Sən demə məktəbə hər cür bəzənib gəlmək olar,
Telefon ilə sinifdə danışıb gülmək olar,
Yüz bəhanəylə hər ay pul yığaraq bölmək olar,
Hicab olmaz deyən ey kəs, de görək bilmək olar,
Niyə olmaz axı məktəbdə hicab, anlamıram,
Mənə anlat bunu ey alicənab anlamıram.

Sənə xoşdur ki, tamam eyləyən on dörd yaşını,
Bəzəyib sər-sifətin rəngləyərək göz qaşını,
Geyinə dəblə, tökə üstünə hər daş qaşını,
Amma Zəhra balası örtməsin əsla başını,
Verəcəysən necə məhşərdə cavab, anlamıram.
Mənə anlat bunu ey alicənab, anlamıram.

Sənə millət uşağin verdi ki, öyrət hesabı,
Vermədi dərd verəsən çəkdirəsən iztirabı,
Məktəbə qoymayasan ki, tez elə aç hicabı,
Var axı bizdə konstitutsiya qanun kitabı,
Nə yazır bir mənə göstər o kitab, anlamıram.
Mənə anlat bunu ey alicənab, anlamıram.

Yada sal keçmişi, sən bir kommunist dəhşətini,
Etmiş idi qadağan ALLAHın hər nemətini,
Yetmiş il çəkdi bu millət bu günün həsrətini,
Bəlkə sən onlar ilə kəsməmisən ülfətini,
Sənə yoldaş deyim indi ya cənab, anlamıram.
Mənə anlat bunu ey alicənab, anlamıram.

Başı örtmək özü bir milli geyim ənənəsi,
Şərti var ki, görünə əlləri, üz və çənəsi,
Hamının böylə geyinmiş yüz il əvvəl nənəsi,
Sənə çatmırsa əgər mən deyənin bir dənəsi,
Ya səndə yoxdur savad ya mən hesab anlamıram.
Mənə anlat bunu ey alicənab anlamıram.

Şairəm məndə də şer ilə cavab var biləsən,
Dözərik hər nə qədər canda ki, tab var biləsən,
Axirət ruzi-qiyamətdə hesab var biləsən,
Haqsıza hər iki dünyada hesab var biləsən,
Səndə can varmı buna eyləyə tab, anlamıram.
Mənə anlat bunu ey alicənab anlamıram.