Durmuşam, avtobus duracağında,
Minik gözləyirəm, vaxt hədər keçir...
Vaxt da qaçqın düşüb, yoxsa, ilahi,
Təkərlər üstündə dərbədər keçir.

Bu qaçqın dövrandan, zamandan uzaq,
Ağlıma, könlümə damandan uzaq,
Libası göz deşən sürməli xanım,
Özünü əzdirə-əzdirə keçir.

Yağlanmış telləri alnına düşən,
Fikrində zər qızla gizli öpüşən,
Sürtük cins şalvarlı modabaz oğlan,
Bir az naz-qəmzəli, bir az daz oğlan
Gözünü gəzdirə-gəzdirə keçir.

Qol-qola, göz-gözə iki növcavan,
Eşqin ləzzətini duyaraq keçir.
Yadına saldıqca ötən günləri,
Vaxt dolaylarında itən günləri,
Təqaüdçü qoca ürək qanını,
Gözünün yaşıyla yuyaraq keçir.

Bir əlində əski, birində vedrə,
Soyuqdan titrəyən balaca oğlan,
Çirk-pasın içində qaraca oğlan,
Kiminsə maşının yuyur bayaqdan.
Elə o boydaca, o buxundaca,
Bir uşaq boylanıb pəncərəsindən
Mini-avtobusa adam haylayır,
Düşüb dil-ağızdan, əldən-ayaqdan.
Yol qırağındaca durub yan-yana,
Bir nazənin gəlin, bir yaşlı ana,
Ömür-günlərini göy-göyərtəylə,
Birgə dəstələyib, birgə satırlar.
Görən nə düşünür, allah, göysatan,
Kim bilir fikrində qarğıyır bəlkə,
Deyir: “Balan ölsün, balama qıyan,
Yurdun talan olsun, torpaq, öy satan!!!”.

Əllərində zopa, zırpı polislər,
Çəkmənin ağzına verib nə ki var,
Göyü, göyərtəni, turpu polislər,
Onların başında turp əkir yenə.
Nə Allah bilirlər, nə də ki bəndə.

Sinəsi üstündə uşaq xəttiylə,
Soyuq baxışları, buz ürəkləri,
Qanlı yaralara duz ürəkləri
İnsafa çağıran bir parça kağız,
Əl açır, dilənir bir uşaq səssiz.
Elə bil sinəmdən qopur “ah” səssiz:
Gülmirəm, Gülnarəm yadıma düşür;
Turqutum – bir dənəm yadıma düşür.

Baxdıqca baxıram, bitmir tamaşa,
Yumuram gözümü, itmir tamaşa,
Beynimin içində açılır səhnə,
Əynimin içində açılır səhnə,
Qaçıram, qaçıram gördüklərimdən,
Gördükcə qəlbimdə hördüklərimdən,
Nə qədər qaçsam da, hara qaçsam da,
Gözümün önündən getmir tamaşa.

Əgər inanmasan dediklərimə,
Əgər odlanmasan dediklərimə,
Oxucu gəl dayan qaçqın zamanda,
Oxucu, gəl dayan mən duran vaxtda.
İşdi vaxt tapmasan, zaman tapmasan,
Gəl dayan, növbəti dayanacaqda.