Qollarım dolanar boynuna bir gün
Yenə baş qoyaram dizinə, Təbriz
Həsrətdən, hicrandan cana doymuşam
Doyunca baxaram gözünə, Təbriz

Bulanlıq suların axsın, durulsun
Təzə günlərindən busat qurulsun
Səhənd cəmalına bir də vurulsun
Bir qubar qonmasın üzünə, Təbriz

Gülüstan bağının seyrinə gəlim
Lalə yamacında bir də dincəlim
Ötən günlərimə yetişməz əlim
Düşüm heç olmasa izinə, Təbriz

Ana təbəssümün ay ışığıdır
Qolum qamətinin sarmaşığıdır
Şe'rin bu dünyanın yaraşığıdır
İncisi tükənməz xəzinə, Təbriz

Sən şair ömrümə vüqar veribsən
Solub saralmayan gülizar veribsən
E'tibar veribsən, ilqar veribsən
Hər igid oğluna, qızına Təbriz