Həyatı və elmi fəaliyyəti. 1960-1970-ci illərdə ərsəyə gələn tənqidçilər nəsli­nin ən istedadlı nümayən­dələ­rindən biri Yaşar Qarayev olmuşdur. O, ədəbiy­yatşü­naslıq və tənqiddə vulq­ar sosiolo­giz­min qalıqlarına qarşı bir nəzəriy­yəçi və tənqidçi kimi ardıcıl mü­barizə apar­mış, elmdə də müasirlik me­yarla­rının təbliğatçısı olmuşdur.

Yaşar Vahid oğlu Qarayev 1936-cı il martın 5-də Şəki şəhərinin Gəncəli məhəlləsində ana­dan olmuşdur. Gələcək alim birinci sinfə Şəkidəki 4 saylı orta məktəb­də getmiş, 1946-cı ildə ailəsinin Bakıya köçməsi ilə əlaqə­dar kiçik Yaşar təhsilini 31 saylı məktəbdə davam etdirmişdir. Gələcək alim hələ məktəb illərindən gözəl hafizəsi, fənləri yaxşı mənimsəməsi ilə müəllimlərin diqqətini cəlb edirdi. O, məktəb illərindən əruz vəznində şeirlər yazmış və romantik şairlərimizin pərəstişkarı olmuşdur. Sonralar tələbəlik illərində Yaşar Qarayev şeirdən uzaqlaşmış və özünü ədəbiyyat elminə həsr etmişdir. Ədib yetkin vaxtlarında da şeirlər yazır, lakin bu sahəyə heç zaman ciddi əhəmiyyət vermirdi.

Yaşar 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş və oranı 1958-ci ildə qırmızı diplomla bitirmişdi. Tale elə gətirib ki, onun tələbəliyinin son illəri SSRİ-də N.S.Xruşşovun siyasi islahatları və İ.Stalin kultunun tənqidi ilə eyni vaxta düşmüşdür. Bu islahatlar o vaxtlar sovetlər ölkəsində humanitar sahədə hökm sürən əzbərçiliyə, İ.Stalinin şəxsiyyətinə qarşı kütləvi yaltaqlığa ağır zərbə endirdi. Fikir sahəsindəki bu yeniləşməni gənc nəsil, tələbələr və yaradıcı gənclik xüsusi ruh yüksəkliyi ilə qarşıladı və bu hərəkata qoşuldu. N.S.Xruşşov islahatlarını himayə edən gənclik, sonralar «altmışıncılar» kimi tanındı.

Siyasi islahatlar o zaman universitetlərin həyatında da canlan­ma yaratdı. Yaşar oradakı dərnəklərdə iştirak edir və 19 yaşın­dan resenziya janrında yazdığı yazıları ilə mətbuatda çıxış edir­di. Bu yaş ədəbiyyat elmi ilə məşğul olan adam üçün çox gənc, erkən idi. Lakin Yaşar nəzəriyyəni gözəl bilməsi və duy­ması ilə diqqəti çox tez cəlb etdi və onun «Azərbaycan gəncləri» qəzetində çap olunmuş ilk yazısı 1955-ci ilə aid idi.

Yaşar ilk çıxışlarından özünəxas parlaq və təzə nəzəri-elmi təfəkkürü ilə diqqəti cəlb etmişdi. Hələ tələbəlik illərindən o, öz həmyerlisi Bəxtiyar Vahabzadə ilə tanış olmuş və onun vətənçilik ideyalarından təsirlənmişdir. Bu təsirlərin və məhəbbətin bəhrəsi olaraq o, sonralar böyük şair haqqında «Poeziyanın kamilliyi» (Bakı, 1985) kitabının iki müəllifindən biri oldu.

N.Xruşşov islahatları tezliklə yuxarıdan dayandırıldı: totalitar dövlətdə mənəvi azadlıq mümkün deyildi və siyasi təhlükəyə çevrilirdi. Lakin bu islahatların təsirini ədəbi və elmi gəncliyin beynindən çıxarmaq mümkün deyildi. Bütün sonrakı ömrünü sağlam düşüncə və mənəvi azadlıq ideyalarına həsr edən ədəbi gənclik nümayəndələrindən biri də Yaşar oldu. Diri, azad elmi fikir alimin xidmət etdiyi əsas dəyərlər idi.

Ədəbi məclislərin birində o zaman Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini olan akademik Kamal Talıbzadə təsadüfən Yaşarla tanış olur və onun nəzəri ağlını bəyənir. Çox çəkmədən Kamal müəllim Yaşarı o zaman İnstitutun direktoru olan akademik Məmməd Ariflə tanış edir. Nəticədə, Yaşar Qarayev 1959-cu ilin 17 martından Nizami adına Ədəbiyyat İnstitutunda işləməyə başlayır. Bu institut alim üçün ikinci ev olmaqla bərabər, ömrünün sonuna qədər onun birinci və sonuncu iş yeri oldu. Alim vəfat edəndə artıq institutun direktoru vəzifəsində çalışırdı.

Həmin ildə aspiranturaya daxil olan Yaşar Qarayev «Azərbaycan ədəbiyyatında faciə janrı» mövzusunda namizədlik dissertasiyası üzərində çalışmağa başlayır. Həmin mövzu alimin gələcək elmi fəaliyyətinə əsaslı təsir göstərir. Məlumdur ki, müasir Azərbaycan ədəbiyyatının yaranması və formalaşması dram janrı ilə bağlı idi. Gənc alim bu janrı tədqiq etməklə müasir ədəbiyyatımızın bütün köklü məsələləri ilə üz-üzə gəlmiş oldu.

Alim 1963-cü ildə namizədlik işini uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. Bu illər onun həm də ədəbi tənqid sahəsindəki fəaliyyətinin ən qızğın çağı idi. 1964-cü ildə Yaşarı istedadlı tənqidçi kimi Yazıçılar İttifaqına qəbul etdilər. Bir il sonra 1965-ci ildə onun namizədlik işi “Faciə və qəhrəman” adı ilə ayrıca kitab şəklində çap olundu. Elmi ictimaiyyət bu kitabı Azərbaycan ədəbiyyatşünaslıq elminin yeni nəzəri səviyyəsini əks etdirən bir nümunə kimi qarşıladı, alim geniş şöhrət qazandı.

Tənqidçi kimi böyük şöhrəti, uzun zaman onun müasir ədəbiyyata və teatra bağlanması və akademik elmi araşdırmaya soyuqqanlı münasibəti ilə nəticələndi. Bu, təsadüfi deyildi. Azərbaycan ədəbiyyatında heç kəs tənqidi sözün gücü ilə Yaşar kimi qibtəli şöhrətə çatmamışdı.

Obyektiv qələm sahibi kimi onu Yazıçılar İttifaqı tənqid seksiya­sının rəhbəri seçmişdilər. 1975-ci ildə Elmlər Akademi­ya­sının Rəyasət Heyətinin xüsusi qərarı ilə Yaşar Qarayev üçün Niza­mi adına Ədəbiyyat İnstitutunda «Müasir ədəbi proses» şö­bəsi açıldı. 1976-cı ildən başlayaraq həmin şöbədə hazırlanan illik icmallar toplusu -  «Ədəbi proses»  silsiləsi çap olunmağa başladı və uzun illər davam etdi.

Ədib 1979-cu ildə «Azərbaycan realizminin inkişaf mərhələləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. O, 1981-1985-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, sonra isə ömrünün sonuna qədər direktor vəzifəsində işlədi. Alim 1996-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Yaşar Qarayev uzun sürən xəstəlikdən sonra 2002-ci ilin 25 avqustunda vəfat etmişdir. Məzarı İkinci Fəxri Xiyabandadır.

   Ədəbi və teatr tənqidinə gətirdiyi yeniliklər. Yaşar Qarayevin elmi fəaliyyətinin əsas mövzusu Azərbaycan dramaturgiyası və onun taleyi idi. Yaşarı bu janra bağlayan əsas xətt - müasir ədəbiyyatımızın ana xəttini müəyyən etmiş M.F.Axundov, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı ənənələri idi. Yaşar üçün bu dörd sənətkarın yaradıcılığı həm də xalqımızın müasir elmi və ədəbi ideyalara qovuşmasının timsalı idi.

Tənqidçi 60-cı illər islahatları zamanı geniş işlənməyə başlayan ədəbi müasirlik anlayışına xüsusilə bağlı idi. İslahatlar zamanı müasirlik anlayışı −  sosioloji ədəbiyyatşünaslığın əks qütbü, yaradıcılığı siyasi buxovlardan qurtarmaq mənası verən bir anlayış idi. Qısaca deyilsə, müasirlik stalinizmin ifşasından sonrakı ədəbi ab-havanı nəzərdə tuturdu. Bu ab-hava isə həm də Yaşar üçün proletar ədəbiyyatı anlayışının dar çərçivələrdən çıxıb sərhədsiz klassik irsə qoşulması idi.

Təsadüfi deyil ki, tənqidçi müasirliyin fikir və sənət meyarlarını klassiklərdə - M.F.Axundovda, C.Cabbarlıda axtarırdı. Yaşarın təqdimatında klassiklərin müasirliyi proletar ədəbiyyatı təsəvvürlərini dağıtmaq və kənara atmaq üsulu idi. Bu mənada tənqidçinin ədəbiyyatda müasirlik uğrunda mübarizəsi yaradıcılıq azadlığı, istedad meydanı uğrunda çalışmalar idi. 60-70-ci illərdə 20-ci illərin proletar ədəbi dərnəklərindən çıxmış bəzi titullu yazıçılar ədəbi mühitdə həqiqi ədəbi rəqabətin əleyhdarları idilər. Dramaturgiyanı gözəl bilən Yaşar isə, həm də parlaq nəzəriyyəçi idi. Bu nəzəriyyəçiliyi teatr tənqidinə yönəldəndə, Yaşar Qarayevin ən böyük xidmətlərindən biri − yeni tipli teatr tənqidi yaranmış oldu.

Yaşara qədər ədəbi tənqiddə Ə.Nazim, M.Arif, M.Cəfər kimi gözəl tənqidçilər və onların məktəbi vardı. Lakin Azərbaycan teatr tənqidinin müəyyən ənənələri olsa da, bu sahədə Yaşara qədər parlaq qələm sahibləri, teatr sənətinin nəzəriyyəçiləri yetişməmişdilər. Teatrımızdan və onun tarixindən çox yazılmışdı, lakin bunların hamısı praktik və təsviri teatrşünaslıq idi, tamaşanı şərh edən müəlliflər idi.

Yaşar parlaq nəzəri ağlı və müdrik şəxsiyyəti ilə teatr tənqidini yaradıcı bir sənətə, nəzəri-estetik bir fikir sahəsinə çevirdi. Yaşarın teatr tamaşaları haqqında yazdığı resenziyalarda əsas və ən qiymətli yenilik tənqidçinin tamaşaya və əsərə şəxsi bədii-fəlsəfi münasibəti idi.

Bu münasibət çox qiymətli və bizim elmi-estetik fikir üçün təzə idi. Yaşarın təzəliyi onun əsərə və tamaşaya tənqidçi münasibətinin əxlaqi, estetik və fəlsəfi təzəliyində idi. Yaşar «Ölülər», «İblis», «Sən həmişə mənimləsən», «Dəli yığıncağı» kimi əsərlərin teatr tamaşalarına yazdığı resenziyalarla, əslində müasir teatr tənqidini yenidən yaratdı.

Yaşar teatra müqəddəs məbəd, gözəllik və kamillik məktəbi, yüksək əxlaqi dəyərlər daşıyıcısı kimi baxırdı. Belə münasibət əslində M.F.Axundov, C.Məmmədquluzadə və C.Cabbarlının teatr görüşlərinin davamı və inkişafı idi. Klassiklərin ardınca o da səhnəyə milli tərəqqi meyarı kimi baxırdı. Yaşar üçün qiymətli olan tamaşa - zamanın ən yeni fikir və həqiqətlərini, ən müasir ovqatlarını deyən tamaşalar idi. Tənqidçi üçün milli tərəqqi və milli mədəniyyət ideallarını səsləndirə bilməyən teatr ölüdür, zamanın yedəyindədir. Əsl müasir teatr isə zamanın fövqündə, milli ictimai rəyin önündə olmalıdır.

Faciə qəhrəmanları Yaşarın, sözün həqiqi mənasında, estetik idealı idi. Oqtay, Aydın, Elxan kimi qəhrəmanlar Prometey kimi öz fiziki varlıqlarını yandırıb öz xalqlarına işıqlı yol, azad həyat istiqaməti göstərirlər. Obrazlı düşüncəyə xüsusi rəğbəti olan alim milli səhnəni məhz belə qəhrəmanların tribunası kimi görməyə üstünlük verirdi.

Yaşar Qarayevin teatr tənqidi sahəsindəki yenilikləri həm də 60-cı illərdə Azərbaycan teatrının fikir və sənət baxımından daxil olduğu yeni inkişaf mərhələsi ilə bağlı idi. Mehdi Məmmədov, Tofiq Kazımov kimi rejissorlar teatrımızda 20-30-cu illərdən qalan romantik səhnə üslubundan fərqli, saxta monumentalizmdən uzaq olan bir teatr üslubu yaratdılar. Yaşarın tənqiddəki yenilikləri, teatrın həyatındakı bu təzələşmə, yeni üslubi axtarışlarla bağlı idi.

Yaşara qədər basmaqəlib, ümumi söz və təsvirlərdən ibarət olan teatr resenziyası onun qələmi ilə fəlsəfi-estetik  vüsət aldı, özünün ən yaxşı nümunələri ilə esse janrına yaxınlaşmağa başladı. İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesi ilə başlanan müasir tipli lirik dramaturgiya da teatr tənqidində gedən proseslərə sürətləndirici təsir göstərdi.

Yaşar Qarayev öz fəaliyyəti boyu tənqidçi şəxsiyyəti məsələsinə xüsusi əhəmiyyət verirdi. Bu terminin arxasında alim, ədəbi tənqidin fərdi yaradıcılıq forması olması barədə mühüm müddəanı nəzərdə tuturdu. Bəzi tənqidçilər partiyanın tələblərini gerçəkləşdirməklə tənqidi bir yaradıcılıq kimi öldürürdülər. Yaşarın irəli sürdüyü yaradıcı şəxsiyyət və tənqidçi təlimi, əslində buna qarşı idi. İstedad, dünyaya qiymətləndirici münasibət yoxdursa, tənqidçi ölüdür. Ona görə ədəbi tənqidi bir fəaliyyət kimi istedadlı, güclü şəxsiyyətlər, nəzəri ağıl sahibləri inkişaf etdirə bilərlər. Tənqidçi «Meyar - şəxsiyyətdir» (1988) kitabındakı silsilə portret oçerklər vasitəsi ilə Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə kimi ustad ədəbiyyat adamlarının şəxsində hər cür subyektiv təsirlərə müqavimət göstərməyin elmi-əxlaqi mənasını dərindən açırdı.

Azərbaycan realizminin tədqiqi. Yaşar Qarayevin məşğul olduğu elmi-nəzəri problemlər sırasında romantizm və realizm nəzəriyyəsi məsələləri xüsusi yer tutur. O, hələ gəncliyindən romantik ədəbiyyatı və poeziyanı sevirdi. Lakin onun alim və tənqidçi kimi formalaşması, ilk növbədə, M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı kimi realist ədiblərin maarifçilik və sənət irsi ilə bağlı idi.

Ədib gənc vaxtlarından sovet elmində yaradıcılıq metodları ətrafında gedən diskussiyaları diqqətlə izləyir və öz nəzəri mövqelərini dəqiqləşdirirdi. O, romantizmi və realizmi bir-birindən ayrılmayan yaradıcılıq tipləri, universal və qeyri-tarixi yaradıcılıq üsulları hesab edirdi. Təsadüfi deyil ki, alim doktorluq işinin kitab variantını «Sənət və həqiqət» (1980) adlandırmışdı. O sayırdı ki, romantik və realist üsullar həyat həqiqətini ifadə etməyin üsullarıdır. O, mövzu baxımından bu iki yaradıcılıq üsulu arasında fərq görmürdü.

Alim 60-cı illərdən romantik poeziya və onun yaradıcılıq metodu məsələsi ilə maraqlanırdı. Y.Qarayev bizim bütün klassik poeziyanı, Füzuli ədəbi məktəbini romantik poeziya hesab edir və belə də təhlil edirdi. Yaşar klassik poeziyadan bəhs edərkən orada dinin tənqidini, sinfi mübarizənin, feodalizmin tənqidini axtaran sosioloji və vulqar yanaşma üsulunu amansız tənqid edir və klassik poeziyanı vahid dünya romantik yaradıcılıq tipinin nümunəsi kimi təqdim edirdi. Sonralar onun bu ideyaları klassik irsin tədqiqi ilə məşğul olan alimlərə də təsir göstərdi. Bu problemlər Y.Qarayevin Azərbaycan realizminə həsr olunmuş doktorluq işinin birinci fəslində geniş işıqlandırılır. Bundan əlavə, alimin romantizmə aid görüşlərinin mühüm qismi onun «Hüseyn Cavid» (1982) kitabında öz əksini tapmışdır.

1960-cı illərə qədər Azərbaycan ədəbiyyatşünaslığında ancaq tənqidi realizm haqqında elmi konsepsiya mövcud idi. Lakin Yaşar ilk dəfə olaraq XIX əsr komediyalarının maarifçi realizmə aid olması barədə elmi konsepsiyanı əsaslandırmışdır. Tənqidi və maarifçi realizmin fərqləndirilməsi eyni dövrdə sovet elmində gedən diskussiyaların nəticəsi kimi ortaya çıxmışdı.

Yaşar Qarayev maarifçi realizmi Azərbaycan maarifçilərinin dünyagörüşü ilə bilavasitə bağlayır və tənqidi realizmin maarifçi dünyagörüşünün böhranından sonra gəldiyini göstərirdi. Şübhəsiz, maarifçi realizm insana, gerçəkliyə, sosial ziddiyyətlərə münasibətdə daha sadəlövh idi. Bu isə maarifçi ədiblərin insan təbiətinə münasibəti ilə bağlı idi.

Maarifçilər insan davranışında sağlam ağılın və düzgün tərbiyənin rolunu həddən artıq şişirdirdilər. Onlar cəmiyyətdəki sinfi fərqləri, sosial ədalətsizliyi, qəddarlığı və digər əxlaqi qüsurları pis tərbiyənin nəticəsi sayırdılar. Hesab olunurdu ki, Avropa tipli məktəblərdə oxuyanlar daha ədalətli və əxlaqlı olacaqlar.

M.F.Axundov, N.B.Vəzirov kimi dramaturqlarda qəhrəmanların əxlaqi qüsurları maarifsizliklə əlaqələndirilirdi. Əlbəttə, bu qismən doğru idi. Yaşar göstərirdi ki, M.Ə.Sabir, C.Məmmədquluzadə tənqidi realist idilər, onlar üçün maarifsizlik milli geriliyin səbəblərinin bir hissəsidir. Maarifsizlikdən başqa, insanlarda şəxsi qüsurlar, sosial ziddiyyətlərdən irəli gələn eybəcərliklər də az deyildir. Hətta tənqidi realistlər maarifli adamların da xalqa, ədalətə, humanizmə qarşı çıxmasını qələmə alırdılar. Məsələn, «Molla Nəsrəddin» jurnalı ən savadlı din xadimlərini də tamahkarlığa, çar hökumətinə yaltaqlığa görə tənqid edirdi.

Yaşar Qarayevin elmi irsi onun davamçısı olan alimlər tərəfindən bu gün də inkişaf etdirilir. O, ədəbiyyat elmində təkcə fikircə yox, həm də dil, üslub, lüğət baxımından da yenilikçi olmuşdur.