Həyatı və fəaliyyəti. Hüsey­nov Çingiz Həsən oğlu 1929-cu il aprelin 20-də Bakıda ziyalı ailəsində doğulmuşdur. Yazı­çının uşaqlığı sovet vaxtı «bey­nəlmiləl» adlandırılan məhəl­lələrdən birində keçmiş­dir. 1920-ci ildə 11-ci Qızıl Or­du Bakını işğal edəndən sonra bolşeviklər şəhəri ruslaşdırmaq siya­səti aparırdılar: az-çox im­kan­lı ailələr həbsə və ya sürgünə gön­dərilir, onların mənzilləri rus hərbçilərinə və ya ermənilərə verilirdi. Buna görə 30-cu illərdə Bakı məhəllələrinin yarısı rusca danışır və şəhərdə dalbadal açılan rusdilli məktəblərə gedirdilər.

Belə gənclərdən biri də Çingiz Hüseynov idi. O, orta məktəbi rus dilində bitirib ADU-nun Filologiya fakültəsinə daxil olur. Bir il Bakıda oxuduqdan sonra Çingiz təhsilini davam etdirmək üçün M.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülür və oranı bitirir. Bu zaman onun 23 yaşı vardı və gələcək bütün ömrünü Moskvada yaşayır.

1952-ci ildə Çingiz SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur və Əziz Şərifin elmi rəhbərliyi altında «Müharibədən sonrakı nəsrdə Azərbaycan kəndinin təsviri» mövzusunda (1956) namizədlik dissertasiyası müdafiə edir. 1955-ci ildən onun taleyi SSRİ Yazıçılar İttifaqı ilə bağlanır: 1972-ci ilə qədər orada milli ədəbiyyatlar üzrə məsləhətçi işləyir. O, milli ədəbiyyatları izləməli, oradakı proseslər barədə İttifaqın rəhbərliyinə arayışlar verməli, yerlərdəki tədbirləri hazırlamalı idi. O dövr üçün bu nüfuzlu bir iş sayılırdı.

SSRİ dağılana qədər Çingiz Hüseynov Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasının Sosialist Mədəniyyəti kafedrasında müəllimlik etmiş, 1972-ci ildən kafedra müdirinin müavini olmuşdur. Bu Akademiya sovet vaxtı çox nüfuzlu bir təhsil ocağı idi. Orada rəhbər partiya kadrları təhsil alır və idarəçilik elmini öyrənirdilər. Çingiz Hüseynov 1979-cu ildə çoxmillətli Sovet ədəbiyyatının vahidliyi probleminə həsr olunmuş doktorluq dissertasiyasını Moskvada müdafiə etmişdir. O zaman onlarca SSRİ xalqının onlarla dildə yaranan ədəbiyyatının guya eyni ədəbiyyat olması barədə nəzəriyyə var idi.

Çingiz Hüseynov sağlam düşüncəli bir alim kimi bu problemlərə tarixi şəkildə yanaşır. Ədibin bu barədə iki iri monoqrafiyası rus dilində kitab şəklində çap olunmuşdur. «Çoxmillətli sovet ədəbiyyatının birgəlik formaları» (1978) və «Bu canlı fenomen: çoxmillətli sovet ədəbiyyatı dünən və bu gün» (1988) kitabları çap olunmuşdur.

Anadan olmasının 50 illiyi münasibəti ilə yazıçıya 1989-cu ildə Əməkdar İncəsənət xadimi adı verilmişdir.

Yaradıcılığı. Çingiz Hüseynovun yaradıcılıq taleyi çox mürəkkəb və ziddiyyətli olmuşdur. O, ədəbi yaradıcılığa rus dilində başlamış və ilk yazısı 1955-ci ildə Bakıda «Bakinskiy raboçiy» qəzetində çıxmışdır. Sonralar o həm rusca, həm də azərbaycanca nəsr yazmağa çalışmış, daim bu seçimdə tərəddüd etmişdir. Sonralar ədib özünü ikidilli yazıçılar qrupuna aid etmişdir: Avropa ədəbiyyatında belə hallar nadir hadisə sayılmır. İngilis və fransızca yazmış bir çox yazıçıların öz ana dillərində də əsərləri var idi.

Çingiz Hüseynov Azərbaycan ədəbiyyatı üçün qiymətli olan əsərlərini 40 yaşından sonra yazmağa başlamışdır. 1975-ci ildə yazıçının «Məhəmməd, Məmməd, Məmiş» romanı rus dilində çapdan çıxdı və sonralar bir sıra xarici dillərə tərcümə edildi. Bu əsərdə yazıçı rus dilində özü üçün xüsusi üslub yaratmışdı: canlı söhbətə bənzəyən yığcam, emosional üslub sonralar onun bütün romanlarında qaldı. Digər tərəfdən, bu romanla yazıçının bütün sonrakı əsərləri üçün səciyyəvi olan dağılma, böhran, cılızlaşma konsepsiyası meydana çıxmışdır. Bu romanla yazıçının bütün sovet və Azərbaycan gerçəkliyinə sırf tənqidi münasibəti özünü göstərir. Yazıçı Azərbaycan həyatına da tarixi müstəvidə baxmağa və qiymət verməyə başlayır.

70-ci illərin sonlarından sovet siyasi sisteminin çoxtərəfli və dərin böhranı baş verir. Onun çalışdığı Akademiyada bu problemlər açıq müzakirə olunur və yollar axtarılırdı. Çingiz Hüseynov bunları yaxşı bilirdi. Belə mürəkkəb zəmanədə Çingiz Hüseynov öz doğma xalqının yaxın tarixinə - XIX əsr hadisələrinə, M.F.Axundov şəxsiyyətinə müraciət etdi. Lakin buna qədər yazıçı Azərbaycan və rus dillərində müasir mövzuda əsərlər yazmış və kitablar buraxmışdır.

Çingiz Hüseynov sovetlərin dağılması ərəfəsində və ondan sonra - 1980-1990-cı illərdə bioqrafik tarixi roman janrına siyasi kəskinlik və tarixi dərinlik gətirmiş vətənpərvər yazıçıdır. Onun romanlarında əsas mövzu Azərbaycanın keçmişi və gələcək taleyi məsələsidir.

Müasir həyatdan bəhs edən əsərləri. 1970-ci illərin ortalarına qədər - yazıçılığa başladıqdan iyirmi il müddətində Çingiz Hüseynovun əsərləri ana dilində və Bakıda çap olunurdu; Moskva nəşriyyatlarının tələbləri daha yüksək idi. Onun soyadı ilə orada kitab buraxmaq asan deyildi. 1962-ci ildə yazıçının «Azərnəşr»də «Mənim bacım», 1964-cü ildə «Əriyən heykəl», 1969-cu ildə «Çətin yoxuş» və «Novruzgülü», 1973-cü ildə «Adını demədi», 1980-ci ildə «Adalar» kitabları çıxmışdır. Bunlar əsasən ziyalı mühitindən bəhs edən hekayələr və yığcam povestlərdir.

Yazıçının azərbaycanca yazdığı əsərlərində uşaqlıq xatirələri də ciddi yer tutur: ədib Moskvada yaşadığı üçün Bakı həyatı ilə bağlı hər şey xiffət və həsrət, nostalgiya hisslərinə bürünüb. Bu əsərlərdə Azərbaycan gerçəkliyinə yazıçının tənqidi münasibəti də güclü idi. Yazıçı məişətdə, yaşayış tərzində gördüyü məhdudluğu, gizliliyi, xüsusilə insanların şəxsi həyata aid hər şeyi gizlətmək təşəbbüslərini tənqid edir. Yazıçı bağda çəkilən hündür hasarda da, ömrü boyu işləməyən ev qadınlarının həyatında da eyni qüsuru görür. Bu, adamların öz həyatlarını, mənəvi qayğılarını başqalarından gizlətməsi, evi - ailəni kilidli bir qalaya çevirməsidir. Belə əsərlərdən bir neçəsi onun «Adalar» kitabında toplanmışdır. «Mənim bacım», «Qızıl», «Adını demədi» kimi povestlərdə təhkiyə bir qayda olaraq birinci şəxsin dilindən aparılır. Bu əsərlərdə əsas konflikt müasir tərbiyəli insanlarla köhnə, xəstə əxlaqi ənənələr arasındakı konfliktdir. «Mənim bacım» povestinin qəhrəmanı Məryəmin ailə tarixçəsi buna misal ola bilər. Ərli bir qadın olan Məryəm təsadüfi məclisdə Novruzla tanış olur. Subay oğlanın qadına marağı qeybətlərin yaranmasına səbəb olur. Əslində, Məryəm - Novruz münasibətləri birinci görüşdən sonra inkişaf etmir, onlar arasında heç nə olmur. Lakin ara qeybətləri, mühafizəkar təəssübkeşlik Məryəmə dərindən təsir edir, onun qəlbini yaralayır. Məryəm ərindən boşanır, tək qalır, taleyi sınır.

«Məhəmməd, Məmməd, Məmiş»dən on il sonra, 1986-cı ildə yazıçının rus dilində milli gerçəkliyimizi əks etdirən ikinci romanı - «Ailə sirləri» əsəri meydana çıxdı. Bu əsərin əsasında sovet vaxtı  - 20-ci illərdə hakimiyyətə yaxınlaşan bir nəslin tarixçəsi qələmə alınır. Bolşevik rejiminə xidmət əsasında mövqe qazanan bu ailə get-gedə maddi və mənəvi cəhətdən çürüməyə, xırdalanmaya, aşınmaya məruz qalır.

Sosial aşınma mövzusu SSRİ-nin dağılma prosesi ilə bağlı idi. Rəhbər vəzifədə çalışsa da, tipik feodal, tayfa lideri cizgilərini saxlayan Ağabəy obrazı canlı müşahidələrin nəticəsi idi. Sovet ritorikasını mənimsəmiş, qalstuk taxan, ictimai yerlərdə özünü gözə soxan bu adam daxilən cılız, paxıl, xırda hisslərlə yaşayan bir şəxsdir. Yaxın qohumlar arasında onun daxili eybəcərliyi, geriliyi, mənəvi kütlüyü daha qabarıq aşkarlanır.

Ağabəyin ailə və tayfası da əxlaqi və insani dəyərləri itirən, pozğunluq yoluna qədəm qoyan harınlamış, qarınqulu olmuş insanlardır. Müəllif bu romanda 20-ci illərdə bolşevizmə xidmətlə mövqe tutmuş təsadüfi ailələrin, avantüristlərin 60-70-ci illərdəki mənəvi iflasını böyük bədii qüvvə ilə qələmə almışdır. Bu əsərdə yazıçının sovet quruluşuna və milli mühitə tənqidi münasibəti bir-birini tamamlayır.

Sənədli tarixi-bioqrafik romana keçid. «Fətəli fəthi» romanını yazmaqla Çingiz Hüseynov mənəvi-əxlaqi qüsurları tənqid edən müasir mövzudan tarixə keçdi. Bu, yazıçının istedadının və vətəndaşlıq ağlının yeni mərhələsi, tapdığı yeni yaradıcılıq üfüqləri idi. «Fətəli fəthi» ilə Çingiz Hüseynov öz yaradıcılığının əsas mövzusunu və janrını tapdı. Bu tapıntıda janr seçimi daha mühüm və uğurlu idi.

İyirmi il fasiləsiz eyni yerdə - Yazıçılar İttifaqında çalışan yazıçı üçün müasir mövzudan yazmaq çətin idi: ömrü dörd divar arasında keçən, fəal həyat konfliktlərindən uzaq olan bir adam üçün əxlaqi mövzuda müasir əsərlər yazmaq çətin idi. Xüsusilə həyat materialının azlığına görə. Ona görə də «Fətəli fəthi»də sənədli nəsrə keçmə yazıçının yaradıcılıq imkanlarının inkişafı üçün qeyri-məhdud perspektivlər açırdı: gözəl elmi araşdırma vərdişləri olan yazıçı Moskvada ən böyük arxivlərə girib tarixi sənədlərlə tanış ola bilirdi.

O biri tərəfdən bioqrafik roman XX əsrin ortalarında yenidən dirçəlmişdi. Bu dirçəlişi təmsil edən fransız yazıçısı Andre Morua  öz xalqının yazıçıları - Balzak, Flober, Hüqo, Corc Sand və başqaları barədə sənədli bioqrafik romanları ilə bütün dünyada məşhur olmuşdu. Azərbaycan ədəbiyyatında da Əzizə Cəfərzadə Nişat Şirvani, Seyid Əzim və Sabir haqqında qiymətli sənədli bioqrafik romanlar yazmışdı.

Lakin Çingiz Hüseynov sənədli bioqrafik nəsrə müraciət edərkən sürtülmüş yolla getmədi: o, sənədli roman janrına öz baxışı ilə müraciət etdi. Ona görə ki, Çingiz Hüseynova qədər Azərbaycan alimləri M.F.Axundovun həyatına dəfələrlə müraciət etmişdilər: bu barədə «Səbuhi» adlı bədii film çəkilmişdi, M.Rəfilinin və başqalarının əsərləri çap olunmuşdu.

Yazıçı «Fətəli fəthi»ndə başqa yolla getdi: o, xalqın qabaqcıl ziyalısının bioqrafiyasını xalqın öz bir əsrlik bioqrafiyası kimi qələmə aldı. M.F.Axundovun taleyi onun əsərində Azərbaycanın XIX əsr taleyi ilə qaynayıb-qarışdı. Nəzərə alaq ki, XIX əsr Azərbaycanın müstəmləkə bioqrafiyası dövrü idi. Sovet senzurası isə bu mövzunu sevmirdi. Belə qəbul olunmuşdu ki, müstəmləkə dövrü haqqında söhbətlər başqa şeylə əvəz olunsun, məsələn, bu mövzu qabaqcıl rus mədəniyyəti, xalqların dostluğu, maarifin inkişafı və digər məsələlərlə əvəz olunurdu. Amma Çingiz Hüseynov gözəl başa düşürdü ki, belə söhbətlərin vaxtı keçib və M.F.Axundov barədə bəhs edən roman xalqın elmsiz və hüquqsuz taleyinin bütün ağrı-acılarını əks etdirməlidir.

1930-1950-ci illərdə Azərbaycan ictimai-bədii fikri M.F.Axundovu mübariz maarifçi və ateist kimi təqdim edirdi. Amma Çingiz Hüseynovun romanında bu mübarizlik dərin bir tragizmlə əvəz olunur. M.F.Axundov öz layihələrini - əlifba və pyeslərini çap etdirib yaymaq üçün nə qədər çalışıb mübarizə aparsa da, sonda onu tərəddüd və şübhələr bürüyür. O, həcc ziyarəti barədə düşünməyə başlayır.

Həcc mövzusu romanda dərin tarixi və bioqrafik həqiqətləri əks etdirən bir motivdir: çarizmə xidmət etdikdən sonra pensiyaya çıxan A.A.Bakıxanov, İ.Qutqaşınlı özlərində istifadə edilib atılmış bir adam nisgili hiss edirlər. Onların hər ikisi hərbi qulluğa yenidən qayıtmaq üçün təşəbbüslər edirlər, ərizə və müraciətlər yazırlar, fəqət bunların heç bir xeyri olmur. Sonda hər ikisi həcc ziyarətinə getmək qərarına gəlirlər və hər ikisi ağır həcc yolunda vəfat edirlər. Axundov bunları yaxşı bilir, o, bu iki şəxsdən sonra hərbi qulluğa giribdir. Axundov təqaüddə olanda onların heç biri sağ deyildi. Amma ədib onların taleyini təkrar etdiyini dərk edir və öz sələfləri kimi çıxılmaz bir vəziyyətə düşdüyünü anlayır.

İndi o da A.A.Bakıxanov kimi müstəmləkə rejiminə lazım deyil, onun da canişin dəftərxanasındakı yerini saysız-hesabsız cavan məmurlar tutublar. Lakin M.F.Axundovun vəziyyəti A.A.Bakıxanova nisbətən daha mürəkkəbdir. Mirzə Fətəli ateist idi və bunu molla cəmiyyətindən gizlətməmişdi. Ona görə onun həcc yolu da bağlı idi və bu cəhətdən o, A.A.Bakıxanovdan çox-çox mürəkkəb vəziyyətdə idi. Ömrünün sonunda Mirzə Fətəlinin əsas ümid yeri qoyub getdiyi ədəbi-fəlsəfi irsi və oğlu Rəşiddir. O, oğluna ümid və inam dolu məktublar yazır.

Ömrünün son günlərində Mirzə Fətəlini Tiflisdəki Şeytan Bazar məhəlləsində yerləşən mənzilində tamam tənha görürük. Bu sonluqda Çingiz Hüseynov öz tablosunun tragik cizgilərini daha da qatılaşdırır. Mirzə Fətəli vəfat edəndə evdə tənha can verir, sonra isə cənazəsi üç gün ortada qalır. Müsəlman ruhaniləri ateist ədibin ölüsü ilə də düşmənçilik edirlər, onu müsəlman qəbiristanlığında dəfn etməyə icazə vermirlər. Nəticədə dahi ədib bir neçə yaxın adamın müşayiəti ilə torpağa tapşırılır.

Çingiz Hüseynov ömrünü xalqın tərəqqisi ideyalarına həsr etmiş şəxsin dərin şəxsi faciəsini ortaya qoyur. Sovet ədəbiyyatının əvvəlki dövrlərində belə adamlar barədə ən xoşbəxt, ən nikbin adamlar kimi danışırdılar. Çingiz Hüseynovun romanda ifadə etdiyi tragizm tarixi şəxsiyyətləri işıqlandırmaqda obyektivliyə, tarixi həqiqətə doğru bir addım idi. Bu, tarixin həqiqi ziddiyyətlərini və gözlənilməz dönüşlərini göstərməkdə xüsusi bir uğur idi. Yazıçı inandırıcı şəkildə göstərir ki, böyük milli xadimlər belə, şəxsi planda bədbəxt və tragik adamlar ola bilərlər. Ömrü boyu milli ideallar, mütərəqqi ideyalar, tərəqqi uğrunda çalışan insanların özləri faciəli bir tale sahibi ola bilirlər.

Qabaqcıl ziyalı və xalq problemi. «Fətəli fəthi» romanında qoyulan ikinci mühüm məsələ - qabaqcıl ziyalı və xalq münasibətlərinə yeni prizmadan baxış idi. XIX əsr ədəbiyyatında maarifçi ziyalı surətlərinin mübarizə apardığı əsas əks qüvvə cəhalət, gerilik və bunların daşıyıcısı olan xalq adamlarıdır. Nəcəf bəy Vəzirovun «Müsibəti-Fəxrəddin»ində Fəxrəddin, Ə.Haqverdiyevin «Bəxtsiz cavan»ında müsbət qəhrəman məhz belə surətlərdir. Hətta «Ölülər»də də əsas konflikt məhv edilmiş İsgəndərlə onu məhv etmiş mühit arasındadır.

Lakin «Fətəli fəthi» əsərində Mirzə Fətəliyə qarşı duran əsas qüvvə çar üsuli-idarəsidir. Onun ömrünün əsas hissəsi bu rejimə xidmətdə keçir. Onun reallaşdırmaq istədiyi əlifba islahatı da çarizm tərəfindən onun ağlına atılmış bir ideyadır. Yazıçı inandırıcı şəkildə göstərir ki, əlifba islahatı ideyasında əsas məqsəd müstəmləkə edilmiş, tutulmuş müsəlman ərazilərini və əhalisini mümkün qədər tez və rahat dini-mənəvi köklərdən ayırmaq, onları həmişəlik Rusiya dövlətçiliyinə bağlamaqdır. Məhz buna görə canişin dəftərxanası Mirzə Fətəlinin əlifba islahatı üçün bütün təşəbbüslərini himayə edir, hətta ona Osmanlı dövlətinə ezamiyyət də təşkil edirlər. Halbuki adi hallarda müsəlman zabitlərin və qulluqçuların Osmanlı sözünü dilə gətirməsi onların şübhə altına düşməsi üçün kifayət edirdi. Məhz İstanbuldakı rus səfirliyi M.F.Axundovun Türkiyə səfərinin baş tutmasını, onun sədri-əzəm və başqa rəsmi şəxslərlə görüşlərini təşkil etmişdi.

Qafqaz canişinliyində xidmətinin ilk vaxtlarında M.F.Axundov çarizmin zorakı xarici siyasətini, Qafqazda apardığı amansız müharibələrin mahiyyətini tam başa düşmür. İlk xidmət illərində onda hələ romantik ümidlər güclüdür, çarizmin mədəni simasına və siyasətinə inam da çoxdur. Lakin o, özü canişinlikdə öz problemlərini həll etməyə çalışdıqda müstəmləkə rejiminin amansız simasını tanıyır. Romanın sonunda Mirzə Fətəli tələyə düşmüş insanı xatırladır. İndi o da A.A.Bakıxanov, İ.Qutqaşınlı kimi məxfi nəzarət altındadır. Cavanlıq illərində Mirzə Fətəli onların izləndiyini bilirdi, amma belə halların ara-sıra baş verən kəndli qiyamları ilə bağlı olduğunu düşünürdü. Bəs onun özü? O ki, heç bir kəndli mühiti ilə bağlı deyil. Onun bütün qohumları Şəkidədir, özü isə Tiflisdə yaşayır. O, Şəkidə yaşamaq barədə xəyal da etmir, çünki ora Qafqazın yaxınlığıdır. Orada isə hərbi əməliyyatlar, dağlıların qiyamları səngimək bilmir. Ömrünün sonunda Mirzə Fətəli tərəddüd içindədir. Onu yaşadan bir şey varsa, o da xalqının tərəqqisinə gərək olmaq ümidləridir, gələcək nəsillərin onu mütləq anlayıb qiymətləndirəcəyinə dərin inamıdır.

Lakin bütün ömrünü xalq üçün çalışan insan təkdir. Mirzə Fətəli ilə xalqı arasında hər şeyə nəzarət edən və göz qoyan imperiya müstəmləkə sistemi durur. Hər addım üçün, hər xırdalıq üçün, qonşu qəsəbəyə getmək üçün belə canişinliyə xəbər vermək, icazə almaq lazımdır. Mirzə Fətəli öz sələfi A.Bakıxanovun adi həcc ziyarətinə icazə üçün nə qədər yazışmalar apardığını, nə qədər qapı döydüyünü bilir. İmperiya nə qədər böyük olsa da, icazə verən bir şəxsdir. İmperator özü «maarifli müsəlmanlar»ın hər addımına nəzarət edir, hətta həccə gedənlərə şəxsən icazə verir.

Çingiz Hüseynov M.F.Axundovun taleyindəki tragizmi xalqın geriliyində yox, maarifli ziyalının daş-qalaq edilməsində yox, müstəmləkə rejimi ilə toqquşmasında göstərir. Mirzə Fətəlinin ömrü boyu rejimin sadiq xidmətçisi olması bu konflikti daha bədbin və çıxılmaz edir. Mirzə Fətəli öz faciəli sonluğunu hamıdan yaxşı və dərindən dərk edir.

Müstəmləkə zülmünün təsviri. «Fətəli fəthi» Azərbaycan ədəbiyyatında çarizmin müstəmləkə zülmünü göstərən nadir sənədli ədəbi nümunə idi. Bu mövzuda əvvəllər də bir sıra dram və nəsr əsərlərində - «Od gəlini», «İki od arasında», «Vaqif» pyesində üstüörtülü formada bəhs edilmişdir. Lakin Çingiz Hüseynov sənədlərin dilindən istifadə edərək çarizmin Qafqazda və Azərbaycandakı siyasi zülmünü epik əhatə gücü ilə qələmə almışdır.

Çarizmin insana zidd qəddar siyasətinin əsas cəhətlərindən biri onun maarifçilik cildinə girməsidir. Müstəmləkəçilər istila etdikləri xalqların hamısını «vəhşi» adlandırır, özlərini isə mədəni, maarifli kimi qələmə verirlər. Xalqların azadlığını əllərindən alıb onların təbii sərvətlərini talayırlar. Çarizm Bakını tutan kimi köhnə neft quyularının hamısını xəzinəyə məxsus elan etmiş, çoxunu da erməni millətindən olan fırıldaqçılara icarəyə vermişdi.

Çar üsuli-idarəsi Azərbaycanın bir çox yerlərində əsas müstəmləkə bitkisi olan pambıq əkdirməyə çalışır, onun məhsulu ilə rusiyadakı fabrikləri xammalla təmin edirdi. Azərbaycanlılar pambıq əkməyi bilmirdi, o biri tərəfdən pambıq üçün vacib olan suvarma torpaqlar az idi. Əhali belə torpaqlarda ənənəvi olaraq buğda, çəltik əkir və bununla öz ərzaq tələbatlarını ödəyirdilər.

Müstəmləkənin digər mühüm aləti yerli hakim sinfin ələ keçirilməsi və çarizm ilə sazişə cəlb edilməsi idi. Bunun üçün bütün vasitələrdən - şirnikləndirmə, hədiyyə vermə, hərbi rütbə vermə kimi üsullardan istifadə edilirdi. Türkmənçay müqaviləsindən (1828) sonra Azərbaycanın Rusiya ilə dil tapmaq istəyən xan ailələrinin başçılarına general rütbəsi verilirdi. Məsələn, Qarabağ xanı Mehdiqulu xana general-leytenant rütbəsi verilmişdi. Bakı xanları nəslindən olan A.A.Bakıxanov dövlət qulluğuna götürülmüş, polkovnik rütbəsi almışdı və pensiyaya çıxanda ona yüksək məvacib təyin edilmişdi. Çarizm bu yolla üzdə olan, nüfuzlu feodal ailələrini neytrallaşdırır, onların xalq üsyanlarına başçılıq edə bilməsi imkanını aradan qaldırırdı.

Eyni niyyətlə Şeyx Şamil əsir alınandan sonra imperator onun arvadlarına və qızlarına bahalı zinət əşyaları bağışlamışdı, özünə isə Voronej quberniyasında malikanə bağışlayıb sürgün həyatını orada təşkil etmişdi. Bu çarın özünü Dağıstan xalqlarına «mədəni padşah» kimi göstərmək təşəbbüsü idi. Şeyx Şamil isə həcc ziyarətinə getmək üçün çara xahişnamələr yazmalı olurdu. Sonda lap ağır xəstə vaxtında Şeyx Şamilə həcc ziyarətinə getmək icazəsi verildi: lakin tarix yenə təkrar olundu, Şeyx Şamil də həcc yolunda vəfat elədi.

«Fətəli fəthi» romanında çarizmin müsəlman ruhani sinfinə qarşı siyasətinə xüsusi diqqət yetirilmişdir. Ruhanilərə belə əhəmiyyət verilməsi onların yeganə savadlı təbəqə olması və əhali arasındakı böyük nüfuzu ilə bağlı idi. Molla sinfinə qarşı siyasətində çarizm bir çox müsəlman ölkəsini zəbt etmiş ingilis müstəmləkəçilərinin təcrübəsindən istifadə edirdi. Çar məmurları ruhani sinfinin şöhrətpərəst və tamahkar olduğunu gözəl bilir və bundan istifadə edirdilər. Əksinə, çarizmə açıq müxalif olan din xadimləri həbs edilir və sürgünə göndərilir, onlara dini fəaliyyətlə məşğul olmaq qadağan edilirdi.

Çarizmlə sazişə girənlərə torpaq və mülklər verilir, onların nüfuzunun artmasına və daha geniş dini fəaliyyət göstərmələrinə şərait yaradılırdı. Müsəlman ruhaniliyini özündən asılı vəziyyətə sal­maq və rahat idarə etmək üçün çarizm Tiflisdə şiələr və sünnilər üçün ayrıca dövlət qurumları düzəltmişdi. Şiələrin başçısına Şeyxülislam, sünnilərin başçısına müfti rütbəsi müəyyən edilmişdi. Həmin qurumlar sovet dövründə də dəyişilmədən saxlandı: məscidlərin axund və mollaları xüsusi sərəncamla təyin edilirdi və yerli adamların bunda nə iştirakı, nə də xəbəri olmurdu. Çarizm həm mollalar, həm də yerli feodallar arasından özünə arxa hazırlamamış öz rejimini möhkəmlətmək, kütləvi müsadirələrə əl atmaq siyasəti yeritməmişdir. Yalnız hakim feodal sinfi və ruhanilik çarizmə tərəf keçəndən sonra 40-cı illərdə çarizm fəal müstəmləkəçilik və əraziləri mənimsəmə siyasəti yeritməyə başladı. Artıq kəndli üsyanları da təhlükəli deyildi - onlara rəhbərlik edəcək yuxarı sinif nümayəndələri yox idi.

Vaxt keçdikcə, ruhanilər nüfuzlu vəzifələr tutmaq baxımın­dan müstəmləkə üsuli-idarəsindən tam asılı vəziyyətə düşdülər. Yazıçı inandırıcı şəkildə göstərir ki, qısa bir vaxt ərzində Azərbaycanda da ruhani karyerası dövlət qulluğunun bir şəklinə çevrildi. Ən adi kənd mollası da məclis aparmaq hüququ üçün Şeyxülislamın idarəsindən icazə almalı idi. Bir qayda olaraq belə mollalar çarizmin məxfi jandarm xidməti ilə əməkdaşlıq etməli idi. Sovet dövründə bu əməkdaşlıq məcburi və total bir hal aldı.

Çingiz Hüseynov çarizm və müsəlman ruhaniyyəti mövzusuna təsadüfi olaraq belə geniş yer vermir. M.F.Axundov dövründə təşəkkül tapan bu siyasət Azərbaycanın sonrakı milli hərəkatı tarixində xalqa zidd bir amil kimi meydana çıxdı. Qərb tipli Azərbaycan maarifçiliyi yarandığı vaxtdan ilk qəddar düşmənini ruhaniyyətin simasında tapdı. Gizli olaraq siyasi jandarm qurumları ilə əməkdaşlıq edən bu adamlar islamın təəssübkeşi kimi çıxış edərək bütün Qərb dəyərlərinə, Avropa təhsil sisteminə və elminə qarşı çıxır, avropasayağı geyinənləri də «dinsiz» elan edirdilər.

«Fətəli fəthi» çarizmin mədəniyyət yaymaq siyasətinin üstündən örtüyü götürür, bu siyasətin arxasında müstəmləkə xalqları üçün dəhşətli bir hörümçək torunun qurulduğunu açıb göstərirdi. Çarizmin maarif və mədəniyyət siyasəti, əslində cəmiyyətin bütün qüvvələrinin dövlətin inhisarına keçməsinə, onun əlavəsinə çevrilməsinə xidmət edirdi. Müstəmləkə sistemində verilən hər bir qərar, nəzərdə tutulan hər bir layihə, ilk növbədə, müstəmləkə torunun möhkəmlənməsinə xidmət etməli idi. Burada dövlət hər şeydir - konkret adamlar isə dəyərsiz və gərəksizdir, onların qayğı və problemləri heç kəs üçün maraqlı deyil. Müstəmləkə rejimi şəraitində milyonlarla insan özbaşına və sahibsiz olaraq ömür çürüdür. Firavan yaşamağın isə bir yolu qalır - müstəmləkə maşınında özünə yer tutmaq, zülm edənlərə qoşulmaq.

«Fətəli fəthi» Azərbaycan ədəbiyyatında müstəmləkə rejiminə qarşı yazılmış ən sərt və dəyərli əsərlərdən bəlkə birincisidir. Romanın ilk qısa variantı rusca «Labüdlük» adı ilə «Siyasi ədəbiyyat» nəşriyyatında çapdan çıxmışdır. Çarizmi tənqid edən bir əsər kimi buraxılan bu kitabı müəllif böyük ustalıqla genişləndirib digər nəşriyyatlarda buraxdırdı. Əsər artıq siyasi senzuradan keçmiş hesab olunurdu.

Çingiz Hüseynov özü romanı Azərbaycan dilinə çevirmiş­dir. Lakin buna tərcümə demək çətindir: ana dilində romanın həcmi rusca olduğundan iki dəfə artıqdır. Ona görə tərcümədən yox, əsərin Azərbaycan variantından danışmaq daha doğru olardı. Yazıçı özü Azərbaycan dilinin təbiətinin ona böyük təsir etdiyini və əsərin həcminin qeyri-ixtiyari artdığını qeyd etmişdir. Əsər Qarabağ hadisələrinin başlandığı 1988-ci ildə Bakıda «Fətəli fəthi» adı ilə 710 səhifə həcmində çap olundu.

M.F.Axundov surəti. Sənədli nəsrin mühüm bir xüsusiyyəti var: burada yazıçının tarixi yazmaq və mənalandırmaq imkanları çox azdır. Tarixi faktların öz məntiqi və mənası buna imkan vermir. Sənədli nəsrin bu xüsusiyyəti əsas qəhrəmanların obrazında da əksini tapır. Burada müəllifin baş qəhrəmanı nə xalis müsbət, nə də xalis mənfi cizgilərlə vermək imkanı olmur. Ona görə Çingiz Hüseynov da M.F.Axundovu ideallaşdırmaq, müsbətləşdirmək niyyətindən uzaq olmuşdur.

Tarixi roman bir janr kimi çox qədimdir. Keçmişdə bioqrafiyaları hökmdar və sərkərdələri tərənnüm etmək üçün yazırdılar. Ona görə tarixi şəxsiyyətlər müxtəlif yazıçıların əsərlərində müxtəlif təsir bağışlayırdı. Lakin sənədli bioqrafiyada bu imkan yoxdur; sənədlər və faktlar əsasında yaradılan bədii obraz oxucunu tarixi həqiqətə yaxınlaşdırır. Sənədlilik tarixi romanda yazıçı fantaziyasını məhdudlaşdırır, obyektiv tarixi həqiqətin daha artıq üzə çıxmasına səbəb olur.

Çingiz Hüseynovun yaratdığı Mirzə Fətəli obrazını daha çox tarixi reallıqların bərpası adlandırmaq olar. Onun haqqında yazanların bəziləri onu ruspərəst, digərləri isə qatı allahsız kimi qələmə verirdilər. Çingiz Hüseynov isə tarixi sənəd və faktlarda qalmış Axundovu təqdim edir. Bir yazıçı kimi onun üçün tarixi həqiqət hər şeydən qiymətlidir. Lakin bunu ancaq bir yazıçının deyil, sənədli bioqrafiya janrının ümumi prinsipi adlandırmaq daha doğru olar. Bioqrafik sənədlilik prinsipinin geniş şöhrət qazanması və çox oxunması həm də bununla bağlı idi. «Fətəli fəthi» kimi əsərlər tarixi təkcə öyrənmək yox, həm də başa düşmək üçün gözəl bir vasitədir.

Romanda M.F.Axundovun körpəliyindən ölümünə qədər bütün həyatı izlənmişdir. Biz onu dayısının himayəsində yaşayan yetim kimi, nikbin və qüvvə dolu cavan məmur kimi, xalqına maarif işığı bəxş etmək istəyən vətəndaş kimi, maarifçi layihələri baş tutmayan tənha ziyalı kimi də görürük. Yazıçı üçün mürəkkəb yol keçən, taleyində dəyişmələr olan Axundovun taleyinin ağlı-qaralı bütün səhifələri mühümdür, onun qəhrəmanı bu səhifələrin məcmusudur. Romandakı Mirzə Fətəli XIX əsrdə xalqımızın faciəli tarixi taleyinin timsalıdır. M.F.Axundov böyük ictimai xadimdir: tarixi şəxsiyyətlərin əksəriyyəti kimi, onun ömrü də şəxsi seçimlərdən ibarət deyil, bəlkə də daha çox tarixi prosesin ərsəyə gətirdiyi bir yoldur. Bunun yaxşı, yoxsa pis olduğu əsas deyil. Əsas bunun həqiqət olmasıdır. Siyasət, ictimai-siyasi fəaliyyət tarixi şəxsiyyətləri özlərindən alır, tarixin canlı alətlərinə çevirir.

Romanda Mirzə Fətəli ömrünün Tiflis dövrü xüsusilə əhatəli verilmişdir. Məhz canişinlikdə işlədiyi illərdə o, dövrün Vazeh, Qutqaşınlı, Xasay xan Usmiyev, Natəvan kimi şəxsiyyətləri ilə tanış olur. Bir çox epizodlarda onu Qarabağ xanlığının problemləri ilə məşğul olan görürük. Qafqaz canişini Qarabağ xanlarının nəslini kəsmək üçün Natəvanı əslən Dağıstan qumıqlarından olan Xasay xan Usmiyevə ərə verir. Usmiyev Mirzə Fətəlinin yaxın dostu və evinə gedib-gələn adam idi.

Yazıçı romanın son fəslini «İflas» adlandırmışdır. Burada Axundovu qulluqdan çıxmış, tənha adam kimi görürük. Onun doğulan uşaqlarının çoxu ölmüşdür. Tubu da dünyadan köçmüşdür. Mirzə Fətəlinin yeganə ümid yeri xaricdə oxuyan oğlu Rəşiddir. Onu bəzən yazdıqlarının gələcək nəsillər tərəfindən oxunub-oxunmayacağı da nigaran qoyur, narahat edir. Lakin tarix Mirzə Fətəliyə haqq qazandırdı: onun əməlləri və əsərləri bütün dünyaya yayıldı və xalqımızın fəxri oldu. «Fətəli fəthi» romanı Azərbaycanın XIX əsr taleyi barədə ən əhatəli və gözəl bədii əsərdir.

«Doktor N» romanı. Fətəli haqda romanın böyük uğur qazanması müəllifdə aydın bir qənaət yaratdı: doğma xalqın tarixi taleyini ədəbiyyata gətirən əsərlər sevilir və yaşayır. Çingiz Hüseynov sənədli bioqrafik nəsrdən uzaqlaşmadı: bu dəfə Azərbaycanın XX əsr taleyinin ən səciyyəvi şəxsiyyəti olan Nəriman Nərimanovun bioqrafiyasına müraciət etdi. 1990-cı ilin sonlarında SSRİ dövləti dağıldı və bu hadisə də yazıçıya 70 illik Sovet quruluşu barədə öz sözünü deməyə imkan yaratdı.

Çarizmə qarşı mübarizə aparan Azərbaycan inqilabçıları N.Nərimanovun və M.Ə.Rəsulzadənin başçılıq etdiyi iki cəbhəyə ayrılmışdı. Müsavatçılar Azərbaycanın Rusiya müstəmləkəsindən qurtarması üçün əsas müttəfiq kimi Türkiyəni görürdülər.

N.Nərimanovun rəhbərlik etdiyi Azərbaycan bolşevikləri isə azadlıq yolunu rus inqilabçı bolşevikləri ilə ittifaqda görür­dülər. 1914-cü ildə Rus İmperiyası Birinci Dünya Müharibəsinə qoşulan kimi bolşeviklər Rusiyanın müharibədə məğlubiyyətinə tərəfdar olan şüar irəli sürdülər. Belə şüar imperiyaya daxil olan xalqların bolşevik təşkilatlarına xoş gəldi. N.Nərimanov kimi bolşeviklər bu şüarın səmimiliyinə inandılar. Amma Azərbay­canda yerli millətdən olan bolşeviklər çox az idilər.

1920-ci ilin 27 aprelində 11-ci Qızıl Ordu Bakını və Azərbaycanı işğal edəndən sonra mayın əvvəllərində Azərbaycan Xalq Komissarları Soveti hökuməti yaradıldı. N.Nərimanov bu hökumətin başçısı seçildi və iki il yarım - 1922-ci ilin dekabrına qədər bu vəzifədə işlədi. Romanda Nərimanovun fəaliyyətinin bu dövrü xüsusi diqqətlə təsvir edilmişdir.

N.Nərimanov qocaman maarifçi və yazıçı kimi ölkədə nüfuzlu ziyalılardan biri idi. Yazıçı göstərir ki, bolşeviklər onu hökumətin başçısı qoymaqla nüfuzundan istifadə edirdilər; doğrudan da bir çox ziyalılar və sadə adamlar Nərimanov kimi böyük bir şəxsiyyətin başçılıq etdiyi hökumətə inanır və onu özlərininki sayırdılar.

Əslində ölkədəki vəziyyət daha mürəkkəb idi: N.Nərima­no­vun başçılıq etdiyi və bütün üzvləri azərbaycanlılardan ibarət olan müstəqil Azərbaycan Sovet Sosialist Respublikasında ikiha­ki­miy­yətlilik yaranmışdı. İkinci hakimiyyət 11-ci Ordunun rəhbərliyi idi. Onlar Hərbi İnqilab Komitəsinin tərkibinə daxil idilər. Ko­mi­tənin də rəhbəri N.Nərimanov olsa da, bu, formal xarakter daşı­yırdı. Hərbi İnqilab Komitəsinin yerli orqanları hərbi qulluqçular idi və onlar N.Nərimanovun göstərişlərini saymırdılar; ölkə üçün qiymətli olan savadlı və ziyalı insanlar həbs edilir, güllələnir və ya Sibirə sürgün edilirdi. Bu barədə N.Nərimanova müraciət ediləndə isə hərbçilər ona tabe olmurdular.

Romanda N.Nərimanova qarşı duran ikinci cəbhə Bakıda yu­va salmış ermənilərdir. Onlar Moskvanın və millətçi rus zabit­lə­rinin himayədarlığı ilə Bakı Partiya Komitəsini və Şəhər İnqilab Ko­mitəsini ələ almışdılar və azərbaycanlılara qarşı düşmənçilik edir­dilər. Ermənilər millətçi rus zabitləri ilə sövdələşib azər­bay­canlıların mal və mülkünü qanunsuz müsadirə edir, xalqı soymaq siyasəti yeridirdilər.

Bakıdakı və qəzalardakı bütün həbs yerləri dolu idi. Er­mənilər günahsız adamları bilərəkdən həbs edir, sonra böyük rüş­vət müqabilində azad edirdilər. Bu, sovet hökumətinin şüarla­rına yaraşmayan və onlara zidd olan şüurlu soyğunçuluq idi. N.Nəri­manov bütün bunları bilir və bu barədə Moskvaya məktublar göndərirdi. Ermənilər isə bu konflikti N.Nərimanovun guya millətçi olması kimi qələmə verirdilər.

Bu dövrdə SSRİ dövlətini yaratmaq barədə müzakirələr ge­dirdi: Bakıda kök salmış ermənilər Bakını Azərbaycandan ayı­rıb RSFSR ərazisinə vermək planları hazırlayırdılar. Nəriman Nəri­manov xalqın sadiq oğlu və alovlu vətənpərvər kimi bu fitnə­karlığa qarşı yorulmadan mübarizə aparırdı. Ermənilərin tərəfini tu­tan Moskva, nəhayət, Nərimanovu Bakıdan uzaqlaşdırmaq üçün yol tapdı. Onu Moskvaya böyük dövlət vəzifəsinə aparıb vətən­dən didərgin saldılar.

«Doktor N» sənədli romandır: müəllif indiyə qədər az öyrə­nil­miş sənədlərin dili ilə bu böyük dövlət xadiminin fəaliyyətinin bir sıra yeni tərəflərini üzə çıxarmışdır. Xalq Komissarları So­vetinin sədri işlədiyi iki il ərzində N.Nərimanov xalqı üçün böyük işlər görmüşdür: onlarla ziyalını ölümdən xilas etmiş, Azərbaycanın milli məktəb sistemini təşkil etmiş, ana dilində onlarla dərsliklərin və müntəxəbatların çap edilməsinə nail olmuş, Ali məktəblərin və texnikumların yaradılmasında iştirak etmişdi. 1921-ci ildə N.Nərimanov dövlət idarələrində və dəftərxanalarda Azər­baycan türkcəsinin tətbiq edilməsi barədə Hərbi İnqilab Ko­mitə­sinin xüsusi dekretini imzalamışdı. Lakin bu qanun icra edil­mədi və kağız üzərində qaldı.

Çingiz Hüseynovun şəxsi taleyi ilə N.Nərimanovun tale­yin­də oxşarlıq da var. Yazıçı da 1952-ci ildən Moskvada yaşayır, bir çox əsərlərini rus dilində yazırdı. Ona görə yazıçı N.Nərimanovun Moskva həyatını, oradakı vətən həsrətini səmimiyyətlə qələmə almışdır. Bu hisslər yazıçının özünə də tanış idi.

N.Nərimanovun ömrünün son dövrü ilə M.F.Axundovun taleyi arasında bənzərlik vardır: Hər ikisini sonda məyusluq və tənhalıq hissləri, şübhələr bürüyür. Lakin N.Nərimanovun həyatının sonu daha tragikdir. O vətəndə yaşamaq hüququndan məhrumdur, Moskvada mühitsizlikdən əziyyət çəkir.

Çingiz Hüseynov romanda N.Nərimanovu səmimi, əqidəli bir kommunist kimi qələmə almışdır. O, həyatda da belə bir insan idi, Şərq ölkələrində - İranda, Türkiyədə, Əfqanıstanda sosialist inqi­lab­larının olacağına inanırdı. Lakin dünya sosialist inqilabı baş vermədi. O biri tərəfdən, vaxt keçdikcə kommunizmin nəzəriy­yəsi ilə əməli arasında ziddiyyətlər daha bariz ortaya çıxır­dı və N.Nərimanov da ziddiyyətlərdən məyus olurdu. Sosializm insanların şüurlu seçimi olmalı idi. Amma bunun əvəzinə bolşevik hökuməti hər yerdə, hər addımda zorakılıq tətbiq edirdi. N.Nərimanov zorakı sosializm qurmağı qəbul etmirdi və buna görə müxalif mövqedə qalırdı.

Həyatının son aylarında N.Nərimanov dərin mənəvi böhran keçirir, faciəli ovqat içində yaşayırdı. Rus bolşeviklərinin ondan istifadə etdiklərini anlayır, amma vəziyyəti dəyişmək üçün çıxış yolu tapmırdı. Nəticədə nagahan ölüm onu həyatdan apardı. Bu barədə çoxlu şayiələr olsa da, Çingiz Hüseynov N.Nərimanovun qəsd nəticəsində ölməsi versiyasını rədd etmişdir.

«Doktor N» böyük dövlət xadimi və yazıçı N.Nərimanov və onun siyasi fəaliyyəti barədə yazılmış ən qiymətli sənədli bioqrafik əsərdir. Ziyalı və xalq problemi burada rəhbər və xalq səviyyəsində qoyulur, bolşevizmin xalqın taleyində oynadığı yaxşılı-pisli rola obyektiv qiymət verilir.

Çingiz Hüseynovun sonuncu bioqrafik romanı İslam dininin banisi olan Məhəmməd peyğəmbərin həyatına həsr olunmuşdur. «Peyğəmbər və ya kitabın nazil olması» romanı 1997-ci ildə Moskvada rus dilində çapdan çıxmışdır.

Çingiz Hüseynovun bioqrafik tarixi romanları 1970-1980-ci il­lər ədəbiyyatında fəxri yer tutur. O, tarixi mövzularda xalqımı­zın gələcək taleyini axtaran qüdrətli qələm sahibidir.