Yazdır
Üst Kategori: Azerbaycan Edebiyatı
Kategori: Azerbaycan Edibleri ve Eserleri
Gösterim: 1179

Atama baş çəkmək üçün bir payız kəndə getmişdim. Ömrü boyu at belində gəzən atamı uzun müddətli yataq xəstəsı görmək mənə çox ağır gəldi. Atamı simasında can rahatsızlığı gördüm. Payızın bu yarpaq tökümündə ata yurdumundan səksəni haqlamış atamın qəribə bir kədəriylə geri döndüm. 

Məğrur görkəmindən qalmayıb əsər,
xəstəlik cismini yatağa salıb.
Niyə səni deyib gülən görmürəm,
niyə nurlu üzün belə sozalıb?

Dan üzü qalxmırsan daha yataqdan,
anamı gözlərsən əlindən tuta.
Bir gündə min addım yer dolaşardın,
indi bir addıma həsrətsən, ata.

Gözlərin önündən keçər ötənlər,
əlçatmaz xəyallar səni bayıldar.
Qapı cırıltısı, pəncərə səsi,
ömür yuxusundan səni ayıldar.

Baxıb qolundakı saata vaxtı,
divar xalısının gülün sayanım.
Qonşu otaqdakı pianinonun,
əlində darağın dilin sayanım!
Olsa da sən çəkən dərdlər ayanım,
bəs niyə bu vaxtın əlindən qaçıb,
bu ömrün, bu baxtın əlindən qaçıb,
sənə bu günündə hayan durmuram,
a mənim dar gündə arxam, hayanım?!

Nə deyim bu qansız ömrə, həyata,
bir güllü baharı döndərir qışa.
Sən elə bir ömür sürmüsən, ata,
layiqdir ucadan uca alqışa.

Üfüqdən boylanan nurlu günəş tək,
səkkiz övladına həyat vermisən.
Sən necə varlıqsan bilə bilmirəm,
dənizmi, küləkmi, odmu, yermisən?

Canından, qanından keçib min kərə,
bizim uğrumuzda atıldın oda.
Sən gecə çalışdın, gündüz çalışdın,
bir dəfə əlini açmadın yada.

Boyun bərabəri qaldırıb göyə,
məni gəzdirərdin yolların üstə.
Guya ki, borcundan çıxıram deyə
səni qaldırıram qollarım üstə.

Şəhərə dönəndə sənə aldığım
qoltuq ağacını qolum yerinə
qoyaraq gedirəm.
Cansız bir ağac
bala qollarını əvəz edərmi?!
Ay ata, izin ver ölüm yerinə!

Səni yoluxmağa o dünyadan da,
uçub evimizə qonaq gələrəm.
Mələk qanadımla enərəm yerə,
sənə ilahidən salam verərəm.