Altunluca naxışlı,
Ağ güldanda bir dəstə.
Əldə qayırma “çiçək”
Qoyulmuş mizin üstə.

Yamyaşıl yarpaqları;
Ağ, qırmızı, bənəfşə...
Nə su, nə qayğı istər,
Arsız arsız, təptəzə!..

Uzun illər geçsə də
Durub yaşayacaqlar.
Riyakar təravətlə,
Hələ də qalacaqlar.

Kimsə nə deyir desin,
Nə söyləyir söyləsin.
Yox!..
Nə susuzundan ölən,
Nə ətir saça bilən,
Bu pilastikləri mən
Çiçək sana bilmirəm!..

Mən bəzək düzəkləri,
Gözəllik sananmıram.
Gözəllikdən nə rəngə,
Nə şəklə aldanmıram.

Nə sevən, nə sevilən,
Nə umub küsmək bilən,
Nə yaşamaq anlayan,
Nə də ki ölmək bilən.

Cansız tör töküntülər,
Gül mü, çiçək mi olar?
Gül kəmaldır, həyatdır,
Həm açar, həm də solar!..

Bu, gül dəyil, ölümdür,
Aldanışdır, dəhşətdir.
Yox, ona ölüm desəm,
Ölümə əhanətdir!..

Olsun!.. Ölümdə solmaq,
Çürümək dəhşəti var.
Vəlakin toxum olmaq,
Cücərmək qüdrəti var.

Nə qızarıb saralmaq,
Nə açılmaq, nə solmaq,
Nə utanıb, qıpçınmaq...
Məhəbbət tanımamaq,
Gülmək bilməyənlərdə
Qəhbəlik sifəti var!..