Həyatı və fəaliyyəti. Əzizə Məmməd qızı Cəfərzadə 1920-ci il dekabrın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun babaları Bakıya Şamaxı zəlzələsi zamanı köçmüşdülər. Orta məktəbi bitirdikdən sonra Əzizə Cəfərzadə ADU-nun Filologiya fakültəsində oxumuş, 1945–1946-cı illərdə ekstern yolu ilə bu təhsil ocağını bitirmişdir. Hələ tələbə olduğu vaxtlarda Ağsu rayonunun Çaparlı kəndində müəllimlik etmiş, bu dövrdə xalq həyatı, xüsusilə onun ata-baba yurdu olan Şamaxının taleyi ilə maraqlanmağa başlamışdır. Sonralar bu maraq gələcək ədibin bütün fəaliyyətinin əsasını, əsərlərinin başlıca mövzusunu təşkil etmişdir.

Əzizə Cəfərzadənin təhsil illəri (1928-1946) ölkədə əlifba islahat­ları ilə bir vaxta düşmüşdür. Lakin çoxları kimi Əzizə xa­nım bu islahatlara görə təhsildən soyumamışdır. Onun valideyn­ləri, xüsusilə anası savadlı bir qadın, ömrü boyu müqəddəs Quranın qiraəti ilə məşğul olan bir ziyalı idi, fars klassiklərini orijinaldan oxuyurdu.

Əzizə Cəfərzadənin ilk təhsili ilə anası məşğul olmuş, ona ərəb əlifbasında yazmaq və bu əlifbadakı müxtəlif xəttatlıq nümunələrini oxumağı öyrətmişdi. Əzizə hələ körpə vaxtlarından gözəl nitqi və hafizəsi ilə hamını heyran qoyurdu. Dindar bir ailədə böyüsə də, o, gözüaçıq, fəal ictimai həyata maraq göstərən bir qız idi. 1937-ci ildə, cəmi on altı yaşı olanda yazıçının «Əzrayıl» adlı hekayəsi çapdan çıxmışdı. Həmin vaxtdan Əzizə xanım ardıcıl olaraq ədəbi mətbuatda çıxış edir, ədəbi həyatda və qadın hərəkatında tanınmağa başlayır.

Müharibə başlanan kimi savadlı gənc qızları da səfərbər edib tibb bacısı kurslarına yollayır və sonra cəbhəyə yola salırdılar. Amma kişi müəllimlər səfərbər edildiyi üçün  cavan və savadlı qızların bir qismi kənd rayonlarına müəllimliyə göndərilirdilər. 1941-1944-cü illərdə Əzizə Cəfərzadə  Ağsu rayonunun “Çaparlı” kəndində müəllimlik etmiş, burada müharibənin bütün ağırlığını daşımalı olmuşdur. Gənc qıza anasının yaxın kəndlərdə yaşayan qohumları həyan olmuşdular. O, şagirdləri ilə birgə pambıq yığımında iştirak edir, at və dəvə belində yaxın kəndləri gəzib dərsə gəlməyən uşaqları dərsə cəlb edirdi. Yazıçı həyatının bu dövrünə aid xatirələrində bu dörd ili bir ömür adlandırmışdır. Onun müharibə illərindəki yorulmaz fəaliyyəti diqqəti cəlb etdi və 1944-cü ilin sonunda o zaman Maarif Komissarı olan Mirzə İbrahimov onu Bakıya işə dəvət etdi.

Əzizə Cəfərzadə bu zaman hələ universitetin tələbəsi ikən Azərbaycan Kinostudiyasında ssenari şöbəsinin rəisi (1944-1946), sonra isə Teatr məktəbinin müdiri təyin olunur (1947-1949). Məsul işlərdə çalışmasına baxmayaraq, müharibədən sonra Əzizə xanım öz savadını artırmağı və təhsilini davam etdirməyi qərara alır. Bu, ölkədə ehkamçılığın və əzbərçiliyin böhran keçirdiyi bir dövr idi. Yazıçı 1948-1950-ci illərdə ADU-nun aspiranturasında təhsilini davam etdirir. O, XIX əsrdə xalq şeiri üslubu problemi üzərində tədqiqat aparır və  1950-ci ildə namizədlik dissertasiyası müdafiə edir.

Namizədlik işi ilə bağlı Əzizə Cəfərzadə dövrün Qasım bəy Zakir, Baba bəy Şakir kimi tanınmış şairləri ilə yanaşı, əsərləri arxivlərdə və əlyazma fondlarında saxlanan bir çox el şairlərinin əlyazmalarını axtarıb tapmış və tədqiqata cəlb etmişdi. Namizədlik işi əsasən aşıq şeiri üslubu ilə bağlı olduğundan ədib sonralar ömrü boyu Azərbaycan folklorunun yorulmaz araşdırıcısı və naşiri olmuşdur. 1981-ci ildə Əzizə Cəfərzadənin «XIX əsrdə xalq şeiri üslubu» kitabı ADU-nun nəşriyyatında çapdan  çıxmışdır. Əzizə xanım el şairi Abdulla Padarlının «Seçilmiş şeirləri» (1979), «Fatma xanım Kəminə» (1971), «Azərbaycanın aşıq və şair qadınları» (1974), «Şirvanın üç şairi» (1976) kimi kitabları böyük elmi zəhmət hesabına tərtib və çap etdirmişdir.

Elmi fəaliyyət və araşdırmalarla yanaşı, Əzizə Cəfərzadə həmişə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Aspiranturanı bitirdikdən sonra o, qiyabi Pedaqoji İnstitutda dosent və kafedra müdiri (1950-1956) vəzifəsində çalışmış, bir müddət BDU-nun Azərbaycan Ədəbiyyatı tarixi kafedrasında professor olmuşdur.

Ədib 1983-1990-cı illərdə Respublika Qadınlar Şurasının sədri işləmişdir. Respublikanın ictimai həyatında yaxından iştirak edən Əzizə Cəfərzadə xalqımızın aşıq və şair qadınlarının ədəbi irsinə həsr olunmuş doktorluq dissertasiyası yazıb müdafiə etmiş (1970), filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.

Ədib yorulmaz bir qələm sahibi idi: o, Ə.Sabatlının «Əj­daha başı»,  və Atatürkün həyatına dair Şəmsi Tellinin kitabını ana dilimizə tərcümə etmişdir.

Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də 82 yaşında Bakı­da vəfat etmiş və öz vəsiyyətinə əsasən, Hacıqabulun Tağılı kən­dində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzar­lıqda  dəfn olunmuşdur.

Yaradıcılığı. Əzizə Cəfərzadə çox erkən yaşlarından nəsr əsərləri yazmağa başlamışdır. 60-cı illərə qədər onun əsərləri uşaq hekayələrindən və ziyalı mühiti haqda nümunələrdən ibarət idi. İctimai həyatda fəal iştirakı və tutduğu pedaqoji vəzifələr onun vaxtını alır, ədəbi yaradıcılıqla məşğul olmaq imkanlarını məhdudlaşdırırdı. Lakin 1963-cü ildə çıxan «Natəvan haqqında hekayələr» kitabından başlayaraq ədibin yaradıcılığında tarixi mövzu aparıcı olur. Adından da göründüyü kimi, yazıçının ilk kitabında görkəmli qadın şairə Xurşudbanu Natəvan haqqında hekayələr toplanmışdı. Bu zamana qədər yazıçı kifayət qədər həyat təcrübəsi toplamış və tarixi materiallar və mənbələrlə iş sahəsində lazımi təcrübəyə yiyələnmişdi. Digər tərəfdən, 50-60-cı illərdə xarici ölkələrdə, xüsusilə Avropada da sənədli tarixi mövzu geniş işlənirdi.

Azərbaycanda o zaman tarixi mövzular ancaq sosialist realizmi məcrasında işlənə bilərdi: hansı tarixi şəxsiyyətdən bəhs edirdinsə, onu mütləq inqilabçı və kasıb siniflərin nümayəndəsi kimi qələmə almaq lazım idi. Tarixi mövzuda mütləq sinfi mübarizə göstərilməli idi.  Ona görə 60-cı illərə qədər tarixi mövzuda əsərlər az yazılırdı, oxucuların isə öz xalqının tarixi ilə tanış olmaq imkanı yox idi. Kommunist rejimi xalqların öz tarixini bilməsini istəmirdi.

Belə bir şəraitdə Əzizə Cəfərzadə tarixi mövzuları sənədlilik əsasında və konkret ədəbi şəxsiyyətlərin bioqrafiyası timsalında qələmə almağa başladı. Ədəbi şəxsiyyətlərin tarixini siyasiləşdirmək mümkün deyildi: Natəvan, Nişat Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi tarixi-ədəbi simaların bioqrafiyaları məlum idi və hamı bilirdi ki, onlar inqilabçı olmayıblar. Tarixi mövzuda yazmaq və ədəbiyyat məmurlarının hücumlarından qorunmaq üçün sənədli tarixi nəsr bir çıxış yolu idi; tarixi saxtalaşdırmadan, hər yerdə inqilab izi axtarmadan xalqın tarixi keçmişi haqqında əsərlər yazmaq olardı.

Əzizə Cəfərzadə bu işə başlamaq üçün hazır idi: o, xalq həyatını və xalq ədəbiyyatını gözəl bilir, ilkin tarixi mənbələrlə işləyir, hətta fars dilindəki tarixi sənədlərdən də istifadə edirdi. Yazıçının ilk sənədli bioqrafiyaları isə daha yaxşı bildiyi və araşdırdığı XIX əsrin ədəbi və elmi şəxsiyyətləri ilə bağlı idi.

1957–1974-cü illərdə ədib Respublika Əlyazmalar Fon­dunda baş elmi işçi və şöbə müdiri kimi çalışdığı vaxt külli miq­dar­da tarixi sənədləri və əlyazmaları oxumuş, XIX əsr tariximizin gözəl bilicisinə çevrilmişdi.

1960-cı illərin ortalarından başlayaraq Əzizə Cəfərzadə Azərbaycanın XIX əsrdə yaşamış böyük ədibi və maarifçisi Seyid Əzim Şirvaninin həyat yolundan və yaradıcılıq taleyindən bəhs edən «Aləmdə səsim var mənim» adlı roman üzərində işləməyə başladı. 1972-ci ildə əsərin birinci və ikinci cildləri ayrıca kitab şəklində çap olundu.

Yazıçı tarixi materiallar əsasında Seyid Əzimin parlaq bədii obrazını yaratmışdı. Bu obraz bizim tarixi nəsrdə yeni bir hadisə idi. XIX əsr maarifçilərinin çoxundan fərqli olaraq, Seyid Əzimin Rusiyadan daha çox Şərq dünyası, müsəlman aləmi və Cənubi Azərbaycanla əlaqələri var idi. Böyük şair dəfələrlə səyahətlərə çıxmış, bizə qohum elləri qarış-qarış gəzmişdi. Onun divanı öz sağlığında  Təbrizdə  çap olunmuşdu. Bütün bunlarla yanaşı, Seyid Əzim Avropa maarifinə müsbət yanaşır, yeni tipli məktəblərdə dərs deyir və «Əkinçi» qəzetində də öz poetik və publisistik əsərləri ilə çıxış edirdi. Yazıçı tarixi faktlara sadiq qalmış və Seyid Əzimi inqilabçı kimi müasirləşdirməmişdi. Qısqanc partiya tənqidçiləri əsərə hücum etmək üçün heç bir formal bəhanə belə tapmadılar. Oxucular və ədəbi ictimaiyyət isə bu əsəri böyük rəğbətlə qarşıladı. Romanda XIX əsr Azərbaycan həyatının geniş mənzərəsi verilmiş, xalqın həyatının həm müsbət, həm də mənfi tərəfləri əks etdirilmişdi.

Seyid Əzim Şirvaninin «Aləmdə səsim var mənim» romanında yaradılan obrazı bizim tarixi nəsrdə siyasətdən uzaqlıq, tarixi doğru-düzgün göstərmək baxımından yeni hadisə oldu. Əsərin sənədli roman sayılması onun müəllifini çoxlu qınaqlardan xilas edirdi.

O zaman sənədliliyi hələ bədii nəsrdən aşağı, publisistikaya yaxın hesab edənlər də var idi. Əslində isə, Seyid Əzim haqqında romanın bədii səviyyəsi yüksək idi. Əzizə Cəfərzadə kimi istedadlı nasirin qələmində sənədli süjet həqiqi nəsr səviyyəsinə qaldırılmışdı. O, təcrübəli yazıçı kimi sadə həyat hadisələrini  böyük tarixi həqiqətlər mövqeyindən ümumiləşdirməyi bacarırdı. Bu, tarixi sənədli nəsr üçün mühüm keyfiyyət idi.

Əzizə Cəfərzadə əslən şirvanlı olan daha iki ədəbi şəxsiyyət haqqında roman yazıb trilogiyaya çevirdi: bunlardan biri on səkkizinci əsrin sonlarında yaşamış Nişat Şirvani, o birisi isə XX əsrin əvvəllərində yazıb-yaratmış Abbas Səhhət idi. Nişat Şirvaniyə həsr olunmuş roman 1977-ci ildə «Vətənə qayıt» adı ilə çapdan çıxdı və trilogiyanın birinci hissəsini təşkil etdi. Trilogiyanın üçüncü hissəsi 1980-ci ildə «Yad et məni» adı ilə işıq üzü gördü. Onun qəhrəmanı unudulmaz romantik şairimiz, Şirvan ədəbi mühitindən çıxmış vətənpərvər şairlər nəslinin sonuncusu olan Abbas Səhhət idi.

«Vətənə qayıt» romanı ədəbiyyatımızda az işlənmiş bir döv­rün - xanlıqlar dövrünün hadisələri fonunda qələmə alınmışdır. Böyük imperiyaların əhatəsində olan Azərbaycanın o zamankı mürəkkəb vəziyyəti, yadelli qoşunların torpaqlarımıza girməsi və talançılıqla məşğul olması əsərdə konkret insan taleləri timsalında qələmə alınmışdır. Bu əsər xanlıqlar dövrünü tarixi cəhətdən, vətən məhəbbəti mövqeyindən doğru-düzgün qələmə alan, siyasətbazlıqdan uzaq olan qiymətli bir romandır. Romanda qadın surətləri xüsusilə cazibədar və dolğun verilmişdir.

Yaradıcılıq təcrübəsi artdıqca yazıçı tariximizin daha qədim dövrlərinə müraciət edir, lakin bütün romanlarında sənədli bioqrafiya janrının tələblərini qorumağa çalışır. Bu baxımdan 1983-cü ildə kitab şəklində çıxmış «Cəlaliyyə» romanı xüsusilə maraqlı və qiymətli idi. Bu əsərin qəhrəmanı siyasi şəxsiyyətdir - XII əsrdə Naxçıvanda hökmranlıq etmiş xanım – hökmdar Cəlaliyyədir. Yazıçı onun şəxsində vətənpərvər bir qadın hökmdar obrazı yaratmışdır. Əsərin qəhrəmanı xalqı düşünən, vətən üçün qurub yaradan, gələcəyə ümidlərlə baxan müdrik dövlət adamıdır.

Müstəqillik dövründə yazıçının romanlarında vətənpərvərlik motivləri daha da güclənmişdir. «Zərrintac-Tahirə» romanındakı hadisələr XIX əsrin birinci yarısında Cənubi Azərbaycanda baş verir. Hadisələr Babilər hərəkatı ilə bağlı olsa da, yazıçı Tahirəni vətənpərvər bir türk qızı, qorxmaz bir qəhrəman və mübariz kimi qələmə almışdır.

1996-cı ildə yazıçının ikinci bir tarixi mövzulu romanı da çap olundu: bu «Gülüstandan öncə» adlı əsərdə müəllif yenidən xanlıqlar dövrünə qayıdır, sovet çağlarında deyə bilmədiyi ideya və mətləbləri daha dərindən və əsaslı şəkildə açıb göstərməyə çalışır. Müstəqillik illərində yazdığı hər iki əsərdə milli dövlətçilik ideyaları, Azərbaycanın müstəqilliyi məsələləri böyük bədii qüvvə ilə səslənir. Bu romanlarda da Əzizə Cəfərzadəni qadın xarakterinin parlaq təsvirçisi kimi görürük. Onun yaratdığı gözəl, namuslu, ailəsini və elini sevən qadın obrazları ana-bacılarımızın ən yaxşı əxlaqi məziyyətlərini təmsil edirlər. Ümumiyyətlə, Azərbaycan qadınlığının tərənnümü və təsviri Əzizə Cəfərzadənin həm tarixi, həm də müasir mövzuda yazdığı romanlarından qırmızı xətt kimi keçir.

«Hun dağı» povestində türk keçmişinin təsviri. Yazıçı doğma xalqının tarixi keçmişini, mənəvi köklərini yaxşı öyrəndikcə, sənədli xarakter daşımayan tarixi əsərlər də yazmışdır. Bunlardan ən mühümü «Hun dağı» adlı povestdir. Müəllif bu əsəri 1981-ci ildə yazmış və 1983-cü ildə «Cəlaliyyə» adlı kitabında ilk dəfə nəşr olunmuşdur. Əsərin yazıldığı illərdə Azərbaycanın türk köklü xalq olması problemi nə bədii fikirdə, nə də elmi-tarixi fikirdə müzakirə olunmurdu. Ona görə yazıçı bu mövzuya əl atmaqla dövrün bədii fikrini qabaqlamış və xalqımızın qədim tarixi köklərinə dair qiymətli bir əsər yazmışdı.

Povest türk xalqlarının tarixində ən az məlum olan bir dövrə - tarixə hunlar kimi daxil olmuş qədim türkdilli tayfaların müasir türk xalqları şəklində parçalanması dövrünə müraciət etmişdi. Bu parçalanmaya qədər türkdilli xalqlar əsasən hunlar kimi tanınırdı. Müəllif dəqiq tarix göstərməsə də, əsərdə təxminən 5-6-cı əsrlərdə baş verən hadisələr qələmə alınır. Bu dövr tarixi ilə müqayisə etsək, müəllif dəqiq tarixi ünvan göstərmədən Böyük Türk Xaqanlığının qərbi və şərqi türk xaqanlıqlarına parçalanması hadisələrini bədii şəkildə qələmə almağa çalışmışdır. Yazıçının tarixi ünvan göstərməməsi bu dövr hadisələri haqqında elmi fikirdə yekdil mövqeyin olmaması ilə bağlı idi.

Əzizə Cəfərzadənin digər əsərlərində olduğu kimi, burada da süjet çox sadədir: Xaqan çox qocalmışdır, onu əvəz edə biləcək varisi iki oğlundan biri təyin olunmalıdır: kiçik oğlu Alptəkin pəhləvan kimi güclü, ağıllı və tədbirlidir, möhkəm iradəyə malikdir. Onu tayfanın ağsaqqalları, xaqanın silahlı ordusu xaqan görmək istəyir. Böyük oğul Güntəkin isə zəif iradəli, sözə gedən, hərbi işə meyl etməyən bir gəncdir. Dayıları və anası Damla xatun onun xaqan olmasını istəyirlər. Bu niyyətlərini gerçəkləşdirmək üçün onlar ov zamanı qoca xaqanı oxla yaralayır və öz xəyanətlərini Alptəkinin üstünə atırlar. Lakin xaqan tayfa bilicisi - şamanın köməyi ilə həqiqəti aşkara çıxarır və qəsdin kiçik oğluna qarşı təşkil edildiyini anlayır. Xaqan qocaldığını hiss edərək çəkişmələrə son qoymaq üçün qədim türk adətinə uyğun olaraq qızqovdu yarışları elan edir. Bu yarışda qalib gələn döyüşçü xaqanın böyük yay-oxuna sahib olur və onun varisi sayılır.

Qızqovdu yarışları qədim hərbi demokratiya qaydalarına uy­ğun olaraq cıdır şəklində aparılır. Cıdır iştirakçıları gələcək xa­qa­nın arvadı - ana xaqan olacaq gözəli atla qovurlar və birincilik qaz­anan həm də şad titulu qazanır, yəni varis elan olunur. Parlaq bə­dii dillə, gözəl təsvirlərlə qələmə alınan qızqovdu yarışlarında Alptəkin qalib gəlir. Qoca xaqanın yarışda xaqan-ana roluna təyin etdiyi gözəl isə xaqanın qardaşı qızı Aylaxatundur.

Saray intriqaları və növbəti xəyanət nəticəsində xaqan vəzifə­sinə Güntəkin çıxarılır. Xaqan-ana Damlanın və qardaş­la­rı­nın bu əməli tayfa birliyində böyük narazılıq və qiyamla nəticə­lə­nir. Sıravi adamlar və döyüşçülər qanuni xaqan olan Alptəkinin hüquqlarını müdafiə etmək istəyirlər. Lakin tayfa ağsaqqalları və Alptə­kin özü qardaş qanı axıdılmasına razı olmur: nəticədə Alptəkini xaqan kimi tanıyan tayfalar və böyük el ağsaqqalı Turqut hərbi tədbirlərə əl atmadan yeni otlaqlar və yurd yeri tapmaq ümidi ilə Qərbə tərəf yola düşürlər və uzun yollar qət edəndən sonra yurd salırlar. Lakin onların yeni vətənində də əkinçilər türk dilində danışırlar. Alptəkinin tayfa birləşməsi ondan çox-çox əvvəl türklərin yaşadığı səfalı, suyu bol otlaqlara gəlib çıxmış olur.

Müəllifin əsas ideyalarını xaqan Alptəkin və Turqut baba surətləri təmsil edir. Qədim türklərin dini görüşlərinin, adət-ənənəsinin, etnoqrafik xüsusiyyətlərinin təsviri ən çox bu surətlər üzərin­də verilir. Yazıçı qədim türk tayfa birləşmələrində hakimiy­yətin iki qoldan ibarət olduğunu göstərir. Əsas hakimiyyət xaqana məxsusdur. Bütün xaqanlar qədim türklərin mifik allahı olan Göktanrının oğlanları və yerdə nümayəndəsi sayılır. Xaqanlar çox zaman öz adı da əlavə olunmaqla göylər tanrısının oğlu adlandırılır. Məsələn, tayfadaşları öz xaqanlarını çox zaman Göktanrı oğlu Alptəkin çağırırlar.

Xaqanların mifik atası sayılan Göktanrının səltənəti göy­lərdədir. Onunla ancaq bilici-şamanlar xüsusi mərasimlər şəklində ünsiy­yət saxlaya bilirlər. Qədim türk-hunlar Göktanrıdan qor­xurlar. O, yağışı yağdıran, bərəkət və hərbi qələbələr verən tanrı he­sab olunur. Ağsaqqallar və şamanlar sıravi adamları Göktan­rının qəzəbinə səbəb ola biləcək hərəkətlərdən çəkindirirlər. Gök­tan­rı qəzəblənəndə insanları müxtəlif şəkildə cəzalandırır, onların əziz­ləri üçün ölüm göndərir, müharibələr başlayır, quraqlıqlar olur və s.

Göktanrının yerdə, insanlar arasında oğlu və əvəzi Xaqan say­ılır. O, tayfa birliklərində ən güclü adamdır: sıravi tayfa üzvləri onun oxunun yayını qaldırmağa belə qadir deyillər. Xaqan hər gün öz gücü, ədaləti, ovçuluğu ilə öz rəhbər mövqeyini nümayiş etdirməlidir. O, silahlı ordunun başçısı və tərbiyəçisidir. O, günün çox vaxtını gənc döyüşçülərin tərbiyəsi, onların döyüş ustalığının artırılması ilə məşğul olur.

Alptəkin müdrik bir siyasətçidir. Türk qəbilələri arasında yaxşı otlaqlara görə çoxlu düşmənçilik və çəkişmələr olur. Alptəkin bu düşmənçiliyi dinc yolla nizamlamağa çalışır. Bu heç də onun zəifliyindən irəli gəlmir. Onun yeritdiyi sülhsevər siyasətin əsas məqsədi dağınıq türk tayfalarını bir bayraq altında birləşdirməkdir. Əzizə Cəfərzadə Alptəkin obrazı timsalında türk tayfalarının birliyi ideyasını əsərin əsas fikir leytmotivi kimi dərinləşdirir. Köçəri həyat sürən, daim yeni otlaqlar axtaran, başqa soylara məxsus tayfalarla qanlı toqquşmalarda olan türklər üçün birlik, güclü vahid dövlət həyati bir zərurətdir. Yalnız belə dövlət onları çoxsaylı müharibələrdən qurtarar, düşmənlərə üstün gəlmək üçün mərkəzləşmiş hərbi qüvvələr yaradar.

Karluq tayfalarının hücumu zamanı Alptəkin müdrik siyasətçi kimi hərəkət edir, xüsusi hərbi qəddarlıq olmasın deyə orduya göstərişlər verir. Bütün bunlar bir siyasi məqsəd güdür: karluq türklərinin məğlubiyyəti onların Alptəkin Xaqanın bayrağı altında birləşməsi üçün əsas olsun. Karluqlarla vuruşların nəticəsi məhz belə olur: onlar məğlubiyyətdən sonra Alptəkin Xaqanın ədalətli bir insan olduğunu görüb onun tayfa birləşmələri ilə qaynayıb-qarışmaq qərarına gəlirlər.

Povestdə ikinci rəhbər obrazı Turqut babanın şəxsiyyətidir. Yazıçı onu yarımifik bir şəxsiyyət kimi qələmə alıb. Onun yaşı üçüncü əllini - yəni yüz əlli yaşı adlamaqdadır. Povestdə baş verən bütün mühüm hadisələr zamanı, bütün taleyüklü qərarlar qəbul olunanda Turqut baba Xaqanın yanındadır. Xaqan da ciddi qərarlar qəbul edəndə, ilk növbədə, Turqut babaya müraciət edir, o isə öz növbəsində bütün tayfa ağsaqqallarını toplayıb prob­lem­lərin müzakirəsini təşkil edir və Ağsaqqallar Şurası müvafiq qərar ve­rir. Bu şura Xaqanın hakimiyyəti yanında məşvərətçi bir qurum­dur.

Turqut baba surəti tayfaların həyatındakı roluna görə xalq dastanlarımızın qəhrəmanı olan Dədə Qorqudu xatırladır. O, mənəvi, əxlaqi normalara, ata-baba qaydalarına əməl olunması ilə bağlı məsələlərdə tayfaların mənəvi rəhbəridir. O, öz tayfadaşlarının tarixi müdriklik və mənəvi mədəniyyət timsalıdır. Bununla yanaşı, Turqut baba tarixi keçmişin, türkdilli insanların topladığı həyat biliklərinin və təcrübəsinin daşıyıcısıdır.

«Hun dağı» povesti qədim Hun türklərinin dini görüşləri, etnoqrafiyası, dili, hərbi mədəniyyəti barədə dəqiq tarixi məlumatlar verən gözəl bir dərsliyi xatırladır. Hun türklərinin maldarlıq həyatında at başlıca yer tutur. Onlar onun südünü içir, ətini yeyir, özündən də nəqliyyat, hərbi alət, estetik gözəllik timsalı kimi istifadə edirlər. Romanda Əzizə Cəfərzadə özünü atçılıq mədəniyyətini gözəl bilən, atların bütün növ və rənglərini fərqləndirən, atçılıq idmanı növlərini dramatik şəkildə təsvir edə bilən bir yazıçı kimi göstərir. Bir qadın müəllif üçün bu nadir bir keyfiyyətdir və oxucu da əsəri oxuduqca türklərin ən qədim və sevimli ev heyvanı olan  at və atçılıq barədə çoxlu məlumatlar, terminlər öyrənir.

Povestin dili dəqiq və rəvandır. Yazıçı mövzu ilə bağlı müasir oxucuya və gəncliyə az məlum olan onlarla qədim türk söz və terminlərini işlədir. Atçı tayfaların məişəti ilə, geyimləri, silahları, toy və bayram adətləri ilə bağlı povestdə dəqiq işlənmiş epizod və vəziyyətlər vardır. Müəllif atçı tərəkəmələrin müxtəlif dərilərdən istifadə, onların aşılanması və müxtəlif məqsədlər üçün istifadəsi barədə çoxlu etnoqrafik məlumatlar verir.

«Bakı-1501» yazıçının ən qiymətli bioqrafik-sənədli tarixi əsərlərindən biri - Şah İsmayıl Xətaiyə həsr olunmuş romanıdır. Əsər 1981-ci ildə ayrıca kitab şəklində çap olunmuş, sonralar dəfələrlə çap edilərək oxucuların və ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. 1989-cu ildə romanın rus dilinə tərcüməsi Bakıda çap olunmuşdur.

«Bakı - 1501» vətənpərvər bir Azərbaycan yazıçısının romanıdır. Əzizə Cəfərzadə romanı qələmə almaq üçün Şah İsmayılın həyatına və hərbi yürüşlərinə həsr olunmuş farsca və digər dillərdə olan külli miqdarda tarixi mənbələri, o cümlədən Xətainin hərbi yürüşlərində iştirak etmiş tarixçilərin əsərlərini diqqətlə öyrənmişdir. Lakin yazıçı tarixə böyük fateh kimi düşmüş Şah İsmayılın bütün yürüşlərini yox, onun ancaq Bakıya və Şirvana 1501-ci ildə etdiyi hərbi hücumları qələmə almışdır. Bunun böyük mənası var idi, xüsusilə Azərbaycanın hələ müstəqil dövlət kimi mövcud olmadığı illərdə. Yazıçı şüurlu olaraq Şah İsmayılın Azərbaycan xalqının tarixində və taleyində oynadığı xüsusi rolu bədii şəkildə qələmə alırdı. Bu milli mənlik şüurumuza şüurlu xidmət idi, vətənimizin müstəqil tarixinin bədii səlnaməsini yaratmaq işinə xidmət idi.

Şah İsmayıl öz yürüşləri və fəaliyyəti ilə İran dövlətinin də sərhədlərini genişləndirmiş, öz qızılbaş ideologiyasını İran dövlətinin rəsmi ideologiyasına çevirmişdi. Onun əsasını qoyduğu Səfəvilər sülaləsi İranda 1737-ci ilə - Nadir şahın tacqoyma mərasimi keçirdiyi vaxta qədər - təxminən iki əsr yarım davam etmişdir.

Şah İsmayılın ulu babası və səfəvi şeyxləri sülaləsinin banisi olmuş Şeyx Səfiəddin Ərdəbilə XIV əsrdə indiki Türkiyə ərazi­sindən gəlmişdi. Onlar Məhəmməd peyğəmbərin əmisi oğlu, qızı Fatimeyi-Zəhranın əri və xilafət ordusunun əsas sərkər­dələrindən olmuş Əli ibn Əbutalibi ilahiləşdirirdilər. İsla­mın tərifində İmam Əliyə xüsusi yer ayıran, bəzən hətta onu Allahla eyniləşdirən əliallahilik, əslində siyasətə daha çox bağlı olan dini cərəyan idi. Bu cərəyanı yayan hökmdarların və feodalların hamısı özünü Əlinin, onun nəvəsi imam Cəfəri Sadiqin və deməli, Məhəmməd peyğəmbərin qohumu kimi təqdim edirdilər. Bu, orta əsr­lərdə tez-tez yaranan və dağılan feodal dövlətlərini peyğəm­bər­lə qohumluq adı ilə legitimləşdirmək və möhkəmləndirmək istəyi idi.

Ərdəbil şəhərində kök salan səfəvi şeyxləri də istisna de­yildi. Onlar da hərbi və dini xarakterli bir sektanı təmsil edir, dini təb­liğat işini hərbi təlim və təhsillə vəhdətdə aparırdılar. Bunu onlar islamı yaymaq, missionerlik kimi təqdim edir, öz zabitlərini  qazi - Allahın iradəsini icra edənlər kimi adlandırırdılar. Belə­liklə, Şah İsmayılın ordusundakı savadlı zabitlər həm peşəkar döyüş­çü, həm də islamın əsaslarını gözəl bilən və təbliğ edən missionerlər idilər. Onların düşmənləri digər dini cərəyanların nümayəndələri idi.

Romanda Şah İsmayılın qoşununun Şirvana yürüşünün formal səbəbi «yezid» elan edilmiş Şirvanşah Fərrux Yəssarı və onun nəslini məhv etmək idi. Qızılbaş qoşunundakı əsgərlərə yürüşün məqsədi belə izah olunurdu. Lakin Fərrux Yəssar da müsəlman idi və bütün ata-babaları kimi sünnilik təriqətinə mənsub idi, onun müsəlman dini qarşısında heç bir günahı yox idi. Lakin Qızılbaş qoşununun əsgərləri bu incəlikləri bilmirdilər: onlardan az adam Şah İsmayılın Şirvana qisasçılıq niyyəti ilə gəldiyini bilirdi: onun babası Şeyx Cüneyd, atası Şeyx Heydər Şirvanşahlar dövlətinin şimal ərazilərində, Samur çayına yaxın yerdə hərbi-dini döyüşlər zamanı həlak olmuşdular. Bu zaman Azərbaycan Şirvanşahlar dövlətinin və sülaləsinin yeddi yüz ilə qədər tarixi var idi. Ona görə də yazıçı Şah İsmayılın 1501-ci ildə Bakı qalasını mühasirəyə alması hadisəsini milli faciə kimi, qardaş qırğını kimi qələmə alır.

Şah İsmayıl Xətai tarixdə çox ziddiyyətli və qəddar bir hökmdar olmuşdur. Lakin yazıçı əsərdə Xətainin tarixi xidmətləri ilə şəxsiyyətini eyniləşdirmir. Yazıçı bir tərəfdən onun şəxsi qüsurlarını tarixi mənbələrdə olduğu kimi qələmə alır. Digər tərəfdən isə, onun Azərbaycan türklərinin tarixi ərazilərini birləşdirmək, bu ərazilərdə mərkəzləşmiş və vahid dövlət yaratmaq sahəsindəki xidmətlərini konkret faktlar əsasında ortaya qoyur.

Əzizə Cəfərzadə romanda Şah İsmayılın şəxsiyyətindəki və hərbi yürüşlərindəki çoxlu ziddiyyətləri qələmə alarkən obyektiv və yeganə düzgün yol tutur: o, Şah İsmayılı ideallaşdırmır, əksinə, onu tarixi mənbələrdə təqdim edildiyi şəkildə qələmə alır, tarixi həqiqətə sadiq qalır. Əzizə Cəfərzadədən sonra, bəlkə «Bakı - 1501»-in təsiri ilə daha iki roman yazılıb: F.Kərimzadənin «Xudafərin körpüsü» (1982), Əlisa Nicatın «Qızılbaşlar» (1983) ro­man­larında müəlliflər Şah İsmayılı bir fateh kimi reallaş­dırmağa, onu müsbətləşdirməyə çalışmışlar.

Lakin Əzizə Cəfərzadə böyük ölçü hissinə, tarixi prosesləri daha dərindən duymaq qabiliyyətinə malik idi, ona görə Şah İsmayılın hərbi, dini fəaliyyətindəki ifratlarını, tarixi mənbələrdə özünə yer tapmış saysız-hesabsız macəralarını qələmə almaqdan imtina edir və bütün diqqətini xalqımızın taleyi ilə bağlı 1501-ci ilin Şirvan hadisələrinə verir. Romanın mənalı və təsirli hissələrindən biri «Bir tayfanın sonu» adlı parçadır.

Bələdçilər hələ yeniyetmə olan şahı Fərrux Yəssarın Şamaxının uca dağlıq yerində, Fit dağı ətəyində olan yaylağına aparanda qədim bir türk kəndini «kafir» kimi nişan verirlər. Bu tayfanın küfrü ondadır ki, onlar islamı qəbul edəndən sonra bir sıra qədim türk inam və adətlərini də davam etdirirlər. Cavan şah bələdçinin «kafir tayfa» haqda sözünü dərindən aydınlaşdırmadan bu tayfaya qanlı divan tutur. Əsir edilmiş müsəlman əqidəli əhali sıraya düzülür və hamısı şiə məzhəbinə keçməyə dəvət olunur. Bundan imtina edən adamların birinə də rəhm edilmir, onlar Şah İsma­yılın gətirdiyi «təmiz dini» qəbul etmədikləri üçün digər­lərindən ayrılır. 2-3 gün müddətində «kafir» kimi boyunları vuru­laraq  qardaş qəbiristanlıqlarında kəfənsiz basdırılırlar. Eyni qəd­dar qırğın Bakı qalası tutulduqdan sonra orada da icra edilmişdir.

Bibixanım - Sultanım surəti. Romanda Şah İsmayıla qarşı yaradılmış əsas müsbət qəhrəman Bibixanım surətidir. Fərrux Yəssarın vəliəhd olan oğlu Qazıbəy İçərişəhər qalasında oturur və Bakı bölgələrində Şirvanşahın valisi sayılırdı. O, ova gedərkən təsadüfən Bibiheybət kəndində Bibixanımı görüb ona aşıq olur və saraya gətirir. Yazıçı Bibixanım surətini böyük ustalıq və məhəbbətlə yaratmış, onun simasında Azərbaycan qadınının mərdlik və sədaqətini ümumiləşdirmişdir. O, yetimçiliklə, ata-anasını itirərək babasının himayəsində böyümüşdür. Bibixanımın babası Bibiheybət pirində xidmətçi olan şeyxdir: onun evi həm də ziyarətə gələn zəvvarların bir-iki günlüyə sığınacaq yeridir. Bibixanım kiçik yaşlarından babasına yardımçı olmuş, ziyarətə gələn qonaqları qəbul edərək gündəlik zəhmətə alışmışdır. Məhz onun sayəsində boş düzənlikdə olan həyət balaca cənnət parçasına çevrilmişdir.

İçərişəhər qalasındakı Şirvanşah sarayına düşən Bibixanım ilk vaxtlar sıxıntı keçirir: qaynanası, Fərrux Yəssarın arvadı onu qəbul etmir, çünki o, rəiyyət içərisindən çıxmışdır. Şah oğluna isə mütləq şah nəslindən bir qız lazımdır. Lakin Bibixanım qısa vaxtda böyük hörmət qazanır: əri Qazıbəydən yazıb oxumaq öyrənir, saray davranışını mənimsəyir. Qızılbaş ordusu Şirvana girəndə Caban kəndi yaxınlığında Qızılbaş ordusu ilə Şirvanşah arasında qanlı döyüş olur. Qazıbəy Bakı ətrafında qüvvə toplayıb atasına köməyə gedir. Lakin Bibixanım-Sultanım sarayda bunu heç kəsə demir, şəhəri mühasirəyə hazırlamağa başlayır. O, tərəddüd etmədən Şah İsmayılın təslim olmaq təklifi ilə gələn və ədəbsizlik edən elçisini və düşmənə satılmış şəhər darğasını asdırır. Bu, Bakı əhalisinin düşmənə qarşı nifrətini və mübarizliyini artırır. Qızılbaş ordusu yeddi gün şəhəri mühasirədə saxladıqdan sonra içəri soxula bilir.

Bibixanım-Sultanım tarixi şəxsiyyət olsa da, yazıçı onun obrazını öz fantaziyası ilə tamamlamışdır. O, sağlam düşüncəli bir qadın kimi Qızılbaşlarla müharibənin qardaş qırğını olduğunu başa düşür: anlayır ki, hər iki tərəfdə vuruşanlar dili, qanı və dini bir olan qardaşlardır. Yazıçı Bibixanım-Sultanımla cavan Şah İsmayılın qala ətrafında təsadüfi görüşünü və təkbətək döyüşünü təsvir edir. Yazıçı fantaziyasının romantik bəhrəsi olan bu döyüşdə əvvəlcə kişi paltarında olan Bibixanım şaha üstün gəlir, lakin onu öldürmür: Şirvanşahın gəlini Şah İsmayılı qardaş qırğını törətməkdə ittiham edir. İkinci döyüşdə Şah İsmayıl qalib gəlir və döyüşçünün qadın olduğunu görüb onu buraxır.

Bibixanım surəti romanın vətənpərvərlik ruhunu yaradan, dini müharibələrin tragizmini və mənasızlığını göstərən əsas obraz - müəllifin uğuru idi. Əzizə Cəfərzadə məhz bu obraz vasitəsi ilə tarixi hadisələrə müəllif münasibətini ifadə edirdi. Romanda ikinci planda olan, lakin dəfələrlə xatırlanan motiv - milli birlik, torpaqların və tayfaların, təriqət və inamların vəhdəti məsələsi idi. Bu vəhdət bütöv, güclü və müstəqil Azərbaycan dövləti ideyası kimi romanda leytmotiv təşkil edir.

Xətai surəti. Roman boyu müəllif özü də Xətai surəti haqqında mülahizələr yürüdür, onun şəxsiyyətində əsas bir cizgi axtarır və romanın son parçalarında bunu onun şairliyində tapır. Lakin romanın müxtəlif yerlərində Şah İsmayıl Xətainin bir xüsusiyyəti - onun qəddarlığı və intiqamçılığı xüsusilə diqqəti cəlb edir. O, Fərrux Yəssar öldürüldükdən sonra onun cəsədini yandırır, başını bədənindən ayırır və təhqir edir. Bakı qalası tutulandan sonra şahın əmri ilə Fərrux Yəssarın ata-babalarının Şirvanşahlar sarayındakı məqbərələri dağıdılır, onların sümükləri çıxarılıb yandırılır. Şah İsmayıl məğlub etdiyi Şeybani xanın kəllə sümüyünə qızıl çəkdirib onda şərab içir.

Romanda müəllif dəfələrlə Şah İsmayılın qəddarlığını göstərir və bunu onun ağır uşaqlığı ilə əlaqələndirir. Ərdəbil şeyxlərinin tərəfdarları Şeyx Səfi nəslinin sonuncu oğlan varisi olan İsmayılı böyük məxfilik şəraitində qoruyurlar. Onun atası, anası, qardaşları xüsusi amansızlıqla öldürülüblər. Bütün bunlar İsmayılın qorxu içində, daim ölüm təhlükəsi içində böyüməsinə  səbəb olmuşdu. Doğru deyirlər: qəddarlıq qorxunun tərs üzüdür.

«Bakı - 1501» romanında Şah İsmayılın obrazı daimi inkişafdadır. O, əvvəlcə köməksiz körpə, sonra üzü kənar adamlar üçün bağlı olan mistik bir təriqət başçısı, sonra qılınc gücünə öz təriqətini yayan dini sərkərdə, sonra öz ilahi gücünə inanan peyğəmbər övladı, sonra öz nəslinin şöhrətini əbədiləşdirmək istəyən şöhrətpərəst hakim, sonra dünya cahangirliyi arzulayan hərbi sərkərdə, Çaldıran məğlubiyyətinin rüsvayçılığından sonra isə bədbinliyə qapılmış guşənişin və təriqətlərdə həqiqət axtaran dərviş kimi qarşımızda durur. Romanın sonunda onu dərviş və şairlər arasında daha çox görürük. Müəllif isə imkan düşdükcə Xətaini bir şair kimi daha qabarıq verməyə çalışır.

Romanda dəfələrlə müzakirə olunan motiv Şah İsmayıl Xətainin şairliyi ilə qəddarlığı arasındakı ziddiyyətdir. Bu baxımdan onun qəddarlığının da, şairliyinin də köklərini onun təriqətçiliyində axtarmaq lazımdır. Məlumdur ki, islam təriqətlərinin tam əksəriyyəti poetik və alleqorik formada öz əksini tapırdı. Xətainin kiçik yaşlarından öyrəndiyi təriqət ədəbiyyatı - sufilik, hürufilik, nəqşbəndilik, şiəlik və s. poetik abidələrdən ibarət idi. Ona görə Xətainin öz təriqət görüşləri də poetik əsərlərdə, qəzəl və qoşmalarda əksini tapırdı. Bu mənada təriqət dövləti, daha dəqiq desək, dini dövlət yaradan Xətainin şeirləri onun bu fəaliyyətinin bir sahəsi idi.

Cavan Xətai hakimiyyətdə möhkəmlənən kimi ona rəğbət qazandıran layihələrlə məşğul olur: tutduğu ölkələrdən memar və ustaları, alim və xəttatları öz paytaxtı Təbrizə gətirir, quruculuq işləri ilə məşğul olmağa başlayır, özündən sonra böyük mədəni irs, kitabxanalar qoymaq barədə düşünür.

Amma müharibə başlanan kimi o, hər şeyi unudur və Allahla birgə  qalır. Allah onun daxili dialoqlarının bir qütbü olur. Şah İsmayılda Allaha səmimi və mistik bir inam vardır və öz qələbələrinin əsas müəllifi onu hesab edir.

Uşaqlıqdan İsmayıla müqəddəs, ali, xilaskar bir məxluq ki­mi baxılmışdır, bu isə onun özündə,  öz şəxsiyyətinə münasi­bə­tində əksini tapmışdı. Körpə vaxtdan onun üzünə salınan pərdə onun ilahiliyinə işarə idi. Uşaqlıqdan onu mələklər kimi başdan-başa yaşıl geyindirirdilər. Xətai özünü çox zaman Allaha yaxın, onun sevimlisi, onun lütfünün daşıyıcısı kimi hiss edirdi. Bir çox müharibələrdə, xüsusilə Sultan Səlimlə münasibətlərdə onun məntiqsiz ərköyünlüyü və arxayınlığı da onun mistisiz­mindən gəlirdi.

Onun müharibəyə mistik münasibəti, hazır qələbənin Allah­dan gələcəyi ovqatları bütün qızılbaş ordusuna və onun əsgər­lə­rinə də keçmişdi. Onlar bütün döyüşdə Allahı əsas müttəfiq sayır və qorxu bilmədən vuruşurdular. Qızılbaş ordusunun gücü bir də bun­da idi: gündəlik təbliğat, fasiləsiz ibadətlər və namazlar onlarda Allahın himayəsinə inam yaratmışdı. Onların qəddarlığı və qoçaqlığı da bu inamdan qüvvət alırdı.

«Bakı - 1501» romanının əsas məziyyəti onun 80-ci illərdə Azər­baycan cəmiyyətinin milli fikir axtarışlarını ifadə etməsi idi. Romanın son hissələrində Xətaini öz ana dilinə məhəbbət bəsləyən, sarayda və diplomatik dairədə onun yayılmasına çalışan bir şəxs kimi görürük. O, milli dilin və dövlətin, mədəniyyət və incəsənətin inkişafına böyük əhəmiyyət verir, Təbrizin dünyanın böyük paytaxtları kimi gözəl olmasına çalışır. Bu epizodlarda yazıçı milli dövlətçilik ideallarının bədii təbliğatçısı kimi diqqəti cəlb edir.

Əzizə Cəfərzadə 1960-1980-ci illərdə tarixi nəsrin ən görkəmli nümayəndəsidir. Onun tarixi romanları 1970-1980-ci illər nəsrində xüsusi yer tutur. Sənədli bioqrafik tarixi roman janrının çiçəklənməsi onun adı ilə bağlıdır. Yazıçının tarixi əsərlərinin əsas mövzusu Azərbaycan xalqının milli varlığı, özünəməxsusluğu və taleyidir. Onun əsasını qoyduğu bioqrafik sənədli tarixi janr Sovet İttifaqının dağılması ərəfəsində Fərman Kərimzadə, Mahmud İsmayılov, Əlisa Nicat və digər yazıçıların yaradıcılıq axtarışlarında davam etmişdir.