Həyatı və fəaliyyəti. Elçin İlyas oğlu Əfəndiyev 1943-cü ildə Bakıda doğul­muş­dur. O, görkəmli yazıçı İlyas Əfəndiyevin böyük oğlu­dur. Orta məktəbi Bakıda bitir­dikdən sonra Elçin atası­nın yolu ilə getməyə qərar verir. O, gözünü açandan ədəbi mühitdə olmuş, atasının dostu və həmkarı olan yazıçı və şairlərlə ünsiyyətdə böyü­müş­dür. Ona görə yeniyetmə vaxtlarından yazılar yazmağa başla­mış, atası kimi populyar bir insan olmağı arzulamışdı. Hələ 1959-cu ildə 16 yaşı olanda “Azərbaycan gəncləri” qəzetində “O inanırdı” adlı ilk hekayəsi çıxmışdır. Lakin onun yaradıcılığının yetkin dövrü 1973-cü ildə çapdan çıxmış “Gümüşü, narıncı, məxməri” adlı kitabçası ilə başlanır.

Bu kitaba qədər cavan yazıçının üç kitabı çıxmışdı: birinci kitabı 23 yaşında, ikincisi isə 1969-cu ildə işıq üzü görmüşdü. Həmin ildə yazıçının «SOS» adlı balaca povesti də ayrıca kitab şəklində çap olundu. Oxucular tərəfindən maraqla qarşılanan bu povest həyat materialının təzəliyi ilə seçilirdi. Amma bu əsər müəllifin həyata nüfuzunun keyfiyyəti cəhətdən ədibin sonrakı əsərlərindən zəif idi.

Elçin 1960-1965-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almış, təhsilini bitirdikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunda əvvəlcə kiçik, sonra isə böyük elmi işçi işləmişdir (1969-1975). Burada çalışarkən Elçinin ədəbiyyatşünas kimi elmi istedadı da özünü qabarıq göstərdi: müstəqil və sağlam düşüncə qabiliyyəti, elmi fikrə həssaslıq ətrafdakıların diqqətini cəlb edirdi. Tənqid tarixçisi olan akademik Kamal Talıbzadə Elçinə də bu istiqamətdə mövzu təklif etdi: «Azərbaycan bədii nəsri tənqiddə (1945-1965)». Bu çox çətin və mübahisəli mövzu idi: 50-ci illərdə çoxlu nəsr diskussiyaları olmuşdu. Onların predmeti olan yazıçılar da, tənqidçilər də hələ fəaliyyətdə idilər. Cavan bir alimin onların mübahisələrinə qiymət verməsi o zaman üçün riskli bir hadisə idi.  Amma Elçin bundan çəkinmədi: söhbət onun uşaqlıqdan ardıcıl oxuduğu əsərlərdən gedirdi. Onların ən yaxşıları isə onun atasının «Körpüsalanlar», «Söyüdlü arx» kimi əsərləri idi. O özü də bu mübahisələrin içində böyümüşdü.

Elçin bu mürəkkəb mövzunu qısa bir vaxtda araşdırıb öz dissertasiyasını yazdı. O, 1945-1965-ci illərin həm nəsrinə, həm də tənqidinə obyektiv və tənqidi qiymət verdi. Onun müdafiəsi uğurla keçdi.

1974-cü ildə Heydər Əliyev Yazıçılar İttifaqına yeni sədr təyin etdi: onun məqsədi sədri dəyişmək yox, Yazıçılar İttifaqında islahatlar aparmaq idi. 1934-cü ildən 1974-cü ilə qədər bu təşkilat fasiləsiz olaraq bir neçə titullu yazıçının cəmiyyətinə çevrilmişdi. Onların hamısı İttifaqa öz mülkiyyəti kimi baxırdı. H.Əliyev İttifaqı cavanlaşdırmaq və müasirləşdirmək istəyirdi. Bu niyyətlə 1976-cı ildə gənc şair olan Cabir Novruz və Elçin də  Yazıçılar İttifaqının katibi seçildilər. Bu hadisə baş verəndə Elçinin 32 yaşı var idi.

Elçin namizədlik dissertasiyasında təsdiq etməyə çalışdığı ədəbi prinsipləri müdafiə etməyə başladı. Tənqiddə bu, qocalar və cavanlar mübahisəsi adlansa da, əslində məsələ başqa idi. Elçin və onun təmsil etdiyi cavan ədiblər nəsli partiya işinə çevrilmiş rəsmi ədəbiyyata qarşı idilər. Cavanlar müasir ədəbiyyatın siyasi xidmətçi rolundan çıxmasını, həqiqi bir insanşünaslığa və demokratik düşüncəyə çevrilməsini istəyirdilər. Bu mübarizə də çox zaman açıq yox, pərdəarxası, örtülü formada gedirdi. Elçin katib postunda ilk növbədə ədəbi tənqidi cavanlaşdırmağa və müstəqilləşdirməyə çalışırdı. Onun himayəsi ilə 70-ci illərin ikinci yarısında tənqidə Aydın Məmmədov, Rəhim Əliyev, Nadir Cabbarov, Şirindil Alışanov, Kamal Abdullayev kimi cavan tənqidçilər gəldilər. Bu vulqar sosioloji tənqidə ciddi bir zərbə oldu. Cavan tənqidçilər ilk növbədə cavan yazıçılar: Ə.Əylisli, Elçin, İ.Məlikzadə və başqaları barədə yazırdılar. Bu yazılar bəzən sərt tənqidi olur və ədəbiyyatın mənzərəsini dəyişməklə qocaları qəzəbləndirirdi.

O zaman hər xalq yazıçısının öz tənqidçi-tərifçiləri var idi; onlar Elçinin rəhbərliyi ilə gedən yeniləşməyə müqavimət gös­tərir, yuxarı partiya rəhbərliyinə bolşevik ritorikası ilə dolu şi­ka­yət­lər yazırdılar. Cavanların tənqidi isə çılpaq siyasi ittihamlara çev­ri­lirdi: guya onlar partiyalılıq prinsiplərindən uzaqlaşırlar, gu­ya partiya tələblərinə qarşı gedirlər, ideyasızlığı yayırlar və s.

Amma ümumilikdə 1975-1985-ci illərdə Yazıçılar İttifa­qın­da aparılan gəncləşdirmə siyasəti, həqiqi ədəbiyyat uğrunda mü­ba­ri­zə ədəbi mühitin mənzərəsini dəyişdi. Həqiqi, namuslu, siya­sət­baz­lıqdan uzaq olan böyük bir ədəbi nəsil ədəbiyyata gəldi və bu­ra­da möhkəmləndi. Yuxarıdan idarə olunan bu proseslərin ədə­biy­yat kimi mühafizəkar bir mühitdə həyata keçirilməsində El­çi­nin ciddi iştirakı oldu.

1982-ci ildə Elçin SSRİ Komsomolu mükafatına layiq gö­rül­dü. 1987-ci ildə yazıçı Xaricdə Yaşayan Həmvətənlərlə Azər­bay­can Mədəni Əlaqələr Cəmiyyətinin sədri seçildi. Sovetlərin dağıl­ma­sı ərəfəsində yazıçı xalqımızın səsinin, Dağlıq Qarabağ uğrun­da mübarizənin bütün dünyaya çatdırılması üçün yorul­ma­dan çalışdı. Bu illərdə yazıçı dünyanın əksər ölkələrində sə­ya­hət­də olmuş, səmərəli ictimai fəaliyyət göstərmişdir.

1993-cü ildə Elçin Azərbaycan Nazirlər Kabineti sədrinin Humanitar sahələr üzrə müavini təyin edildi. Ədib tənqidçi və alim qələmini yerə qoymur, Üzeyir Hacıbəyov barədə doktorluq işi yazıb müdafiə edir. Elçin 1984-cü ildə Əməkdar İncəsənət Xadimi, 2003-cü ildə isə 60 illik yubileyi münasibəti ilə Xalq Yazıçısı fəxri adı almış, Şərəf Nişanı, Xalqlar Dostluğu və Azərbaycanın «İstiqlal» ordeni ilə təltif olunmuşdur.

Yaradıcılığı. 1970-1980-ci illərdə Azərbaycan nəsrinin ye­ni­ləş­məsi prosesində Elçinin bir nasir kimi özünəməxsus xidmə­t­lə­ri vardır. O, fəal bir tənqidçi kimi də ədəbiyyatda mü­ha­fi­zə­kar­lı­ğa, siyasətbazlığa qarşı mübarizə aparmışdır.

Yaradıcılığının ilk addımlarından başlayaraq Elçinin əsər­lə­rin­də iki mövzu və iki cür qəhrəmanlar diqqəti cəlb edir. On­lar­dan birincisi yazıçının 1950-ci illərdə keçmiş uşaqlıq xatirələri ilə bağlı insanlar, ikincisi isə ziyalı mühitinin nümayəndələridir.

Elçin anasını çox erkən itirmiş, kiçik vaxtlarından mehrini böyüdüyü 50-ci illər Bakı məhəlləsinə, oradakı qonşu uşaqlarına salmışdı. Bütün qohum və tanışlar gözəl, istiqanlı uşaq olan Elçini çox sevirdilər, o, neçə-neçə evdə əziz adam kimi qarşılanırdı. Elçin böyüdükcə başı təhsilə, ədəbi işə qarışır və bu adamlardan uzaqlaşırdı. Lakin onlar onun yaddaşında və həyata münasi­bə­tində həmişəlik yer tutmuşlar. Ona görə yazıçı 70-ci illər yaradıcılığında dəfələrlə bu insanların obrazlarına müraciət edir, onların sadə, mərd, xeyirxah xüsusiyyətlərini ədəbiyyata gətirirdi.

“Bir gecənin tarixçəsi” povesti belə bir povest idi.  Burada ya­zıçı furqon sürən Məmmədağanın və onun məhəllə qonşusu Məs­mə­xanımın obrazlarını yaradır, onların mürəkkəb münasibət­lə­ri barədə söz açır. Yazıçı bu sadə, zəhmətkeş, qədirbilən adam­lar­da yüksək mənəvi keyfiyyətlər: həssaslıq, fədakarlıq, yaxşı mə­na­da təəssübkeşlik tapır. Özləri kasıb və köməksiz olan bu adam­lar hər cür fədakarlığa, verdikləri sözün dalında durmağa, qon­şuya əl tutmağa həmişə hazırdırlar.

«Bir gecənin tarixçəsi» povesti yazıçının istedadının başlıca keyfiyyətlərini qabarıq əks etdirən və ona şöhrət gətirən əsərlərindən birincisidir. Özünəxas həyat materialı, orijinal xarakterlər, dərin psixologizm, insan talelərinə baxış təzəliyi bu povestdə parlaq şəkildə özünü göstərirdi.

Povestdə yaradılan Mirzoppa obrazı o zamankı nəsr üçün yenilik idi, sadə insan xarakterinin dərin və fəlsəfi mənalı yozumu idi. Mirzoppa Bakının köhnə bir yerində məhəlləbaşılıq iddiasında olan bir insandır. O vaxtkı nəsr üçün ən çoxu xuliqan kimi təqdim oluna bilən bu insanın daxili aləmində yazıçı dərin ziddiyyətlərlə yanaşı, işıqlı tərəflər tapır. Hamıya qəddar adam kimi görünmək istəyən Mirzoppa şikəst qonşu uşağı Duduya mistik bir məhəbbət və mərhəmət hissləri bəsləyir. O, hətta özü də bu hissləri məhəllə qonşularından gizlətməyə çalışır. Elçin xarakterin bu ziddiyyətində fəlsəfi bir dialektika görür: insan qəddarlığı və insan mərhəməti ayrılmazdır. Heç kəsi xalis qəddar hesab etmək mümkün deyil, çünki yeri düşəndə qəddar adamlar da mərhəmət göstərmək ehtiyacı hiss edirlər, hətta ağlamaq da istəyirlər.

Elçinin uşaqlıq xatirələri əsasında yazdığı əsərlərdə köhnə Bakının sadə, sərt koloriti var. Yazıçı özü də bu koloriti sevir, ona sadiqdir və bu koloritdən müəyyən cizgilərin daşıyıcısı olması ilə fəxr edir. Bu koloritdə zamanı ötmüş, mühafizəkar, bəzən hətta eybəcər xüsusiyyətlər də vardır. Lakin yazıçı hər bir mühafizəkarlıqda yaşayan əxlaqı, qədirbilənliyi görür, tərənnüm edir və qiymətləndirir.

Elçin yaradıcılığındakı uşaqlıq dövrü obrazı daha bir köklü funksiya daşıyır: ziyalı mühitində və ziyalı həyatında gördüyü dərin bir fənalıq və mənasızlıq hissinə qarşı durur və yazıçı dünyagörüşünün nikbin qütbünü təşkil edir. Həyatın müvəqqətiliyi və mənasızlığı ideyası yazıçının bütün əsərlərində az-çox özünü büruzə vermişdir. Ekzistensialist ədəbiyyatla yaxşı tanışlıqdan sonra bu motivlər daha da güclənmişdir. «Bu dünyada qatarlar gedər», «Poçt şöbəsində xəyal» kimi əsərlərində bu ovqatlar güclüdür.

Elçinin bədbin qəhrəmanları əksərən ziyalılardır. Sağlam, təbii insan əməyindən uzaq düşməklə onların içində, ömründə boşluq yaranıb. Ədibin əksər əsərlərində bu boşluğu qabarıq göstərən bir, üç, beş günün hadisələri təsvir olunur. Belə dar zaman kəsiyində yazıçı həyatdakı boşluğu, ölümlə gələn mənasızlığı açıb göstərməyə çalışır. Lakin yazıçının uşaqlıq xatirələrindən gələn sadə, fədakar, təmənnasız insan obrazları həmişə bu ovqatlara qarşı işıqlı bir qütb kimi durur.

“Dolça” povesti. Yazıçı bu əsərini fəlsəfi pritça-povest şəklində yazmışdır. Bu janr bədii ümumiləşdirmənin çətin üsulu olmaqla yanaşı, böyük həyat həqiqətlərini bədii şəkildə ifadə etməyə imkan verir. 70-ci illərin sonlarından başlayaraq cəmiyyətdə qütbləşmə güclənirdi: məmurların bir qismi rüşvət, fırıldaq, xalq malını oğurlamaq yolu ilə varlanıb harınlayır, ətraf insanlara da təsirini göstərirdi. Cəmiyyətdə tamahkarlıq, xeyir dalınca qaçmaq əsas sosial qüsura çevrilir, əxlaqi pozğunluğun, meşşanlığın geniş yayılması ilə nəticələnirdi.

Dövrün bu eybəcərliklərini yazıçı alleqorik formada − Dolça adlı həyət itinin timsalında əyani şəkildə göstərir. Dolça peşəsi avtobus sürmək olan zəhmətkeş, fədakar bir insanın həyət itidir. Həmin həyət dənizə yaxın və yay istirahəti üçün əlverişli olduğundan şəhərli tanışlar həyət sahibindən xahiş edirlər ki, öz ikimərtəbəli evində onlara istirahət üçün otaq ayırsın. Ev sahibi razılaşır.

Kirayəçilər bir ay hər axşam ocaq qalayıb kabab bişirir və aləmi tüstüyə verirlər, səhərə qədər çalıb oynayırlar. Onlar köçəndən sonra qəribə hadisə baş verir: Dolça südəmər vaxtından böyüdüyü həyəti tərk edib yaxınlıqdakı kababxanada məskən salır və daha sahibinin həyətinə ayaq basmır. Nəyə görə? Ona görə ki, Dolça artıq ancaq kabab sümüyü yeməyə öyrəşib, daha ona atılan çörəkləri yemir.

Yazıçı əsərdə insanın itin əxlaqını pozmasını göstərə bilmişdir. Lakin bu hələ əsərin fikrinin hamısı deyildir. Əsərin əsas qəhrəmanı əslində Dolça deyil, hər gün kabab sümüyü sormağa öyrəşmiş pozğun insanlardır. Sahibinə nəfsə görə xəyanət − it təbiətinə aid olan hadisədir. Lakin bu mənəvi qüsur Dolçaya kimdən keçir? Əlbəttə, harın insanlardan, vücudunu qarnına güzəştə getmiş gödən qullarından.

«Dolça» povesti yazıçının insanlara xəbərdarlığıdır: harınlamaq, öz qarnının quluna çevrilmək itlərin belə, əxlaqını pozan bir eybəcərlikdir, cəmiyyət üçün təhlükəli olan çürüdücü virusdur. Yazıçı deyir ki, mənəvi dəyərlərdən uzaqlaşıb ancaq yeməklə yaşayan müftəxor, pozğun insanlar itdən də keyfiyyətsiz məxluqlara çevriliblər. Əslində Dolça itin yox, öz mənini maddi dəyərlərə satmış kommunist məmur sinfinin obrazıdır. Onlar insan cildində dolçalardır. «Dolça» povesti əsasında gözəl bir ssenari yazılmış və bədii film çəkilmişdir.

«Dolça» povestində də sadə, zəhmətkeş adamlar, yazıçının uşaqlıq aləminin sakinləri mədəniyyət cildinə girmiş meşşan eybəcərliyinə qarşı müsbət, işıqlı bir qütb kimi durur. «Dolça» sovet cəmiyyətində gedən əxlaqi ikiləşməyə, kommunist əxlaqının çürüklüyünə qarşı yazılmış ən sərt satirik əsərlərdən biridir.

«Mahmud və Məryəm» romanı. 1982-ci ildə yazılmış bu əsər Elçinin ilk romanıdır. Bu əsərdə həm Cənubi Amerikada yüksəlmiş magik realizm məktəbinin, həm də Azərbaycan folklorunun poetikasından və bədii ifadə vasitələrindən istifadə edilmişdir. Yazıçı özü də əsərin onun yaradıcılığında xüsusi mərhələ təşkil etdiyini qeyd etmişdir.

Roman «Əsli və Kərəm» adlı xalq məhəbbət dastanının süjeti əsasında yazılmış, lakin qəhrəmanlar yeni Mahmud və Məryəm adları ilə təqdim olunmuşdur. 80-ci illərdə folklor poetikasından istifadə bütün Azərbaycan nəsri üçün səciyyəvi idi: müəyyən mənada bu həm də sosialist realizmi sxemlərindən kənara can atmanın əlaməti idi. Folklor şərtiliyi yazıçıya müəyyən yaradıcı sərbəstlik verdiyinə görə, Elçinin də folklor süjetindən istifadədə əsas niyyəti hadisələri universal zaman kəsiyində göstərmək istəməsidir. Mahmud müsəlman, Məryəm isə xristian qızıdır. Lakin bu macəranın dastanda olduğu kimi baş vermə zamanı aydın deyil. Yazıçı demək istəyir ki, insan azadlığına və məhəbbətinə münasibətdə qəddarlıq, əsassız ayrı-seçkilik bütün zamanlar üçün eyni dərəcədə səciyyəvidir.

Roman el aşığı Sazlı Abdullanın Gəncə hakimi Qara Bəşir tərəfindən qətlə yetirilməsi epizodu ilə başlanır. Aşıq hakimə ağ olub, onun sözündən çıxıb, onun oğlunun toyunu çalmaqdan imtina edib. Buna görə şəhər meydanında onun başını vururlar. Amma Sazlı Abdulla nə tərəddüd edir, nə də imdad istəyir. Onun üçün həyat eşqdən ibarətdir, eşqdən kənar olan şeylər isə mənasızdır. Yazıçı insan həyatını iki qismə: məhəbbətə və bütün yerdə qalanlara ayırır. Eşq romanda həm də hər bir insanın öz içində tapmalı olduğu fərdi həqiqətidir. İnsanlar bu həqiqəti tapandan sonra zəmanədən qüvvətli olurlar. İnsan bu həqiqəti ilə əbədilik qazanır. Bəlkə elə buna görə faciəli hadisələr baş verəndə əsərdə simvolik qara sazın səsi peyda olur.

Romanın əsas qəhrəmanı Mahmuddur. Müxtəlif simalarda hadisələrə qarışan bu qəhrəman təbii insanın azadlıq rəmzidir. Onun sazı təbiətin və məhəbbətin səsidir. Həyatın məğzi, insanın doğulmasında məqsəd elə bu səsdədir. Azad və təbii insan iradəsinə qarşı olan hakimiyyət, qaniçən cəmiyyət, cəlladlıqla çörək qazanan adamlar həyatda müvəqqəti mənasızlıq xidmətçiləridir.

İnsan qəddarlığının əsas kökünü humanist yazıçı müəyyən insanların məhəbbətin təbii səsini eşidə bilməməsi ilə əlaqələndirir. Bu halda insan yer üzündəki missiyasını itirir, öz içində olan həqiqətə qarşı kor olaraq özünü cəmiyyət müstəvisində axtarır. Bu, insanlıq yolundan, eşq yolundan sapmadır. Yazıçı sosial şərə qarşı çarə axtarır və bunun yolunu insanların öz daxili səsinə qulaq asmasında görür. Mahmudun sazından qopan nəğmələr ona görə qüdrətlidir ki, insanları eşq və mərhəmət yoluna dəvət edir.

«Mahmud və Məryəm» Elçinin dünyagörüşündə yeni bir səhifə idi: burada o, öz yaradıcılığı və bütün nəsrimiz üçün yeni olan bir sıra ideyalar tapır, dünyanı özünəxas şəkildə strukturlaşdırır. Bu strukturun və ideyaların bəzilərini yazıçı iki romanda - «Ağ dəvə» və «Ölüm hökmü» romanlarında inkişaf etdirməyə çalışmışdır. Bunlar da yazıçının yaradıcılığında fəlsəfi problematikanın uğurlu bədii həlli idi. Lakin «Mahmud və Məryəm»in bədii dil, təhkiyə və poetika gözəlliyi yazıçının bütün yaradıcılığında və nəsrimizdə bir zirvə təşkil edir.