Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
İşə susuz barmaqların
kədərini insan bilir.
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
ildən soruş!
Zülmətliyin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub açdım
neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam
Od nə çəkdi,
küldən soruş!
hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!

Bakı, yanvar, 1964