Vay,vay! Nə yaman müşkülə düşüb işim Allah!
Fəryadimə yet kim,yanıram atəşə ,Billah!
İslamə xələl qatmadadır bir neçə bədxah,...
İstərlər ola bəndələrin taği və gümrah
Etdim nə yaman əsrə təsadüf,aman,ey vah!
Lahövlə vəla qüvvətə illa və billah!

Məktəblər açıb eyləyin ehsanı,- deyirlər,
Məktəbdə qoyun ustulu,dasqanı,- deyirlər,
Pərpuç eləyin çubi-fələqqanı,- deyirlər
Dişrə çıxarın həzrəti-mollanı,- deyirlər
Molla qovula,yəni müəllim gələ,vah-vah!
La hövlə vəla qüvvətə illa və billah!

Mən anlamıram kim,nola mənayi-müəllim?
Qırx-əlli mamat pul ala hər ay müəllim?
Bir taze üsula ola ifaye-müəllim?
Pulları ala,söyləyə, <<oxqay>>,- müəllim
Molla həsrətlə çəkə ona küçədə ah!.. ah!..
La hövlə və la qüvvətə illa və billah

Bir ildi biraz çoxda olur,yoxdu damağım,
Nə çatmır əlim bir işə,nə getmir ayağım,
Hərdən yeni bir söz danışır oğlan-uşağım,
Taqqıldayır,Allahda şahiddi,qulağım,
Port-Artur, hürriyyəti-Mancuriya, rah-rah ...
La hövlə və la qüvvətə illa və billah!

And olsun ötən günlərə,divanə olublar,
İslamə də,imanə də biganə olublar,
Billahi başım çıxmayır,ayə,nə olublar...
Hürriyyətə-mürriyyətə məstanə olublar,
Bah! bah... yenə bah-bah!.. yenə bah-bah!.. yenə bah-bah!..
La hövlə və la qüvvətə illa və billah!

Ax,ay keçən illər,nola bir də dolaneydin,
Tazə yenə beş yüz il olunca dayaneydin,
Elmi,ədəbi,fəzli, kəmalati daneydin!
Ey bildir,inişil, nola odlarə yaneydin!
Ta eyləmiyəydin də bu qafilləri agah!
La hövlə və la quvvete illa və billah!

Bilməm nə işim vardı, başım harda qarışdı,
Elm ilə belə düşmən olan qövm barışdı,
Təcdidi-vəfa birlə məariflə sarışdı,
Rahət yatəbilməm mənə qəm muri darışdı,
Etməkmi olar bu uymuşları ikrah?
La hövlə və la quvvete illa və billah!..