Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, şair, dilşünas, 1934-cü ildən ildən AYB-nın üzvü, f.e.d. (1920), professor (1922). 
      1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olmuşdur. Türkiyə Qalatasaray Liseyi - «Sultaniyyə»də təhsil almışdır (1908-1918). İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini öyrənmişdir. Sonra Budapeşt Universitetinin tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyasını müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan «Şərq» qəzetinin redaktoru, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri (1920-1922), Krım Universitetinin rektoru, Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri, ADU-da Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan (1924-1929), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri (1929) vəzifələrində işləmişdir. 
     «Türk dili və ədəbiyyatının tədrisi üsulu» (1926), «Türk dili» (1929), «Türk dili və ədəbiyyatının tədrisi üsulu (I, II hissələr) (1926, 1927), «Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən internasionalizmə» (1930) və s. kitabların müəllifi olmuşdur. 
      1937-ci il oktyabrın 3-də cəza tədbirləri dövrünün qurbanı olmuşdur.