Mənim övladıma ana dilində

Dərs deyən "ağıllı" müəllimə bax.
"Vətən", "Vətən" deyir, Öz övladını...
Əcnəbi dilində oxudur ancaq.
Özgəyə: "Dilini öyrən!" - deyirsən,
Özünsə... Bu dili bəyənməyirsən!..
Nə deyək bu miskin riyakarlığa?..
Yoxsa, öz qınını bəyənmir bağa?..
Bir nədir, beş-altı dil bilsin gərək,
Bizim sabahımız - körpələrimiz.
Vətən dilinə də dodaq büzməyək,
Burdan ayaq açıb, yola çıxaq biz.

Evdə ayaq açır əvvəlcə hər kəs,
Sonra uzaqlara düşür qədəmlər.
İlkini bilməyən sonunu bilməz,
Evdən üz döndərən çöldə vərəmlər.

"Əvvəl evin içi" demişlər nədən?
Sən çölü bilməzsən, içi bilmədən.
Yaxşı bilmək üçün özgə bir dili
Əvvəl öz dilini yaxşı bilməli.

Niyə özümüzü ögey sayaq biz?
Niyə atamızı tanımayaq biz?
Özgəni sevirsən?
İnanmıram mən!
Özünü sevməyən özgəni sevməz.
Vətənin dilinə gərəksiz deyən
Vətənin özünü necə sevir bəs?

Üzünə dursaydı yediyin çörək,
Rəzil olduğunu özün qanardın.
Dilimi dansaydım mən də sənin tək
Sən kimə dərs deyib pul qazanardın?

Vətən qeyrətini çəkməyən oğul
Həm özünə yükdür, həm özgəsinə;
Bu dildə dərs deyib qazandığın pul,
Yediyin çörək də haramdır sənə!
Böyüt balanı da sən özün təki,
Denən, özün yaşa, aləm yox olsun.
Namus olmasa da keçinər, təki
Dilin uzun olsun, qarnın tox olsun.
Səninçin dünyaya dəyər, a nadan,
Bir anlıq ötəri könül xoşluğun.
Min dəfə kiçikdir atalığından
Sənin insanlığın, Vətəndaşlığın!