Bu il bayram edəcək, 
Yasda idi haçandan. 
Görəcək Şuşadadı
Xarıbülbül açanda!

O da itkin düşmüşdü, 
O da qaçqın olmuşdu.
Peşiman etmişdilər, 
Açmamışdan solmuşdu.

Yenə bayram gələcək, 
Görəcəklər, görəcək, 
Adam haraya gedər?!
Adam Şuşaya gedir, 
Şuşa Ağdama gəlir, 
Ağdam Şuşaya gedir.
Belə hara boylanır. 
Durub İsa bulağı
"Təbriz yoldadır" deyir.
Könlümə qonaq gəlir, 
Dəniz yoldadır", deyir.

Durnalar da getməyib, 
Enəcək göy üzündən.
Şeir oxuyacaqdır
Vaqif Cıdır düzündə!

Qayıdıb öz yurduna, 
Ağa, Bəyim gələcək.
İrandakı qəbrindən, 
Ağabəyim gələcək!

Qara bağlamayacaq
Bir çiçəyin sözləri.
Daha ağlamayacaq
Natəvanın gözləri!

Üzeyir bəylə Bülbül
Gəlib belə deyəcək:
"Sənsiz" öldük, ay Şuşa!
Ta "Sənsiz" mahnısı da
Sənli oldu, ay Şuşa!

O bayrama gələcək
Hər kəsin gözü-könlü,         
Yarı - bir gül əlində!

Nə xoşdu qalmaq, Allah, 
O "Xarıbülbül"gildə.
Nə xoşdu olmaq, Allah, 
Olanda yarı bülbül
Yarı bir gül... əlində!