Korluq görməməkdir. Korluq görməməyə inanmaqdır. Kor gözü görməyən deyil, görməməyə inad edəndir. Gördüyünə inanan deyil, inadlarını görməyə çalışandır.

     Bütün dünyanın gözü qabağında baş verən Xocalı soyqırımını görməyənlər, təəssüflər olsun ki, hələ də inadlarına davam edirlər. Hər platformda insan hüquqlarının aliliyindən bəhs edən qərblilər, bu qədər fotolara, videolara baxmayaraq, Xocalı soyqırımını yox sayırlar. Burada bizə düşən, Xocalı faktlarını görmək istəməyən gözlərə soxmaqdır. Bu çərçivədə görüləcək çox iş var.
     Azərbaycanın Qərbə açılmaq üçün ən uyğun yollardan biri də Türkiyə mediasıdır. Türkiyə mediasının gücü ilə dərdimizi dünyaya daha yaxşı çatdıra bilərik.
     Bu baxımdan, bu həftə TİKA və Mətbuat Şurasının birgə təşkil etdiyi proqram çərçivəsində Türkiyənin məşhur televiziya və qəzetlərinin xəbər müdirlərinin ölkəmizdə səfərdə olması çox önəmli idi. Səfərin məqsədi Xocalı soyqırımının 21-ci ildönümündə erməni-rus birliklərinin Azərbaycanda törətdikləri qətliamları gündəmə gətirmək idi. Zaman-Azərbaycan qəzeti də qonaqların ölkəmizdəki proqramlarının təşkilində koordinasiya işlərini həyata keçirdi.
     Səfərin ilk günü Quba ziyarət edildi. Qubadakı soyqırım muzeyi sözün həqiqi mənasında qonaqları şok etdi. Erməni-rus birliklərinin 1918-ci ildə xüsusi amansızlıqla törətdikləri qətliamı açıq-aşkar göstərən insan sümükləri jurnalistləri hüzünləndirdi. Qubada icra hakimi Mübariz müəllim qonaqlara yüksək səviyyədə ev sahibliyi göstərdi. Türkiyəli jurnalistlər həmçinin Qubada Çağ Öyrətim Şirkətinə bağlı fəaliyyət göstərən türk liseyində də oldular. Liseyin müdiri Mustafa Alagözoğlu məktəb haqqında qonaqlara geniş məlumat verdi.
     Səfərin ikinci günü Şəhidlər xiyabanı, Xocalı abidəsi ziyarət edildi. Sonra Mətbuat Şurasında qəzetlərin baş redaktorları ilə görüş oldu. Daha sonra Baş Nazirin müavini Əli Həsənov qonaqları qəbul etdi. Axşam isə Prezident yanında Strateji Araşdırmalar Mərkəzində qurumun rəhbəri Fərhad Məmmmədov qonaqlarla görüşdü. Türkiyəli jurnalistlər bütün görüşmələrdən çox məmnun ayrıldılar.
     Səfərin son günü Türkiyəli jurnalistlər Aztv və İtv-nin canlı yayınlarında iştirak etdilər. Sonra isə “Dağlıq Qarabağ Azərbaycanlıları” ictimai birliyinin sədri Bayram Səfərov başda olmaqla, Qarabağ bölgəsinin tanınmış adamları ilə görüş keçirildi. Günün ikinci yarısında isə, qonaqlar Bakının görməli yerlərini gəzdilər.
     Səfərdə iştirak edən jurnalistlər dünyanın bir çox ölkəsində olublar. Lakin demək olar ki, mütləq əksəriyyəti ilk dəfə idi ki, Bakını, Azərbaycanı görürdülər. Qonaqların hamısı bu nöqtəni böyük bir təəssüf hissi ilə vurğuladılar. Xüsusilə, İçərişəhər, Sahil və Fəvvarələr meydanını gördükdə, sözün həqiqi mənasında gözlərinə inana bilmirdilər. Onlar Avropada belə, Bakı kimi müasir, gözəl şəhər görmədiklərini bildirdilər. Türkiyənin Azərbaycanı tanımadığına, bilmədiyinə bir daha şahid olduq. Türkiyəli jurnalistlər də, bundan sonra Azərbaycanla əlaqəli xəbərlərə xüsusi diqqətlə yanaşacaqlarına söz verdilər.
     Həqiqətən də, insan bilmədiyinin düşmənidir. Türkiyə bizim üçün qardaş bir dövlət olsa da, qardaşlarımız bizi bilmirlər, tanımırlar. Bəlkə də, biz özümüzü tanıda bilmirik desək, daha doğru olar. Bunun həlli yollarından biri də, müxtəlif sahələrdə yazan Türkiyəli jurnalistləri ölkəmizə dəvət edib, burada gedən prosesləri öz gözləri ilə görmələrini təmin etməkdir.
     Qardaşlığımızı hissi platformadan məntiqi platformaya keçirməyin vaxtı yəqin ki, çoxdan çatıb.

a.qaraxancalli@zaman.az

http://www.zaman.az/