Həyatı və fəaliyyəti. Hüseynov Mehdi Əli oğlu Azərbaycan Yazıçılar İttifaqını yaradan və idarə edən bir neçə gənc fəhlə-kəndli yazıçı kadrlarındandır. O, digər həmkarlarına nisbətən yaxşı təhsil görmüşdü, çünki atası müəllim idi. Mehdi doğulduğu İkinci Şıxlı kəndində ilk təhsil aldıqdan sonra Qazax Müəllimlər Seminariyasında oxumuş, 1921-ci ildə komsomola üzv olaraq sonrakı taleyini bolşevik partiyası və onun hakimiyyəti ilə bağlamışdır.

Mehdi 1926-cı ildən ailəsi ilə birlikdə Bakıya köçür. O vaxt bolşeviklər mədəni inqilab illərində müəllim kadrlarına böyük ehtiyac hiss edirdilər. Mehdi Hüseynin atası da Sovet hökumətinə meylli ziyalı kimi Bakıya müəllimliyə dəvət edilmişdi. Buna qədər gənc fəhlə-kəndli ədibinin xırda məqalələri onun doğulub böyüdüyü Qazağa yaxın olan Tiflis mətbuatında çıxırdı.

1926-cı ildə gənc ədib BDU-nun tarix fakültəsinə daxil olur və 1931-ci ildə oranı bitirir. Mehdi Hüseyn çox gənc vaxtlarından proletkultçuların hərəkatında iştirak edir, rus dilini bildiyi üçün Moskva proletkultçularının ideyalarını Bakıda ana dilində yayan ideoloqlardan biri olur. O, 1930-34-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının Təşkilat komitəsinin məsul katibi idi. Bu komitənin əsas işi bolşevik məfkurə platformasında olan təşkilat yaratmaq, onun köməyi ilə bütün digər ədəbi təşkilat və mətbuatı darmadağın etmək idi. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının Birinci qurultayında bu iş tamamlandı.

Mehdi Hüseynin ilk hekayəsi 1927-ci ildə çıxsa da, o həm də fəal tənqidçi və fəhlə-kəndli ədəbiyyatı ideoloqu olmuşdur. 1954-cü ildə N.Xruşşov hakimiyyətə gələn kimi nisbətən liberal və üzüyola ideoloq sayılan Mehdi Hüseyn Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1954-1958), sonra isə  birinci katibi (1958-1965) təyin olundu. 1964-cü ildə isə o, Xalq yazıçısı fəxri adını aldı.

Yazıçı 1965-ci il martın 10-da radikal bolşevik meylli yazıçılarla intriqa prosesində öz iş kabinetində ürək tutmasından vəfat etdi. O zaman bu hadisə cəmiyyətdə böyük əks-səda verdi, müzakirələrə səbəb oldu. Bu intriqa yazıçılara verilmiş evlərin bölgüsü ilə bağlı idi. Bolşevik ədəbiyyat məmurları təkcə xalqa deyil, bir-birilərinə qarşı da qəddar idilər.

Mehdi Hüseyn Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yaradıcılığı. Ədibin fəaliyyəti həm bədii yaradıcılıq, həm də elmi-tənqidi istiqamətdə olmuşdur. 1932-ci ildən başlayaraq onun 10-dan çox elmi, ədəbi-tənqidi kitabı çıxmışdır. Məsələn, “Ədəbi döyüşlər” adlı iki dəfə çıxmış kitabı onun ədəbi mübarizəni necə anladığını göstərir, əslində onu döyüşlə bərabərləşdirir. Bu, siniflərin daimi mübarizəsi haqqında marksist tezisin süni olaraq ədəbi yaradıcılıq mühitinə aid edilməsi idi.

 Yazıçının “Bahar suları” adlı ilk hekayə və oçerk kitabçası 1930-cu ildə Azərnəşrdə çıxmışdır. Buradakı yazılarda, əsasən yeni quruluşu himayə edən didaktik ruhlu yazılar toplanmışdı. Müəllifin isə cəmi 21 yaşı vardı.

Mehdi Hüseynin əsas bədii əsərləri 1930-cu illərdə yazdığı “Daşqın” və “Tərlan” romanlarıdır. Mehdi Hüseyn bir ideoloq kimi sosialist realizmi nəzəriyyəsinin bütün ehkamlarına əməl etməklə fərqlənirdi. Yazıçı proletar ədəbiyyatının əsas şüarı olan “fəhlə inqilabını təsvir etmək” tələbinə ciddiyyətlə əməl edirdi.

        “Daşqın” romanında  Bakıdakı  sovetləşmədən sonra Qazax mahalında fəaliyyət göstərən inqilabçı partizan dəstəsi və onun Demokratik Cümhuriyyət vaxtı hakimiyyətdə olmuş qüvvələrə, o zamankı mətbuatın dili ilə desək, “bəy-xan qalıqlarına” qarşı  ucqardakı mübarizəsi təsvir olunur. Bolşeviklər o zaman müsavat məfkurəsinə, Azərbaycan millətçiliyinə qarşı mübarizəyə xüsusi önəm verirdilər.  Bu mövzu formal olaraq sovet hakimiyyəti uğrunda mübarizə və ya vətəndaş müharibəsinin təsviri adlanırdı. Amma əslində bu mövzuya həsr edilən əsərlər 11-ci Qızıl Ordu aprelin 27-də  ölkəmizə təcavüz etdikdən sonrakı hadisələri təsvir edirdilər. Lakin əsl həqiqətdə Azərbaycanda vətəndaş müharibəsi olmamışdı, yalnız qanlı bolşevik terroru baş vermişdi. Yazıçı və tənqid 11-ci Qızıl Ordunun milli hökumət qurumlarını dağıdarkən apardığı məhkəməsiz güllələmələri belə qələmə verirdi. Bu, həyat həqiqətini və tarixi həqiqəti təhrif etmək idi.

          11-ci Qızıl Ordu Demokratik Cümhuriyyəti zorakılıqla yıxmış, onun məmurlarını, fəallarını məhkəməsiz olaraq küçələrdə güllələmişdilər ki, əhali ruslardan qorxsun. Lakin   1930-cu illərdə bu hadisələr ayrı cür qələmə verilirdi. Guya Azərbaycanda kasıb siniflər Demokratik Cümhuriyyətə qarşı üsyan etmişdi. Süleyman Rəhimov, Əbülhəsən, Mir Cəlal kimi yazıçıların 1930-cü illərin əvvəllərində yazdıqları romanlar məhz əslində olmamış xalq üsyanını göstərməli idilər. Bu mövzudan - Demokratik Cümhuriyyət hökumətinə qarşı mübarizədən danışan istənilən əsər Azərnəşrdə rəğbətlə qarşılanır, təqdim olunan kimi çap edilirdi. Bu mövzuya Maarif Komissarlığının sifarişi vardı.

Cavan Mehdi Hüseynin bu mövzuya girişmək üçün həyat materialı ancaq uşaqlıq illərində qaçaqlar barədə eşitdikləri idi. “Daşqın” romanı bədii materialına görə qaçaqçılıq hərəkatını, fikir tendensiyasına görə isə varlı siniflərə qarşı xalq üsyanını təsvir edirdi.

Yaradıcılığının ilk dövrlərində əsasən tənqidçi və publisist kimi çıxış edən Mehdi Hüseyn “Daşqın”  əsərini Azərnəşrə təqdim etdi. Əsər bədii cəhətdən zəif olsa da, 1933-cü ildə 115  balaca kitabça səhifəsi həcmində Azərnəşrdə çapdan çıxdı. Bu əsər həm nəşriyyatda, həm də cavan proletar yazıçıları dərnəklərində tərifləndi. Mehdi Hüseyn doğulduğu Qazax mahalında Demokratik Cümhuriyyətə qarşı qaçaq-quldurların münasibətini sinfi münasibət kimi qələmə verirdi. Bununla Mehdi Hüseyn də sovet quruluşuna, bolşevik rejiminə yarınmaq istəyən cavan mətbuat işçiləri sırasına qoşuldu, həmyaşıdlarından geri qalmadı.

Komsomolçu yazıçılar mühitində yaxşı qarşılanması, nəşriyyatdan aldığı qonorar onu daha da ruhlandırdı. O, “Daşqın”  əsərini genişləndirmək qərarına gəldi. Bir-iki ay əsər üzərində işləyib döyüşdə ölən Sərxanın əvəzinə onun dostu Şirəlini  ikinci hissənin əsas qəhrəmanına çevirdi. Üçüncü hissədə isə hadisələrə qaçaq Əmrahı da qoşdu. Yeni qəhrəmanların daxil edilməsi romanın həcmini  yarıbayarı artırdı. 1934-cü ildə əsər 202 səhifə həcmində çapdan çıxdı. Cavan yazıçı mövzuya böyük maraq olduğunu, kitabın bolşevik Maarif Komissarlığının diqqətini cəlb etdiyini görüb həcmini artırmaq üçün yenə onun üzərində işlədi. 1936-cı ildə “Daşqın” povesti artıq roman adı ilə üçüncü dəfə 3000 tirajla çapdan çıxdı. Kitabın üç nəşrindən aldığı qonorar cavan yazıçının maddi vəziyyətini düzəltdi, o, hətta ailəsinə də yardım edə bildi.

Ucqarlarda sovet hakimiyyətinin silahla qurulması tarixi cəhətdən dəqiq idi. Amma Mehdi Hüseyn inqilaba qədər çoban olmuş Sərxanı partizan dəstəsinin başçısı kimi göstərəndə, tarixi təhrif edirdi. Çünki ucqarlarda sovet rejimi yaradan 11-ci Qızıl Ordu əsgərlərinin tam əksəriyyəti rus və ermənilər idi, azərbaycanlılardan isə onlara görüntü üçün silah belə tuta bilməyənləri qoşurdular. Mehdi Hüseyn bu əsərdə silahla sovet hökumətinin qurulmasını Sərxan kimi kasıbların inqilabi işi kimi təqdim edir. Axı Sərxan hələ Demokratik Cümhuriyyətdən əvvəl qaçaq olmuşdu. Tarixdən bəllidir ki, Çar hökuməti vaxtında tanınan qaçaqlar heç də inqilabçı deyildilər. Onların içində basqınçılar və quldurlar da vardı. Amma onların arasında  namusa, qan düşmənçiliyinə, adam öldürməyə görə qaçaq olanlar da az deyildi. Mehdi Hüseyn uşaqlıqda şübhəsiz ki, onlar haqqında rəvayətləri eşitmişdi, elin namusa görə qaçaq olanlara rəğbətini də bilirdi. Ona görə qaçaqların partizan dəstəsi kimi təqdim edilməsi təbii idi. Amma  onların bolşevik rejimi ilə əməkdaşlığı ağlabatan deyildi. El qaçaqları yadların qurduğu rejimin ədalətinə inanmırdılar, onların qaçaqlığı da bunun nəticəsində idi.

Ona görə qaçaq Sərxanın inqilabçıya çevrilməsi romanda inandırıcı göstərilmir. O, inqilab üçün əlində silahla döyüşməyi öz sevgilisi Mahirəyə məhəbbətdən üstün tutur və sovet hökuməti uğrunda atışmada qəhrəmanlıqla həlak olur. O zaman bu, proletar inqilabının təsviri adlanır və sosialist realizminin uğuru sayılırdı. Proletariatın inqilabını təsvir etdiyi üçün bolşevik tənqidçilər Mehdi Hüseynin əsərini tərifləyirdilər. O zaman bu əsəri vətəndaş müharibəsini əks etdirən nümunə kimi qələmə verirdilər.

Bu tərifdən ruhlanan yazıçı növbəti “Tərlan” romanını yazdı. Kənddə kolxoz qurulmasını göstərən bu əsər 1937-1938-ci illərdə Stalin terrorunun qızğın vaxtlarında yazılmışdı. Romanda sosialist realizmi nəzəriyyəsində yeni həyat quruculuğu adlanan kolxozların təşkili prosesi qələmə alınıb. Romanın qəhrəmanı Tərlan tipik bir “yeni insan” kimi inkişafda verilir. O da əsərin əvvəlində avam bir kəndlidən sonda mübariz bir bolşevikə, sovet rejiminə şüurlu olaraq cani-dildən xidmət edən müsbət qəhrəmana çevrilir.

Mehdi Hüseynin bu romanı sosializm quruculuğu zamanı sinfi mübarizənin kəskinləşməsi barədə Stalinin dəbdə olan tezisinin bədii illüstrasiyası kimi qurulub. Romandakı kənddə o vaxtkı mətbuatın ifşa etdiyi hər növ sinfi düşmənlər - komsomolçuları və kommunistləri öldürən qaçaqlar, özünü muzdur kimi qələmə verib partiyaya girən varlılar, dövlət vəzifələrinə soxulanlar, kolxoza mane olan sabotajçılar, hətta saman altdan su buraxan keçmiş müsavat zabitləri də vardır.

Beləliklə, Mehdi Hüseynin əsərində də bolşevik fəalları ilə onlara əks gedən sinfi düşmənləri və istismarçı sinif nümayəndələrini konfliktdə görürük. Əsərin ideyasına görə, düşmənlər sosialist realizmi nəzəriyyəsində ölümə məhkum olunmuş sinifdir və onlar qırılmalıdır. Əsərin sonunda bütün sinfi düşmənlər, kolxoz qurulmasına mane olanlar, doğrudan da ifşa olunur.

Əsərdə Tərlan digər müsbət qəhrəmanlardan fərqli olaraq əqidəli kommunistdir. O, Sərxandan fərqlidir: inqilaba düşmən istismarçı sinfə olan nifrət zəminində yox, əqidə əsasında gəlmişdir. O, özünə qarşı tələbkar, qısqanc bir kommunistdir, fəhlə sinfinin sosializm quracağına dərindən inanır. Sosialist realizminin müsbət qəhrəmana qarşı tələblərində belə şüurlu inam mühüm yer tuturdu. Belə inamın həyatiliyi, inandırıcılığı heç kəs üçün maraqlı deyildi. Hətta rus sovet ədəbiyyatında da atasına, qardaşına qarşı çıxan, hətta onları öldürən “müsbət” qəhrəmanlar yaradılmışdı.

Mehdi Hüseyn də bu yolla gedərək Tərlanın partiyaya əqidə sədaqətini inandırıcı göstərmək üçün əsərə onun qardaşı ilə bağlı epizodlar daxil etmişdir. İnqilab vaxtı xaricə qaçmış qardaşını görən kimi Tərlan tərəddüd etmədən onu ifşa və həbs edir və hökumət orqanlarına təslim edir. Belə qısqanc, fanatik, hissiz-duyğusuz kommunistlik sosialist realizmi cərəyanında müsbət qəhrəmanı ucaldan əlamət sayılırdı. Çünki kommunist əxlaqında insanın xidmət etdiyi ideya hər şeydir və onun öz canı da, qanı da, qohumlara münasibəti də bu ideyadan aşağı olmalı idi. Stalinçi rejim bu yolla insanı bilərəkdən dəyərsizləşdirir, onu kommunist ideyaları yolunda xidmət etməli olan alət səviyyəsinə endirirdi. Tərlan kimi adamları idarə etmək, onların əli ilə hər cinayətə yol açmaq asan idi.

Tarixi mövzu. Mehdi Hüseynin yazıçı və tənqidçi kimi ən yaxşı xüsusiyyətləri müharibə illərində, sosializm sözü vətən sözü ilə əvəz olunduqdan sonra meydana çıxmışdır. Müharibə illərində sosialist realizminin sxemləri lazımsız bir şeyə çevrildi. Moskvanın vətənpərvər əsərlər yazmaq çağırışına Mehdi Hüseyn “Şeyx Şamil”, “Nizami”, “Cavanşir”, “İntizar” kimi pyeslər yazmaqla cavab verdi.

Bu əsərlərin dəyəri sxemlərdən nisbətən uzaq olmasında, xalqımızın öz keçmişini və öz milli gerçəkliyini əks etdirməsində idi. Dava illərində xalqımızın yadelli işğalçılara və düşmənlərə qarşı çoxəsrlik mübarizə tarixi tədricən, əsər-əsər üzə çıxırdı. Bu prosesdə Mehdi Hüseynin əsərləri də müəyyən yer tuturdu. Bu əsərlərdə bolşeviklərin müsbət qəhrəman sxeminin əlamətləri, ritorikaçılıq olsa da, işlənən tarixi mövzular, Şeyx Şamil, Cavanşir, Nizami Gəncəvi kimi vətənpərvər insan və şəxsiyyət obrazlarının, tarixi şəxsiyyətlərimizin səhnəyə gəlməsi böyük hadisə idi. “Nizami”, “Cavanşir”, “Şeyx Şamil” kimi əsərlər milli ədəbiyyat cərəyanının ümumi istiqaməti ilə səsləşirdi.

Lakin Mehdi Hüseyn tarixi mövzularda belə, sosialist realizmi prinsiplərini qorumağa, yaratdığı qəhrəmanların sinfi simasını qabarıq göstərməyə çalışırdı. Yazıçı müharibə illərində altı bədii, publisistik, elmi kitab buraxdırmış və əhatəli elmi fəaliyyətlə də məşğul olmuşdu.

Müasir mövzuda əsərləri. Böyük Vətən Müharibəsindən sonra Mehdi Hüseynin yaradıcılığı məhsuldar olsa da, ziddiyyətli idi. Müharibədən sonra partiya ideoloqları müasir mövzulu - müharibədə dağılmış şəhərlərin bərpasını, yeni-yeni sənaye şəhərlərinin və müəssisələrinin tikintisini göstərən əsərlər tələb edirdilər. Həmişə olduğu kimi, yazıçı bu çağırışlara birinci cavab verməyə çalışdı. O, Mingəçevirdə, Sumqayıtda gedən tikintilər barədə oçerklər yazıb “Ölkəm”(1947) adlı kitabını buraxdırdı.

Müharibədən sonra Azərbaycanda neft sənayesinin inkişafına xüsusi diqqət yetirilirdi, çünki ölkənin sənayesi neftsiz inkişaf edə bilmirdi. Yazıçı məsələnin aktuallığını nəzərə alıb Bakı neftçilərinin həyatını öyrənməyə, tez-tez Neft Daşlarına getməyə başladı. Nəhayət, Mehdi Hüseynin məşhur “Abşeron” romanı 1949-cu ildə ayrıca kitab şəklində çapdan çıxdı. Yazıçı bu kitaba böyük ümidlər bəsləyirdi. Onu həm partiya ideoloqları, həm də sadə oxucular bəyənməli idilər. Bakıda inqilabi hərəkatın bütün tarixi Bakı neft sənayesinə bağlı idi. Bu səbəbdən ədəbiyyatda da neftçilərin həyatı ən qiymətli bir mövzu sayılırdı. Bu tələblərə cavab verdiyinə görə “Abşeron” romanı 1950-ci ildə Stalin mükafatı aldı. Bu, əsərin şöhrətini bir qədər də artırdı, onun SSRİ xalqlarının dillərinə tərcümə olunmasına imkanlar yaratdı. Sovet dövründə bu əsər uzun müddət orta məktəb proqramlarına daxil edildi.

“Abşeron” bizim sovet dövrü nəsri üçün ənənəvi olan bir mövzuda idi. Təzəlik isə onda idi ki, yazıçı müharibədən sonra kəndlərdən çox zaman məcburi olaraq neft sənayesinin peşə məktəblərinə oxumağa gətirilən gənclərin taleyini izləməyə və bədii şəkildə canlandırmağa çalışmışdır. Tahir belə gənclərdən birinin obrazı idi. Müharibədən sonrakı illər maddi çətinliklər, bir çox təbəqələr üçün aclığın davam etdiyi bir dövr olsa da, “Abşeron” romanında bu çətinliklərin təsviri yoxdur. Yazıçı Tahiri əməyi sevən, cəmiyyətə xeyirli olmağa can atan bir gənc kimi təsvir edir, onun ailə həyatı qurmasını bir qədər çəhrayı boyalarla qələmə alır, həyatdakı real çətinlikləri göstərməkdən isə çəkinirdi.

Neft mövzusunda yazılan əsərlərdə  neftçiləri sülalə şəklində təsvir etmək bir ənənə idi. Burada da Tahirin neft daşlarındakı ustası Ramazan adlı bir kişidir. Usta Ramazan qocaman kommunistdir, az savadlı olsa da, həyatı bilir, əməyi sevir, Tahirə qayğı göstərir. Yazıçının “Abşeron” romanı konfliktsiz ədəbiyyat  nəzəriyyəsi dövrünün nümunəvi bir əsəridir.

 Konfliktsizlik dövründə yazıçının 1930-cu illər əsərlərinə bənzəyən, inqilabi mövzulu “Komissar” povesti, “Səhər” (1953) romanı ortaya gəldi.

Mehdi Hüseyn üçün tarixi mövzuda yazmaq daha rahat idi. Bundan əlavə, yazıçı “Səhər” romanında tarixə yanaşmada 1930-cu illərdə buraxdığı səhvləri düzəldir, bu işdə həm sovet ədəbiyyatının ümumi təcrübəsindən, həm də öz təcrübəsindən istifadə edirdi. “Səhər” romanı sosialist realizminin bütün şablonlarına uyğun olmaqla yanaşı, Azərbaycan xalqının tarixinə  də daha düzgün münasibəti ilə seçilir, tarixi həqiqəti təhrif etməməyə çalışırdı.

1958-ci ildə Azərbaycan rəhbərliyi millətçilikdə günahlandırılıb dəyişdiriləndən sonra Mehdi Hüseyni Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi təyin etdilər. Mehdi Hüseynin millətçiliyə və milli meyllərə mənfi münasibəti yaxşı məlum idi. Yazıçı nəyə görə irəli çəkildiyini və etimadı doğrultmaq üçün nə etmək lazım olduğunu bilirdi. Stalin dövrünə tənqidi yanaşan siyasi xətti himayə etmək, bu yöndə əsərlər yazmaq və başqalarını da buna həvəsləndirmək lazım idi. Mehdi Hüseyn bütün qüvvəsi ilə bu işə girişdi.

1958-1965-ci illərdə Mehdi Hüseyn stalinizm dövrünü tənqid ruhunda “Qara daşlar” və “Yeraltı çaylar dənizə axır” adlı romanlar yazdı. Bu əsərlər də zamanın, yuxarıların sifarişi idi. Yazıçılar Stalin dövrünü üzdən tənqid etməli, N.Xruşşovun islahatlarına haqq qazandırmalı idilər. Bu romanlarda yazıçı stalinizmin müəyyən qədər tənqidinə tərəfdar olan, bu işdə səmimi olmayan bir şəxs kimi diqqəti cəlb etdi. Bu da təsadüfi deyildi. Yazıçı özü Stalin epoxasının nümunəvi yazıçısı və təbliğat işçisi olmuşdu. Stalinizmin tam inkarı onun inandığı və xidmət etdiyi hər şeyin inkarı olardı. Əlbəttə, yazıçı bunu istəmirdi.

Sovet vaxtı Azərbaycanın iqtisadi və mədəni-ədəbi sahədə böyük uğurları olmuşdu və Mehdi Hüseynin mənsub olduğu nəsil bu işlərdə öz zəhmətini, xidmətlərini də görür və onların üstündən xətt çəkilməsinə razı olmurdu. Ona görə yazıçının son iki romanı ikimənalı bir mövqeyi təmsil edirdi, onlarda stalinizmin səmimi tənqidi və ifşası yox idi, buna görə də bədii tələblər baxımından zəif idilər. Bu səbəbdən tənqid və oxucular bu əsərləri soyuq qarşıladılar.

Elmi-tənqidi fəaliyyəti. Yaradıcılığa təzə başladığı 1920-ci illərin sonlarında  Mehdi Hüseyn ədəbiyyatşünaslıq və publisistik fəaliyyətlə daha artıq məşğul olurdu. Bu dövrdə o, özünü yazıçılıq üçün hazır saymır, mətbuatda fəal şəkildə çıxış edir, böyük səylə marksizmi, Leninin ədəbiyyat haqqında fikirlərini öyrənirdi. Onun bir marksist ideoloqu kimi yetişməyə və nüfuz qazanmağa böyük istəyi vardı. Yazıçı bu istəyinə sonralar xeyli dərəcədə nail olmuşdu. O, Yazıçılar İttifaqının əsas ideoloqlarından biri idi, ədəbi prosesi izləyir və marksist mövqedən icmallar yazırdı.

Hələ 1932-ci ildə gənc ədibin “Molla Pənah Vaqif” adlı 21 səhifəlik balaca kitabçası çıxmışdı. O illərdə Vaqifin yaradıcılığı yenicə üzə çıxır, latın qrafikası ilə çap edilir, haqqında yazılar yazılırdı. Mehdi Hüseyn bu kitabda Vaqifə marksist ədəbiyyatşünaslıq metodu əsasında qiymət verməyə çalışır, şairin lirikasının “sinfi” təbiətini aydınlatmağa can atırdı. Klassiklərdən birini marksist təhlil təşəbbüsünə görə Azərnəşr Mehdi Hüseynin balaca kitabçasını nümunəvi araşdırma kimi çap etmişdi. Lakin əslində, bu kitabçada klassikə vulqar sosioloji təhlil və yanaşma nümunəsi ilə üzləşirik.

Bu kitabdan sonra onun “Ədəbi döyüşlər” adlı 82 səhifəlik kitabı çap olunmuşdu. Bu kitabda gedən məqalələrin əsas fikri əski ədəbiyyatı və cığırdaş adı verilmiş yaşlı yazıçıları tənqid etməkdən ibarət idi. Belə məqalələr, kitablar proletar ədəbiyyatı yaradıcılığına və kadrlarına yol açmalı idi.

Mehdi Hüseynin Böyük Vətən Müharibəsinə qədər tənqidi fəaliyyəti partiya ideologiyasını, onun lazım bildiyi dəyərləri əsas tuturdu. Onun 1930-cu illərdə yazdığı məqalələrdəki vulqar sosiologizm meylləri də buradan irəli gəlirdi. Ədibin bir sıra yazılarında klassik irsə, Azərbaycan maarifçilərinə, C.Cabbarlıya  vulqar sosioloji mövqedən tənqidi mülahizələri olmuşdur. Bunlar şübhəsiz ki, Mehdi Hüseynin cavanlığından, marksist və partiya ideologiyasının müəyyən tezislərinə qeyri-tənqidi, üzdən  yanaşmasından irəli gəlirdi.

Lakin Böyük Vətən Müharibəsi SSRİ-də yaşayan xalqların, o cümlədən azərbaycanlıların ədəbiyyatında və tarixində olan milli dəyərlərin üzə çıxması və onların dərk olunması ilə nəticələndi. Müharibə vaxtı Azərbaycan tarixini və ədəbiyyatını bu baxımdan öyrənən S.Vurğun, M.İbrahimov, M.Arif, M.Cəfər, M.Təhmasib kimi ziyalılardan biri də Mehdi Hüseyn oldu. Bu illərdə o, 1930-cu illərdə ədəbiyyat klassiklərinə münasibətdə buraxdığı səhvləri anladı və düzəltməyə çalışdı.

Onun bu cəhətdən “Dədə Qorqud” dastanlarına həsr olunmuş “Mübarizə və qalibiyyət mahnıları” (1942), C.Cabbarlıya həsr olunmuş “Ölməz sənətkar” (1944) kitabçaları xüsusilə əhəmiyyətli idi. Birinci kitabça müharibənin qızğın çağında - 1942-ci ildə çapdan çıxmışdı və Dədə Qorqud dastanlarının qəhrəmanlıq ruhunu, oradakı vətən, torpaq təəssübünü konkret faktlarla izah edir, insanları faşizmə qarşı daha artıq səfərbər etməyə çalışırdı. Bir sıra yanlış marksist müddəaların təkrarına baxmayaraq, Mehdi Hüseynin bu kitabı yarıqadağalı halda olan xalq dastanlarını elmi dövriyyəyə qaytarır, gənc nəslə təqdim edirdi.

Mehdi Hüseyn 1930-cu illərin əvvəllərində Cəfər Cabbarlı haqqında bir sıra yanlış fikirlər söyləmişdi. 1944-cü ildə çıxan kitabça bu səhvləri düzəltməklə qalmır, C.Cabbarlı irsinin bütün ədəbi və milli əhəmiyyətini açıb ortaya qoyurdu. Bu dönüşün əsas səbəbi Mehdi Hüseynin tarixi mövzuları işlərkən Cabbarlının təcrübəsinə müraciət etməsi, onun misilsiz bir Azərbaycan vətənpərvəri olduğunu özü üçün aydınlaşdırması idi. Cəfər Cabbarlı ilk dəfə olaraq “Nəsrəddin şah”, “Od gəlini”, “1905-ci ildə” kimi əsərlərində Azərbaycan xalqının tarixini bədii şəkildə necə göstərmək gərək olduğunu nümayiş etdirmişdi. Mehdi Hüseyn bir yazıçı kimi Cəfər Cabbarlıdan öyrənəndə onun necə böyük yazıçı olduğunu dərk etmiş və 1944-cü ildə çıxan kitabçasında keçmiş səhvlərini düzəltməyə çalışmışdı. Ədib anlayır və gənclərə öyrədirdi ki, milli ənənədən, klassiklərdən öyrənmədən heç bir böyük əsər yaratmaq olmaz.

Mehdi Hüseyn ömrü boyu sosialist realizmi prinsiplərinin tərəfdarı və ideoloqu olmaq istəyən, bu yolda öz rəqibləri ilə qısqanc mübarizələr aparan bir şəxs idi. Onun tənqidi irsi öz sağlam tərəfləri ilə bu gün də aktuallığını qoruyub saxlayır.