Ayna sular sahillərə
Çırpınaraq daşanda.
Bir qız gəlib əldə sənək
Durub çeşmə başında.

Sənəyini qoyub suya,
Baxır, baxır uzağa...
Elə bil ki, sudan ötrü
Gəlməyibdir bulağa.

Seyr eləyir kənd yolunu,
Su sənəkdən hey daşır.
Əsmər üzlü bir gənc bu vaxt
Cavan qıza yanaşır.

-Bir içim su verərsənmi?
Deyib baxır yarına.
Sevincindən alov düşür
Qızın yanaqlarına.

Qız su verir, oğlan içir
Sərin bulaq suyunu.
Seyr eləyir oğrun-oğrun
Sevdiyinin boyunu.

-Zəmimizdə taxılların
Bir dəni də qalmadı.
Təkcə sənin rəftarından
Könlüm aram olmadı.

İndi mənə sözün nədir?-
Gülür bu an cavan qız.
-Oğlan! Bil ki, əbədidir
İlqarımız, andımız.

İndi təkcə bir arzum var,
Çalışaq ki, eşqimiz-
Bu çağlayan sular kimi
Daim olsun saf, təmiz!