Yazdır
Üst Kategori: Azerbaycan Edebiyatı
Kategori: Azerbaycan Edibleri ve Eserleri
Gösterim: 692

Həyatı və fəaliyyəti. Süley­man Vəliyev müasir nəsrimizdə mü­haribə möv­zusunun ən görkəmli nüma­yəndəsidir. O, həm də stalinçi rep­res­siyaya məruz qalmış istedadlı yazı­çı­­­lardandır. Onun yara­dıcılı­ğında Stalin repressiyaları, mü­haribə mövzusu, azərbaycanlı döyüşçülərin Av­ropa müqavimət hərəkatında iştirakı möv­zuları əsas yer tutur.

Vəliyev Süleyman Məşədi Vəli oğlu 1916-cı il dekabrın 21-də Bakı yaxın­lı­ğındakı Ramana qəsə­bə­sin­də fəhlə ailəsində anadan olmuşdur. Mə­şədi Vəli kişi Ramana kəndinin iradəli və qətiyyətli xarakteri ilə seçilən maşılılar tayfasından idi. Sovetlərə qədər kəndin imkanlı evlərinə aid olan Vəli kişinin ailəsi sovetləşmədən sonra tamam kasıblamışdı. İnqilabdan əvvəl bolşevik Həmid Sultanov Ramana neft mədənlərində işlərkən onların həyətində kirayədə yaşamışdı. Sovet vaxtı o, yeni hökumətin rəhbərlərindən birinə çevriləndən sonra da Vəli kişi ilə mehriban münasibətlərini saxlamış, ailənin ona göstərdiyi hörmət və qayğını unutmamışdı.

Süleymanın uşaqlığı fərəhsiz keçsə də, Ramana məktəbində sək­kiz illiyi yüksək qiymətlərlə bitirmişdi. Qaradinməz, orta boy Sü­ley­man uşaqlıqdan oturaq işlərə, yazıb-oxumağa, xəyalpərəst­li­yə meylli olmuşdur. Səkkizillikdən sonrakı təhsilini məşhur «Qulam şqolası»nda almışdır. Dövrün aparıcı məktəblərindən olan bu təhsil ocağında bilik toplamaq Süleymana ədəbi yaradıcılıqla məşğul olmaq üçün kifayət etmişdir. 30-cu illərdə neft mərkəzi olan Sabunçu rayonunun məktəbləri Mədəni İnqilabın əsas ocaqları idi. Burada ədəbiyyat, dram və musiqi dərnəkləri var idi. Sonralar Süleyman Vəliyev ona yaradıcılıq vəsiqəsi vermiş bu məktəbin müdiri haqqında «Qulam müəllim» oçerkində səmimiyyətlə bəhs etmişdir.

Süleyman Vəliyevin «Əmanət kassası» adlı ilk hekayəsi 1932-ci ildə «Hücum» jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olan Süleyman Vəliyev 1937-ci ildə hərbi qulluğa çağırılana qədər Lökbatanda çıxan az tirajlı «Neft uğrunda» qəzetində jurnalistlik fəaliyyətinə başlamışdır.

O zaman Bakı neftçiləri inqilabın dayağı, onların həyatı isə inqilabi nəsrin hörmətli mövzusu sayılırdı. Yazıçının 21 yaşında - 1937-ci ildə yazıb çap etdirdiyi «Bığlı ağa» povesti həmin ildə «Azərnəşr»də ayrıca kitabça şəklində çapdan çıxdı. Bu Süleymanı həmişəlik ədəbiyyata bağladı, ədəbi mühitdə tanıtdı. O, bir müddət «Azərbaycan gəncləri», «Kommunist» qəzetlərinin müxbiri oldu, «İnqilab və mədəniyyət» jurnalında ədəbi işçi oldu.

1937-ci ilin payızında Süleyman hərbi xidmətə çağırıldı. 1939-cu ilin oktyabrınacan Ukraynada hərbi xidmətdə oldu. O, xidmətə başladıqdan az sonra Sovet qoşunları əvvəllər Polşa ərazisinə daxil olan Qərbi Ukrayna vilayətlərinə, Lvov şəhərinə daxil olmuşdu. Polşalılar bunu işğal, Sovetlər isə «azad edilmə» adlandırırdılar. Bu zaman sovetsayağı «dostluq» təbliğ etmək üçün tanınmış yazıçı və ziyalılar Lvova ezam olunurdular. Cavan yazıçı məhz bu dövrdə görkəmli rus yazıçısı Aleksey Tolstoyla Lvov Yazıçılar İttifaqında əsgər geyimində tanış olmuş, ondan xeyir-dua almışdır. Məhz hərbi xidmət dövründə N.Ostrovskinin ev muzeyində olmuş, Oleksa Desiyak, Paiç Petro, Vanda Vasilevskaya ilə tanış olmuşdur.

Yazıçının hərbi xidmətdən qayıtdığı 1940-cı ilin oktyabrında Süleyman Vəliyev xalq şairi S.Vurğunun xeyir-duası ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.

Əsgər taleyi. Dava başlanan günün səhəri, 1941-ci il iyul ayının 23-də Süleyman Vəliyev hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Bundan əvvəl Səməd Vurğun ona bron təklif edib arxada qalmağı və vətənpərvərlik təbliğatı ilə məşğul olmağı tövsiyə etmişdi. Lakin 25 yaşlı çılğın gənc cəbhəni seçdi. O zaman hamı davanın qısa bir vaxt davam edəcəyi qənaətində idi. 1941-ci il iyunun 29-da «Ədəbiyyat qəzeti»də yazıçıların xalqa ünvanlanmış «Qəhrəman ordu sıralarına» adlı müraciəti dərc olunmuşdu. Müraciətin altında Mir Cəlal, Əli Vəliyevlə yanaşı, Süleyman Vəliyevin də adı var idi. Çağırışda deyilirdi: «Qızıl qələmlərin odlu süngülərə çevrilməsi vaxtı çat­mışdır. Qudurğan faşizmin qəti ölüm dəqiqələri yaxınlaş­mışdır». Lakin müharibə dəqiqələr yox, illərlə çəkdi.

Müharibə başlananda digər müttəfiq respublikalar kimi, azərbaycanlıların da bir Milli Diviziyası var idi. Süleyman Vəliyev bu məşhur 416-cı diviziyanın alaylarından birinə düşdü və onun tərkibində 1941-ci ilin avqustunda İran ərazisinə daxil oldu. 1941-ci ilin sonlarında Şimali Qafqazda vəziyyət pisləşəndə S.Vəliyevin xidmət etdiyi alayı ora göndərdilər. Onun xidmət keçdiyi hissə Şimali Qafqaz cəbhəsinə verildi. 1942-ci ilin baharında Kerç yarımadası uğrunda ağır döyüşlər gedirdi. Bu ərazi iki dəfə faşistlərə verilib təzədən geri alınmışdı. 1942-ci il Sovet ordusu üçün hələ çətin vaxtlar idi. Orduda müasir atıcı silahlar belə çatmırdı, bəzən müdafiə döyüşlərində 2-3 əsgərə bir tüfəng verilirdi. Kerç strateji əhəmiyyətli yer idi: Sovet Hərbi Dəniz donanmasının əsas limanları və böyük müdafiə qurğuları burda idi. Yarımada əldən getdikdən sonra Qara dənizdə gəmiçilik də faşistlərin nəzarətinə keçə bilərdi.

Cəbhəyə romantik qəhrəmanlıq göstərmək arzuları ilə getmiş Süleyman Krım yaxınlığında kontuziya olub əsir düşür. Yazıçıya sonsuz iztirablar vermiş bu hadisə 1942-ci il may ayının 8-də olmuşdu. Ümumilikdə Kerç uğrunda pis hazırlanmış hücum əməliyyatlarında yarım milyona qədər sovet əsgəri əvvəlcə mühasirəyə, sonra isə əsir düşmüşdü. Fərasətsiz generallar yarımadanı əliyalın əsgərlərin qanı bahasına müdafiə etmək istəyirdilər. Ona görə faşistlər ağır itkilərdən sonra yarımadanı tutub Şimali Qafqaza çıxa bilmişdilər… Yazıçı əsir düşdüyü vaxt 416-cı Azərbaycan diviziyasının «Azərbaycan döyüşçüsü» adlı qəzetində hərbi müxbir idi.

Süleyman Vəliyev 1942-ci il Xarkov və Kerç döyüşlərində əsir düşmüş yüz minlərlə əsirlər kimi əsir məntəqələrini görməli oldu. Qankoy adlı ilkin seçmə məntəqəsində sovet əsirlərini sağlamlıq qrupları üzrə bölür, işləmək iqtidarında olanları A­l­maniyanın dərinliklərinə doğru aparırdılar. Süleyman Sloveniya ilə İtaliya sərhədlərində yerləşən, sənaye müəssisələri ilə zəngin olan Triyest vilayətinə, Adriatik dənizi sahillərinə düşmüşdü. Bu ərazilər slovenlərlə italyanlar arasında mübahisəli idi. Əhalisinin əksəriyyəti slovenlər olan bu ərazilərin adları belə diktator Mussolininin əmri ilə dəyişilmişdi.

1944-cu ilin yazında Süleyman çoxdankı planını yerinə yetirir: müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında bina salmış partizan dəstələrinə qoşulur. Yazıçı burada Sila adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəm­anlıqlar göstərir. Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseyn­zadə, Mirdaməd Seyidov da həmin partizan diviziy­a­larında vuruşurdular.

1944-cü ilin sonlarında müttəfiq qoşunları Triyest vilayətini azad edəndə bu dəfə Amerika əsir düşərgələrinə düşməmək əsir yazıçı üçün Avstriya, Fransa, Yuqoslaviya, Misir, İraq və nəhayət İran ərazisindən keçərək vətənə qayıdır. Bu məcburi sərgərdanlıq dövrü də yeni sınaqlar və məhrumiyyətlər demək idi. 1944-cü ilin iyul ayında Triyest şəhəri Amerika-ingilis müttəfiq qoşunları tərəfindən azad edildi. Bu döyüşlərdə iştirak etmiş keçmiş sovet əsirləri əməliyyatlar bitəndən sonra çətin vəziyyətdə qaldılar. Sovet-alman cəbhəsində döyüşlər davam etdiyindən əsirləri bu xətdən SSRİ-yə keçirmək mümkün deyildi. Ona görə  Sovet və ABŞ komandanlığı arasındakı razılığa əsasən Müqavimət Hərəkatında iştirak etmiş keçmiş əsirləri də faşist düşərgələrindən çıxarılan digər əsirlərə qatdılar və Misirin Ceneyfə şəhərindəki 307 saylı müvəqqəti düşərgəyə yolladılar. Müvəqqəti olsa da, bu,  düşərgə idi.

Süleyman Vəliyev burada əsirlərin özlərinin təşkil etdiyi bölmədə Alay qərargahının rəisi seçilmişdi. O zaman İ.Stalin əsir düşənlərin hamısını «satqın» adlandırmışdı. Ona görə ABŞ kəşfiyyat orqanları Misirdəki düşərgədə təbliğat aparırdılar ki, əsirlər vətənə dönməsin: onları Sibirə göndəriləcəkləri ilə qorxudurdular. Lakin Süleyman Vəliyevin alnı açıq idi və heç nədən çəkinmədən vətənə qayıtdı.

İrandan vətənə gəmi ilə 1944-cü il dekabrın 30-da gələn əsirləri Bakıda dustaq kimi avtomatlı adamlar qarşıladılar və çoxlu yoxlamalar aparılması üçün bu dəfə «sovet düşərgəsinə» saldılar. 1945-ci il yanvarın 1-də onları gecə qaranlıq yük vaqonlarına doldurub Moskva yaxınlığındakı Podolsk şəhərində aparıb orada yerləşən 174 saylı düşərgəyə saldılar. Burada günahı olmayan əsirləri xüsusi hücum batalyonlarına yığıb cəbhəyə göndərdilər. Bu «süzgəc» Misirdəkindən dəhşətli idi.

Süleyman Vəliyev isə orda ilişib qaldı: Osman adlı bir azərbaycanlı ondan donos yazmışdı. Hələ Misir düşərgəsində toqquşublarmış. Osman həvəskar artist olub və düşərgə dram dərnəyinin rəhbəri olmaq istəyirmiş. Süleyman isə qərargah rəisi kimi başqasını məsləhət bilmişdi. Böhtan təsdiq olunmayandan sonra Süleyman Vəliyevi də 29 saylı hücum batalyonuna daxil edirlər. Lakin bir neçə gün sonra «Qələbə» xəbəri gəldi.

Süleymanın batalyonu Ufa şəhərinə köçürülür. O zaman 1945-ci il sentyabrın 1-də Yaponiyaya qarşı hücum hazırlandığını əsgərlər bilmirdilər. Onların təlim məşqləri qurtarınca, Yaponiya təslim oldu. Lakin İ.Stalinin rejimi keçmiş əsirlərə normal hüquqlu vətəndaş kimi baxmırdı. Onların «cərimə» batalyonunu Çelyabinsk şəhərindəki Kirov adına sink zavodunda işləməyə yolladılar. Süleyman Vəliyev burada «onbaşı» təyin olunmuşdu. O əqidəli sovet adamı olduğunu sübut etmək üçün yaxşı işləyirdi və hətta şəklini şərəf lövhəsinə də vurmuşdular. Bu da on ay çəkdi. Lakin onları işdən azad etmirdilər.

Süleyman vətənə qayıtmaq həsrətində idi. Ona görə RSFSR Yazıçılar İttifaqı Çelyabinsk vilayət şöbəsinin rəhbəri Lyudmila  Tatyaniçevanın yanına gedir. Süleymanın Yazıçılar İttifaqının üzvü olmağı barədə arayış üçün Bakıya müraciət edirlər. Bakıdan şair Əhməd Cəmilin imzası ilə onun üzvlüyünü təsdiq edən, hətta yaradıcılığı barədə də məlumat verən müsbət arayış gəlib çıxır. L.Tatyaniçeva Çelyabinsk vilayət partiya rəhbərliyinin köməyi ilə Süleyman Vəliyevin zavoddan işdən azad edilməsinə və vətənə qayıtmasına icazə alır…

Sürgün taleyi. Süleyman 1946-cı ilin 10 oktyabrında Çelyabinskdən Bakıya qatara bilet alır. Lakin yemək pulu olmadığından o, Moskvada biletini satıb çörək almalı olur. Bakıya isə qatarların tamburunda gecələr biletsiz qayıdır. Beş günə Bakıya çatan Süleyman, Ramanaya - evlərinə gedir. Həmin gün onun ömrünün ən bəd günlərindən biri olur. Öyrənir ki, 1942-ci ildə ondan qara xəbər gəlib. Atası və anası ehtiyacdan və dərddən vəfat ediblər. Kənddəki evlərində başqa adamlar yaşayır…

Süleyman Bakıda Mirzə Fətəli küçəsində 9-cu dalanın ikinci mənzilində balaca bir otaqda yaşayır. «İnqilab və mə­də­niy­yət» jurnalında ədəbi işçi düzəlir. Ev şəraiti barədə Səməd Vur­ğuna ərizə yazandan sonra böyük şair onun «koma»sına şəxsən gəlib tanış olur. O zaman Çaparidze rayon İcraiyyə Komitəsinin səd­ri olan əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Ab­basov böyük şairin xahişi ilə S.Vəliyevə Tolstoy küçəsinin 7-ci da­lanında 3 saylı evi verir.

Lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keç­miş hərbi əsirlərin işlərinə də yenidən baxılma kampaniyası ilə nəticə­lənir. Həmin ildə yazıçı Asya adlı qızla təzəcə evlənmişdi. Göz­lənilmədən onu yeni istintaqa cəlb edirlər və jurnaldakı işin­dən çıxarırlar. Siyasi orqanların məxfi apardığı istintaqda ona məxfi orqanlarla əməkdaşlıq və Səməd Vurğunun «millətçiliyi»nə qarşı gizli işləmək təklif edirlər. Süleyman əməkdaşlıqdan imtina edir; axı Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu; o, əsgərlikdə və müharibədə olanda ədəbiyyat fondu onun ata-anasına  yardım verirdi. Ata-anası vəfat edəndən sonra Süleymanın kiçik qardaşı Murtuzu Suvorovçular məktəbinə də Səməd Vurğun düzəltmişdi. Ona mənzil vermişdi… O biri tərəfdən yazıçının ölkədə faktiki ağalıq edən siyasi orqanlardan zəhləsi gedirdi…

Nəticədə Süleyman Vəliyev 1949-cu ilin yayında  Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Badaybo şəhərinə sürgün edilir. Nəticədə 1946-1947-ci illərdə yazılmış «Mübahisəli şəhər» romanının çapını dayandırırlar. Yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıdan yaxşı hiss edirdi. Gizli sorğu-suallar onun qanını içmişdi. Bir neçə ay sonra Asya onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə doğuldular. Sibirdəki xeyirxah adamların köməyi ilə o, yazıçı qələmini atmadı. 1953-cü ildə İ.Stalin öləndən sonra ölkənin həbs və sürgün yerlərindəki çoxmilyonlu «cəza» çəkənlər rahat nəfəs aldı.

Süleyman Vəliyev 1955-ci ildə Bakıya qayıda bildi. Altı illik sürgün dövründə o, sovet ideologiyasına uyğun hekayə və oçerklər yazıb dərc etdirir, sadiq bir sovet adamı olduğunu sübut etmək istəyirdi. Onun şəxsiyyətinin ikiləşməsi  taleyin bu zərbələrinin nəticəsi idi. Lakin belə yazıların onun ailəsinin maddi vəziyyətinə, heç olmasa, müsbət təsiri olurdu.

1955-ci ildə Süleyman Vəliyev arvadı və iki övladı ilə Bakıya qayıdır. Stalinizmin ifşasından sonra onun qurbanlarına qayğı göstərmək dəb idi. Gəlişindən 20 gün sonra ona həyatdan getmiş yazıçının indiki Nizami küçəsi, 51 ünvanda yerləşən balaca evini verdilər.

1956-cı ildə Bakıda Mir Cəfər Bağırovun məhkəməsi oldu: bu məhkəmədə ittihamçı kimi çıxış edən SSRİ prokuroru Rudenko haqsız repressiya qurbanlarından biri kimi Süleyman Vəliyevin adını çəkdi, istintaqda Səməd Vurğuna qarşı ifadə vermədiyi üçün sürgün edildiyini qeyd etdi. Amma Süleyman bu açıq məhkəməyə bir dəfə də getməmişdi. Qələm dostları Süleyman Vəliyevə təşəkkür etdilər. Bu, dövlət səviyyəsində bəraət almaq idi, Süleyman Vəliyevin təmiz adının 15 illik ağır zülm və iztirablardan sonra bərpası idi.

1957-ci ildə yazıçının «Mübahisəli şəhər» romanı yazıldıqdan 10 il sonra «Azərbaycan» jurnalında çap olundu. Lakin o zaman Yuqoslaviya-Sovet əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına əxlaqsız məmurlar icazə vermədilər. 1961-ci ildə roman Moskvada rus dilində çıxdı. Yalnız bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi olan bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap olundu.

«Düyünlər» romanı. 1966-cı ildə Süleyman Vəliyev «Düyünlər» adlı romanını yazdı. Əsərin qəhrəmanı Vasifin şəxsində yazıçı stalinizmin ədalətsiz repressiyalarına məruz qalmış bir insanın taleyini yazmışdı. Əsər stalinizmin ifşasından cəmi 10 il sonra ortaya gəlmişdi. Nə əsərin yazılıb çap olunduğu 1966-cı ilə qədər, nə də ondan sonra bu mövzuda nəsrimizdə ciddi əsər ortaya çıxmamışdır.

İ.Stalin dövrünün repressiyaları, yüz minlərlə insanların taleyini şikəst etməsi, onların çoxunun yaşamaq hüququnu əlindən alması bu gün də aktual bir mövzudur. Stalinin diktaturasından və yaratdığı cəza maşınından milyonlarla ailələr, o cümlədən azərbaycanlı ailələri əzab çəkmişdir. Neft mühəndisi olan Vasif onların tipik nümayəndəsidir. Yazıçı bu əsəri, əslində, repressiyalarda həlak olanların xatirəsinə həsr etmişdi. O əmin idi ki, bunların təkrarlanmağı üçün gələcək nəsillər stalinizmin cəza tədbirlərinin qeyri-insani üzünü, insansevərlik dəyərlərinə zidd olduğunu, siyasi terrorun xüsusi amansızlığını bilməlidirlər. Bu əsər haqsız olaraq məhv edilmiş minlərlə həmvətənlərimizin xatirəsinə qoyulan söz abidəsi idi.

Əsərdə Vasifə öz qohumu şər atır və onun yazdığı məktub Vasifin taleyini sındırır. Cəzanın ilkin motivini qohuma aid etməklə yazıçı müəyyən güzəştə gedirdi. Lakin mövzunun qələmə alınması və romanın çapı ədəbi fikrimizin və yazıçının qələbəsi idi.

Vasifin ədalətsiz həbsində və istintaqında aşkar görünür ki, o zaman kimin və nəyə görə istintaq edilməsinə əhəmiyyət verilmirdi. Çünki stalinçi dövləti özü böyük cəza aparatına çevrilmişdi. Nəhəng dövlətin az qala bütün qurumları cəzanın qaçılmaz icrası ilə məşğul idi. Amma adamların həbs və sürgün edilməyinin səbəbləri, onların əsaslı olub-olmadığı üçüncü, dördüncü dərəcəli məsələ olmuşdu.

Süleyman Vəliyev gəncliyindən bağlı olduğu qabaqcıl inqilabi ədəbiyyatın təsiri ilə nikbin mübarizlik fəlsəfəsinə meyl etmişdir. Müharibə və döyüş vaxtları bu torpağın, xalqın xoş gələcəyinə inam deməkdir. Dinc dövrün qəhrəmanı olan Vasif isə bu fəlsəfəni həyat strategiyası kimi təqdim edir. Onun üçün mübarizə nəticədən daha əsas və maraqlıdır. Çünki heç nə mübarizə prosesində olduğu kimi insanın daxili qüvvələrini və gözəlliyini üzə çıxara bilmir. Yalnız ardıcıl, mətin, xeyirxah niyyətli mübarizə insanları ucaldır və sevdirir.

Romanın ikinci mövzusu Bakı neftçilərinin həyatı idi. O zaman bu mövzuya dövlət sifarişi kimi xüsusi əhəmiyyət verilirdi. S.Vəliyev yaradıcılığa da bu mövzu ilə başlamışdı və Ramana neft mədənləri ərazisində böyüdüyündən bu mövzunu gözəl bilirdi. Bakı neft fəhlələrinin həyatı inqilabi mövzu sayılırdı. Lakin 50-ci illərin neft mühitini təsvir edən əsərlər artıq müasir mövzu, əməkçi qəhrəmanların surətini yaratmaq təşəbbüsü idi. Bu mənada Vasif surəti də ikili məzmun daşıyır. Onun taleyinin repressiya mövzusu ilə bağlı səhifələri böyük tarixi həqiqətləri əks etdirir, lakin neft istehsalı proseslərinin təsviri publisistik yöndədir.

«Düyünlər» romanında qiymətli motivlərdən biri şəxsiyyət azadlığı və bütöv insan məsələsi idi. Yazıçı ömrü boyu məmur, dəftərxana, xidmətçi həyatına mənfi münasibət bəsləmiş, belə hallardan uzaq olmağa çalışmışdır. Bir çox digər əsərlərində ol­duğu kimi, «Düyünlər»də də yaltaqlıq, qoltuqlarda yaşamaq, bir par­ça çörək üçün əyilmək ən pis əxlaqi qüsur kimi tənqidlə rədd olu­nur. Belə adamlar həyatda da yazıçının əsas rəqibi və düş­mənləri idi.

«Düyünlər» Süleyman Vəliyev yaradıcılığındakı iki xətti gözəl əks etdirir. Bu xətlər tarixi həqiqətlərlə publisist həqiqətlər arasındakı ziddiyyətlər idi. Yazıçı tarixi və bədii həyat həqiqətlərini göstərəndə istedadı, dərin həyat biliyi, keşməkeşli yazıçı bioqrafiyası özünü qabarıq büruzə verirdi.

Lakin dövlət sifarişi ilə, sovet həyatının yaxşı tərəflərini göstərmək meyli ilə yazılan əsərlərində yazıçı öz istedadının və taleyinin məxsusi həqiqətlərindən uzaqlaşırdı. 70-80-ci illərdə yazdığı bəzi nəsr əsərlərində bu meyl güclüdür.

«Mübahisəli şəhər» romanı. Bu romanın ədəbiyyatımızda və yazıçının yaradıcılığındakı böyük uğuru ilk növbədə əsərdə tarixi həqiqətə tam sədaqətindədir. Bunun nəticəsində bu roman Avropa müqavimət hərəkatı haqqında yazılmış ən gözəl əsər­lər­dən biridir və dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.

Müqavimət hərəkatı mövzusunun əhəmiyyətini, onun siyasi və əxlaqi məzmununu nəzərə almaq lazımdır. Avropanın mərkəzi olan Almaniyada, İtaliyada faşizmin hakimiyyət başına gələ bilməsi, 60 milyondan çox insanın ölümü ilə nəticələnən İkinci Dünya Müharibəsinə yol verilməsi Avropanın tarixində qara bir ləkədir. Özünü həqiqi mədəniyyətin və humanizmin daşıyıcısı sayan bu qitədə faşizm nə üçün hökmran oldu? Sonrakı araşdırmalar göstərdi ki, ABŞ-ın, İngiltərənin, Fransanın, İtaliya və İspaniyanın hakim dairələri ilk mərhələdə əxlaqi kompromisə getdilər, ondan kommunizmə, sovetlərə qarşı istifadə etdilər. Nəticədə faşizmin özü onlardan istifadə edib İkinci Dünya Müharibəsini başlaya və bütün Qərbi Avropanı işğal edə bildi.

Lakin Avropa intellektuallarının bir hissəsi hələ müharibə ərəfəsində də faşizmlə əməkdaşlığa qarşı çıxır, ona güzəşt edən siyasətçiləri ifşa edirdilər. Sonradan işğal olunmuş Fransa, İtaliya, Polşa, Yuqoslaviya, Hollandiya, Avstriya kimi ölkələrdə həmin ziyalılar faşizmə qarşı gizli Müqavimət Hərəkatının mənəvi rəhbərləri oldular. Onları həm faşistlər, həm öz ölkələrində hakimiyyətdə olan «sazişçilər» qırırdılar. Amma müharibədən sonra aydın oldu ki, məhz Müqavimət Hərəkatı Avropanın həqiqi əxlaqi tərəfinin təmsilçiləri idi. Bütün Avropa xalqlarının ədəbiy­yatlarında Müqavimət Hərəkatı barədə çoxsaylı roman, povest, pyes və bədii filmlər yarandı.

Faşistlər Bakını işğal etməmişdilər. Lakin hələ müharibə vaxtı Kerç döyüşlərində məhv edilən Zaqafqaziya milli diviziyaları haqqında təhqiramiz şayiələr gəzirdi. «Mübahisəli şəhər» Kerçdə əsir düşən Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını göstərməklə həm də 416-cı Azərbaycan diviziyası döyüşçülərinin əsgər şərəfini müdafiə edirdi. Süleyman Vəliyev özü onlardan biri olmuşdu.

Partizan hərəkatının təsviri. Romanın azərbaycanlı qəhrə­ma­nı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlər­dən uzaqlaşan kimi onun aydın məqsədi var: Triyest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq. Bu şəhərdə partizan hərəkatının güclü olduğunu hətta əsirlər də bilir. Şəhər əhalisi slovenlər və italyanlardır. Onlar həm Mussoliniyə, həm də şəhəri işğal etmiş hitlerçilərə eyni dərəcədə nifrət edirdilər. Triyest tarixən mənsubiyyət cəhətdən mübahisəli olub; gah italyan, gah da sloven şəhəri sayılıb. Romanda da bu, mübahisəli ərazidir: burada partizanların, yoxsa faşistlərin daha çox hakimiyyəti olduğu məsələsi mübahisəlidir.

Triyest ətrafındakı bütün qəsəbə və kəndlərin əhalisi partizanlara tərəfdir. Məhz bu, partizan hərəkatına qüvvə verir; yerli əhalinin himayəsi olmadan dağlarda minlərlə partizanı ərzaqla təmin etmək çətindir. Bunu yerli əhali edir; onlar artıq faşizmin məğlub olacağına inanırlar, bu vaxt məsələsidir. Triyestin bütün sənaye müəssisələri faşistlərə işləyir. Fəhlələrin hamısı sovet əsirləridir.

Yazıçı partizan təşkilatlarının quruluşunu və iş prinsiplərini dəqiq və ətraflı təsvir etmişdir. Bu dəstələrdə adi hərbi intizamdan başqa, sərt daxili qaydalar var. Hər bir partizan, ilk növbədə, məxfi rejimdə mübarizə aparan yoldaşlarını qorumağa borcludur. Silah yoldaşları üçün risk yaradan addımlar partizanlar arasında çox sərt, adətən, ölümlə cəzalandırılır. Partizan dəstələrində təşkilatın məxfiliyini qorumaq hərbi intizamın əsas şərtidir.

Partizanlar açıq yox, gizli silahlı mübarizə aparırlar. Onların əməliyyatları faşistlərin nəzarətində olan ərazidə baş verir. Partizanlar çox vaxt diqqəti cəlb etməmək üçün faşist forması geyirlər. Bunların əksəriyyəti ölümdən qorxmayan, hərbi riski peşə etmiş adamlardır. Onları birləşdirən faşizmə nifrət və intiqam hissləridir. Belə maksimalizm partizanlarda əsirlik zamanı formalaşıb. Onların, demək olar ki, hamısı bu cəhənnəm yolunu keçiblər. Azad şəxsiyyət üçün əsirlik, ilk növbədə, iradə azadlığını itirməkdir. Əsirlik insanlıq hüquqlarını itirməkdir. Həm də bu itirmə zorakı baş verir. Faşistlər onlara adi iş heyvanı kimi baxırlar: əsirlər onlar üçün ancaq fiziki qüvvə və sağlamlıq cəhətdən fərqlənir.

Əsirlik həyatında ən dəhşətli faktor insan həyatının dəyərsizləşməsidir. Burada insanlar adi məişət əşyalarından birinə çevrilirlər. Müharibənin ilk ilində əsir düşmüş 5 milyondan artıq əsirin yarıdan çoxu əsirliyin ilk altı ayında ölmüşdülər. Bu, hərbi əməliyyatlarda verilən insan qurbanlarından daha yüksək ölüm faizi idi. Almanlar əsirlərə işçi qüvvəsi kimi baxdığından mühafizə xidmətinə xüsusi göstəriş verilmişdi: zəif və xəstə əsirlərdən mümkün qədər tez can qurtarmaq. Nəticədə nəzarətçi faşistlər əsirləri ən adi ehtiyatsızlığa görə yerində güllələyirdilər. Bu isə hərbi əsirlər barədə beynəlxalq konvensiyalara da zidd idi. Lakin faşistlər heç bir qanun tanımırdı; onlar yeni qanunlar yaratmaq, dünyada öz qayda-qanunlarını qoymaq fikrində idilər.

Partizan taleyinin ayrılmaz cəhəti xəyanət şübhələrinin hamının başı üzərində olmasıdır. Partizanlıq, eyni zamanda, daimi xəyanət axtarışıdır. Bu, mübarizəni fasiləsiz davam etdirmək üçündür. Faşistlər də daim partizanlar arasına xainlər yerləşdirməyə çalışırlar. Kəşfiyyat aparmaq, dəqiq məlumat toplamaq məxfi partizan təşkilatının təhlükəsizliyi üçün əsas şərtdir. Lakin faşistlər də eyni işlə məşğuldurlar. Nəticədə partizan hərəkatı əsəb və ağıl yarışına, ölümdən uca olan iradə nümayişinə çevrilir.

Partizan hərəkatı çoxmillətlidir. Hərbi əsirlərin milli tərkibi kimi. Yazıçı italyan, qaraçı, slovak, yəhudi, Krım tatarı və başqa soylardan olan partizanları eyni rəğbətlə təsvir edir. Onları birləşdirən ümumi cəhət zülmə baş əymək istəməmələri, öz azadlıqlarını qorumaq əzmləridir. Onlar bütün vəzifələrdə mübarizəyə hazırdırlar.

Romanda xüsusi məna ilə səslənən motivlərdən biri qorxu və xəyanət məsələsidir. Əlinə silah alıb vətənin və torpağın müdafiəsinə duran hər bir əsgərin daxili həyatı üçün bu problem aktual olur. Əsgər öz borcunu doğru dərk etməli və qorxunu yaxın buraxmamalıdır. Süleyman Vəliyev qorxunu partizan və əsgər üçün xəyanətlə eyniləşdirir. Çünki bu mənfi əxlaqi sifətlərin hər biri digərini törədir.

Romanda qadın surətləri xüsusi rəğbətlə qələmə alınmışdır. Onların içərisində partizanlara tərəf olan sadə, zəhmətkeş obrazlar xüsusilə diqqəti cəlb edir. Triyest ətrafındakı güclü partizan hərəkatına əsas dayaq yerli qadınlardır. Onlar öz həyatlarını riskə qoyub qapılarını döyən hər bir əsirə kömək edir, onların partizan hərəkatına qoşulmasına yardım edirlər. Qadın surətləri içərisində Zara və Anita  xüsusilə yaxşı işlənmişdir. Onlar faşistlərin əlində olan ərazilərdə təbliğat, kəşfiyyat və digər tapşırıqları icra edirlər.

Aslan surəti. Romanda Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı döyüşçülərin ən aparıcı nümayəndəsi Aslandır. Bu surətdə yazıçının öz avtobioqrafik cizgiləri də çoxdur. Aslan məğrur, mərd bir gəncdir, hələ məktəbli olduğu vaxtlardan mübariz, hərbi igidlik göstərən, qorxu bilməyən ədəbi qəhrəmanlara rəğbətlə yetkinləşmişdir. Müharibə başlanan günün səhəri o, könüllü olaraq Hərbi Komissarlığa gəlir və cəbhəyə yola düşür. O, faşizmə qarşı mərdliklə vuruşmaq, cəbhədən bir qəhrəman kimi qayıtmaq fikrindədir. Lakin müharibənin amansız gerçəkliyi onun planlarını alt-üst edir…

Aslan güclü əxlaqi şüuru olan bir insandır. O daim özünə kənardan qiymət verməyə çalışır: o daim qəhrəmanlıq göstərmək niyyətlərinə nə dərəcədə yaxın olduğunu götür-qoy edir və məyus olur. Kerç uğrunda döyüşlərdə faşist aviasiyasının hücumu onun xidmət etdiyi hissəni pərən-pərən salır. Aslan və əsgər dostları özlərinə gəlməmiş mühasirəyə düşür və əsir götürülürlər.

Aslan əsirlər içində çoxlu tanışlar tapır: bunlar 416-cı Azərbaycan diviziyasının əsgərləridir. İlk faşist düşərgəsində əsirlər özlərini müxtəlif cür aparırlar. Bəziləri fiziki və mənəvi cəhətdən sınır, digərləri faşistlərlə əməkdaşlıq üçün süni əsaslar axtarırlar. Zəiflikdən və aclıqdan ölənlərin sayı isə çoxdur. Yazıçı əmindir: ölənlərdən əvvəl onların ümidi, həyat qüvvələri ölür…

Lakin əsirlərin içində elələri də var ki,  bütün mənəvi və fiziki qüvvələri ilə əsirlik həqiqətinə müqavimət göstərirlər və iradəsi əlindən alınmış qul olmağı insana layiq bilmirlər. Aslan belələrindəndir. Onun şüurunun dərinliklərində müharibə gerçəkliyinə qarşı dərin bir barışmazlıq vardır. Bu barışmazlıq ona yollar axtarmağa, vəziyyətdən çıxmaq üçün hər gün düşünüb planlar qurmağa qüvvət verir.

Əzmkar və vətənpərvər əsirlər düşərgədə gizli təşkilat düzəldir və dağlardakı partizanlarla əlaqə yaradırlar. Aslan onların arasındadır. Zəif iradəli əsirlərin bir qismi ancaq aclıqla mübarizə barədə düşünür. Bu da əsirliyin mühüm problemidir. Lakin Aslan belələrindən deyil. O, öz mənliyini qoruyan, şəxsi ləyaqətini qorxu, aclıq, müvəqqəti ləzzətlər kimi saxta dəyərlərə təslim edən deyil. Onda nəhəng dözüm vardır. Az danışmağa, konkret işlər görməyə üstünlük verir. Partizan hərəkatındakı və nizamnaməsindəki qəddarlıq daxilən ona yaddır. Lakin o, reallıqla həmişə hesablaşır.

Triyestin azad edilməsi uğrunda sonuncu döyüşdə Aslan ağır yaralanır. Dostları, sevgilisi Anita onun üçün həyəcan keçirirlər. Lakin təbiətin ona bəxş etdiyi sağlamlıq Aslanı xilas edir. O, ağır yaralardan sağalır. Anitanın məhəbbəti və qayğısı da ona həyat qüvvələri və ümid verən bir amildir. Aslan gələcək həyatını bu cəsur, sədaqətli qızla birgə yaşamaq qərarına gəlir.

Romanın bədii xüsusiyyətləri. «Mübahisəli şəhər» Böyük Vətən Müharibəsi haqqında yaranmış əsərlər içərisində yüksək və fəxri bir yer tutur. Heç bir digər əsərimizdə cəsur və qeyrətli Azərbaycan əsgərinin obrazı belə realist qələmlə, həyat həqiqətinə, müharibə gerçəkliyinə belə yazıçı sədaqəti ilə qələmə alınmayıb. Bu müharibədə Azərbaycan xalqının 600 mindən çox oğul və qızı öz canını vətən yolunda qurban vermişdir. Süleyman Vəliyev humanist bir yazıçı, namuslu qələm sahibi kimi bu əsərdə onların rəşadətini əbədiləşdirmişdir. Romanda qorxaq, zəiflik göstərən surətlər də vardır. Lakin yazıçı onların hamısını rəğbətlə, humanistcəsinə qələmə almışdır. Romanın bir neçə yerində yazıçı müharibənin dağıdıcı təbiətini heyrətlə qələmə almışdır. Bir qısa hava bombardmanı nəticəsində insanların əsrlərlə tikib yaratdığı gözəl şəhər və qəsəbələr xarabalığa çevrilir. Müharibənin bu amansız üzü sadə insan talelərinə qarşı da eyni dərəcədə dağıdıcıdır. Adamlar müharibə üçün yox, həyat üçün doğulur. Ona görə yazıçı davanın amansız gerçəkliyinə düşən heç kəsi qınamır. Romanda onların hər birinin obrazına rast gəlmək olar.

«Mübahisəli şəhər» 1946–1947-ci illərdə, stalinizmin hökmran olduğu vaxtlarda qələmə alınıb. Həm o zaman, həm də sonralar Sovet ədəbiyyatında müharibənin çətinliklərdən və qələbədən ibarət obrazı vardı. Süleyman Vəliyev də bu obrazdan çox kənara çıxa bilməzdi. Əslində isə Böyük Vətən müharibəsinin real siması çox-çox faciəli idi: 6-7 milyonluq əsirdən başqa bundan iki dəfə çox aclıqdan və xəstəliklərdən ölənlər olmuşdu. Faciələrin sayı və növləri sadalanmaqla bitən deyil. Lakin bütün bunlar hələ indi də ədəbiyyatda tam əksini tapmayıb.

Dövrdən gələn belə xüsusiyyətlərə baxmayaraq, «Müba­hisə­li şəhər» romanı yazıldığı dövrdə müharibəni realistcəsinə, bəzək­siz qələmə alan ən namuslu, dolğun əsərlərdən biri idi. Müha­ribə həqiqətlərini göstərmək baxımından Süleyman Vəliyev bu gün də müharibə nəsrinin əsas yazıçısı olaraq qalır.

1970-80-ci illər yaradıcılığı. «Mübahisəli şəhər» və «Düyünlər» romanları çətinliklə özünə yol açsa da, ədəbi tənqid də bu əsərlərin dəqiq qiymətini verə bilmədi. O zaman bu mümkün də deyildi: ədəbiyyat yazıçıların şəxsi istedadı və həyat biliyi əsasında deyil, yuxarıların sifarişi ilə irəliləyirdi. 60-cı illərin sonlarında ədəbi tənqiddə subyektivizm, yuxarılara yarınmaq və yerliçilik kimi qüsurlar da yol tapmışdı. Rəsmi dövlət vəzifələrində olan yazıçıların əsərləri yaxşı kimi təriflənir, yerdə qalanlar isə diqqətdən kənarda qalırdı.

S.Vəliyev Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyir, öz taleyi ilə birbaşa bağlı olan, xalq taleyini əks etdirən mövzuların işlənməsindən uzaqlaşırdı. Sibir onun nəsrində komsomol tikintisi meydanı kimi təsvir olunurdu. «Daşlı bulaq» romanı belə idi. Yazıçı 60-70-ci illərdə müşahidə etdiyi yerliçilik meyllərini Fələstin müqavimət Hərəkatı timsalında «Qanlı ocaq»da ümumiləşdirməyə çalışırdı. Bu, zamanın zorladığı istedadın faciəsi idi.

80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini «Qanadı qırıq quş da uçarmış» adı ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmışdı. Bu qiymətli xatirələr yazıçının əzab və mübarizə dolu faciəli illərinin ifadəsi kimi qiymətli idi. Əsərdə əksini tapan həyat faktları bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi ədəbi əhəmiyyət kəsb edirdi.

Burada yaradılan müəllif obrazı, bu yığcam xatirə povestin ən qüvvətli yeniliyi idi. Yazıçının şəxsi faciəsi öz inandırıcılığı ilə uydurma və bəzəkli müharibə nəsrinin şablonlarını təkzib edirdi. Bu həm də bədii həqiqətin qələbəsi idi. Bu insan ağlasığmaz faciə və ədalətsizliklərdən sınmır, içi insanlara nifrətlə dolmur. Onu yaşadan, ona həyat qüvvələri, işıq ucu verən budur.

Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı şəhərində 80 yaşında vəfat etmişdir. Məzarı İkinci Fəxri Xiyabandadır.