Çiçəkli qoynunda bir bağça tikdim,
Suvara-suvara göz yaşı tökdüm,
Gecə-gündüz əməyini mən çəkdim,
Yoldu meyvəsini yellər, a dağlar!..

Nədən küskün yaxandakı bülbüllər,
Harda mana layla çalan o dillər?..
Mən səslənsəm: ellər, ellər, ay ellər,
Əksi-səda gəlir: “ellər...”, a dağlar!..

Söylə, nədən səs verməyir Xəzərim,
Mən ki, onun hər dərdini yazarım,
Sürgün olub uğrunda həp gəzərim,
Qismətim bu uzun yollar, a dağlar...

Söylə nədən dəli Kürüm çağlamaz,
İçdən coşub öz gününə ağlamaz,
Göy Muğanım nədən yaşıl bağlamaz,
Dərdlimidir o Göy göllər, a dağlar?..

Söylə, Şahdağlarım nədən yaslıdır?
Köksündəki qılınc, qalxan paslıdır?
Şairlərin nədən həzin səslidir,
Qərib sazda qırıq tellər, a dağlar?..

A dağlar, a dağlar, söylə, a dağlar,
Olurmu aşnalıq böylə, a dağlar?..
Yaman günüm yaxşı eylə, a dağlar,
Sana qurban bu könüllər, a dağlar...