Həyatı və fəaliyyəti. Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il av­qust ayının 16-da Şəki şəhərində ana­dan ol­muşdur. İbtidai təhsilə də bu­ra­dakı 1 nöm­rəli məktəbdə başlamışdır. 1934-cü il­də şairin ailəsi Ba­kıya köçmüş və ba­la­ca Bəxtiyar təhsilini 176 nömrəli mək­təb­də davam etdirmişdir. Orta məktəb illə­rində gələcək şairə İbrahim Cəfər adlı ədəbiy­yat müəllimi böyük təsir göstər­miş, balaca Bəxtiyarda poeziyaya və ədə­biyyata dərin məhəbbət oyatmışdır. Yuxarı siniflərdə sevimli müəl­limi Bəxtiyarın şeirlərinin ilk oxucusu və məsləhətçisi olmuş­dur.

Gənc şair hələ məktəb illərində şeir və dram dərnəklərinin üzvü olmuş, bədii sözə marağı, müstəqil düşüncəsi ilə hörmət qazanmışdı. 1942-ci ildə orta məktəbi qurtaran  gənc şair artıq ilk poemasını - Məhəmməd Hadiyə həsr olunmuş «Xəzan bülbülü»  əsərini yazmışdır. Həmin il Bəxtiyar Bakı Dövlət Universitetinin Filolo­giya fakültəsinə daxil olur və burada da istedadı ilə müəl­lim, tələbə kollektivinin diqqətini cəlb edir. Universitet illərində Bəxti­yar fakültədə Mir Cəlalın rəhbərlik etdiyi Ədəbiyyat dərnəyinin fəal üzvü olur, bir sıra cavan  şairlərlə birgə  ədəbi mü­za­kirələrdə iştirak edir. Şairin burada oxuduğu uğurlu və bə­yə­ni­lən şeirləri  «Gəncliyin səsi», «Gənclik töhfəsi» kimi  al­ma­na­x­lar­da çap olunur.

1947-ci ildə universiteti bitirən Bəxtiyar həmin ildə aspiran­tu­raya daxil olur. 1950-ci ildə «Səməd Vurğunun poezi­ya­sı»  mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir.

 Bəxtiyar Vahabzadə namizədlik dissertasiyası müdafiə et­dikdən sonra  universitetdə  müəllimlik fəaliyyətinə başladı. Bir müddət sonra şair böyük məhəbbət bəslədiyi Səməd Vurğun haq­ında dissertasiyasını yenidən işləyib genişləndirdi və 1964-cü ildə «Səməd Vurğunun yaradıcılıq yolu» adlı  doktorluq dissertasiyası müdafiə etdi.  1968-ci ildə şairin S.Vurğun barədə çoxillik təd­qi­qatlarının nəticəsi olan «Səməd Vurğun» monoqrafiyası çapdan çıxdı. Şairin müasir ədəbiyyatımızın müxtəlif problemlərinə həsr olunmuş «Şair və zaman» kitabına(1975) isə ədəbi-tənqidi məqalələri daxil edilmişdir.

Bəxtiyar Vahabzadənin elmi-pedaqoji fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlıdır. O, 1984-cü ildə «Xalq şairi» adı almış, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,  sonralar isə həqiqi üzvü seçilmişdir.

Bəxtiyar Vahabzadənin poeziyası rus və bir sıra xarici dillərə tərcümə edilmişdir. Moskvada şairin rusca bir neçə kitabı çıxmışdır. Şair böyük ingilis klassiki Corc Bayronun «Abidos gəlini» poemasını ana dilimizə gözəl bir dillə tərcümə etmişdir. Şair müxtəlif illərdə tərcüməçiliklə məşğul olmuş, rus klassikləri A.S.Puşkindən, M.Y.Lermontovdan, N.A.Nekrasovdan və b. şairlərdən tərcümələr etmişdir. Şair ancaq öz vətəndaş əqidəsinə uyğun olan əsərləri çevirmişdir.

Sovet dövlətinin məxfi orqanları şairi  daim nəzarətdə saxlamışdır. Onun vətənpərvərlik poeziyasına yuxarılarda mənfi münasibət bəslənsə də, sovet məmurları onun xalq içərisindəki böyük şöhrəti ilə gec də olsa, hesablaşırdılar. Ədib Əməkdar incəsənət xadimi (1974), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1976), Qırmızı Əmək Bayrağı ordeni  ilə təltif olunmuş, müstəqillik dövründə isə  Şöhrət ordeni  almışdır.

Bəxtiyar Vahabzadə fəal bir ictimai xadim, xalqımızın sevimli şairi və böyük ağsaqqalı olmuşdur. Sovet dövründə onun nüfuzu qeyri-rəsmi xarakter daşıyırdı. Partiya məmurları onu sevmir, ondan çəkinir, lakin həm də onun böyük nüfuzu ilə hesablaşırdılar. Elmi və ədəbi, ictimai məclislərdə şairin sözü həmişə eşidilmiş, sevilmiş və böyük rəğbətlə qarşılanmışdır.

1988-ci ildə Qarabağ torpaqları uğrunda xalq hərəkatı və Ermənistanla elan edilməmiş müharibə başlananda  Bəxtiyar Vahabzadə bu hərəkatın həm mənəvi, həm də faktiki liderlərindən biri oldu. Ən böyük ümumxalq mitinqlərində yüz minlərlə  insan onu  yekdilliklə tribunalara dəvət edirdi. Bu da təsadüfi deyildi. Minlərlə vətənpərvər və milli ruhlu gəncin formalaşmasında onun vətənpərvərlik poeziyasının böyük rolu olmuşdu. B.Vahabzadə sovet dövründə milli ruhlu ədəbiyyatın və qeyri-rəsmi hərəkatın başlıca lideri idi. Sovet məxfi orqanlarından qorxan ziyalı kütləsini erməni təcavüzünə qarşı Xalq hərəkatına cəlb etməkdə şairin böyük rolu olmuşdur.

Yaradıcılığı. Bəxtiyar Vahabzadə müasir Azərbaycan poeziyasında milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa edən görkəmli xalq şairimizdir.  Sovetlər dövründə milli varlığımızın, yurdumuzun və ana dilimizin taleyi barədə vətəndaş narahatlığı onun poeziyasının ən qiymətli cizgiləridir. Qədim şeirimizin müdriklik, fəlsəfi dərinlik kimi ənənələrini ədib müasir şeir üslubu ilə üzvi şəkildə birləşdirmişdir.

Gənc şairin əsgər məktubuna həsr olunmuş «Ana və şəkil» adlı ilk şeiri  1943-cü ildə dərc olunmuşdur. İlk kitabı isə Bakıda «Mənim dostlarım» adı ilə 1949-cu ildə işıq üzü görmüşdür. Şair yaradıcılığının ilk illərində az, amma yaxşı yazırdı, məhsuldarlığı ilə seçilmirdi. Lakin bədii məzmun, fikir təzəliyi və zənginliyi  baxımından  ilk şeirlərindən diqqəti cəlb edirdi. Sonrakı illərdə onun «Əbədi heykəl» (1953), «Sadə adamlar» (1954), «Ceyran» (1957), «İnsan və zaman» (1964)  və s. kitabları çıxmışdır.

1959-cu ildə şairin «Gülüstan» adlı poeması dərc olundu və B.Vahabzadəyə S.Vurğunun azərbaycançılığının əsas davamçısı kimi geniş şöhrət qazandırdı. Xalqımızın azadlıq və müstəqillik ideallarını tərənnüm edən bu poema geniş əks-səda yaratdı, 60-70-ci və sonrakı illərdə  poeziyamızın rəsmi ədəbiyyata müxalif olan vətənpərvərlik xəttini ədəbi istiqamətə çevirdi. Bəxtiyar Vahabzadə böyük vətənpərvər şair kimi sevildi. Şair özünə qarşı ümumxalq sevgisi haqqında yazırdı:

 

Sevdim səni bildim ki, mənim öz sifətim var,

Bildim oğulam,

öz anam, öz məmləkətim var.

Xalq sevdi məni,

Ey mənim şöhrətim, andım,

Sevdim və sevildim!

Bu böyük sevgini yalnız

Hər gün daha çox

Mən səni sevməklə qazandım. 

 

Vətən mövzusu. Ədəbiyyatda ilk addımlarından B.Vahabzadənin  poeziyasının ən başlıca qayəsi olan vətən mövzusu özünü qabarıq şəkildə büruzə vermişdir. Gənc Bəxtiyar ədəbiyyata böyük Səməd Vurğunun azərbaycançılığının, yurd sevgisinin təsiri altında qədəm qoymuşdur. Lakin o, Azərbaycan xalqının azadlıq və müstəqil dövlət uğrunda mübarizələr tarixini daha yaxından öyrəndikcə, mühüm bir nəticəyə gəldi: Azərbaycan Demokratik  Cümhuriyyəti dövründəki milli hərəkat, Cənubdakı Xiyabani  hərəkatı, S.Vurğunun azərbaycançılığı,  Cənubi Azərbaycanda 1941-1946-cı illərdə baş vermiş milli hərəkat və qurulmuş Milli Hökumət də eyni zəncirin həlqələridir. Onları qarşı qoymaq yox,  onların hamısının qədirbilən varisi olmaq lazımdır. Bu nəticə yeni bir milli proqram idi və B.Vahabzadə bu proqramın poeziyada əsas icraçısı oldu.

1941-1946-cı illərdə Cənubdakı Milli dirçəliş hərəkatı B.Vahabzadənin mənsub olduğu bütün şairlər nəslinə, tələbə və gəncliyə dərindən təsir göstərmişdi. Xüsusilə 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrına kimi  Cənubda qurulmuş Milli Hökumət, bu hökumətin xalqımızın birliyini qorumaq istiqamətində apardığı tədbirlər o zaman ədəbi gəncliyin də gözünü açmış,  xalqın tarixi taleyi məsələsini ortaya gətirmişdi. Bu proseslərə o zaman sovet mətbuatında da geniş işıq salınırdı, buna görə hadisələr gəncliyə böyük təsir göstərmişdi.

Vətən və onun taleyi mövzusu B.Vahabzadə yaradıcılığında bir mərhələ və dövr deyildir: bəlkə onun bütün yaradıcılığı boyu davam etmiş aparıcı mövzudur. Cənubda yaranmış Milli hökumətlə bağlı yenidən ortaya gələn müstəqil Azərbaycan problemi  illər keçdikcə  aşkar və rəmzi, üstüörtülü şəkildə şairin yaradıcılığının leytmotivi kimi qalır. Əlbəttə, bolşevik ideologiyasının hökmran olduğu şəraitdə Azərbaycan xalqının milli taleyi barədə açıq şəkildə yazmaq mümkün deyildi: bu halda şair mütləq repressiyaya uğrayar və şikəst edilərdi. Milli ruhlu şeirlərinə görə B.Vahabzadə  həbs edilməsə də, daim təqib olunurdu, nəticədə şair  xalqın milli taleyi haqda şeirlərini müxtəlif rəmzlər, eyhamlar, ikimənalı obrazlar və vəziyyətlər vasitəsi ilə qələmə alırdı. Millət və milli sözləri o zamanlar az qala ziyanlı və qadağan olmuş sayıldığından şair çox zaman vətən və vətəndaşlıq anlayışlarından istifadə edirdi.

Vətəndaş  - şairin milli və estetik idealıdır. Bu sözlə şair milli varlıq uğrunda vuruşa bilən və ölümə hazır olan bir döyüşçünü nəzərdə tutur. Bu döyüşçünün obrazı şairin çoxlu şeirlərində yaradılır. «Şəhid məzarları», «Mənə nə var», «Bəsdir», «Vətən var», «Sevdim, bildim ki,..», «Təyyarələr» şeirləri bu qəbildəndir. Sonuncu şeirdə şair milli döyüşçü idealını öz mənzilinə doğru yolda mərdanə surətdə ölən  təyyarə obrazına bənzədir. Vətənin ideal oğlu da vətən uğrunda mübarizə yolunda ölməlidir.

Şair bilirdi ki, müstəqilliyə gedən yol qurbanlar və şəhidlər tələb edəcəkdir. Azadlığa çıxan xalqların tarixi bunu təsdiqləyirdi. Belə oğullar tərbiyə etmədən, yetişdirmədən vətən haqda danışıqlar boş söhbətə çevrilir. Şair Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizələrinin tarixini gözəl bilirdi və öz əsərlərində əks etdirirdi. 1975-ci ildə yazılmış «Şəhid məzarları» şeiri bu sıradan olan parlaq misallardan biridir. Şəhid - hərfi mənada Allah, din, vətən, namus yolunda ölən insanlara deyilir. Lakin xalqımızın azadlıq mübarizələri tarixində  çarizmə qarşı xalq üsyanlarının qurbanlarına da, 1920-ci ildə Demokratik Respublikanın süqutundan sonra qırılanlara da, Təbrizdə  Xiyabani və S.C.Pişəvərinin rəhbərliyi ilə aparılmış milli hərəkatların öldürülən döyüşçülərinə də xalq içində şəhid deyilmişdir. 1990-cı ilin 20 yanvarında sovetlər ordusunun cəza dəstələri tərəfindən vəhşicəsinə öldürülən  onlarla  Azərbaycan gəncinə də xalqımız 20 yanvar şəhidləri deyir, onların uyuduğu qəbiristan da Şəhidlər Xiyabanı adlanır.

Şair hələ SSRİ-nin dağılmasından söhbət getməyən uzaq 1975-ci ildə şəhidliyi  milli oğul və döyüşçü idealı kimi tərənnüm edirdi: çünki yalnız döyüşlərdə xalqın milli varlığı qorunur və təsdiq olunur, düşmənlər tərəfindən də etiraf edilir. Şair şəhid döyüşçü məzarında xalqın tarixinin və azadlıq ideallarının ən parlaq və şərəfli təcəssümünü, şahidini görür:

 

Şəhid məzarları…Düşmən qənimi

Vətənin köksündə vüqarla durub.

Mənim varlığımı bir təsdiq kimi,

Yurdun sinəsinə möhürlər vurub.

 

Şəhidlər daim xalqın xatirindədirlər, onlar bizim yaddaşlarımıza həkk olunublar və milli ideallara işıq saçırlar. 1988-ci ildə Qarabağ torpaqlarını qorumaq uğrunda xalq müharibəsi başlananda,  xalqımızın şəhidlik yaddaşı köməyə gəl­di, minlərlə igid vətən oğulları torpaqlarımızı qorumağa kö­nüllü get­dilər,  unudulmaz qəhrəmanlıq nümunələri göstərib həlak ol­dular. Şair sanki onların tarixi hünərini qabaqcadan görür və alqışlayırdı:

 

Şəhidlər boylanır əsrlər üstdən,

Dolanır zəmanə,

Dönür qərinə,

Necə yaşamağı, necə ölməyin,

Təhrini öyrədir nəvələrinə.

 

 1990-cı ilin  baharında şair 20 yanvar şəhidlərinin qəhrəmanlığına həsr etdiyi «Şəhidlər» poemasını yazdı və onların igidliyini əbədiləşdirdi. Onlar şairin şeirlərində yaratdığı Azərbaycan istiqlalının döyüşçüsü obrazının  tarixi gerçəkliyə çevrilmiş nümayəndələri idilər. Onlar şairin poeziyasının əsas qəhrəmanı olmuş ideal vətən döyüşçüləri idilər. Onların uyuduğu Şəhidlər Xiyabanı bu gün xalqımızın ən müqəddəs yeridir.

Şair «Vətəndaş» şeirində  insanın vətən qarşısındakı borcunu, bəndənin Allah qarşısındakı borcuna bənzədir. Vətənin bitirib yetirdiyi oğul özünə yox, ilk növbədə, vətənə məxsusdur. Axı vətən əbədidir, onun əbədi yaşaması üçün bəzən övladlarının onun uğrunda döyüşə girib şəhid olması gərək olur. Vətənin, milli dövlətin müstəqilliyinin, əbədiliyinin  başqa yolu  yoxdur:

 

Bilirik , dünyaya biz niyə gəldik,

O bizi yaradan, biz ona bəndə.

Yaradan uğrunda ölməyə gəldik.

 

Digər bir şeirində şair vətəndaşların öləri, vətənin isə əbədi yaradıldığı üçün Allaha şükür edir. Çünki vətənçün yüz-yüz qurbanlar  və itkilər olsa da,  o, min-min yeni nəsillər bitirir. Bu, vətənin əbədiliyi və tükənməzliyidir:

Yüz-yüz itən olsun,

Min-min də bitən var.

Şükür eyləyəlim ki,

Bizlərdən həm əvvəl,

Həm sonra vətən var.

 

Şair vətənin bütövlüyü barədə danışmaq üçün hər bir ob­raz­dan istifadə edir. Doğma yurdu Şəki haqqında şeir yazmadığını irad tutan oxucu məktubuna cavab verən şair böyük vətən və bö­yük milli birlik haqqında danışır. Bu da çox təbiidir, çünki B.Vahabzadə ömrü boyu özünü bütöv və böyük Azər­baycanın mil­li şairi kimi dərk edib, bu missiyanın daşıyıcısı olması ilə fəxr edib:

 

Mən həm bakılıyam, həm lənkəranlı,

Gəncəli, qubalı, həm naxçıvanlı.

Şəkili,

şirvanlı,

qarabağlıyam.

Bütöv vətənimə bütöv bağlıyam.

Bir eldə doğulub xoşbəxtəm ki, mən,

Böyük bir vətənə oğul olmuşam.

 

Ana dili məsələsi. Ana dili mövzusu şairin yaradıcı­lığın­dan qırmızı xətt kimi keçir. Dil insanı vətənə bağlayan amil, milli va­rlığın daşıyıcısı, xalqın varlığının mənəvi pasportudur. Ana dili­­nə münasibət şair üçün xalqa münasibətdir: dilin hörməti yox­dursa, deməli, xalqa münasibət pisdir. Şair hələ 1954-cü ildə  «Ana dili» şeirində dilimizə  xor baxanlara qarşı amansızlıqla yazırdı:

Ey doğma dilində danışmağı ar bilən,

fasonlu ədəbazlar,

Qəlbinizi oxşamır, qoşmalar, telli sazlar,

Bunlar qoy mənim olsun,

Ancaq vətən çörəyi sizlərə qənim olsun.

 

Şair yaxşı bilirdi ki, insanın vətən, yurd hissi onun ana dili­nə ayrılmaz şəkildə bağlıdır: insanlar öz doğma dillərini itirən­dən sonra onlarda həqiqi vətən hissinin olması mümkün deyildir. Beləcə, ana dilinin taleyi xalqın gələcək taleyinə ayrılmaz şəkildə bağ­lanır. Cənubi Azərbaycanda  xalqın milli ruhunu qırmaq istə­yən simasızlar da dilimizə böhtan atır,  onu yad köklərə bağ-la­ma­ğa çalışırlır. Şair «Cavab» adlı şeirində belə çirkin iftiralar yayan mənşəcə azərbaycanlı alim Yəhya Zəkaya öldürücü bir cavab yaz­mışdır:

 

Ey sözündən əmin, özündən razı,

Yalanı söylədin kimin adından,

Ananın laylası, atanın sazı,

Babanın ocağı çıxdı yadından?

        

Sovetlər quruluşu zamanında sözdə millətlərin mədəniy­yə­ti təriflənsə də, əməldə belə deyildi. Xüsusilə milli respub­likaların dillərinin inkişafına  mənfi münasibət mövcud idi. Kom­mu­nist  məfkurəsi sözdə beynəlmiləlçi olsa da, əməldə sovet xalqla­rının dillərinə eyni münasibət yox idi, bu sahədə xüsusi məh­du­diyyətlər qoyulmuşdu. Dövlət və partiya orqanlarında, ordu­da bütün sənədləşmə və ünsiyyət  ancaq rus dilində aparılırdı. Rəsmi dövlət adamları məclislərdə ancaq rusca danışırdı. Rus dilli orta məktəblərin sayı süni surətdə artırılır və aşkar ruslaşdırma siya­səti aparılırdı. İranda Azərbaycan dilinin vəziyyəti daha pis idi: burada ana dilində təhsil yox idi və azərbaycanca kitab çapı da qadağan edilmişdi. Belə vəziyyət vətənpərvər şairi qəzəb­lən­dirir­di. «Gülüstan» poemasında şair  bu qəzəbi belə ifadə etmişdi:

 


Təbriz də, Bakı da Azərbaycandır,

Bir elin ruhunu, dilini ancaq,

Kağızlar üstündə bölmək asandır.

 

Ana dilinin sıxışdırılması barədə hər hansı  söz danışmaq millətçilik kimi damğalanır və repressiyalara səbəb olurdu. Belə bir ağır şəraitdə B.Vahabzadə  bir çox şeir və poemalarında ana dili probleminə qayıdır və  onun alovlu təəssübkeşi kimi çıxış edir­di. Çünki dil sahəsində aparılan siyasət nəinki ana dilimizin inkişafına yardım etmir, əksinə onun nüfuzunun azalmasına  və inkişafının ləngiməsinə səbəb olurdu.

Ana dili barədə açıq yazmaq qadağan olduğu zamanlarda B.Vahabzadə ana dili məsələsini qaldıran «Latın dili» adlı şeirini yazmışdı. Latın dili qədim Roma imperiyasının dili idi.  Bu imperiya çoxdan süqut edib tarix səhnəsindən getmişdi, lakin onun dili bütün dünyada elm və təbabət dili kimi yaşayırdı. Bu şeirlə şair əslində özü yaşayan, lakin dili ölən xalqların vəziyyətini və dərdini ortaya gətirirdi.

Dil xalqın bütün yaddaşını və tarixi təcrübəsini özündə birləş­dirən bir xəzinədir. Millətləri birləşdirən  əsas amil dil birliyi­dir və xalqın mənəvi birliyi də buradan doğur. «Mənim anam» şeirində şair ana və ana dili anlayışlarını yanaşı qoyur, onlar arasında fərq görmür: savadsız anasını öz əsərlərinin əsl müəl­lifi adlandırır.

                                     

Yox mən heçəm, mən yalanam,

Kitab-kitab sözlərimin

Müəllifi - mənim anam.

 

Poemaları. Bəxtiyar Vahabzadənin bir vətənpərvər şair ki­mi orijinallığı və sovet ədəbiyyatı prinsiplərindən uzaqlaşmaq səy­ləri onun poemalarında özünü daha qabarıq göstərir. Şairin ənə­nəvi sovet mövzularına - əməyə, müsbət qəhrəmanlara, parti­ya­ya, Leninə və s. həsr olunmuş poeması yoxdur. İlk poemaları olan «Gülüstan», Füzuliyə həsr olunmuş «Şəbi-hicran», el muğamlarına həsr olunmuş «Muğam», dahi xalq şairi Sabirə həsr olunmuş «Ağlar-güləyən» kimi əsərlər 60-cı illər poeziyasında yeni hadisə idi və şairin yaltaq poeziyadan və mövzulardan uzaqlaşmaq səylərini ifadə edirdi. Bu  poemaların hamısında klassik ədəbiyyatımızın ovqatları, qəm, kədər, iztirab motivləri müşahidə olunur. Şair  azadlıq və müstəqillik arzuları ilə yaşayan Azərbaycan xalqının dərdlərini və faciələrini  birbaşa təsvir edə bilməzdi, bu halda mütləq repressiyalara məruz qalardı.  Ona görə  klassik ədəbiyyat motivlərindən, Füzuli, Sabir kimi böyük şairlərin xalq kədərindən yazmaqla, mənsub olduğu millətə sovet zülmünün verdiyi kədəri qələmə aldı.

Şairin ən yaxşı poemaları sırasında «İstiqlal», «Təzadlar», “Qiymət”, «Atılmışlar», «Şəhidlər»  kimi əsərlərin xüsusi yeri vardır. Bunların hamısında simvolik mövzu kimi xalqın azadlıq arzuları öz əksini tapır, milli qeyrətsizlik, maddiyyat düşkünlüyü, vətəndaşlıq şüurunun məhdudluğu kimi eybəcərliklər tənqid olunur. Şair həyatdakı hər xırdalığa belə, xalqın tarixi arzuları və mənafeləri zirvəsindən baxır və qiymət verir.

B.Vahabzadənin sovet vaxtı yazdığı bütün poemaların həm birbaşa, həm də rəmzi və simvolik mənaları vardır. Onları araşdırarkən bu əsərlərin ikinci mənalarına daha artıq diqqət yetirilməlidir.

«Gülüstan» poeması. Rus imperiyası ilə İran arasında 1804-1813-cü illərdə getmiş müharibə nəticəsində İran məğlub oldu. Məğlubiyyətin nəticələrini əks etdirən Gülüstan müqaviləsi 1813-cü il noyabrın 5-də Gülüstan kəndində bağlandı. Şimali Azərbaycanın indiki əraziləri  Rusiyaya verildi və  Azərbaycan tarixində bu müqavilə xalqımızın  ikiyə bölünməsinin rəmzi kimi qaldı.

Xalqımızın sərhədlə ayrılan iki dövlət arasında qalması  S.Vurğun, S.Rüstəm, Şəhriyar kimi şairlərin yaradıcılığında da kədərlə xatırlanmışdır. Lakin B.Vahabzadənin yaradıcılığında bu mövzu  yeni bir mənada qoyulur, Azərbaycan xalqının bir dövlət halında birləşməsi idealı kimi qələmə alınır. Sovet dövründə Azərbaycan Respublikasının ərazisi formal olaraq həm də Sovet dövlətinin ərazisi sayıldığından, Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Senzura belə əsərləri buraxmırdı. Ona görə şair  «Vətəndən-vətənə» adlı şeirində deyir:

 

Arazın bu tayı vətən,

O tayı vətən.

Vətəni görməyə amanım yox mənim. 

 

Senzura mülahizələrini nəzərə alan şair  Şəkidə buraxılan rayon qəzetinə üz tutdu və «Gülüstan» poemasını ilk dəfə 1959-cu ildə orada dərc etdirdi. Əsərin üzə çıxmasından keçən ilk vaxtlarda yuxarı dairələr poemadan xəbər tutmamışdılar. Lakin əsər Bakıda, gənclər və tələbələr, cavan yaradıcı ziyalılar arasında geniş yayılandan sonra şairə qarşı təzyiqlər başlandı,  az qala onu müəllimlik hüququndan məhrum edəcəkdilər. Lakin məsələ soyusa da, B.Vahabzadənin üzərinə millətçi damğası qoyuldu və o, daimi nəzarətə götürüldü. Onun universitetdə oxuduğu mühazirələr belə, yazıya alınıb təhlil edilir, sonra isə müəlliflə profilaktik söhbətlər aparılırdı.

Əslində isə, «Gülüstan» poemasına görə B.Vahabzadənin cina­yət məsuliyyətinə cəlb edilməməsinin ümumi siyasi səbəbləri var­dı: Stalinizm üç il əvvəl ifşa olunduğundan repressiya metod­la­rı­ndan istifadə böyük  səs-küy yarada bilərdi. Məxfi cəza orqan­la­rı bundan çəkindilər… Lakin 1963-cü ildə Azərbaycan xalqını Gülüstan müqaviləsinin 150 illiyini bayram kimi qeyd etməyə məc­bur etdilər. Bu, xalqımıza qarşı təhqiramiz hörmətsizlik idi.

Şairin  «Gülüstan» poeması,  əslində tarixi mövzulu bir əsər olmaqdan daha çox, Azərbaycanın sovetlər tərkibində olmasına  sərt bir bədii etiraz idi. Şair  Gülüstan müqaviləsinə imza atan hər iki tərəfi Azərbaycanın sinəsinə dağ çəkən qan düşmənləri kimi ifşa və rədd edirdi. Müəllif poemada qarşıya qoyduğu qayəni gizlətməmiş və onu əsərin aşağıdakı epiqrafında açıq-aşkar bildirmişdi:  «Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə.» Göründüyü kimi, lap epiqrafdan başlayaraq şair Azərbaycanın birliyinin və istiqlalının əsas düşmənləri kimi Sovet imperiyasına və  İran  monarxiya rejiminə meydan oxuyur:

 

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın. 

 

Şair  Azərbaycanı bölən tərəflərin hər ikisini yad adlandırır və onların xalqın taleyi barədə ondan xəbərsiz hökm verməsinə qəzəb dolu etirazını bildirir. Azərbaycan - qeyrətli babaların yeni nəsillər üçün qoyduğu bir əmanətdir. Şair Azərbaycanın parçalanmasına imkan verilməsini xəyanət sayır,  Tomrislərin, Koroğluların, Babəklərin ruhuna bir təhqir kimi qiymətləndirir.  Özü isə vətən parçalanandan sonra romantik bir qürurla sanki yaşamaq istəmir, dünyanın dağılmasını arzulayır. Onun fəryadının və qəzəbinin, vicdan və  namus ağrılarının həddi-hüdudu yoxdur, şair  ağı demək dərəcəsinə gəlir:

 

Qoy ildırım çaxsın, titrəsin cahan!

Ürəklər qəzəbdən coşsun partlasın.

Daim haqq yolunda qılınc qaldıran,

İgid babaların goru çatlasın!

Qoy əysin başını vüqarlı dağlar,

Matəmi başlandı böyük bir elin.

Mərsiyə söyləsin axan bulaqlar,

Ağılar çağırsın bu gün qız, gəlin!...

 

Böyük bir xalqı ikiyə bölüb tarixi faciəyə düçar edən müqavilənin tərəfləri çox sakitdirlər. Şair  onların hər birinin adsız obrazını yaratmışdır. Rusiya tərəfdən ipək yaylıqlı, yüngül eynəkli bir cənabdır. İran  tərəfdən isə təsbehli bir qocadır. Onlar müqaviləni imzalayıb əl də verirlər, sakit-sakit gülümsəyirlər. Şairi qəzəbləndirən odur ki, Azərbaycanın öz qüvvələri, ikiyə bölünmüş qardaşlar siyasət meydanında yoxdur. Vətən ancaq göz yaşları tökə bilir. Ona görə şair özü xalq adından səsini qaldırır:

 

Bir deyən olmadı durun, ağalar!

Axı bu ölkənin öz sahibi var!

Siz nə yazırsınız bayaqdan bəri,

Bəs hanı bu yurdun öz sahibləri?

 

Poemanın əsas hissəsi vətənin parçalanmasına görə gah romantik etirazı, gah acı bir mərsiyəni xatırladır: müqavilə imzalanan  vaxt günün və ayın üzü tutulur, göy guruldayır, səmanı qara buludlar alır. Güllər, çiçəklər bir gündə saralıb solur, Gülüstan kəndinin üstündə isə tarixi bir ləkə qalır. Eynəkli cənabla təsbehli qoca öz imzalarının üstünə möhür də vururlar: şair bu möhürü Azərbaycanın sinəsinə basılan dağ boyda bir dağ adlandırır. Şair  qəzəbdən və imdadsızlıqdan üstündə müqavilə yazılan  kağızı da qınayır:

 

Ey kağız parçası, əvvəl heç ikən,

Yazılıb, qollanıb yoxdan var oldun,

Böyük bir millətin başını kəsən,

Qolunu bağlayan hökmdar oldun. 

 

Şair  Azərbaycanın parçalanmasından sonra yaranan sərhəd dirəklərini, bir xalqı ikiyə bölən Arazı da qınayır. Lakin poemanın sonluğu nikbindir. Şair  inanır ki, Təbriz də, Bakı da Azərbaycandır, bir xalqı, bir milləti, bir torpağı ancaq kağız üstündə iki bölmək olar.  Şair  xalqımızın tarixi birliyini bədənlə canın vəhdəti ilə müqayisə edir. Bunları bir-birindən ayırmaq olmaz. Təbrizdən müğənni Mustafa Payanın oxuduğu muğam da,  yaranan yeni nəsillər də xalqın birliyini unutmur.

B.Vahabzadə poemanı «Heydərbabaya salam» poemasından gətirdiyi sitatla bitirir. Cənubdan gələn bu səs – Şəhriyarın 1954-cü ildə çap etdirdiyi poema şairin tarixi nikbinliyini artırır, inam doğurur ki, Azərbaycanın azadlığı və müstəqilliyi ideyası gələcək nəsillər tərəfindən də müqəddəs sayılacaqdır. 50-ci illərin ikinci yarısında Şəhriyarın bu poeması görünməmiş bir əks-səda  yaratmış və xalqımızın birlik rəmzi olan əsər kimi səslənmişdi. B.Vahabzadə  sanki öz səsini Şəhriyarın səsinə qatmaq istəyir:

 

Qovuşaydım dağdan axan selinən,

Ağlaşaydım uzaq düşən elinən.

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı.

 

«Gülüstan» süjetsiz lirik bir poemadır. Burada ancaq müqavilənin imzalanması anı  ümumi şəkildə təsvir edilib. Onun fikir kökləri epiqrafdan da göründüyü kimi, Azərbaycan xalqının azadlıq mübarizələri tarixinə, xüsusilə Pişəvərinin Cənubda, Təbrizdə qurduğu Milli Hökumətin taleyinə,  «Heydərbabaya salam»ın misraları arasındakı ölməz milli ruha və kədərə söykənirdi. Lakin poemanın əsas qəhrəmanı müəllifin  milli azadlıq ideyaları və ehtirasları ilə alışan qəlbi və düşüncəsidir. Biz misralar arxasında şairin xalqın uğursuz və hüquqsuz taleyi üçün keçirdiyi ürək ağrılarını və çırpıntılarını hiss edirik. Şair  xalqın tarix boyu çəkdiyi azadlıq ağrılarını öz qəlbində duyur və sətirlərə çevirir, müasirlərinin vətəndaşlıq qürurunu  oyatmaq üçün bütün istedadını səfərbər edir.

«İki qorxu» poeması.  B.Vahabzadə bu əsərini hələ sovet dövründə, 1988-ci ilin avqustunda yazmışdır. Sovet dövlətinin süqutuna düz iki il qalırdı, lakin ölkədə aparılan yenidənqurma və demokratikləşmə  siyasəti sovet quruluşunun dağılacağını reallıq kimi ortaya çıxarmışdı. Məhz belə bir şəraitdə Bəxtiyar Vahabzadə  stalinizmin ən qəddar çağlarına təsadüf etmiş qara qorxulu gənclik illərinə qayıdır və həmin dövrün doğru və amansız ifşasını verən bu poemasını yazır. Poemanın əsas surəti cəllad adı ilə verilən İ.Stalindir.  O, 1956-cı ildə sovet partiya rəhbəri N.Xruşşov tərəfindən  kəskin tənqid olunsa da, poemanın yazıldığı ilə qədər Stalin haqqında cəllad kimi danışan bir əsərin sovet mətbuatında dərc edilməsi qeyri-mümkün bir şey idi. Ölkədə aparılan yenidənqurma siyasəti dövründə sovet dövlətinin tarixi, yenidən süzgəcdən keçirilirdi və şair də bu dalğada öz gənclik illərinin faciələrini əks etdirən «İki qorxu» poemasını yazmışdır.

Bu əsər ədəbiyyatımızda stalinizm siyasətinə, onun qəddar qanunlarının mənəvi sahədə doğurduğu ağır faciələrə həsr olunmuşdur. Poema avtobioqrafik xarakter daşıyır, onun əsas qəhrəmanları şair  özü və onun dostu olmuş, sözlərinə musiqi bəstələmiş mərhum bəstəkar Qəmbər Hüseynlidir (1916-1961). Yaradıcılıq işi ilə əlaqədar onların arasında yaxın ünsiyyət olmuşdur. Şair Qəmbərin bir dəfə həbs olunub buraxıldığını bilir, amma bunun səbəbləri haqqında heç bir məlumatı yoxdur. Müəllif  etiraf edir ki, dostundan bunu soruşa da bilmirdi, çünki o zaman həbs olunub siyasi ittihamla güllələnənlərin əksəriyyətinin günahı normal hüquqi dəlillərlə yox, ancaq guya antisovet söhbətlərin aparılması ilə sübut olunurdu. Hər iki dost bunu bildiyi üçün bir-birindən şübhələnir, biri digərinin məxfi orqanların agenti olmasını fərziyyə şəklində olsa da, ürəklərinin dərinliyində güman edirdilər. O  zaman  qonşu digər qonşu haqqında məxfi orqanlara xəbərçilik edirdi, digər qonşu isə birinci haqqında xəbərçilik edirdi. Buna oxşar hallar çox yayıldığına  görə, qonşuluqda yaşayıb işləyənlər bir-birindən qorxur, görüşəndə ancaq  yaradıcılıq məsələləri barədə danışır və siyasi söhbətlərə toxunmurdular.

Lakin bir dəfə Qəmbər öz güzəranından şikayətlənəndə, şair  ürəklənir və dostundan soruşur:

 

- Bəs səni nə üstə həbs etmişdilər?

Birdən kilid kimi açıldı Qəmbər:

- Bilmirsən? Dünyanı lənətləmişdim,

«Ellər atası»na düşmən demişdim.

 Bu boyda ölkəni saldı nə günə,

 O qəddar, o zalım, müdhiş zülmünə.

 Bir dəfə demədi həvəsdi, bəsdi,

 Düşünən kəslərin başını kəsdi.

 

Bu sözləri deyəndən sonra Qəmbər birdən-birə susur. Şair  başa düşür ki, dostu daxili gərginliyə dözə bilməyib ürəyini azca boşaldan kimi özünə gəldi. Qəmbər susur və tutulur, dediklərinə peşman olur: «Düşündü: «bu  şair bəlkə casusdu». Qəmbər dediklərinə görə xof, qorxu və pərtlik içində dostundan sərt sözlərlə danışdığı üçün üzr istəyir. Şairin ona elə rəhmi gəlir ki, aradan gərginliyi götürmək üçün deyir:

 

Onun şübhəsini dağıdım - deyə

Dediyi sözləri dəstəklədim mən:

- O qənim kəsilib, - dedim - ölkəyə,

Cavidlər sürülüb öz Vətənindən.

 

Bu sözləri eşidəndən sonra Qəmbər susur, onun ağzı kilidlənir. Şair  başa düşür ki, Qəmbər ondan, dostunun məxfi orqanlara xəbər verə biləcəyindən qorxmuşdur. Şair  qanı qaralmış halda  evə qayıdır. Lakin evdə cavan şair  hiss edir ki, onun da içini qara bir qorxu və təlaş bürümüşdür. Stalin haqqında danışmaq və mənfi sözlər demək o zaman ağlasığmaz bir şey idi. Hamı onu xalqlar atası, müharibədə qələbənin əsas səbəbkarı adlandırırdı. Onu sevir və pərəstiş edirdilər. Şair  də öz növbəsində Qəmbərdən şübhələnməyə başlayır. İ.Stalini düşmən adlandıran bir şəxsin o zaman həbsdən sağ-salamat buraxılması  ona ağlabatan görünmür.

Bu fikirlər şairin təşvişini artırır və qorxu onun varlığını bürüyür, o, dərin həyəcan keçirməyə başlayır. Şair qələm dostları İsmixan Rəhimovu, Azəri, Gülhüseyn Hüseynoğlunu xatırlayır: bu günahsız tələbələri 1948-ci ildə S.Vurğuna yazdıqları səmimi bir məktuba görə həbs və məhkum edib Sibirə sürgün etmişdilər. 

 

Dedim, hardan bilirəm,

Bəlkə elə bu gecə tutacaqlar məni də ?

Üç ay əvvəl gecəykən məgər tutmadılarmı

İsmixanı, Azəri, bizim Gülhüseyni də?

Mən onlardan artığam? Yox, mən də onlar kimi

Saxlamadım dilimi. 

 

Ağlından bu fikirlər keçən zaman şairin mənzili yanında bir maşın dayanır. Şair  də güman edir ki, bu yəqin məxfi orqanların qara maşınıdır, onu aparmağa gəliblər. Yəqin Qəmbər gecəylə onun dediklərini lazımi yerlərə çatdırıb. Lakin maşın gedir, onun qapısını isə döyən olmur. Qorxudan titrəyən şair  fikirləşir ki, gəlib onu aparsalar, bütün kağızlarını da müsadirə edib oxuyacaqlar. Orada isə azad fikirli şeirlər vardır və bunlar ona qarşı ittiham üçün əsas ola bilər. Ağır qorxu depressiyası içində şair  əlyazmalarını yığıb, üç şeir saxlamaqla hamısını yandırır. Qalan üç şeiri isə şair «İki qorxu» poemasının mətninə daxil edibdir.

Sübh tezdən şairin qapısı döyülür. Sübhəcən gözünü yummamış şairin əli-ayağı əsməyə başlayır: bu dəfə yəqin ki, onun özünü aparmağa gəliblər.  Lakin qapı açılanda Qəmbər içəri girir, şairin boynunu qucaqlayır. Demə, Qəmbər  də şairin casus olduğunu güman edib və o da bütün gecəni yatmayıb. Qorxunun gücündən Qəmbər dünən dediyi sözləri danır:

 

- Zarafatla demişdim dünən mən o sözləri,

Əslində çox sevirəm mən o dahi rəhbəri.

O bizim bu dünyada tək güman yerimizdir,

Düşünən beynimizdir,  görən gözlərimizdir.

 

Şair  dostunun bu sözlərinin yalan olduğunu anlasa da, susmalı olur. Dövrün qara xofu o zaman insanların ruhuna o dərəcədə sirayət etmişdi ki, çoxlarının normal şəxsiyyəti dağılmış, gerçəkliyi real şəkildə qavramaq qabiliyyətini itirmişdilər. Qəmbərlə şairin poemada təsvir olunan gecədəki vəziyyəti də bunun bariz bir nümunəsidir. Şair  Stalin və onun yaratdığı dəhşətli total nəzarət rejimi barədə qəzəb və nifrətlə bəhs edir. Hiss olunur ki, dövrün qara xofundan şairin də psixologiyasında milyonlarla digər adamlar kimi psixi zədə qalmışdır və üstündən qırx il keçəndən sonra da onun nəticələri hələ  aradan qalxmamışdır.

Bunun sübutunu isə ən çox müəllifin cəllad obrazına nifrətində görmək olar. Bu nifrət mücərrəd bir şey deyildir, bu, məhv olmuş, aldadılaraq puç edilmiş gənclik illərinə görə bir etiraz və qəzəbdir. B.Vahabzadə poema boyu təkrar-təkrar gəncliyə, oxucuya müraciət edir, o dövrün reallıqlarını izah etməyə çalışır:

 

 Sənə tanış deyil bu hal, ey cavan,

 Qorxardıq doğmaca qardaşımızdan.

 Dədəsini satan az olmamışdı

 Yalnız yaşlılara bu hal tanışdı. 

 

Stalinizmin qorxusu qanun qorxusu deyildi, bu, insanlardan, adamlardan qorxu idi. Siyasi quruluş xırda, az savadlı, lakin rütbə sata-sata  mövqe qazanmış məmurların  qaranlıq və dağıdıcı  ehtiraslarını üzə çıxarmışdı. Ölkənin böyük şairlərinin, otuz illik səhnə və elm adamlarının məhkəməsini yad millətdən olan üç ibtidai sinif savadlı şəxslər aparırdı. Həm də bu məhkəmələrin hamısı  yuxarıdan müəyyənləşdirilmiş on beşcə dəqiqədən artıq çəkə bilməzdi. On beş dəqiqəlik məhkəmənin hökmündən bir gün belə keçməmiş həmin adamları güllələyir və onların yaxınlarına, qohumlarına belə, xəbər vermirdilər. Dövlət qanlı terror maşınına çevrilmişdi:

 

Boğub həqiqəti, yalan öyündü,

Əsl mənasını itirdi söz də,

Yalan üzümüzdə gülüşə döndü,

Həqiqət ağladı ürəyimizdə. 

 

Cəlladın qurduğu rejimin birinci düşməni fikir azadlığı idi. Azad fikir  heç bir avtoritet, heç bir ehkam tanımır. Ona görə də fikir adamları  qəddar müstəbidlərin əsas düşmənidir. Bu səbəbdən Stalinin qanlı repressiyalarının əsas hədəfi ziyalılar, yaradıcı insanlar, düşünən başlar oldu. Terror yolu ilə azad fikrə dəmir pərdə çəkildi. Lakin milyonlarla insanlar kimi Bəxtiyar Vahabzadənin  müasirləri də cəlladın yalançı təbliğat maşınının uydurduğu boş ehkamlara, yalanlara  inanırdı:

 

Bədbəxtlik gölündə biz üzə-üzə,

İnandıq bəxtəvər olduğumuza.

O qansız cəllada bunlar gərəkdi.

 

Müəllif poemanın bir epizodik surəti olaraq qalmır, onun əsas qəhrəmanına çevrilir. Şair və cəllad qarşıdurması əsərin əsas konfliktinə çevrilir. Poemanın bir çox səhifələri nəsilləri bədbəxt etmiş cəllada qarşı şairin  ittihamlarından ibarətdir. Lakin bu ittihamlar onun öz adından deyil, Azərbaycanın adından, onun namusunu və şərəfini müdafiə edən fəal bir vətəndaşın adından deyilir. Stalinizmin bir çox faciələri ondan doğdu ki,  vətəndaş düşüncəsi mətbuatdan və cəmiyyətdən qovuldu, hamı eyni sözləri,  eyni yalan ehkamları təkrarladı və təriflədi: bu, xalqın və sağlam insan düşüncəsinin faciəsi idi:

 

Apardı dalınca şüarlar bizi,

Kütləşdi beynimiz, hissimiz tamam,

Aldı əlimizdən düşüncəmizi,

Zülmün, istibdadın maskası - ehkam!  

 

Mənfur rejim Azərbaycanın sərvətlərini qarət etməklə qalmır, onun tarixinə və mənəviyyatına  əl aparır, xalqın bütün düşüncə tərzini dəyişmək istəyirdi. Milli və dini bayramlar, adət və ənənələr,  dini köklər, xalqın tarixi və hətta, türk adlanmaq hüququ belə əlindən alınırdı. Məhz cəlladın əmri ilə Azərbaycanın əlifbası dəyişdirildi, əsrlərlə işlədilən ərəb əlifbası üzərinə «əski» kimi mənfi mənalı damğa vuruldu. Halbuki, Stalinin məxsus olduğu gürcü xalqının, ermənilərin əlifbası dəyişilmədi. Bunların hamısı xalqı öz keçmişinə yadlaşdırmaq və onu əsil-kökündən uzaqlaşdırmaq niyyəti güdürdü.

Poemada xalqın başına müsibətlər açılan zaman susan yerli rəhbər obrazı da vardır. Yəqin ki, burada M.C.Bağırov nəzərdə tutulur. Şair  onu da  cahil və kütbaş adlandırır və İ.Stalinin əsl niyyətlərini anlamadığını vurğulayır. Yerli rəhbər obrazı Moskva qarşısında müti bir adamdır və oradan gələn əmrləri, ən qəddar  göstərişləri belə icra etməyə hazırdır. Respublikada yeni əlifbaya keçməyin  müzakirəsi zamanı cəmi bir nəfər etiraz edir.  Yerli rəhbər Stalini nəzərdə tutaraq deyir:

 


Rəhbər deyən sözə nə müzakirə?

Ona canımızı qurban verərik.

     Əlifba nədir ki, lazım gələrsə,

            Ana dilimizi dəyişdirərik.

 

Bir qədər mübaliğə  ilə deyilmiş bu sözlərdə tarixi bir həqiqət vardır. Orta ağıllı, lakin çox hiyləgər olan Stalin, o zaman müqəddəs bir şəxs kimi qəbul edilirdi və M.C.Bağırov da onun yanılmazlığına inanırdı.

 

Əlifba dəyişdi.

Bunla öyündük.

Bilmədik rişəsiz budağa döndük.

 

«İki qorxu» poeması xalqımızın stalinizm dövründəki fiziki və mənəvi faciələri və  itkiləri barədə ən yaxşı bədii əsərlərimizdən biridir. Poema şairin yaradıcı müdriklik dövrünün məhsuludur və dərin ümumiləşmə gücünə malikdir. Şair stalinizmin qara sifətini və qurduğu dəhşətli terror maşınını qəzəblə damğalayıb rədd edir. Azərbaycan sovet poeziyasında Stalini tərifləyən əsərlərin sayı-hesabı yoxdur. B.Vahabzadənin bu əsəri isə təkcə bədii fikrimizin yox,  həm də milli  şüurumuzun və dövlətçiliyimizin yeni və daha yüksək bir tarixi səviyyəsini ifadə edir.

Dramaturgiyası. Şair  qələmini dramaturgiyada da sınamış, mənzum dram sahəsində S.Vurğunun ənənələrini inkişaf etdirmişdir. Onun dramaturgiyası da  poeziyasının vətənpərvərlik, xalq təəssübü,  mənəvi eybəcərliyə və əxlaqsızlığa etiraz kimi motivlər üzərində qurulmuşdur. Şairin «Vicdan», «İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad» mənzum dramları bu qəbildəndir.  Bu pyeslərin hamısı uğurla tamaşaya qoyulmuşdur.

 «Özümüzü kəsən qılınc» pyesi «Dədə Qorqud»  dastanlarındakı motivlər əsasında yazılmışdır. Pyesin əsasında qədim türk tayfaları arasındakı düşmənçilik və müharibələr mövzusu durur: özümüzü kəsən qılınc məhz budur. Bir sıra başqa əsərlərində olduğu kimi, burada da süjetin məcazi-simvolik mənası vardır. Şair tarixi mövzu ilə xalqımızı birliyə çağırır, tayfaçılıq və yerliçilik kimi eybəcər halların xalqımızın gələcəyi üçün təhlükə olduğunu vurğulayırdı. Xalqımızın düşmənləri həmişə məhdud düşüncəli şəxslərin, rəhbərlərin yerliçilik hisslərindən istifadə etmiş,  bununla xalqımızın siyasi iradəsinin bütöv şəkildə siyasi meydana çıxmasının qarşısını almışlar.

Bədii dil xüsusiyyətləri. Şairin yaradıcılığının yetkinlik mərhələsi 60-cı illərə təsadüf edir. Bu illərdə onun şair üslubu üçün səciyyəvi olan fikir dolğunluğu, fəlsəfi dərinlik  yetkin və gözəl şeriyyətlə vəhdətdə səslənir və şair müasir poeziyanın ən qüdrətli şairi kimi geniş ümumxalq şöhrəti qazanır. Həmin dövrdə mətbuatda folklorçularla saxta modernistlər arasında  mübahisələr gedirdi. Birincilər xalq şeirinin sadəliyini ehkama çevirir, ikincilər isə Azərbaycan dilinə və şeir məktəbinə yad olan formalist  avropalı  şairlərə təqlid edilməsini ədəbi prinsip səviyyəsinə qaldırmaq istəyirdilər.

B.Vahabzadə 60-cı illərdə parlayan şeir üslubu, yazı və düşüncə tərzi ilə göstərdi ki, milli şeir dilimizin  S.Vurğundan sonrakı əsas inkişaf istiqamətini onun yaradıcılığı  təmsil edir. Böyük şair kimi o, sadəliyi və fikir zənginliyini bir-birinə qarşı qoymadı, əksinə öz yaradıcılığında bunların yüksək bədii vəhdətini ortaya qoydu.  Bu poeziyamızın ən sağlam düzgün inkişaf yolu idi.

B.Vahabzadə poeziyamızın min illik klassik ənənələrinə və köklərinə sadiq bir şairdir. O, yaradıcılıqda  yenilikçiliyi  bu ənənələrə bağlılıqda,  onlardan sənətkarlıqla istifadədə görür. Şair məqalələrində də göstərir ki, şairin qayəsindən, əqidəsindən, xalqa demək istədiyi fikirdən kənarda dil problemi yoxdur. Şairin əsərləri də mövzu və qayədən asılı olaraq ritm və ahəngcə müxtəlif və  əlvandır.

Xalq şairi Bəxtiyar Vahabzadənin şeir  dili son dərəcə dəqiq və zəngindir: o ən fəlsəfi və mücərrəd fikirləri belə, sadə və dəqiq sözlərlə aydın, poetik cəhətdən gözəl ifadə etməyin ustasıdır. Onun poeziyasının fikir dərinliyi və zənginliyi dildə də eyni keyfiyyətlərin yaranmasına səbəb olmuşdur. Şair təkcə mövzu baxımından deyil, dil, söz düzümü, bədii forma, intonasiya baxımından da müasir şeirimizin qəliblərini dağıtmış, novator bir sənətkar kimi poeziya dilimizi zənginləşdirmişdir.