Həyatı və fəaliyyəti. Gül­hü­seyn Hüseynoğlu Stalinçi re­pressiyalardan sonra ədəbiyyata qa­yıdıb əhatəli ədəbi və elmi fəaliy­yət göstərən istedadlı bir yazı­çıdır. O, 1923-cü ildə Ma­sal­lı rayonunun Mollaoba kəndində doğulmuşdur. Gələcək yazıçı körpə olduğu vaxt onun ailəsi Bakıya köçür, Gülhüseyn orta təh­silini burada alır. Uşaq yaş­la­rın­dan ədəbiyyatla, şeirlə maraq­la­nan Gülhüseyn 1944-cü il­də Bakı Dövlət Universitetinin filo­lo­gi­ya fakültəsinə daxil olur. «Ana» adlı ilk mətbu hekayəsi də 1944-cü ildə işıq üzü görür. 1946-cı ildə Universitet tələbəsi olan Gül­hü­seynin ilk mənsur şeiri - «Bənövşə əfsanəsi» çapdan çıx­mış və sonralar ədibin yaradıcılığının əsas istiqamətini təşkil etmişdir.

G.Hüseynoğlu tələbə vaxtlarından fəal olmuş, o zaman dəbdə olan ədəbi dərnəklərdə iştirak etmiş və ədəbi mühitdə çox erkən tanınmışdır.

Müharibə illərində hərbi vətənpərvərlik mövzusu, xalqın keçmişinə dair şeir, nəsr və dram əsərləri çox çap olunur və ədəbi gəncliyə də təsir göstərirdi. Bunun nəticəsində müharibə illərində yetişən tələbə-gənclik alovlu vətənpərvərlik hissləri, qəhrəmanlıq və fədakarlıq həvəsi ilə ərsəyə gəlirdi. Belə gənclərdən biri də Gülhüseyn Hüseynoğlu idi. O, tələbə dostları İsmixan Rəhimov və başqaları ilə düzəltdikləri dərnəkd­ə Azərbaycan xalqının taleyi, xüsusilə rəsmi statusu yarımçıq olan ana dilinin vəziyyəti barədə müzakirələr aparırdılar. 1945-ci ildə onlar vətənpərvər xalq şairi Səməd Vurğuna bu barədə məktub yazdılar.

Həmin məktub Gülhüseynin və onun gənc vətənpərvər dostlarının taleyində faciəli rol oynadı. 1948-ci ildə bu məktubla bağlı Gülhüseyn və dərnək dostları həbs edildilər və onların dərnəyi gizli antisovet təşkilatı kimi qələmə verildi. Bundan bir il qabaq - 1947-ci ildə Gülhüseyn universiteti bitirib filologiya fakültəsinin aspiranturasına qəbul olmuşdu. Onun qələmi, elmi məqalələri diqqəti cəlb edir və böyük ümidlər verirdi. Birinci kurs aspirantının həbsi həm Gülhüseynin, həm də onun müəllimlərinin çaşqınlığına səbəb oldu. Cavan ədibə gizli antisovet təşkilat yaratmaq və ona rəhbərlik etmək, antisovet təbliğatı kimi uydurma ittihamlar irəli sürdülər.  Məhkəmə 1937-ci ildə olduğu kimi ölüm hökmü çıxarmadı. Ona 25 illik həbs cəzası verdilər. Gənc yazıçı ilk kitabını belə çap etdirməyə macal tapmadan həbsxanaya düşdü və oradan 9 ildən sonra çıxdı. 1956-cı ildə ona tam bəraət verdilər və qayıdıb aspiranturaya bərpa olunması üçün kömək etdilər. Gülhüseynin mənsur şeirləri on il fasilədən sonra təzədən mətbuat səhifələrində görünməyə başladı.

Yaradıcılığı. 1957-ci ildə yazıçının «Xəzərin qoynunda» adlı mənsur şeir kitabı çapdan çıxdı. Əl boyda kitabın adı müəllifin qürbətdən vətənə dönməsini, indi doğma Xəzərin sahilində, Bakıda yaşamasını bildirirdi. Sovet quruluşu repressiya olunmuş, taleyi sındırılmış yazıçılara qayğı göstərməyə çalışırdı. 1958-ci ildə Gülhüseynin iki kitabı: «Bir ömrün çıraqları» və «Poylunun gənc çobanı». İkinci kitabda doqquz illik həbsdən qayıtmış otuz beş yaşlı yazıçının oçerkləri də var idi. Yuxarılar əfv edilmiş dünənki siyasi məhbusların sovet gerçəkliyini tərənnüm edən və tərifləyən əsərlərinin çap olunmasına xüsusi önəm verirdilər. Bu da rəsmi riyakarlığın bir şəkli idi.

1960-cı illərin ortalarında Gülhüseyn Hüseynoğlu repressiya olunmuş unudulmaz şair Mikayıl Müşfiq barədə namizədlik dissertasiyasını Universitetin Elmi Şurasında uğurla müdafiə etdi. 1957-ci ildən bəri ədib universitetdə müəllim kimi çalışır və gənc nəslin tərbiyəsinə, ədəbiyyatşünas kadrların hazırlanmasına öz töhfəsini verir.

1968-ci ildə Gülhüseyn Hüseynoğlunun «Müşfiq. Həyat və yaradıcılığı» monoqrafiyası «Azərnəşr»də kütləvi tirajla çapdan çıxdı. Bu, 1937-ci ildə repressiya olunmuş yazıçılar barədə çıxan ilk monoqrafik əsərlərdən biri idi. Monoqrafiyada müəllifin Müşfiqin şəxsiyyətinə və əsərlərinə dərin məhəbbət və pərəstiş hissləri aşılanmışdır. Özü ölümün pəncəsindən xilas olmuş Gülhüseyn 29 yaşında şəhid edilmiş Müşfiqin şair hüquqlarının bərpasını özü üçün müqəddəs borc bilirdi. Ədibin bu monoqrafik tədqiqatı Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə yazılmış ən mötəbər tədqiqat olaraq qalır. Ədib böyük zəhmət hesabına Mikayıl Müşfiqin üç cildlik seçilmiş əsərlərini tərtib və redaktə etdi, onların çapına nail oldu.

Gülhüseyn Hüseynoğlu indiyə qədər Müşfiqin poeziyasının yorulmaz təbliğatçısı olaraq qalır. Ədib bunu özünə şərəf bilir və amansızlıqla qətlə yetirilmiş repressiya qurbanlarının ruhu qarşısında öz mənəvi borcu hesab edir.

Mənsur şeir yaradıcılığı. Yazıçının yaradıcılığının əsas xəttini onun mənsur şeir yaradıcılığı təşkil edir. Ədib nəsrin bu şəklinə ardıcıl sədaqəti ilə ədəbiyyatımızda mənsur şeirin yaradıcısı hesab olunur. Yaradıcılığın bu sahəsi çox qədim olduğu qədər də çətin və məsuliyyətlidir. Dünya ədəbiyyatında belə nəsrin N.S.Turgenev, Ş.Bodler, R.Taqor kimi klassikləri tanınır və sevilir.

Lirik nəsrin bir şəkli olan mənsur şeir fikir dərinliyi, müşahidə sərrastlığı, bədii dilə yüksək bələdlik tələb edir. Bu məziyyətlər yazıçının irili-xırdalı bütün əsərlərində - oçerk, hekayə, povest və əlbəttə, mənsur şeirlərində də qabarıq özünü büruzə verir. «Nigarançılığın sonu», «Geoloq qız», «Xeyirxah», «Ata», «İlk qələm» kimi əsərləri məhz belədir.

Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərinin mövzu əsasını mənəvi-əxlaqi mövzular, insan müdrikliyi, onun təbiətə və öz borcuna münasibəti təşkil edir. «Ay nur çiləyəndə», «Sonası», «Bənövşə əfsanəsi» əsərləri məhz bu cürdür. Dəyanətli, mərd, namuslu, el adətlərini sevən və qoruyan qəhrəmanlar daha çox diqqəti cəlb edir. Yazıçı sabitqədəm, əqidəli, çətinlikdən qorxmayan, vədinə xilaf çıxmayan insanlardan tez-tez yazır, onları gəncliyə nümunə kimi göstərir. Məsələn, «Sonası» adlı yığcam mənsur nümunə böyük dramaturq Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın xatirəsinə həsr olunmuşdur. Gənc yaşlarından dahi ərini həmişəlik itirən Sona xanım heç zaman Cabbarlı ruhuna sədaqətini itirməmiş, ömrünü dramaturqun balalarını tərbiyə etməyə və onun ədəbi irsini, şəxsiyyətini təbliğ etməyə həsr etmişdir. Müəllif Sonası obrazını əxlaqi ideal səviyyəsinə qaldırır, onun fədakarlığını və cəfakeşliyini tərənnüm edir.

Yazıçı «Müjdə» adlı əsərində Cənubi Azərbaycan vətənpərvərlərinin mübarizəsi mövzusuna müraciət edir. Bu problem Gülhüseyn Hüseynoğlunun mənsub olduğu yazıçılar nəslinin bioqrafiyası üçün xüsusilə aktual idi. Seyid Cəfər Pişəvərinin 1945-1946-cı illərdə qurduğu Milli Hökumət bu nəslin gözü qarşısında qurulub faciələrə düçar olmuşdu. Müjdənin qəhrəmanı bu mübarizənin mətin əsgərlərindən biridir. Zindanda o, arvadının ona oğul doğması barədə xəbər alır. Bu xəbəri yazıçı  Cənubi Azərbaycanın gələcək azadlığının müjdəsi kimi ümumiləşdirir. Zindanda olan fədai bəlkə də qətl ediləcəkdir. Amma Cənubi Azərbaycanın azadlıq qazanması labüddür, çünki zindandan kənarda hər gün fədai balaları doğulur, deməli, mübarizə də davam edəcək, azadlıq günü mütləq gələcəkdir.

Gülhüseyn Hüseynoğlu qələmini nəsr əsərlərində də sınamış, bir sıra povest və hekayələr yazmış, xüsusilə uşaq nəsri ilə məşğul olmuşdur. Sadə, yığcam dil, tərbiyəvi əhəmiyyətli mövzular onun uşaqlar üçün yazdığı əsərləri mənsur şeirləri ilə yaxınlaşdırır. Yazıçının əsərləri yeni nəsildə mərdlik, sabitqədəmlik, vətənpərvərlik tərbiyəsi üçün böyük əhəmiyyətə malikdir.

Yazıçının mənsur şeirlərinin bir sıra süjetləri klassik şərq müdrikliyindən, bir qismi isə milli folklorumuzdan gəlir. Məsələn, «Bənövşə əfsanəsi» folklor motivi əsasında qələmə alınmış, lakin mövzu daha da dərinləşdirilmişdir. Folklorda bənövşə həmişə təmizlik, bakirəlik, torpaq səxavətinin rəmzi olmuşdur. Yazıçı obrazın bu ənənəvi mənasına əxlaqi sədaqəti və gözəlliyi də əlavə edir. Onun üçün sevən gözəlin hüsnü onun ismətindən, utanıb-qızarmaq xüsusiyyətindən ayrı deyildir. Müəllif bunu milli gözəllik anlayışımızın ayrılmaz tərəfi kimi təqdim edir.

Gülhüseyn Hüseynoğlunu nəsrdə poeziya yaradan bir müəllif adlandırmaq olar. Uzun, mürəkkəb süjetlər onu heç vaxt cəlb etmir. O, lirik şeirlər yazan sənətkarlar kimi ilk növbədə, yığcam əsərlərinin əsas obrazını tapır, onu təxəyyülündə gəzdirib mənalandırır, ona müasir və geniş məna verməyə çalışır və çox zaman buna nail olur. Bu baxımdan yazıçının «Mücrü», «İlk qədəm», «Ata» və digər əsərləri oxucular tərəfindən sevilir, yaddaşlarda saxlanır. «Ata» əsərində yazıçı hər bir insan üçün müqəddəs olan bu anlayışa dərin əxlaqi və fəlsəfi məna verir. Ata böyük deməkdir, lakin bu böyüklüyün məsuliyyət və borc yükü bu böyüklükdən də ağırdır. Ata arxasınca aparan, qoruyan və ərsəyə çatdırandır. Övladlar  üçün ən böyük ünvan və ideal yeridir. Ona görə yazıçı üçün atalıq oğulluqdan qocalığa qədər, ilk növbədə, milli idealların və dəyərlərin daşıyıcısı olmaq deməkdir.

Gülhüseyn Hüseynoğlunun gözəl, şairanə dili  60-80-ci illər nəsrində özünəməxsus bənzərsiz bir hadisədir. Onun sınaqlardan keçmiş həyatı da ardıcıl vətənpərvərlik, təmənnasız xidmət nümunəsidir.