Həyatı və fəaliyyəti.  Xalq yazıçısı Əli Vəliyevin tərcümeyi-halı həmişə fəhlə-kəndli ədəbiyyat kadrları sırasında nümunəvi sayılmışdır. Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol Quberniyasının Zəngəzur Qəzasının Ağudi kəndində anadan olmuşdur. Atası Qara kişi cavan yaşlarından Bakıya gəlib neft mədənlərində fəhlə işləmişdir. Balaca Əli də müəyyən fasilələrlə Bakıda atasının yanında yaşamış, yay aylarında isə kəndə, heyvandarlıq edən anasının yanına, kənd evlərinə qayıtmışdır. Lakin atası cavan yaşında vəfat edəndən sonra balaca Əli kənddə anasının və yaxın qohumlarının himayəsində yaşamışdır. Onun məktəb təhsilinə başlaması ailələrinin heç də kasıb olmadığını təsdiq edir. Lakin ucqar dağ kəndində məktəb təhsili çox zəif idi. Üstəlik, gələcək yazıçı anasını da itirir və on altı yaşından bir parça çörək üçün 1917-1923-cü illərdə qapılarda muzdurluq edir, mal-heyvan otarır. Yazıçı rəsmi tərcümeyi-hallarında belə yazırdı, amma bu, həqiqətə oxşamır. Görünür, çoxları kimi Əli Vəliyev də öz bioqrafiyasını bolşevik tələblərinə uyğunlaşdırırdı.

Lakin yetim Əli diribaş, çox sağlam, hündür boylu, şirin dilli bir gənc idi. Üstəlik, Bakıda yaşamış atasının neft sənayesi ilə bağlı qohum və tanışları da var idi. Məhz bu əlaqələr onun komsomol hərəkatına qoşulmasına, dövrün nəbzini tuta bilməsinə kömək etdi.

 Əli Vəliyev proletar kadrlarının çoxu kimi, mükəmməl təhsil ala bilməmişdir. O, 1923-cü ildə Şuşa Firqə məktəbində bir müddət oxuyandan sonra Bakıdakı qohumlarının köməyi ilə artıq həmişəlik neft şəhərinə gəlmişdir. Əli Vəliyev bundan əvvəl bir müddət Şuşa Pedaqoji Texnikumunda təhsilini artırmış, 1925-1926-cı illərdə isə Bakı Mərkəzi Firqə Şura məktəbində mühazirəçilər qrupunda oxumuşdur. Diribaş və aktiv bir insan olan yazıçı oxuduğu məktəblərin çoxunu bitirməyə fürsət tapmır, ya da hövsələsi çatmırdı. Ali məktəbə daxil olmaq üçün ona orta təhsil haqqında şəhadətnamə lazım idi. Bu şəhadətnaməni almaq üçün artıq tanınmış bolşevik fəalı olan Əli Vəliyev Xalq Maarif Komissarlığının xüsusi  komissiyası qarşısında imtahan verərək 1928-ci ildə, iyirmi yeddi yaşında orta təhsil sənədi alır. Bir çox digər gənc bolşeviklər  kimi o da partiya vəzifələrində işləyə-işləyə  Lenin adına Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə qiyabi təhsil almağa başlayır. 1928-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olanda o, artıq rəhbər vəzifələrdə çalışırdı və sistemli təhsil üçün vaxtı yox idi. Qiyabi təhsilin o zamanlar elə bir keyfiyyəti olmasa da, bolşeviklər həyatın dibindən gələn bacarıqlı kadrlara qayğı göstərir, onların savadının artırılmasına çalışırdılar. Əli Vəliyev də sonrakı illərdə partiya təhsilini artırmaq üçün müxtəlif kurslarda təhsil almışdı.

Yazıçı həmişə uşaqlıqda nökərçilik və muzdurluq etməsini qeyd etməyi xoşlayırdı. Bu onun yoxsul ailədən olduğunu təsdiq edir və kəndli mənşəli proletar yazıçısı olduğunu bir daha yada salırdı. Keçmişdə muzdur olmaq proletar yazıçısı kimi tanınmaq və təsdiq olunmaq üçün mühüm dəlil idi. Əli Vəliyev də öz tərcümeyi-halını yazanda həmişə bunu çəkinmədən qeyd etmiş, yazıçılıq təcrübəsi artandan sonra isə öz nökər və muzdur həyatını avtobioqrafik əsərlərində müxtəlif formada təsvir etmişdir. Səmimi xasiyyətli yazıçı öz əsərlərində, ədəbi yığıncaqlarda həqiqi bir kənd yazıçısı olması, xüsusilə heyvandar və tərəkəmə həyatını yaxşı bilməsi ilə fəxr etmişdir. Lakin öz yazdığı tərcümeyi-hallarından görünür ki, o, kənddə az bir müddət yaşamışdır. Buna baxmayaraq o, xalq danışıq dilinin əsaslarını mənimsəmişdi və qələm götürüb yazı yazanda  sadə və aydın yaza bilirdi. Bakıya gəlməzdən əvvəl o, bir müddət Kürdüstan Qəza Partiya Komitəsində təbliğatçı işləmiş, sadə adamlarla ünsiyyətdə olmuş, onların nitqindən də çox şey öyrənmişdi. Bu da iyirminci illərdə mühüm bir keyfiyyət idi. Köhnə ziyalıların əksəriyyəti mollaxana təhsili aldığından  divan ədəbiyyatından, qəzəliyyatdan gələn ərəb və fars sözləri ilə yazırdılar. Lakin cavan proletar ədəbi kadrları mədəni inqilab dövrünün məktəblərinin məzunları idilər və sadə xalq danışıq dilinin bazasında yazmağa daha yaxşı bacarırdılar.  O, Kürdüstan Qəzasında partiya işində çalışdığı vaxtlarda xalq dilinin həm şifahi, həm də yazılı üslublarını mənimsəmişdi.

Komsomol yazıçı о zamankı Kürdüstan Qəzasında siyasi maarif işi ilə məşğul olmuş, “Şərq qapısı” (1934-1935), “Sovet Kürdüstanı” (1935-1937) qəzetlərinin redaktoru işləmiş, Laçın, Qubadlı, Naxçıvan partiya komitələrinin təbliğat şöbələrində çalışmışdır. Bu vəzifələr sadə kəndli kütlələri ilə dil tapmağı, sovet ideologiyasını sadə sözlərlə şüurlara yeritməyi tələb edirdi.

1924-cü ildə həmişəlik Bakıya gələndən sonra komsomol jurnalistin və təbliğatçının inkişafına münbit şərait yarandı. Bakıda fəhlə-kəndli qəzetləri, o cümlədən ədəbi istiqamətli nəşrlər çox idi. İyirminci illərin sonlarından gənc ədib hekayələr yazmağa başlayır və proletar yazıçılarının ədəbi müzakirələrində iştirak edirdi. Onun ilk hekayələri məzmun cəhətdən  bitkin olmasa da, dil cəhətdən sadə, ifadəli idi və hər yerdə bəyənilirdi. Bu ciddi bir məziyyət idi və ömrü boyu yazıçının qələminin mühüm keyfiyyəti olaraq qaldı, ona hörmət qazandırdı. Bu illərdə o, artıq “İnqilab və mədəniyyət”, “Hücum”, “Ədəbiyyat cəbhəsində” qəzetlərində dərc olunmuş kiçik hekayələrin müəllifi idi.

1930-cu ildə cavan ədibin ateistik mövzuda yazılan ilk kitabı Azərnəşrdə “Allahın səyahəti” adı ilə çapdan çıxdı. O zaman dinə, Allaha qarşı təbliğat üçün cavan, təcrübəsiz, lakin şöhrətpərəst jurnalistlərdən istifadə edirdilər. Digər tərəfdən, Əli Vəliyevin böyüdüyü dağ kəndlərindəki kürdlər arasında din çox zəif idi.  Cəmi iyirmi səhifəlik publisistik mövzulu kitabça ateistik təbliğatda iştirak etmək təşəbbüsü  idi. Lakin elə həmin 30-cü illərdə yazıçının kənd məişətinə həsr edilmiş “Nənəmin cəhrəsi” adlı hekayələr kitabı çap olundu. Bu kitab 151 səhifə idi, amma proletar tənqidçilərin diqqətini cəlb etmədi. Onda Əli Vəliyev bütün gücünü partiya işinə verdi.

Elə 1930-cu ildə onu Ağdam rayon Partiya Komitəsinə təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə göndərdilər. O, həm də rayonda çıxan “Kolxoz sədası” qəzetinin məsul redaktoru kimi çalışır. Digər qəzetlər kimi bu qəzetin də işi kollektivləşməni, kolxoz qurulmasını təbliğ etmək, onun sürətlənməsinə kömək etmək, qabaqcıl təcrübəni yaymaq idi. Sonralar bu problemlər onun nəsr əsərlərinin də mərkəzi mövzusu oldu.

Məlum olduğu kimi, 1937-cı il Yazıçılar İttifaqının tarixində  faciəli və çətin bir dövr idi. İttifaq yazıçı, şair, ziyalı və alimlərə qarşı terrorun mərkəzinə çevrilmişdi. Ruhulla Axundov kimi partiya rəhbərlərini, Soltan Məcid Qənizadə kimi böyük maarifçi və yazıçıları, Bəkir Çobanzadə, Hənəfi Zeynallı kimi alimləri, Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavad kimi şairləri repressiya edib həbs etməzdən əvvəl Yazıçılar İttifaqında  müzakirəyə çıxarıb xalq düşməni kimi, terrorçu kimi ittiham edirdilər. Belə yığıncaqların gedişi “Kommunist” qəzetində çap edilir, sonra isə bu adamları həbs edirdilər. Məhz belə bir çağda Əli Vəliyev “Sovet Kürdüstanı” qəzetinin redaktorluğundan Yazıçılar İttifaqına təşkilat katibi vəzifəsinə gətirildi. Onu həm də İttifaqın Natəvan adına Klubunun müdiri təyin etdilər, bu isə yığıncaqların təşkili və istiqamətləndirilməsi üçün lazım idi.

 Aydın məsələdir ki, siyasi terrorun təşkilatçıları Əli Vəliyev kimi sadəlövh, rus dilini pis bilən, sinfi mübarizə ritorikasına inanan adamları vəzifəyə gətirib onlardan istifadə edirdilər. Əli Vəliyev bu iclasların həm təşkilində iştirak edir, həm də ifşa olunan ziyalılar haqqında “Kommunist” və “Ədəbiyyat” qəzetlərində məqalələr yazırdı. Bu məqalələrdə əsas məqam Moskvanın vermiş olduğu “Sinfi mübarizə” haqqında tezisə əməl olunması və gizli düşmənlərə qarşı amansızlıq tələb edilməsi idi.

Bir müddət sonra Əli Vəliyevin bolşevik Mərkəzi Komitəsinin maraqlandığı və bilavasitə təşkil etdiyi kampaniyalarda iştirakı, çıxışlarındakı səmimiyyət, sinfi düşmənlərə, millətçilərə qarşı amansızlığı diqqəti cəlb etdi. 1941-ci ilə qədər Yazıçılar İttifaqında çalışan yazıçını irəli çəkməyə başladılar. Çünki bolşevik partiya aparatı hərbi intizama əsaslanırdı. Orada düşünən adamları deyil, yuxarıdan gələn göstərişləri tərəddüdsüz icra etməyi bacaranları seçirdilər.

Böyük Vətən Müharibəsi başlanan kimi Əli Vəliyev siyasi işçi kimi sovet ordusu sıralarına cəlb edildi. O, 1941-1942-ci illərdə 416-cı azərbaycan diviziyasının tərkibində Azərbaycanca yazan jurnalist kimi fəaliyyət göstərdi, Krım yarımadasında gedən ağır döyüşləri əks etdirən oçerk və qeydlərlə hərbi nəşrlərdə iştirak etdi. Lakin milli diviziyalar ləğv edildikdən sonra Azərbaycanca yazan hərbi jurnalistlərə ehtiyac qalmadı. Buna görə də onu Bakıya çağırıb Bakı Soveti İcraiyyə Komitəsinin aparatında siyasi yönlü işlər üzrə təşkilatçı kimi məsul işə təyin etdilər.

Az müddət burada çalışdıqdan sonra Əli Vəliyev yenə ideoloji işə cəlb edildi. Onu AKP MK-nın orqanı olan “Kommunist” qəzetinə əvvəlcə qısa müddət redaktor müavini, sonra isə məsul redaktor təyin etdilər. O zaman bu, respublikada beş-altı nüfuzlu vəzifədən biri idi və böyük səlahiyyətləri var idi. Bu vəzifədə çalışan şəxs Mərkəzi Komitə üzvü seçilir, Büro iclaslarında  iştirak edirdi. Bu vəzifədə Əli Vəliyev 1943-1949-cu illərdə çalışdı və partiya dövlət aparatında böyük nüfuz qazandı.

1948-1949-cu illərdə sovet partiya və dövlət aparatında ziddiyyətli proseslər gedirdi. Müharibədən sonra müasir savadlı, uzaqgörən kadrlar tələb edilirdi. 1949-cu ildə Mir Cəfər Bağırov Əli Vəliyevi “Kommunist” qəzetinin redaktoru vəzifəsindən azad edib təzədən Yazıçılar İttifaqına təşkilat katibi – yuxarılarla, Mərkəzi Komitə ilə əlaqələrə məsul olan vəzifəyə qoydu. Bununla yanaşı, 1949-1954-cü illərdə yazıçı həm də “Azərbaycan” jurnalının baş redaktoru oldu. Çünki Əli Vəliyev etibarlı və sayıq icraçı sayılırdı.

1954-cü ildə N.Xruşşova yaxın liberal meylli bolşeviklər hakimiyyətə gələn kimi Əli Vəliyev kadr kimi ikinci plana qoyuldu. Çətin dövrün yığıncaqlarında  o, səmimi Stalinçi kimi çıxış edir, yeniləşmə meyllərinə mənfi münasibətini gizlətmirdi.

Ona görə 1956-cı ildən sonra Əli Vəliyev əsasən fəxri vəzifələrə seçilmiş və qalan ömrünü yaradıcılığa həsr etmişdir. O, həm də Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Əli Vəliyevə böyük hörmətlə yanaşmışdır. 1974-cü ildə Əli Vəliyevə Xalq Yazıçısı fəxri adı verilmiş, 1971-ci ildə “Lenin Orden”i, 1981-ci ildə isə “Oktyabr İnqilabı ordeni” ilə təltif olunmuşdur. Yazıçı çoxlu SSRİ medalları və təltiflər almışdır.

Əli Vəliyev 1983-cü il fevralın 2-də vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Yaradıcılığı. Əli Qara oğlu Vəliyev 60 ildən artıq jurnalist kimi çalışmış və ədəbi fəaliyyətlə məşğul olmuşdur. Onun təkcə Azərbaycan dilində 50-dən artıq kitabı çıxmışdır. Bundan başqa, yazıçının rus və digər sovet respublikalarının dillərində kitabları çap olunmuşdur.

Yaradıcılığının ilk mərhələsində onun oçerkləri, hekayələri həyat faktları və onların təqdimi cəhətdən çox yaxın idi. Bu yazılarda kasıb və savadsız, lakin bolşeviklərin təriflədiyi “yeni həyata” gələn insanların taleyi göstərilir. Kolxoza qoşulmaq, sosializm yarışında iştirak etmək, bolşeviklərin açdığı klublara gedib-gəlmək onların həyatını yeniləşdirir. Bu insanlar manqa başçısı, briqadir, baş çoban, deputat, sağıcı və s. olur, savadsızlıq kurslarına gedib çıxır, sonra kənd müəllimi olub ziyalı zümrəsinə keçirlər. “Nənəmin cəhrəsi”, “Madarın dastanı”(1936), “Qarlı dağlar”(1938), “Ordenli çoban”(1939) kitabçaları bu qəbildəndir. “Ordenli çoban” hekayəsində yeni həyatın rəmzi çobanın orden almasıdır. Müəllif bu çobanı yeni, xoşbəxt həyata çıxmış bir adam kimi təqdim etmək istəyir. Halbuki o, kolxoz quruluşundan əvvəl də, sonra da mal-heyvan otarır.

Ədibin ilk əsərlərində əsas mövzu inqilabdan əvvəlki köhnə və yeni sovet həyatının qarşılaşdırılması idi. Bu əsərlərdə sxematizm, kompozisiya qırıqlığı, fikir bəsitliyi olsa da, Əli Vəliyev bir muzdur təkidi ilə fəhlə-kəndli ədəbiyyat kadrları içərisində yer tutmağa çalışmış və buna nail olmuşdur. Müharibə ərəfəsində həyata keçirilən 1937-ci il repressiyaları yeni  ədəbi kadrlar üçün meydanı daha da təmizlədi.

 Əli Vəliyevin 1930-cu illər yaradıcılığının ən uğurlu nümunəsi “Qəhrəman” romanıdır. Bu əsər müharibə ərəfəsində, 1940-cı ildə çapdan çıxmışdı. Yazıçının öz tərcümeyi-halına yaxın olan bu əsərdə sosializm quran yeni insanın obrazını yaratmağa təşəbbüs edilir. 30-cu illərdə sosialist realizmi cərəyanının bütün müsbət qəhrəmanları kimi Qəhrəman surətini də inqilabdan əvvəl kasıb, yetim və avam bir çoban kimi görürük. Lakin o, inqilabçılara qoşulur və Azərbaycanda guya sovet hakimiyyətini qurmuş adamlardan biri olur: bu niyyətə uyğun olaraq əsərdəki hadisələr də inqilabdan əvvəl və sonrakı kimi əks qütblərdə göstərilir. İnqilabdan əvvəlki dövr qaranlıq və ədalətsiz, zülmün və yoxsulluğun ərşə çıxdığı bir cəmiyyət kimi verilir. İnqilabdan sonra isə kasıbların dövranı başlanır, onlar varlı sinifləri qırıb ədalətli cəmiyyət yaratmaq istəyirlər. Bütün bu dəyişikliklər çobandan siyasi işçiyə çevrilmiş Qəhrəmanın inkişafı fonunda verilir. Qəhrəman bir tərəfdən Əli Vəliyevin öz bolşevik karyerasını, o biri tərəfdən isə Mehdi Hüseynin Tərlanını (“Tərlan” povesti), Əbülhəsənin “Dünya qopur”undakı  Büləndini xatırladır. Əslində, bu yaxınlığın kökündə sosialist realizminin saxta “yeni insan” konsepsiyası dururdu. Bu konsepsiya, əslində zorakılıqla qurulan kolxoz quruluşuna bəraət qazandırmaq üçün ortaya atılmışdı.

Müharibə dövründə Əli Vəliyev inzibati vəzifə pillələrində daha da yüksəldi. Lakin bu onun əsərlərinin qəhrəmanlarına, daim təsvir etdiyi kənd həyatına təsir göstərmədi. Onun müharibə haqqında hekayələrinin qəhrəmanları da həmin kəndlilər, sadəlövh və dürüst adamlardır.

1942-ci ildə yazıçının “Cəbhə hekayələri” kitabçası çap olundu. O zaman yazıçılar cəbhə bölgəsinə gedirdisə, mütləq nəsə yazmalı idi. Krım cəbhəsindəki hadisələrə həsr edilən hekayələr bu kitaba daxil idi. Onun 1944-cü ildə çıxan “Ərköyün” kitabı da müharibə oçerklərindən və hekayələrindən ibarət idi. 

Əli Vəliyevin Azərbaycanın əsas rəhbər partiya kadrlarından birinə çevrilməsi onun ədəbi mühitdə də sözü keçən adamlardan biri olması ilə nəticələnmişdi. Onun çap olunan hər kitabı barədə yüksək təriflə dolu məqalələr yazılırdı. O zaman çap olunan ədəbiyyat tarixinə dair kitablarda onun yaradıcılığının zəif cəhətlərinə göz yumulur, o, Azərbaycan sovet ədəbiyyatını yaradan müəlliflər sırasında təqdim edilirdi.

Müharibədən sonra Əli Vəliyev konfliktsizlik nəzəriyyəsinin tərəfdarı və müdafiəçisi kimi çıxış edirdi. Onun “Gülşən” və “Çiçəkli” (1951) əsərlərində heç bir konflikt yoxdur: yazıçı əsas diqqətini kolxozçu əməyinin “poeziyası”nı göstərməyə yönəldir. Əslində həmin illərdə kəndlərdə dəhşətli kasıblıq hökm sürürdü. Kolxozçu balaları ilin yarısını ancaq əkin sahələrində, kolxoz işində keçirir, təhsilə üç-beş ay vaxt qalırdı. Məktəblilərin geyməyə paltarı, ayaqqabısı yox idi, onlar böyüklərin kəm-köhnə pal-paltarından tikilən yamaqlı geyimdə dərsə gedirdilər.

1940-cı illərin sonu, 50-ci illərin əvvəllərində kənddə aclıq idi. Kolxozçu yetişdirdiyi məhsuldan doyunca yemək hüququndan belə məhrum idi. Ona görə o zaman ortaya çıxan və rəsmi mətbuatda təriflənən “Çiçəkli” tipli əsərlər həyat həqiqətinin təhrifi idi. Onlarda əslində olmayan uydurma bir kənd təsvir edilirdi və bu, sosialist realizminin əsas məqsədi idi. Buradakı nikbin, gələcəkdən danışan, hökuməti tərifləyən qəhrəmanlar kənddə yox idi. Belə qüsurlar yazıçının “Turaclıya gedən yol”, “Ürək dostları” romanlarında da qabarıq idi. “Budağın xatirələri” romanında isə yazıçı yenidən öz həyatını və taleyini qələmə almışdır. Buradakı əsas süjetlərdə onun “Sovet Kürdüstanı” qəzetinin redaktoru olduğu və o zaman Kürdüstanın inzibati mərkəzi sayılan Şuşada şahidi olduğu, gündəlik iştirakçısı olduğu hadisələr dəqiqliklə təsvir edilmişdir. Burada rayonun rəhbər kadrlarının obrazları, onlar arasındakı intriqalar, ərazidə baş verən qalmaqallı hadisələr, məmurların bir-birindən yazdığı donoslar mühüm yer tutur. Əsərin dili aydındır, yığcamdır, amma təsvirlər qəzet oçerki səviyyəsində müxtəsərdir. Yazıçının bütün əsərlərində olduğu kimi, bu əsərdə də sənədli və bədii nəsrin sərhədini tapmaq çətindir.

Əlbəttə, yazıçı özü həqiqətən muzdurdan Azərbaycanın xalq yazıçısına qədər böyük yol keçmişdi. Lakin bu sovet rejimi ilə əməkdaşlıq etmiş, ona xidmət etmiş tək-tək adamların taleyi idi. Ona görə də sosialist realizmi məcrasında yazan digər fəhlə-kəndli yazıçıları kimi, Əli Vəliyevin əsərlərində də xalqın sovet vaxtı yaşadığı taleyin həqiqi mənzərəsi demək olar ki, yoxdur. Yazıçının əsas qəhrəmanları bolşevik partiya məmuruna çevrilmiş insanlardır. Lakin onların da yaşadığı qorxu və təhqirlər, məruz qaldıqları repressiyalar sosialist realizminin diqqətindən kənarda idi.