Həyatı və fəaliyyəti. Akademik Məmməd Cəfər Azərbaycanın 1940-1960-cı illər tənqidinin ən görkəmli nümayən­dəsi, yorulmaz ədəbiy­yatşü­nas, nəzəriyyəçi və filosof olmuşdur. Böyük Vətən Müharibəsindən sonra o, tənqid və ədəbiyyatşünaslıq fikrində xalqçılıq cərəyanının yaradıcısı və təbliğatçısı kimi tanınır.

Məmməd Zeynalabdin oğlu Cəfə­rov 1909-cu il mayın 9-da Naxçıvanda dərzi ailəsində doğulmuşdur. Uşaq yaşlarından ata-anasını itirən Məmməd ailədə böyük uşaq olduğu üçün valideynlərini əvəz etməyə çalışmış və yetim qardaş və bacılarını dolandırmaq üçün fəhləlik etmişdir. Naxçıvanda ibtidai təhsil aldıqdan sonra buradakı Pedaqoji Texnikumu (1928-1932) bitirmişdir. Həmin ildən Bakıya gələn Məmməd V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsinə daxil olur və dövrün aparıcı bolşevik qəzetləri olan «Gənc işçi», «Maarif işçisi» qəzetlərində  ədəbi işçi və şöbə müdiri işləyir. Məmməd cavanlıqdan fəhləlik etdiyi üçün yeni rejimin axtardığı «proletar ziyalısı»  tələblərinə tam uyğun gələn kasıb bir yetim, həm də təhsilə və elmə ehtiraslı həvəsi olan bir şəxs idi. 24-25 yaşlarından mətbuat mühitinə düşən Məmməd ilk yazılarından diqqəti cəlb etdi. Sağlam və aydın fikir tərzi, iti ağıl, köklü savad və məlumat onun ilk məqalələrini fərqləndirən məziyyətlər idi.

İlk illərdən Məmməd Cəfər imzası ilə çıxış etməyə başlayan ədib APİ-nin Qərb ədəbiyyatı kafedrasının aspiranturasında oxuyur (1935-1938). 1944-cü ildə «M.F.Axundovun ədəbi-tənqidi görüşləri» mövzusunda namizədlik, 1962-ci ildə «XX əsr Azərbaycan romantizmi» mövzusunda doktorluq dissertasiyası yazır. Məmməd Cəfərin Azərbaycan romantizminə həsr olunmuş bu əsəri ədəbiyyat elmimizdə xüsusi mərhələ təşkil edir. Stalinizmin ifşasına qədər bizim Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət, H.Cavid kimi böyük şairlərimiz ümumtürk birliyi ideyalarına meylli olduqları üçün «mürtəce romantiklər» kimi qələmə verilirdilər. Bu dəhşətli ədalətsizlik idi. Bu şairlər dərin vətənpərvərlik və parlaq ədəbi istedadları ilə fərqlənirdilər.

Bu ədalətsizliyi yaxşı bilən Məmməd Cəfər 1956-cı ildə stalinizm ifşa olunan kimi demokratikləşmə mehindən istifadə edib Azərbaycanın romantik poeziya məktəbinə ədəbi bəraət verməyə çalışdı, onların ədəbiyyatımız qarşısında xidmətlərini üzə çıxarmağa nail oldu. Bu həm də tarixi ədalətin bərpası idi. Alim romantiklər barədə tədqiqatın bir hissəsini - H.Cavidə aid fəsli genişləndirib ayrıca kitab şəklində 1961-ci ildə çap etdirdi. H.Cavid əsassız olaraq 1938-ci ildə həbs edilib Sibirə sürgün edilmişdi. 1941-ci ildə qürbətdə vəfat etmiş şair haqqında kitab, unudulmaqda olan Hüseyn Cavidi ədəbiyyat tarixində yenidən bərpa etdi, onun əsərlərinin geniş təhlilini verdi.

Ədib 1941-1943-cü illərdə «Ədəbiyyat qəzeti»ndə şöbə müdiri, 1945-1949-cu illərdə isə baş redaktor olmuşdur. 1951-1953-cü illərdə ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Ədibin sonrakı fəaliyyəti EA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. 1959-1962-ci illərdə Sovet ədəbiyyatı, 1963-1982-ci illərdə isə Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Məmməd Cəfər ədəbi fəaliyyətə başladığı 30-cu illərin əvvəllərində öz yaşıdları olan cavan marksist ədəbiyyatçı kadrlarının çoxundan savadlı və zəhmətsevər idi. Lakin o zaman rus inqilabçı demokratları - V.Belinskinin, A.Dobrolyubovun, M.Gertsenin, N.Çernışevskinin yaradıcılığı inqilabi demokratiya nümunəsi sayılırdı və gənc marksist ədəbiyyatçılar üçün nümunə idi.

Məmməd Cəfər «Gertsen» adlı məqalə ilə tənqidə gəlmiş və 70-ci illərin sonuna qədər XIX əsr rus klassikləri haqqında qiymətli məqalə və kitablarını yazmışdır. Onun bu mövzuda «Rus ədəbiyyatı tarixi oçerkləri» kitabı 1939-cu ildə, iki cildlik «XIX əsr rus ədəbiyyatı tarixi» (1970, 1974) kitabı isə sonralar çıxmışdır. Məmməd Cəfərin XIX əsr rus ədəbiyyatından dediyi mühazirələri ona tələbələrinin kütləvi pərəstişi ilə nəticələnirdi. O, rus inqilabçı-xalqçılarının - V.Belinskinin, N.Çernışevskinin əsərlərini xalq köklərinə məhəbbət, vətənin xoşbəxtliyi ilə yaşamaq, mənsub olduğun xalqı sevmək ideyalarının təbliği kimi qururdu. Rus xalqçıları çar üsuli-idarəsinin qəddar düşməni, kəndli inqilabının ideoloqu, Rusiyada təhkimçilik hüququnun amansız tənqidçiləri idilər. Məmməd Cəfərin mühazirələrində şərh etdiyi bu ideyalar tələbələrin milli hisslərini oyadır, onların dünyagörüşünü dəyişirdi.

Məmməd Cəfər yaradıcılığa başladığı ilk illərdən hekayə və oçerklər də yazmışdır. Onun nəsrinin əsas qismini satirik-yumoristik hekayələr təşkil edir. Bu hekayələri ədib «M.Zey­nal­oğlu» imzası ilə çap etdirmişdir. «Zurnaçı», «Dəmdəməki», «Zo­rən təbib» və s. belə hekayələrdir. Ədib satirik əsərlərində ziyalı mühitində, mətbuat aləmində rast gəldiyi mühafizəkar, zamandan geri qalmış, eybəcər vərdişlərdən yaxa qurtara bilməyən tənbəl, zəif iradəli insanları tənqid atəşinə tutur, onları həyat tərzini dəyişməyə sövq edir. Ədib Böyük Vətən Müharibəsi dövründə də nasir qələmini işlətmiş, faşizmə qarşı vuruşan döyüşçülərimizin mətin, qorxmaz obrazlarını yaratmağa çalışmışdır. Onun bu qəbildən olan əsərləri 1942-ci ildə «Azərnəşr» tərəfindən ayrıca kitab şəklində «Snayper İlyas» adı ilə buraxılmışdır.

Xalqçılıq cərəyanının yaranması. Məmməd Cəfər böyük şairimiz Səməd Vurğunun yaradıcılığının misilsiz milli əhəmiyyətini ilk anlayıb şərh edən tənqidçi olmuşdur. Onun Səməd Vurğuna münasibətinin müəyyənləşməsində V.Belinski ənənələrinin təsiri olmuşdur. Belinski A.S.Puşkin haqqında yazdığı kitabında onu rus millətinə mənsub olması ilə fəxr edən ilk rus milli şairi adlandırmışdı. Məmməd Cəfər də «Səməd Vurğun yaradıcılığında xəlqilik» adlı əsərində şairin şeirlərində özünü büruzə verən milli iftixar hisslərinə diqqəti cəlb edir və şairin öz milli mənsubiyyəti - azərbaycanlılığı ilə fəxarət hisslərini əks etdirən əsərlərini, xüsusilə «Azərbaycan» şeirini bu motivin parlaq nümunəsi kimi yüksək qiymətləndirirdi.

Marksistlər «millilik» məfhumunu gerilik hesab edirdilər, milli respublikalarda isə bu sözün işlədilməsi belə qadağan idi. 1937-ci ildə güllələnən ziyalıların əksəriyyətinə verilən ittihamlardan biri «millətçilik» idi. Ona görə sovet şəraitində ancaq «xalqçılıq» məfhumundan istifadə etmək mümkün idi.

Səməd Vurğun yaradıcılığı sovet quruluşunun tələb etdiyi əsas mövzularla yanaşı, xalq həyatının və ukladının tərənnümü ilə zəngin idi. Məhz bu xüsusiyyəti ilə böyük şair müasirlərinin hamısından fərqlənir və şeirimizdə xüsusi mövqe qazanırdı. Alim göstərir ki, Səməd Vurğunun xəlqiliyi onun zəhmətkeş kəndli həyatına və məişətinə hörmət və məhəbbəti kimi meydana çıxırdı. O, xalqçılığı - millətlərin dilində, mənəviyyatında, əxlaqında olan ən yaxşı keyfiyyətləri kəndlə, kəndli mənəviyyatı və adət-ənənəsi ilə bağlayırdı.

Paxıl və kosmopolit ədəbiyyatçılar S.Vurğun yaradıcılı­ğın­da bu xüsusiyyətləri hiss edir, lakin o zamankı rəsmi məfkurəyə zidd olan «millətçilik» kimi qələmə verirdilər. Məmməd Cəfər belə hallarla açıq diskussiyaya girməsə də, onun məqsədi belə səhvləri ortaya qoymaq idi. M.Cəfər Səməd Vurğun xəlqiliyinin, onun «Vaqif», «Fərhad və Şirin» və onlarla digər əsərlərindəki vətənpərvərlik hisslərinin bütün ədəbiyyat tariximiz baxımından qiymətli bir hadisə olduğunu ortaya çıxarırdı. Məmməd Cəfər böyük Səməd Vurğunun xəlqiliyində xalqımızın misilsiz, mərd və qəhrəman milli simasını görürdü, milli mənəvi dəyərlərimizin parlaq poetik ifadəsini axtarırdı. Məhz bunları poetik şəkildə ifadə etməyi bacardığı üçün Səməd Vurğun böyük milli şair idi. Onun yaradıcılığının vətənpərvər məzmunu bununla şərtlənirdi.

A.S.Puşkin kimi Səməd Vurğun da sadə xalq şeiri üslubuna əsaslanan yeni şeir dilinin əsas yaradıcısı və bayraqdarı idi. XVI əsrdən başlanıb gələn xalq şeiri üslubu məhz Səməd Vurğunun təsiri ilə müasir şeir yaradıcılığında şəriksiz hökmran oldu, əruzda yazmaq ənənəsi kənarda qaldı. Məmməd Cəfər göstərirdi ki, Səməd Vurğunun yaradıcılığı və poetik irsi M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı kimi klassik­lərimizin davamı və inkişafıdır. Onun irsinin əhəmiyyəti sovet ədəbiyyatı çərçivələrindən çox-çox kənara çıxır. Tənqidçinin «Vaqif», «Fərhad və Şirin», «Qatır Məmməd», «Gələcək gün», «Mir Cəlal» kimi məqalələri ədəbiyyatımızda xalqçılığın bir ədəbi istiqamət səviyyəsində mövcudluğunu ortaya qoyurdu, onu ədəbi prosesin faktı kimi təhlil edib qiymətləndirir və oxucuya təqdim edirdi. M.Cəfərin şəxsi fəaliyyətində vətənpərvərlik, milli tərəqqi ideyalarına xidmət ədəbi tənqidin də prinsipinə çevrildi və tənqiddə milli cərəyanın bərqərar olmasına yol açdı.

O zamanlar xalqçılıq, marksist estetikanın kateqoriya­larından sayılırdı. Marksistlər bu anlayışı ancaq sinfi mübarizə baxımından qiymətləndirir, xalq sözü ilə varlı və kasıb sosial təbəqələri bir-birinə qarşı qoyurdular. Lakin Məmməd Cəfərin əsərlərində xalqçılığın Azərbaycan variantı yaradılırdı.

Xalqçılığın klassik irsə tətbiqi. Məmməd Cəfər cavan­lığında, 30-cu illərdə marksist nəzəriyyəsini yaxşı öyrənmişdi. Lakin bolşevik rus millətçiləri xırda xalqların mədəniyyətlərinə düşmən kəsilmişdilər; SSRİ çoxmillətli ölkə idi, ədəbiyyatların milli özəllikləri araşdırılanda isə milli ovqatlar ortaya çıxırdı. Bolşeviklər belə ovqatları xırda millətçilik adlandırırdılar. Böyük Vətən Müharibəsi vaxtı vətənpərvərlik və xalqçılıq ideyalarına geniş meydan verildikdən sonra Azərbaycan xalqının tarixi və ona həsr olunmuş əsərlər geniş təbliğ olundu.

Nəticədə Azərbaycan ədəbiyyatında olan, lakin əvvəllər dilə gətirilməyən milli sima və özəlliklər üzə çıxdı.

Bu özəllikləri, min illik ədəbiyyatımızın milli simasını və xəttini gözəl dərk edən alimlərimizdən biri də Məmməd Cəfər idi. O, 30-cu illərdə evlənəndən sonra övladı olmamışdı, bütün məhəbbətini, həyatının mənasını milli ədəbiyyatımızın öyrənilməsinə vermişdi.

Məmməd Cəfər 40-cı illərin sonlarından başlayaraq, Niza­mi, Nəsimi, Füzuli, Axundov, Mirzə Cəlil, Zərdabi kimi klassiklə­rimiz haqqında məqalələr yazmağa başladı. Bu məqalələr­də artıq marksist elmin sinfi mübarizə, xalq üsyanları, allahsızlığın mədhi kimi dəyərlərini axtarmaq yox idi. Məmməd Cəfərin Azərbaycan klassiklərində axtardığı və tapıb üzə çıxardığı əsas dəyərlər ədəbiyyatla xalq taleyinin əlaqələri, klassiklərdə milli simamızın və əxlaqi dəyərlərimizin tərənnümü idi.

Tənqidçinin «Ünvansız məktub», «Bədii ümumiləşdirmə və romantika», «Açıq kitab» kimi məqalələri xalqçılıq cərəyanının manifestləri idi. Tənqidçi ən gözəl əsərlərindən olan «Füzuli sevir» məqaləsində böyük şairin kədəri barədə müxtəlif konsepsiyaları saf-çürük edir və öz konsepsiyasını irəli sürürdü: Füzuli kədəri xalq kədəridir. Dərəbəylikdən, zülmdən, cəhalət qaranlığından bezmiş köməksiz insanların yeri-göyü yandıran ah-naləsidir. Bu tənqidçinin kəşfi idi, Füzuli qəzəliyyatında böyük xalq dəyərinin tapılması idi.

Tənqidçi Nizami kimi səkkiz əsr əvvəl yaşamış klassikdə də xalqın tarixi və intellektual gücünü, onun mənəvi ölçülərinin böyüklüyünü axtarırdı.

Məmməd Cəfərə aydın olmuşdu ki, ədəbiyyatı xalqçılıq dəyərlərindən, millətin taleyindən, ruhundan ayıranda onun mənası ölür və ədəbiyyat qafiyə və söz yığınına çevrilir. Alim ədəbiyyatları xalqların milli ruhunun ifadəsi kimi anlayan Avropa romantik xalqçılarının nəzəri irsi ilə də tanış idi.

Səməd Vurğun «İnsan» dramında bəşəriyyətin gələcəyi ilə bağ­lı fəlsəfi problemlər qoyur, «Qalib gələcəkmi cahanda ka­mal?» sualı ilə öz fəlsəfi narahatlığını bildirirdi. Məmməd Cəfər bu drama, mücərrəd romantika kimi irad tutmağa çalışanlara cavab verərək deyirdi: «İnsan» dramındakı dərin fəlsəfi narahatlıq, polemika Azərbaycan xalqının yüksəlmiş milli mənlik düşüncəsinin ifadəsidir, indi xalqımız təkcə öz taleyi barədə deyil, bütün bəşəriyyətin gələcəyi miqyasında düşünür. Bu, xalqın mənəvi qüdrətidir, onun tərəqqisidir, gələcəyə boylanmasıdır.

Məmməd Cəfər üçün tənqid yazıçını tənbeh etmək, ona irad tutmaq üsulu deyildi. Alim belə xırda hisslərdən yüksəkdə idi. Onun üçün hər bir əsər və bütünlükdə ədəbiyyat xalqın ruhunun və mənəvi gücünün ifadəsi üsulu idi.

C.Məmmədquluzadə və M.Ə.Sabir kimi klassiklər Məmməd Cəfər üçün zamanla ayaqlaşmaq istəyən xalq şüurunun ən uca və müasir ifadə forması idi. Onların təhlili zamanı tənqidçi həm də xalqın yaxın tarixi və taleyi barədə öz qiymət və qənaətlərini ifadə edirdi. «Sabir vətəni necə sevirdi» məqaləsində müəllif öz oxucusuna sadə və bədii bir dillə vətənpərvərlik dərsi keçir: özünü vətənə, onun dərdlərinə həsr edən sənətkarlar əbədilik qazanır, milli sərhədləri keçərək bütün azadlıq və ədalət sevən insanların əzizi olurlar.

Məmməd Cəfərin şəxsiyyəti. Məmməd Cəfər dərin fəlsəfi biliyi və mütaliəsi olan bir parlaq şəxsiyyət idi. O, 60-cı illərdə Amerika praqmatik fəlsəfəsini də gözəl mənimsəmişdi. Bu barədə bir şey yazmasa da, 1963-cü ildən praktik və faydalı işlər görmək üçün ədəbi intriqalardan qaçıb Nizami adına Ədəbiyyat İnstitutunda adi şöbə müdiri işləyirdi. Lakin bu müddətdə onun iyirmiyə qədər qiymətli kitabları çıxmışdı. O, danışmaqdansa, konkret və faydalı işlər görməyə üstünlük verirdi.

Alim demək olar ki, danışmır, yanında söylənən ən sərt fikir­lərə belə münasibət bildirmirdi. İstedadlı, şəxsiyyətli, uzaq­görən tələbələrinə kömək etməyi xoşlayır və bunu Azərbaycan ədəbiyyatına xidmət forması hesab edirdi. Heç zaman səsini qaldırmır, heç zaman heç kəsə irad tutmurdu. Qədim hind fəlsəfəsindən gələn mənəvi təkmilləşmə nəzəriyyəsinə üstünlük verir, insanların öz əməllərinə özlərinin qiymət verməsini daha doğru hesab edirdi.

Tələbələrinə əsərlər haqqında yox, bu klassik əsərlərin özünü oxumağı tövsiyə edirdi. Nəzəri və fəlsəfi əsərlərin oxunmasını, ağlı zənginləşdirən mütaliəni həmişə təbliğ edirdi. Mühazirə zamanı astadan danışır, səs salan tələbələrə irad belə tutmurdu. İmtahanda isə ancaq bir şeyi soruşurdu: biletə düşən əsəri oxumusan, yoxsa yox! Ədibin heyrətamiz laqeydliyi barədə çoxlu lətifələr vardır.

Qarabağ hərəkatı ərəfəsi fəaliyyəti. M.S.Qorbaçov 1986-cı ildən aşkarlıq və demokratikləşmə siyasəti yeritməyə başlayandan sonra ictimai elmlərdə milli cərəyanın güclənməsi üçün şərait yarandı. Yenidənqurma dövründə milli ovqatların əsas ocağı olan EA-nın Fəlsəfə, Ədəbiyyat, Şərqşünaslıq institutları əsas demokratik fikir ocaqları idi. Məmməd Cəfər hələ 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru təyin edildi. Alim Yenidənqurma ərəfəsində EA-nın İctimai Elmlər Böl­məsinin akademik katibi seçildi.

Yenidənqurmaya qədər EA sistemi mühafizəkarlıq ocağı sayılırdı. M.Cəfər akademik katib olandan sonra milli ovqatlı, sərbəst düşüncəli kadrlar rəhbər vəzifələrə təyin olunmağa başladı. Yalnız bundan sonra EA xətti ilə çap olunan məqalə və kitablarda demokratik ideyalar geniş yer tutmağa başladı.

Məmməd Cəfərin rəhbərliyi ilə xalqımızın tarixi, dili, ədəbiyyatı barədə uydurma konsepsiyalara yenidən baxılmağa başladı. Akademik M.Cəfər özü  xalqımızın indiki ərazilərə guya X-XII əsrlərdə gəlməsi barədə nəzəriyyəni tənqid etdi. Azər­baycan dili, ədəbiyyatı tarixində ümumtürk və islam dəyərlərinin üzə çıxarılmasında və elmi həqiqətin bərpa edilməsində Məmməd Cəfərin misilsiz elmi və təşkilati rolu oldu. Onun himayəsi və redaktorluğu ilə çıxan kitablarda bu məsələlər milli köklərə qayıtma baxımından qoyulmağa başladı.

Bu illərdə yaşı 75-ə çatmış alim heç kəsdən, o cümlədən partiya rəhbərlərindən də qorxmurdu. Sovetlərin dağılma ərəfəsində böyük alimi yuxarılar akademik-katib vəzifəsindən çıxardılar. Məmməd Cəfər ömrünün sonuna qədər Əlyazmalar İnstitutunda baş elmi işçi işlədi. Bu azad fikirli, idarəolunmaz yenidənqurma adamının sürgün yeri idi. Lakin alimin tələbə və davamçıları 1988-1990-cı il Xalq hərəkatının rəhbərləri və aparıcı adamları oldular.

Akademik Məmməd Cəfər 1992-ci il mayın 11-də Bakıda 83 yaşında vəfat etdi. Məzarı  Fəxri Xiyabandadır.