Həyatı və fəaliyyəti. Sovet dövründə yaranan ədəbiyyatımızda xalqa bağlı milli cərəyanın aparıcı simalarından biri də Mirzə İbrahimov olmuşdur. Onun Azərbaycanın tarixi taleyi barədə yazdığı romanlar ədəbiyyatımızda xüsusi yer tutur.

Mirzə İbrahimov 1911-ci ilin 15 oktyabrında Cənubi Azərbaycanın Sərab vilayətinin Evə kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Gələcək yazıçının atası Əjdər kişi və anası Zəhra kəndin bütün əhalisi kimi əkinçiliklə məşğul olurdular. Mirzənin doğulduğu illərdə İranın iqtisadi geriliyi və  quraqlıq ölkədə dəhşətli aclıq yaratmışdı. Bunun bir səbəbi də 1905–1911-ci illərdə ölkədə baş vermiş Məşrutə inqilabı və onun məğlubiyyəti ilə yaranan siyasi özbaşınalıq idi. Mərkəzi hakimiyyətin laxlaması ölkənin iqtisadi həyatına da öldürücü təsir göstərmişdi.

Mirzənin altı yaşı olanda Evə kəndində adamlar aclıqdan və zəiflikdən ölürdülər. Əjdər kişinin ailəsinin bərəkəti də göyə çəkilmişdi. Anası Zəhra arvadın ölümündən sonra Əjdər kişi Evə kəndinin bir çox sakinləri kimi Bakıya gedib neft mədənlərində iş tapmaq qərarına gəldi. Vəsait olmadığından onlar Bakıya piyada yola düşdülər. Cənubi Azərbaycandan bu taya aparan yollar bir parça çörək üçün neft Bakısına üz tutan cənublu kəndlilərlə dolu idi. Balaca Mirzə bu dəhşətli insan faciəsini gördü və həmişəlik yadında saxladı.

Əjdər kişi Bakıya çatıb iki oğlu ilə Sabunçuda ev kirayələdi. Mirzə kiçik oğlu idi. Sabunçuda onların kəndliləri və Zəhranın qardaşı yaşayırdı. Əjdər kişi əvvəlcə iş axtarmağa başladı. Lakin 1918-ci il Bakıda da iqtisadi və siyasi böhran hökm sürürdü. Bakının daxil olduğu Rus imperiyası ərazisində bir neçə hökumət vardı, qanlı vətəndaş müharibəsi gedirdi…

Didərgin ailənin maddi halı Bakıda da ağır olaraq qaldı. Canı zəifləmiş Əjdər kişi Sabunçuda vəfat etdi. Bir həftə sonra Mirzənin böyük qardaşı Rza da xəstəlikdən dünyasını dəyişdi. Yeddi yaşlı Mirzə tək qaldı. Lakin xeyirxah insanlar kimsəsiz yetimə əl tutdular, onu acından küçələrdə sərgərdan olub ölmək təhlükəsindən qurtardılar. Mirzə sonralar bunu unutmadı və ömrü boyu xalq içindən çıxmış kasıb, lakin istedadlı insanlara əl tutdu, onlara ədəbiyyata gəlməyə və möhkəmlənməyə kömək etdi…

Qısa vaxtdan sonra Mirzə neft mədənlərində işləyən dayısını tapdı və  onun himayəsi ilə yaşamağa başladı. 1920-ci ilin mayında Bakıda bolşevik ordusunun əli ilə qurulan Sovet hakimiyyəti möhkəmləndi. Bu hadisə Mirzənin gələcək taleyini dəyişdi və onu Azərbaycan xalqının rəhbər şəxslərindən birinə çevirdi.

Gələcək yazıçı ibtidai təhsilə nisbətən gec, 11 yaşında başladı. Bolşeviklər öz hökumətlərini fəhlə-kəndli diktaturası sayırdılar və xüsusi təhsil siyasəti yeridirdilər. Onlar bütün vəzifələrə əvvəllər fəhlə işləmiş və bolşevik partiyasının üzvü olan şəxsləri təyin edirdilər. Onlar savadsız fəhlələr üçün qısa savad kursları açırdılar. Fəhlə uşaqları üçünsə Ümumi Əmək məktəbləri yaradırdılar. Fəhlə sinfi hakim sinfə çevrildikdən sonra öz içərisindən yeni kadrlar hazırlamalı idi.

1922-ci ilin payızında 11 yaşlı Mirzəni Sabunçuda fəhlə uşaqları üçün açılmış orta məktəbə qəbul etdilər. Mirzə böyük həvəslə oxumağa başladı. Əkinçi kəndli köklərindən ona misilsiz zəhmətkeşlik və səbrlilik də keçmişdi. Bu keyfiyyətlər ömrü boyu onun əlindən tutdu və onu ictimai xadim, jurnalist və yazıçı kimi ucaltdı. Oxumaqdan və yazmaqdan o, heç vaxt yorulmadı: qələm və kitab onun üçün xalqa xidmət silahı oldu.

Gələcək yazıçının ilk təhsil aldığı 20-ci illər bolşeviklərin apardığı Mədəni İnqilab illəri idi. Bolşevik hökuməti islam dinindən uzaq, ateist təhsil sistemi yaradırdı. Bunun üçün yeni ümumtəhsil məktəblərindən, fəhlə klublarından istifadə olunurdu. Əsas şüar isə fəhlə və kəndlilər arasından çıxmış alim və ziyalılar sinfi yaratmaq idi. Hələ orta təhsil illərində Mirzə təhsilə marağı, zəhmətkeşliyi, mütaliəni sevməsi ilə diqqəti cəlb etdi.

Bütün fəhlə balaları kimi Mirzə 15 yaşında komsomola yazıldı. 19 yaşında isə bolşevik partiyasının üzvü oldu: bu, 1930-cu il idi. Kasıb, kimsəsiz kəndli oğlu ictimai həyata can atır, qaynar mühitlə birgə addımlamağa çalışırdı. Müxtəlif dərnək və yığıncaqlarda iştirak edirdi. 1928–1930-cu illərdə indiki Balaxanı qəsəbəsi ərazisindəki Vorovski adlanan mədən ərazisində fəhlə kitabxanası var idi. Həmin kitabxanadakı ədəbiyyat dərnəyini görkəmli yazıçı Seyid Hüseyn aparırdı. Dərnək həftədə bir dəfə yığılır, müxtəlif əsərləri müzakirə edir və yeni yazılan ədəbi nümunələrin oxunuşunu təşkil edirdi. Təcrübəli mətbəə fəhləsi olan S.Hüseyn dərnəyin çap üsulu ilə aylıq ədəbiyyat vərəqəsini buraxırdı. Mirzənin dərnək yoldaşlarının ilk şeirləri də bu vərəqədə çap olunmuşdu. Dünənki fəhlə uşaqları öz yazılarını çap olunmuş formada görəndə ədəbiyyata daha artıq bağlanırdılar.

Mirzə orta məktəbi bitirib Sabunçuneftin 6-cı mədənində gündüz işləyir, gecələr isə Neft texnikumunda təhsilini davam etdirirdi. 1930-cu ildə 19 yaşlı Mirzənin dərnəkdə oxuduğu «Zəhra» adlı hekayə diqqəti cəlb etdi: Seyid Hüseyn hekayəyə əl gəzdirib «Şərq qadını» jurnalında çap etdirdi. Yazıçının ilk hekayəsi qadın azadlığı mövzusu ilə bağlı idi. Həmin 1930-cu ildə «İnqilab və mədəniyyət» jurnalında cavan ədibin eyni mövzuda ikinci «Mələk» hekayəsi işıq üzü gördü.

Müəllimi Seyid Hüseyn istedadlı gəncə öz təhsilini artırmağı tövsiyə etdi. Mirzə bu niyyətlə Azərbaycan Elmi Tədqiqat İnstitutunun hazırlıq şöbəsinə daxil oldu. 1933-cü ildə oranı bitirən kimi cavan ədibi Naxçıvana, orada təşkil olunan maşın-traktor stansiyasına siyasi şöbə rəisi və şöbənin «Sürət» adlı aztirajlı qəzetinə redaktor təyin etdilər. O zaman maşın-traktor stansiyaları Azərbaycanda böyük çətinliklə gedən kolxoz quruculuğunu sürətləndirmək üçün yaradılırdı. Naxçıvandan başlayaraq iki cəbhədə çalışmağa başladı: qələmlə Azərbaycan ədəbiyyatına, tutduğu vəzifələrlə isə xalqın tərəqqisinə xidmət etməyə başladı. Naxçıvanda topladığı həyat materialı əsasında Mirzə İbrahimov 1935-ci ildə «Həyat» adlı pyesini yazdı. Qadınların kolxoz quruculuğunda iştirakına həsr olunmuş bu əsər həmin ildə tamaşaya qoyuldu və C.Cabbarlı ənənələrinin davamı kimi diqqəti cəlb etdi.

1935-ci ildə Mirzə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqraddakı aspiranturasına göndərilir. Y.E.Bertelsin aspirantı olur və onun məsləhəti ilə Cəlil Məmmədquluzadə haqqında namizədlik dissertasiyası - «Böyük demokrat» adlı əsərini yazıb müdafiə edir və  filologiya elmləri namizədi alimlik dərəcəsi alır. Mirzə İbrahimovun bu əsəri sonradan «Molla Nəsrəddin» ədəbi ənənələrinin və ədəbi məktəbinin öyrənilməsinə təkan verdi və bu işlərə lazımi elmi istiqamət verdi.

Cənubi Azərbaycanda 1941–1946-cı illərin milli hərəkatında iştirakı. Böyük Vətən müharibəsi başlanan kimi Mirzə İbrahimov siyasi işçi kimi orduya çağırılır və 1941-ci ilin yayında İran ərazisinə daxil olan Qızıl Ordu hissələri tərkibində mayor rütbəsində Təbrizə gəlir. O, formal olaraq sovet əsgərləri üçün buraxılan «Vətən yolunda» qəzetinə redaktor təyin olunur. Əslində isə bu qəzet vasitəsilə cənubda sovetlərə meylli olan siyasi-mədəni hərəkat yaratmaq tapşırılmışdı. O zaman İran ərazisində Azərbaycan türkcəsində bircə dənə belə qəzet və jurnal, mətbuat yox idi. Rza Pəhləvinin İrandan xaricə qaçdığı şəraitdə ölkədə mərkəzi hakimiyyət sarsılmışdı. Cənubdan İrana ingilis qoşunları daxil olmuşdu. Belə şəraitdə inqilablar beşiyi olan Təbrizdə Azərbaycan dilində «Vətən yolunda» qəzetinin çıxması ölkənin əhalisinin yarısını təşkil edən azərbaycanlı əhalinin içində böyük milli ümidlər və həyəcan yaratmışdı. Qəzetin redaktoru kimi Mirzə İbrahimov bu proseslərin mərkəzində idi.

Cənubi Azərbaycanda milli hərəkat yaratmağa kömək etməklə Moskvanın öz niyyətləri vardı. Bolşevik Rusiyası İranda bütün təsirini itirmişdi. İndi azərbaycanlıların köməyi ilə bu təsiri bərpa etmək istəyirdilər. Bunun üçün İran dövləti tərkibində Azərbaycanın muxtariyyət alması şüarı ortaya atılmışdı. Bu niyyətlə İranda ermənilər və farslarla bir partiyada birləşmiş Cənubi Azərbaycan kommunistləri 1945-ci ildə bu partiyadan çıxarılıb Müstəqil Demokrat Partiyasında  S.C.Pişəvərinin başçılığı altında birləşdirildi.

Moskvanın razılığı ilə atılan bu addımlardan görünürdü ki, İ.Stalin İranda həmişəlik möhkəmlənmək istəyir. Lakin 1945-ci ilin dekabrında Təbrizdə Milli Muxtar Hökumət elan olunandan sonra vəziyyət mürəkkəbləşdi. Mirzə İbrahimov da Təbrizdə sovet nümayəndəsi kimi Milli hökumətə yardım edirdi və onun həmişəlik olduğuna ümidliydi.

Milli hökumət ana dilində məktəblər, teatr və filarmoniya açdı, ana dilində kitab çapı başlandı. 1941–1946-cı illərdə Sovet məfkurəsinə meylli olan böyük ədəbi hərəkat formalaşmışdı. Bu hərəkatın mənəvi rəhbəri Mirzə İbrahimov idi. 1942–1946-cı illərdə o həm də Azərbaycan SSR-in Xalq Maarif Komissarı (naziri) vəzifəsində işləyir və rəsmi olaraq da Cənubdakı demokratlara mədəni quruculuqda yardım göstərirdi. O, Cənubi Azərbaycanın dirçəliş və tərəqqisini, orda ana dilinin sərbəst işlənməsini  hər şeydən artıq istəyirdi. Bu dövrdə Məhəmməd Biriya, Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Pənahi Makulu, Hökumə Bülluri kimi şair və yazıçılar ərsəyə gəlmişdi.

Lakin ABŞ və İngiltərə 1946-cı ilin payızında dağılmış İran ordusunu yardımla yenidən təşkil edib Təbrizdəki hökumət üzərinə göndərdi. İ.Stalinin qərarı ilə Cənubdakı sovet qoşun hissələri oradan çıxarıldı. Milli hökumət yardımsız qalıb İran ordusu qarşısında təkləndi və məğlub oldu. Cənubi azərbaycanlıların və Mirzə İbrahimovun da ümidləri puç oldu. Lakin heç kəs İ.Stalinin qərarına etiraz edə bilməzdi. Milli hökumət qan içində boğuldu, 20 minə qədər azərbaycanlı qətlə yetirildi. Hökumətin rəhbərləri Bakıya   gəldilər.

Moskva Milli Hökumət fəalları üçün Bakıda yarı leqal bir təşkilat yaratdı. Həmin təşkilat 1945-ci ildə Təbrizdə yaradılan «Azərbaycan Demokrat Partiyası» adını daşıdı. 1946-cı il mühacirlərinin bu təşkilatının qeyri-rəsmi rəhbəri də Mirzə İbrahimov idi. 1990-cı ildə Azərbaycanın müstəqilliyi elan ediləndən sonra həmin partiya özünü buraxdı və ictimai birlik kimi İran Mühacirləri Cəmiyyəti adlanmağa başladı.

«Gələcək gün» romanı. Cənubda Milli Muxtar Hökumətin yaranmasında və taleyində iştirak Mirzə İbrahimovun həyata baxışlarını, ədəbiyyata münasibətini də dəyişdi. Böyük Vətən Müharibəsinə qədər Mirzə İbrahimov tipik bir sovet yazıçısı idi və partiyanın tələb etdiyi mövzuları qələmə alırdı. Qadın azadlığı, kolxoz quruculuğu, Mədəni İnqilab kimi məsələlər o zaman sifarişli mövzular idi. Lakin müharibə başlanandan sonra yazıçı vətən və onun müqəddəsliyi barədə əvvəlcə şeirlər, sonra isə «Gələcək gün» kimi epik vüsətli bir roman yazdı. Bu əsərlə və ondan sonra Azərbaycan xalqının tarixi taleyi məsələsi onun əsərlərinin əsas mövzusu oldu. Məhz «Gələcək gün» romanı ilə Mirzə İbrahimov C.Cabbarlının «Od gəlini», S.Vurğunun «Vaqif» kimi əsərlərlə yaradıb davam etdirdikləri Azərbaycanın taleyi mövzusuna müraciət etdilər. İran və Rusiya arasında ikiyə parçalanmış vətənimiz, qədim xalqımız əsrlərlə müstəqil dövlət qurmaq arzusunda idi.

Mirzə İbrahimov Cənubda qurulmuş Milli hökuməti bu arzunu reallaşdırmaq təşəbbüslərindən biri hesab edirdi. Lakin bu hökumət 1946-cı il dekabrın sonunda qan içində məhv edildi. Çoxları kimi vətənpərvər yazıçı da Milli Hökumətin iflasını şəxsi faciə kimi yaşadı. Məhz bu hisslərin təsiri ilə 1947-ci ilin qışından yazıçı «Gələcək gün» romanını yazmağa başladı. 1948-ci ildə roman «İnqilab və mədəniyyət» jurnalında, 1949-cu ildə isə Bakıda ayrıca kitab şəklində çıxdı. Qısa bir vaxt ərzində əsər 20-yə qədər xarici dilə tərcümə olundu və Stalin mükafatı aldı.

«Gələcək gün» Azərbaycan ədəbiyyatında ilk siyasi romandır. Romanın əsas mövzusu 1939–1941-ci illərdə – yəni sovet qoşunları İrana daxil olana qədər azərbaycanlı vətənpərvərlərin qanlı şah üsul-idarəsinə qarşı mübarizəsidir. Doğrudur, əsərdə başqa xalqların da azərbaycanlılarla əlbirliyi  göstərilib. Lakin müəllifin əsas niyyəti Cənubi Azərbaycanın – Mirzə İbrahimovun özünün doğulub didərgin düşdüyü doğma elinin azadlıq, ləyaqətli həyat uğrunda mübarizəsindən bəhs edilir.

Romanda hadisələr bir neçə planda təsvir edilir. Onlardan başlıcası kasıb cənub kəndlisi olan Musa kişi və onun ailəsinin taleyidir. Zəhmətkeş, mətin bir insan olan Musa kişinin obrazı onun üçün cənub xalqının timsalıdır. Xalqın mənəvi gücünü, ləyaqətini, mübarizə əzmini, torpağının keşiyini məhz Musa kişi kimi sadə insanlar çəkir. Onlardakı sədaqət, el təəssübü və döyüşkənlik xalqın gələcəyini təmin edən əsas mənəvi mənbələrdir.

Musa kişi o dövrün tələblərinə uyğun olaraq həm də inqilabçı kimi təsvir edilmişdir. Romanın əvvəlində o, sadəlövh, dost-düşmən axtarmayan bir insan kimi verilir. Amma əsərin sonunda Musa kişi Firudin İbrahimi kimi ziyalı mübarizlərə qoşularaq zülmə və ədalətsizliyə müqavimət göstərməyin qaçılmazlığı qənaətinə gəlir. Zəhmətkeş kəndli bir üsyançı və inqilabçı olmaqdan qeyri yol görmür.

Romanda Cənubi Azərbaycanın zəhmətkeş xalqına qarşı duran və ona zülm edən qüvvələr Rza Şah, Hikmət İsfəhani kimi əxlaqsız feodal, Mübaşir Məmməd kimi sapı özümüzdən olan baltalardır. İranda şahlıq rejimi çoxdan çürüyüb. Lakin onu yaşadan Hikmət İsfəhani kimi tüfeyli feodallardır. Şahlıq onlara ancaq şəxsi mənfəət üçün, müftəxor həyatı davam etdirə bilmək üçün lazımdır. O anlayır ki, İranda demokratik rejim yaranan kimi onların istismara əsaslanan ağa həyatına son qoyulacaqdır.

Xarici dövlətlərin çürük şahlıq rejimini himayə etməsi romanın ayrıca süjet və fikir xəttidir. İran neftinə sahib olmuş ABŞ və ingilis müstəmləkəçiləri olmadan Hikmət İsfəhani kimilər ölkədə şahlıq rejimini qoruyub saxlaya bilməzdilər. Mirzə İbrahimov parlaq bir siyasi romançı kimi xarici dövlətlərə məxsus səfirliklərin İranda açıq-aşkar fitnəkarlıqla, orta əsr rejimini qorumaqla məşğul olduğunu bədii inandırıcılıqla göstərmişdir.

Romanda peşəkar inqilabçıların fəaliyyəti də ayrıca məna xətti kimi qələmə alınmışdır. Bunların əksəriyyəti kommunistlərdir, İran kommunist partiyasının üzvləridir. Kürd Əhməd, Rza Qəhrəmani, Kərim Xan Rza da belə surətlərdir. Onlar Rza şah diktaturasına qarşı qorxu bilmədən vuruşurlar.

Romanda demokratik və inqilabçı qüvvələr də iki xətt kimi verilib: bunlardan birincisi İran kommunist hərəkatı ilə mübarizə aparan və Moskvaya ümid edən qüvvələrdir. İkinci xətdə isə Firudin İbrahimi başda olmaqla, Cənubi Azərbaycanın daxili qüvvələrinə üstünlük verən qüvvələrdir. Musa kişi, Kürd Əhməd məhz onların nümayəndələridir. Milli hökumət dağılanda ikinci qisim qüvvələr vətəni tərk etməkdən imtina etdilər və cəza tədbirlərinin sərtliyi onlara dəydi. Yazıçı gələcək günü, Cənubi Azərbaycanın və vahid vətənimizin taleyini məhz bu qüvvələrlə bağlı görürdü.

Stalinizm şəraitində Mirzə İbrahimov Cənubi Azərbaycanın taleyi ilə bağlı arzularını romanda birmənalı şəkildə tam ifadə edə bilməyib. Bir sıra tənqidçilər romanda çoxmillətli İran kommunistlərinin mübarizəsinin az işıqlandırıldığını iddia etdilər və müəllif ikinci nəşrdə əsərə əl gəzdirməli oldu. Lakin onun şəxsi istəyi isə əsərdə məhz azərbaycanlıların muxtariyyət uğrunda mübarizəsinin daha geniş təsviri idi. Bu niyyətlə yazıçı 1941–1946-cı il hadisələrinə həsr olunmuş beş hekayədən ibarət «Cənub hekayələri» silsiləsini qələmə alıb. Bu əsərlər «Gələcək gün» romanında qoyulan məsələləri konkretləşdirir, romanda deyilməsi mümkün olmayan məqamları bədii şəkildə təqdim edirdi. «Azad» (1946), «12 dekabr» (1946), «Tonqal başında» (1947), «İztirabın sonu» (1947), «Salam sənə Rusiya» (1947) hekayələrində 1941–1946-cı illərin hadisələri bədii şəkildə verilmişdir.

«Azad» və «İztirabın sonu» hekayələrində yazıçı İranda Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan Azad və Rəhim kimi surətlər yaratmışdır. Belə qəhrəmanlar milli hərəkatın döyüşçülərinin surətləri kimi böyük ədəbi və tərbiyəvi əhəmiyyət daşıyırdılar. Yazıçı onları xalqımızın yetişdirdiyi Səttar xan, Xiyabani kimi mətin inqilabçıların varisi kimi, onlar tərəfindən başlanan azadlıq hərəkatının davamçıları kimi təsvir etmişdir.

Silsilədə bədii və tarixi cəhətdən ən qiymətli əsərlərdən biri «12 dekabr» hekayəsidir. 1945-ci ilin 12 dekabrında Milli Muxtar Hökumətin Məclisinə aparılmış seçkilərdən sonra parlamentin ilk iclası olmuşdur. Həmin gün yeni Məclis S.C.Pişəvəri başda olmaqla Milli Hökuməti təşkil etmişdi. Yazıçı xalqımızın tarixi arzularının gerçəkləşməsi olan həmin günü milli bir bayram kimi qələmə almış və gələcək nəsillər üçün əbədiləşdirmişdir. Bu əsərin qələmə alınması o dövrdə böyük cəsarət və qeyrət nümu­nəsi idi. «12 dekabr» Azərbaycan hekayəçiliyinin incilərindəndir.

Bütövlükdə «Gələcək gün» Azərbaycanın ikiyə parçalan­ma­sını beynəlxalq arenaya çıxaran, xalqımızın taleyinə bütün dün­yanın diqqətini cəlb edən qiymətli siyasi romandır. Ədə­biy­yatımızda xalq taleyini, onun gələcəyini və müstəqil olmaq hüquq­larını xüsusi bədii qüvvə ilə ortaya gətirən ikinci belə romanımız yoxdur.

Ana dili məsələsi. Mirzə İbrahimov ədəbi fəaliyyətə başladığı dövrdən ana dilimizin təmizliyi və dövlət dili kimi işlənməsi uğrunda mübarizə aparmışdır. Canlı danışıq dilinə əsaslanan xəlqi ədəbi dil uğrunda çalışmalarında o, «Molla Nəsrəddin» jurnalında Cəlil Məmmədquluzadənin apardığı ədəbi dil siyasətinin davamçısı idi. Yazıçı Seyid Hüseyn haqqında məqa­ləsində onun nəsr dilinin təkmilləşdirilməsi sahəsindəki xidmət­lərindən minnətdarlıqla danışmışdır. «Gələcək gün» romanın­dan başlayaraq Mirzə İbrahimov nəsr dilinin xəlqiləş­məsinə, yığcam və sadə olmasına xüsusi əhəmiyyət verirdi.

Azərbaycan dilindəki ərəb və fars sözlərinə münasibət məsələsi hələ inqilabdan əvvəl mübahisələr doğurmuşdur. Bəziləri bunları çox işlədib  dili ağırlaşdırır. İkinci qisim ziyalılar isə ərəb və fars sözlərini dildən çıxarmağa çağırırdılar. Bu məsələdə doğru mövqe tutan Mirzə İbrahimov hər iki ifrata qarşı çıxır və qeyd edirdi ki, dilimizdən ərəb və fars sözlərini çıxarmaq onu yoxsullaşdırardı. Ədib həmişə süni dil yaradıcılığına qarşı çıxırdı.

O biri tərəfdən yazıçı xalq danışıq dilinə daxil olmuş ərəb və fars sözlərinin dilimizdə vətəndaşlıq aldığını qeyd edirdi. Yazıçı sözləri dəyişməyə yox, qısa, aydın, dəqiq yazmağı öyrə­nməyə çağırırdı.

Yazıçının həmişə məşğul olduğu məsələ Azərbaycan dilinin statusu məsələsi idi. Bu məsələdə o, böyük dövlət xadimi və yazıçı N.Nərimanovun davamçısı idi. Sovet dövründə orta və ali təhsil azərbaycanca olsa da, dövlət idarələrində ancaq rus dili işlənirdi. N.Nərimanov hələ 1921-ci ildə Xalq Komissarlar Sovetinin sədri olanda dövlət idarələrində yazışmaların türk (Azərbaycan) dilinə keçirilməsi haqda xüsusi dekret (qanun) imzalamışdı. Lakin bu dekret kağız üstə qaldı və bir il sonra N.Nərimanovu Bakıdan uzaqlaşdırmaq üçün Moskvaya işə apardılar. O vaxtdan dövlət dili kimi rus dilinin işlənməsi ənənəsi qaldı. Bu dil hakim kommunist partiyasının dili idi.

1954-cü ildə Mirzə İbrahimov Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi və ölkədə ikinci adam oldu. İki il sonra, 1956-cı ildə Sovet dövlətinin rəhbəri N.S.Xruşşovun təşəbbüsü ilə respublikalarda milli dillərin dövlət dili kimi işlənməsi barədə Moskvadan göstəriş gəldi. Bu göstərişə uyğun olaraq Azərbaycan Ali Sovetinin dövlət müəssisələrində Azərbaycan dilinin işlədilməsi barədə qərarı çıxdı. Qərarın üzərində Mirzə İbrahimovun imzası vardı. Azərbaycan dilində idarələr üçün yazı makinaları, sənəd formaları hazırlanmağa başla­dı. Bu proses  xüsusilə əhalinin rus dilini pis bildiyi kənd rayon­larında milli ovqatların güclənməsinə səbəb oldu. Dəftərxanalarda işləyən erməni və ruslar qorxuya düşüb Moskva­ya kütləvi şikayətlər yazmağa başladılar. Nəticədə, Moskva dövlət orqanlarında Azərbaycan dilinin işlədilməsi prosesini dayan­dırmaq haqda göstəriş verdi. Amma aşağıdan vətənpərvər insanlar bununla razılaşmır, ana dilinin tətbiqi üzərində təkid edirdilər.

Moskvadakı millətçilər uğursuzluqda Mirzə İbrahimovu və o zaman respublikanın birinci şəxsi olan İmam Mustafayevi günahlandırdılar. 1958-ci ildə hər ikisi işdən azad edildi. Lakin Mirzə İbrahimov ana dilinin cəsarətli təəssübkeşi kimi xalqın tarixində və yaddaşında qaldı.

«Böyük dayaq»  (1957). Moskva Mirzə İbrahimovu Ali Sovetin sədrliyindən çıxarandan sonra yazıçı evdən küçəyə çıxan kimi sadə Bakı sakinləri onu dövrəyə alıb salamlayır, hər yerdə ona təşəkkür və pərəstiş bildirirdilər. Bu onun Azərbaycan dilinin tətbiqi barədə qərarı imzaladığına görə idi. Sadə adamlar bu qərarın Moskvanın icazəsi ilə verildiyini bilmirdi. Həyatının çətin vaxtında xalqın bu himayəsini yazıçı özü üçün «böyük dayaq» adlandırdı və bu adı yeni romanına verdi.  Böyük dayaq – xalqdır, insanlar, siyasətçilər xalqa söykənəndə güclü olurlar.

1956-cı ildə İ.Stalinin «şəxsiyyətinə pərəstişi» rəsmi olaraq pisləndi. Yaxşı rəhbər necə olmalıdır? Bu sual bütün cəmiyyətdə müzakirə olunmağa başladı. Yazıçı rəhbər və xalq problemini sıravi bir kolxoz sədri olan Rüstəm kişinin timsalında qələmə almışdır. Xalq üçün, onun işi üçün yanan Rüstəm kişidə yazıçı eyni zamanda İ.Stalinin rəhbərlik üsulunun qüsurlu tərəflərini də ümumiləşdirməyə çalışırdı.

Rüstəm kişi özünü qüsursuz və bütün hallarda haqlı sayır. Onun ətrafına simasız, əqidəsiz yaltaqlar toplanmışdır. Rüstəm kişi özünə vurğun olduğundan onların qeyri-səmimiliyini duymur. O, hamının əvəzinə məsləhətləşmədən qərarlar verir. Lazım olmadığı halda qəddarlıq edir. Yazıçı bu insanın xalqdan uzaq düşdüyünü, xalqa arxa çevirdiyini göstərir. O, hər bir rəhbər işçinin əsas və böyük dayağı olan xalqın etimadını itirir. Həyat Rüstəm kişini cəzalandırır: kolxozun sadə üzvləri üçün and yerinə çevrilmiş sədr öz ailəsində nəzarət və nüfuzunu itirir.

Yazıçının nəticəsi belədir: ən qüvvətli və təmiz rəhbərlər belə xalqla əlaqəni itirəndə, digər adamların rəyini eşitmək qabiliyyətini itirəndə həm də böyük dayağı – xalqın etimadını itirirlər. Bu həm də İ.Stalinin siyasi taleyi barədə yazıçının qənaəti idi.

«Gələcək gün» romanında həyatla ayaqlaşmaq, zamanın dəyişməsini hiss etmək hər bir rəhbər üçün vacib keyfiyyət kimi irəli sürülür. Rüstəm kişinin rəhbərlik etdiyi kolxozun adı «Yeni həyat»dır. Lakin o, bir rəhbər kimi məhz yeniliyi hiss etmir və çox zaman ona müqavimət göstərir. Bunu ən çox Rüstəm kişinin öz gəlini Mayanın davranışına münasibətində görürük. Şəhər mühitində böyümüş ali təhsilli mütəxəssis olan Maya kənd qadınlarına nisbətən sərbəst davranır, hər xırda iş üçün ərindən, qayınatasından icazə almağı lazım bilmir. Lakin bu, Rüstəm kişini qəzəbləndirir. O sanki həyatın dəyişməsinə, müasirləşməsinə qarşı kordur. Belə mühafizəkarlıq stalinçi kadrlara eyham idi. Əsərdə həyatın tərəqqi və yeniləşməsinin qaçılmazlığı ideyası qabarıq əksini tapmışdır.

«Pərvanə» romanı. Mirzə İbrahimovun həyat və ədəbi təcrübəsi artdıqca onun toxunduğu mövzuların əhatə dairəsi də genişlənirdi. «Gələcək gün» və «Böyük dayaq» romanlarının uğuru onun ədəbiyyatla xalq taleyinin ayrılmazlığı haqqında qənaətlərini təsdiq edirdi. Ona görə yazıçı 60-cı illərin sonlarından başlayaraq Azərbaycan xalqının Rusiya tərkibinə daxil olduqdan sonrakı taleyi, tərəqqi yolları barədə trilogiya üzərində düşünürdü.

Bu trilogiyanın bir cildi XIX əsrə, ikinci cildi 1905–1920-ci illərə, üçüncü hissəsi isə sovet dövrünə aid olmalı idi. Lakin yazıçıya bunlardan ancaq XIX əsrə aid cildi yazmaq nəsib oldu. Yazıçı xalqımızın bu əsrdəki tarixini çox sevir və qiymətləndirirdi: məhz XIX əsrdə A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi kimi əməlpərvər maarifçilər yetişmiş və müasir mədəniyyət və maarifimizin əsasını qoymuşdular.

Mirzə İbrahimov Azərbaycanın Rusiya tərkibinə daxil olduqdan sonra düşdüyü yeni qərb tərəqqi yoluna böyük əhəmiyyət verirdi. Azərbaycanı işğal etmiş Çar üsuli-idarəsi milli sərvətləri talayıb aparsa da, ümumilikdə Azərbaycanda iqtisadi, mədəni tərəqqinin, xüsusilə maarif və mətbuatın digər müsəlman və türkdilli xalqlardan daha sürətli inkişafına səbəb olmuşdu. Yazıçı bunu dərindən anlayır və N.Nərimanov kimi yüksək qiymətləndirirdi.

«Pərvanə»nin mərkəzində iki əsas surət - Nəriman Nərimanov və onun tərbiyəçisi və müəllimi kimi təsvir edilən Sahib obrazı durur. Sahib Peterburqda müasir təhsil almış ilk Azərbaycan müəllimi və ziyalılarından biridir. Yazıçı onun Rusiyada təhsil dövründə keçmiş illərini də rəğbətlə qələmə alır, onun mütərəqqi rus mədəniyyəti, rus xalqçıları ilə əlaqələrini göstərir.

Mirzə İbrahimovun öz sələfi N.Nərimanovun surətini məhəbbətlə yaratması təsadüfi deyildi: onlar əqidə adamları idi. 1920-ci ilin aprelində məğlub olub xaricə getmiş Müsavatçı mühacirlər N.Nərimanovu milli xain kimi daim tənqid edirdilər. Mirzə İbrahimov bunları gözəl bilir, lakin N.Nərimanova üstünlük verirdi. Nəinki üstünlük verir, onun fəaliyyətini, xüsusilə 1920–1922-ci illərdə Sovet Azərbaycanına rəhbərlik edərkən ölkədə maarifin, elm və mədəniyyətin inkişafında xidmətlərini gözəl bilirdi. Lakin Moskvadakı və Bakıda dövlət vəzifələrində yuva salmış ermənilər N.Nərimanovu millətçi kimi damğalayıb gözdən salmağa çalışırdılar.

Bütün bunlara görə, Mirzə İbrahimov böyük dövlət xadimi və yazıçı olan N.Nərimanovun tarixi xidmətlərinin bədii yolla  göstərilməsinə çalışırdı. «Pərvanə» romanında yazıçı bir nərimanovçu və onun siyasi görüşlərini təbliğ edən  fikir sahibi kimi diqqəti cəlb edirdi. Təsadüfi deyil ki, yazıçı «Közərən ocaqlar» pyesində də N.Nərimanovun obrazını rəğbət və məhəbbətlə yaratmışdı.

«Pərvanə» romanının əsas xətlərindən biri qərbçi Azər­bay­can maarifçiliyinin, bu maarifin əsas ocaqlarından olan Qori Müəl­limlər Seminariyasının maarif tariximizdəki rolunun, yetiş­dir­diyi müəllim və jurnalistlər nəslinin  real obrazlar kimi göstə­ril­məsi idi. Romanda bir sıra tarixi şəxsiyyətlərin - M.F.Axundovun, Çernyayevskinin, Vəlibəyovun və b. bədii ob­razları vardır.

Yazıçı digər romanlarında olduğu kimi, «Pərvanə»də də xalq fonunun təsvirinə geniş yer vermişdir. O, Nərimanovun mənsub olduğu nəslin xalq köklərini göstərməyə çalışmışdır. Əsərdə onun atası Nəcəf kişinin və anasının obrazları da yaddaqalandır.

Dramaturgiyası. Mirzə İbrahimov gənclik illərindən dram janrına müraciət etmiş və C.Cabbarlı ənənələrinin davamçısı olmuşdur. Böyük Vətən müharibəsinə qədər yazıçı «Həyat», «Madrid» pyeslərini yazmışdır. 1942-ci ildə yazıçı «Məhəbbət» adlı üçüncü pyesini yazır və arxa cəbhədə qələbə üçün gecə-gündüz çalışan sədaqətli Azərbaycan qadınının obrazını yaradır.

60-70-ci illərdə yazıçı bir neçə pyes yazmış və bu əsərlər hamısı Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulub repertuarda yaşamışdır. Bu dövrün dramaturgiyasında yazıçının «Kəndçi qızı», «Yaxşı adam», «Közərən ocaqlar» pyesləri xüsusi yer tutmuşdur.

Yazıçı hələ 30-cu illərdən həyatın satirik təsvirinə meyl edir,  satirik hekayələr yazırdı. İncə, mənalı yumor yazıçının istedadına doğma idi. Bu xüsusiyyətlər «Kəndçi qızı» pyesində xüsusilə uğurlu ifadəsini tapmışdı. Əsərin konflikti kəndli qızı Bənövşə ilə şəhərli oğlan Vahid arasındadır. Oğlanın geri qalmış bir kənd qızı saydığı Bənövşə əslində bu şəhərli oğlandan daha diribaş və müasir bir insandır. Onların münasibətləri pyes boyu şirin bir komizm yaradır. Aydın olur ki, Vahid kənd haqqında köhnə təsəvvürlərlə yaşayır və əsil kəndçi onun özüdür. Bənövşə yazıçının yaratdığı qadın obrazları silsiləsində xüsusi mərhələ idi. O, Cabbarlı kimi cəmiyyətdəki tərəqqini, ilk növbədə, qadının cəmiyyətdəki mövqeyində görüb göstərməyə çalışırdı.

Elmi fəaliyyəti və tərcümələri. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil ediləndə Üzeyir Hacıbəyov, Səməd Vurğun və Mirzə İbrahimov ilk akademiklər seçildilər. Həmin dövrdən Mirzə İbrahimovun elmi fəaliyyəti Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. Eyni zamanda o, 1946–1954, 1965–1975, 1980–1986-cı illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində çalışmışdır.

Ədib Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına böyük xidmətlər göstərmişdir. 1948–1954-cü illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru olmuş və 3 cildlik ilk Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasının təşkilatçısı və redaktorlarından biri olmuşdur. 1960–1970-ci illərdə ədib həmin institutda «XIX əsr Azərbaycan ədəbiyyatı», 1977–1993-cü illərdə isə «XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı tarixi» şöbəsinin müdiri olmuşdur. Cənub şöbəsində işləyərkən onun təşkilatçılığı və rəhbərliyi ilə 4 cildlik «Cənubi Azərbaycan ədəbiyyatı antologiyası» çapdan çıxmışdır.

Mirzə İbrahimov ədəbiyyatımızın bütün əsas klassikləri haqqında əsərlər yazmışdır. Azərbaycan aşıq yaradıcılığı, ədəbiyyat və xalq həyatı, Nizami, Füzuli, M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, C.Cabbarlı, S.Vurğun onun ən çox sevdiyi və qiymətləndirdiyi yazıçılar idi.

Ədib N.Q.Çernışevskinin «Nə etməli», Şərəf Rəşidovun «Qaliblər» romanlarını ana dilimizə tərcümə etmişdir. Yorulmaz ədib dünya dramaturgiyasından da tərcümələr etmişdir. Vilyam Şekspirin «Kral Lir», «On ikinci gecə», A.P.Çexovun «Üç bacı» pyesini, M.Şatrovun «İnqilab naminə» dramını  ana dilimizə o çevirmişdir.

Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.