Kişnədi buludlar başımın üstə,
gözümdən süzülən yaşımın üstə,
şəhid məzarının daşının üstə
bu gecə dəli bir yağış yağırdı.

Dəlisov at kimi şahə qalxaraq,
şimşək dırnağıyla odu ha bayaq,
eşirdi göyləri şaraqqaşaraq
bu gecə... dəli bir yağış yağırdı,
göylərdən yerlərə nifrin yağırdı,
göylərdən yerlərə qarğış yağırdı.

Gül açmır arzular, atdığım yekdi,
elatsız obanın yuxusu dikdi,
soyuq çadırların üstü nəm çəkdi,
bu gecə dəli tək yağan yağışdan.

Başımız üstündə tirə bax, tirə,
bilmədik hülqumu verdik kəndirə,
anamın qurduğu palçıq təndirə
bu gecə dəli bir yağış yağacaq.

Çoxdandı görmürdü belə yağışı,
boy atdı torpağın yaşıl alqışı,
doldu çəmənlərdə ceyran naxışı
bu gecə dəli tək yağan yağışla.

Tüstüsü kəsilən elə, obaya,
atamın əlindən düşən yabaya,
ağacda yellənən tənha yuvaya
bu gecə dəli bir yağış yağırmı?


Bu gecə dəli bir yağışa dönüb
ilham pərisinin əlindən tutdum,
dəli bir sevdanın dilindən tutdum,
qələmin Qırat tək yalından tutdum.

Kövrək ümidimin üstünə yağdı,
bacası olmayan tüstümə yağdı,
pəncərə önündə büstümə yağdı
bu gecə bir ağlar heykələ döndüm.