Həyatı və fəaliyyəti. Məmməd Rahim (Hüseynov Məmməd Abbas oğlu) 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Şairin atası Abbas kişi kiçik sahibkar idi, ailələri yaxşı dolanırdı. Elə buna görə də Məmməd Rahim yaşıdlarının çoxuna görə yaxşı təhsil almışdır. O, əvvəlcə rus-tatar məktəbində, sonra isə sovet məktəbində oxuyaraq orta təhsilini tamamlamışdır. Gələcək şair məhz Sovet Məktəbində təhsil aldığı zaman bolşevik ideyaları, mədəni inqilabın şüarları ilə tanış olur və komsomol sıralarına daxil olur. Lakin balaca Məmməd hələ uşaq çağlarında - 1917-ci ildə atasını itirir və yetimçiliyin ağrı-acısını yaşamalı olur. Məmməd atasından sonra əsasən gözüaçıq bir ziyalı olan böyük qardaşının himayəsində yaşayır.

 Məmməd Rahim 1920-ci illərin ortalarında proletar poeziyasının əsasını qoymuş yeni sovet ədəbi kadrlarından biri sayılır. Təsadüfi deyil ki, onun “Gördüm” adlı ilk mətbu şeri  1926-cı ildə “Gənc Qızıl qələmlər” adlı məşhur məcmuədə çıxmışdı.  O, hələ rus-tatar məktəbini bitirəndə artıq rus dilini nisbətən yaxşı mənimsəmişdi, özü Moskva bolşevik mətbuatını izləyə və onun nəbzini hiss edə bilirdi və əsasən bu səbəbdən də gənc fəhlə-şair kadrlarının liderlərindən birinə çevrilmişdi. Onun “Gənc Qızıl Qələmlər” təşkilatının üzvü olması bolşevik ritorikasını, proletar ədəbiyyatı məfhumunu anlamasına, ictimai fəallıq göstərə bilməsinə ciddi kömək olmuşdu. Məhz bunun nəticəsində Məmməd Rahimi 1928-ci ildə, cəmi iyirmi bir yaşında “Azərnəşr”ə tərcüməçi vəzifəsinə götürdülər.

 O zaman bolşevik ədəbi mətbuatı “yeni” proletar ədəbiyyatı yaradılması çağırışları ilə dolu idi. Gənc Qızıl Qələmlər təşkilatının üzvləri özlərini qırmızılara, yəni inqilabçı şairlərə aid edir, proletar şairi olmaq şansını hiss edirdilər. Mətbuatda köhnə kadrlara, təcrübəli yazıçılara qarşı təbliğat gedir, H.Cavid və C.Cabbarlı kimi sənətkarlar istehza ilə “cığırdaş” adlandırılırdılar.

Halbuki, Azərbaycanda heç bir proletar inqilabı olmamışdı, sovet rejimi 11-ci Qızıl Ordunun süngüləri ilə yaradılmışdı. Lakin “Yeni yol” kimi ifrat solçu qəzetlər, Bolşevik Maarif Komissarlığı komsomolçu, proletar əqidəli şairləri istedadı olmasa belə, maddi və mənəvi cəhətdən himayə edirdi. Proletar ədəbiyyatı mövqeyindən yazmağa can atan gənclərə yüksək qonorar verilirdi və bu, cavanların aqressivliyinin əsas səbəblərindən biri idi.

Məmməd Rahim 1928-ci ildə Lenin adına APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1932-ci ildə ali təhsilini başa vurmuşdu. O, hələ pedaqoji institutda oxuduğu vaxtdan - 1931-ci ildən 1 saylı Sovet Məktəbində müəllimlik fəaliyyətinə başlamışdı. O zaman müəllim işi cəmiyyətdə şairdən az hörmətli deyildi, bəlkə daha hörmətli idi. Ona görə şair 1935-ci ilədək müəllimlik fəaliyyətini davam etdirmişdir. Şair həmin il Yazıçılar İttifaqının aparatında yeni işə düzəlmiş, şeir bölməsinin rəhbəri olmuşdur.

1938-1940-cı illərdə Məmməd Rahim daha məsul vəzifəyə - Yazıçılar İttifaqının təşkilat işləri üzrə katibi təyin edilmişdir. Bu, əslində Yazıçılar İttifaqının bütün işlərinin - xüsusilə kadr, nəşr, partiya, nəşrlərə rəhbərlik məsələlərinin idarəçisi demək idi. Məmməd Rahim bu işə keçəndə 1937-ci il repressiyaları qurtarmış, amma Yazıçılar İttifaqı sinfi mübarizə bayrağı altında gedən mənəvi terrorun əsas mərkəzi olaraq qalırdı.

1941-1946-cı illərdə Məmməd Rahim Yazıçılar İttifaqının Müdafiə bölməsinin rəhbəri işləyir. Bu bölmə Yazıçılar İttifaqında müharibə ərəfəsində yaradılmışdı, çünki faşizmlə müharibənin başlaması vaxt məsələsi idi. Müdafiə bölməsi yazıçıları hərbi işə hazırlamaq, onlarda bu mövzuya maraq oyatmaq və cəmiyyətdə antifaşist və vətənpərvərlik təbliğatı aparmaq məqsədi daşıyırdı. Faşizmi bəşəriyyətin düşməni kimi, qaniçən bir tarixi qüvvə kimi, insanlıq üçün təhlükə kimi ifşa etmək 30-cu illərdə sovet təbliğat maşınının əsas işlərindən idi. Bolşevik rəhbərliyi yazıçılara xalq arasında nüfuzu olan təbliğatçılar kimi baxırdı. Müdafiə bölməsi müharibə illərində Məmməd Rahimin rəhbərliyi ilə antifaşist ədəbiyyatının yaradılmasının və çap edilməsinin əsl mərkəzinə çevrildi. Əsas diqqət həcmcə balaca, lakin düşmənə nifrət yağdıran, döyüşkən ordunun qüdrətini, qələbə əzmini təbliğ edən kitabların hazırlanıb çap edilməsinə, arxa və ön cəbhədə yayılmasına yönəldilmişdi. Müharibə dövründə Məmməd Rahim bu işə bütün qüvvəsini həsr etdi. O, həm də 1942-ci ildə Cənubi Azərbaycana ezam olunmuş yazıçılar arasında Cənubi Azərbaycanda olmuşdu. Bu səfər sonralar şairin cənub mövzusunda silsilə şeirlərinin yaranmasına səbəb oldu.

Məmməd Rahim 1946-cı ildən sonra dövlət işindən uzaqlaşmış və ancaq bədii yaradıcılıqla məşğul olmuşdur. Onun vəzifəsiz olmağından istifadə edən bəzi bədxahlar ömrünün sonuna qədər Məmməd Rahimə qarşı aşağılama təbliğatı aparmışlar. Şair əsas iş yeri olaraq Yazıçılar İttifaqının poeziya bölməsinin rəhbəri kimi çalışırdı. Bu işlə o, 1947-1952-ci illərdə müəyyən fasilələrlə məşğul oldu.

Məmməd Rahim 1957-cı ildə, anadan olmasının 50 illiyi münasibətilə Xalq Şairi fəxri adını almışdır. O, Azərbaycanın və Ermənistanın Əməkdar İncəsənət xadimi(1940, 1970), Dövlət Mükafatı laureatı (1949) idi. 1945 və 1967-ci illərdə Lenin Ordeninə layiq görülmüş, 1965-ci ildə Qırmızı Əmək Bayrağı ordeni almışdı.

Xalq Şairi Məmməd Rahim 1977-ci il mayın 6-da Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.

Yaradıcılığı. Məmməd Rahim yarım əsrlik yaradıcılıq yolu keçərək əllidən artıq kitab çap etdirmişdir. “Arzular” adlı ilk kitabı 1930-cu ildə işıq üzü görmüş, sonra “İkinci kitab”(1933), “Partizanın tüfəngi”(1937), “İldırımın kitabı”(1939), “Nübar” (1939), “Arzu qız”(1940) kitabları çıxmışdır. Böyük Vətən Müharibəsinin başlaması bütün ədəbiyyatın və Məmməd Rahimin taleyində yeni səhifə açmışdır.

Şair müharibədən sonra da bu mövzunu davam etdirmiş və ictimai sifarişə uyğun olaraq müharibədən sonrakı quruculuq işlərinə dair şer və poemalar yazmışdır. 1940-cı illərdə onun “Qırmızı qəhrəman”(1946), “Xəzər sahilində”(1948), “Leninqrad göylərində” (1949), “Abşeron torpağında” (1952) kimi sanballı kitabları çıxır və ədəbi tənqidin yüksək qiymətini alır.

Müharibədən sonra beynəlxalq siyasi mövzular, imperializmin ifşası, azadlığa can atan müstəmləkə xalqların mübarizəsinin təsviri şairin bu dövr yaradıcılığında xeyli yer tutur. O, sovet şairi kimi xarici səfərlərdə olur və öz təəssüratlarını bir kommunist kimi  qələmə alırdı. Şairin “Kərbəla”, “Ərəb qızı”, “Yeddi zənci”, “Hind qardaşıma”, ”Livan bağında”, “Bağdad gecələri”, “Pol Robsona məktub”, “Hindistana gələsən”  kimi gözəl, humanist şeirləri bu sıradan idi.

O dövrdə Məmməd Rahim  dostları Süleyman Rüstəm və Səməd Vurğunla birgə xalq şairi adını daşıyır və sosialist realizmi ədəbiyyatının bayraqdarı və əsas yaradıcıları sayılırdılar. Müasir müstəqillik şəraitində onların hər biri kimi, Məmməd Rahimin də ədəbi irsinin ən qiymətli cəhəti onun poeziyasındakı vətənpərvərlik ideyalarıdır.

Sovet vaxtı bu ideyaların ifadəsi beynəlmiləlçilik ideyaları ilə bağlı idi. Marksistlər əməkçi adamları - fəhlə və kəndliləri vətənsiz hesab edirdilər, bu isə işçi siniflərin milliyyətindən asılı olmayaraq dostluğu üçün hüdudsuz imkanlar açırdı. Məmməd Rahimin də yaradıcılığında Sovet İttifaqında yaşayan xalqların dostluğu və həmrəyliyi ideyası geniş yer tutur.

Məmməd Rahimin poeziyasında vətənpərvərlik mövzusu 1930-cu illərdən başlayaraq - sosializm quruculuğunda, sənaye və mədəniyyət sahəsində ciddi yeniliklər yarandıqdan sonra gücləndi. Şair sovet Azərbaycanı və onun vətəndaşı olması ilə fəxr edirdi. Böyük Vətən Müharibəsi dövründə şairin yaradıcılığında vətənpərvərlik, ana torpağa bağlılıq hissləri daha da artdı. Bunu müharibənin gedişi və ab-havası tələb edirdi.

1942-ci ildə Məmməd Rahim Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” ordu qəzetinin azərbaycanca çıxan saylarında şeirləri ilə çıxış etmişdir.

Milli hüquqları əlindən alınan, ana  dili  qadağan olunan, iqtisadi səfalətdən, İrandakı müstəmləkə zülmündən əzab çəkən cənublu qardaşlarımızın həyatı və mübarizəsi ilə tanışlıq şairdə dərin təəssürat yaratmış, onu xalqımızın siyasi birliyi barədə düşünməyə məcbur etmişdi. Sonralar bu düşüncələr onun cənub mövzusunda, xalqımızın birliyi və dövlətçilik hüquqları barədə yazdığı Cənub silsiləsinin əsasını təşkil etdi, təkcə şairin yaradıcılığında yox, bütün o zamankı poeziyada hadisəyə çevrildi. Şairin  “Xalçaçı qız”, “Mən nə gətirmişəm”, “Arazın şikayəti” kimi şeirləri xalqımızın taleyi haqqında ağrılı hisslərlə qələmə alınmışdır.

“Alapalazoğlu” şairin cənub mövzusunda yazılmış süjetli şeiridir. Balaca bir əsərdə şair cənubda yaşayan Azərbaycanlı müğənninin məğrur obrazını yaradır. Xan məclisinə dəvət edilmiş Alapalazoğlu adlı müğənni xan üçün farsca oxumaqdan imtina edir. Xan isə müğənniyə əlli çubuq vurdurur. Məğrur müğənni sınmır, bu sətirlərlə xanın üzünə qayıdır:

Хan,

Sən əmr eyləyəndə yoxdu həvəsim,

    Sandım ki, heç zaman olmayıb səsim.

     Qubarlıydım azca, süstdüm bir qədər,

                Yaltaqlar, ilhamı dərk etməyənlər,

                 Qızdırdılar səni, durub yanında

                 Demədilər axı oxuyanın da

  Qəlbi var, hissi var, möhnəti də var!

                 Daşdan yaranmayıb aхı sənətkar

 

Humanist şair həm sənətkarın yaradıcılıq azadlığını, həm də milli hüquqlarını tərənnüm edir, sənətin zordan daha güclü olduğunu  ortaya qoyur.

Məmməd Rahimin Cənub mövzusunda yazdığı şeirlər o tayda da diqqəti cəlb etmişdi. Böyük Şəhriyarın şeirləşdiyi, adını tutduğu, poetik məktub yazdığı şairlərdən biri də Məmməd Rahim idi.

1950-1960-cı illərdə şair epik formalara müraciət edir, poema və mənzum dramlar yazır. “Xəzər sularında” poeması dəniz neftçilərinə, Neft Daşları şəhərini quran əmək adamlarına həsr olunmuşdu. 50-ci illərdə bu, ictimai sifariş xarakteri daşıyan bir mövzu idi, ona görə də nəsrdə, publisistikada, kinoda və poeziyada geniş işıqlandırılırdı. Bütün ölkə dənizdən neft çıxaran mühəndislər, fəhlələr, geoloqlarla fəxr edirdi. Bu dövrdə Məmməd Rahim də “Ögey ana” adlı daha bir poema yazmışdı.

Sözügedən illərə aid poemalardan ikisi isə tarixi şəxsiyyətlərə, sənətkar və zaman probleminə həsr olunmuşdu. Bunlar “Sayat Nova” (1956) və “Natəvan” (1962) poemaları idi. Birinci poema azərbaycanca şeirlər demiş erməni sairinə, ikincisi isə XIX əsr şairi, Qarabağ xanının varisi Xurşidbanu Natəvana həsr olunmuşdu. Şair Natəvanı bir maarifpərvər kimi, xalqın dərdinə yanan bir rəhbər kimi təsvir edir. O, Şuşaya su çəkdirir, Şairlər Məclisi yaradır, məktəblər açır, körpülər tikir. O, hətta Azərbaycan xanlıqlarının  birliyi barədə düşünür. Natəvanın bu cür müsbət obrazı sonralar nəsrdə və teatrda dəfələrlə canlandırılmışdır.

Şair 1955-ci ildə “Xaqani” mənzum dramını yazmışdır. Əsər­də konfliktsizlik nəzəriyyəsinin təsiri güclüdür. Güclü konflikt olmadığından xarakterlər də zəifdir və oxucunu, tama­şa­çını öz ardınca apara bilmir. 1960-1970-ci illərdə şairin bir sıra oriji­nal kitabları və “Seçilmiş şeirlər” topluları da nəşr olun­muşdur.

        Müharibə mövzusu. Məmməd Rahimin yaradı­cılığının məhsuldar çağı müharibə illərinə təsadüf edir. Təkcə o yox, bütün sosialist realizmi mövqeli şairlər sifarişlə, zamanın diktəsi ilə daha asan yazırdılar. Onların hamısı kimi Məmməd Rahimin də 1941-1945-ci illərdə bir neçə kitabı çıxdı. “Tərlan”, “Vətən sevgisi”, “Onu Don qucaqladı”, “Səhərin nəğməsi”, “Ölməz qəhrəman” kitabları bu dövrə aiddir.

M.Rahimin müharibə dövrü yaradıcılığı o zamankı şeirin ümumi məcrasındadır. Çağırış, qəhrəmanlıq, fədakarlıq lirikası onun müharibə dövrü şeirlərinin əsas motivləri idi. Bu şeirlər rəsmi mətbuatın qələbəyə inam təbliğatını, davaya getmiş əsgərlərin kütləvi qəhrəmanlığını tərənnüm edirdi. Sosialist realizmi məktəbinə məxsus digər şairlər kimi, M.Rahim də müharibəyə öz şəxsi münasibətini çox, rəsmi münasibəti və əhval-ruhiyyəni əks etdirirdi. Məsələn, “Don onu qucaqladı” adlı şeirində qəhrəman bir əsgər obrazı yaradılır. Bu obraz canlı əsgər və insan olmaqdan çox, Stalin rejiminin bütün əsir düşən əsgərlərin satqın olması barədə tezisini təbliğ edirdi. Döyüşün qızğın çağında almanlara əsir düşmək təhlükəsi real olanda şairin bu qəhrəmanı ölümü üstün tutur və faşistlərin əlinə keçməmək üçün özünü Don çayına atıb boğur. Əsir düşməkdənsə, özünü öldürməyi daha münasib hal kimi təbliğ edən bu şeir, əslində qəhrəmancasına döyüşüb əsir düşmüş minlərlə hərbi əsiri təhqir edir, onların vətənə sədaqətini şübhə altına alırdı. Bu qəhrəman çayda özünü boğarkən Dona belə müraciət edir:

 

Gözəl Don, qulac-qulac,

Qollarını mənə aç!

Deyib yumdu gözünü,

Atdı çaya özünü.

 

Məmməd Rahimin müharibə dövrü şeirlərində kövrək, faciəli, ağrılı motivlər də xeyli yer tutur. Bunlar müharibə illərinin tragizmini, itkilərini, insan ümidlərinə qarşı qənimliyini göstərən təsirli nümunələrdir. Lakin şairin ən yaxşı, ən tragik şeirlərində də ritorika, süni qəhrəmanlıq motivləri ümumi təsirə xələl gətirir, müharibə mövzusunun həqiqi məzmununa və mahiyyətinə yad səslənir. Ancaq bu qəbildən olan qüsurların çoxu dövrün əhval-ruhiyyəsindən, rəsmi dövlət mətbuatındakı rəsmi lovğalıqdan irəli gəlirdi. Faşizmi və onun ordusunu zəif, qorxaq, aciz göstərmək o zaman həm də təslimçilik və bədbinlik ovqatlarına qarşı mübarizənin bir forması idi. Bu işə bütün ədəbiyyat da cəlb olunmuşdu.

Müharibədən sonrakı illərdə M.Rahimin yaradıcılığında ən qiymətli mövzulardan biri Cənub mövzusu idi. Bu şeirlərdə o tayda yaşayan soydaşlarımızın hüquqsuzluğu, şah despotizmi altında əziyyət çəkməsi, ana dilində danışmaqdan məhrum olması kimi motivlər üstünlük təşkil edir. Şair o taylı qardaşlarımızın taleyini bütün məzlum Şərq xalqlarından, müstəmləkə zülmü altında olan bütün insanlardan ayırmırdı. Bu, o zamanın poeziyası üçün ümumi və səciyyəvi olan bir xüsusiyyət idi.

Müharibədən sonra Məmməd Rahim sovet yazıçı heyətləri tərkibində xarici ölkələrə gedir və bu münasibətlə çoxlu lirik əsərlər yazırdı. Bu əsərlərin əsas motivlərindən biri kommunizmin dünyaya yayılması, sovetlərin digər ölkələrdəki marksist əqidəli insanlara yardımı idi. Bu kommunist təbliğatının bir forması, bütün dünyada kommunist rejimlərinin təriflənməsi mövzusu idi. Bu da sifarişli mövzu idi. Əslində o dövrdə Şərqi Avropada və dünyanın digər yerlərində müharibədən sonra qurulan rejimlər sovet silahının gücü ilə iqtidara gəlirdilər.

Məmməd Rahimin yazdığı poemaların çoxu ənənəvi sovet mövzularında qələmə alınmışdır. Məsələn, “Döyüş günləri” poeması 1905-ci il rus inqilabı ilə bağlı hadisələrə həsr olunub. “Ölməz qəhrəman” poeması isə Moskvanın əmri ilə 1920-ci illərdə Azərbaycanın ağası və rəhbəri təyin edilmiş S.M.Kirovu tərənnüm edir. Əsərdə Azərbaycan xalqına və onun taleyinə yad olan, Moskvanın faktiki canişini olmuş S.M.Kirov ritorik bir dillə tərif edilmişdir. Bu mövzu həm də sosialist realizminin leytmotivi sayılan xalqlar dostluğu barədə idi. Bədii ədəbiyyatda təriflənən bu dostluq ancaq müxtəlif millətlərdən olan bolşevik məmurları arasında var idi. Amma 70 il fasiləsiz təriflənən bu dostluq real həyatda yox idi. Məsələn, Erməni-Azərbaycan dostluğu barədə minlərlə məqalə və əsərlər yazılsa da, Qarabağda yenidən sərhəd müharibəsi başladı və bolşevik təbliğatının riyakarlığı sübut olundu.

M.Rahimin ən yaxşı poeması olan “Leninqrad göylərində” əsəri Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin obrazını yaratmışdır. Azərbaycanlı döyüşçünün igid obrazını yaradan bu əsər mövzu baxımından gərəkli bir əsərdir, oxucuda dərin vətənpərvərlik hissləri aşılayır. Əfsanəvi təyyarəçinin  döyüş yolunu əhatəli şəkildə təsvir edən bu əsər qəhrəmanın ölümü ilə bitir. Şair bu faciəni hüzn, ağrı dolu sətirlərlə təsvir edir:

 

Ağlama, ağlama, şeirim ağlama,

Başını uca tut, qara bağlama,

Vətənə çatmasın ahın amandır!..

 

İlk variantı “Hüseynbala” adlanmış bu qiymətli əsərə şair sonradan “Leninqrad göylərində” başlığı vermiş, ona təkcə Azərbaycanın yox, bütün sovetlər ölkəsinin qəhrəmanı kimi məna verməyə çalışmışdır. Çünki sosialist realizmi bütün hallarda əsərlərin beynəlmiləl baxımına onların milli məzmunundan daha çox əhəmiyyət verirdi və şair də bu məntiqlə hərəkət etmişdi. Belə mövqe səbəbsiz deyildi: proletar şairləri bütün şöhrətə və hörmətə kommunist əqidəsini tərənnüm etmək sayəsində çatmışdılar. Lakin poemada şairin milli hissləri də qabarıqdır və poemanın uğurunda bu, mühüm rol oynamışdır. Şair öz qəhrəmanı Hüseynbala barədə milli qürur hissləri ilə danışanda daha çox uğur qazanır:

Qalın buludları yar şimşək kimi,

Parla ümid kimi, gələcək kimi.

Yayılsın ellərə şərəfin, şanın,

Ucalt şöhrətini Azərbaycanın!

 

Tərcümələri. Məmməd Rahim Azərnəşrdə tərcüməçi kimi işə düzəlməzdən qabaq  tərcüməçiliklə məşğul olurdu. O dövrdə cavan proletar şairləri Moskva mətbuatına təqlid edir, yuxarıların xoşuna gəlmək üçün rus proletar ədibləri V.Mayakovskiyə, D.Bednıya və başqalarına bənzəməyə çalışırdılar. Rus ədəbiyyatından öyrənmək normal, qabaqcıl bir şüar idi və ədəbi dairələrdə təbliğ olunurdu. Ona görə onların  proletar mövqeli ilk əsərləri çox zaman rus proletar ədəbiyyatının təqlidindən ibarət olurdu. Lakin buna mənfi qiymət verilmirdi, əsas o idi ki, bolşeviklərin yeni proletar ədəbiyyatı yaratmaq şüarı milli ucqarlarda, Azərbaycan kimi respublikalarda da yayılsın. Bu barədə mərkəzə hesabatlar hazırlanır və onlar mətbuatda çap olunurdu.

Tarixi şəkildə yanaşanda bu proses marksist ədəbiyyat konsepsiyasının və dünyagörüşünün Azərbaycanda yayılması dövrü idi. Bədii səviyyəsindən və keyfiyyətindən asılı olmayaraq, bu proses mütərəqqi xarakter daşıyırdı. Marksist və proletar ədəbi mədəniyyəti yaradılmasının əsas forması isə tərcümə sənəti idi. Bolşevik Maarif Komissarlığında bunu başa düşür və Azərbaycan dilinə çevrilən bədii tərcümələrin nəşrinə birinci dərəcəli əhəmiyyət verirdilər.

Tərcümənin digər aspekti Azərbaycanda qabaqcıl rus mədəniyyətinin yayılması idi. Çar hökuməti vaxtından qalma bu meyl yerli kadrların rus dövlətinə sədaqət ruhunda  tərbiyəsi üsulu sayılırdı. 30-cu illərdən başlayaraq bolşeviklər də bu işin əhəmiyyətini başa düşdülər və “bir mədəniyyətdə iki mədəniyyət” konsepsiyasına uyğun olaraq inqilabi ruhlu rus mədəniyyətinin Azərbaycan dilinə və başqa dillərə çevrilməsinə ciddi önəm verməyə başladılar. Bu prosesin əsas əlamətləri Məmməd Rahimin tərcüməçilik fəaliyyətində özünü göstərir.

Onun Mayakovski kimi solçu proletar şairlərdən tərcümələri yoxdur. Amma A.S.Puşkin, M.Lermontov, A.Nekrasov, A.Blok, A.Tvardovski kimi görkəmli rus şairlərindən çevirmələri vardır. Onun ilk tərcümə kitabı 1932-ci ildə çap olunmuşdur. Bu, Aleksandr Blokun bolşeviklər tərəfindən bəyənilən və inqilabi məzmunlu sayılan “On ikilər” poemasının tərcüməsidir. Bu balaca kitabça şairin tərcüməçilik meyarlarının təşəkkülündə mühüm rol oynadı.

Məmməd Rahim cavan vaxtlarından şair-tərcüməçi üçün mühüm olan bir həqiqəti anladı: şair böyük, çətin şairləri çevirəndə özü də inkişaf edir. Ana dilinin sirlərini, potensial imkanlarını mənimsəyir və bu, nəticə etibarilə onun orijinal yaradıcılığına da fayda vermiş, qüvvət vermiş olur. A.Blok tərcümə üçün çətin, mücərrəd və zərif düşüncə tərzi olan bir şair idi.

Məmməd Rahimin ömür boyu  sevə-sevə tərcümə etdiyi şairlərdən biri də Mixail Lermontov idi. O qısa və faciəli ömür sürməsinə baxmayaraq, rus ədəbiyyatına güclü təsir göstərmiş, şəxsiyyət azadlığının və məhəbbət hisslərinin misilsiz nəğməkarı olmuşdur. Məmməd Rahim bu şairin ana dilimizə doğma, yaxın səslənməsi, onun fikir dünyasının qorunması üçün böyük zəhmət çəkmişdir. Şair M.Lermontovdan etdiyi tərcümələri daim təkmilləşdirir və yeni nəşrlərdə daha bədii səslənməsində çalışırdı.

  1. Lermontovdan edilən tərcümə kitablarının üçü uşaqlar üçün yazılan şeirlərdən ibarətdir. 1939-cu ildə “Uşaqgəncnəşr”də 44 səhifəlik “Mtsıri”, yenə həmin ildə “Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə” kitabları çapdan çıxdı. Bu kitablar illüstrasiyalı buraxılmış və ədəbi qiraət dərslərində istifadə edilmək üçün nəzərdə tutulmuşdu.

İkinci kitab 1961-ci ildə həmin nəşriyyatda işlənmiş variantda ikinci dəfə nəşr olundu. Şair həmçinin A.Puşkinin “Ruslan və Lyudmila” poemasını dilimizə tərcümə etmişdir. Bu əsər 1949-cu ildə ayrıca kitabça şəklində çapdan çıxmışdır.

Məmməd Rahim M.Lermontov poeziyasının Azərbaycanda əsas tərcüməçisi sayılırdı. 1930-cu illərdə o, rus şairin seçilmiş şeir və poemalardan ibarət kitabı üzərində işlədi. Bu əsərlər “Seçilmiş şeir və poemalar” adı ilə “Azərnəşr”də kütləvi tirajla 1939-cu ildə çapdan çıxdı. Şair həmçinin gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının üç tərcüməçisindən biri idi. Bu tərcümə ilk dəfə 1937-ci ildə, ikinci dəfə isə 1966-cı ildə çapdan çıxmış və mütəxəssislərin müsbət rəylərini almışdır.

Məmməd Rahimin tərcüməçilik fəaliyyətinin məhsuldar bir dövrü Böyük Vətən Müharibəsi illərinə təsadüf edir. 1940-cı illərin əvvəlində Nizami “Xəmsə”sinin ana dilinə tərcüməsi barədə qərar qəbul olunanda, “Yeddi gözəl” poeması Məmməd Rahimə həvalə edilmişdi. Şair bu poemanı farscadan edilmiş sətri tərcümələr əsasında  yüksək səviyyədə ana dilində səsləndirmişdir. “Yeddi gözəl” ilk dəfə 1946-cı ildə ayrıca kitabça şəklində çapdan çıxmış, 1983-cü ildə isə onun ikinci nəşri buraxılmışdır. Məmməd Rahim bu gözəl poemanın tərcüməsinə yüksək, Nizaminin adına layiq məsuliyyətlə yanaşmışdır.

Onun dünyanın böyük şairləri Şiller, Petefi, Beranje və başqalarından da tərcümələri vardır.

         1930-1960-cı illərdə rəsmi sosialist realizmi şeirinin əsas nümayəndələrindən biri olmuş Məmməd Rahim milli mövzularda, folklor süjetləri əsasında da xeyli əsərlər yazmışdır. Onun Nizamidən, Şota Rustavelidən və digər şairlərdən etdiyi tərcümələr də əhəmiyyətli idi və şeir dilinin inkişafına xidmət edirdi. Lakin Məmməd Rahimin rəsmi mövzulara müraciəti və rəğbəti onun yaradıcılığında daha geniş yer tutur.