Yenə bahar gəlib ağ varaqlara,
Xəyalım köç edir ötən çağlara.
Elə hey qoşulub mən uşaqlara
Unluja dovğası bişirmək üçün
Unluja yığmağa gedərdim hər gün.

Yamyaşıl talalar şehdə çiməndə
Deyərdim, gülərdim qızlarla mən də
O qızların çoxu düşdü kəməndə
Bu ömür deyilən yuxuymuş demə
Unluja dövğası düşüb könlümə.

Guya unlujaya getmişdim mən də
Qayıdıb əliboş evə dönəndə
Səbirli anamın səbirdanından
Danlaqlar yağardı sel tək üstümə
Unluja dövğası düşüb könlümə.

Yenə arx döşündə bitir yarpızlar,
Yenə göy üzündə yanır ulduzlar.
Bəs siz hardasınız, yaşıdım qızlar?
Mən sözün sehriylə yaşadım, qızlar!
Siz kəməndə düşdüz, mənsə tilsimə
Unluja dövğası düşüb könlümə.

İndi o aylardan, illərdən uzaq,
Unluja bitirən çöllərdən uzaq,
Məni öz janından artıq istəyən,
Obalardan uzaq, ellərdən uzaq
Qərib bir şəhərdə qursam da, kümə
Unluja dövğası düşüb könlümə.

Oxucu, düşünmə dovğa acıyam,
Torpaq həsrətlisi, yurd möhtacıyam.
Hər yazıdan əvvəl bir ağ varaq var,
Unlucadan qabaq unlucanı da,
Yetirən, bitirən ana torpaq var.
Yoxsa dovğa nədi, unluca nədi?

Unluca özü də bir bəhanədi.
Unluca özü də məni yetirən,
Unluca özü də məni bitirən,
Düşmən tapdağında qalan yurdumdan,
Düşmən tapdağında solan yurdumdan,
Ana torpağımdan bir nişanədi.