Göy gölə duman çöküb,
Görən nə zaman çöküb!
Axı doğma Bakıdan
Onu deyib gəlmişəm.
İstidən yanan zaman
Xəyalən dincəlmişəm
Neçə kərə mən onun
Yaşıl sahillərində...
Səfalı Abşeronun
Sərin yaz yellərində
Mən onun nəfəsini
Duymuşam dönə - dönə.
Eşitmişəm səsini,
Dözmüşəm həsrətinə.
İndi qonağam ona,
Bu kəsif duman nədir?
Yoxsa Kəpəz küsübdür
Mavi sulardan, nədir?
Axı mən bu diyarda
Müşfiqin alov saçan
Gözünü axtarıram.
Axı, mən bu sularda
Vurğunun ürək açan
Sözünü axtarıram.
Axı, neçə bəstəkar
Bu gözəlin hüsnünə
Mahnı bəstələmişdir.
Axı, mavi gözlü yar
Bu yerdə dönə - dönə
Çiçək dəstələmişdir.
Axı, xeyli vaxt olar
Mən vuğunam bu yerə.
Göy göldəki dalğalar
Axıb odlu sinəmdən
Dönüb şirin sözlərə.
Yox, yaraşmır Göy gölə
Bulud, duman, ayaz, çən!
Neçə rəssam rəng alıb
Onun ləpələrindən.
Yox, ürəyim dözməyir
Çəkil duman, ey duman!
Duysun təzə bir şeir
Burdan gözəllik uman!
Açılsın ağ örtüyü
Mavi rəngli Göy gölün.
Öyün, Göy gölüm, öyün,
Sən fəxrisən, bir elin.
Durul, Göy gölüm, durul!
Ürəyim nigarandır,
Ləpəni ulduz elə,
Mənim yolumda yandır...
Durul, Göy gölüm, durul!
Şeirimə, düşüncəmə
Nur ol, Göy gölüm, nur ol!
İstərəm sularında
Nə çən, nə duman görüm.
Səni daim bəxtiyar,
Daim firavan görüm.
Dövrən güllü - çiçəkli,
Dostlar qonağın olsun.
Min sözlü, min diləkli
Sənət gülzarımızda
Daim təzə güllərin,
Səsin, sorağın olsun.