Biri varmış, biri yoxmuş,
Məzlumların dərdi çoxmuş.
Saqqalı bir keçi varmış,
Gəzdiyi yer qayalarmış.
Dağdan-dağa atlanaraq,
Hər zəhmətə qatlanaraq
Yaşarmış öz əməyilə,
Başqasının köməyilə
Dolanmaqdan utanarmış,
Onun üç yavrusu varmış:
Biri Şəngül, biri Şüngül,
Biri də balaca Məngül.

Şəngülün gözləri qara,
Bənzəyirdi ceyranlara.
Şəvə tükü buruq-buruq,
İncə baldır, qısa quyruq.
Yeni çıxmış buynuzları,
Buxağında qotazları.
Bir yaşında maral çəpiş,
Bacaqları bir dal çəpiş
Şüngülün gözləri nərgiz,
Sanki dünyadan xəbərsiz.
Gecə-gündüz oynaqlardı,
Anasını qucaqlardı
Yuxa tükü bəyaz, yumşaq,
Qulaqları sanki zanbaq.
Alnındakı qaşqa gözəl,
Yoxdu bundan başqa gözəl.
Hələ bircə Məngülə bax,
Ayağında səkilə bax.
Yoxdur böylə gözəl çəpiş
Nazlı çəpiş, təpəl çəpiş.
Yumşaq tükü ala-bula,
Tamamilə başa bəla!

Hər sabah, gün doğar-doğmaz,
Qaranlığı boğar-boğmaz,
Keçi yatağından durub,
Şəngülün halını sorub,
Şüngülə nəzər salardı,
Məgüldən öpüş alardı.
Qapıları gülə-gülə
Bağlayıb çıxardı çölə.
Yamaclarda otlayaraq,
Qayalardan atlayaraq,
Dərələrdən su içərdi,
Yoxdu qəmi, yoxdu dərdi.
Otlamaqdan qayıdarkən,
Çağırardı keçi birdən:
-Şəngülüm, Şüngülüm, Məngülüm,
Açınız qapını mən gəlim.
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.
Bu sözləri eşidincə,
Mələşərdi incə-incə,
Yalnız qalan bu çəpişlərə.
Hər üçü sevinər, gülər,
Tez qapını açardılar,
Qanadlanıb uçardılar.
Anaları süd gətirmiş,
Buynuzunda ot gətirmiş.
Yeyərdilər, içərdilər,
Bilməzdilər qüssə, kədər.
Çəpişlərin anaları,
Öpüb xırda balaları.
Qapıları gülə-gülə
Bağlayıb çıxardı çölə.
Bu dağ mənim, o dağ sənin,
Yem toplardı yeyin-yeyin.
Döşlərinə süd yığardı,
Buynuzuna ot yığardı.
Qış getmişdi, yaz olmuşdu,
Elin kefi saz olmuşdu.
Bəzənmişdi, dağlar, daşlar,
Gecə-gündüz uçan quşlar,
Göy üzünü dolanırdı,
Daşqın çaylar bulanırdı.
Ala qarlı uca dağlar,
Qış dərdini çəkən bağlar.
Geyinmişdi yaşıl köynək,
Hər yan güldü, hər yan çiçək.

Ana keçi, hallı keçi,
Məmələri ballı keçi,
O dağlardan, bu dağlardan,
Durna gözlü bulaqlardan,
Yeib, içib ətə dolur,
Məmələri südə dolur.
Ana keçi, ana keçi,
Qurban olum sana, keçi!
Səni gözlər Şəngül, Şüngül,
Yuxa tüklü gözəl Məngül,
Səni gözlər çəpişlərin,
Sular axır sərin-sərin,
Şirin otlar dalğalanır,
İnsan baxır, havalanır.
Dərəyə en, dağlara çıx,
Yerlər açıq, göylər açıq.
Fəqət bir gün hər tərəf çən,
Görünməzdi gəlib keçən.
Girəvə düşmüşdü qurda,
Dolaşırdı orda-burda.
El içində bir məsəl var:
“Qurd dumanlı gün axtarar”.
Qurd çox gəzdi, çox dolaşdı,
Dərələr, təpələr aşdı,
Xatırladı Şəngül, Şüngül,
Yuxa tüklü gözəl Məngül
Yataqda yalnızdır, çapdı,
Gəldi çəpişləri tapdı.
Yazın bu çənli günündə
Durdu yatağın önündə.
Bir az duruxdu yerində,
Od parladı gözlərində.
Səsini dəyişdirərək,
Qurddur, tanımasın gərək,
Dedi: - Şəngülüm, Şüngülüm!
Ey ceyran gözlü Məngülüm!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Başımda ot gətirmişəm.
Tez olun açın qapını, -
Çəpişlər eşitdi bunu.

Yazıq çəpişlər sevincək
Anaları zənn edərək
Gəlib qapını açdılar,
Qurdu görüncə çaşdılar.
Ah, bu zalım, ağzı qara,
Hücum etdi yazıqlara,
Şəngülü, Şüngülü yedi,
Məngülü tapa bilmədi.
Kefi duru, damağı çağ,
Qapını açıq qoyaraq.
Çıxdı qaçdı bu qaniçən,
Bürümüşdü ətrafı çən.

Ana keçi dağda-daşda,
Gah o başda, gah bu başda,
Gah dərədə, gah ormanda,
Gah o yanda, gah bu yanda,
Sıldırım dağlar başında,
Qayaların dik qaşında,
Doyunca ot yedi gəldi,
“Balalarım” – dedi gəldi.

Gəldi yatağın yanına,
Titrəmə düşdü canına.
Görüncə qapını açıq,
Yerində duruxdu yazıq.
Durmayıb içəri girdi,
Ətrafına göz gəzdirdi.
- Şəngül, Şüngül, hardasınız?! –
Gördü bir bucaqda yalnız
Məngül qısılıb oturmuş,
Yazıqca boynunu burmuş.

Anasını görən kimi
Dəyişdi halı, görkəmi.
Tez ayağa qalxdı Məngül,
Anasına baxdı Məngül,
Dedi: -Ana, səndən sonra
Bir duyğusuz, ağzı qara
Gəldi girdi evimizə,
Yamanca toy tutdu bizə.
Şəngülü, Şüngülü yedi,
Mənisə tapa bilmədi.

Keçinin ürəyi yandı,
Öz-özünə acıqlandı.
Ansızın çıxdı bayıra,
Bilmədi ki, getsin hara,
Çünki fikri dağınıqdı.
Gəzdi, gəzdi, gəldi çıxdı
Dovşan damının üstünə.
Söydü ona dönə-dönə.
Bacasından bir daş atdı,
Ayağını tappıldatdı.

Dovşan qalxıb, çıxdı dama,
-Neçin söyürsən adama?
Deyə ona verdi sual,
Ana keçi çoşdu dərhal:
-Şəngülümü, Şüngülümü,
Ah, sən yemisən, böyləmi?
Dovşan dedi: -Bağırma çox,
Mənim bundan xəbərim yox!
Haydı, get tülküdən soruş,
Get onunla dalaş, vuruş.

Keçinin ürəyi yandı,
Öz-özünə acıqlandı.
Yumruğunu, sıxdı, sıxdı,
Gəzdi, gəzdi, gəldi çıxdı
Tülkü damının üstünə.
Söydü ona dönə-dönə.
Bacasından bir daş atdı,
Ayağını tappıldatdı.

Tülkü çıxdı, qalxdı dama,
-Neçin söyürsən adama? –
Deyə ona verdi sual.
Ana keçi coşdu dərhal:
- Şəngülümü, Şüngülümü,
Ah, sən yemisən, öyləmi?
Tülkü dedi: - Bağırma çox,
Mənim bundan xəbərim yox!
Gedib canavardan soruş,
Get onunla dalaş, vuruş.

Keçinin ürəyi yandı,
Öz-özünə acıqlandı.
Yumruğunu sıxdı, sıxdı,
Gəzdi, gəzdi, gəldi çıxdı
Canavar damı üstünə.
Söydü ona dönə-dönə,
Bacasından bir daş atdı.
Ayağını tappıldatdı.
Qurd asmışdı südlü aş,
Daş gəldi düşdü birbaş
Qazançanın içinə.

Canavar dedi: - Bu nə?
Kimdir məni dolaşdıran?
Qazançanı bulaşdıran?
Dam üstündə gəzən kimdir?
Ürəyimi üzən kimdir?
Kimdir dəng edən başımı?
Kimdir tozlayan aşımı?

Keçi dedi: - Coşan mənəm,
Dam üstündə qoşan mənəm.
Buynuzlarım qoşa-qoşa,
Hünərin var, çıx savaşa.

Öz-özünə dedi: “Nə var?!”
Çölə çıxdı tez canavar.
Ana keçi coşdu dərhal.
Canavara verdi sual:
- Şəngülümü, Şüngülümü,
Ah, sən yemisən, öyləmi?
Qurd keçini aldatmaq,
İşi boynundan atmaq,
İstədisə, olmadı,
Zülm yerdə qalmadı.
Söz qoydular, gedəlim,
İşi ayırd edəlim.

Qaş yenicə qaralırdı,
Günəş solur, saralırdı.
Şövqü düşürdü dağlara,
Çəkilirdi uzaqlara.
Ağ buludlar dəstə-dəstə
Göy üzündən dağlar üstə
Yüngül kölgə salırdılar,
Parçalanıb qalırdılar.
Obanın da mal-qarası
Heç kəsilmədən arası
Dönürdülər kəndə sarı.
Obanın gözəl qızları
Əllərində badya, qazan,
Nə qədər varsa süd sağan
Gözləyirdilər naxırı,
Deyil sözümün axırı.

Az getdilər, üz getdilər,
Dərə, təpə, düz getdilər.
Yaxında bir qazı vardı,
İnsafsız və tamahkardı.
Ana keçi dala qaldı,
Canavar bir quzu aldı.
Gəldi qazının yanına,
Başladı öz yalanına.
Sovqat qazıya xoş gəldi,
Keçisə əliboş gəldi.

Qazı dedi: - Nə var, keçi?
Doğru yoldan kənar keçi...
Yenə nə var, nə deyirsən?
Qazıdan nə istəyirsən?..
Keçi dedi: - Dərdim çoxdur,
Heç halıma yanan yoxdur.
Bunu aydın bilir hamı,
Qurd yemiş iki balamı.

Qazı dedi: - Yalan demə,
Özgəsinə böhtan demə...
Sən özün çox tərs keçisən,
Keçilərin ən bicisən.
Sən allahı unutmusan,
Bambaşqa bir yol tutmusan.
Verməyirsən xüms-zəkat,
Hanı gətirdiyin sovqat?
Hər şey aydınlaşdı tamam:
“Mən sovqatsız işə baxmam!”
Keçi dedi: - Ey canavar,
Yaxında bir dəmirçi var,
Onun yanına gedəlim,
İşləri ayırd edəlim.
Az getdilər, üz getdilər,
Dərə, təpə, düz getdilər.
Dəmirçiyə çatdı onlar.
Dəmirçi soruşdu: - Nə var?
Keçi dedi: - Bilir hamı,
Mənim ikicə balamı
Zülümkar canavar imiş,
Hər kəsə bəllidir bu iş.
Qardaş dəmirçi yaxşı bil,
Yalnız mənimkini deyil,
Obanın qoyunlarını,
Kəndin gözəl davarını
Parçalayan, yeyən budur,
“Mənəm-mənəm!” deyən budur.
Bunun hər bir işi qandır,
Bizimlə köhnə düşmandır.

Dəmirçi çox acıqlandı,
Qurdun hiyləsini qandı.
Dedi: - Gərək indi siz
Vuruşub döyüşəsiniz –
Buraxdı öz işlərini,
Dedi: - Ay qurd, dişlərini
İtiləyim sənin gərək!
Qurd dedi: - Tez elə görək.
Dəmirçi bir mıxçıxaran
Kəlbətin alaraq haman
Buraxıb öz işlərini,
Çəkdi qurdun dişlərini.

Nağılçılar bilir bunu, -
Keçininsə buynuzunu
Yaxşı-yaxşı itilədi,
- Haydı, vuruşunuz! – dedi.

Keçi qızğın, qurd əsəbi,
Parıldadı şəvə kibi
Keçinin də buynuzları.
Qurd gəldi keçiyə sarı.
Keçi gəlmişdi cana,
Qurd atıldı meydana.
Vuruşdular doyunca,
Keçi kəllə vurunca
Qurd başladı al qana.
- Aman, aman, qursağım!
Cırıldı bağırsağım!
Aman, aman, aman, vay!
Öldüm, öldüm, ay haray!
Keçi güldü qurda bir az,
Dedi: -Zülüm yerdə qalmaz.
Balalarımı yeməyəydin,
Vay qursağım deməyəydin!