yalnız gündəlik məsələyə daxil edilməsi qalmışdı. Bu da o zaman İngiltərə xarici işlər naziri, eyni zamanda Sülh konfransının iştirakçısı olan Lord Kerzon tərəfindən həyata keçirilirdi. 1920-ci ilin yanvarın 12-də Böyük dövlətlərin Ali Şurası Azərbaycan ilə Gürcüstanı müstəqil bir cümhuriyyət kimi tanıdıqlarını bildirdi. Bundan sonra bu iki cümhuriyyətin nümayəndələri Fransanın xarici işlər nazirliyinə çağırıldılar. Burada Fransanın xarici işlər naziri Kambon hər iki dövlətin istiqlaliyyətini konfransın təsdiq etdiyini təntənəli surətdə elan etdi. Həmin mərasimdə ingilis Filip Kerr və Markiz de la Toratti (İtaliya nümayəndəsi) də iştirak edirdilər. Kambon sonra öz çıxışında hər iki cümhuriyyətin bundan sonra müstəqil bir dövlət kimi rəsmiləşdiriləcəyini və əgər müraciət etsələr konqres səviyyəsində müzakirə ediləcəyini elan etdi. Bundan başqa hər iki cümhuriyyətin Rusiyadan ayrı müstəqil bir dövlət olduqlarını qeyd etdi. Belə ki, bundan sonra Azərbaycan ilə Gürcüstan cümhuriyyətlərinə müstəqil və suveren bir dövlət kimi baxılacaqdır.
1920-ci il yanvarın 19-da Azərbaycan ilə Gürcüstandan gəlmiş nümayəndələrin iştirakı ilə “Ali Şura”da fövqəladə iclas keçirildi. Toplantıda İngiltərəni hərbi naziri Çörçill, feld-marşalı Henri Vilson, admirallığın birinci lordu U.Lanq, admiral Bitti, Lord Kerzon, Fransanı isə Klemanso, Kambon, Pişon, marşal Foş və başqaları təmsil edirdilər. İtaliya nümayəndələrinə isə Nitti başçılıq edirdi.
İclası açıq elan edən Klemanso öz çıxışında hər iki müstəqil dövləti təbrik edərək bu hadisəyə yüksək qiymət verdi. Öz növbəsində Qafqazdan gələn nümayəndələr də ölkələrində baş verən hadisələr barəsində iclas iştirakçılarına təfsilatı ilə məlumat verib onlardan maddi və mənəvi yardım istədilər. Həmin iclasda digər iki cümhuriyyətin – Şimali Qafqazla Ermənistanın müstəqil bir dövlət kimi tanınması üçün təşəbbüs qaldırıldı (“Azərbaycan” jurnalı, 1953-cü il fevral, № 11).
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan edildikdən sonra Fətəli xan Xoyski tərəfindən yaradılan hökumət ilk dövlətlərarası paktı Türkiyə hökuməti ilə Batumidə imzalamışdı. İmzalanan müqaviləyə əsasən Fətəli xan Xoyski Osmanlı hökumətindən yardım istəmişdi və bu yardım əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi yerinə yetirilmişdi. Beləliklə, dövlətlərarası münasibətlərdə yeni yaranan müstəqil Azərbaycan dövləti yeri gəldikcə özündən söz açmış, beynəlxalq hüquq baxımından özünü bir çox dövlətlərə felən və hüquqi cəhətdən tanıtmışdı.
1919-cu ilin avqustunda ingilis ordusu çıxıb getdikdən sonra Azərbaycan tamamilə azad və müstəqil dövlət olmuşdu.
Gürcüstan respublikası ilə mehriban qonşuluq münasibətləri yaranmış, şimaldan gələn hər cür təcavüzə qarşı birlikdə mübarizə aparmaq üçün müqavilə imzalanmışdı. Bu müqaviləyə qoşulmaq məsələsi Ermənistanın öz ixtiyarına verilmişdi. Erməni hökumətinin alçaq hərəkətlərinə baxmayaraq onlarla səmimi qonşuluq münasibətləri yaratmaq üçün 1919-cu il aprelin 25-də Tiflisdə Zaqafqaziya respublikalarının konfransı keçirilmiş və bu konfransda “Qafqaz konfederasiyası” tezisi müdafiə olunmuşdu. General Denikinin rəhbərliyi altında olan ordunun Qafqaza hücumu gözlənildiyi üçün bu təcavüzün qarşısını almaq məqsədilə Dağıstan və Şimali Qafqaz çərkəzləri birləşərək Şimali Qafqaz respublikası adlanan bir dövlət qurdular. Şimali Qafqaz respublikasına Müstəqil Azərbaycan dövləti öz büdcəsindən 2,5 milyon funt sterlinq miqdarında təcili yardım göstərdi.
Qonşu İran dövləti ilə siyasi, iqtisadi, ticarət münasibətlərini tənzimləmək üçün Bakıda uzun sürən konfrans keçirilmiş və razılıq əldə edildikdən sonra müqavilə bağlanmışdı. Əldə olunan razılığa görə İran hökuməti Azərbaycanı müstəqil bir dövlət kimi tanımışdı. İranla Azərbaycan arasında qarşılıqlı olaraq elçilər göndərilmiş və müxtəlif sahədə çalışan nümayəndələr qəbul edilmişdi.
Qeyd etmək lazımdır ki, bütün bunlarla yanaşı müstəqil Azərbaycan dövləti bir çoxlarına maddi yardım göstərirdi. Buna misal olaraq Batumidə olan acarlara, Qars və Araz çayı boyunca yerləşən türklərə edilən maddi yardımı göstərə bilərik.
MİLLİ MÜSTƏQİL AZƏRBAYCAN HÖKUMƏTİNİN XARİCDƏKİ SİYASİ NÜMAYƏNDƏLƏRİNDƏN BƏZİLƏRİ
Azərbaycan “Paris Sülh konfransında” olan nümayəndə heyətinin rəhbəri:
Əli Mərdan bəy Topçubaşov;
Acarıstanda (Batumi) olan siyasi nümayəndə: Doktor Mahmud bəy Əfəndiyev
Ermənistanda olan siyasi nümayəndə: Məmmədxan Təkinski
Gürcüstanda olan nümayəndə: Məmməd Yusif Cəfərov
İranda olan siyasi nümayəndə: Adil xan Ziyadxanlı
Türküstanda olan siyasi nümayəndə: A.Sadıqov
Kubanda olan siyasi nümayəndə: Cəfər bəy Rüstəmbəyli
Türkiyədə (İstanbul) olan siyasi nümayəndə: Yusif bəy Vəzirov.
Müstəqil Milli Azərbaycan hökumətinin nəzdində olan siyasi nümayəndələrdən bəziləri.
Amerika Birləşmiş Ştatları: Cənab Randalt
Amerika Birləşmiş Ştatlarının Zaqafqaziya fövqəladə komissarı: Polkovnik Qaskel
Amerikanın Bakıdakı konsulu: Cənab Q.Smit
Ufada qurulan Ağ rus hökumətinin nümayəndələri: Polkovnik Politsin və polkovnik Belyayev
Ermənistan hökumətinin nümayəndəsi: T.A.Bekzadyan
Fransa hökumətinin nümayəndəsi: Cənab A.Qaye
Fransa hökuməti hərbi attaşesi: Polkovnik Osberq
Gürcüstan hökumətinin nümayəndəsi: K.Alşibaya
İtaliya hökumətinin nümayəndələri: Polkovnik Barbaris və Şövalye Anri İnsam
Şimali Qafqaz hökumətinin nümayəndəsi: Əlixan Qantemir
Polşa hökumətinin nümayəndələri: Cənab Leysner, V.Ostrovski
Türkistan Kaspi hökumətinin nümayəndəsi: Cənab N.A.Stolpako
Ukrayna hökumətinin nümayəndəsi: Cənab V.Konsolos
İsveçrə hökumətinin nümayəndəsi: Cənab Robert de Riez
İngilis hökumətinin nümayəndəsi: Polkovnik Stoks
İran hökumətinin nümayəndəsi: Məhəmmədxan Saidül Vüzara
İranın Lənkərandakı konsulu: Sadıqxan Sadü-dövlə
Litva hökumətinin nümayəndəsi: Cənab Mitskeviç və Delide
Vatikan hökumətinin nümayəndəsi: Cənab Antuan Delabus
MILLI MÜSTƏQIL
AZƏRBAYCAN CÜMHURIYYƏTININ ORDUSU
Çar Rusiyası Türküstan və Azərbaycan kimi türklər yaşayan müstəmləkələrindən əsgər aparmırdı. Bundan əsas məqsəd türk xalqına əsgərlik adətlərini unutdurmaq və inanılmayan bu xalqın əlinə silah verməmək idi. İkinci Rusiya inqilabı hərbi qüvvəsi olmayan azərləri çətin vəziyyətə salmışdı. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. Hələ Osmanlı ordusu Azərbaycana köməyə gəlməzdən əvvəl Gəncədə kiçik zabit məktəbinin ilk sinfi qurulmuşdu. Osmanlı ordusu bu məktəbi zabit köməkçisi məktəbi adı ilə yenidən təşkil etdi. Rus ordusundan Azərbaycana 300-ə qədər yaxşı təlim almış zabit kadrları qalmışdı. Onların otuzdan çoxu qərargah zabiti idi. Fəqət əsgəri, kiçik zabiti olmayan zabit kadrları nəyə və kimə lazımdır? Osmanlı ordusu Mudros müqaviləsinə görə Bakını ingilislərə təslim edib getmişdi. Buna görə Azərbaycanın hərbi nazirliyi Gəncəyə köçmək məcburiyyətində qaldı. Gəncədə görülən ilk iş yeni “hərbi təlimnamə” qəbul etmək oldu. Mövcud olan Zabit köməkçisi məktəbinə yeni müəllimlər təyin edildi və beləliklə, hərbiyyə məktəbi yaradıldı. Bu məktəbin müəllim kadrları rus ordusunda yetişmiş azəri qərargah zabitləri idi. Onlarla birlikdə gürcü və rus zabitləri də müəllimlik edirdilər. Ağdamda Pulemyotçu kiçik zabit məktəbi yaradılmışdı. Bu hərbi məktəblərdə zabitlər özləri ilə tələbələr arasında heç bir fərq qoymayaraq birlikdə çalışır, onları öyrətdikləri kimi özləri də öyrənirdilər. Ağdamdakı pulemyot məktəbində general Süleyman bəy Əfəndiyev tələbələrlə birlikdə torpağa uzanaraq təlim keçirdi. Bundan başqa “Serjant hazırlama məktəbi”, bir də “İstehkam bölüyü məktəbi” açılmışdı. Bütün zabitlər və hökumət Azərbaycan ordusunu yaratmaq üçün əllərindən gələni əsirgəmirdilər. Alaylar yaradıldıqdan sonra kifayət qədər azəri zabit olmadığı üçün Şimali Qafqazdan çərkəz, gürcü və rus zabitləri dəvət olunurdu.
Nəhayət, göstərilən səylər nəticəsində Azərbaycan ordusu aşağıdakı şəkildə quruldu:
Birinci piyada diviziyası (Diviziyanın komandiri, diviziya generalı Cavad bəy idi):
1 – Cavanşir alayı;
2 – Gəncə alayı;
3 – Zaqatala alayı
Birinci süvari alayı, birinci piyada diviziyasının tərkibinə daxil olmuşdu.
İkinci diviziyanın tərkibi (Diviziyanın komandiri, diviziya generalı İbrahim ağa Yusif idi):
1 – Quba piyada alayı;
2 – Bakı piyada alayı;
3 – Şamaxı piyada alayı;
4 – Göycay piyada alayı;
Üçüncü diviziyanın tərkibinə Lənkəran alayı daxil olunmuşdu. Süvari birlikləri Tatar, Qarabağ, Şəki alaylarından təşkil edilmişdi. Hər diviziyada iki topçu alayı var idi.
İki zirehli qatar, altı zirehli avtomobil, səkkiz dəniz təyyarrəsi, “Qars” və “Ərdahan” adlı iki dəniz kanoner gəmisi var idi (Kanoner – orta kalibrli topları olan iti gedən sahil keşikçi gəmisi – tər.).
Hər iki alay iki min süngüdən ibarət idi. Orduda 600 zabit vardı. Bu miqdarın yarısı türklərdən ibarət idi. Zabitlərin 10%-ni qərargah zabitləri təşkil edirdilər. Hərbi məktəb 600 baş leytenant rütbəli məzun hazırlamışdı. 1919-cu ildə hərbi nazirlik Gəncədən Bakıya köçür. Müstəqil Azərbaycan dövlətinin istiqlaliyyətinin bir illiyi münasibətilə keçirilən hərbi paradda Azərbaycan ordusunun intizamlı alayları yaxşı təlim keçmiş bir şəkildə xalqın coşqun alqışları və gözlərindən axan sevinc yaşları altında addımlayırdı.
General İbrahim Yusif İtaliyaya gedərək 50.000 əsgər üçün geyim və başqa ləvazimatlar satın almışdı. Hərbi nazir general Səməd bəy Mehmandarov, baş qərargahın rəisi isə diviziya generalı Həbib bəy Səlimov idi. O, Osmanlı ordusu Azərbaycana köməyə gəldiyi zaman köməkçi qüvvə olaraq yaradılan Azərbaycan korpusunda xidmət etmiş, Bakı döyüşlərində, Şamaxı və Kürdəmir xəttində cəbhənin cənub qanadına komandanlıq etmişdi. Son hücumda Abşeron yarımadasında yerləşən Maştağa cəbhəsində vuruşmuşdu. O zaman polkovnik olan Həbib bəy Səlimova Azərbaycan hökuməti tərəfindən general rütbəsi verilmişdi.
XI Qızıl Ordu Azərbaycanı işğal etdikdən sonra general Səlim bəy güllələndi.
Çar ordusunda xidmət edən və sonradan ordusuna keçən bəzi Azərbaycan generallarının adları (onların hamısı güllələnmişdir):
1 – Diviziya generalı Hüseyn Naxçıvanlı;
2 – Diviziya generalı Həmid Qaydabaşı;
3 – Diviziya generalı Şahzadə Qasım Qacar;
4 – Diviziya generalı Yadigarov;
5 – Diviziya generalı Murad Gəray Dilxas;
6 – Diviziya generalı Sulkeviç Süleyman bəy;
7 – Diviziya generalı İbrahim ağa Vəkilov;
8 – Diviziya generalı Çxeidze (hərbi məktəbin müdiri).
(M.Ə.Rəsulzadə. Azərbaycan cümhuriyyəti. “Azərbaycan” jurnalı, 1964-cü il, № 7, 8, 9). Jandarm qüvvələri daxil olmaqla Azərbaycan ordusu 30.000 nəfər idi. Bu hərbi qüvvələr Lənkəran, Qarabağ döyüşlərində əsl türk əsgəri olduqlarını sübut etmiş və bir çox hərbçilər mükafatlarla təltif olunmuşdular.
MUSTAFA KAMAL PAŞA İLƏ
AMERİKA GENERALI HARBORDUN SİVASDA GÖRÜŞÜ
Bu görüş Türkiyə və Qafqazın siyasət tarixi baxımından çox əhəmiyyətlidir. Görüş nəticəsində Mustafa Kamal paşanın Qafqazda baş verən hərəkatlar haqqında dərin biliyə malik olduğunu, milli sərhədlər paktı haqqındakı qəti qərarını, ermənilər və kommunizm barəsində yürütdüyü tutarlı fikirləri öyrənirik.
Görüş 1919-cu il sentyabrın 20-də Sivasda oldu.
General Harbord iki general və müşayiətçiləri ilə Sivasa nümayəndə heyətinin başçısı Mustafa Kamal paşa ilə görüşə getmişdi. Görüşdə Mustafa Kamal paşa ilə yanaşı Rauf bəy, Bəkir Sami bəy və Rüstəm bəy də iştirak edirdilər. 3-4 saat davam edən söhbətdən sonra general Harbord Ərzuruma, oradan da Qafqaza gedəcəyini, Qafqazdan dəniz yolu ilə İstanbula dönəcəyini bildirmiş və aşağıda göstərilən suallara yazılı surətdə verilən cavabın Samsun limanında ona çatdırılmasını və bu cavabı onun ABŞ prezidenti Vilsona və Senata təqdim edəcəyini Mustafa Kamal paşaya söyləmişdir.
General Harbordun sualları bunlardır:
1 – Milli ordunun əsaslı təşkili və bugünkü səviyyəsi, gücü haqqında məlumat.
2 – Qeyri müsəlman ünsürlər və əsasən ermənilər haqqında fikriniz.
3 – Kömək və danışıqlar haqqında fikriniz.
Hadisələr Mustafa Kamal paşa ilə general Harbordun qərarlaşdıqları şəkildə cərəyan etmişdir. General Harbord Qara dənizlə geri dönərkən ona müfəssəl cavab verildi. Uzun sürən görüşün, cavabın Qafqaz və Mustafa Kamal paşa ilə əlaqədar olan hissəsini oxuculara təqdim edirik: “Bolşeviklərə gəlincə bu doktrinanın bizim məmləkətimizdə heç bir şəkildə yeri ola bilməz, dinimiz, adətlərimiz və eyni zamanda sosial quruluşumuz tamamilə belə bir fikrin yer tutmasına imkan vermir. Türkiyədə nə böyük kapitalistlər, nə milyonlarla sənətkar, nə də fəhlə vardır. Digər tərəfdən əkinçilik sahəsində problemimiz yoxdur. Nəhayət, sosial baxımdan dini prinsiplərimiz bolşevizmi mənimsəməkdən bizi uzaq tutmaqdadır. Türk millətinin bu doktrinaya qarşı heç bir meyli yoxdur. Fərid paşanın bolşevizmin məmləkəti istila etdiyi və etmək istədiyi haqda əsassız şayiələrinə qarşı millətin duyduğu qorxu hissi buna sübut ola bilər.
Mərkəzi Yerevan olan erməni respublikasına qarşı heç bir düşmənçilik niyyətimiz yoxdur. Erməni dövləti haqqındakı məlumatımız danışıq və dolayısı ilə əldə edilən məlumata əsaslanır. Bununla yanaşı bu yeni dövlətdə yaşayan ermənilər, öz ordu komandanlığının əmrinə əsasən müsəlmanları məhv etmək üzrə fəaliyyətdə olmaları bir həqiqətdir. Bu əmlərin surətlərini gözümüzlə görmüşük. Yerevandakı ermənilərin müsəlmanları qırmaq istədikləri bu qanlı vəhşilik dalğasının sərhədimizə qədər yayılması və sərhədlərimizin o tayından çoxlu müsəlmanların bizə pənah gətirməsi bunu bir daha sübut edir. Digər tərəfdən Yerevan hökuməti sərhədlərimizi toplardan atəşə tutaraq bizi vuruşmağa təhrik edir.
İngilislər bu vəziyyətdən istifadə edərək erməniləri müsəlmanlara qarşı qaldırdılar. Hətta demək olar ki, onları bu işə təhrik etdilər. Digər tərəfdən ermənilərin təcavüzlərini bizim üstümüzə atdılar və bunları dözülməz hərəkətlər kimi qələmə verdilər. Qonşu dövlətə təcavüz etməkdə bizi təqsirləndirdilər. Fəqət, biz həqiqətin öz yerini tapacağına əmin olaraq ermənilərin təhriklərinə dözdük, bu da ingilislərin əsəbiləşməsinə səbəb oldu. Həqiqətən bizi ermənilərə qarşı təcavüz etməyə sövq edən və bundan istifadə edərək öz əsgərlərini o torpaqlara göndərmək üçün planlar hazırlayan ingilislərin fikirlərini başa düşdük. İngilislərin bütün manevrləri Qafqazı tərk etmək məcburiyyətində qaldıqlarını hiss etdikdən sonra onların zabit və nümayəndələri tərəfindən başlandı.
Azərlər və Yerevan erməniləri arasında çarpışmalar olduğunu eşidirdik. Bunun səbəbini ermənilərin Azərbaycan və Gürcüstan arasında, İngiltərənin himayəsində olan və cənuba doğru hərəkət edən Denikinə qarşı imzaladıqları ittifaqda iştirak etməyi rədd etmələri olduğunu təzmin edirik.
Əsasən sərhəd zonalarında yaşayan Ərzurum və Van müsəlmanlarının Ermənistanda törədilən qırğına dair hər gün xəbərlər alması və ölümdən qaçan, acınacaqlı halda olan qaçqınların vəziyyəti adamları çox həyəcanlandırır. Həyəcanların artmasına daha bir səbəb ermənilərin sərhədlərimizi top atəşinə tutmasıdır. Fəqət bizim təşkilatımız onları susdurmağa nail olmuş, baş verə biləcək əks-zərbə ehtimalı aradan qaldırılmışdır.
Ermənistandakı bədbəxt müsəlman xalqının köməyinə getməkdən və AZƏRBAYCAN MÜSƏLMANLARI ILƏ ƏMƏKDAŞLIQ ETMƏKDƏN ÇƏKINƏRƏK BÜTÜN FƏALIYYƏT VƏ MƏQSƏDIMIZI ANA VƏTƏNIMIZIN VƏ MILLƏTIMIZIN INDIKI HÜDUDLARI ÇƏRÇIVƏSINDƏ ISTIQLAL VƏ RIFAHINI ZƏMANƏT ALTINA ALMAQ ÜÇÜN HƏSR ETMƏYI ZƏRURI BILIRIK. Həqiqətdə bizə istinad olunan dörd maddəlik hərəkətlərin zərərli olduğuna razıyıq. Sərhədlərimizdən kənarda aparılan məqsədlər üçün maddi və mənəvi qüvvələrimizi dağıtmaqla sadəcə ana vətənin qəlbi sayılan xilafətin müdafiəsi üçün lazım olan qüvvəni zəiflətmiş olarıq.
Yaxın zamanlarda gözlərimizin önündə cərəyan edən hadisələr bizə adi qavrayışı öyrətdi. YENICƏ SÜLHLƏ NƏTICƏLƏNMIŞ DÜNYA MÜHARIBƏSI ƏSNASINDA HÖKÜMƏTIMIZIN BAŞINDA OLAN ŞƏXS OSMANLI QÜVVƏLƏRINI QAFQAZIN, AZƏRBAYCAN HÖKUMƏTININ QÜVVƏTLƏNDIRILMƏSI VƏ MISRIN GERI ALINMASI MƏQSƏDLƏRI UĞRUNDA ISTIFADƏ ETDI. Bu siyasət nəticəsində xalqımız böyük tələfat verdi. Bir çox məhsuldar və qiymətli torpaqlarımızı zorla əlimizdən aldılar. Paytaxtımızla bərabər məmləkətimizin İzmir, Antalya və Adana kimi əvəzsiz şəhərləri yabançıların işğalına məruz qaldı.
Əgər müharibədə iştirak etməmiş olsaydıq və ya əksinə iştirak etdiyimiz halda qüvvələrimizi həris əməllər uğrunda sərf etməkdənsə biz düşüncəli şəkildə bugünkü sərhədlərimizin içində yerləşən torpaqlarımızın müdafiəsinə qalxsaydıq, məğlub insanların vəziyyətinə düşsək də halımız bugünkündən fərqli olacaqdı (“Türk Kültürü” jurnalı, № 81, səh. 600-601, Ankara, 1969. Doktor Fəthi Təvətoğlu).
AZƏRBAYCAN ISTIQLALIYYƏTININ FACIƏSI...
Azərbaycanın bolşevikləşdirilməsi və Azərbaycanın istiqlaliyyəti üçün oynanılan “faciə” haqqında Türkiyədə, eləcə də dünyanın bir çox yerlərində çoxlu yazılar və əsərlər nəşr edilmişdir. Bu əsərlər bir çox hadisələri əhatə edir. Çoxlarının fikrincə Azərbaycanın istiqlaliyyətinin, Anadolu milli-azadlıq hərəkatına kömək etməsinin əvəzi olaraq Sovet Rusiyasına verilməsi Mustafa Kamal paşanın fikridir. Lord Kinros, doktor Rza Nur, professor Tarık Zafer Tunaya, Məmduh Yaşa, doktor Səlahəddin Tansel, Aclan Sayılqan, Doğan Avçıoğlu, istefada olan general Veysəl Ünüvər və başqaları bu fikirdədilər.
1 – Doktor Rza Nur çoxcildli “Türkiyə tarixi” əsərində belə yazır: “Azərilər türklər haqda deyirlər, əvvəlcə bizi düşmənin pəncəsindən qurtardılar, sonra qızıl ruslara satdılar”.
2 – İstefada olan general Veysəl Ünüvər “Bolşeviklərlə səkkiz ay” adlı kitabında (İstanbul, 1948-ci il) isə belə yazır: “Azərbaycandakı bolşevik qırğını ermənilərin hədələrini unutdurmuşdur. Ermənilərə şükürlər etmişdilər. Naxçıvanın Nehrəm adlı türklər yaşayan kəndində baş verən hadisələrlə əlaqədar olaraq yığıncaq çağırıldı. Yığıncaqda Azərbaycanın fəlakətə düçar olması anladıldı. Bolşeviklər lənətləndilər, açıqdan-açığa “Türkiyə özünü fəlakətdən qurtarmaq üçün bizi qurban verir, əgər bolşeviklərə görə ermənilərə qarşı hücumdan vaz keçilsəydi, bu gün biz iki düşmən əhatəsində qalmazdıq” dedilər. General Veysəl Ünüvər “Bolşeviklərlə səkkiz ay” kitabında o zamanın siyasi vəziyyətini və bolşeviklərin heyrət ediləcək dərəcədə dəyərləndirir. “Bolşeviklər bu dövrlərdə ilk zəfərlərini əsasən xalqın tərəddüdü, kommunizmin müxtəlif anlatmaları və hər kəsin bu qarışıq zamanda özünə xilaskar axtarmaq məcburiyyətində olması sayəsində qazanmışdılar (səh. 6). Adı söylənilən rus dövlətinin imperialist siyasətinin dəyişməyəcəyinə, o zamankı yüksək komandan vəzifəsində olanların bu qənaətə gəlməsi diqqətəlayiqdir”.
Təəssüflər olsun ki, əvvəlcədən söylənilən hadisələr özünü həqiqətdə doğrultmamışdır. Yunanların Anadoluya irəliləməsi Türkiyənin hakim dairələrində böyük şayiələrə səbəb olmuşdur. Çox haqlı olaraq alimlər bu hadisələrə öz obyektiv yazılan əsərlərində geniş yer vermişlər. Azərbaycanın bolşeviklər tərəfindən işğalı Türkiyə qurtuluş mübarizəsi tarixinin dramatik bir pilləsidir. O dövrün tarixini yazan hər kəs baş verən hadisələri düzgün olaraq araşdırmalıdır.
3 – Lord Kinros “Atatürk” adlı əsərində belə yazır: “Müstafa Kamal Sivas konqresindən sonra, Sovet Rusiyasına qeyri-rəsmi nümayəndə göndərilməsini və Sovetlərdən pul və silah alınmasını lazım bilmişdir. Bu iş üçün köhnə ittihadçılardan Ənvər paşanın əmrilə Xəlil paşa seçildi. 1920-ci ilin ilk aylarında Xəlil paşanın sayəsində Rusiyadan az da olsa Anadoluya yardım gəlməyə başladı. Kazım Qarabəkir paşanın rəhbərliyi altında nümayəndə heyətinin Bakıya göndərilməsi müsbət nəticə verməmişdi. Türkiyə şərqdəki vilayətlərini geri almaq üçün hərbi əməliyyata başlayacağını və bunun müqabilində Rusiyanın Azərbaycan üzərindəki hüquqlarını tanıyacaqlarını bildirdi. Nəticədə, birgə mübarizə aparmaqdan ötrü qüvvələrini nizamlamaq üçün pul və silah yardımı istədi” (Lord Kinros. Atatürk. İstanbul, 1966-cı il, səh. 370-371).
4 – 1965-ci il noyabrın 10-da professor Tarık Zafer Tunaya ilə Məmduh Yaşa Ankara radiosunda Atatürkün vəfatının ildönümü münasibətilə apardıqları mübahisəli verilişdə milli qurtuluş mübarizəsi ərəfəsində bolşeviklərdən yardım ala bilmələri üçün Türkiyənin Ermənistan kimi Azərbaycanın da Sovet İttifaqına verilməsi şərtini qəbul etdiyini açıq söyləmişdilər.
5 – 1966-cı ildə tarix elmləri doktoru Səlahəddin Tanselin “Vakıflar bankası” nəşriyyatında nəşr olunan “1919-1922-ci illər Atatürk və qurtuluş savaşı” adlı kitabında oxuyuruq: “Mustafa Kamal 1920-ci il aprelin 26-da Rusiyanın ümumi siyasətini nəzərə alaraq Sovetlərə bir məktub göndərdi və siyasi, hərbi ittifaqda əməkdaşlıq edə biləcəklərini, hər iki ölkəni təhdid edən yabançı imperializmə qarşı birlikdə mübarizə aparacaqlarını, Sovet hokuməti Gürcüstan menşevikləri üzərinə hücum edəcəyi təqdirdə türk qüvvələrinin də Ermənistana hücum edəcəyini, Azərbaycanı isə bolşeviklərə təslim edəcəklərini bildirdi”.
6 – Aclan Sayılqan 1967-ci ildə nəşr etdirdiyi “Solun 94 ili” adlı əsərində yazır: “Azərbaycandakı Müsavat partiyasının rəhbərləri menşevik meylli idilər. Qızıl Ordu ilə Azərbaycandakı Osmanlı türklərinin ittifaqı nəticəsində yıxılan və Azərbaycanın rus orduları tərəfindən işğal olunmasında türklərin yardımçı olması faktlarını araşdırmaq yaxşı olardı. Bu iddiaları təsdiq edəcək bəzi fərziyyələr mövcuddur. Misal olaraq Kazım Qarabəkir paşanın orduları ilə Qızıl Ordunun Nəxçıvanda görüşməsi və bu rayonda erməni məsələsinin həll edilməsini göstərmək olar. Bildiyimiz kimi Əli Fuad (Cəbəsoy) paşa Moskvaya getməzdən əvvəl rusların xarici işlər komissarı ilə görüşü olmuşdu. Görüş zamanı Sovet xarici işlər komissarı Anadoludan alınacaq torpaqlarda müstəqil Ermənistan hökuməti quracağını bildirmişdi. 1920-ci il sentyabrın 3-də Qarabəkir paşanın komandanlığı altında əsgərlər hücuma keçib Sarıqamış və Qarsı aldıqdan sonra Gümrünü də ələ keçirtməsi, erməni menşeviklərinin idarəsində olan hökumətlə 1920-ci il dekabrın 3-də Gümrü sülh müqaviləsini imzalaması və həmin günlərdə Qızıl Ordunun Ermənistanı işğal etməsi, Sovetlərin erməni məsələsi mövzusundakı baxışlarının dəyişməsinə səbəb olmuşdu. Fəqət, türk hökuməti tərəfindən edilən daha bir güzəşt, Müsavat partiyasının idarəsində olan Azərbaycanın Qızıl Ordu tərəfindən işğalına göz yummasıdır. Belə ki, 1918-ci il mart ayında Stepan Şaumyanın rəhbərliyindəki erməni silahlı qüvvələri 14.000 azəri türkünü qətlə yetirmişdi. Anadoluda olduğu kimi Azərbaycanda da erməni-türk qırğını bir-birini izləyirdi. 1919-cu ildə Kominternin agentləri Azərbaycana soxuldular və bir çox nümayişlər təşkil etdilər. Neft mədənləri ilə zəngin olan Azərbaycana Sovet Rusiyası ilk günlərdən göz dikmişdi. Fəqət, bolşeviklərin burada hakim olmalarının qarşısını alan qüvvə Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Müsavat partiyası idi. Kominternin üzvü Skaçkoya Azərbaycanda olan türk Mühacir zabitlərlə birlikdə Müsavat partiyasının əleyhinə sui-qəsd hazırlamaq və onları hakimiyyətdən uzaqlaşdırmaq tapşırılmışdı. Skaçko Azərbaycanda BOLŞEVİZMİN YAYILMASINDA ƏN BÖYÜK ƏNGƏLİN MÜSAVAT PARTİYASI olduğuna inanmışdı. O halda Sovetlər Çiçerinin müstəqil Ermənistan iddialarından əl çəkməliydi. Bu siyasət Sovetlər üçün həm Ermənistanın, həm də Azərbaycanın istilasını təmin edəcəkdi. Bunun sayəsində milli qurtuluş mübarizəsini yürüdən Türkiyə Şərq cəbhəsində Ermənistan probleminin ortadan qalxması ilə rahat nəfəs alacaqdı. Əlbəttə, Komintern taktikasını asanlıqla dəyişdirmədi. Uzun müddət həm Ermənistanı, həm də Türkiyəni müdafiə etmək məcburiyyətində qaldı. Kazım Qarabəkir paşanın əsgərlərinin Qarsa çatması, Ermənistanla Gümrü müqaviləsinin imzalanması Sovetləri Ermənistanı işğal etməyə sövq etdi. Sovetlər Ermənistanın istiqlal siyasətindən əl çəkdilər, Azərbaycanı da işğal edərək Türkiyə ilə həmsərhəd oldular”.
Kominternin məqsədi Avropa müstəmləkəçilərini Asiya və Yaxın Şərqdəki xammal mənbələrindən məhrum etməklə yaradılan böhran nəticəsində kommunizmin Avropaya da sıçramasını təmin etməkdi. Bunun əvəzində Moskva Türkiyənin nüfuzundan istifadə edərək siyasətini Azərbaycan üzərinə çevirdi. Komintern nümayəndəsi Skaçko Qafqaz kommunistləri, Xəlil paşa və yoldaşları ilə (Türkiyəli mühacir zabitlərlə) razılaşaraq Azərbaycan milli hökumətini devirmək qərarına gəldilər. Müstəqil Azərbaycan hökuməti bu dövrdə ermənilərlə mübarizə aparırdı. Mustafa Kamal paşaya edilən sui-qəsd zamanında, Ali məhkəmənin prokuroru Nəcib Əli bəyin (Küçüka) Tələt Muşkaraya Azərbaycanın faciəsi ilə əlaqədar suallar verməsi və bu suallara alınan cavablar olduqca maraqlıdır. Bu cavablardan məlum olduğu kimi Xəlil paşa Qızıl Orduya rəhbərlik edərək Anadolu istiqamətində hərəkət edəcək və beləliklə, Ənvər paşanın milli mübarizəyə rəhbərlik etməsini təmin edəcəkdi. Fəqət, Müsavat Partiyası Hökuməti buna razılıq vermədi. Amma Sovet Qızıl Ordusunun Azərbaycan hökumətini devirməsinin qarşısını ala bilmədi. Qızıl Ordu və Xəlil paşanın qüvvələri “Müsavat” partiyasının rəhbərlik etdiyi Müstəqil Azərbaycan hökumətini devirdikdən sonra, Xəlil paşa böyük səhvə yol verdiklərini anladı. Bakı Qızıl Ordu tərəfindən işğal edildikdən sonra Xəlil paşa 1914-1918-ci il Birinci Dünya müharibəsində iştirak etdiyinə görə ruslar tərəfindən bağışlanıldı. Türkiyəyə yardım işlərinin idarəsi Mustafa Sübhiyə və onun idarə etdiyi Türk Kommunist partiyasına verildi... (Aclan Sayılqan. Solun 94 ili. 1871-1965, səh. 149-152).
Doğan Avçıoğlu “Milli qurtuluş tarixi” adlı əsərinin ikinci cildində “Azərbaycanın bolşevikləşdirilməsi”nə qısa bir bölüm ayırmışdır. Bu bölümdə Kazım Qarabəkir paşanın Azərbaycanın bolşevikləşdirilməsində çox fəal iştirakını qeyd etdikdən sonra, Mustafa Kamal paşanın bu məsələdəki rolunu təyin etmişdir. Doğan Avçıoğlu əvvəlcə Mustafa Kamalın Kazım Qarabəkir paşaya yazdığı bir məktubundan bu hissəni verir: “1920-ci il aprelin 26-da Bakıya göndərilən hərbi heyətimizə, imperializmə qarşı bolşeviklərlə iş və fəaliyyət birliyini qəbul etdiyimizi və Azərbaycan hökumətini müəyyən şərtlərlə bolşevik dövlətlər qrupuna vermək səlahiyyəti aldığımızı bildiririk” (Doğan Avçıoğlu, səh 452).
Ərzurum millət vəkilləri Durak, Necati, Hüseyn Avni və Yasinin (Oltu) (“İslam bolşevik ordusunun rəhbərlərinin Ərzuruma gəldiyinin söylənildiyini” soruşduqda, Mustafa Kamal paşa 1920-ci il avqustun 14-də məclisdə belə cavab verdi: “Başda ingilislər olmaqla, Antanta dövlətləri əllərində olan bütün vasitə və qüvvələri ilə bizi yox etmək, əzmək üçün çalışdıqları halda, o biri tərəfdən də əzilən bütün insanlığı qurtarmaq məqsədilə çalışan bolşeviklər, məzlum millətimizə əl uzatmaq üçün sərvətlərini, qüvvə və qüdrətlərini sərf etmişlər.
Fəqət, Bolşevik cümhuriyyəti, həm özlərinin yaşamaları və varlıqlarının önəmini artırmaq, həm də Antanta dövlətlərinin zülm pəncəsindən qurtulduqları təqdirdə, ən qüdrətli yardımçı və tərəfdar olacaq millətimizin birlik və bərabərlik əlini tutmaq üçün bizə kömək etdi. Əfəndilər, etdikləri yardım X və XI ordularını açıqdan-açığa Qafqaza, Şərq cəbhəsinə parçalamaq oldu. Bu ordular bizim istiqamətimiz, təsirimiz və xidmətimiz sayəsində asanlıqla Şimali Qafqazı keçib Azərbaycana gəldilər...” (Doğan Avçıoğlu. Məclis protokolları, səh. 455).
1920-ci ilin ilk aylarında Kazım Qarabəkir paşa və qərargahının bolşevik romantizmi ilə vəcdə gəldiklərini görürük, o biri tərəfdən yunanların irəliləmələrini görüncə vəlvələyə düşmüş Kazım Qarabəkir paşa 1920-ci il aprel ayının 13-də Mustafa Kamal paşaya belə bir məktub yazır: “Qurani-Kərim kasıbların, fəhlələrin, əməyə bağlı və bizə məlum olan nə qədər bolşevik ölkələri varsa hamısını qəbul edir. Bu səbəblə də müsəlmanlar bolşevikliyi asan və munis qəbul edir və qarşılayırlar”.
Kazım Qarabəkir 1920-ci il aprelin 23-də göndərdiyi məktubunda İslam dünyasının gələcəyi üçün Azərbaycanın bolşevikləşməsinin gərəkli olduğu fikrini irəli sürür: “Bu gün Anadolunun qurtuluşu üçün bolşevik orduları ilə əl-ələ verərək hərəkət etməkdən başqa çarəmiz qalmamışdır”, - deyə Mustafa Kamal paşaya təklif edir (Doğan Avçıoğlu, səh. 453-454; Kazım Qarabəkir. İstiqlal hərbimiz). Kazım Qarabəkir paşanın Mustafa Kamal paşaya yazdığı məktublarda “bolşeviklərin rəhbərliyini qəbul etmək məcburiyyətindəyik...” kimi təkliflər olduqca çoxdur.
Mustafa Kamal paşa Kazım Qarabəkirə verdiyi cavablarda onun təkliflərini rədd etmir, amma bildirir ki, bu təklifləri nəzərə alacaq. Ancaq bolşevizm haqqında Kazım Qarabəkirdə gördüyümüz romantizmi və vəcdi Mustafa Kamal paşada görə bilmirik. Mustafa Kamal paşa Kazım Qarabəkir kimi ideologiya çaşqınlığına məruz qalmamışdı. İngilislərin milli qurtuluş hərəkatını Qafqaz cəbhəsindən mühasirə etmək istədiklərini bildiyi üçün o, bolşeviklərin Türkiyə sərhəddinə gəlməsinə razı olmuşdur.
Lord Kinros kitabında yazır ki, Anadolu milli qurtuluş mübarizəsi ərəfəsində Kazım Qarabəkir paşanın rəhbərliyində Bakıya, Azərbaycan Müstəqil hökumətinə heyət getməmişdir.
Doğan Avçıoğlu kitabının ikinci cildində milli müstəqil Azərbaycan hökumətini ingilislərin tərəfdarı kimi göstərir. Azərbaycan ingilislərin işğalı altında olsa da, Azərbaycan hökuməti heç bir zaman ingilislərin tərəfdarı olmamışdır. Hələ o vaxtlar Azərbaycan xalqının ingilislərə qarşı münasibəti səmimi olmuşdur. Bolşeviklərlə əməkdaşlıq edən Türkiyə zabitləri xalqın bu səmimiyyətindən istifadə etmişdilər.
Aclan Sayılqana görə (Xəlil paşanın ordusundan söz açır) belə bir qüvvə nəinki Azərbaycanda, hətta heç yerdə olmamışdır. Qızıl Ordunun rəhbərləri Xəlil paşa və onun yoldaşlarına təklif edirlər ki, Azərbaycan əsgərlərini, yerli xalqı rusların əleyhinə qaldırmasınlar və onlara söyləsinlər ki, rus ordusu Anadoluya köməyə gedir. Bu məlumatlardan sonra müstəqil Azərbaycan dövlətinin istiqlaliyyətinin faciəli vəziyyəti və qəhrəmanları üzərində dura bilərik.
Hələ Samsuna gəlməzdən əvvəl Anadolu qurtuluş hərəkatını planlaşdıran Mustafa Kamal paşa qalib Antanta dövlətləri arasındakı ixtilafı görürdü. Bundan başqa çar Rusiyasını əvəz edən Lenin dövlətinin Qərb dövlətlərinə qarşı çıxışında, məzlum və əsir millətlərə hürriyyət və istiqlaliyyət vəd etməsində öz mübarizəsinə uyğun müştərək dayaq aradığı şübhəsizdir. Bu vəziyyət heç bir zaman nəzərindən yayınmadı və siyasətində bundan məharətlə istifadə etdi. Samsuna gəldikdən sonra Sivas yolu üzərində Havza qəzasında, Əli Babanın (Məsudiyə) mehmanxanasında, süvari zabit polkovnik Budyonnının rəhbərlik etdiyi rus nümayəndə heyəti ilə görüşmüşdür (Doktor Fəthi Tevetoğlu. Türkiyədə sosialist və kommunist fəaliyyəti, səh. 124). Bu hadisəni hərbi məktəbin müəllimi Təhsin Ünal “Türk siyasi tarixi” adlı kitabında da qeyd edir (səh. 260).
Yunanlıların Anadolunu işğalı zamanı onlara qarşı vuruşan general Kazım Özalp xatirələrində yazır ki, yunanlara qarşı müharibə başladıqdan bir müddət sonra Balıkəsirdəki qərargahına bir tatar və üç Qızıl Ordu zabiti gəldi (“Cümhuriyyət” qəzeti). O biri tərəfdən də Lenin o dövrdə “Pravda” qəzetinin baş redaktoru Karl Radeki Berlinə göndərərək Birinci dünya müharibəsində məğlub olan generallar – Ənvər paşa və Camal paşa ilə əlaqəyə girib onları Sovet Rusiyasına dəvət etmək vəzifəsi tapşırılmışdı. Bütün bunlar sübut edir ki, Sovet Rusiyası Anadolu milli hərəkatı ilə yaxından maraqlanırdı. Sovet rəhbərləri hər şeydən əvvəl yeni yaranan Sovet dövlətinin cənub sərhədlərini Antanta dövlətlərinin hücumundan qorumağa çalışırdılar. İkinci məqsədləri isə bundan ibarət idi: bir tərəfdən Anadolu milli istiqlal hərəkatının lideri Mustafa Kamal paşa ilə, o biri tərəfdən ittihadçı paşalarla əməkdaşlıq edərək Antanta dövlətlərinin müstəmləkələri olan Şərq ölkələrində iğtişaşlar yaratmaq və əgər mümkün olarsa, Anadolu hərəkatına kommunist istiqaməti vermək, klassik rus siyasəti olan “isti dənizlərə” çıxmaq strategiyasını həyata keçirmək. Beləliklə, Moskva bir daşla bir neçə quş vurmaq siyasətini yeridirdi.
MUSTAFA KAMALIN SİVASDAKI NÜMAYƏNDƏ HEYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCANDA ÜMUMİ VƏZİYYƏT
1918-ci il mayın 28-də istiqlalını elan edərək, Rusiyadan ayrılıb müstəqil dövlət kimi yaşamağa başlayan Azərbaycan Cümhuriyyəti, türk və İslam dünyasında ilk demokratik, cümhuriyyət rejimi ilə yeni yaranan türk dövləti idi. Yeni yaranan dövlətin bir çox çətin problemləri olacağını söyləməyə lüzum yoxdur. Hər şeydən əvvəl milli ordu yaratmaq, yeni yaranan dövlətin maliyyə və iqtisadi işlərini nizama salmaq, maarif işlərini universitet daxil olmaqla və bir çox başqa problemləri yoluna qoymaq, ölkənin daxili asayişini təmin etmək, özünü əvvəlcə ingilis işğalçı ordusuna, sonra Birinci dünya müharibəsinin qalibləri – Antanta dövlətlərinə tanıtmaq və qəbul etdirmək, bir tərəfdən qonşu türk xalqı üçün daima dərd olan ermənilərin, digər tərəfdən Qafqaza doğru yürüməkdə olan Qızıl Ordunun təcavüzünün qarşısını almaq üçün çarələr düşünmək kimi daha çox siyasi və hərbi məsələlər dururdu. O zamankı Azərbaycan siyasi xadimlərin diqqət mərkəzində idi. Aradan yarım əsrdən çox bir vaxt keçdikdən sonra, indi anlayıb, təqdir edirik ki, o dövrdə hakimiyyəti əlində saxlayan Azərbaycanın siyasi xadimləri böyük işlər görmüşlər. Şəriətçi Əhrar partiyasından, kommunist partiyasına və rus, erməni azlıqlarının da təmsil etdikləri qüvvətli müxalifəti olan parlament ilə onlar İslam Şərq ölkələrinin ilk cümhuriyyət rejimini tam hüquqlu dövlət anlamında gerçəkləşdirmiş və dövlətin bütün müəssisələrini yaratmışdılar.
Azərbaycan Anadolu xalqının və onun qurtuluş mübarizəsinin zəfəri üçün çox narahat idi. Ancaq müştərək bir hüdudun olmaması, yardım yollarının erməni və Antanta dövlətlərinin nəzarəti altında olduğuna görə Azərbaycan hökuməti Anadoluya kömək edə bilmirdi. Yenicə yaranan və hələ Antanta dövlətləri tərəfindən hüquqi baxımdan tanınmayan Azərbaycan kimi kiçik bir dövlətin Anadolu milli hərəkatına yardım edə bilməsinə siyasi baxımdan imkanı olmadığı bir həqiqət idi.
Xəlil paşa kiçik Tələtlə birlikdə İstanbulda Bəkir Ağa bölüyündən qaçmış və Moskvada olan Ənvər və Cəmil paşa ilə birləşmək üçün yola düşmüşdülər. Bu yol üstündə Anadoluda baş vermiş hadisələri yerindəcə görmək və Moskvadakı paşalara raport vermək məqsədilə Sivasda Nümayəndə heyətinin başçısı Mustafa Kamal paşa ilə görüşmək istədilər. Xəlil paşa xatirələrində Mustafa Kamal paşanın ona ittihadçıların Anadolu milli-azadlıq hərəkatına qarışmalarının doğru olmadığını uzun-uzadı anlatdığını yazır (“Axşam” qəzeti, 13-14 dekabr, 1967-ci il). Əlavə edərək yazır ki, Mustafa Kamal paşanı ən çox düşündürən problemlərdən biri də Ənvər paşanın məsələsi idi. Çıxılmaz vəziyyətdə qalan Xəlil paşa Mustafa Kamal paşaya təminat verir ki, nə Ənvər paşa, nə də özü Anadolu milli-azadlıq hərəkatına qarşı zərərli işlər görməyəcək. Beləliklə, Xəlil paşa Sivasdan Azərbaycana getmək üçün yola düşür.
Tevfik Bıyıkoğlu “Atatürk Anadoluda” adlı kitabında Xəlil paşanın Rusiyaya getməsindən söz açaraq yazır: “Mustafa Kamal ona bolşeviklərlə əlaqəni yaxşılaşdırmaq, onlardan silah, hərbi sursat və pul almaq vəzifəsini tapşırmışdı. Qazanılacaq dostluğun qiyməti arxanı müdafiə etmək və silah yardımı ilə ifadə oluna bilərdi”. Bu dövrdə Azərbaycan, dağılan Osmanlı ordusunun zabit, əsgər və vətəndaşlarından ibarət bir qisminin sığındığı ölkə idi. Hər gələn türk zabitini, istər Azər xalqı, istərsə də hökumət xoş rəftarla qarşılayır, hətta hökumət zabitlərin bir qisminə (orduya alınmadan) əmək haqqı verirdi. Bu dövrdə doktor Fuat Sabit İstanbuldan Bakıya gəlir. Fuat Sabit və Nəsib bəy Yusifbəyli 1912-1913-cü illərdə İstanbulda yaranan “Türk ocağı”nın ilk nümayəndələrindən idilər (Məhərrəm Feyzi Tuğay. Yusif Akçura. İstanbul, 1958-ci il). Onlar bu ocaqda dostlaşmışdılar. Doktor Fuat Sabit Bakıya gələn zaman Nəsib bəy Yusifbəyli Azərbaycanın baş naziri idi. Rauf bəy və Kazım Qarabəkir, doktor Fuat Sabit Azərbaycan hökumətinin rəhbərlərilə görüşərək Anadoluya kömək istəmək üçün vəkil edilmişdilər. Bakıya gələn doktor Fuat Sabit bu mövzuda Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəyli ilə görüşür və nəticəni aşağıdakı şifrə ilə Rauf bəyə bildirir:
Amasiya 19 (10) 335-919.
- Korpus komandiri Kazım Qarabəkir paşa həzrətlərinə.
Aşağıda göstərilən şifrə 9-cu diviziyanın komandanı polkovnik Rüştü bəydə olan açarla həll edilmədiyindən Sizdən xahiş edirəm ki, bu vəziyyətdə bizə yol göstərəsiniz və məzmunu gizli olan sənədi ehtiram ilə hüzurunuza təqdim edirəm.
5-ci diviziyanın komandanı Cəmil Cahid
(Şifrə uzun olduğundan mövzumuza aid hissələri verirəm – H.B.)
- Azərbaycan hökuməti istiqraz verməyə razıdır, vəkil olunanlar gələcəkdir. Kabinet böhranı baş verdiyi üçün bu məsələ gecikmişdir.
- Azərbaycan hökuməti sülh konfransında ingilislərə inansa da ehtiyat və təmkinlə hərəkət edir. Sülh konfransının məqsədi Zaqafqaziya konfederasiyası yaratmaqdır. Hökumət buna tərəfdardır. Bu baxımdan açıqdan-açığa bizə yardım etmək və lazım gəldikdə düşmənçilik fikrində olmadığını anladım.
- Baş nazir Nəsib bəy Rauf bəyin Azərbaycana gəlməsinin münasib olduğunu söylədi. Nə qədər silah, hərbi sursat lazım olduğunu və hansı vasitələrlə göndəriləcəyini soruşur.
İmza:
D-r Fuat Sabit.
Şifrə açılaraq 21.10.1335 (1919)-cu ildə geri göndərilir (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 358-359).
Halbuki doktor Fuat Sabit Azərbaycan hökumətinin Anadoluya kömək etmək istədiyini və buna imkanı və gücü olduğunu öyrəndikdən sonra Moskva və Bakıda olan, üzvü olduğu Türk kommunist partiyası ilə razılığa gələrək bu işə mane olmuşdur. Bakıda olan Türk kommunist partiyasının vəkili doktor Fuadın imzaladığı 15-ci korpus komandanlığı vasitəsilə nümayəndə heyətinə çatdırılması lazım bilinən bir raportda Sovet Moskvası ilə razılaşa biləcək sollardan ibarət hökuməti hakimiyyət başına gətirməkdən söz açılır. Sonra davam edərək yazır ki, əgər yuxarıda qeyd olunan hökumətin hakimiyyətə gətirilməsi gecikərsə bu inqilabla nəticələnə bilər. Biz bu fəaliyyətimizdə həmin məqsədə can atmaqdayıq, belə ki, burada baş verəcək bolşevik inqilabını boğmaqdan ötrü gürcü, xüsusilə ermənilərin Ənzəlidə olan alayı qədər ingilis əsgərinin Azərbaycanın üzərinə tezliklə yürüyəcəkləri bir həqiqətdir (Doktor Fəthi Tevetoğlu. Türkiyədə kommunist və sosialist fəaliyyətlər, səh. 273-274).
Yuxarıda qeyd etdiyim məlumatlar doktor Fuat Sabitin Bakıdan Ərzuruma 15-ci korpus vasitəsilə Nümayəndə heyətinə göndərdiyi raportdan götürülmüşdür. Yenə də doktor Fuat Sabit İstanbulda olan Rauf bəy vasitəsilə Sivasa gələn Nümayəndə heyətinə aşağıdakı yalan məlumatı göndərir: “Azərbaycan hökuməti ingilislərin nüfuzu altındadır. Bizdəki hadisələrlə əlaqəsi yoxdur. Bilavasitə bizi zəiflətmək istəyən ingilis məmurları çoxlu pul verərək ordumuzdan zabitləri, kiçik zabit və hətta əsgərləri belə qaçırdırlar. Bu yaxınlarda bəzi bilikli zabitlərimiz Azərbaycana fərarilik etdikləri kimi İstanbuldan da gedirlər (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 358).
Bu şifrədən təlaşa düşən Kazım Qarabəkir paşa xatirələrində yazırdı: “İstanbuldan gedənlərin əhəmiyyəti o qədər olmasa da, amma mənim ordumdan qanunsuz olaraq gedənlər intizamı, qayda-qanunu sarsıda bilər. Təbii ki, bu hadisəni çox gərgin qarşıladım və bir qədər düşündükdən sonra belə bir nəticəyə gəldim. Bəlkə bolşevik istilasının qarşısını almaq üçün türk zabitlərinin Azərbaycan ordusunda xidmət etməsinə ingilislər icazə verir. Fəqət məntəqəmdəki səyləri xəyanət kimi başa düşürəm” (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 358).
Doktor Fuat Sabit Azərbaycan hökumətinin Anadoluya yardım etmək üçün hazırladığı planı sabotaj etmək məqsədilə yenə də Sivasda olan Nümayəndə heyətinə müxtəlif vasitələrlə yalan xəbərlər göndərməkdədir.
Rauf bəyin qərargahı İstanbulda yerləşən Çanaqqala istehkam xətti komandanı vasitəsilə 1920-ci il yanvarın 27-də Kazım Qarabəkirə bir şifrə göndərir. Şifrədə göstərilirdi ki, ingilislər azərlərlə ittifaqa girərək bu yaxınlarda Azərbaycana beş min əsgər, kifayət qədər silah, hərbi ləvazimat göndərəcəklər. Həmçinin ingilislər erməni və gürcüləri də silahlandıraraq bolşeviklərə qarşı mübarizə aparacaqlar. Göründüyü kimi əsassız böhtanlarla Azərbaycan hökumətini ləkələməyə çalışırdılar. Sivasda olarkən bütün bu yalan məlumatları Rauf bəydən alan Mustafa Kamal paşa 1920-ci il yanvarın 30-da Nümayəndə heyəti adından Kazım Qarabəkirə bir şifrə göndərir: “Bu hadisələri təhqiq etməklə yanaşı ingilislərə meyl etmənin doğuracağı təhlükənin izah olunması və bu barədə münasib şəkildə Azərbaycanın xəbərdar edilməsi və nəticənin bizə bildirilməsi rica edilir”.
Kazım Qarabəkir paşa Mustafa Kamalın tapşırığına əsasən Trabzonda olan 3-cü diviziya komandanlığı vasitəsilə “Azərbaycana ilk yazılı təlimatdır” deyə Bakıya çatdırılması üçün geniş məzmunlu şifrə göndərir (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 455-457). Halbuki, bu dövrdə Azərbaycan hökumətinin Anadoluya yardım etmək fikrində olduğunu ingilis hökuməti gizli agentləri vasitəsilə öyrənmişdi. Admiral C-b F-de Robecten lord Kerzona belə bir şifrə göndərir: “Azərbaycan hökumətilə Türkiyə millətçiləri həmfikirdirlər. Azərbaycana silah vermək lazım deyil” (Əli Kamal Meram. Dövlət qurularkən. “Axşam” qəzeti, may 25, 1969-cu il).
Burada Azərbaycan hökuməti əleyhinə çevrilən siyasi intriqa və tərtibin incəliyinə oxucuların diqqətini cəlb etmək istəyirəm. Azərbaycanın baş naziri Nəsib bəy Anadoluya göndəriləcək yardım üçün danışıqlar aparmaq məqsədilə Nümayəndə heyətinin üzvü kimi Rauf bəyin Bakıya göndərilməsini xahiş etmişdir. Bunu bilən fitnəkarlar Azərbaycan hökuməti haqqında şübhə doğurmaq üçün bütün yalan xəbərləri Rauf bəyin vasitəsilə yaymağa başlayırlar. Doktor Fuat Sabitin Azərbaycanın baş naziri ilə Anadoluya yardım məsələsini tam zamanında, bolşeviklərin Azərbaycana təcavüzündən altı ay öncə danışdığını tarixi sənədlər sübut edir. O dövrdə Azərbaycanda heç bir ingilis əsgəri yox idi, yalnız ingilis diplomatik missiyası yerləşirdi. Bu yazıda yeri gəldikcə ərz edəcəyimiz sənədlərdən göründüyü kimi ingilislərin Azərbaycana dönmək niyyətləri belə, yox idi. Azərbaycanın o dövrdə Anadoluya hər cür yardım etmək imkanı vardı (1925-ci ilin ortalarında Azərbaycanın sabiq baş naziri və sonradan xarici işlər naziri Fətəli xan Xoyskinin qardaşı Rüstəm xan Xoyski ilə Bakıda Şamaxı həbsxanasında, Tiflisdə Metex (Metshet) qalasında həbsdə olduğumuz zaman vəkil və Azərbaycanın sabiq səhiyyə və sosial təminat vəkili rəhmətlik Rüstəm xan mənə Anadoluya yardım məsələsini və bunun İran vasitəsilə həyata keçiriləcəyini anlatmışdı – H.B.). Kazım Qarabəkir tərəfindən 1920-ci il fevralın 18-də Nümayəndə heyətinə göndərilən şifrənin birinci maddəsində göstərilir: “Alınan etibarlı məlumata əsasən azərlərin ingilislərlə ittifaqı əsassız bir şayiədən ibarətdir”. Buna baxmayaraq Nümayəndə heyəti kommunistlərin oynadıqları siyasi intriqanı başa düşmür və Bakıya səlahiyyətli şəxs və ya heyət göndərmir. Mustafa Kamal paşa kommunistlərin bu xəyanətini birinci Böyük millət məclisi qurulduqdan, Nümayəndə heyəti Ankaraya köçdükdən və “yaşıl ordu”, türkiyə kommunist partiyası, Batumidəki Türkiyə həmrəylik partiyası yaradıldıqdan sonra başa düşür. 1920-ci il aprelin 8-də Baha Sait imzası ilə 15-ci korpusa xitabən yazılan məktubda oxuyuruq: “M.Kamala bildirin. Səlahiyyətli missiyasını göndərsin, bu çox təcili və lazımdır. Oradan göndəriləcək adamı tələsiklik üzündən tapa bilməsələr, kiçik Tələtlə mən buradayam”.
Qızıl ordunun Qafqazdakı bütün işi indiki halda mənim müqəddəratıma bağlanmış haldadır... İndiki halda Azərbaycan tamamilə ingilislərin əlindədir. Onun üçün şimal hərəkatının Türkiyəyə mümkün dərəcədə kömək etməsinə mane olmaq deməkdir. Azərbaycanın Anadolu milli hərəkatına yardım etməsinə maneçilik törədən kommunistlər indi Azərbaycan hökumətinin şimaldan Türkiyəyə gələcək köməyə əngəl olmaqda günahlandırır və tarixə kommunistlər tərəfindən uydurulan əsla əsası olmayan bir yalan da əlavə edirlər. “Müsavatın on erməni, beş rus və sairə səslərlə 45 səsi vardır. Daşnak səsi ilə əksəriyyəti mühafizə edərək ancaq hakimiyyətdə qalır” (K.Qarabəkir, səh 616-617). Halbuki, Azərbaycan parlamentində rus, erməni deputatları mühüm rol oynamamışdılar. O zaman Baha Sait Moskvanın onlara düzgün istiqamət verməsinə inanır, əsl məqsədi Azərbaycanı işğal etmək oyunu oynayan siyasətinə qapılır və belə deyir: “Moskvanın Qafqaz naziri yanımda komissar olmaq şərtilə Ümumqafqaz komitəsi indiki halda baş komandan vəzifəsini mənə həvalə edir”. Bundan sonra Baha Sait vəcdə gələrək: “Yəni bütün işlərin hesabını mən görürəm” – deyir (İstiqlal hərbimiz, səh. 612). Kommunistlərin bütün bu avantürist oyunlarından nəticə çıxaran Kazım Qarabəkir dəftərinə belə bir qeyd edir: “Azərbaycan hökuməti əfsuslar olsun ki, həm özünü, həm də milləti təhlükəyə düçar edəcəkdir. Bir tərəfdən Qarabağda ermənilərlə toqquşma davam edir, bir tərəfdən də bolşeviklərlə danışıqlar aparmaq istəmir. Bizi heç düşünməyir. Bütün bu tərs işlərin ingilislər tərəfindən tərtib olunmasına şübhə yoxdur” (K.Qarabəkir, səh. 612). Yuxarıda Baha Saitin yazdığına görə guya Azərbaycan hökuməti on daşnak, beş rus millət vəkilinin parlamentdə səyləri nəticəsində hakimiyyəti əllərində saxlaması avantürası ilə Kazım Qarabəkir paşanın Azərbaycan hökumətinin Qarabağda ermənilərlə döyüşməsini yazması bir-birinə zidd olan məlumatlardır. Fəqət, bu hadisələrin heç birisi həqiqətin anlaşılmasına yardım etmir.
Trabzonda 3-cü diviziya komandanı Rüşdü bəydən 15-ci korpus komandanı K.Qarabəkir paşaya İbrahim əfəndi ilə göndərilən raportda deyilir ki, “İstər rus, istərsə də türk komitəsinin (Türkiyə kommunist partiyası – H.B.) müvəffəqiyyəti ilə əlaqədar olaraq Xəlil paşanın inqilabi ordusunun əmr və komandasını öhdəsinə götürməsi münasib görülə bilər”. Bu qrupların iclaslarında alınan qərarda deyilir: “İngilis siyasətinin çox atəşin tərəfdarı olan Azərbaycan hökumətini ən az müddət ərzində yıxmaq və bolşeviklərlə razılığa gələcək hökuməti hakimiyyətə gətirmək lazımdır” və bu iş üçün hazırlanan tərtibat və adamlar göstərilir.
Bu uzun hərəkat və Azərbaycan hökumətinə qarşı yürüdülən xaincəsinə intriqanı açıqlamaq yönündən çox maraqlıdır. Burada deyilir ki, Azərbaycana axırıncı dəfə gedən türk zabitləri hökumətin yeni yaranmış ordusuna qəbul edilmir və vaqe olan müraciətlər bir-bir başdan edilirdi. Bu vəziyyətdə ingilislərin təsiri olduğu kimi, Azərbaycan hökuməti türk zabitlərinin ordunun nüfuzunu əllərinə almalarından qorxurdu.
Burada çox yaxşı bir kommunist intriqasına diqqətinizi cəlb etmək faydalı olacaqdır. Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəyli Rauf bəyi Bakıya, Anadolu milli azadlıq hərəkatına yardım məqsədilə danışıqlar aparmaq üçün dəvət etdiyi zaman “Azərbaycan hökuməti milli azadlıq hərəkatını ingilislərin təşviqilə zəiflətmək üçün Ərzurumdakı 15-ci korpus zabitlərilə, İstanbuldakı və Osmanlı ordusunun dağılması ilə işsiz qalan zabitlərə yüksək maaşlar vəd edərək Azərbaycan ordusunda istifadə etmək üçün çağırır” – deyə təbliğat aparan Xəlil paşa və yoldaşları, Türkiyə kommunist partiyası bu dəfə zabitləri özlərinin Türkiyədən qaçırtdıqlarını və onları Azərbaycan hökumətinin ordusuna, türkiyəli paşa və zabitlərin, Türkiyə kommunist partiyasının Azərbaycan ordusunu öz əllərinə alma planlarını önləmək üçün qəbul etmədiyini açıqlayır və etiraf edirlər. Ancaq iş-işdən keçmiş və kommunist oyunu cəsarətlə oynanmışdır. Anadolu milli azadlıq hərəkatına heç bir vaxt laqeyd qalmayan və etmək istədiyi yardım Moskva agentlərinin ustalığı sayəsində türk paşa və zabitlərinin əllərilə sabotaj edilən, önlənən məsum, günahsız Azərbaycan xalqı haqqında qardaş bir millət tərəfindən qəti qərar verilmişdir. Beləliklə, Kazım Qarabəkir xatirələrində yazır: “Azərbaycan kabinəsinə edilən, fəqət nəticəsiz qalan sui-qəsd bu inqilabın ilk əsərindəndir. Əsasən Zəngəzur hüdudunda ermənilərlə hal-hazırda qeyri-rəsmi surətdə ciddi müharibələr aparan Azərbaycan milli qüvvələrinə Bakı və ətrafından daima könüllü dəstələr gəlməkdə davam edir. Azərlər ermənilərə qarşı milli məqsədləri uğrunda apardıqları bu müharibə Azərbaycan hökumətinin siyasi vəziyyətini və silahlı qüvvələrini möhkəmləndirir” (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 603-604). Nümayəndə heyətinə göndərilən bu raport belə bitir: “Vəziyyət bizim üçün arzu olunan şəkildə davam edir”. Ardı-arası kəsilmədən Nümayəndə heyətinə göndərilən saxta kommunist raportlarından sonra, o zamankı şəraitdə bir yığın çətinliklərə baxmayaraq, qurtuluş müharibəsi aparan Mustafa Kamal paşa Kazım Qarabəkir paşaya axırıncı qərarını 1920-ci ildə fevralın 6-da 15-ci korpus komandanlığına göndərdiyi şifrə ilə bildirir. Bu qərarda Azərbaycanın bolşevikləşdirilməsilə göstərilir. Kazım Qarabəkir paşanın o zamankı həmin şifrəyə verdiyi cavabını olduğu kimi yazırıq:
“1 – Antanta dövlətlərinin vücuda gətirmək istədiyi Qafqaz səddi və nəticədə məmləkətimizin hər tərəfdən işğalı və tənəzzülü, daxildəki mülahizələrin artıq təsvir və təsəvvür edilən şəkildə davam etməyəcəyini zənn edirəm.
4 – 22 yanvar 1920-ci ildə ərz etdiyim fikirlərimlə Nümayəndə heyətinin tamamilə razılaşdığı bildirildiyi və Qafqazda Antantanın təhlükə və şübhə oyandıran bir qüvvə və ya göndərilmiş bir hərbi hissəsi olmadığı halda bunun haradan meydana çıxdığı haqqında məlumat verilərək aydınlaşdırılmasını xahiş edirəm” (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 467-468).
Kazım Qarabəkir paşanın Ərzurum 26.4.1920-ci il tarixli teleqramında da belə deyilir.
“Böyük Millət Məclisi Rəyasətinə
Nəsib bəy Yusifbəylinin rəyasətindəki Azərbaycan ilə bolşeviklər arasında ticarət münasibətləri qurulması haqqında tərəflərin razılığa gəlməsinə dair xəbər. Dərbənddə cəm olmuş bolşevik ordusuna aid avanqard hərbi birliklərin Azərbaycan sərhəddində yerləşməsi və müxtəlif kəşfiyyat mənbələrinə görə Azərbaycan hökumətinin bolşevikləri rəğbətlə qarşılamaq qərarına gəldiyinin aydınlaşması göstərir ki, Azərbaycanda indiyə qədər qeyri-müəyyən olan vəziyyət qəti və konkret şəkil almaqdadır” (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 620-660).
Türkiyə Kommunist partiyasının Bakı və Moskvadan guya Qafqazda ingilis hərbi qüvvəsinin olması haqqında Nümayəndə heyətinə ardıcıl olaraq qəsdən göndərilən raportuna qarşı Kazım Qarabəkir paşanın “Qafqazda Anadolu milli hərəkatına mane olacaq ingilis hərbi qüvvəsinin” olmadığına dair Mustafa Kamal paşaya göndərdiyi raportunu yuxarıda qeyd etmişdik. Həmin məsələyə dair başqa mənbələrdən əldə etdiyimiz məlumatı aşağıda veririk. Əski Gürcüstan Milli Müstəqil Respublikasının baş naziri Noy Jordaniya Parisdə rus dilində nəşr etdirdiyi “Bizim ixtilaflarımız” adlı kitabında belə deyir: “Dünya üçün bir sirr deyildir ki, Yunanıstanı Türkiyəyə təcavüzə, Sovet Rusiyasını isə Cənubi Qafqaz respublikalarının torpaqlarını işğal etməyə İngiltərə və onun şəxsiyyətində baş nazir Lloyd Corc təşviq edirdi. Bu sirri Çiçerin ağzından qaçırmış və bütün dünya bu sirri duymuşdur” (səh. 73).
Noy Jordaniyanın almanca nəşr etdirdiyi “Die Englische Gewerkshaftsdelegation und Georgien” (1925-ci il) adlı başqa bir kitabında həmin hadisə bütün təfərrüatı ilə incələnmişdir.
Azərbaycan Milli Şurasının rəisi Məmməd Əmin Rəsulzadə bu hadisə haqqında “Çağdaş Azərbaycan tarixi” adlı əsərində belə yazır: “İngilislərin Türkistan və Qafqazdan ordularını çəkmiş olmaları, Qafqaz üzərinə yürümək üçün bolşevikləri cəsarətləndirirdi. Bununla bərabər o zamankı ingilis baş naziri Lloyd Corc Londonu ziyarət edən Sovet xarici ticarət komissarı Krasinə Krallıq hökumətinin Qafqaz işləri ilə maraqlanmadığını bu sırada bildirmişdir” (Ankara 1951-ci il, səh. 6).
Moskva Türkiyə Kommunist partiyasının kanalı ilə Nümayəndə heyətini Qafqazda olan ingilislərin hücumu fikrilə məşğul edərkən, tarixdə siyasi dözümlüklərilə tanınan ittihadçıları böyük rütbələr verəcəklərilə aldatmış və Azərbaycanın işğalına qədər böyük vədlər vermişdilər. Xəlil paşa Kazım Qarabəkir paşaya yazdığı məktubda deyir ki: “Üzərimə götürdüyüm vəzifə İrandan İraq istiqamətinə hərəkət edən İran inqilab ordusu baş komandanlığıdır”. Həmin Xəlil paşa Mustafa Kamal paşaya belə yazır: “Mən buradan Bakıya oradan da İrana hərəkət edəcəyəm. İraqa və Bulucistan istiqamətinə hərəkət etmək fikrindəyəm” (İstiqlal hərbimiz, səh. 850). Həqiqətdə isə nə ordu, nə baş komandanlıq və nə də bir hərəkət vardı. Çox illər sonra Atatürkün Azərbaycan istiqlalının süqut etməsindən duyduğu üzüntünü Falih Rıfkı Atay belə anladır: “Stalindən sonra Rusiyanın gedişini görürdü. Yeni bir düşmənçilik dövrünə girilməmək üçün əlindən gələni etməklə bərabər Ankaradakı evində səfiri ilə yeyib-içdiyi zaman Azərbaycan türk dövlətindən artıq əsər-əlamət qalmadığını bilirdi” (“Dünya”, 8 noyabr, 1964-cü il).
XI Qızıl Ordunun Azərbaycana hücumundan öncəki günlərin siyasi vəziyyətini tanınmış Türkiyə kommunistlərindən dilçi Əhməd Cavad Əmrə (1920-ci ildə Moskvada “Türk kommunistləri” adlı yazısında) belə anladır: “Qızıl Ordunun zəfərləri haqqında xəbər alınanda, Bakıda Müsavat məclisi gecəli-gündüzlü müzakirəyə davam edir, fəqət müqavimət qərarına gələ bilmirdilər. Dinləyicilər lojasından seyr etdiyim məclisin bu fasiləsiz iclası hürriyətə, müstəqilliyə aşiq bir kiçik məmləkətin ümidsizlik içində qıvrılmasının ülvi bir lövhəsidir” (“Tarix dünyası” jurnalı, № 1, il 1, səh. 90).
* Hazırda Azərbaycan dəmir yollarının uzunluğu 2000 km-ə qədərdir.
* Yelenendorf – indiki Xanlar rayonu.
* Rus çar ordusu da bu saya daxildir.
[1] Selli – kənd adıdır.
[2] Telli – qaçaqların gizləndikləri mağaranın adıdır.
[3] İslam dininə görə Musa peyğəmbər yeganə şəxsdir ki, Allahla üzbəüz söhbət etmişdir. “Kəlim-Allah” Allahın müsahibi deməkdir – tərcüməçi.
[4] Makaka – itəoxşar meymun cinsi – tərcüməçi.
[5] Nihilist – XIX əsrin 60-cı illərində Rusiyada zadəkan ənənə və adətlərinə, təhkimçilik ideologiyasına qarşı mənfi münasibət bəsləyən raznoçin ziyalı. – Tərcüməçi.
[6] Birinci Duma buraxıldıqdan sonra sosialist partiyalar və başqa xalqların millət vəkilləri Finlandiyanın Vıborq şəhərində toplanmış, çara protest etmək üçün bəyannamə dərc etmişdilər.
[7] Musa Carullah Biqi (1875-1949) – Kazan türklərindən olub, görkəmli alim və tarixçidir. 1905-1907-ci illərdə əsarətdə yaşayan türklərin – “Rusiya müsəlmanları qurultayının materialları”nı müfəssəl bir şəkildə nəşr etdirmiş və o tarixi günlərin yazılı surətdə bizə gəlib çatmasına kömək etmişdir. Bu baxımdan Musa Carullah Biqinin türklərin siyasi tarixinə etdiyi xidmət çox təqdirəlayiqdir. M.C.Biqinin bu kitabları olmasaydı, 1905-ci ildə türklərin apardığı mübarizədən xəbərdar olmayacaq, millətçi rusların əməllərindən bixəbər qalacaqdıq. M.C.Biqi 1949-cu ildə Qahirədə yoxsulluq içində ölmüşdür. Allah ona rəhmət etsin.
[8] Yarım əsrdən sonra (1959) Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən nəşr edilən “Azərbaycan tarixi” adlı kitabda (1964) “Difai” partiyasına belə qiymət verilir: “1905-ci ilin payızında Azərbaycanın Şuşa, Cavanşir, Karyagin və başqa qəzalarında tacirlərdən, qolçomaqlardan, burjua-mülkədar ziyalılardan və qismən də bəylərdən ibarət mürtəce “Difai” adlı təşkilat meydana çıxdı. Burjua-mülkədar ziyalıları K.Mehmandarov, Ə.Ağayev, M.Hacınski təşkilata başçılıq edirdi. Müsəlmanları daşnakların basqınından müdafiə etmək pərdəsi altında çıxış edən “Difai” təşkilatı millətlər arasında toqquşmaları qızışdırmaqda iştirak edirdi. Onun fəaliyyətindəki əsas metodlardan biri fərdi terror idi. Bəzi halda “Difai”nin üzvləri daşnaklara kömək etməklə təqsirləndirilən məmurlara qarşı terror tətbiq edirdilər (Azərbaycan tarixi, səh. 613).
[9] Rusiya müsəlmanları qurultayına Semireçinsk vilayəti müsəlmanlarının nümayəndələrindən gələn teleqrafda 1906-cı il 31 mart tarixli nizamnaməyə qurultayın protest edəcəyi ümidi bildirmişdi. Dala öncə Oreqburqda keçirilən izdihamlı toplantılarda da, Orenburq Cəmiyyətinin qurultaya təqdim etdiyi layihədə də eyni fikir söylənmişdi.
Petropavlovsk və başqa yerlərdə rus maarif məmurlarının müsəlman mədrəsələrinə rus dili müəllimi qəbul etmələri üçün polis vasitəsilə mollalardan sənəd aldıqları məlum olduqda, müsəlman mədrəsələrinin vəziyyəti Dumada tamamilə müzakirə olunub bitincəyə qədər maarif məmurlarının bu kimi hərəkətlərinin dayandırılması üçün qurultayın rəyasət heyəti tərəfindən maarif nazirinə müvafiq teleqram göndərildi.
[10] Komissiyanın nümayəndələri: Alimcan həzrət Barudi (rəis), Kəşafəddin həzrət Tərcümani (məruzəçi), Əliəsgər həzrət Hacıyev Qafqazlı, İbrahim həzrət Zəkiyev Krımlı, Xeyrulla həzrət Osmani Karğalı, Həbibulla həzrət Məsudov Alaboy, Əhməd Şakir həzrət Sundukov Əgərçi, Əhməd Şərəf həzrət Salehov, Bozovalı, Məmməd Ata həzrət Mansurov Ula, Əbdürrəhman həzrət Rəsulov Tərviski, Sehman həzrət İshaqov Beriski, Şeyxulla həzrət Şəfiulla İrkit, Canəli həzrət Alaunqarov Semikazaki, Yarulla həzrət Aksurin Tambov, Silahcan həzrət Urmanov Bulğaviçinski, Əbdürrəhman həzrət Məmədiyev Yarkənd.
[11] Qazaxıstanda hər kənddə bir məscid və bir məktəb bina edilsin. İmamlar uşaqlara oxumağı təklif etsinlər, əgər buna iqtidarları çatmasa başqa yerlərdən müəllimlər dəvət etsinlər.
[12] Proqramı tədqiq edən komissiyanın üzvləri: Mustafa əfəndi David oğlu (sədr), Abdullah Həzrət Apanay (məruzəçi), Əlimərdan bəy Topçubaşov, Alimcan Həzrət Barudi, Hadi əfəndi Maksudi, Sadri əfəndi Maksudi, Şah Mərdan əfəndi Kuşçuğulov, Cahangir əfəndi Bayburin, Musa əfəndi Beqiyev, Yolbars əfəndi Beqiyev, Əli İskəndər əfəndi Aşurov, Şah Heydər əfəndi Sırtlanov, Lütfüllah əfəndi İshaqov, Cəmaləddin əfəndi Kuramşin, Abdullah əfəndi Bubi.
[13] “Tan” qəzeti ətrafında toplanan ziyalıları belə adlandırırdılar. – Tərcüməçi.
[14] Kanını – məkanını, yerini. – Tərcüməçi.
[15] Mayıs – May ayı. – Tərcüməçi.
[16] Nisan – Aprel ayı. – Tərcüməçi.
[17] Dimağ – zehin, şüur, ağıl. – Tərcüməçi.
[18] Yakmaq – yandırmaq. - – Tərcüməçi.
[19] Yakin – doğru, həqiqi, gerçək. – Tərcüməçi.
[20] Hüsran – itki, tələfat, zərər. - Tərcüməçi
[21] Osmanlı dövründə türk sultanları eyni zamanda dünya müsəlmanlarının xəlifəsi sayılırdılar. - Tərcüməçi.
[22] Leninin 1917-ci il oktyabrın 25-də (noyabrın 7-də) 2-ci Ümumrusiya Sovetlər qurultayında söylədiyi: “... bolşeviklərin həmişə söylədikləri fəhlə və kəndli inqilabı baş verdi” (Əsərləri. 5-ci nəşri, 35-ci cild, səh. 2) sözləri nəzərdə tutulur. – Red.
[23] Yəqin ki, müəllif Zaqafqaziya Seymini nəzərdə tutur – Red.
[24] Sancaq – Türkiyədə inzibati-ərazi bölgüsü, nahiyə - Tərcüməçi.
[25] Fətəli xan Xoyskinin atası İsgəndərxan əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Buradan Qafqaza, Azərbaycanın Nuxa qəzasına köçmüşdür. Nuxada ailə həyatı qurmuşdur. İsgəndərxan rus ordusunda general-leytenant rütbəsinə kimi yüksəlmişdir. İsgəndərxanın Cahangir xan, Hüseynqulu xan, Fətəli xan və Rüstəm xan adlı dörd oğlu olmuşdur. Onlardan Fətəli xan və Rüstəm xan Moskva universitetinin hüquq fakültəsini bitirmişdilər. Hər ikisi bir müddət rus ədliyyəsində prokuror olmuş, sonra vəkil işləmişlər. Fətəli xan Bakıda vəkillik etdiyi zaman 1906-cı il inqilabının nəticəsində yaradılan rus Dumasına millət vəkili seçilmişdir. O, Dumada Azərbaycan xalqının hüquqlarını qorumaq baxımından çox işlər görmüşdür. Sonradan Azərbaycan parlamentinə müstəqil millət vəkili seçilmiş və parlamentdə müstəqil millət vəkillərinin fraksiyasının rəhbəri olmuşdur. Öncə ən böhranlı bir dövrdə ilk dəfə baş nazir olmuş və sonra isə xarici işlər nazirliyində çalışmışdır. 1920-ci ildə Tiflisdə erməni daşnakları tərəfindən təşkil edilən sui-qəsd nəticəsində Azərbaycanın siyasi xadimi, doktor Həsən bəy Ağaoğlu ilə birlikdə öldürülmüşdür.