Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir, insan deməz hər kim ki, insandır sana.

Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

Aləmi pərvaneyi-şəm’i-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Aşiqə şövqünlə can vermək ikən müşkül degil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıxma yarım gecələr, əğyar tə’nindən saqın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Padşahim, zülm edib aşiq sana zalim demiş,
Xubrulardan yaman gəlməz, bu böhtandır sana.

Ey Füzuli, xubrulardan təğafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana.