Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib,
Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib.
Bir zəbandır şərhi-qəm təqririnə hər bərgi-gül,
Eyləməz bihudə gül gördükdə əfğan əndəlib.
Bilsə zövqüm vəsldən firqətdə əfzun olduğun,
Vəsldən mən’im rəva görməzdi rəşkindən rəqib.
Tə’ni-qəflətdir pəritəl’ətlərə izhari-hal,
Sanma kim, əhbab halından olur qafil həbib.
Ah, bilmən neyləyim, qurtulmaq olmaz qeyddən,
Mən hərifi-sadədil, xuban cəmali dilfirib.
Şəm’ qürbilə təfaxür qılma, ey pərvanə, kim,
Xirməni-ömrün göyər bərqi-fənadan ənqərib.
Nola ağlarsa Füzuli rövzeyi-kuyin anıb,
Lacərəm giryan olur qılğac vətən yadın qərib.