Yazdır
Üst Kategori: Azerbaycan Edebiyatı
Kategori: Azerbaycan Edibleri ve Eserleri
Gösterim: 653

Həyatı və fəaliyyəti. Sabir Azəri  1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra «Azərbaycan gəncləri» qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), «Ulduz» jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), «Ulduz» jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993).

Yaradıcılığı. Sabir Azəri nəsr yaradıcılığına oçerk və hekayələrlə başlamışdır. “Nişan üzüyü”(1969), “Kar qaya”(1972) kitablarından sonra ictimaiyyət tərəfindən tanınmışdır. İlk nəsr əsərləri uşaqlıq xatirələrinə və kənd həyatı materialına əsaslanır. 

“Ovçunun xatirələri” silsiləsindən olan hekayələri Sabir Azərinin yaradıcılığında dönüş nöqtəsi sayıla bilər. Bu əsərlərlə onun həyat  biliyinin və materialının yeni bir qatı açılmağa başlayır. Məhz ov mövzusu ilə onun nəsrinin mövzu və  material fərdiliyi qüvvətlənir. Bu hekayələrdə 1960-cı illər kənd nəsrinin tipləri artıq yoxdur, yazıçı fərdi müşahidələrə, bəzən avtobioqrafik materiala əsaslanan canlı obrazlar yaratmağa başlayır ki, bu da onun nəsrinə yenidən ayrıca maraq yaratmışdır. “İlk təkan”, “Günəşə sarı gedəndə”, “Darıxan şəhər” kimi povestləri yazıçının yaradıcılığının ən yaxşı keyfiyyətlərini əks et­dirir­di. Bu əsərlərdə artıq hər bir qəhrəman bir tale, tamamlanmış bir həyat faktı səviyyəsində mənalandırılır və nəsrə gətirilir.

“Günəşə sarı gedəndə”  yazıçının sovet cəmiyyətində so­sial çürümə və deqradasiya mövzusunda yazdığı ən yaxşı əsər­lə­rin­dən biri idi. Burada da hadisələr  rayon mərkəzinə köçü­rül­müşdür: amma bütün cəmiyyətdən söhbət getdiyi aydındır. Əsərin qəh­rə­manı Mustafa yaxşı ovçu, həm də mədəniyyət evinin direk­to­ru­dur. O, ovda maralların sürüsündə gördüyü hadisələri müşa­hi­də edir və orada öz rayonlarındakı vəziyyətə paralellər tapır və bu barədə düşünür. Onun birbaşa müdiri Səttarzadə rayon mə­də­niy­yət  şöbəsinin müdiridir. Səttarzadə öz vəzifə səlahiyyətlərini özəl­ləşdirmişdir. Sərəncamında olan bütün işçilər mədəniyyət işi­nə yox, şəxsən onun rifahına, rüşvət toplamağa və özündən yuxarı mü­dirləri ilə bölüşməyə xidmət edir.

 Mustafa da hiss edir ki, əslində o, mədəniyyət evinin mü­di­ri deyil, Səttarzadənin şəxsi köləsinə çevrilib, hətta onun gös­tə­ri­şi ilə cinayət edir, qoruqda ov edir. Amma  çürümüş sovet hə­ya­tın­da Mustafa üçün başqa seçim yoxdur: ya öz müdirinə nökər ol­ma­lı, ya da lap həyatın dibinə düşməlisən. Seçimi olmayanda in­san da maral sürüsündəki heyvanlardan birinə bənzəyir. Bir­par­ti­yalı sovet sistemi şəraitində iş yerlərinin alqı-satqısı onların belə qeyri-rəsmi özəlləşdirilməsinə səbəb olurdu.

Yazıçı Mustafanın halına acıyır, humanist bir mövqedə du­rur. Sovet quruluşunun böhranı şəraitində balaca adamların seçim­sizliyi cəmiyyətdə bədbinlik, kütləvi içki düşkünlüyü, müx­tə­lif variantlı faciələr yaradırdı. Mustafanın ovda azıb yol tapa bil­mə­mə­si də bunun rəmzidir. Bu surət dövrün əsas faciələrindən bir­ini əks etdirən bədii tapıntı idi.

 1970-ci illərdə bütün nəsrin ortaq mövzusu olan seçimsiz in­san taleyi məsələsi yazıçının “Dalanda” adlı ilk romanında da təd­qiq olunur. Bu əsər müəllifin böyük yaradıcılıq uğurudur. Sabir Azəri Bakıda keçən tələbəlik və ilk gənclik illərinin xatirələri  əsasında gözəl bir roman yazmışdır. Romanın uğurunda qəhrəmanların təzə, canlı və konkret müşahidənin nəticəsi olması əsas rol oynamışdır. Romanın niyyəti bir kəndli balasının şəhər taleyinə həsr olunmuşdur, buna kəndlinin şəhərliyə çevrilməsi prosesi də demək olar. Roman göstərir ki, bu proses tam şəkildə baş tutmur və şəhərliyə çevrilmə ağır və əzablı bir mənəvi faciədir. Qafarın kənddə ata evi, sevgilisi qalmışdır. O, ömrü boyu bunların xiffətini çəkir. Nə şəhərli ola bilir,  nə də burada özünü  xoşbəxt hiss edə bilir.

Balaca sovet adamının, orta ziyalı təbəqəsinin seçim­siz­li­yi, həyatını dəyişmək imkanlarının yoxluğu mövzusu həmin ro­man­da da qüvvətli səslənir. Bunu Qafarla onun şəhərli arvadı Fəri­də­nin münasibətlərində görmək olur. Fəridə Qafardan əvvəl ər­də olmuşdur. O, zirək, diribaş, həssas bir dul qadındır. Qafar öm­rü boyu dul qadınla evləndiyini kənddəki yaxınlarından giz­lət­mə­li olur və bunun özü onun daxili aləmini şikəst edən bir amilə çev­rilir. Fəridə ilə bir ömür yaşasa da, sonda Fəridə birinci ərinin y­a­nında basdırılmağı vəsiyyət edir. Bu,  ömrün baş tutmadığını elan etməyə bərabər bir addımdır. Eyni sözləri Qafarın kəndə qayıt­maq qərarı haqqında da demək olar.

Yazıçı Qafar obrazına humanistcəsinə yanaşır, bütün zəifl­iyi ilə yanaşı, onu yaxşı bir insan, daxilindəki təmizliyə söykənib ya­şa­yan bir şəxs kimi təsvir edir. Cəmiyyətin dəyərləri məhz belə tra­gik təbiətli, təmizliyə inanan insanların çiyinlərində dayanır. “Da­landa” 1960-1970-ci illər nəsrinin ən yaxşı əsərlərindən biri­dir. Oxucu “Dalanda” povestindəki Fəridə ilə Qafarın mü­na­s­i­bət­lərini, bəzən öcəşmələrini, çəkişmələrini, ailədə doğan ixtilafın təbii təsvirlərini heç zaman unutmur. Son əsərlərində müəllif bu məsələlərə xüsusilə geniş yer verir. Saf, təmiz ailə qurmaq, onu insani əməl və ideallarla möhkəmlətmək ən mühüm amillər kimi təsvir olunur.

Yazıçı elə bu çərçivədə mövzu sahələrini genişləndirmək qayğısına qalır. Onun sovet hakimiyyətinin ilk aylarından bəhs edən “Duman çəkilir” povestinin mərkəzində Cəmil bəy, onun düşüncələri, ailəsi dayanır. Əlbəttə, bir bəy kimi, yazıçı onun düşüncələrinə biganə qalmır. “Bəlkə də qaytardılar” ovqatı kasıblaşan Cəmil bəyin də varlığında hiss olunur. Onun ali təhsilli oğlu sovet məktəbində dərs deyir. Amma bəy oğlu olduğu üçün onu kolxoza üzv saymırlar. Kolxoza girəndən sonra Cəmil bəy həyəcan keçirir. Ona öz nökərləri ilə bir yerdə işləmək ağır gəlir. Digər tərəfdən, kəndin Əhməd kimi demaqoq, araqarışdıran, rəzil adamları Cəmil bəyin pətəyinə çöp uzadıb ona rahatlıq vermir, müxtəlif qara fikirlərə düşməyə vadar edirlər. Canı boğazına yığılan Cəmil bəy arvadı Badam xanımla meşəyə qaçır. Badam xanım burada xəstələnir, ölür. Cəmil bəy təsadüfən özünə düşmən saydığı Səməndərlə görüşür. Və bu görüş hər ikisinin faciəsi ilə nəticələnir. Yazıçı demək istəyir ki, Cəmil bəylərin özlərinə də ehtiyatla yanaşmaq lazımdır. Düşməni dost etmək daha böyük həssaslıq, ürək tələb edir. (Hərçənd bu əhvalat Əbülhəsənin “Yoxuşlar” romanında Qumru-Kamran-Kamal xəttini yada salır.)

“Bozdağın nağılı”nda da yazıçı təmiz ailə münasibətləri məsələsinə toxunur. Kolxozçu İsanın öz arvadı Mələyə səmimi insani münasibəti oxucuda xoş hisslər doğurur. Ailə həqiqətən, elə bir güzgüdür ki, həm ərin, həm qadının mənəviyyatı burada tam büllurluğu ilə əks olunur. Deyərlər, “dost-dosta tən gərək, tən olmasa gen gərək”. Həm İsa, həm də Mələk ailənin ağırlığını qoşa çəkirlər. Bu ər-arvad bir-birinin qayğısına qalaraq, can yan­dı­ra­raq, bir-birini duyaraq mehriban yaşayırlar. S.Azəri çoban hə­ya­tın­dan bəhs edən trilogiyasında (“Qaya” - 1969, “Yol üstündə toy” - 1970, “Sarı at” - 1972) Qiyas adlı gəncin körpəlikdən ana­dan yetim qalmasını, daha sonralar çobanlıq etməsini, Səmayə ad­lı qızla bir-birilərini sevməsini, onunla ailə qurmasını bir sıra löv­hə­lərdə təbii və canlı vermişdir.

Sabir Azəri insanda ikrah doğuran, öz əməllərinin bir növ cəza­sını çəkən, xalq lənətinə və qarğışına tuş gələn ən eybəcər tiplər­dən birini “Ölə bilməyən adam” povestində yaratmışdır. Xüsusilə belə adamların daxili eybəcərlikləri çətin anlarda vəzifə ba­şında daha qabarıq nəzərə çarpır. Kənd sovetinin sədri işləyən Fə­tulla o qədər riyakar, pozğun, rəzil adamdır ki, onun əməlləri mü­ha­ribə illəri ilə məhdudlaşıb qalmır. O, sonralar da paxıl­lı­ğın­dan, mərdimazarlığından, riyakarlığından əl çəkmir. Fətullaya “İblis” demək azdır. O, şüurlu surətdə hər adama bədxahlıq et­məyə hazırdır. İndi onu sanki öz qara əməllərinin qarğışı tutub; san­ki ayılıb; ölmək istəyir. Çünki o qədər eybəcərliklər törət­miş­dir ki, heç kimin onu görməyə gözü yoxdur. Xeyrə-şərə ça­ğı­rıl­mır, adam yerinə qoyulmur.

Sabir Azəri xalq qəzəbinə düçar olmuş bu adamı dər­in­li­yi­nə qədər ifşa edir və onun mükəmməl xarakterini yaradır. Qə­ri­bə­dir ki, belə bir adamı qəbiristanlıqda ilan vurub öldürür. Və bu təs­virlərdə müəllif oxucunu inandırır. Yazıçının istedadına, qə­lə­mi­nə, həyatı bilmək bacarığına heyran olmamaq mümkün deyil.

Göründüyü kimi, bu ailə münasibətlərindən də kəndimizin adam­ları, onların psixologiyası, sevgi münasibətləri barədə xeyli təsəv­vür əldə etmək olur. Lakin o dövrdə yazıb-yaratmış bütün yazı­çı­ların ünvanına cəsarətlə demək olar ki, dövrün kəndi, onun yük­sə­lişi, tərəqqisi, sosial münasibətləri bu əsərlərdə göstəri­lən­lər­dən çox-çox yüksək və dərindir. Təəssüf ki, 1950-ci illərdə yara­dı­lan və sadəliyi, dərin səmimiyyəti, qayğıkeşliyi ilə insanda nəcib hisslər oyadan Rayon Partiya Komitəsinin birinci katibi Buludxanov surətinə və onun həyat yoldaşı Mələk xanımın gözəl insani münasibətlərinə 1980-ci illərin eyni rütbəli və vəzifəli, maddi cəhətdən çox zəngin olan ailələrinin surətlərinin heç birində rast gəlinmir. Əksinə, bu illərin lap sonuncu əsəri “Dəhnə”ni götürsək, görərik ki, buradakı raykom katibi Salman dünyanın ən riyakar, rəzil adamıdır. O, raykom katibi olmasına baxmayaraq, təmiz və namuslu adamlardan intiqam alır, hər cür şərəfsizliyə enir. Hətta bir qədər cəsarətlə demək olar ki, həm 1930-cu illərin (“Saçlı”da Vahidov), həm 1950-60-cı illlərin (“Aran”da Buludxanov, “Firəngiz”də Firəngiz) partiya rəhbərləri surəti bundan sonrakı illərdə yaranan partiya rəhbərləri surətindən çox-çox dərin və mündəricəlidir.

Sabir Azəri öz yaradıcılığında müharibə mövzusuna da müraciət etmişdir. Müharibənin həm ön cəbhədə vuruşanların, həm də arxa cəbhədə çalışanların sinələrinə necə dağ çəkməsini yazıçının “İlk təkan” povestində görmək olar. Burada bir tərəfdən Osman kimi varlı, harın, başqalarının məhəbbətini, qəlbini pulun, sərvətin hesabına ələ keçirməyə çalışan adamların iç üzü açılırsa, digər tərəfdən, Soltan və Sənəm kimi məhəbbəti müqəddəs və uca tutan gənclərin arzu və kamının qönçə halında solması, bir sıra realist səhnələrdə təsirli göstərilmişdir.

Ümumiyyətlə, Sabir Azərinin əsərlərində torpağa qayıt­maq, ondan yapışmaq, ona söykənmək, bir sözlə, ilk başlanğıca, milli kökə, milli zəminə bağlanmaq ən aparıcı motivlərdən biridir.