Əsgərim, bilirəm hardasan indi, 
Hansı sərhəddəsə...
hardasa, öndə!
Mən də qızınıram sən qızınanda, 
Mən də üşüyürəm sən üşüyəndə!

"Düşmən can desə də, düşməndir yenə".
Qılınc çəkilidi... qın açılıdı.
O günü burnumdan qan açılmışdı, 
Eşitdim, yarandan qan açılıbmış.

Sən öz vüqarını əyməyirsən ki, 
O uca boyuntək boyumuz olsun.
Mən də çalışıram, mən də qaçıram, 
Çörəyimiz olsun, suyumuz olsun!

Hansı vicdansızsa deyir bəlkə də, 
Niyə tam yaz olmur... hələ qışdayıq.
Fərqimiz o qədər deyil bəlkə də, 
Eyni döyüşdəyik, eyni işdəyik.

Sərhəd kəndi idi bizim kəndimiz, 
Düzdü, əlim yetmir mənim hələ də...
Qapısın açarsan öz qapın kimi, 
Sən allah, gedərsən bizim evə də!

Evlərin içində evlərin şahı, 
O ürəyim evdi, o gözüm evdi.
"Xarıbülbül" oxur görsən daşında, 
Ondan tanıyarsan, o, bizim evdi!

Vətən sərhədini sən qoru, oğlum, 
Qoru duzumla da, çörəyimlə də.
Sənə göndərəcəm Günəşdən, sənə, 
Nə od, isti varsa ev-eşiyimdə, 
Nə od, isti varsa ürəyimdə də!