Mən burdayam, sən orda...
Yenə hicran, yenə qəm...
Yerdəyəmmi? - bilmirəm,
Göydəyəmmi? - bilmirəm...
Aramızda sədd kimi,
uçrum kimi dayanan
Bu uzun yollar deyil,
Gülüm, zamandır, zaman!.....

Məhəbbətimiz qədər
Əzabımız var bizim.
Aramızda dayanmır
Bu uzun yollar bizim!..
Aramızda dayanır
Neçə-neçə il, gülüm,
Neçə-neçə ay, gülüm!
Bu ayları, illəri
Fikrimin sürətilə
Necə udum, ay gülüm!
Bizim istəyimizlə
Qara dönüb ağ olmur!
Yolu qısaltmaq olur,
Vaxtı qısaltmaq olmur.

Uzun yollar, dolaylar
Əgər olsaydı dərdim,
Mən onları kəmərtək
Belimə dolandırıb
Nöqtəyə döndərərdim!