Şeir onun üçün qara sevdadır...

                                                                                                          Məmməd İsmayıl
                                                                                                          Türkiyənin Çanaqqala
                                                                                                          18 Mart Universitetinin professoru
 
     2012-ci ilin fevral ayında Moskvada “Vmesto pisma” kitabımın təqdimat mərasimində həmyerlimiz şairə Afaq Şıxlı ilə yaxından tanış oldum. Bu şairin əvvəllər də dövrü mətbuatda imzasına rast gəlmişdim. Amma bu rastlantılar ötəri xarakter daşımışdı. Azərbaycanda, eləcə də dünya ədəbiyyatında qadın poeziyası kişilərin yazdıqları ilə müqayisədə elə də ağır çəkiyə malik deyil. Əlbəttə bu yöndə xoş istisnalar da var. Rus ədəbiyyatını Marina Svetayeva və Anna Axmatovanın əsərləri olmadan təsəvvür etmək mümkün deyil. Son dövr Azərbaycan ədəbi mənzərəsində boy göstərən qadın şairələrimizdən bəzilərinin yenilik arayışları da gələcəyə ümidlə baxmağa əsas verir.
     Bu fikrin yaranmasında şübhəsiz Afaq Şıxlı imzasının xüsusi payı var. Fikir yüklü şeirləri və bir neçə dildə sərbəst danışması Afaq Şıxlının Moskva ədəbi mühitində mövqe qazanmasına səbəb olmuşdur. Doğrusunu deyim ki, bu şairənin, istər Marina Tsvetayevanın ev-muzeyində rusdilli oxucularla, istərsə də Millətlər evində Rusiyada yaşayan həmvətənlərimizlə görüşlərimdəki çoxlarından fərqlənən çıxışları məndə ona qarşı bu inam və rəğbəti yaratdı.
     Afaqın indiyə qədər “Qəlbimin dedikləri” (2003), “Sevərsənmi” (2005), “Məndən uzaqda” (2008), “Səni düşünürəm” (2011) və “Dostlarım, bana da bahar gönderin” (2013, türkcə) kitabları çap olunub.
     Şeir və hekayələrdən ibarət olan bu kitabları oxuduqca, ədəbiyyatımıza ciddi məramlarla gələn və bu məramlarını əsərlərinə yüksək səviyyədə yansıdan bir qələm sahibinin ürək çırpıntılarını hiss edirsən.
     Yazdığım bu cümlələrin bir az soyuq alındığının özüm də fərqindəyəm. Əslində Afaqla və onun əsərləri ilə yaxından tanış olduqca Moskvada-qürbətdə yaşayan bu xanım üçün şeirin bir sonuncu sığınacaq yeri və qara sevda olduğunu bilən və görən adamın onun haqqında soyuq mühakimə yürütmək haqqının olmadığını da bilirəm. Bu xanım, şeirlə yatır, şeirlə qalxır və nəfəsini şeirlə alır desək əsla yanlış olmaz. Bəlkə Azərbaycan aurasından və ədəbi mühitindən uzaqlığı onda bəzi tərəddüdlərə səbəb olur. Amma nəyə olur olsun Anadolu türkləri demiş, bir şeyə ki, qara sevda ilə bağlandın, orada qapını döyənin uğur barmaqları olacağı şübhəsizdir.
     Ədəbiyyat dil hadisəsidir. Hər şeydən əvvəl Afaqın əsərlərində mükəmmməl, coşğulu və axıcı bir dilin varlığı razılıq doğurur. Onun misralarındakı hər söz canlı, yerində və dipdiridir:

Sonsuz xəyallarımdır ürəyinə daşınan,
Unutmaq bir yalandır, çabaların boşuna!
Keçmişinin əlindən gizlənməkçün başına
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi!

     Yaşını, başını almış şairlər var ki, bəlkə misralarının içində ala-babat fikir də var, amma sözlər ölüdür, nəfəs almaqdan məhrumdur. Afaqın əsərlərindəki bu axıcılığı onun “Şıxlı” nəslindən olmasında da axtarmaq olar. Atalarımız yerində demişdir ki, usta oğlundan şagird olmaz. İsmayıl Şıxlı ünvanlı bir sənəd məbədinin qanını daşımaq, “əslində olan dırnağında bildirəcək” misalını doğruldacaq səviyyədədir:

Bu dünya,
O dünya,
Bir də ikimiz,
Arada oyunu heç heçə bil, sən!
 
Yaxud;
 
Sevgiymiş yaşadan vuran ürəyi,
Dərəsiz dumanın yoxmuş gərəyi.
Buludlar dağların bəyaz örpəyi,
Qayalar düzlərin başdaşı imiş!

     Süddən, sümükdən, ruhdan, qandan keçən “Şıxlılıq” onu anadan olandan vergili bir ünvana çevirib, on beş yaşında orta məktəbi qızıl medalla qurtarmaq, tibb institutunu iyirmi yaşında fərqlənmə diplomu ilə bitirmək öz-özlüyündə vergili olmağın işarətləri deyilmi? O “Şıxlı” vergisi nəhayətdə Afaqı ədəbiyyat məcrasına yönləndirəcəkdi, yönləndirdi də:

Sən – yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən...
Sən – mənim ömrümün beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən.

     Pulun hakim olduğu, her şeyin alınıb satıldığı bir dünyada dəlicəsinə sevgiyə ehtiyac varmı, dəlicəsinə sevilirmi, ümumiyyətlə? Bu sualların cavabı oxuyanına baxır. Yetmiş üç yaşlı mənim kimi bir adam üçün “sevgisi ötən əsrin sahillərində qaldı” da deyilə bilər. Amma “O mənəm, o mənim on doqquz yaşım, Sızlayır şəhərlə kənd arasında” deyən, içində hələ də ilk sevginin yaraları qaysaqlanmayan 19 yaşlı Məmməd İsmayılın (ya da daha doğrusu Məmməd İsmayılovun) yanıb qovrulduğu illəri hayana qoyaq bəs? Onun, həyatı ürək dolusu yaşamaq növbəsinə dayanan gənclərlə indi də bir əlaqəsi varmı? Vardır! Təsadüfən qarşılaşan iki yad adamı doğmalaşdıran böyük hərflərlə yazılacaq SEVGİSİZ yaşamaq mümkündürmü? Əlbəttə ki, yox! Ömrün hansı çağı olur olsun, mümkün deyil! Necə ki, Kürün, ya da Arazın başlanğıcı olan Türkiyənin Mingöl dağlarındakı bulaqları ortadan qaldırsaq, bu çayların Xəzərə çatmaq şansı olmazdı...
     İnsan SEVGİSİNİN ömrü üç mərhələdən ibarətdir: Birinci, sevginin ilk hissedilişi, ikinci, sevgi həyatına daxil olub yaşanılması, üçüncüsü isə sevgi haqqında xatirələr. Yenə yuxarıda adını zikr etdiyimiz Marina Svetayevaya üz tutsaq maraqlı ip ucları ilə qarşılaşarıq: Sənə necə münasibsə məni elə də sev və onu mənə uyğun şəkildə ifadə et, amma elə et ki, mən bundan xəbər tutmayım”. Yerin yaz yaddaşı hər il ilk baharını yaşadığı kimi, olsun bir az dəyişik biçimdə hər gələn nəsil də öz sevgi baharını yaşamalıdır, yaşayır da! Sadəcə yayın, payızın, illah da qışın... çıxdığı bahara geri dönmək həvəsi yoxdu yəqin ki! Zaman da var, imkan da, hər şeyin başı olan həvəsdən savayı. Afaq Şıxlıda isə bu dəli həvəs var, başa varması, vüsala qovuşması müşkülə düşmüş sevgiləri şeirlərində yaşatmaq həvəsi:

Nədən mənim deyilsən,
ey mənim ayrı dünyam
Kövrək nağıllarımın ağ atlı şahzadəsi!
Ey ağlımı çaşdıran,
başımı hərləndirən ətirli mey badəsi!

     Afaq Şıxlı yaradıcılığını hansı ədəbi məktəbə aid etmək olar? Adam var ki, bir kitab ağzı açmadan, hətta küməsindən kənara çıxmadan ilahi bir fəhmlə dünyanın çoxşifrəli sirlərinə vaqif olur. Adam da var ki, bəlkə bitirmədiyi məktəb, oxumadığı kitab yoxdur, amma Haqdan vergili olmadığından yazı-pozusu kəllə suyundan başqa bir şey deyil. Sevindirici haldır ki, Afaq Şıxlıda həm Haqdan gələn bir ilham, həm də mütaliədən yaranan bir yetkinlik var. Ona görə də gərək şeir vəznlərindən, gərəksə də biçimlərindən istifadə etməkdə çətinlik çəkmir. Həm də ədəbiyyatımıza yeni gələn ədəbi qüvvələrin bəzilərində olduğu kimi, yenilik adına əllaməlik etmir, sadəlikdə mürəkkəblik arayışına girir. Kimə məlum deyil ki, Puşkin kimi sənətkarı modernistlərdən ayıran cəhət onun aydın və sadə yazmağı idi, onun dahiyanəliyini də ilhamının bu cəhətində axtarmaq lazımdır. Hamının anlaya biləcəyi, amma kimsənin bu cür yaza bilmədiyini yaza bilmək, budur əsas məsələ! Və Afaq da bu istedadı ilə oxucusunu heyrətlər içində buraxmağı bacarır.

“Sən mənim ömrümün beşinci fəsli” kitabına toplanmış şeirlər dediklərimizin birbaşa sübutudur. Bu kitabda Qazax-Tovuz aşıqlarının ruhi halında yazılan qoşmalara da rast gəlmək olar, fikrin sərbəstliyini içində barındıran şeir biçimlərinə də! Bir tərəfdə saza, sözə, Vaqif, Vidadi, Dilqəm, Azaflı Mikayıl kökünə köklənən aşiqanə qoşmalar, o bir tərəfdə çağdaş ritmləri öz içinə alan Mikayıl Müşfiq, Əli Kərim ruhi halları!
Sevirsənsə, bu sevgini faş elə,
Vüsalını çək başına – nuş elə!
Ya sevmə heç, ürəyini daş elə,
Ya da elə aşkarca sev, amandı!
 
Yaxud:
 
Səs salmıram,
qıymıram kimsəni oyatmağa.
Kəkotulu, limonlu bir fincan da çay süzüb
köçürürəm vərəqə qəlbin zümzüməsini,
küləklərin səsini,
Hələ də əriməyən bu qürbətin qarını,
Vətənin baharını,
duyğuların dilini,
dostların nisgilini...
 
Yaxud:
 
Yığacaqsan xaincə unutduğun nömrəmi,
İllərin arxasından məni səsləyəcəksən,
Cavab gözləyəcəksən...
Deyəcəksən: “Bu eşqsiz həyatımda
rəng çatmır!”
Amma yoxam mən daha dəstəyin o başında...
Yalnız eşidəcəksən:
Bu nömrəyə zəng çatmır.....
Bu nömrəyə zəng çatmır.....

     Marina Svetayeva esselərinin birində yazırdı: “Rusiya hansısa önəmli sözünü demək üçün iradəmin ziddinə məni seçdi. Və tərifləyə-tərifləyə buna məni inandırdı ki, bu fikirləri olduğu kimi söyləməyi yalnız sən bacara bilərsən!” Bu mənada, bəlkə nakam sevdalar və sevgilər də özlərini izhar etmək üçün bir başqasını yox, onu – Afaq Şıxlını seçmişlər, kim bilir? Şeirlərinin əsasını sevgi motivlərinin təşkil etməsi bizi bu qənaətə gəlməyə vadar edir. “Hər şairin öz hadisəsi, hər hadisənin öz şairi var” nəticəsinə gələnlərlə bu mənada razılaşmaq olar. “Şair üzərində məhkəmə onun özünün öz üzərindəki məhkəməsidir.” Öz yaşantılarımdan, başım çəkdiyindən bilirəm: Qürbətdə dost yoxdur, şeir sevilməz. Afaqın durumu qürbət anlamında hardasa məndən daha ağırdır. Türkiyə qürbət olsa da dini, dili eyni olan qardaş qürbətidir, Rusiya (Moskva) isə təkcə dinlərin, dillərin ayrıcalığı ilə deyil, eyni zamanda qəribanə havasıyla da müxalifətdədir. Amma yenə də təşnə ürəyini vermək üçün bir kimsə yoxsa, ürəyi sözə, şeirə verməkdən münasib nə ola bilər ki?

Yenə həsrət dolu axşam düşəcək...
Çəkə bilirsənsə bu həsrəti çək.
Qopur varlığımdan hecası tək-tək:
“Qa-yıt hə-ya-tı-ma, sən-siz ol-ma-yır!”
 
Yaxud:
 
Şair, xəyalında,
fikrində
hər dəm
Görəsən, özgəsi,
yoxsa ki, mənəm?

     Qürbətdə yaşayan şairə söz Vətən olur. Və nə yaxşı ki, belədir; Şeir də sevgi kimidir, o səni buraxana qədər davam etməlisən. Və... yenə “əgər sevilmirsə, sevilməmək şerin yox, bizim günahımızdır hardasa”, – deyirdi M.Svetayeva. Və Svetayevanı tez-tez xatırlamağım da səbəbsiz deyil. Şairə haqqında bir şey yazarkən şairədən, həm də az qala uşaqlığından şeirin, sözün dəli-divanəsi olan şairədən də örnək almayıb kimdən almalıyıq ki? Erkən yaşlardan şair, şeir heyranlığında A.Şıxlı bir başqasına yox, məhz M.Svetayevaya bənzəyir. “Mənim kimilərini Qiyamət günü vicdan məhkəməsində mühakimə edəcəklər, amma əgər Sözün vicdan məhkəməsi varsa, mən orda suçsuz və təmizəm,”- deyirdi M.Svetayeva. Bu anlamda oxucuların mühakiməsinə verilən “Sən məmim ömrümün beşinci fəsli” kitabındakı şeirlər bizə haqq verir deyək ki, üslubları ilə bir-birindən fərqlənsələr də, bu kitabda ilhamsız yazılan bir şeirə də rast gəlməzsiniz.

Hər kitab hardasa ayrılış və qopuşdur. Bu mənada bu kitaba toplanan əsərlər hardasa Afaqın əvvəlki kitablarından xeyli dərəcədə fərqlənir. Buna şeirdən şeirə ölmək və şeirlə yenidən dirilmək də deyə bilərsiniz!
Gəl, məni hifz eylə, varsa amanın,
Zülmün verdiyini zülümə qaytar!

lll
Dünənlərə pəncərəni bağlayaq, gəl,
Sabahlara qapıları açmaq üçün!
lll
Nələr tapdım, nələr itdi...
Bir inada hər şey bitdi.
Yarı yolda qoyub getdi,
Üzü dönükmüş, dönükmüş...
lll
Ömür yolu dumanlıq,
Səadətim bir anlıq.
Bəxt deyilən – tikanlıq,
Düz, üstünə düşmüşəm!
lll
Söyləyirdin həyatını
Yarı doğru, yarı yalan.
Bəlkə elə bu yarılar
Oldu bizi ayrı salan?

     Şeirə, ədəbiyyata qara sevda ilə vurulduğundandır ki, A.Şıxlının ədəbi uğurları ildən ilə, aydan aya deyil, mən deyərdim gündən günə artır. Beynəlxalq Yazıçılar və Qəzetçilər Assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliyinin üzvu olması bu elqızımızın artıq ölkə sərhədləri dışında ədəbiyyatımızın layiqli təmsilçisinə çevrildiyinin bir sübutudur. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən və Rusiyada, Türkiyədə, Almaniyada tez-tez çap olunan Afaq xanımın internetdə də pərəstişkarlar ordusunun olduğunu söyləmək heç də mübaliğə olmazdı.
     Şairənin şeirlərinə bir çox qələm sahibləri nəzirələr yazırlar. Onlardan biri də elə mənəm. Onun şeirlərinin arasında tez-tez elələrinə rast gəlirəm ki, sadəcə oxuyub ötə bilmirəm.
     Düşünürəm ki, elə kitab yazmaq lazımdır ki, oxucu onu əlinə aldıqda həyəcan keçirsin, onsuz darıxsın, bir sözlə masaüstü kitaba çevrilsin. “Sən mənim ömrümün beşinci fəsli” də belə bir kitab olacaq. Çünki kitablar da adamlar kimidir, adlarına çəkir.
     Uzun sözə nə ehtiyac? Bu siz, bu da Afaq Şıxlının təkrarsız və doyulmaz şeirləri!