Həyatı və fəaliyyəti. Sabir Əhmədov 1960-1970-ci illər nəsrində xüsusi mövqeyi olan orijinal bir romançıdır. Dil və üslub baxımından 60-cılara bağlı olmasa da, Sabir Əhmədov sovet rejiminə və onun ədəbi siyasətinə dərindən müxalifətdə olan bir yazıçı idi. O, BDU-nun Filologiya fakültəsini bitirdikdən sonra Cəbrayıl rayonunda müəllimlik etmiş, 1956-1993-cü illərdə «Ədəbiy­yat və incə­sə­nət» qəzetində nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Oğlu Məhəmməd 1994-cü ildə Qarabağ cəbhəsində qəhrəman­lıq­la həlak olmuşdur.

Sabir Əhmədov Sovet İttifaqı qəhrəmanı Cəmil Əhmə­do­vun qardaşıdır. Yazıçı qardaşı haqqında sənədli povest yazıb 1975-ci ildə «Sovet İttifaqı qəhrəmanı Cəmil Əhmədov» adı ilə çap etdirmişdir.

 Yaradıcılığı. Sabir Əhmədov 20-dək romanın müəllifidir. «Yamacda nişanə», «Toğana», «Yasaq edilmiş oyun», «Yasamal gölündə qayıqlar üzür», «Mavi günbəz» kimi romanları həm kənd, həm də şəhər həyatına həsr olunub. Ədib ən uğurlu və orijinal əsərlərindən olan «Qanköçürmə stansiyası» povestində sovet quruluşunun sosial siyasətini qəzəblə ifşa edir, rejimin insanların qanını içməyə davam etdiyini vurğulayırdı. Sovet quruluşunun qəddar təbiəti, sosial ədalətsizlik, maddi yoxsulluğun faciələri, harınlıq yazıçının tənqid etdiyi əsas sosial bəlalar idi.

Yazıçı ədəbiyyatdan xalqın, zamanın dərdlərini yazmağı, əxlaqlı mövqe tutmağı və ciddi problemləri qabartmağı istəyirdi. Bunu həm özündən, həm də  gənc müəlliflərdən tələb edirdi. Onun əksər romanları daim təriflənən sovet cəmiyyətinin yara­la­rı­nın ifşasına həsr olunmuşdur. Yazıçı balaca, yoxsul, uğursuz in­san­la­ra dərin rəğbət bəsləyir, sovet rejiminin, onun məmurlarının aman­sız təbiətini, dövlətin bütünlüklə zorakılığa əsaslanmasını amansızlıqla ifşa edirdi. Rəsmi ədəbiyyat çinovnikləri bunu yaxşı bilirdilər, məhz ona görə yuxarı dairələr yazıçını xoşlamırdılar.

Yazıçı sovet rejiminin yaralarını açıq yaza bilməyəndə romanlarında şərti və simvolik vasitələrdən geniş istifadə edirdi. Onun əksər romanlarında bu vasitələr ağır məna yükü daşıyır və əsərin müəllif qayəsinin açılmasında əsas rol oynayır. Yazıçının sovet cəmiyyətinə mənfi münasibəti o dövrdə rəhbər partiyanın qərar və sənədlərində tənqid edilmiş, yazıçı təzyiqlərə məruz qalmışdır.

Qarabağ torpaqları uğrunda hərbi əməliyyatları Sabir Əhmədov oğlunun timsalında ağır şəxsi faciə kimi yaşamışdır. Bu hadisələrlə bağlı yazıçının yaradıcılığında yeni bir mərhələ açılır. Ədibin «Yanvar hekayələri» (1992), «Kütlə» (1999) romanı, «Şəhid ruhu» (2004) kitabları həmin ağır illərin, müəllifin əzablı düşüncələrinin ifadəsidir. Bundan başqa o, hərbi əməliyyatlar za­manı cəbhə zonasında ezamiyyətlərdə olmuş və bir sıra qiymətli oçerklər yazmışdır. Cəbhədə vuruşan minlərlə sadə ailələrdən çıxmış vətənpərvər insanlar, onların səngər igidliyi, torpağa bağlılıq, vətən sevgisi bu yazıların əsas fikir leytmotividir.

“Arabaçı” hekayəsi ilə ədəbiyyata gələn Sabir Əhmədov kən­din ictimai-iqtisadi həyatını, yüksəlişinin çətinliklərini duyan bir sənətkar kimi şöhrətlənmişdir. Onun bədii nəsri diqqəti xüsusi cəlb edir. Sabir Əhmədovun bir-birinin ardınca yazdığı “Aran” (1959), “Görünməz dalğa”(1966), “Dünyanın arşı­nı” (1969), “Yamacda nişanə”(1973), “Qanköçürmə stan­si­ya­sı”(1978), “Azığa doğru”(1980), “Toğana”(1982), “Mavi gün­bəz”(1984), “Gedənlərin qayıtmağı”(1985) oxucuda dərin maraq oya­tmışdır. Bu yazıçının ən yaxşı cəhətlərindən biri hər hansı bir problemi insanın mənəvi-əxlaqi keyfiyyətləri, həyat şəraiti və səviyyəsi ilə vəhdətdə təsvir etməsindən ibarətdir. Görünür, onun özünün kənd­də doğulub ərsəyə çatması da kənd koloritini, kənd psixo­lo­gi­ya­sını dərindən və hərtərəfli bilməsinə az kömək etməmişdir.

Müəllifin orijinallığa meylini, həmçinin kəndin çətinli­kl­ə­rini, uğurlarını, bir sıra problemlərini onun əksər əsərlərində görə bi­lə­rik. Onlarda kənd həyatını yaxından müşahidə edən bir yazı­çı­nın nəfəsi duyulur. Bu baxımdan “Dünyanın arşını”(1985) ro­ma­nın­da da özünəməxsusluq və orijinallıq az deyildir. Əsərdə yazıçı bizi sözün geniş mənasında yüksək səviyyəli bir ailə və bu ailənin ictimai fəaliyyəti, əxlaqı, mənəviyyatı, arzu və düşüncələri ilə tanış edir. Ailəni təmsil edən  Müdhəd kişi, arvadı Nabat, qızı Bənövşə, iki oğlu Rəhman və Arifdir. Rəhman rayon partiya komitəsinin birinci katibidir. Arif isə bir müddət rayonda müəllim işlə­miş, sonra şəhərə gedib fəlsəfə elmləri namizədi olmuşdur. Ya­zıçı bu ailənin fərdi xoşbəxtliyindən az bəhs edir. Müdhəd kişinin ailəsi həm maddi, həm də mənəvi cəhətdən təmin olunmuş ailədir. Buna görə də oxucunun əsas diqqəti onun oğlunun rəhbərlik etdiyi böyük ailəyə – rayona və ayrı-ayrı kəndlərə yönəldilir. Haraylı və Sınıq kimi kəndlərdə haqsızlıqlar var, əyintilər var. Dünyanın arşını əyiləndə işlərin də bir çoxu əyilir və bütün bunlar adamların səadətinə mane olur. Arif də görür ki, həqiqətən onun qardaşının rəhbərlik etdiyi rayonda haqsızlıqlar çoxdur. Arif xalqın, elin qeyrətini, mənafeyini hər şeydən yüksək tutur. Müəllif onun haqqında yazır: “Bu xalqın, bu elin qeyrətini, mənafeyini heç kimə satmaz, heç nə ilə əvəz etməz, iş o yerə çatanda güzəştə də getməzdi. Həmin məram üçün canını istəsələr, əsirgəməz. Onun üçün daha əhddən müqəddəs heç nə yoxdur.” Biz bu sözlərin səmimiyyətinə inanırıq. Bu sözlər artıq özünü dərk etmiş, xalqın səadətini hər şeydən uca tutan bir adamın sözləridir.

Oxucunun əsərdə məcazi mənada işlənmiş “dünyanın arşını” ifadəsinə diqqət yetirməsi vacibdir. Çünki geniş məna çalarlarına malik olan bu sözü həyatımızın bir çox sahələrinə tətbiq etmək olar. “Dünyanın arşını” ifadəsini haqqın, ədalətin təhrif olunması, tapdanması kimi başa düşmək lazımdır. O yerdə ki həqiqətən dünyanın arşını pozulur, deməli, vicdan susur, haqq tapdanır, ədalət meydan sulaya bilmir. Bu mənada ədibin “Azığa doğru”, “Toğana” romanlarında da “dünyanın arşını”nın bəzən pozulmasının şahidi oluruq. Əlbəttə, romanların mövzusu birbaşa kəndin çətinliklərini göstərməkdən ibarət deyil; yazıçının qayəsi milli abidələrimizə, onların saxlanmasına, həmçinin ətraf mühitə, təbiətə, onun misilsiz gözəlliklərinə maraq oyatmaqdan ibarətdir. Müəllif qələmə aldığı adamları bu iki dünya ətrafında saf-çürük  edir, həmçinin kəndlinin mənəvi simasını, kəndi, yaradan-quran adamların hansı çətinliklərlə qarşılaşmasını ustalıqla açıb göstərir.

Yazıçının “Azığa doğru”  romanı qədim əcdadlarımızın, tarixi keçmişimizin misilsiz abidəsi olan Azıx haqqındadır. Romanda insanın torpağa bağlılığı, həyat eşqi bir daha özünün ifadəsini tapmışdır. Həyatının bir sıra illərini şəhərdə keçirən Valeh torpaq üçün, kənd üçün çox darıxır. Kəndə gedib ata-baba yurdunda yaxşı bir ev tikdirmək istəyir: “Tikməliyəm mən o evi. Ev istəyirəm. Bir də bunun özgə kökü var. Adam istəyir ki, özünün, ailəsinin yaşadığı ev onun özünün ixtiyarında olsun. Öz evində, öz guşəndə sən özünü kirayəçi, qonaq sanmayasan.”

Kəndə dönmək, bir parça torpağa, evə, eşiyə sahib olmaq arzu­sunu təkcə Valehdə deyil, bir sıra qəhrəmanlarımızda, həm­çi­nin S.Azərinin “Dalanda” romanının qəhrəmanı Qafarda da gö­rü­rük. Bu əsərlərdən belə qənaətə gəlirik ki, insan doğulduğu tor­paq­dan, yerdən, öz doğmalarından, məhəbbət və qayğı bəslədiyi məş­ğuliyyətdən ayrılanda kiçilir, cılızlaşır, acizləşir. Elindən-oba­sın­dan, kəndindən-kəsəyindən üz döndərəndə onun taleyi çox vaxt uğursuzluqlarla nəticələnir.

Sabir Əhmədov, həmçinin digər yazıçılarımız kəndlini, ye­ni nəsli bu torpağa, əcdadlarımızın müqəddəs saydıqları ata yur­du­na ürəkdən bağlamaq üçün kəndin uğurları ilə bərabər çətin­lik­lə­rini də göstərirlər.

1950-ci illərin axırlarından başlayaraq kənd mövzusu daha geniş aspektdə qələmə alındı və maraqlı əsərlər meydana çıxdı. “Söyüdlü arx”, “Böyük dayaq”, “Ayrılan yollar”, “Yarpaqlar”, “Ürək dostları”, “Yanar ürək” və digər əsərlərdə rayonların tərəqqisi, xüsusilə təsərrüfat sahəsindəki qüsurlar və çətinliklər qələmə alındı.

1960-cı illərdən başlayaraq nəsrə yeni gələn nəslin he­sa­bı­na mövzu dairəsi daha da genişləndi. Bu sahədə S.Əhmədov hə­qi­qə­tən ayrıca yer tutur. O, “Azığa doğru” romanının mərkəzində qoy­du­ğu problemləri əsasən “Toğana” əsərində də davam etdir­mişdir. Adından göründüyü kimi, “Toğana” romanını müəllif baş­dan-başa o yerlərin gözəlliyinin təsvirinə həsr etmişdir. Əsəri oxu­duqca gözlərimiz önünə vətənimizin kiçik bir parçası – Kürək­çay və onun axarı boyunca bütün Toğana yaylağı, Göy gö­lün meşələri, Çaykəndin rəngarəng təbiəti, min bir gözəlliyə bü­rün­müş laləli çəmənliklər gəlir, nəğməkar bulaqlar ruhumuza sərin­lik, təravət aşılayır. Adam bu yerlərin gözəlliyinə məftun olur. Sabir Əhmədov başqa əsərlərindən fərqli olaraq bu roma­nın­da təbiəti daha dərindən, daha yaxından, incə müşahidə ilə duy­muş və sanki bizə poetik bir çələng bəxş etmişdir. Burada da yazıçı təbiəti qorumaqdan əlavə, fərdi təsərrüfatın inkişafına, xüsusilə adamların mənəvi-əxlaqi münasibətlərinə xeyli yer vermişdir. Müəllifin fikirlərində dərin bir məna var. Bu da ondan ibarətdir ki, əgər yer üzündəki bütün ağaclar, meşələr, bulaqlar, göllər, çaylar, dağlar eyni nizamla yerləşiblərsə və heç birinin arasında ixtilaf, çəkişmə yoxdursa, bəs onda bunlardan sonra yaranan insanlar, xalqlar, millətlər, dövlətlər arasında nə üçün çəkişmə, vuruşma olsun ?! 

Ümumiyyətlə, Sabir Əhmədov əsərlərində kəndin ictimai-sosial problemlərinə, kəndi köklü şəkildə müasir səviyyəyə qaldıran məsələlərə daha çox toxunur və bunları çox zaman publisistik bir şəkildə təhlil edir. Onun qələmi kəndin dərdlərinin elə dərinliklərinə işləyir ki, bu kəndin bütün mənzərəsi oxucunun gözləri önündə canlanır. Sabir Əhmədova görə, insan təbiətin bəxş etdiyi bu nemətləri nəinki qorumalı, hətta gözəlləşdirməli, cilalamalı, nizamlamalıdır. İnsan onda insandır ki, təbiətin verdiklərini məhv etmir, onun qayğısına daha çox qalır. Çünki canlılar aləmi məhv olmuş bir dəniz, bir çay, bir meşə heç kimə lazım deyildir.

Sabir Əhmədov etik-estetik təlim-tərbiyə problemlərinə də həmişə ciddi fikir verən yazıçılardandır. Onun əsərlərinin əksəriyyətində milli özünəməxsusluq, xalqdan qaynaqlanan kolorit, işıqlı adətlər, qonaqpərvərlik, ailədə saflıq ayrı-ayrı surətlərə yamaq şəklində deyil, onların bütün hərəkətlərində, əməllərində, xarakterlərində qaynayıb-qarışmış şəkildə üzə çıxır. Yazıçının yaratdığı mənfi obrazları da təhlil etsək, onlarda da milli özünəməxsusluğun müəyyən əlamətlərini görəcəyik. Çünki Sabir Əhmədovda bu cəhət xalqın xarakterindən, onun adət-ənənəsinin işıqlı tərəflərindən, nağıllarından, tarixi abidələrdən süzülüb gəlir, büllurlaşır, saflaşır və yeni-yeni məna çalarları ilə zən­ginləşir. Yazıçının obrazlarının demək olar ki, çoxu öz döv­rü­nün yetirmələridir. Geyimlərindən, süfrələrindən tutmuş əkin-biçin­lə­rinə qədər, bayram şənliklərindən tutmuş yas mərasim­lə­ri­nə qədər, mətbəx zövqündən tutmuş bazar-dükanlarına qədər bu­nun özünəməxsusluğunu görürük. Bir yerdə papağın namus, qey­rət rəmzi olmasından söhbət gedirsə, digər yerdə çörəyin mü­qəd­dəs­li­yindən bəhs edilir. Bir yerdə qadın ləyaqətindən, bacarı­ğın-dan söhbət gedirsə, başqa bir yerdə kişi mərdliyindən, atın əsl kişi üçün murad, qanad, namus olmasından bəhs edilir. Sabir Əh­mə­dovun təsvirlərində ağbirçəklik, ağsaqqallıq da çox güclüdür. Bütün bunlar belə deməyə əsas verir ki, Sabir Əhmədov həyatı, təbiəti, insanları, onların münasibətlərini bilən, duyan və realistcəsinə təsvir edən yazıçıdır.

Bir sözlə, Sabir Əhmədov Azərbaycan ədəbiyyatı tarixində xalqımızın milli-mənəvi dəyərlərinin tərənnümçüsü və təəssübkeşi kimi özünəməxsus bir mövqeyə malikdir.