Əzizim, ala gözlər,
Bircə cüt ala gözlər.
Qorxuram baxışlarla
Canımı ala gözlər.
 
*   *   *

Əzizim, dağlar qalıb,
Sinəsi dağlar qalıb.
Laçında ürəyimiz,
Şuşada dağlar qalıb.

*   *   *

Əzizim, gözəl yara,
Vürğunam gözəl yara.
Bu sevən qəlbimə sən
Vurma, ey gözəl, yara.

*   *   *

Əzizim, gözlər qalıb,
Üz solub, gözlər qalıb.
Evlərdə neçə uşaq
Atasın gözlər qalıb.

*   *   *

Əzizinəm, aranı,
Gəzdim dağı, aranı.
Heç baxmırsan üzümə,
De, kim qatdı aranı?

*   *   *

Əzizinəm, sürmə, gəl,
Gözünə çək sürmə, gəl.
Elnur sənsiz darıxır,
Ayrılığı sürmə, gəl.

*   *   *

Əzizim, külək əsir,
Qar yağır, külək əsir.
Bir qız məni özünə
Eləyib, külək, əsir.

*   *   *

Mən aşiqəm, gül üzə,
Gül yanağa, gül üzə.
Bir yol gəlib insafa,
Heç olmasa, gül üzə.

*   *   *

Əzizinəm, qar alıb,
Dağ başını qar alıb.
Zalımın zülümündən
Dünyada daş qaralıb.

*   *   *

Əzizim, dinlə məni,
Qulaq as, dinlə məni.
Avam insan deyiləm,
Qorxutma dinlə məni.