Biri var idi, biri yox idi. Bir evdə çox qoca bir kişi öz oğlunun ailəsi ilə birgə yaşayırdı.

     Günlərin bir günü qocanın oğlu taxta qab-qaşıq hazırlamağa başlayır. Qocanın nəvəsi atasına yaxınlaşaraq soruşur: Ata, taxta qab-qaşığı kimin üçün hazırlayırsan? Atası cavab verir ki, bunlar onun babası üçündür. O çox yaşlı olduğu üçün artıq bunlardan istifadə edəcək. Uşaq dinmir. Üstündən bir müddət keçdikdən sonra qoca tamam əldən düşür. Günlərin bir günü oğlu böyük bir taxta təknə hazırlayır. Bunu görən nəvə yenidən atasına yaxınlaşıb soruşur : ‘’Ata bəs bu kimin üçündür?’’ Atası cavab verir: ‘’Oğlum biz sabah sənin babanı təknəyə qoyaraq dağdakı mağaraya aparacıyıq. ’’Nəvə soruşur: ‘’Nə üçün?’’ Ata cavab verir: ‘’Artıq sənin baban çox qocalıb və biz onu mağarada qoyub gəlməliyik. Bu bizim qədim  adətimizdir.” Nəvə deyir ki: ”Ata taxta qab-qaşığı və taxta təknəni mütləq geri gətir. Hələ lazım olacaq. ”Atası soruşur :Kimə? Nə üçün? Ogul: ”Ata, axı sən də qocalacaqsan və elə olanda həmin taxta qab-qaşığı və təknəni sənin üçün istifadə edəcəm. Yenidən hazırlamağa ehtiyac olmasın.” Bu sözləri eşidən ata dərin fikirə dalır və babanı dağdakı mağaraya aparmaqdan vaz geçir. O taxta qab-qaşığı və təknəni sındırıb atır. Bununla da o bir daha mənfur adət-ənənəyə son qoyduğunu bildirir.

     Göydən üç almaq düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın.