İlk həsrətim, son istəyim, ay Laçın,

Ayaqyalın dağ aşmağa gəlirəm.
Ürəyimdə yuvalanıb gileylər,
Bircə-bircə danışmağa gəlirəm.

Neçə ildi mələr mənəm, mələr sən,
Nə çəkmişəm, necə deyim biləsən.
Bizdən sonra nələr gördün, nələr sən?!
Necə dözdün, soruşmağa gəlirəm.

Şükür, açdı şanlı ordum yolunu,
Üz bozardıb tökmə qara dolunu.
Ağrın alım, qolunu aç, qolunu,
Qol boyunda sarışmağa gəlirəm.

Az gəzmədim ayaz vuran çölləri,
İlıq olmur qəribliyin yelləri.
Arda qoyub qaçqın, köçkün illəri,
Xoş gününlə yarışmağa gəlirəm.

O uşağam, sən yadına sal məni,
Aldı getdi bir yumrulmuş yol məni.
Ana yurdum, ağuşuna al məni,
Torpağına qarışmağa gəlirəm.