Qar yağır, əridir, su götürürük, 
Söymürük nə tale, nə də ki baxta.
Bu, bizim ömürdür, gəl, gəl, əsgərim, 
Bizim işimizdi bu iş, vəzifə, 
Bizdən ötəridir bu qar, bu şaxta!

Bura elə yerdir, qar tuğyan edir, 
Donur, əl də donur, ayaq da donur...
Bura yurd sərhədi, sərhəd xəttidir, 
Donub, çay da donub, bulaq da donub.

Bir vaxt min-min qalxıb ayağa birdən, 
Bir-bir, üç-üç, beş-beş vurulmuşlarıq.
Özgə adamlarıq, elə bilirlər, 
Bir vaxt Xocalıda qırılmışlarıq.

Vətənə hər yandan keşik çəkirik, 
Demirik oradı, buradı cəbhə.
Nədi könlümüzün muradı - cəbhə!
Nədi ömrümüzün bir adı - cəbhə!
Bizim üçün məzar haradı - cəbhə!
Bizim üçün beşik haradı - cəbhə!

Qoy çıxsın çıxsa da, hər hansı yerdən, 
O necə oğul ki, yaralı olmaz.
Bizim bu torpaqdan, bizim bu eldən, 
Fərari çıxmayıb, fərari olmaz!

İsti ocaq başı, öz evində də
Üşüyən bilir ki, 
Nədən üşüyür.
Əsgər üşüyəndə torpaq qızınır, 
Əsgər qızınanda Vətən üşüyür!

Qoy qalsın sonraya... lap sonralara, 
Hər yoldan ötəni, yetəni sevmək.
Bizim alnımızın yazısı budur:
"Dindən, imandandı Vətəni sevmək!"

Çoxu elə sanır, düşmən bəlkə də 
Çoxdan ölmüş olar, 
qalmaz bu vaxta!
Gəl, hələ səngərdə duraq əsgərim, 
Aylar, sənələrlə duraq əsgərim, 
Bizdən ötəridi bu qopan tufan, 
Bizdən ötəridir bu qar, bu şaxta. 

Çaşıb özgəsinə ərk etmək olmaz, 
Min-min can vermişik, 
can qurtarmayıb!
Vətən səngərini tərk etmək olmaz, 
Necə ki, qar, şaxta
tam qurtarmayıb!