Qanlı-qanlı cəhbələri gördülər, 
Başlar üstdə şimşək-şimşək çaxdılar.
İgid-igid - döyüşlərə girdilər, 
Şəhid-şəhid - zirvələrə çıxdılar.

Şirin-şirin canlarından keçdilər, 
Verib-verib torpağa can, daşa can.
Dönə-dönə əlimizdən tutdular, 
Deyə-deyə torpağa "can", "daşa", "can!"

Qoymadılar Vətən qalsın pis gündə, 
Hər birinin varmış bir yox, min dərdi.
Yaraşaraq bu torpağın üstünə, 
Altını da yaraşığa mindirdi.

Qayasına dırmandılar Şuşanın, 
Minə-minə buludunun atına
Ana girdi, bacı girdi, yar girdi, 
Hər şəhidin tabutunun altına!

Nə yaxşı ki, bu torpaqda yenə də
Kişi oldu, olan məlun olmadı.
Sinəsindən yara alan hər əsgər
Elə öldü, ölən məlum olmadı!