Mənə "əsəbisən" deyən - düz deyir.
Mənim nöqsanımı demək istəyir.
Söz atdın...
Könlümdə qopdu zəlzələ,
Bilmədim, nə zaman çıxdım özümdən.
Toxundun könlümə
üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?...
Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.

Mən ki istəmərəm bir ürək sına,
Əsəbiyəm,
çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm, isti qanım var.
Mənə biganədir soyuqqanlılıq,
Hər şeyə öz ölçüm, öz tərəzim var.
Sənin qərəzinin mənə dəxli yox,
Mənim öz görüşüm, öz qərəzim var.
De, necə od tutub alışmayım mən –
Fikirsiz, məsləksiz ölü canlara? Bəli, əsəbiyəm,
heç çəkinmədən
Mənim əqidəmə toxunanlara.

Dünyaya gəlmişəm, qanam.
Anladım,
Ürəyim od tutub yanar.
Bəli, əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli,
Qurda da bəli?
Deyirsən, olmasm baxışım mənim?
Nöqsanım budursa əgər...
deməli,
Ancaq naxışımdır yanlışım mənim.