Görkəmli tatar ədibi, millətinin adını örnək yaradıcılıq çalışmaları ilə dünyaya tanıdan maairfçi ziyalı, çağdaş tatar ədəbi dilinin qurucularından, cilalayıcılarından biri, şair, publisist, tənqıdçi və tərcüməçi, Türk Dünyası üçün zəngin ədəbi irs qoyub gedən Qabdulla Tukayın (1886-1913) Azərbaycanla əlaqələrinin tarixi XX yüzilliyin əvvəllərinə təsadüf edir. 1911-ci ilin may-iyun aylarında Həştərxanda olduğu zaman ümumşəhər “Ağ çiçək” bayramında fəal iştirak edən Qabdulla Tukay Azərbaycanın o zamanlar qabaqcıl ziyalılarından olan görkəmli dövlət və siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanovla tanış olub. Bu tanışlıq onda dərin təəssüratlar yaradıb, Azərbaycanlı ziyalıya böyük rəğbət hissi doğurub. Həmin tədbirdə Qabdulla Tukay Nəriman Nərimanovun bayram münasibətilə söylədiyi nitqə valeh olub, daha sonra Nərimanovun  təklifi ilə öz yeni şeirini oxuyub. Nərimanov da eyni maraqla Q.Tukay şeirini dinləyib, bəyənib.

Həmin unudulmaz ilk görüşdən sonra iki qardaş xalqın bu irəligörüşlü ziyalıları arasında möhkəm dostluq əlaqəsi yaranıb. N.Nərimanov və Q.Tukay bir-birinin yaradıcılıqlarına bələd olub, sənət uğurlarının sevincini bölüşüblər. Lakin gənc Tukayın 27 yaşında vaxtsız vəfatı bu dostluğun iki ildən artıq davam etməsinə imkan verməyib...

Tukayın ölüm xəbərini eşidib dərin kədər hissi yaşayan Nərimanov tatar yazıçısının adının anılması məqsədilə tədbir keçirmək istəyib... lakin dostunun şərəfinə xatirə gecəsi təşkil etmək cəhdi baş tutmayıb – çünki çar hökumət orqanları öz məkrli münasibətini bu məqamda da nümayiş etdirməkdən çəkinməyib, Qabdulla Tukay gecəsinin keçirilməsinə icazə verməyib...

Çağdaş dövrdə tatarların N.Nərimanova sevgi və rəğbəti bu dostluq məşəlinin odu, alovu kimi hələ də şölələnir. Kazan şəhərinin Privoljsk rayonunda Nərimanovun adını daşıyan küçə bunun bariz örnəyidir. Ədəbiyyatşünas Mənzər Həsənova qeyd edir ki, “həmin küçədəki 62 saylı evdə yerləşən “Millət” adlı mətbəədə bir zamanlar Qabdulla Tukay korrektura ilə məşğul olurmuş və onun bir neçə kitabı məhz bu mətbəədə gün üzü görmüşdür. Tukayın yaxın dostlarından biri bu küçədə yaşayırmış və çox güman ki, Tukay tez-tez onun evinə gəlirmiş.”

Sovet dövründə Azərbaycanda Qabdulla Tukay yaradıcılığı geniş ədəbi müzakirələrin, monoqrafik tədqiqatların mövzusu olmasa da, Azərbaycanlı oxucu tatar şairinin imzasını tanıyırdı; onun qısa özkeçmişi, yaradıcılığından kiçik lirik parçalar və müəyyən şeirləri orta məktəb dərsliklərinə daxil edilirdi. (– Beləliklə, Azərbaycan məktəblisi bu yaradıcılıq irsindən geniş şəkildə bəhrələnə bilməsə də, onu tanımaq imkanı olub.) Eləcə də, Nərimanova həsr olunan tədqiqat əsərlərində onun Tukayla dostluq əlaqələrindən bəhs edən məqamlara toxunulub.

XX yüzilliyin 60-70-ci illərində böyük ədəbiyyatşünas alimlərimiz və söz ustalarımız şairin yaradıcılığına çoxsaylı məqalələr həsr edib. Əziz Şərif “Qabdulla Tukay və Azərbaycan ədəbiyyatı”, Əziz Mirəhmədov “Qabdulla Tukay və “Molla Nəsrəddin”, Abbas Abdulla “İyirmi yeddi yaşlı ağsaqqal”, Vilayət Quliyev “Tukay və Azərbaycan ədəbi-ictimai fikri XX yüzilin əvvəllərində” adlı tədqiqat əsərlərində XX yüzilin klassik tatar şairinin ədəbiyyatımızla, bilavasitə Azərbaycan mədəni mühiti ilə fəal əlaqələrindən söz açır, onun milli realist ədəbi məktəbimizlə bağlılığını, “Molla Nəsrəddin” jurnalı ilə yaradıcılıq münasibətlərini əsaslandıran önəmli məqamları göz önünə gətirirdi...

Xəlil Rza Ulutürk Qabdulla Tukaya həsr etdiyi “Məşələ dönmüş həyat”, “Böyük vətəndaş, cəsur şair” adlı məqalələrində, eləcə də “Qardaşlıq çələngi” kitabında şairin yaradıcılığını vətənpərvərlik mövqeyindən dəyərləndirir, onun yaradıcılığını xalq ədəbiyyatı kontekstində təhlil edir. Xəlil Rza Ulutürk düzgün müşahidə edir ki, “hələ uşaqlıqdan öz yaddaşı, məntiqi, ağlı-fərasəti, dərin müşahidə qabiliyyəti ilə seçilən Qabdulla Tukay özünün gördüyü, yaşlıların danışdığı hər şeyi yaddaşına həkk edir, nağılları, atalar sözlərini, rəvayətləri, xalq nəğmələrini, mahnıları, bir sözlə, zəngin tatar folklorunu diqqətlə öyrənirdi.”

Türkiyəli tədqiqatçılar Gülhan Atnur, Öner, Mustafa Seyidoğlu Bilge, Ergun Metin, Alptekin Ali Berat və başqaları da böyük tatar şairinin yaradıcılığını təhlil edən məqalə və monoqrafiyalarında onun poeziyasının xalq ədəbiyyatının möhkəm dayaq sütunları üzərində yüksəldiyini görə bilir, Xəlil Rza Ulutürkün tezisini təsdiqləyirdilər.

 

***

Azərbaycan milli müstəqillik əldə etdikdən sonra milli soy-kökə qayıdış türk xalqları ədəbiyyatının geniş aspektdə öyrənilməsinə, bütün parametrləri ilə araşdırılmasına yol açdı. Beləcə, Türk Dünyasının bəzən çox az tanıdığımız söz ustalarını daha yaxından tanımaq fürsəti tapdıq. Türk xalqları ədəbiyyat(lar)ının bütün istiqamətlərinin monoqrafik tədqiqat obyektinə çevrilməsi, ayrı-ayrı türk yazıçılarının yaradıcılıqlarına həsr olunmuş uluslararası konfrans, simpozium və elmi seminarların keçirilməsi, antologiyaların nəşri türk xalqlarını bir-birinə yaxınlaşdırdı; belə məqsədyönlü tədbirlər ədəbi əlaqələrin, fikir mübadilələrinin genişlənməsinə öz töhfəsini verdi. Həmin tədbirlər sırasında tatar ədəbiyyatıının öyrənilməsi, tədqiqi və təbliği məsələsi də önə çəkildi. Tatar ədəbiyyatının ən görkəmli nümayəndələri sırasında, Qabdulla Tukayın adı anıldı, onun əsərlərinə dolğun elmi münasibət bildirildi, neçə neçə şeiri dilimizə çevrildi (uyğunlaşdırıldı).

2011-ci il YUNESKO tərəfindən şairin xatirəsinə “Qabdulla Tukay ili” elan edildiyi üçün müxtəlif türk xalqları Tukay yaradıcılığına dair elmi əsərlər ərsəyə gətirdi, şairin yaradıcılıq örnəkləri müxtəlif dünya dillərinə çevrildi. TÜRKSOY-un “Qabdulla Tukay ili” layihəsində gerçəkləşdirdiyi tədbirlər sırasında şairin xatirəsinə həsr olunan, Tatarıstan Elmlər Akademiyasının prezidenti Əhməd Mazqarovun xüsusi diqqəti sayəsində yüksək səviyyədə təşkil edilən uluslararası konfransı qeyd etmək yerinə düşür. Kazan şəhərində keçirilən, Q.Tukayın doğumunun 125 illik yubileyinə həsr olunan “Qabdulla Tukayın irsi milli mədəniyyətlər kontekstində” adlı uluslararası elmi-praktik konfransda Azərbaycanlı ədəbiyyatşünas alimlər və ədəbiyyat xadimləri də iştirak edib, maraq doğuran məruzləri ilə diqqət mərkəzində olublar.

Rusiya Federasiyasının, habelə bir çox digər ölkələrin ünlü alim, təhsil və mədəniyyət xadimlərinin iştirak etdiyi bu konfransda Azərbaycan elmini təmisl edənlər sırasında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri – filologiya üzrə elmlər doktoru Almaz Ülvi (Binnətova), filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova, filologiya üzrə fəlsəfə doktoru Mənzər Həsənovanın məruzələri Tukay yaradıcılığına həssas tədqiqatçı münasibətilə şeçilib, bu səbəbdən elmi nəşrlərdən başqa Kazan dövrü mətbuatında da dərc olunub. Özəlliklə, M.Həsənovanın A.Tukay haqqında “İnsan qəlblərini alovlandıran məşəl”, A.Ülvinin “Qabdulla Tukay yaradıcılığı və özbək ədəbiyyatşünaslığı” adlı məqalələri tatar ədəbiyyatşünasları tərəfindən yüksək dəyərləndirilib.

2011-ci ildə Azərbaycanda Q.Tukay yaradıcılığı gündəmdə olub, il boyu bir-birindən maraqlı ( - elmi ictimaiyyəti tatar şairinin poeziyasının işığına toplayan) tədbirlər keçirilib. Nizami adına Ədəbiyyat İnstitutunda Q.Tukayın yubileyi münasibəti ilə təşkil edilən elmi toplantı da belə önəmli tədbirlərdən sırasındadır. Eyni zamanda, Qabdulla Tukay yaradıcılıq irsinin tədqiqi sahəsində görülən işlər 2011-ci ildən başlayaraq intensivləşib.

Bu sahədə filologiya üzrə fəlsəfə doktoru Mənzər Həsənovanın tərtib etdiyi Tukay yara­dıcılığına həsr olunan məqalələrdən ibarət “Qabdulla Tukay Azərbaycan ədəbiy­yatşü­nas­lı­ğında” adlı kitab diqqətəlayiqdir. Həmin toplu ədəbi-elmi ictimaiyyətə bir daha sübut etdi ki, Azərbaycanda Q.Tukay yaradıcılığının tədqiqi heç vaxt diqqətdən qıraqda qalmayıb, türk xalq­ları ədəbiyyatının nümayəndələrinə biganə münasibətin hökm sürdüyü sovet dövründə belə bu ədəbi irsi işıqlandıran məqalələr yazılıb. XX yüzilliyin əvvəllərində tanınmış ədəbiyyat xa­dimlərinin – Ceyhun Hacıbəyli (C.Dağıstani), Nəriman Nərimanov, Mirzə Cəlil (C.Məm­mədquluzadə) kimi ədib və jurnalistlərin Tukay haqqında söz deməsi ( - onun yaradıcılığını yüksək dəyərləndirən fikir və qənaətləri) bunu bir daha təsdiqləyir. Ötən yüzilliyin 50-70-ci illərində Əziz Mirəhmədov, Əziz Şərif, Pənah Xəlilov, Vilayət Quliyev və başqa ədəbiy­yatşünasların tatar şeirinin nəbzi sayılan Tukay poeziyasına dair məqalələrinin çap edilməsi, eləcə də milli müstəqillik illərində Xəlil Rza Ulutürk, Əmir Teymuroğlu (Qasımlı), Mənzər İbrahimova, Arif Əmrahoğlu (Məmmədov), Almaz Ülvi (Binnətova), Nizami Tağısoy, Ramiz Əskər, Xuraman Hümmətova, Mənzər Həsənova kimi tədqiqatçıların məruzə və məqalələri Azərbaycanda bu yaradıcılıq irsinin böyük sayğı ilə anıldığının və sevildiyinin göstəricisidir.

Mənzər Həsənovanın

Mənim həzin, qəmli sazım,

Necə az gəldi avazın?” təsiredici, lirik başlığı ilə açılan məqalələr toplusu Tukay bədii irsinin müxtəlif istiqamətlərini, o cümlədən şairin əsərlərindən dilimizə edilən uyğun­laşdırmaları da əhatə edir. Xuraman Hümmətovanın həmin ildə çap etdirdiyi şairin “Saman­bazarı, yaxud yeni kəsikbaş” poemasının Azərbaycan dilinə uyğunlaşdırlması da kitabda yer alıb.

“Qabdulla Tukay ili” layihəsində AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “TÜRKSOY Yayınları” seriyasından 10-cu kitab olan, Ramiz Əskərin uyğunlaşdırdığı və basqıya hazırladığı, Tukayın “Millətim” kitabı da ölkəmizdə şairin irsinə verilən qiymətin göstəricisi kimi ərsəyə gəlib. Burada R.Əskərin “Böyük tatar şairi Qabdulla Tukay” adlı ön sözü Tukay haqqında azərbaycanda yazılmış dəyərli tədqiqatlardan hesab olunur. 268 səhifəlik kitabda Tukayın öz qələmindən çıxan “Yadımda qalanlar” adlı kiçik bir yazısı və 75 şeiri Azrəbaycan və tatar türkcələrində verilib.

Ramiz Əskər şair haqqında tədqiqatında Tukayın şeirlərinin çoxunun Mirzə Ələkbər Sabirin təsiri altında yazıldığını göstərir: “Onun bizlərə yadigar qalan 28 rəsminin birində böyük şair 1907-ci ildə əlində “Molla Nəsrəddin” jurnalı tutmuş vəziyyətdə çəkilib. ...Şeirlərini anlamaq rahatdır – Gündoğar poetik sistemidir, qafiyələrdir, əruzdur... amma bəzi şeirlərini hətta tatarlar özləri də anlamaqda çətinlik çəkir...”

Filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran Qabdulla Tukay ədəbi irsini ümumtürk ədəbi-nəzəri fikrinin kontekstində incələyir. Tatarıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Azər­baycan ədəbiyyatşünaslarının mülahizə və qənaətlərinə əsaslanaraq, bu yaradıcılıq irsinin folklor zəminində inkişaf etdiyini aşkarlayır. Tədqiqatçı göstərir ki, Tukaya görə milli bir ədəbiyyata varmağın yolu xalq ədəbiyyatından keçməkdədir. Bu üzdən o, sadəcə folklor ünsürlərini əks etdirən şeirlər yazmayıb, həm də xalq ədəbiyyatıyla bağlı düşüncələrini və topladığı materialları “Xalq Ədəbiyyatı” və “Halık Munnarı” adlı kitabçalarda yayımlayıb. F.Hicran belə bir qənaətə gəlir ki, xalq əfsanə və rəvayətlərindən istifadə etmək meyli Tukayda məhz Nizami və Füzuli kimi korifeylərin təsiri ilə yaranıb. Bu fikir Tukayın ədəbiyyatımızla əlaqələrinin klassik­lərimizin yaradıcılığı ilə tanışlıqdan başlandığını deməyə əsas verir.

Qabdulla Tukayı Azərbaycanda böyük şair və publisist olmaqla yanaşı, Mirzə Ələkbər Sabir, Koltsov, Lermontov, Maykov, Pleşşeyev, Polonski, Nikitin kimi böyük söz ustalarının əsər­lərinin tərcüməçisi kimi də tanıyırlar. Lakin ölkəmizdə şairin tərcüməçilik fəaliyyətinə həsr olunmuş ayrıca bir tədqiqat əsəri yoxdur. Bu fikri onun fəaliyyətinin publisistik və tənqidçilik istiqamətlərinə də şamil etmək olar. Əminik ki, Azərbaycan ədəbiyyatşünasları, söz sahibləri gələcəkdə Tukayşünaslıqdakı bu boşluğu da aradan qaldıracaq, böyük tatar ziyalısının fəaliy­yətini bütün parametrlər üzrə araşdıracaqlar. Çünki özündən sonra ədəbi məktəb yaradan, nəinki tatar ədəbiyyatında, ümumtürk ədəbi aləmində özünəməxsus yeri olan Qabdulla Tukay buna layiqdir. Onun təkcə tatar xalqının yox, böyük Türk Dünyasının sevimli şairi olması bizə bu haqqı verir...

 

***

Nəhayət, sözümün sonunda, sizinlə bir xoş xəbəri bölüşmək istərdim. Biz Azərbaycan yeni nəsil yazarları, öz cavan ömründə, cavan ömrə sığmayacaq ad-san qazanmış Tukayın 130 illik yubileyinə də əliboş gəlməmişik. “YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI” adlı yenicə gün üzü görmüş nəfis kitabımız, məhz Tukayın 130 illik yubileyinə ad edilib. Antologiyada 23 tatar gənc şairinin şeirləri toplanıb. Bu antologiyadakı şeirləri Azərbaycanın yeni nəsil yazarları rusca və tatarcadan çevirib, redaktə edib, araya-ərsəyə gətiriblər. Bu antologiyanın belə bir mesaj verdiyinə inanırıq: TUKAYIN FİZİKİ ÖMRÜ 27 İL SÜRSƏ DƏ, ONUN MƏNƏVİ ÖMRÜ, İRSİ YAŞAYIR, HƏR YENİ TATAR ƏDƏBİ NƏSİLLƏRİ İLƏ YENİDƏN ÇİÇƏKLƏYİR..!”

Çiçəklənən tatar şeiri, tatar ədəbiyyatına yeni-yeni üfüqlər diləyirəm!  

Dünyanın coğrafi mərkəzi mövqeyində yerləşən Bakıdan Avrasiyanın mərkəzi sayılacaq mövqedə yerləşən Kazana gətirdiyim salamları, sayğıları qəbul edin!

 * Məqalə DGTYB Məsləhət Şurasının üzvü dos.dr. Təranə TURAN (Rəhimli) ilə birgə hazırlanıb.

(MƏRUZƏ ABDULLA TUKAYIN KAZANDA (KORSTON OTELİ-25.04.2016) KEÇİRİLƏN 130 İLLİK YUBİLEY TƏDBİRİNDƏ OXUNUB)