Ovçu baxışların ildırım kimi,
Şaxdıqca canları külə döndərir.
Kimsəni öldürsə, yaxsa da kimi,
Mənə həyat verir, umud göstərir.

Könül quşlarına sallanıb baxmaz,
Əslan şikarına çıxıb bu ceyran.
Tərlan da oxundan can qurtaranmaz,
Yayiva, oxuva, özüvə qurban.

Oxuva gələndə zavallı sinə,
Ürək qan içində əl ayaq çalır.
O zalım gözlərdən yalvarım kimə,
Yolsuz nə dil qanır, nə Tanrı tanır.

Eşqinlə köklənən bu şair könlüm,
Bir saza dönübdür, mizrabı sənsən.
Çal gülüm, çal gülüm əlivə dönüm,
Qoyma, bu sehrikar saz düşə səsdən.

Şe'rimin pərisi, şe'rimin qızı,
Getmə nəzərimdən, getmə önümdən.
Qaranlıq gecəmin sənsən ulduzu,
Bəxtimin ulduzu batar sən getsən.

Şimşək baxışların şaxdır üstümə,
Şaxdır, qoy od alsın bu sönük ocaq.
Məni yandırmaqdan qorxma, çəkinmə,
Mən yansam, yurdumuz ışıqlanacaq.

Səhənd sinəsidir, dəli ceyranım,
İçərisin odla, eşiyin odla.
Qoy eşq atəşində alışım, yanım,
Ocağın hörməti odladır, odla!..

Tahran, 1933