Elburus kişinin üç oğlu vardı. Kiçik oğlu bütövlük savaşında körfəz ətrafında şəhid olmuşdu. Ondan sonra Elburusun elə bil beli qırılmışdı. Günü-gündən zəifləyib yatağa düşmüşdü. Oğlanları yataq xəstəsi olan ataları üçün hər şey edir, Bakıdan, Tehrandan həkimlər gətirib göstərir, aylarla müalicələr elətdirirdilər. Amma bir faydası olmurdu ki, olmurdu. Yenə də ümidlərini üzmür, bir əlac axtarır, atalarını ayağa qaldırmağa çalışırdılar.

Bir gün böyük oğlu eşitdi ki, Səlmasda yaxşı bir həkim-psixoloq var. Soraqlaşıb Savalan adlı bu həkimi tapdı və evlərinə gətirdi. Elburus kişi həkimi görəndə kefi bir az da korlandı. Könülsüz salamanı aldı.

Savalan həkim həvəslə söhbət edir, arabir də suallar verərək Elburus kişinin vəziyyətini öyrənməyə çalışırdı. O, söhbəti gətirib milli azadlıq hərəkatına, bütövlük mübarizəsində millətin göstərdiyi şücaətə çıxaranda Elburus kişinin həkimə diqqəti artmağa başladı. Bu söhbəti dinləikcə onun yavaş-yavaş qırışığı açılırdı.

Həkim xeyli söhbətdən sonra eyvana çıxdı. Ardınca gələn oğluna tərəf dönüb dedi:

- Onunla hər gün bütöv və çiçəklənən Azərbaycandan danışın. Oğlunun boş yerə şəhid olmadığını, onun kimilərin sayəsində bu günlərə gəlib çatdığımızı hər gün xatırladın. Mən də tez-tez gələcəm.

* * *

Elburus kişi çox erkən oyanardı. Oğlu da tezdən durub onunla məşğul olardı. Avqust ayının isti günlərindən biri idi. Adətləri üzrə ata və oğul səhər durub eyvanda qəlyanaltı edirdilər. Küçədən gələn səs-küy isə yavaş-yavaş artmağa başlayırdı.

- O nə səsdir? – deyə Elburus kişi soruşdu.

- Savalanı ziyarət başlayıb – deyə oğlu həvəslə cavab verdi.

Artıq neçə illər idi ki, avqust ayında Savalan dağı ziyarət olunurdu. Azərbaycanın hər yerindən bura axışırdılar. Çadırlar qurulur, ozanlar oxuyur, gənclər yallı gedir, pəhləvanlar güləşirdilər.

- Hazirlaşın biz də gedək – deyə Elburus kişi başını qaldırdı.

Oğlunu elə bil ildırım vurdu. Neçə illər evdən çölə çıxmaq istəməyən atası Savalan dağına getmək istəyirdi. Oğlu tez aşağı düşüb maşını hazırladı. Hər iki oğlu ataları ilə birlikdə yola düşdülər.

Savalana çatanda gün günortanı keçmişdi. Oğlanları Elburus kişini arabasında oturdub çadırlarını qurmağa başladılar. Dağın başında üçrəngli bayraq dalğalanırdı. Bir tərəfdə dövlət və hökumət nümayəndələrinin çadırları, o biri tərəfdə türk dövlətlərinin hər birinin öz çadırı vardı. Elburus kişi bayrağa baxaraq xəyala daldı. Nənəsinin Bağırxan, Pişəvəri haqqında nağıl kimi danışdıqları, özünün gənc yaşlarından mübarizəyə qoşulması, zindanlarda gördüyü zülmlər, çəkdiyi əziyyətlər, nəhayət oğlunun şəhid olma xəbərini almasını xatırladı. Hamısı kino lenti kimi gözlərinin önündən keçdi. Bayrağın möhtəşəm fonunda bu kino onu harayasa aparır, qürurlandırır, kövrəldirdi. Özü də baş aça bilmirdi ki, nə baş verir. Torpağın üstünə uzanıb hönkürmək istəyirdi. Tək olsa edərdi də. Amma oğlanlarının və ətrafdakı minlərlə insanın yanında özünü zəif görsətməkdən qorxurdu...

Savalan ziyarətindən sonra Elburus kişi yaxşılaşmağa başladı. Hətta iki-üç gündən sonra ayağa durub gəzə də bilirdi. Savalan həkim də hərdən gəlir, onunla söhbət edirdi. Qonum-qonşular, tanışlar da ona baş çəkirdilər.

Bir gün köhnə zindan dostlarından biri də onun yanına gəlmişdi. O, Elburus kişini ayaq üstə görüb çox sevindi. Qucaqlaşıb görüşdülər. Dostu həyəcan dolu sevinclə dilləndi:

- Neçə ildir səni yataqda görmək çox ağırıma gəlirdi. Neçə illər bu millətin cəfasını cəkdin, səfası gələndə yatağa düşdün. Bu günləri görmək ən çox sənin haqqındır. Nə oldu ki, birdən birə ayağa qalxa bildin?

Elburus kişi başını aşağı-yuxarı yellədərək müdrik bir tərzdə cavab verdi:

- Məni Savalan ayağa qaldırdı!

Hamı sevinclə biri-birinə baxdı. Amma heç kim bilmədi ki, Elburus kişini ayağa qaldıran Savalan həkimdir, yoxsa Savalan dağı.